Rəhman və Rəhim Allahın adı ilə (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox-çox pakizə və pak, seçilmiş, hidayət edən və hidayət olunan, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Dahi İmama (r.ə) məxsus bu hüseyniyyəyə çox xoş gəlmisiniz. Bu məclisə də xoş gəlmisiniz. Çox mühüm və həssas bir yer olan İslami Şura Məclisində varlığınız həm sizə, həm ölkəyə, həm də xalqa İlahi xeyir, rəhmət və bərəkət qaynağı olsun, inşallah. Parlamentin sədri cənab Qalibafa təşəkkür edirəm. Çox yaxşı məsələlərə toxundu. Mən də həmin məsələlərdən bəzisini qeyd edəcəyəm.
Parlament barəsində çox danışılıb – xəbərdarlıqlar edilib, tövsiyələr verilib, tənqidlər olunub – lakin həm deyilməmiş, həm də təkrar edilməsi lazım olan sözlər hələ də var. Bəzi məsələlərin təkrarlanmasının heç bir iradı yoxdur. Buna əsaslanaraq, əziz qardaşlara və bacılara çatdırmaq üçün bir neçə məqamı qeyd etmişəm.
Birinci məqam. Parlament sırf sual verən bir qurum deyil, eyni zamanda cavablayan bir qurumdur. Bir çoxları parlamentin qanun qəbul etməklə hökumətə göstərişlər verdiyini, sonra da sual verib izahat tələb etdiyini və buna bənzər işlər gördüyünü güman edirlər. Bu qəbildən olan işləri gördüyü üçün parlament sorğu-sual edən bir qurumdur. Bəli, bu vəzifələr var, amma o, eyni zamanda cavablayan qurumdur. Parlament dövlətin sütunlarından biridir. Qərar qəbul edən, icraedici bir orqandır. Hər qərar qəbul edən və tədbir görən müəyyən bir kompleks və ya şəxs eyni zamanda cavabdehlik də daşıyır. Odur ki, parlament özünün cavabdehlik mövqeyini diqqət mərkəzində saxlamalıdır. Parlamentin yerinə yetirməsi vacib olan öhdəlikləri var, əks halda suallara cavab verməli olacaq. Görməməsi lazım olan işləri var, əks təqdirdə tənqid olunacaqdır. Parlament kimin qaşısında cavabdehlik daşıyır? İlk növbədə Mütəal Allahın. Biz inanclı insanlarıq. Gördüyümüz işlər və əməllər barəsində ən xırdalıqlarına qədər sorğu-sual olunacağımız bir günün olacağını bilirik. Siz hansısa qanunu işləyib hazırladıqda, qəbul etdikdə, bir hökmə imza atdıqda bunlara cavab da verməlisiniz. Hər birimiz bu böyük məsuliyyət haqqında düşünməliyik. Bu, Allah qarşısında olan məsuliyyətimizdir. O, bütün məsuliyyətlərdən, bütün suallardan yüksəkdə dayanır, ona görə də bu iş daha böyük ciddiyyət tələb edir. Ondan sonra xalq qarşısında cavabdehlik daşıyırsınız. Xalq parlamentdən gözləntilərinin əksini görərsə, təbii ki, parlamentin yaxasından yapışmayacaq. Yəni bunun üçün qanuni bir mexanizm yoxdur. Amma insanların davranışı, üslubları və reaksiyasından onların razı olub-olmadığını görmək mümkündür.
Bu bir neçə on ildə xalqın bəyənmədiyi işləri görən parlamentlərimiz olmuşdur. Onların gördükləri işlər insanlara xoş gəlməmişdi. Nəticədə bu əməl sahibləri xalqın gözündən düşmüşdü. Biz bunları bu illərdə təcrübə etdik, gördük. Hörmətli deputatların hər biri cavabdehlik daşıdıqları bu nüansa diqqət yetirməlidir. Davranışlarını, danışıqlarını, çıxışlarını, rəylərini və mövqelərini bu nüans əsasında tənzimləməlidirlər. Bu, birinci məqamdır.
