بسماللّهالرّحمنالرّحیم
و الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابیالقاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین
Rəhman və Rəhim Allahın adı ilə (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak Əhli-beytinə.
İlk öncə deyim ki, bu ideyanın reallaşdırılmasından və üzərində ciddi şəkildə işlənilməsindən çox şadam və sizə öz minnətdarlığımı bildirirəm. Allah Şəhid Süleymaniyə rəhmət etsin. Bu ideyanın və bu işin təşəbbüskarı mərhum Şəhid Süleymani idi.
“Hərəm Müdafiəçiləri” mövzusu və fenomeni, heyrətamiz və mühüm bir fenomendir. Onun müxtəlif yönləri vardır. Bunların bəzisinə müxtəlif çıxışlarda, görüşlərdə toxunulsa da, fikrimcə, bu cəhətləri hərtərəfli və dolğun şəkildə açıqlamaq lazımdır. Bu mühüm və heyrətamiz fenomenin cəhətləri haqqında qeyd etdiyim bəzi məqamları siz əziz qardaş və bacıların nəzərinə çatdırmaq istəyirəm.
Mən bununla bağlı dörd məqamı qeyd etmişəm: birinci məqam, bu işin “simvolik” xarakter daşımasıdır. Yəni müxtəlif yerlərdən hərəmlərə axın, hərəmlərin müdafiəsi və bu kimi işlər simvolik məna daşıyır; bu belə bir yönə malikdir. Bu haqda az sonra danışacağam. Bu hərəkatın ikinci yönü – “İnqilabi dünyagörüşü”dür. Yəni İslam İnqilabının regional, qlobal və beynəlxalq balanslardakı məsələlərə göstərdiyi diqqətlə əlaqəlidir. Hadisəni bu aspektdən də araşdırmağın yeri var. Bu barədə də danışacağam. Hadisənin üçüncü cəhəti budur ki, bu hərəkat sayəsində regionumuz, xüsusilə də ölkəmiz böyük bir təhlükədən xilas oldu. Bu haqda bəzi məqamlara toxunulsa da, bu, yetərincə diqqət ayrılmayan mühüm mövzulardan biridir. Hadisənin dördüncü məqamı isə bundan ibarətdir ki, İslam İnqilabı üzərindən qırx il keçməsinə baxmayaraq, İnqilabın əvvəllərindən özündə mövcud olan zati hadisələri “yenidən bərpa etmək potensialına” malik olduğunu göstərdi. Bu dörd məqamın hər birini qısa şəkildə izah edəcəyəm.
Hadisənin simvolik məna daşıması budur ki, Əhli-beyt (ə) hərəmlərinə tərəf olan axın və Əhli¬-beyt (ə) hərəmlərinin müdafiəsi, məzarları qorumaq və onlara hörmət bəsləmək xarakteri daşısa da, bu, əslində oradakı pak nəşlərin ideoloji məktəbini uca tutmaqdır. Mühüm olan budur; yəni əgər kimsə o təfəkkürə, o hədəflərə hörmət hissi ilə yanaşmırsa, gedib həmin məzarı və ya günbəzi müdafiə edib dəstəkləməsi üçün bir səbəbi yoxdur. Hərəmin müdafiəsində iştirak edən bu insanların bəziləri heç şiə də deyildilər! Biz ölkəmizdəki və ya başqa yerlərdəki şiə olmayan belə insanları tanıyırıq. Yəni bəlkə də Əhli-beyt (ə) fiqhinə əməl belə etmirdilər, amma Əhli-beyt (ə) hədəflərini qəbul edirdilər.
