بسم الله الرّحمن الرّحیم
والحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین.
Rəhman və Rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Muhəmməd və onun pak və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Əziz qardaş və hörmətli bacılar, xoş gəlmisiniz. Bütün digər dövlətlərdə olduğu kimi, bu görüş mənim dövlət və heyət üzvlərinə, məsullara, dostlara təşəkkür görüşümdür. Təbii ki, dəyərli cənab Rəisinin yeri görünür. Amma bizim inancımıza görə, möminlərin, xüsusilə də şəhidlərimizin pak ruhları şahiddirlər, görürlər, eşidirlər. Əslində o da bizim ona təşəkkürümüzdən, minnətdarlığımızdan xəbərdardır.
Bu görüş təşəkkür məqsədi daşıyır və ümid edirəm, Allah-Taala çəkdiyiniz zəhmətləri sizdən qəbul edər, inşallah. Həm həyata keçirdikləriniz, həm də həyata keçirmək üçün niyyətini etdiyiniz işlər, hər ikisi Allah məhzərində eyni dərəcədə əhəmiyyət daşıyır. Yəni siz höküməti davam etdirmək məqsədi ilə müəyyən işləri, layihələri həyata keçirmək qərarını almışdınız. Bunların da Allah-Taalanın dərgahında savabı vardır. Xidmətlərinizi gələcəkdə də davam etdirmək üçün Allah-Taala sizə uğurlar nəsib etsin və kömək olsun. Təbii ki, hökümət təşkilatında dəyişiklik olacaq, şübhəsiz! Amma vətənə xidmət yalnız konkret vəzifə, adlar və rəhbərliklər çərçivəsində olmamalıdır. Hər bir halda xidmət üçün hazır olmaq lazımdır. Ölkəyə xidmət etməyə davam edin, ölkə üçün çalışın, Allaha şükürlər olsun ki, bunu bacarırsınız.
Mərhum cənab Rəisinin (r.ə) höküməti iş və ümid dövləti idi. Daxili və xarici sektorlarda hərəkət dövləti idi. Bu ünvanlar onun özü və hökümətinin üzvləri tərəfindən dilə gətirilməsə də, praktiki olaraq bu cür görünürdü və belə anlaşılırdı. O, həqiqətən də gələcəyə nikbin baxırdı. Təbii ki, haqlı idi. O, sizin köməyiniz ilə özünü həmin hədəflərə çatdırmağı qərara almışdı. Mən mərhum cənab Rəisi (r.ə) ilə bağlı zehnimdə daha çox iz buraxmış xüsusiyyətlərindən birini diqqətinizə yetirəcəyəm. Əlbəttə, cənab Müxbir, insafla desək, çox yaxşı çıxış edib, onun mühüm cəhətlərinin bir çoxunu qeyd etdi. Mən də bir neçəsinə toxunmaq istəyirəm.
Fikrimcə, cənab Rəisinin ən səciyyəvi cəhətlərindən biri xalqa bağlılığı idi. Bu, bizlərə, dövlət başçılarına, dövlət məmurlarına, dövlət üzvlərinə örnək olacaq bir xüsusiyyətdir. O, xalqa diqqət göstərirdi, onlara ehtiramla yanaşırdı, camaatın arasında olub həqiqətləri yaxından hiss edirdi. Sözlərini eşidir və onların ehtiyaclarının təmin edilməsini öz proqramının əsas hədəfinə çevirirdi. O, belə biri idi. Onun nəzərdə tutduğu proqramlar, fəaliyyətlər və keyfiyyət meyarlarında əsas hədəf xalqın problemlərinin həll olunması idi. Mümkündür o planların bəzisi nəticə versin, bəzisi isə verməsin, amma onun işinin əsas ideyası bu idi; bu məsələlərlə iclaslarda həmişə rastlaşırdıq.