İkinci məqam isə qüvvələr arasında əməkdaşlıq haqqındadır. Parlament ölkənin siyasi sisteminin mühüm tərkib hissəsidir. Aydındır ki, dövlətin ayrı-ayrı qolları birlikdə “bütöv”, “vahid bir kompleks” yaratmalıdır. Yəni qanunverici qüvvə, icraedici qüvvə, məhkəmə hakimiyyəti və silahlı qüvvələr (bunlar da bir şəkildə icraedici qüvvənin tərkib hissəsidir) ümumilikdə vahid bir kompleks təşkil etməlidir. Əgər lazım gəlsə, bunlardan bir kompleks təşkil edilsin. Bir-birləri ilə qarşılıqlı əlaqədə olsunlar, birlikdə işləsinlər, bir-birlərinə kömək etsinlər. Bəzi yerlərdə bir-birlərinə göz yumsunlar, bəzi məqamlarda bir-birlərinə xəbərdarlıq etsinlər, bir-birlərinə yardım etsinlər. Bəlkə çıxış əsnasında bu məqamlara toxundum. Bu illər ərzində hökumətlərlə əməkdaşlıq etməsi üçün parlamentlərə göstərişlər verməyimin səbəbi – bu çox mühümdür – dövlətin ümumi rəyi, istəyi və nəzərlərindən təşkil olunmuş bu kompleksin ölkəmizin, xalqımızın və dövlətimizin ehtiyac duyduğu bu möhkəm “bütöv”ün yaranmasında rol oynaması üçün idi. Əlbəttə, lazım gəldikdə hökumətlərə də bu göstərişi verirəm. Xoşbəxtlikdən, indi cənab prezident də bir nümayəndə kimi – mən bilmirəm, qanuni baxımdan o, nümayəndədir, ya yox – burada iştirak edir. (2) Mən parlamentlə bağlı hökumətlərə də həmişə göstərişlər vermişəm. Bəzi hökumətlər bəzən parlamentə layihə vermirdilər, məsələn, parlament bir neçə ay gözlədiyi halda, hökumətin layihə vermədiyi, ya da təsdiq edilmiş qərarı icra etmədiyi ilə əlaqəli parlamentdən mənə şikayət gəlirdi. Hökumətlərdə də belə hallar olub. Bununla əlaqəli də həmişə göstəriş vermişəm. Xülasə, bir parlament nümayəndəsi kimi siz bacı və qardaşların mühüm işlərindən biri qarşılıqlı əlaqə yaratmaqdır. Burada israrla vurğuladığım tövsiyəm yeni hökumətlə konstruktiv qarşılıqlı əlaqənizin olmasıdır. Hamı seçilmiş prezidentin dövlət qarşısında üzərinə düşən vəzifələrini yerinə yetirə bilməsi üçün ona kömək etməlidir. Biz prezidentin işlərində uğur qazana biləcəyi bir şəkildə davrana bilsək, əslində, bu, hamımızın uğuru olacaq; o, dövlətin idarəçiliyində, iqtisadiyyatın inkişafında, ölkənin beynəlxalq məsələlərində, mədəniyyət sahəsində uğur əldə etsə, demək hamımız uğur əldə etmişik. Onun qələbəsi hamımızın qələbəsidir; buna tam qəlbimizlə inanmalıyıq.
Ölkənin mühüm məsələlərindən biri də ölkədən vahid bir səsin eşidilməsi ilə bağlıdır. Ölkənin mühüm məsələlərini müəyyən etmək, əlbəttə ki, sizin işinizdir. Elə yerlər var ki, hökumət, parlament və müxtəlif qurumların məsul şəxslərinin sözü bir olmalıdır. İxtilaf və ikitirəlik nişanələrini tapmaqdan ötrü qulaqlarını şəkləmiş qüvvələrin məyus olması üçün bir olmaq lazımdır; tək bir səs eşidilməlidir.
