Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali dini Liderin Kohgiluyə və Buyer-Əhməd ostanının şəhidlərinə həsr olunmuş konqresin təşkilatçıları ilə görüşdəki çıxışı

بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, məsum Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Əziz iştirakçı bacı və qardaşlar, xoş gəlmisiniz. İlk növbədə bu müəzzəm işə və böyük vəzifəyə, yəni şəhidlərin xatirəsini yaşatmağa yetirdiyiniz diqqət üçün hamınıza öz səmimi minnətdarlığımı bildirirəm. “Şəhadət” – gələcək üçün qorunan xəzinədir; bir millətin inkişafı uğrunda gəncliyin ərməğan etdiyi fədakarlıq, böyük maddi və mənəvi dəstəkdir. Bunu qorumaq lazımdır; itirilməsinə, unudulmasına, ya da təhrif olunmasına imkan verilməməlidir. İşinizin əhəmiyyəti ondan ibarətdir ki, siz bu ehtiyatı qoruyursunuz.

Həm hörmətli imamcümənin çıxışı, həm də Keşikçi Korpusundan olan qardaşımızın yazısı – hər ikisi gözəldir və həqiqəti əks etdirir. Hörmətli məmurlara tövsiyə məsələsinə gəlincə, onlara bir sıra tövsiyələrim olacaq; cənab Aref (2) də buradadır, inşallah cənab prezidentə də deyəcəyəm. Ümid edirik ki, bu insanların ləyaqətləri, ölkə üçün daşıdıqları milli və mənəvi dəyərləri nəzərə alınar.

Kohgiluyə və Buyer-Əhməd ostanının, yəni bu inzibati vahidin – hal-hazırda ostan olaraq, daha əvvəllər isə digər ərazi vahidi olaraq – fədakarlıq və mübarizə tarixinin çox uzun olduğuna toxunuldu. Əvvəlki vaxtlar öz yerində, bizim dövrümüzdə xatırladığım qədər mübarizənin əvvəllərində, 42-ci ildə bu bölgənin böyük din alimlərindən olan cənab Şərafəddin Məlekhüseyninin babası (3) – mərhum Məlekhüseyninin atası (4) – bir bəyanat vermişdi; həmin bəyanat nadir bəyanatlardan idi. Yəni cəsarətlə verilmiş qəti bəyanat idi; rejim də ondan çəkinirdi. Çünki bilirdilər ki, əgər o, bölgənin tayfalarına cihad əmri verərsə, camaat cihada qalxacaq. Necə ki, belə də oldu, bəzi işlər görüldü. Həmin vaxt rejim bölgənin sayılıb-seçilən başqa bir tayfasıyla Boyer-Əhməd tayfası arasında çaxnaşma salmaq istəyib. Bu işə orada olan əhli-sünnənin bir məzhəb alimi mane olub. Biz ölkəmizin keçmişində dini, milli və etnik zəmində münasibətlərin necə cərəyan etdiyinə diqqət yetirməliyik. Bir əhli-sünnə din alimi rejimin Bəluç qövmü ilə Kohgiluyə və Buyer-Əhməd tayfaları arasında qarşıdurma yaratmasına yol verməyib; qarşısını alıb, icazə verməyib, onların əleyhinə fətva verib. Bunlar bu bölgənin keçmişidir.

Müqəddəs Müdafiə və icbari müharibə zamanında da bu camaat aktiv fəaliyyətdə olub; həm “Fəth” briqadası yaranmazdan öncə, həm də yaranandan sonra – onun üzvləri müxtəlif qurumlara yayılmışdı – bu bölgənin mübariz döyüşçüləri çox zəhmət çəkmiş, gözəl işlər görmüşdülər. O dövrün xatirələri Müqəddəs Müdafiənin tarixi məlumatlarında, hesabatlarında qeyd olunubdur. Məsələn, “Fəth” briqadasının bir batalyonu “Məcnun” adasında İraqın “Bəəs” hökümətinin böyük diviziyasına qarşı iki-üç gün müddətində müqavimət göstərmiş, geri çəkilməmişdi. Əlbəttə, şəhid də vermişdilər, amma ərazini qoruyub saxlamışdılar. Onların bu zəhmətlərinə, səylərinə Müqəddəs Müdafiənin tarixi yazılarında işarə olunub. 