Əhli-beytin (ə) heç vaxt köhnəlməyəcək ali hədəfləri var. Həmin hədəflər bütün təmiz vicdanların və azad insanların amallarının başında durur. Ədalət, azadlıq, zalım qüvvələrlə mübarizə, haqq yolunda fədakarlıq kimi xüsusiyyətlər, İmamların (ə) həyatındakı ali məfhumlardır. Bu hərəkat – bu dəyərlərin müdafiəsi, bu dəyərlərə hörmət və rəğbət hərəkatı idi. Bu, çox mühüm nüansdır. Əgər biz bu cəhəti, yəni hədəflərin müdafiəsi yönünü qeyd olunan təbliğat yolları ilə dünya xalqlarına çatdıra bilsək, həm “Hərəm Müdafiəsi” hərəkatını, həm də o dəyərləri dəstəkləmiş olarıq. Axı, dünyada vicdanları kirlənməyən insanlar da var. Özünüz baxın, mənəvi və əxlaqi problemlərin mərkəzi olan Amerikada bir qrup gənc Qəzzadakı insanları – onların bir çoxları Qəzzanın harada olduğunu belə bilmir – fədakarcasına müdafiə edir. Bu onu göstərir ki, dünyanın hər yerində təmiz və kirlənməmiş vicdan sahibləri vardır. Bu cür insanlara müraciət etmək lazımdır; təmiz vicdanlara xitab olunmalıdır. Bunları diqqətdən qaçırmamalıyıq. Onlara xitab olunacaq və çatdırılacaq şeylərdən biri də bu hədəflərdir. Bu hədəflər elə bir cazibə qüvvəsinə malikdir ki, gənci ev-eşiyindən, gün-güzəranından, valideyn-övlad, ər-arvad və s. sevgisindən qopararaq döyüş meydanına çəkib aparır. Bu, hərəkatın daşıdığı birinci məqamdır.
Bu hərəkatın yaranmasına səbəb olanların düşmənçiliyi isə – yəni hərəmləri yox etməklə hədə-qorxu gələnlərin düşmənçiliyi – əslində həmin hədəflərlədir. Məsələn, əsrlər, illər əvvəl dünyadan köçmüş Mütəvəkkil Abbasi kimilərin düşmənçilikləri kimi. Niyə görə Mütəvəkkil Abbasi İmam Hüseynin (ə) məzarı ilə o cür hərəkət edirdi? Axı, İmam Hüseyn (ə) 150 ildən artıq idi ki, bu maddi dünyanı tərk edib getmişdi. O ki, artıq yox idi. Mütəvəkkili əl-ayaq kəsməyə, adam öldürməyə, suyun qarşısını kəsməyə və s. bu kimi işləri etməyə vadar edən, əslində bu məzarın, bu günbəzin arxasında saxlanmış olan “həqiqət” idi. O, bu “həqiqət”dən qorxurdu. Qorxmaqda da haqlı idi. Çünki o həqiqət Mütəvəkkil kimilərini əzib, yerlə-yeksan edir. Tarix boyu belə olub, bu gün də belədir. Bu, birinci məqamdır.
İkinci məqam isə “İnqilabi dünyagörüşü”dür. Hərəkatların vacib şərtlərindən biri də budur ki, həmin hərəkat öz daxili sərhədləri ilə kifayətlənməsin, əksinə, hüdudlardan kənarı da nəzərdə saxlasın. Xüsusilə də müasir dünyadakı hegemon dövlətlərin digər dövlətlərə təcavüz edə biləcəyi bir şəraitdə buna daha çox diqqət olunmalıdır. Hazırda ABŞ-ın dünya ölkələrindəki hərbi bazaları saysız-hesabsızdır. Dünyanın hər yerində onların hərbi bazaları mövcuddur. Belə bir şəraitdə, hər hansısa bir hərəkat, hər hansısa bir inqilab diqqətini yalnız öz daxili hüdudlarına yönəldib xarici hadisələrə əhəmiyyətsiz yanaşarsa, mütləq zərər görəcəkdir. Ona görə də hər bir inqilabın, hərəkətin, ictimai və siyasi hərəkatın əsas şərtlərindən biri beynəlxalq və regional mühiti, beynəlxalq balansları, əlaqələri, münasibətləri və s. nəzərdə saxlamaqdır.