İslamın nəzərdə tutduğu da məhz budur; yəni xalqla birgə olmaq, onlarla qaynayıb-qarışmaq. Əmirəl-möminin (ə) Malik Əştərə ünvanladığı məşhur məktub və fərmanında buyurur: “Sənin gözündə ən bəyənilən və sevimli iş bu üç iş olmalıdır”. Sonra iki-üç işin adını çəkir, o cümlədən buyurur:
اَجمَعُها لِرِضَی الرَّعِیَّة
“Sənin gözündə ən sevimli iş – xalqı məmnun edən iş olmalıdır. Həmişə belə et”. Əmirəl-mömininin (ə) kəlamında bəzən «رعیّت» (rəiyyət), bəzən də «عامّه» (camaat) olaraq istifadə olunan sözlərindən məqsəd sadə xalq kütləsidir. Həzrət (ə) “cəmiyyətin xüsusi zümrəsi” olaraq adlandırdığı oliqarx toplumunu xalq kütləsi müqabilində işlədir. Buyurur ki, ən yaxşı və ən sevilən iş xalq kütləsini razı salmaq, onları sevindirmək və onların qəlbinə yol tapmaqdır.
İki üç abzas sonra buyurur:
وَ اِنَّما عِمادُ الدّینِ وَ جِماعُ المُسلِمینَ وَ العُدَّةُ لِلاَعداءِ العامَّةُ مِنَ الاُمَّة
“Dinin sütunu, müsəlmanların kütləvi birliyi və düşmənlər müqabilində hazır olan xalqın ümumi hissəsidir”. (2) Düşmən müqabilində sənə faydası olacaq, ölkədə birlik, həmrəylik yaradacaq şəxslər həmin sadə xalq kütləsidir. Sadə xalq bir olarsa, ölkə də müttəhid olacaq. Halbuki oliqarxların hər birinin öz maraqları var, hər biri özü üçün çalışır; yox əgər istəkləri müxalif olarsa, bir-biriləri ilə çəkişəcəklər. Bu şübhəsizdir. Belə halda “ictimaiyyət” artıq öz mənasını itirəcək. Amma sadə xalq nümayəndələri isə birləşib düşmən hücumlarının qarşısını ala bilərlər. Düşmən ilə qarşıdurmada, hər cür mübarizə meydanında xalq böyük rol oynayır.
Həzrət (ə) ardınca çox diqqətəlayiq sözlər buyurur. Hökümət kabinetindəki qardaşlar üçün il ərzində bəzi vaxtlar təşkil etdiyim “Nəhcül-bəlağə” yığıncaqlarında bunlardan bir hissəsini şərh etmişəm. Həzrət (ə) buyurur ki, xalqın əksinə olaraq oliqarxların gözləntiləri hamıya nisbətdə daha çox, səbirləri daha az, yardımları cüzi və əhəmiyyətsizdir; gözlənti zamanı istəkləri hamınkından daha artıq olar, hansısa işi görmək lazım gəldikdə meydanda daha az görünərlər, döyüş vaxtı isə varlıqları hiss olunmaz. Örnəyini də siz “Müqəddəs Müdafiə”, “Hərəm Müdafiəçiləri” və s. meydanlarda özünüz gördünüz. Baxın, bu, Əmirəl-möminin (ə) tərəfindən çəkilmiş parlaq xətdir. Cənab Rəisi bu xətt üzərində hərəkət edirdi, bu yolu izləyirdi. Onun bu metodu çox dəyərlidir, çox yaxşıdır, bu həqiqətən də örnəkdir. Bu cür hərəkət etməyi biz hamımız öyrənməliyik. Bu ona məxsus olan xüsusiyyətlərdən biri idi.