Bir məqamı diqqətinizə çatdırım: hər bir xalqın düşmənlərinin tətbiq etdiyi psixoloji müharibə taktikalarından biri – xüsusilə də dövrümüzdə başqa millətlərdən daha çox bizim əziz xalqımıza və İran İslam Respublikasına qarşı etməyə cəhd ediblər – düşməni böyük göstərməkdir; bu, inqilabın əvvəlindən bəri mövcuddur. Bu düşüncə həmişə xalqımıza müxtəlif yollarla təlqin olunmuşdur: Amerikadan qorxun, sionistlərdən qorxun, İngiltərədən və.s-dən qorxun; həmişə bu cür olub. Dahi İmamın (r) məharətlərindən biri bu idi ki, o, bu qorxunu xalqın qəlbindən çıxarıb atdı, ona özünəinam, əminlik hissini verdi, beləliklə, xalq arxalanacağı daxili güc-qüvvəsinin olduğunu hiss etdi və onun sayəsində böyük işlər həyata keçirə biləcəyini başa düşdü və anladı ki, o düşmən heç nə edə bilməz; o, heç də özünü göstərdiyi kimi bacarıqlı deyildir. 

Döyüş meydanına girdiyi zaman düşmənin istifadə etdiyi taktika nəticəsində qarşı tərəf qorxur və geri çəkilir. Qurani-Kərim isə bu geri çəkilmənin əslində Allah-Taalanın qəzəbinə səbəb olduğunu bəyan edir; 

وَ مَن یُوَلِّهِم یَومَئِذٍ دُبُرَهُ اِلّا مُتَحَرِّفاً لِقِتالٍ اَو مُتَحَیِّزاً اِلیٰ‌ فِئَةٍ فَقَد باءَ بِغَضَبٍ مِنَ الله

“(Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar”. (5) 

Sizə hücum edən düşmənin qarşısından – hücumun müxtəlif növləri var, bəzən bu hücum döyüş meydanında əldə qılıncla üz-üzə durmaqla, bəzən təbliğat yolları ilə, bəzən iqtisadi, bəzən də müasir vasitələrlə olan hərbi hücumlarla baş verir – qeyri-taktiki çəkilmə hallarında Allahın qəzəbinə uğrayacaqsınız. Bəzən taktiki geri çəkilmə olur; bu, irəliyə doğru getmək üçün atılan bir addımdır, bunun eybi yoxdur: 

دُبُرَهُ اِلّا مُتَحَرِّفاً لِقِتالٍ اَو مُتَحَیِّزاً اِلیٰ‌ فِئَةٍ

“Düşməni aldatmaq məqsədilə özünüzü qaçan kimi göstərib təkrar döyüş üçün bir tərəfə çəkilən və ya kömək məqsədilə müsəlmanlardan ibarət başqa bir dəstəyə qoşulan istisna edilməklə...” – taktika budur. Bundan başqa səbəblərlə geri çəkilsəniz,

فَقَد باءَ بِغَضَبٍ مِنَ الله

“...kim qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar”. Döyüş meydanında da belədir; siyasət arenasında da belədir, düşməndən qaçış İlahi qəzəbə səbəb olur. 