O qədər də uzaq olmayan tarixi keçmişimizdə bu yöndən biz ən azı iki dəfə – biri “Neft sənayesinin milliləşdirilməsi”, o biri isə “Məşrutə” hərəkatında – zərbə almışıq. “Məşrutə” hərəkatında – ingilislərin işin əvvəlində etdikləri müdaxilə öz yerində – “Məşrutə” dirçələndən sonra bu hərəkatın tərəfdarları, məsul şəxsləri, ona rəğbət bəsləyənlər və davamçıları diqqəti ölkədaxili problemlərə, aralarında hökm sürən müxtəlif çəkişmələrin, ixtilafların həllinə yönəltdilər. Beləliklə, xarici düşmənləri yaddan çıxartdılar. Britaniya siyasətinin lazım gələrsə, Rza Xan kimi birini gətirərək “Məşrutə” və ya qeyrisini yığışdırıb bir kənara ata biləcəyini unutdular və nəticədə belə bir fəlakətlə üzbəüz qaldılar. İngilislərin müdaxilə ehtimalını nəzərə almamalarının nəticəsi, necə deyərlər birdən-birə yuxudan oyanmalarına səbəb oldu. Bir də gördülər ki, Rza Xan kimi quldur və hərbə-zorba gələn biri iş başındadır. O, əvvəlcə briqada generalı, sonra da şah oldu. Rza Şahın yaxınlarından birinin xatirələrində onun dilindən belə yazdığını oxumuşdum: “Əgər bilsəydim ki, şah olmaq bu qədər asandır, daha tez şah olardım!” Yəni etinasız yanaşıblar; insanlar etinasız, laqeyd yanaşdılar və onlar da hakimiyyət başına gəldilər. İngilislər işə müdaxilə edərək onu hakimiyyətə gətirdilər. Diqqət edin, Rza Xan Məşrutə hərəkatından on beş il sonra hakimiyyətə gəldi; yəni çox vaxt keçməyib. Bu on beş il ərzində ölkədaxilində hansı problemlər mövcud olub ki, bu onların laqeyd yanaşmalarına səbəb olsun?! Bu, birinci məqam haqqında idi.
Növbəti məqam isə “Neft sənayesinin milliləşdirilməsi” ilə əlaqədardır. Xalqın o həyəcanı, o coşqusu – insanların o coşqusunun, nümayişlərinin, mitinqlərinin bir hissəsi yadımdadır, Məşhəddə hadisələrin müəyyən bir hissəsinin şahidi idik – əhəmiyyətsiz oyun-oyuncaq bir çevrilişlə sonlandı. Əslində orada həqiqi mənada hərbi çevriliş də yox idi. Yəni xalq tərəfindən seçilən, coşqu ilə hakimiyyətə gələn milli höküməti Amerikanın bir çamadan pulu ilə, Tehrandakı İngiltərə səfirliyi vasitəsi ilə yönləndirilən bir dəstə oğru-quldurun əli ilə devirdilər; bitdi və getdi, ondan heç əsər-əlamət də qalmadı. Səhlənkarlıq ucbatından oldu; daxili məsələlərlə məşğul olmaq və xaricdən müdaxilə ehtimalını gözardı etmək ölkənin başına bu müsibəti gətirdi.
İran İslam İnqilabı və İslam Hərəkatı isə ilk gündən etibarən bu məqamı diqqət mərkəzində saxlamışdı. İmam (r) etdiyi ilk çıxışlarında Şah rejimini, onun vəhşiliklərini qeyd etməklə yanaşı, Amerikanın, sionizmin, İsrailin də adını çəkmişdi. O, əvvəldən bu məsələlərdən xəbərdar idi. Mübarizənin başlanmasından təxminən bir il iki-üç ay keçmişdi ki, İmam (r) kapitulyasiya əleyhinə (2) olan həmin çıxışını etdi; yəni İmam (r) kapitulyasiyadan, Məclis qərarlarından, ölkənin daxili işlərinə qarışan xarici qüvvələrdən xəbərdar idi. İnqilab zəfər çaldığı gündən də İmam (r) ölkə xaricini diqqətdə saxlayırdı. Düzdür ki, İmamın (r) göstərişlərinin çoxu daxili məsələlərin, problemlərin həlli yönündə idi. Amma İmamın (r) əksər göstərişlərinə nəzər salsanız, görərsiniz ki, o göstərişlərin bir çoxunda ölkəni təhdid edən xarici təhlükələr və obyektlərə işarə edib. Qlobal baxış, regional baxış, kompleks yanaşma, yalnız daxili məsələlərə diqqət etməklə kifayətlənmir; bu da İnqilabda mövcuddur.