İkinci xüsusiyyət isə onun ölkə daxili imkanların gücünə olan həqiqi inancı idi. Bizim ayrı-ayrı dövlət rəsmiləri ilə olan görüşlərimizdə daxili potensiallar mövzusunda bir çox müzakirələrimiz olub. Zahirdə heç kəs bu məsələyə öz narazılığını bildirmirdi. Amma adam baxanda başa düşürdü ki, daxili imkanların gücünə kim dərindən və ürəkdən inanır, kim yox. Cənab Rəisinin buna həqiqətən də tam inancı vardı; yəni o, ölkənin bir çox problemlərini – böyük bir hissəsini, ya da ümumiyyətlə bütün problemlərini – daxili imkanlara arxalanmaqla həll edə biləcəyimizi qəbul edirdi. Elə buna görə də bu işlərin də ardınca gedirdi. Bu onun izlədiyi mühüm və ana xətlərdən biri idi.
Onun sahib olduğu diqqətəlayiq xüsusiyyətlərdən biri də dini və inqilabi mövqelərini açıq şəkildə elan etməsi idi. İkibaşlı danışmaq, “inqilabi mövqeyimi açıq şəkildə elan etsəm, kimsə, hansısa qrup, hansısa şəxs inciyib narahat olar” kimi nigarançılığı yox idi. Yəni bütünlüklə inandığı inqilabi mövqeyini açıq-aydın bildirirdi. İlk müsahibəsində ondan “filan ölkə ilə əlaqə yaradacaqsınızmı?” deyə soruşanda, o, “xeyr!” – deyə, cavab verdi. Açıq-aydın; Yəni dərhal, haşiyəyə çıxmadan “xeyr” demək. O, sözünü birbaşa deyirdi. Bütün məqamlarda eyni gördüyümüz kimi idi.
Onun digər xüsusiyyəti – hamının da bildiyi, gördüyü kimi – işdən yorulmaması idi. Ona tez-tez istirahət etməsini də məsləhət görürdüm. İstirahət etmədən çalışan insanların sonradan problemlə qarşılaşdıqlarını da misal çəkirdim. Deyirdim ki, işinə xatir olsa belə, bir az istirahət et, yatağa düşərsən sonra çalışa da bilməzsən! Həmişə deyirdim. O isə daima “Mən işdən yorulmuram” deyərdi. Həqiqətən də yorulmazdı. İnsan heyran qalırdı. Gecəyarısı xarici səfərdən qayıdardı, sabah isə məsələn, Kərəcdə, ya hansısa başqa yerdə camaatla görüşdə olardı, ya da müxtəlif məsələlərlə bağlı iclas keçirərdi. Bunlar çox əhəmiyyətli məqamlardır.
Onda mövcud olan digər səciyyəvi xüsusiyyətlərdən biri də ona dəyən dil yarasından təsirlənərək ruhdan düşməməsi idi. Bu bir çoxumuzun zəif cəhətidir; kimsə bizə irad tutanda, tənqid edəndə o saat ya qəlbimiz sınacaq, ya kefimiz pozulacaq, ya da məsələn, “nankorluqla qarşılaşdıq” deyə, xoşumuza gəlməyəcək və əlimiz işdən soyuyacaq. Çox vaxt belə olur. Həmişə insanların bizi tərifləməsini istəyirik. O isə, xeyr. Ona çox dil yarası vururdular, amma məyus olmazdı. Əlbəttə, demək olmaz ki, buna görə narahat olmurdu; niyə ki? Narahat olurdu. Bəzən mənə də gileylənərdi, lakin çalışmaqdan və işlərini davam etdirməkdən soyumazdı, ruhdan düşməzdi. Bu da onun diqqətçəkən xüsusiyyətlərindən biri idi.