Düşməni siyasi meydanda “gözündə böyütmək” insanda yalnızlıq, zəiflik, düşmənin öhdəsindən gələ bilməmək, gücsüzlük hissi yaradır. Belə hallarda nəticə düşmənin tələblərinə təslim olmaqdır; “bu işi gör” dedikdə “baş üstə”, “o işi görmə” dedikdə “baş üstə” deməkdir. Necə ki, günümüzdə bir qisim dövlətlər var ki, əhalisinin az-çoxluğuna baxmayaraq, bu cür davranır, onlara nə deyilirsə-deyilsin, müqabilində “baş üstə” vardır; belələrinin öz iradələri yoxdur. Təbii ki, diplomatik danışıqlar masası arxasında isə özünəməxsus qaydalar, üsullar var. Bu “baş üstə”lər fərqli yollarla deyilə bilər; amma əslində elə yenə də sizin gördüyünüz “baş üstə”dir. Halbuki dövlətlər öz xalqlarına, daxili potensiallarına arxalansalar, düşmənin varlığının mahiyyətini anlasalar, onların özlərini göstərdikləri qədər də bacarıqlı olmadıqlarını bilsələr, “baş üstə” deməməyi bacararlar. Bunlara diqqət etmirlər, ona görə də “baş üstə” deyirlər. Bu məqam siyasət sahəsindədir. 

Düşməni mədəniyyət sahəsində “gözündə böyütmək” isə özünü bir başqa cür əks etdirir: passivlik hissi, qarşı tərəfin mədəniyyətinə məftunluq, öz mədəniyyətini kiçiltmək, təhqir etmək, yad mədəniyyətə bağlı qalmaqla fəxr etmək. Bəzi insanlar danışıqlarında, ya da yazılarında belə, yad ifadələr işlətdiklərinə görə fəxr edirlər; həmin sözün İran mənşəli ifadəsini deyil, Avropa mənşəli ifadəsini işlətdikləri üçün öyünürlər. Bəzi sözlərin İran mənşəli ekvivalenti olmaya bilər. Məsələn, televizor sözü, elə bizim dildə də televizordur; bunu ifadə edəcək müəyyən bir söz yoxdur. Halbuki ilk dəfə gətiriləndə ona uyğun söz tapmaq olardı, indi isə artıq onun üçün “televizor” sözünü işlətməyə məcburuq. Amma bəzilərinin istifadə etdiyi bir çox Avropa mənşəli sözləri işlətməyə lüzum yoxdur. “Gözündə böyütmə”lərin qoyduğu təsirlərdən biri də budur ki, yadellilərin qayda-qanunlarını, adət-ənənələrini, həyat tərzlərini qəbul edirik. Bax bu, düşmənin psixoloji müharibəsidir. 

Bəs bütün varlığı ilə bu müharibənin qarşısında dayanan kimlərdir? Onlar anım xatirəsi təşkil etdiyiniz, xatirələrini əziz tutduğunuz, həqiqətən də əziz olan həmin bu gənclərdir. Ölkənin hər hansı bölgəsindən, şəhərindən, tayfasından, ostanından olan bir gənc gedib düşmənin qarşısında durur; nə döyüş meydanında qorxu hissi keçirir, nə siyasi sözlərindən təsirlənir, nə də mədəniyyətini qəbul edir. Təqdir edilməli şəxs odur. Bütün varlığı ilə düşmənin psixoloji müharibəsinin qarşısında duran odur! Bunları yaşadın. Bu kimi mərasimlərdə bu həqiqəti canlandırın və tanıdın. Mənim sözüm budur. 