İslam İnqilabının əsas və mühüm təzahürlərindən biri də düşmənin plan tərtib etdiyi ölkələrdə döyüşçülərimizin iştirak etməsidir. Həmin ölkələrlə bağlı çox ciddi planlar hazırlanmışdı. Bunu ilk növbədə İraqda, Suriyada və müəyyən dərəcədə də Livanda tətbiq edəcəkdilər. Düşmənin çəkdiyi plan, xüsusi əhəmiyyətli plan idi. Onlar “İslam” adı altında və dini motivlərin dəstəyi ilə – bu, çox mühüm motivdir və çox mühüm funksiyaya malikdir – Amerikanın qanadları altında, Amerikanın himayəsində olan qruplaşma yaratdılar. İŞİD-in döyüşçüləri döyüş meydanında “Allahu Əkbər” deyirdilər, onların yaralıları İsrail xəstəxanalarına yerləşdirilirdi və sionist rejimin rəhbərləri isə onları ziyarət edirdilər! Onların görüntüləri yayımlandı və hamı da bunu gördü. Bu, çox təhlükəli bir plan idi. Bütün bunlar isə İranı işğal etmək üçün regionu ələ keçirmək məqsədi daşıyırdı. Yəni İslami İran bütün regionla birlikdə Amerikanın, imperializmin və işğalçı sistemin nəzarəti altında olmalı idi. Bu plan bunun üçün hazırlanmışdı. Bu məqsədlə pullar da xərcləmişdilər; yeddi trilyon dollar xərclədilər. Bu, Amerikanın birinci dərəcəli rəsmisinin (3) dəfələrlə açıqladığı statistik göstərici və rəqəmdir. Onların bu region üçün xərclədikləri – yeddi trilyon dollar vəsait – hamısı havaya sovruldu. Xərclədikləri bütün pullar batdı. Onlar İŞİD-in vasitəsi ilə “İslam” adı altında hökümətlər yaratmaq istəyirdilər. İranın iki tərəfində – şərqimizdə bir ölkə, qərbimizdə başqa bir ölkə – təkfirçi İslamın bayrağını qaldırmaqla əslində İslam Respublikasını müxtəlif dini, intellektual, ideoloji, iqtisadi və s. təzyiqlərlə yox edib, aradan aparmaq istəyirdilər. “Hərəm Müdafiəçiləri”nin hərəkatı onların bu planını zərərsizləşdirdi. Yəni müxtəlif ölkələrdən olan yaşlı və gənclərdən ibarət bir qrup İslam Respublikasının aparıcı rolu ilə hegemon və müstəmləkəçilik sisteminin hesablanmış mühüm və bahalı planını tamamilə alt-üst edə bildi. Bu “İnqilabi dünyagörüşü” olduqca mühümdür.
Onların dediyi yeni Orta Asiya, bu kordinatlara malik olan Orta Asiya olmalı idi: Amerikanın mütləq hökmranlığı altında olan, dinə söykənən hakimiyyət həm İraqda, həm də Suriyada “din” adı altında fəaliyyət göstərən, əslində isə İsrail və Amerikanın maraqlarına xidmət edən və hər iki tərəfdən İslam Respublikasına təzyiqlər göstərən bir Orta Asiya olmalı idi. “Hərəm Müdafiəçiləri” hərəkatı bu yanaşma ilə regionu xilas etdi. Yəni bu hərəkat məntəqəni böyük təhlükədən, təhlükəli planın şərrindən xilas etmiş oldu. Bu, ikinci məqam haqqında idi.
Bəs dediyimiz üçüncü məqam hansıdır? Bu, böyük daxili təhlükəni – yəni əmin-amanlığın pozulmasını – zərərsizləşdirmək cəhətidir. İŞİD-in Suriya və İraqdakı digər davamçıları, ya da rəqibləri olan başqa qruplaşmalar indiyə kimi fəaliyyətdə olsaydılar, bütün bölgənin, o cümlədən İranın təhlükəsizliyini risk altına almış olardılar. Heç şübhəsiz, biz neçə gündən bir Şirazdakı “Şahçeraq” hadisəsi (4) və Kirman hadisəsi (5) kimi halların şahidi olacaqdıq. Necə ki, İraqda belə etmişdilər, Suriyada belə etmişdilər. Bu vəziyyət hakimiyyət onların əlinə keçənə qədər bu şəkildə davam etdi. Bu təhlükə “Hərəm Müdafiəçiləri”nin mübariz mücahidləri tərəfindən aradan qaldırıldı.
