Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Dini Liderin şəhid Mütəhhəri adına Ali Teoloji Məktəbin rəhbər və müəllim heyəti ilə görüşündəki çıxışı

Rəhman və Rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, məsum Əhli-beytinə. 

Mərhum cənab Emaminin (2) (Allah ondan razı olsun) xatirəsini yad edək; o, bu məktəbə, bu mərkəzə səmimi qəlbdən bağlı idi; biz bunu onun açıqlamalarından, çıxışlarından tamamilə hiss etmişdik. Doğurdan da bu mərkəz üçün əlindən gəldiyi qədər zəhmət çəkmişdi. O, bu məktəbi öz hədəflərinə çatdırmaq üçün çox iş görmüşdü. 

Sizin də bildiyiniz kimi, şəhid Mütəhhərinin adını daşıyan bu məktəbin böyük tarixçəsi var. Mənim də tanıdığım bəzi görkəmli din alimləri İnqilabdan əvvəl bu məktəbdə fəaliyyət göstərmişdilər. Mərhum Raşed burada işləyirdi. Burada çalışan mərhum Amirza Əbulfəzl Nəcmabadi Tehranın yaxşı ruhanilərindən sayılırdı; mən onları yaxından tanıyırdım. Mərhum şeyxülislam Kəşmiri və digərləri bu məktəbdə fəaliyyət göstərirdilər, amma bütün bunlara baxmayaraq, bu məktəbin yetirmələri yox idi. Burada bu qədər yaxşı müəllim heyətinin işləməsinə rəğmən, o günlər bu məktəbin layiqli yetirmələri yox idi. O zamanlar bu məktəbdə təhsil alanlar – o vaxtlar aramızada Tehrana gedib-gələn tələbələrdən belə şeylər eşidənlər olurdu – oxumayan tələbələr kimi tanınmışdılar; yəni dərs oxumayan tələbə! Bu məktəbdə tələbə var idi, o cür yaxşı pedaqoq kollektivi də var idi, amma ortalığa çıxarılacaq yetirmələri yox idi. Bəli, tək-tük yaxşı tələbələri ola bilərdi, amma İnqilab dövrünün əksinə olaraq, ümumilikdə bu məktəbin gözlənilən yetirməsi yox idi. İnqilab dövründə isə bir çox din alimləri və həqiqi ruhani nümayəndələri qeyri-ixtisas işləri ilə məşğul olmağa başladılar. Nəticə etibarilə bir çox dini tədris mərkəzlərində, o cümlədən şəhid Mütəhhərinin adını daşıyan məktəbimizdə müəllim çatışmazlığı yaranmışdı; təbii ki, din alimləri var idi, onların bəzisini tanıyıram da; bəzisi, Allaha şükürlər olsun, həyatdadır, yaxından tanıdıqlarımın bəzisi isə dünyalarını dəyişiblər, yaxşı din nümayəndələri idilər, yaxşı insanlar idilər. Bununla belə, məktəbin yaxşı yetirmələri oldu; yəni bu məktəbdə fəzilət sahibi olan, yaxşı tələbələr təhsil almışdılar. Bu, çox dəyərlidir. Bu, ilk günlərdən işə rəhbərlik edən mərhum cənab Emaminin və məktəb rəhbərliyinin çəkdiyi zəhmətlərin nəticəsi idi. 

Məktəbin dəyişilməyə ehtiyacı oldugunu dediniz; bu tamamilə doğrudur. Bu o deməkdir ki, proqramlar zamanın tələbinə uyğun olaraq yenilənməlidir, bu normaldır. “Dəyişilmə”  dedikdə, bu, əsas prinsiplərin də dəyişəcəyi anlamına gəlmir. Əksinə, başlıca prinsiplərə toxunmaq olmaz, çünki onlar düzğün tərtib olunmuşdur. Dəyişdiriməli olan şey – proqramlardır. İyirmi il, qırx il əvvəl mövcud olmayan bugünkü vasitələri nəzərə alsaq, hansı dərsə daha çox ehtiyac duyulduğu, hansı dərsin cəmiyyətdə rəğbətlə qarşılandığı, günümüzdə tədrisin necə, hansı şəkildə aparılmasının zəruriliyi nəzərə alınmalıdır. Demək istəyirəm ki, bunlar vacibdir. Bundan sonra bu yeni tərtib olunmuş proqramlaşdırmaya əsasən müəllim seçəcək, tələbələrin təsnifatını aparacaq, dərs cədvəllərini tənzim edəcək və nəhayət, yaxşı yetirmələriniz, nəticələriniz olacaq. Bunları diqqət mərkəzində saxlamaq lazımdır.

