Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Dini Liderin İran İslam Respublikasının on dördüncü prezidentinin inauqurasiya mərasimindəki çıxışı

Rəhman və Rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox-çox pakizə və pak, seçilmiş, hidayət edən və hidayət olunan, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

İnauqurasiya günü və mərasimi, əziz İran xalqının və seçki rəsmilərinin enerji dolu seçkilər vasitəsi ilə hazırladığı və İran tarixinin fəxri rəflərində əbədiləşdirdiyi həcmli və dərin məzmunlu kitabın son səhifəsidir. Mütəal Allaha şükürlər olsun, on dördüncü prezident seçkiləri, şəhid prezidentimiz, mərhum cənab Rəisinin (Allah ona rəhmət etsin) itkisinin yaratdığı ictimai hüzünlü mühitə baxmayaraq, ən yaxşı şəkildə həyata keçdi; sakit, təhlükəsiz, sağlam rəqabətlə, rəqib namizədlərin seçkidən sonra seçilmiş möhtərəm prezidentlə etik normalara uyğun davranışı ilə – bu davranışlar olduqca təqdirəlayiq idi – baş tutdu. Bu seçki ölkə üçün vacib bir imtahan idi, Allaha şükürlər olsun, bu imtahan uğurla başa çatdı və inşallah, əziz xalqımız onun şirin nəticəsini dadacaqdır. 

Prezident səlahiyyətlərinin icraçısı cənab Müxbirin və təmsil etdiyi hökümət kabinetinin bu iki ay ərzində ölkənin idarəçiliyindəki rolunu xatırlatmağı və onlara təşəkkür etməyi zəruri hesab edirəm; bu müddət ərzində mühüm rol oynadılar və Mütəal Allahın lütfü ilə ölkəni əmin-amanlıq şəraitində, eyni  zamanda xalqın müsbət əhval-ruhiyyəsi ilə seçkilərə gətirə bildilər və bu prosesi ən yaxşı şəkildə başa vurdular. 

Mütəal Allaha şükürlər olsun, ölkəmizdə sağlam rəqabətlə müşayiət olunan xalq hakimiyyəti mövcuddur. Əzizlərim, bu gün ölkəmizdə mövcud olan bu xalq hakimiyyəti ucuz və asan yolla əldə edilməyib! Hazırkı vəziyyət xalqın keçmişdə bu ölkədə mövcud olan nizamsız və faciəli şəraitə qarşı qiyamının nəticəsidir. Dahi İmamımız (r.ə) qələbənin ilk günündən etibarən ölkənin idarə üsulunda analoqu olmayan bir səciyyəni qətiyyətlə təsbit etdi; bu səciyyə ölkənin idarə edilməsində xalqın müdaxiləsi, iştirakı və qoyduğu təsir gücündən ibarət idi. Bu, dahi İmamımızın (r.ə) həyata keçirdiyi, ölkəmizin tarixində ən mühüm hadisələrdən sayılan böyük bir iş idi.

İran xalqı dahi İmamın (r.ə) rəhbərliyi altında xalq hakimiyyətinə nail olmazdan əvvəl, biz ancaq Məşrutə dövrünün təcrübəsinə sahib idik. Bu təcrübə uğursuz bir təcrübə idi. Məşrutə dövründə insanlar amalları üçün savaşdılar, zəhmət çəkdilər, şəhid verdilər, çox mübarizə apardılar, amma hakimiyyətdə qüdrətli, nüfuzlu və xalqa bağlı olan bir rəhbərin olmamasına görə ölkədə az qala ilk gündən xaos hökm sürməyə başladı. Yadellilər ölkənin işlərinə qarışdılar, daxili istibdad işə düşdü, ölkədə on beş ilə yaxın hərc-mərclik, qarışıqlıq hökm sürdü, sonda da Rza Şah adlı amansız bir diktator hakimiyyətə gəldi. Yəni Məşrutə fərmanının imzalanması ilə Rza Xan kimi qəddar, amansız, yadellilərin mütisi olan birinin hakimiyyətə gəlməsi arasında on beş ildən çox vaxt sürmədi və Rza Pəhləvinin hakimiyyətə gəlişi ilə xalqın bütün zəhmətləri havaya sovruldu. 