Üçüncü məqam, parlamentin ümumi zalındakı mübahisələrə etik qaydaların hakim olması ilə bağlıdır. Mənim əzizlərim! Parlament ölkənin ümumi fikir müstəvisinə sakitlik, aramlıq və əminlik yaymalıdır. Siz xalqa parlamentdən müsbət dalğalar ötürməlisiniz. Parlament xalqın ümumi fikir müstəvisində qıcolma yaratmamalı, ya qarayaxmaya yol verməməli, mənfi fikir formalaşdırmamalıdır. Bəzən parlamentlərdə bəzi deputatların bu cür davranışlara yol verdikləri görünüb; əlbəttə, deputatların çoxu bu mühüm və mötəbər prinsiplərə hər zaman bağlı olublar. Həqiqətən də belədir, biz bunu söz xətrinə demirik. Həqiqət budur. Amma bəzi məqamlarda biz bunun əksini də görürük. Nümayəndələrin təkcə parlamentdə deyil, ictimai yerlərdə də – bir çoxunuz ictimai yerlərdə, ayrı-ayrı şəhərlərdə cümə namazlarının xütbələrindən əvvəl namazlara qoşulursunuz – bu gün bir çoxlarının fəaliyyətinin böyük bir hissəsinə hakim olan virtual məkanlardakı iştirakı ixtilaf və qarışıqlıq deyil, sakitlik yaratmalıdır.
Harada danışırsınızsa, çıxış edirsinizsə, rəy bildirirsinizsə, qoy dinləyiciniz sizin qüvvələr arasında birlik, müttəfiqlik, vəhdət və əməkdaşlıq tərəfdarı olduğunuzu sezsinlər. Bunun əksinin mesajını verməməlisiniz. Bu, xalqın psixoloji təhlükəsizliyinin qorunması deməkdir. Bu, mühüm bir məsələdir. Əlbəttə, diqqətsizlik etmək olmaz; mən buna tamamilə əminəm və məlumatım da var, düşmənin kiber qoşunu sui-istifadə pusqusundadır; bəzən sizi əsəbləşdirmək üçün siyasi rəqibinizin dilindən sizə söyüş yağdırırlar, ya da sizi qızışdırmaq üçün hörmət etdiyiniz bir şəxsi, din nümayəndəsini və ya siyasi bir simanı təhqir edirlər. Belə hallar da olur. Buna da diqqət yetirmək lazımdır. Yəni virtual məkanda gördükləriniz fikirlərinizə ziddirsə, bunu siyasi rəqibiniz və ya siyasi müxalifinizin yerləşdirdiyinə həmişə inanmayın; xeyr, bu işi ortaq düşməninizin etməsi də mümkündür.
Dördüncü məqam, qanunvericiliklə bağlıdır. Bəli, qanunvericilik İslami Şura Məclisinin birinci dərəcəli mühüm vəzifəsidir. Qanun – rels çəkməkdir, ölkənin icra qüvvələrinin hərəkəti üçün yol xəritəsi çəkməkdir. Qanun budur. Qanunun məqsədi – ölkənin inkişafı və xalqa xidmət olmalıdır.
Yaxşı qanunun bir xüsusiyyəti var. Yaxşı qanunun xüsusiyyətlərindən biri onun mütəxəssis işinə əsaslanmasıdır. Əlbəttə, bilirəm ki, Parlamentin Araşdırmalar Mərkəzi yaxşı işlər görür və komitələrə müxtəlif ekspertlər dəvət olunur. Biz bunları bilirik. Qanun nə qədər mütəxəssis işinə istinad edərsə, bu qanun bir o qədər yaxşıdır. Bu, xüsusiyyətlərdən biridir. İkincisi, qanunun interpretasiyasıdır. Qanun şəffaf olmazsa, interpretasiya olarsa, sui-istifadəyə meyilli insanlar – bunu “qanunları pozan qanun biliciləri” (3) kimi ifadə etdim – ondan sui-istifadə edə bilərlər. Buna yol verməyin. Qanunları şəffaf və interpretasiya olunmayacaq bir şəkildə tərtib edin. Digər məsələ qanunların ölkənin imkanlarına uyğun olaraq tətbiq olunmasıdır. Bəzən parlament hökumətin icra edə bilməyəcəyi bir qanunu təsdiq edir. Bu isə o deməkdir ki, ölkənin imkanları və potensialları ya büdcə çatmamazlığından, ya da müxtəlif səbəblərdən bu yükü qaldıra bilmir. Buna riayət edilməlidir. Qanun ali sənədlərə uyğun olmalıdır. Yaxşı qanunda tələb olunan məqamlardan biri ali sənədlərə uyğun olmasıdır. Aralarında heç bir ziddiyyət olmamalıdır.