Digər mühüm məqam isə nəfsin islahı, özünütərbiyə və dindarlıqdır. Bu məktəb sözün əsil mənasında dindarlığın təzahürü olmalıdır. Yəni əslində teoloji məktəb və universitet mühitinin vəhdəti olan bu mühit cəmiyyətə elmi ilə yanaşı – dindar, təqvalı, nəfsini islah etmiş insanları da təqdim etdiyini göstərə bilməlidir. Fikrimcə, Tehran kimi bir şəhər üçün bu çox yaxşı olardı. 

Başladığınız və davam etdirmək istədiyiniz bu yolda Mütəal Allah sizə ilahi uğurlar nəsib edərsə, şəhid Mütəhhərinin adını daşıyan bu məktəb Tehranın elmi – teoloji məktəbinin nümunəsinə çevrilə bilər. Məsələn, başqa yerdən gəlib Tehrandakı bu məktəbin necəliyi haqqında məlumat öyrənmək istəyən birilərinə göstərəcək bir mərkəzimiz yoxdur. Şəhid Mütəhhərinin adını daşıyan bu məktəb isə həmin mərkəz ola bilər; bu şərtlə ki, işin əsası, təşkilat və təlim-tədris əsasları diqqətə alınsın. 

Hər halda, Allaha şükürlər olsun, gənc qüvvəsiniz, gənclik həvəsiniz, meyliniz, gənclik canlılığınız var və bu məcmuya yeni bir dinamiklik verə bilərsiniz. Elmi-teoloji məktəblərimizin doğurdan da yeni bir hərəkətə ehtiyacı var. Görülməmiş işlər çoxdur. Tutaq ki, Qumda – misal çəkirəm – indi elə ixtisaslar tədris olunur, elə ixtisaslar mütaliə edilir və elə araşdırmalar aparılır ki, əvvəllər biz heç onun haqqında fikirləşməmişik. Bunları gördükdə nə qədər boşluğumuzun olduğunu, nə qədər görülməmiş işlərin olduğunu başa düşürük. Onları bu məktəbdə davam etdirin, inşallah. 

Özünütərbiyə və dəqiq proqramlaşdırma məsələsindən başqa bir məqam da inzibatçılıq məsələsidir. Yeni şöbələrin yaradılması çox yaxşıdır, bir şərtlə ki, düzgün idarə edilsin. Belə hallarda idarəçiliyin kontrolunun itirilməsi təhlükəsi yaranır. Ölkənin müxtəlif şəhərlərində bir sıra təhsil məktəbləri var: dini məktəb, qeyri-dini məktəb, ya da orta məktəb. Həmin məktəblərin inzibata, sözün əsil mənasında “düzgün idarə edilməyə” ehtiyacı var. Mühitə hakim olmalısınız. Müəyyən bir işi bir şəxsə həvalə etmək və ya ayrı-ayrı fərdlərin öhdəsinə buraxmaq düzgün deyil; işə yüksək səviyyədə rəhbərlik etmək üçün vəziyyətə hər tərəfli hakim olmaq lazımdır. Təbii ki, əməkdaşlıq edə bilənlərin hamısının köməyindən istifadə etmək lazımdır. Bu, sözsüzdür. Xüsusilə də gənc qüvvələrdən yararlanmaq lazımdır. Lakin yüksək səviyyədə idarəetmə üçün mühitə hər tərəfli hakim olmaq lazımdır. İnzibatı qoruyun, çalışın kontrolunu itirməyəsiniz. Bir yeri idarə etməyin çətin olduğunu görsəniz, işi dayandırın; hansısa şəhərdə bir yeri layiqincə idarə edə bilmədikdə həmin bölmənin, yerin bağlanmasına görə narahat olmayın. İnşallah, Mütəal Allah bu işdə sizi müvəffəq etsin. 