I Pəhləvi hökumətinin ən mühüm səciyyəvi xüsusiyyətləri – ilk dörd ili baş nazir və silahlı qüvvələrin komandiri və bu kimi işlərdə fəaliyyət göstərmiş, bundan sonrakı illəri isə monarx, şah postunda keçirmişdi – bir tərəfdən amansız diktatura, məzlum insanların öldürülməsi, xalqı təzyiq altında saxlamaq, digər tərəfdən isə xaricilərə itaət, onların müqabilində zillət, əcnəbilərin qarşısında passivlik və s. bunlardan ibarət idi. Rza Şahı hakimiyyət başına ingilislər gətirmişdilər və ona görə də onların marağında olan hər bir şey yerinə yetirilirdi; ölkədə həm siyasət, həm mədəniyyət, həm də idarəetmə sahəsində onların istədikləri baş verirdi. Milli sərvətlər talanırdı; həmin ərəfədə bitmək üzrə olan ədalətsiz neft müqaviləsi otuz il daha uzadıldı; xalqa qarşı amansızlıqla davranılır, zülm olunurdu. Xalq hərəkatında mühüm amil olan din, dindarlıq və ruhaniliyə qarşı açıq-aşkar mübarizə aparılırdı. Nəhayət, həmin dövrün axırlarında Rza Şahın Hitler Almaniyasına meyilləndiyini hiss edən – II Dünya Müharibəsinin başlanması və Almaniyanın irəlilədiyini göstərən hadisələrin təsiri ilə ona doğru meyillilik yaranmışdı – onu hakimiyyətə gətirmiş həmin ingilislər əlindən tutaraq, “qovulsun” dedilər! Özünü ölkədən sürgün etdilər, ləyaqətsiz oğlunu da onun yerinə oturtdular və eyni siyasət yenə davam etdi. Məhəmməd Rza da atasının yolu ilə getdi; yəni xalqa qarşı təzyiqlər, ölkə daxili boğucu vəziyyət, İranın milli sərvətlərini, əsasən də neftinin ələ keçirilməsində yadellilərə köməklik göstərmək, xarici siyasət qarşısında zillət – bu sözləri bir vaxtlar biz deyirdik, sonralar Pəhləvi ailəsinin özünün, yaxınlarının xatirələri nəşr olunduqda bizim bildiyimiz, dediyimiz həmin sözləri onların özlərinin də etiraf etdiklərini gördük – yadların istəyinə, marağına uyğun baş nazirin təyin edilməsi; silahların alış növlərinin, neftin satış növlərinin, bunların hər birinin qiymətinin və ölkənin idarəçiliyindəki digər mühüm məsələlərin müəyyən edilməsi xaricilərin öhdəsində idi və xalqa qarşı tətbiq edilən amansız təzyiqlər, bütün bunlar onların siyasətinin yaratdığı vəziyyət idi. Bunlar mühümdür;  bu məqamlara diqqət yetirmək vacibdir. İş o yerə çatdı ki, Məhəmməd Rza Pəhləvi istisna hal olaraq, xalqın istəyi ilə hakimiyyətə gəlmiş milli bir hökuməti devirmək üçün Amerika və İngiltərənin yardımı ilə İranda çevrilişə əl atdı. Çevrilişi etdilər və dövləti də devirdilər. Yəni bundan böyük cinayət təsəvvür edilə bilməz! Bu gün İranda gördüyünüz bu xalq hakimiyyəti vaxtilə İran xalqının belə bir vəziyyətə qarşı etdiyi qiyamın nəticəsidir. İran xalqı heç vaxt ölkə idarəçiliyinin işlərinə müdaxilə etməyi təcrübədən, sınaqdan keçirməmişdi. İslam İnqilabı bunu bizim bənzərsiz nəcib və dahi İmamımızın (r.ə) əli ilə İran xalqına ərməğan etdi. Bu xalq hakimiyyətinin, xalqın bu iştirakının qədrini bilmək lazımdır.

İran İslam Respublikasında son qırx ildən artıq bir vaxtda onlarla seçkilər keçirmişik: parlament seçkiləri, prezident seçkiləri, şura seçkiləri, konstitusiya ekspertləri məclisi, şəriət ekspertləri məclisi seçkiləri; hamısı da sağlam rəqabətlə, əmin-amanlıq şəraitində, xalqın motivasiyalı iştirakı ilə bəzən yüksək, bəzən də aşağı səviyyədə baş tutub; bu, önəmli məsələ deyil, birinci dərəcəli önəmlilik kəsb edən “xalqın motivasiyalı” olmasıdır. Xalq seçkilərə həvəslə gələrək səs verib; bu da həmişə bu cür olub. 