Qanunla bağlı başqa bir məsələ onun sıxlıq yaratmamasıdır. Sıxlıq məsələsinə təkrar qayıdacağam. Qanunlar sıxlığı bizim qarşılaşdığımız problemlərdən biridir. Bəzən bir məsələ ilə bağlı ortaq və fərqli cəhətləri olan çoxlu qanunlar qəbul edilir. Bununla da sui-istifadəçilər bu fərqliliklərdən çox istifadə edə bilirlər. Qanunların sıxlığı məsələsi, həqiqətən ölkə üçün problemdir. Bəzən parlamentə qanunlar sıxlığını aradan qaldırmalarını deməyimi təklif edirlər. Bu işin parlamentin vaxtının böyük bir hissəsini alacağını düşünürəm. Əgər istəyirlərsə, çalışıb sıxlığı azaltsınlar! Amma hər halda qanunvericilikdə bu məsələyə diqqət yetirin.
İndi isə toxunduğum məqam haqqında danışacağam. Konstitusiya parlamentə layihə təqdim etmək sərbəstliyi verib. Yəni hökumətin müəyyən bir layihəsinin olmadığı zəruri hallarda layihə təqdim edə bilərsiniz. Layihə yaxşı olsa belə, bu layihəni təqdim etməkdə həddi aşsaq – eşitdiyimə görə belə hallar olub, indi hansısa rəqəmləri təkrar etmək istəmirəm – bu özü problemlər yaradacaq. Ölkədə hansısa bir problem yarandıqda qanun layihəsinin təqdim olunmasını gözləmək və hökumətin addımını izləmək yerinə dərhal bir layihə hazırlayırıq! Bunun özü də qanunun sıxlığına səbəb olur. Yəni layihələrin təqdim edilməsində “daha çox” deyil, “lazım olan” minimum hədlə kifayətlənmək lazımdır. Qanun sıxlığının səbəblərindən biri layihələrin təklifidir. Mənsub olduğunuz parlamentdə çoxlu layihələr var, onlarla məşğul olmaq – araşdırmalar, əmrlər və. s. – illərlə vaxt aparacaq. Məsələ budur.
Əlbəttə, qanunla bağlı başqa bir xəbərdarlıq da bundan ibarətdir ki, bəzən hökumətlər təcili iş üçün müəyyən bir qanuna ehtiyac duyurlar. Bu, dəfələrlə başımıza gəlib. Beynəlxalq münasibətlərdə, əhəmiyyətli iqtisadi məsələlərdə, quruculuq işlərində qarşıya təcili yerinə yetirilməli olan, amma bununla bağlı müəyyən qanunları olmayan məsələlər çıxır. Belə hallarda hökumətlər asan yol tutur; yanımıza gələrək rəhbərliyin həmin işin icrasına icazə verilməsini istəyirlər. Təbii ki, çox vaxt razılıq vermirəm: yalnız fövqəladə vəziyyət yarandıqda, ya da məcbur qaldığım istisna hallardan başqa. Bu cür məqamlarda parlamentin hökumətin tələbinə uyğun olaraq – fövqəladə vəziyyətlərdə – qanunvericiliyi sürətləndirməsi daha yaxşı olar. Bu, qanunla bağlı başqa bir xatırlatma idi.
Bilirsiniz ki, qanunvericiliklə bağlı ümumi siyasətlər uzun müddətdir ki, dərc olunub. (4) Bu siyasətlərin həyata keçirilməsi üçün qanun lazımdır. Parlament bu siyasətlər üçün özü qanunlar qəbul etməlidir. Bu qanunvericilik isə hələ reallaşmayıb. Bu, daha sürətlə həyata keçirilməlidir. Bu da dördüncü məqam.