Sizin adını çəkdiyiniz bütün işlər – onların əlyazmaları, onlar haqqındakı kitablar, filmlər, anım mərasimləri, küçələrə, prospektlərə, idman zallarına onların adlarının verilməsi və. s. – yaxşıdır, hamısı lazımdır. Amma bunların bəzisi köhnəlir. Məsələn, hansısa prospektə şəhidin adını verirsiniz; bəli, bu yaxşı fikirdir. Amma üç-dörd il sonra camaat “Şəhid Behişti prospekti” deməyə adət edəcək və şəhid Behiştini də heç xatırlamayacaqlar. Məsələn, “Şəhid Behişti prospekti”nə getmək istəyirsiniz, sizdən soruşanda: “Hara gedirsiniz?”, cavab verirsiniz ki, “Şəhid Behişti prospekti”nə. Əziz Behişti isə heç insanın yadına da düşmür. Sadaladıqlarınızın bəzisi bu cürdür. Amma eybi yoxdur, yenə də adlandırın. Onlardan bəzisi isə qalıcıdır, məsələn, film, ən çox da kitab – bunlar qalıcıdırlar – nəticə əldə etmək üçün bunların üzərində işləməlisiniz ki, müxatəbinə yetişsin. Demək istəyirəm ki, kitab nəşr edirsiniz, bu, çox yaxşıdır. Bu kitabı neçə nəfər oxuyur? Bu kitabı oxuyanlardan neçəsi özü üçün qeyd götürür? Yoldaşları ilə bir araya gələn dostlardan neçəsi bu qeydlərdən istifadə edib bir-biri ilə paylaşır? Bunlara diqqət edin. Baxın görün, bu işi necə həll edə bilərsiniz, yəni kitabın – film və s. kimilərindən daha qalıcı olan da elə kitabdır – oxucunun düşüncəsində dəyişiklik yaratması üçün hansı işləri görə bilərsiniz. 

Ölkəmizdə on milyonlarla gənc var. Məsələn, bu kitab əgər on dəfə nəşr olunarsa, on dənə iki min – bir kitabın hər nəşri maksimum iki min tirajdır – iyirmi min cild edəcək; iyirmi milyonun qarşısında iyirmi min olduqca kiçik rəqəmdir. Ən əsası elə bir iş görməlisiniz ki, bu kitabı iyirmi min insan oxusun və sizin təsvir etdiyiniz, obrazını yaratdığınız həmin o şəxsiyyət, bu kitabı oxuyan o iyirmi min oxucunun həyat tərzinə, varlığına, düşüncələrinə, mədəniyyətlərinə və. s. sözün həqiqi mənasında öz təsirini qoysun, onları riqqətləndirsin. Buna çalışmalısınız. Mən həmişə şəhidlərin anım mərasiminə gəlib bizimlə görüşən iştirakçılara bu tövsiyəni verirəm: nəticəyə diqqət edin; yalnız iş görmək kifayət etmir. Bu işlər bir növ alətlərdir; alət də hansısa bir nəticə üçün nəzərdə tutulub. Məsələn, əlinizdə bir açar var, amma ondan istifadə etmirsinizsə, ya da həmin açar qıfılınızı aça bilmirsə, bunun heç bir faydası yoxdur. Odur ki, elə bir iş, elə bir vəsilə olmalıdır ki, öz nəticəsini göstərsin.

İnşallah, Allah-Taala sizə uğurlar nəsib etsin, köməyiniz olsun. Uca Allah bu bölgənin, bu ostanın əziz şəhidlərinə rəhmət etsin, dərəcələrini ucaltsın, şəfaətlərini bizə nəsib etsin və bizi də Öz lütfü sayəsində onlara qovuşdursun. 

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

________________

(1) Görüşün əvvəlində Höccətül-İslam Seyid Nəsirhüseyni (Kohgiluyə və Buyer-Əhməd ostanı üzrə vəliyyi-fəqihin nümayəndəsi və Yasuc şəhərinin imam-cüməsi) və ikinci briqada generalı Həmid Xorramdel (Kohgiluyə və Buyer-Əhməd ostanının “Fəth” Keşikçi Korpusunun komandiri) çıxış ediblər.
(2) Cənab Muhəmmədrza Aref (Prezidentin birinci müavini) 
(3) Höccətül-İslam Seyid Şərafəddin Məlekhüseyni (Kohgiluyə və Buyer-Əhməd ostanının Xobreqan Məclisindəki nümayəndəsi)
(4) Höccətül-İslam Seyid Kəramətullah Məlekhüseyni (vəliyyi-fəqihin Kohgiluyə və Buyer-Əhməd ostanı üzrə nümayəndəsi) Höccətül-İslam Seyid Sədrəddin Məlekhüseyninin oğlu
(5) “Ənfal” surəsi, 16-cı ayədən