Mütəal Allaha şükürlər olsun, son seçkilər də yaxşı keçdi; xalq da şükürlər olsun, layiqli bir prezident seçdi. Onun bu gün burada etdiyi çıxışı dinə əsaslanan xalq hakimiyyətinin həqiqi prinsiplərinə bağlılıqdan xəbər verən qaneedici və dərin məzmuna malik idi. İnşallah, Mütəal Allah bu yolda onun yardımçısı olsun. Hamımız onun və dövlətinin bu böyük işləri həyata keçirməsi üçün bacardığımız qədər köməklik göstərməliyik. Əsas məsələ ilə əlaqəli demək istədiklərim bunlardan ibarət idi.

Mən bəzi tövsiyələr vermək istəyirəm. Bu tövsiyələr həm hökümətə, həm inşallah mühüm vəzifələrə təyin olunacaq gələcək rəsmilərə, həm geniş ictimaiyyətə, həm də özümüzə aiddir. 

Birinci tövsiyə. Bizim ölkəmiz böyük ölkədir, xalqımız böyük xalqdır. Xalqımız arasında ideyası olan, təşəbbüskarlığı, təcrübəsi olan, yeni fikir sahibləri olanlar saysız- hesabsızdır. İnsan bu kimi şəxslərlə ünsiyyətdə olanda, müxtəlif insanların və təbəqələrin dilindən o qədər yeni sözlər, yeni ideyalar, yeni təşəbbüslər eşidir ki, heyrətə gəlir. Yazılı şəkildə verdikləri təkliflər, şəxsən söylədikləri, irad və tövsiyə olaraq bildirdikləri sözlər – yeni ideyanın, təşəbbüsün, müsbət təcrübənin və gələcəyə açılan yolun göstəricisi kimi – bunlar sevindirici haldır. Bunlar ölkəmizin imkanlarıdır. Yenə də bildirirəm ki, bu böyük milli sərvətdir və ondan istifadə edilməlidir. Möhtərəm prezident və hökümət üzvləri “xalqın nəhəng potensiallar”ından xalq üçün, xalqla birlikdə, xalq arasında istifadə etsinlər və ondan qeyd etdikləri məqsədlərdə və qət edəcəkləri yolda faydalansınlar, inşallah. Əlbəttə, bu insan resursları ilə yanaşı, bol olan təbii və maddi sərvətlərimiz də var. Ölkəmizin təbii sərvətləri indiyə qədər faydalanıb istifadə etdiyimizdən qat-qat artıqdır; bundan daha çoxdur. Bu insan resurslarına və təbii sərvətlərə arxalanaraq biz böyük işlər görə bilərik; şərti isə budur ki, işləri böyük əzmlə, ciddi-cəhdlə yerinə yetirək və özümüzə yaxşı həmkarlar seçək, inşallah. Bu, birinci tövsiyəmizdir. 