Beşinci məqam nəzarətlə bağlıdır. Təbii ki, konstitusiyada “nəzarət” anlayışı yoxdur. “Parlamentin nəzarəti” adlı bir məsələ yoxdur. Amma parlamentdə suallar, xəbərdarlıqlar, araşdırmalar və tədqiqatlarla bağlı mövcud olan çoxsaylı qərarların olması nəzarətin zəruriliyindən xəbər verir. Yəni siz araşdırırsınız, axtarış aparırsınız və ya sual verirsiniz, ya da xəbərdarlıq edirsiniz. Nə üçün? Məlumat almaq üçün. Deməli, icraedici hakimiyyətin işinə “nəzarət” parlamentin vəzifələrindən biridir. Bununla bağlı iki qeydim var:
Birinci qeyd odur ki, nəzarətin məqsədi “hökumətin səmərəliliyini artırmaqdır”. Bu, ona görədir ki, hökumətin işində problem varsa, onun səmərəliliyini artırmaq, işləri irəli aparmaq üçün parlament olaraq, siz bunu öyrənəsiniz, müəyyən edəsiniz və xəbərdarlıq edəsiniz. Nəzarətin məqsədi budur. Allah eləməsin, məbada nəzarət bundan başqa bir məqsəd daşısın. Yəni fərz edək ki, kiminsə hansısa nazirlə problemi yaranır, başlayır xəbərdarlıq etməyə, sual ardınca sual, hətta izahat tələb edir və sairə; qeyri-əsas məsələlər, şəxsi və siyasi maraqlar qətiyyən bura qarışdırılmamalıdır. Nəzarət yalnız bunun üçündür: icraedici qüvvədə hər hansısa bir nöqsan müşahidə olunduqda xəbərdarlıq etmək, ona diqqət göstərmək, həmin nöqsanı aradan qaldırmağa çalışmaq. Bu, nəzarətlə bağlı olan birinci məsələdir.
Digər məsələ isə budur ki, monitorinq zamanı nə həddi aşaq, nə də səhlənkarlığa yol verək. Bəzi mülahizələr göstərir ki, monitorinq aparılmalı yerdə aparılmır. Bu da yanlışdır. Bəzən monitorinq çox aparılır; çoxlu suallar verilir. Sizə belə bir şey deyim, bu illər ərzində – rəhbərlik etdiyim bu neçə ildə – indi baxıb görürəm ki, demək olar bütün hökumətlərdə nazirlər mənə yaxınlaşıb parlamentdə sualların çoxluğundan şikayətləniblər: “Bizi ya parlamentin zalına, ya da komitələrə çağırırlar, nə qədər vaxtımızı alırlar, suallar yağdırırlar, çaşdırıcı suallar verirlər” və s. deyə, gileylənirlər. Həddi aşmamaq lazımdır, səhlənkarlığa da yol verilməməlidir. Yəni bunu sual verilməsi, nəzarət edilməsi lazım olan yerdə etməlisiniz, eyni zamanda ədalətli də olmalısınız. Monitorinq ədalətli aparılmalıdır. Şəxsi və siyasi maraqlar və s. araya girməməlidir.
Altıncı məqam, parlamentdə deputatların fəaliyyətinə nəzarət üçün komitə yaradılıb; iş təcrübəsi olanların yadındadır, bir dəfə bir xəbərdarlıq edilmişdi. (5) Məclis nümayəndələri də deputatların fəaliyyətinə nəzarət üçün dərhal bir komitə yaratdılar. (6) Bu komitənin yaradılmasının məqsədi nə idi? Məqsəd ondan ibarətdir ki, bəzən bir nümayəndə səhlənkarlıq üzündən və ya hər hansı digər səbəbdən bir addım atır, nəticədə zərbəsi 290 deputata dəyir. Yəni bir nəfərin hərəkəti ilə bir parlament xalqın gözündən düşür. Bu belə olmamalıdır, qarşısı alınmalıdır. Qarşısının alınması mümkün deyilsə, həll edilməlidir. Bu, vacibdir. Komitənin ondan gözlənilən bu işi layiqincə yerinə yetirdiyini biz nə görə və nə də anlaya bildik. Bu da bizim növbəti tövsiyəmizdir.