Bir qrup qardaş və bacıların burada olmasından istifadə edərək, seçkilərlə əlaqəli də (3) bir neçə cümlə demək istəyirəm. 

Bəli, birisigün seçkilərimiz var; bu seçki – artıq dediyimiz kimi – çox vacibdir. Təbii ki, seçkilərin birinci mərhələsində xalqın iştirakı gözlənildiyi kimi olmadı; gözlədiyimiz və təxmin etdiyimizdən daha az göstərici oldu. Müxtəlif insanlar iştirak haqqında fərqli ehtimallar irəli sürmüşdülər. Ehtimal olunan bütün rəqəmlər isə əslində reallıqda yaranmış rəqəmlərdən daha böyük idi. Bəli, bunun bir səbəbi var; politoloqlar, sosioloqlar və digərləri bu hadisəni araşdırırlar. Amma burada aydın olan bir məsələ var, o da budur ki, səs verməyən insanların dövlətə qarşı olduqlarını təsəvvür edənlər çox yanılırlar; bu təəssürat, bu anlayış yüz faiz səhvdir! Bəli, bəzilərinin hansısa məsul şəxsdən xoşu gəlməyə bilər, hətta bir qrup insanların İslam dövlətinin özündən də xoşu gəlməyə bilər; bu o demək deyil ki, bizdə bu cür şəxslər yoxdur; niyə ki, ölkədə azad şəkildə danışan insanlar var, biz də dediklərini eşidirik, nə dediklərindən xəbərimiz var. Yəni onlar gözlərdən uzaq, görünməz deyillər; İslam dövlətinin özü ilə və İslami hökümət sistemi ilə razılaşmayanların olduğunu bilirik, tanıyırıq. Bəli, belələri vardır. Amma səs verməyən hər kəsi bu şəxslərə, yaxud da bu düşüncəyə aid etmək tamamilə yanlışdır. Heç kim bu səhvə yol verməməlidir. Bəlkə bir çoxlarının problemi var, çətinliyi var, işi var; vaxt etməyən, bu kimi işlərə hövsələsi olmayanlar var. İnsanların səsvermədə iştirak etməmələrinin cürbəcür səbəbləri ola bilər. İnşallah, ümid edirik səsvermənin ikinci mərhələsində insanların iştirakı daha coşqulu və İslam dövlətinin başıucalığına səbəb olacaqdır.

Xalqın səsvermədəki iştirakının İslam Respublikası sistemi üçün dayaq olduğunu, nüfuz mənbəyi olduğunu dəfələrlə demişəm. Xalqın səsvermədəki iştirakı nə qədər şəffaf və yaxşı keçərsə, İslam dövləti istər daxildə, istərsə də ölkənin strateji dərinliyində öz sözünü, məramlarını, hədəflərini reallaşdırmaq qabiliyyətinə malik olacaqdır. Bu, ölkə üçün çox böyük bir fürsətdir. 

Ümidvaram ki, Uca Allah qəlblərimizi Özünün razı olduğu səmtə hidayət etsin. İslam dinini, İslam Respublikasını sevənlər, dövlətin tərəqqisini istəyənlər, ölkənin abadlaşmasını, rifahının yaxşılaşmasını, boşluqların doldurulmasını istəyənlərin hamısı birisigün – cümə günü – səsvermə vasitəsi ilə bunu göstərsinlər və Mütəal Allah bu məqsədləri ölkədə reallaşdıra biləcək şəxsi seçə bilməsi üçün xalqa uğur nəsib etsin. 

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_________________

(1) Görüşün əvvəlində Hüccətül-İslam vəl-müslimin Əbdül Əli Təvəccohi (Şəhid Mutəhhəri adına Ali Teoloji Məktəbin direktoru) məruzə ilə çıxış etmişdir.
(2) Ayətullah Muhəmməd Emami Kaşani
(3) On dördüncü prezident seçkilərinin ikinci mərhələsi tir ayının 15-ində keçiriləcəkdir.