Növbəti tövsiyə “cihad  əzmi ilə işləmək”lə bağlıdır. Demək istədiyim budur ki, “cihad ruhiyyəsi” ilə çox çətin problemlərin öhdəsindən gəlmək, dağları belə yerindən oynatmaq olar. “Cihad əzmi ilə işləmək” nə deməkdir? Məqsədi İlahi və insani vəzifə kimi qərar vermək və yorulmadan, təmənnasız, minnətsiz işləmək və irəliləmək; “cihad əzmli iş” budur. Təbii ki, hüquqi və inzibati səlahiyyətlərin çərçivəsi var, onlara riayət olunmalıdır, amma “cihad əzmi” ilə işləmək “keyfiyyət” və “necə iş görmək” deməkdir. İnsan qanun çərçivəsində cihad əzmi ilə və ya cihad əzmi olmadan yüz faiz öz işini görə bilər. Bir çox insanların formal olaraq qanuna riayət etməsinə baxmayaraq, iş irəliləmir, iş sona çatmır. Bir neçə gün bundan əvvəl möhtərəm cənab prezidentin bəzi inzibati şöbələrimizdə məsuliyyət daşıyan bəzi şəxslərin bütün gün ərzində iş başında olmasına baxmayaraq, gördükləri işlərinin gözə çarpmadığı, nəticənin qaneedici olmadığı haqqında mənimlə söhbəti oldu; düz sözdür. “Cihad əzmli iş” isə bunun tam əksidir. “Cihad əzmli iş” ilə biz ölkədə böyük işlər həyata keçirmişik; səkkiz illik Müqəddəs Müdafiəmiz bu yolla irəlilədi, 30-40 illik bir müddətdə düşmənin müxtəlif mürəkkəb təxribatları bu yolla zərərsizləşdirildi. Şəhid Rəisi (Allah ona rəhmət etsin) “cihad əzmi” ilə iş görən insan idi. Bu yolda həqiqətən də gecə-gündüz bilmirdi, gördüyü bütün bu işlərin qarşılığında həqiqətən də “çox sağ ol” axtarmırdı; biz bunun yaxından şahidi olduq, bunu hiss etdik. Sözün həqiqi mənasında o, çalışırdı, işləyirdi, əlindən nə gəlirdisə edirdi, bunu bir çoxları anlamırdı; yəni gördüyü işlər göz önündə olan işlər deyildi, bununla belə o, yenə də çalışırdı. Bu da, “cihad əzmi” ilə çalışmaq, fədakarcasına meydana daxil olmaq, işləri uzaqdan idarə etməkdən çəkinmək – məsuliyyət daşıyan şəxsin işləri uzaqdan idarə etməsi mümkün deyil, onun işin tam mərkəzində olması lazımdır – haqqında olan növbəti tövsiyəm idi. 

Növbəti tövsiyə ölkə hakimiyyətinin üç sütunu arasında qarşılıqlı əlaqənin, əməkdaşlığın olması haqqındadır. Bu olmadan işləmək mümkün deyil. Parlament hökümətə kömək etməlidir, icraedici hakimiyyət də öz növbəsində parlamentin həssas yanaşdığı məsələləri nəzərə  almalıdır. Məhkəmə sistemi də ehtiyac duyulan məsələlərdə fəal şəkildə rol oynamalıdır. Silahlı qüvvələr də öz vəzifələrinə uyğun olaraq hökümətin və xalqın ehtiyac duyduğu yerlərdə iştirak etməlidir. Hamı mühüm rol oynamalıdır. Hakimiyyət qollarının rəhbərlərinin bu iclası çox yaxşı bir fürsətdir. Onlara əvvəllər də tövsiyə etmişəm, yenə də burada iştirak edən cənablara  bu üç qolun rəhbərlərinin iclasını və onlar arasındakı fikir mübadiləsini ciddiyə almalarını tövsiyə edirəm. Bu iş çox yaxşı işdir, bu bizim uzun illər istifadə etdiyimiz təcrübələrimizdəndir. 

Növbəti tövsiyə isə prioritetlərə riayət etmək haqqındadır. Hamının bildiyi kimi, mən mədəniyyət məsələlərinə qarşı çox həssasam. Mədəni və ictimai məsələlər olduqca mühüm əhəmiyyət daşıyır, bəlkə də digər məsələlərdən daha əhəmiyyətlidir. Amma bu gün zaman etibarı ilə, iqtisadi məsələlər prioritetdir. Güclü, planlı, ardıcıl iqtisadi inkişafa ehtiyac var. Əlbəttə, əvvəlki hökümətin vaxtında bir sıra dəyərli işlər həyata keçirilmişdir və həmin işlər mütləq davam etdirilməli və onlarla yanaşı başqa işlər də görülməlidir. 

İqtisadi məsələlərə həm makroiqtisadiyyat – milli valyutanın dəyəri, istehsal məsələsi, investisiya məsələsi, biznes mühitinin yaxşılaşdırılması baxımından yanaşmaq lazımdır; bunlar əsas və ümumi məsələlərdir – həm də xalqın rifahının yaxşılaşdırılması baxımından təxirəsalınmaz və qısamüddətli bir məsələdir; bu sahədə bir sıra işlər görülə bilər və inşallah da həyata keçirilsin. Təbii ki, hər iki sahədə müəyyən işlər görülüb və bunun davam etdirilməsi yaxşı haldır. 