Yeddinci məqam, parlamentin beynəlxalq mövzular və xarici siyasətlə bağlı məsələlərdəki iştirakı ilə bağlıdır. Parlament güclü bir qurumdur. Dünya dövlətləri parlamentlərinin bu gücündən istifadə edirlər; həm danışıqlarda, həm qarşılıqlı fəaliyyətdə, həm də praktiki tərəfdaşlıqda. Müzakirələr zamanı danışıq masasında siz nə isə dedikdə, qarşı tərəf cavab verir: “Cənab! Parlamentimiz buna icazə vermir, mövcud qanunlarımız buna yol vermir, yerinə yetirə bilmərik”. Danışıqlarda parlamentdən dayaq kimi istifadə edirlər. Parlament hökumətlərlə yaranan müxtəlif porblemlərdə – təbii ki, hökumətin müxtəlif məsələlərdə çətinlikləri ola bilər – hökumətə güc verə, hökumətə dəstək ola bilər. Buna görə də siyasi, beynəlxalq və diplomatik məsələlərdə iştirakınız vacibdir.
Yaxşı işlərdən birinə misal, əvvəlki parlamentdəki strateji fəaliyyət qanunudur. (7) Bu, çox yaxşı işlərdən biri idi. Təbii ki, bəziləri etiraz edib, irad bildirirdilər. Heç də yerində olan irad deyildi, bu iş çox düzgün bir iş idi. Bu kimi iştirakların çox müsbət nəticələri ola bilər. Görüşlər fərqli məqsəd daşıya bilər; parlament sədrlərinin görüşləri kimi, məsələn, cənab Qalibafın son səfəri kimi. Bu səfər (8) möhtərəm hökumətin çox istifadə edə biləcəyi faydalı bir səfər oldu. Yaxud parlamentin nümayəndə heyətinin parlamentlərarası səfərləri və ya səfər etmədən belə, müəyyən məsələ ilə əlaqəli bəyanat verilməsi də ola bilər; məsələn, Fələstin kimi, Qəzza problemi kimi bir məsələ ortaya çıxır, siz bəyanat verirsiniz, bu da dünya miqyasında həmin məsələyə öz təsirini tamamilə göstərir. Yaxud heç bəyanat da vermədən, bəzən nümayəndələrin çıxışı da təsirini qoyur. Bu barədə hərdən öz gözləntimi də bildirmişəm; bəzi məqamlarda xarici siyasətdəki bu kimi mühüm məsələlərlə əlaqəli parlament nümayəndələrinin nəzərlərini bildirmələri, çıxış etmələri də istənilir. Bu, dünyada təbii bir haldır; məsələn, tutaq ki, xarici siyasət komitəsinin rəhbəri hansısa məsələ ilə əlaqəli fikir bildirir və bununla da dünyada məşhurlaşır. Bir çox işlər parlamentlər tərəfindən görülür və hökumətlər də parlamentlərin dəstəyindən istifadə edirlər. Amerikalıların İslam Respublikasına qarşı, İrana qarşı qəbul etdikləri geniş sanksiya qanununu – “CISADA” adı ilə tanınan bu qanunu – (9) parlamentləri təsdiq etmişdir. Əlbəttə, bunu o ilin demokrat prezidenti (10) – həm ikiüzlü və riyakar, həm də alçaq və zirək adam idi; insafla desək, o, bizim bir çox məmurlarımızdan daha zirək idi, bəzi münasibətlərdə bu özünü göstərirdi – imzalamışdı. Bunu həmin prezident imzalamışdı. İmzalamaya da bilərdi; nüvə və bu kimi məsələlərdə İranla əməkdaşlıq etmək istədiyini iddia edirdi, amma eyni zamanda imza da atdı! Kompleks qanunu onların parlamentləri həyata keçirirdi; bu işləri parlamentlər görür. Deməli, parlament bu sahədə fəal ola bilər.