Digər qabarıq səciyyəvi cəhətlərindən biri isə xarici siyasətdə iki prinsipə eyni anda riayət etməsi idi: biri qarşılıqlı əlaqə, digəri isə heysiyyət hissi idi. O, əlaqə və münasibət insanı idi. Bəzən buradan filan Avropalı prezidentlə bir saat, bir saat yarım telefon söhbəti edirdi. Təsəvvür edin, doğurdan da bir saat, bir saat yarım telefonla söhbət edirdi! O, interaktiv biri idi. Amma heysiyyət məsələsinə gəlincə, nə əlaqələri kəsəcək şəkildə sərt və uzaqlaşdırıcı idi, nə də qarşı tərəfə lüzumsuz yerə imtiyaz verib özünü əbəs yerə aşağı tutan biri idi. Xeyr, belə deyildi, heysiyyətli eyni zamanda da interaktiv idi. Elə bu özəllik də şəhadətindən sonra, bəzi görkəmli dünya liderlərinin mənə ünvanladıqları başsağlığı mesajlarında onu görkəmli şəxsiyyət olaraq yad etmələrinə səbəb oldu. Bu olduqca önəmli məqamdır. Yəni onu adi yox, görkəmli siyasətçi kimi yad etdilər. O, əlaqə və münasibət prinsipinə inanırdı. Afrika haqqında olan bütün tövsiyələrə baxmayaraq, uzun illər idi ki, xarici əlaqələrimizdə Afrika kənarda qalmışdı. O, Afrika ilə münasibətlər qurdu, get-gəl yaratdı. O, münasibət qurulması zəruri olan bir sıra ölkələrlə, dövlətlər arası əlaqələr üçün münasib olan bütün ölkələrlə əlaqələr yaratmağı düşünürdü və bu münasibətləri də bərpa edirdi. Bu sahədə prioritetlərə riayət edirdi. Prioritetlərdən biri də məsələn, qonşu dövlətlər idi və o da bu əlaqələrə önəm verirdi.
Onda olan digər cəhətlərdən biri – cənab Müxbirin də haqlı olaraq qeyd etdiyi kimi – böyük layihələrin icrasına göstərdiyi diqqət idi. Nəhəng layihələrin icrasına çalışırdı. Məsələn, dəniz suyunun bəzi bölgələrə çatdırılması və ya elə həmin su problemi ilə əlaqəli uzun illər su həsrətində olan uzaq şəhərlərə suyun çatdırılması kimi layihələri həyata keçirməyə səy göstərirdi. Suvarma və əkinçilik sahəsindəki problemləri o həll etdi. Onun bu kimi müxtəlif sahələrə aid olan layihələri vardı. Bu da hörmətli ölkə başçımızın səciyyəvi cəhətlərindən digər bir diqqətəlayiq məqam idi.
Başqa bir məqam onun əxlaqi keyfiyyətləri ilə bağlıdır; o, olduqca təvazökar, olduqca dözümlü idi. Təmkinli, səbirli insan idi. Ondan fərqli düşünən – istər bu sadəcə nəzəri cəhətdən fikirayrılığı olsun, istərsə də gələcəkdə faktiki olaraq meydanda əməli müxalifətə səbəb olacaq düşüncələr olsun – insanlara qarşı güzəştə gedərdi. Bilirsiniz ki, ölkənin idarəçiliyində bu cür şeylər baş verir. Gəlib mənimlə danışardı, bəzi şeyləri deyərdi, kefi də pozulardı, bununla belə həmin şəxslərlə də təmkinlə davranardı. Bir dəfə bir yerlə aralarında ixtilaf yaranmışdı. Mən ondan qətiyyən reaksiya verməməsini istədim. Onun üçün bu çox çətin idi. Bununla belə reaksiya göstərmədi. Həqiqətən də çox güzəştə getdi. Halbuki, əgər səbir etməsəydi, dözməsəydi, ölkədə böyük bir münaqişə yaranacaqdı. O, belə bir şəxsiyyət idi.
Onun digər xüsusiyyətlərindən biri də – cənab Müxbirin qeyd etdiyi kimi – zikr, təvəssül və dua insanı olması idi. (3) Qeyd olunan duaların xüsusiyyətlərini mən bilmirəm, lakin bildiyim budur ki, o, dua insanı idi, zikr əhli idi. Təvəssül edən, göz yaşı tökən biri idi. Nurlu qəlbi vardı və qeyb aləmi ilə ruhən bağlıydı. İnsanı xilas edib, irəli aparan da elə bunlardır.