Növbəti tövsiyə seçkilərin yaratdığı ictimai emosiya ilə bağlıdır. Bu tövsiyənin auditoriyası sadə xalq nümayəndələri, siyasi və ictimai fəallardır. Seçkilər təbii olaraq gərginlik atmosferi yaradır. Seçkilərin hər iki tərəfində rəqib namizədlərin olması gərginlik ab-havası yaradır; qütübləşmə yaradacaq söz-söhbətlərə etina etmək, onun təsiri altında qalmaq olmaz. Bu mənim israr etdiyim tövsiyəmdir. Seçkilər zamanı insanları bir- biri ilə mübahisəyə vadar edən emosiyalar davam etməməlidir; bunun davam etməsinə yol verməyin. Seçkilərin özəlliyi budur: biri səs toplayar, o biri toplamaz; seçkinin nəticəsi budur. Seçki budur; məsələn sizin favoritiniz olan namizəd səs toplayacaq, o birinin favoriti səs toplamayacaq; bu normaldır. Bu hal narahatlıq, küskünlük yaratmamalıdır. Bu, ixtilaflara, parçalanmalara, ayrılıqlara səbəb olmamalıdır. İran İslam Respublikasında inqilabın əvvəlindən indiyə kimi müxtəlif siyasi təmayüllər, müxtəlif partiyalar önə çıxıb geri çəkiliblər; bəzisi bu gün, bəzisi sabah səs toplayıb; əksi də elə bu cürdür; 

وَ تِلکَ الاَیّامُ نُداوِلُها بَینَ النّاس

“...bu günləri insanlar arasında növbə ilə dəyişdiririk (bəzən bu dəstəyə, bəzən də o biri dəstəyə zəfər nəsib edirik)...”. (2) Bu, imtahandır. Demək istədiyim budur ki, indiyə kimi keçirilmiş bütün bu seçkilərdə qalib gələn xalqdır; bizim uduzanımız yoxdur. Səsvermədə iştirak edən hansısa namizədi dəstəkləyənlərın favoriti səs toplamasa da, əslində onlar da qalib gəlmişlər; cünki onlar da İran xalqının bir hissəsidirlər. Odur ki, İran xalqı qalibdir. Ona görə də seçki müzakirələri zamanı baş verən o küskünlük, o narahatlıq davam etdirilməməlidir. Nə favoriti səs toplayan şəxs özünü yüksəkdə tutmalıdır, nə də sevimli namizədi səs toplamayan özünü məğlub hiss etməlidir; nə səs toplayan tərəf özünü üstün görməlidir, nə də səs toplamayan özünü yenilmiş hiss etməlidir. Bu da mənim siyasi, ictimai və seçki fəallarının hamısına olan növbəti tövsiyəm idi.

Növbəti tövsiyə “ölkədaxili gücü dəyərləndirmək və daxili gücə arxalanmaq”  barəsindədir. Bu tövsiyə ölkənin rəhbərliyinə, tərəqqisinə, icraediciliyinə cavabdeh olacaq hörmətli rəsmilərə aiddir. Onlar ölkədaxili gücə əhəmiyyət verməlidirlər. “Biz bacararıq” devizi qoy daimi şüar olaraq qalsın; həqiqət də elə budur. Təbii ki, bu o demək deyil ki, biz xarici imkanlardan  istifadə etməməliyik; bunu heç bir ağlı başında olan adam deməz. Bütün imkanlardan – daxili imkanlardan, xarici imkanlardan və dostlardan –istifadə edilməlidir. Hətta bəzən düşmənlərimiz də bizim xeyrimizə olan iş görürlər, belə hallardan da istifadə etmək lazımdır. İstifadə edilməlidir, amma daxili gücü də görməzdən gəlmək olmaz; hansısa daxili gücdən, imkanlardan qaynaqlanan məsələni dayandırıb xarici gücdən asılı vəziyyətə salmaq olmaz. Demək istədiklərim bunlardan ibarət idi. Beynəlxalq miqyasda bacardığınız qədər iş görün; lazımınca və şərəfli işlər görün, amma daxili gücü, daxili təşəbbüsü unutmayın. Bu mənim israrımdır. Əlbəttə, buna bir sıra misallar gətirmək olar. 