Bu sanksiya məsələsində – dildən-dilə dolaşır; xüsusilə seçkilər vaxtı namizədlərin çıxışlarında, namizədlərin tərəfdarları və insanlar tərəfindən təkrar edilir – parlament iştirak edə bilər və bu iştirak da həqiqətən təsirli ola bilər. Biz bacararıq; biz sanksiyaları bizə ucalıq gətirəcək yollarla ortadan qaldıra bilərik. Sanksiyaları zərərsizləşdirmək sanksiyaları aradan qaldırmaqdan daha üstündür. Mən bunu (11) dəfələrlə demişəm, sanksiyanı ortadan qaldırmaq sizin əlinizdə deyil – neytrallaşdırmaq üçün strategiyalar axtarıb tapmaq lazımdır, onu aradan qaldırmaq isə qarşı tərəfin ixtiyarındadır – amma sanksiyanı zərərsizləşdirmək sizin öhdənizdədir. Sanksiyanı zərərsizləşdirmək üçün yaxşı yollar var. Bu yolların bəzisini qət etmişik, nəticəsinin də şahidi olmuşuq; yəni hökumət rəhbərləri bir sıra işlər gördülər, biz də nəticəsini gördük, sonu çox yaxşı da oldu. Bu işi davam etdirmək olar. Parlament – hörmətli parlamentimiz – bu sahədə rol oynaya bilər.
Parlamentin təxirəsalınmaz işi ilə bağlı səkkizinci və sonuncu məqam cənab Pezeşkiyanın (Allah onu qorusun) inşallah parlamentə təqdim edəcəyi nazirlər kabineti üçün səsvermədir. Bu sizin təcili işinizdir. Təbii ki, təklif olunan kabinet nə qədər tez təsdiqlənsə və hökumət işə başlasa, ölkə üçün bir o qədər yaxşıdır. Lakin bu sahədə həm sizin, həm də hörmətli seçilmiş prezidentin üzərinə ağır vəzifələr düşür. Kim bu meydanın ağır yükünü öz üzərinə götürmək istəyər? İqtisadiyyat, mədəniyyət, tikinti-inşaat və istehsal sahəsində kim öz üzərinə ağır məsuliyyət götürmək istəyər? Bu ağır məsuliyyəti etibarlı, dürüst, vicanlı, dindar və bütün varlığı ilə İslam Respublikasına və İslam dövlətinə inanan adama həvalə etmək lazımdır. İman mühüm bir göstəricidir. “Gələcəyə ümid”, üfüqə müsbət baxış mühüm göstəricilərdən biridir. Üfüqün qaranlıq olduğunu düşünüb, heç bir şeyin edilə bilməyəcəyini düşünənlərə əsas və açar vəzifələr verilə bilməz. Qanunvericilik, qanunverici olmaq vacib meyarlardan biridir. Təmizlik və dürüstlükdə ad çıxarmaq bir meyardır. Bu meyarlara riayət edilməlidir. Bunlara həm möhtərəm prezident, həm də parlament riayət etməlidir. Bu o deməkdir ki, ölkənin məsul şəxslərinin seçimində sizin ortaq məsuliyyətiniz var. “Qara keçmiş”ləri olmamalıdır; bu bir meyardır. “Milli baxış”a malik olmalıdırlar, yəni onlar fraksiya, siyasi və bu kimi məsələlərə qapılmamalı, ölkəyə milli baxışla yanaşmalıdırlar. İşgüzar olmalıdırlar. Bunları araşdırma vasitəsilə başa düşmək olar. Əlbəttə, səmərəliliyi çox vaxt işə götürdükdən sonra anlamaq olur. Bununla belə araşdırma aparmaqla, keçmiş fəaliyyətlərə nəzər salmaqla, səsləndirilən fikirləri dinləməklə də müəyyən etmək mümkündür. Bunlar lazımdır.