Allah-Taala onun dərəcəsini ucaltsın, inşallah. Tarixə örnək olaraq həkk olsun deyə, bunları söylədim. Hamı bilsin ki, ölkə başçısı olan bir şəxs eyni anda əməli, intelektual və mənəvi fəzilətlərin hamısına sahib ola bilər və onları əməli şəkildə göstərə bilər. Allaha şükürlər olsun, bunlara eyni anda sahib olmaq mümkündür.
Bu bir neçə ildə ölkə başçısı ilə etdiyiniz əməkdaşlığa görə, çəkdiyiniz zəhmətə və ona etdiyiniz yardımlara görə cənab nazirlərə də öz təşəkkürümü bildirirəm. Dostlarının əməkdaşlığı olmasaydı, o, sözsüz ki, bütün bu imkanları hazırlayıb ortaya çıxara bilməzdi. İnsan tək başına bütün bu işləri görə bilməz. Bu işi görmək üçün komandaya ehtiyac var. Həmin komanda da sizlər idiniz və Allaha şükürlər olsun, köməklik etdiniz. Xüsusilə cənab Müxbirə həm bu üç il müddətində cənab Rəisiyə etdiyi yardımlarına görə (çəkdiyi çətinliklər və problemlər qarşısında göstərdiyi təmkin həqiqətən təqdirəlayiqdir), həm də son qırx beş gün ərzində “ölkə başçısının səlahiyyətləri”ni çox yaxşı yerinə yetirdiyinə və işləri davam etdirdiyinə görə xüsusi təşəkkür etməliyəm. “Bütün işlər son günə kimi yerinə yetirilsin” – deyiləndə, o, bu sözə həqiqi mənada ciddiliklə yanaşdı. Siz dostlar da eləcə; Allaha şükürlər olsun, siz də işlə məşğulsunuz. Yenə də son ana qədər bu fəaliyyətləri davam etdirin. Bu keyfiyyətlər hökümətlərə, ölkə başçılarına, nazirlərə bir meyardır. İnşallah, hamımız – elə mən də – bu meyarlardan istifadə edək.
Sonda seçkilərdə iştiraklarına görə bir daha xalqa öz təşəkkürümü bildirirəm. (4) Seçkilərin yaxşı şəkildə keçirilməsinə görə dövlət rəsmilərinə, Daxili İşlər Nazirliyinə, milli mediaya, hüquq mühafizə orqanlarına, təhlükəsizlik qüvvələrinə səmimi qəlbdən öz minnətdarlığımı bildirirəm. Hamılıqla çalışdılar, əmək sərf etdilər və Allaha şükürlər olsun, nəticədə bütün ölkədə hadisəsiz ötüşən ümumi seçkilər baş tutdu. Bu olduqca mühümdür. Dünyanın bir çox ölkələrində – hər yeri nəzərdə tutmuram, təbii ki, hər yerdən məlumatımız yoxdur – mövcud siyasi və ideoloji ziddiyyətlərə görə, seçkilər dalaşmalarla, əlbəyaxa davalarla, bəzən isə ölümlə və s. kimi hadisələrlə müşayiət olunur. Allaha şükürlər olsun, seçkilər burada xətərsiz ötüşdü. Seçkiləri ən yaxşı şəkildə başa vurmaq sizin bacarığınızın sayəsində mümkün oldu.
Bir qayda olaraq son görüşdə cənabların hər birinə Qurani Kərim hədiyyə edirik. Bu Quranı da cənab Müxbirə hədiyyə edirəm. Allah-Taala sizi qorusun, hamınıza uğurlar nəsib etsin və köməyiniz olsun, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
___________________
(1) Görüşün əvvəlində ölkə başçısının səlahiyyətlərini icra edən cənab Muhəmməd Müxbir məruzə ilə çıxış etmişdir.
(2) “Nəhcül-bəlağə”, 53-cü məktub
(3) Cənab Muhəmməd Müxbir
(4) On dördüncü prezident seçkiləri iki mərhələdə cari ilin tir ayının 8-i və 15-ində keçirilmişdir.