Növbəti tövsiyə xarici siyasət ilə əlaqədardır. Bu sahədə demək istədiyim birinci məqam budur: beynəlxalq, xüsusilə də regionun təlatümlü prosesləri, hadisələri qarşısında ölkənin yanaşması passiv yox, aktiv və təsiredici olmalıdır. Dünyada müxtəlif sferalarda istər siyasi, istər elmi, istərsə də son elmi innovasiyalar baxımından – tutaq ki, süni intellekt baxımından – bir sıra hadisələr baş verir; bu kimi hadisələrə qarşı yanaşmanız fəal, təsiredici olmalıdır. Beynəlxalq aləmdə, regionda baş verənlərə qarşı etinasızlıq yolverilməzdir. Baş verən hər bir hadisə qarşısında bizim öz mövqeyimiz var; dünya ictimaiyyətinin İran İslam Respublikasının bu barədə nə dediyini öyrənməsi üçün bunu birbaşa, açıq-aydın, qətiyyətlə, mətinliklə bildirməliyik. On üçüncü dövlət bu baxımdan diqqətəlayiq işlər görmüşdü. Allah xidmət şəhidi mərhum Əmir Abdullahiyana rəhmət etsin. (3) Çox yaxşı diplomat idi, çox yaxşı müzakirə opponenti idi, yaxşı fəaliyyətləri vardı; onun işlərini yaxından müşahidə etmişdim. Dinamik idi, yaxşı işləyirdi. Bu cür fəaliyyət davam etməlidir.

Xarici siyasətlə bağlı digər məsələlərdən biri də xarici əlaqələrdə prioritetlərimizin olmasıdır; bu prioritetlərimizdən biri qonşularımızdır. Biz qonşuları çox olan ölkələr sırasındayıq; bu, bir ölkənin imtiyazlarından biri deməkdir. Ətrafımızda təxminən on dörd qonşu var; bu bizim üçün əlverişli amildir. Qonşularla əlaqələrimiz istiqamətində işləməliyik; bu bizim prioritetlərimizdən biri olmalıdır.

Prioritetlərdən biri də diplomatik sahəmizi genişləndirə biləcək ölkələrlə əlaqələr qurmaqdır, məsələn, Afrika, Asiya ölkələri ilə; bu ölkələrlə münasibətlər yaratmaq bizim diplomatiyamızın sahəsini genişləndirə bilər; onlarla əlaqələr qurmaq prioritet məsələlərindən biridir.

Prioritetlərdən biri də bu keçən illər ərzində əleyhimizə tətbiq edilən təzyiqlər qaşısında bizi dəstəkləyən və köməklik göstərən ölkələrlə güclü əlaqələrin yaradılmasıdır. İstər BMT-də, istərsə də ondan kənarda olsun, istər diplomatik fəaliyyət sahəsində, istər iqtisadi əməkdaşlıq sahəsində və s.-də bizi himayə edən ölkələrlə olsun; biz qədirdan olmalıyıq. Həmin ölkələrlə münasibətlərimiz güclənməlidir. Bu bizim prioritet siyasətimizdir və sözügedən sahədə bu kimi prioritet işlər var.

Mənim xarici siyasət prioritetləri arasında bəzi ölkələrin, məsələn, Avropa ölkələrinin adını qeyd etməməyim, əlbəttə ki, onlarla müxalifət və düşmənçilik motivimizin olduğu anlamına gəlmir; xeyr. Avropa ölkələrinin adını prioritetlər sırasında çəkməməyimin səbəbi, onların uzun illər bizimlə yaxşı davranmamaları ilə bağlıdır; bizə qarşı yaxşı rəftar etməmələridir. Sanksiya məsələlərində, neft və müxtəlif məsələlərdə, insan haqları kimi qondarma hadisələrdə bizə qarşı pis davrandılar; bu pis davranışları olmazsa, təbii ki, həmin ölkələr bizim prioritetlərimiz sırasındadır və onlarla münasibətimiz bizim üçün prioritet məsələsidir. Əlbəttə, bir neçə ölkənin bizə qarşı əziyyətlərini, inadkar davranışlarını unutmarıq. Bu da bu məsələ barəsində idi. Bu qeyd etdiklərim bizim tövsiyələrimiz idi.