Məncə, bu həm sizin, həm də möhtərəm prezidentin üzərinə düşən çox mühüm məsuliyyətdir. İnşallah, yaxşı, işgüzar, faydalı, dindar və inqilabçı nazirlər heyəti ilə iş başına keçəcək və ölkəni idarə edəcəklər. Bu bizim duamız, ümidimizdir. Hamınıza dua edirik. Mən seçilmiş prezidentə, deputatlara, parlamentin sədrinə də dua edirəm. Bu bizim daimi duamızdır. Kimin prezident, kimin parlamentin spikeri, kimin məhkəmə hakimiyyətinin başçısı olmasından asılı olmayaraq, dualarımız həmişə onlara şamildir. Ümid edirik ki, uğur qazanacaqsınız.
Qəzza məsələsi hələ də İslam dünyasının birinci dərəcəli məsələsidir. Xarici məsələlər, diplomatiya və bu kimi fəaliyyətlər barədə parlamentə təkliflərim olub. Bu təkliflərdən biri Qəzza məsələsidir. Sakitləşməyin, susmayın. İş görmək lazımdır. Düzdür ki, aylar keçdikcə ilk vaxtlardakı həyəcan bir çoxlarında olmur, amma həqiqət budur ki, bu məsələnin ilk günlərdəki aktuallığı bu gün də, hətta əvvəlkindən daha artıq bir şəkildə davam edir. Müqavimətin gücü günü-gündən özünü daha çox göstərir. Amerika kimi böyük bir hərbi, siyasi və iqtisadi güc qəsbkar sionist rejimin arxasında dayanıb müqavimət dəstəsi ilə döyüşür. Onları diz çökdürə bilmədilər. HƏMAS-ı, müqaviməti diz çökdürə bilmədiklərinə görə qəzəblərini xalqa boşaldırlar; insanlara, məktəblərə, xəstəxanalara, uşaqların və qadınların başına bomba yağdırırlar. Cinayətkarlığın və qəddarlığın son həddi dünya əhalisinin gözləri önündə həyata keçirilir. Dünya əhalisi artıq qəsbkar rejimi mühakimə edir. Məsələ bitməyib; məsələ davam edir. İnşallah, fəal olun.
Ümid edirəm ki, Mütəal Allah İslam və müsəlmanlara xeyirli olanı, sizə, millətə xeyirli olanı nəsib etsin və hamımızın Mütəal Allah qarşısında gördüyümüz işlərə görə heç olmasa keçərli bir üzrümüz olsun, nəsə deyə bilək və əməllərimizi Allah qarşısında müdafiə edə bilək.
Allah hamınızı qorusun və dahi İmamın (r.ə), şəhidlərin pak ruhunu bizdən razı etsin; Vəliyyi-əsrin (ruhumuz ona fəda olsun) pak qəlbini bizdən razı etsin, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_______________________
(1) On ikinci çağırış İslami Şura Məclisinin fəaliyyətə başlması münasibətilə keçirilən bu iclasın əvvəlində cənab Məhəmməd Baqir Qalibaf (İslami Şura Məclisinin spikeri) məruzə ilə çıxış etdi.
(2) İştirakçıların gülüşü
(3) Digər məsələlərlə yanaşı, İslami Şura Məclisinin nümayəndələrinin iclasındakı bəyanatlar (03/03/1402)
(4) Qanunvericilik sisteminin ümumi siyasətinin təbliği (06/07/1398)
(5) Prezident və 12-ci çağırış İslami Şura Məclisinin nümayəndələri arasında keçirilən görüşdə bəyanatlar (18/03/1389)
(6) 15/01/1390
(7) “Sanksiyaların ləğvi və İran Xalqının Hüquqlarının Müdafiəsi üzrə Strateji Fəaliyyət” qanunu 12 dekabr 2019-cu il tarixində 11-ci parlament tərəfindən təsdiq edilib.
(8) BRİKS-ə üzv ölkələrin Parlament Assambleyası cari ilin iyulun 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.
(9) CISADA Qanunu və ya Ümumi Sanksiyalar Qanunu İran İslam Respublikasına qarşı sanksiyaların əsasını təşkil edir.
(10) Barak Obama
(11) Digər məsələlərlə yanaşı, şəhid general-leytenant Hacı Qasim Süleymaninin ildönümünü qeyd edən qərargah üzvlərinin iclasındakı bəyanatlar (26/09/2013)