Sonda toxunacağım məsələ, bu gün qlobal problem olan Qəzza məsələsi ilə əlaqədardır. Fələstin problemi bir vaxtlar yalnız İslam ölkələrinin problemi idi; bu gün bu artıq beynəlxalq məsələdir. Fələstin məsələsi bu gün ABŞ konqresindən BMT-yə, Paris Olimpiadasına kimi hər yeri əhatə edir. Sionist rejimi, cinayətkar bir dəstənin ən çirkin simasını təqdim etməkdədir. Onlar dövlət deyillər; onlar cinayətkar, qatil və terrorçu bandadırlar. Onlar dünyanın insan cinayətləri tarixində – terrorda, qəddarlıqda və cinayətdə – görünməmiş sistem yaratdılar; yeni bir sistem yaratdılar. Bu gün sionistlərin ağır bombaları bir güllə belə atmayan insanların – beşiklərdəki körpələrin, 5-6 yaşlı uşaqların, qadınların, xəstəxanalardakı xəstələrin – başına yağdırılır; bu insanlar heç kimə hətta bir güllə belə atmayıblar; ancaq onların başına bomba yağdırılır. Niyə? Bu cinayətlər analoqsuz cinayətdir. Müqavimətin gücü günü-gündən daha aydın görünür. Sionist düşmən, Amerikanın hərtərəfli dəstəyinə, bəzi xain dövlətlərin onlara etdikləri köməklərə baxmayaraq, müqavimət qüvvələrini sarsıda, məğlub edə bilmədi. Açıqladıqları məqsədləri HƏMAS-ın kökünü kəsmək idi; bu gün HƏMAS – HƏMAS, Cihad, ümumiyyətlə, Fələstinin Müqavimət qüvvələri – tam gücü ilə dayanmışdır, onlara heç nə edə bilmirlər, o biri tərəfdən Qəzzanın məzlum xalqının başına bomba yağdırırlar! Dünya bu hadisə qarşısında daha ciddi qərar qəbul etməlidir. Dövlətlər, dünya xalqları, ziyalılar, siyasətçilər müxtəlif istiqamətlərdə ciddi qərarlar qəbul etməlidirlər. O zaman hadisəyə bu cür yanaşdıqda insan ABŞ konqresinin bir neçə gün əvvəl oturub bu cinayətkarın çıxışını dinləməklə özünü necə rüsvay etməsini başa düşür! (4) Bu, böyük rüsvayçılıqdır.

Ümid edirəm, Mütəal Allah məzlum Fələstin xalqını qalib edəcək. Ümid edirəm, Mütəal Allah əziz, böyük və stimullu İran İslam xalqını öz ali hədəflərinə çatdıracaq. Yeni və əziz prezidentimizə və təşkil ediləcək hökümətinə görmək istədikləri, ardınca olduqları, elan etdikləri işləri həyata keçirməkdə Uca Allahdan səmimi qəlbdən uğurlar nəsib etməyi arzulayırıq. İnşallah, bu ali hədəfi reallaşdırsınlar və İran xalqını qürurlandırsınlar. Mütəal Allahdan dahi İmamımızın pak ruhunu (r.ə), şəhidlərimizin pak ruhlarını, şəhid Süleymaninin, şəhid Rəisinin və onunla birgə şəhid olanların ruhlarının dərəcələrini ucaltmasını diləyirəm və bizi də şəhidlər karvanına qovuşdurmağı Uca Allahdan diləyirəm.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. 

_____________________
(1) Görüşün əvvəlində cənab Əhməd Vəhidi (DİN) seçkilərin keçirilməsi prosesi haqqında məruzə ilə çıxış etmiş, sonra Hüccətül-İslam vəl-Müslimin Muhəmmədi Qolpayeqani (Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin sədri) yeni seçilmiş ölkə başçısının öz səlahiyyətlərinin icrasına başlaması barədə İnauqurasiya sərəncamının mətnini oxumuş, ardınca prezident, cənab Məsud Pezeşkian çıxış etmişdir. 
(2) “Ali İmran” surəsi, 140-cı ayədən 
(3) Şəhid Hüseyn Əmir Abdullahiyan (on üçüncü hökümətin Xarici İşlər Naziri)
(4) Sionist rejimin Baş Naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışına işarə.