Düzdür, küncdə-bucaqda hələ də onlardan var; Amerika tərəfindən də dəstəklənirlər, İŞİD hələ də tamamən məhv edilməyib, amma bir qruplaşma olaraq aradan gedib. Əgər bu qruplaşma dağıdılmasaydı, nələrin baş verə biləcəyini təsəvvür etmək çətindir. Bu rəhimsiz adamlar, bu son dərəcə qəddar qrup, görünməmiş işlər gördü; kamera önündə insanları diri-diri yandırasan, diri-diri suda boğasan, həm Amerikanın maliyyə dəstəyindən, həm də Qərbin texniki və təbliğat dəstəyindən yararlanasan! Onların gördükləri işlər, videogörüntülər və fotoçəkilişlərdəki o incə və dəqiq məqamlar bir dəstə qeyri-peşəkar adamın işi deyildi. Onlar kömək alırdılar, onlara kömək olunurdu. Onlar qərarlaşmışdılar ki, gəlib məntəqədə yerləşsinlər. Bu baş versəydi, artıq heç kimin təhlükəsizliyi qalmayacaqdı. Bu da başqa bir məqamdır.
Sonuncu məqam isə elə dediklərimizdən ibarətdir: “Hərəm Müdafiəçiləri”nin varlığı, İslam İnqilabının əvvəlində olan həmin şövq və qəhrəmanlığı yenidən bərpa etmək və davam etdirmək potensialına malik olduğunu sübut etdi. Adətən, hər bir hərəkatın əvvəlində inqilab ruhiyyəsi və həyəcanı olur. Sonralar müxtəlif amillərin nəticəsində o qəhrəmanlıq ruhiyyəsi, o coşqu, o stimul getdikcə zəifləyir və tədricən tamamilə yox olub, aradan gedir.
Məhz bu, həmin o hərəkat mexanizminin bütünlüklə çökməsinə səbəb olur. Biz bunu yaxın keşmişdə, məsələn Fransa inqilabı, Sovet inqilabı və bu kimi başqa məsələlərdə müşahidə etmişik. Fransa kimi bir ölkədə möhtəşəm bir xalq hərəkatı baş verdi, bütün Fransada vüsət tapdı və sonda inqilabçılar hakimiyyətə gəldilər. Sonra təxminən on iki-on üç il ərzində boşluqlar, eniş-yoxuşlar oldu – bunların hamısı mənəvi və əxlaqi cəhətdən mövcud olan çatışmamazlıqların nəticəsidir – və nəticədə bütün hərəkat məhv oldu, Napoleon kimi despotik imperiya hakimiyyət başına keçdi; adətən, belə olur. Bəziləri İslam Respublikasının da sonunun belə olacağını düşünürlər. Amma “Hərəm Müdafiəçiləri”nin məntəqədəki varlığı, İnqilabdan 40 il ötməsinə baxmayaraq, həmin o motivasiyanın hələ də mövcud olduğunu sübut etdi.
Ev-eşiklərini tərk edib gedən bu gənclərin hekayələri (bu kitabların bəzilərinə baxmışam) həqiqətən də insanın daxilini titrədir! Bir gənc öz gənclik imkanlarından, cavanlıq həyatının zövqündən, qayğısız həyatından, sevgi-məhəbbətdən, maddi imtiyazlardan, təhsilini davam etdirməkdən və s. kimi imkanlardan özünü qoparıb, bir ideyanı, hərəkatı, inqilabı qorumağa yollanır! Bu, olduqca mühüm məqamdır. Bu gənclər nə İmamı (r), nə hər hansısa müharibəni, nə də “Müqəddəs Müdafiə” dövrünü görməyiblər, amma görürsən ki, eyni yolla, eyni stimulla, bəzən onlardan daha yaxşı, bəzən daha bəsirətli gedib döyüşürlər. Həyatlarını riskə atırlar, bəzisi şəhid olur, bəzisi isə xeyr. Bunlar İnqilabın bu cür heyrətamiz qüdrətə sahib olduğunun göstəricisidir; bu olduqca mühüm nüansdır. Əlbəttə ki, biz bunu müxtəlif sahələrdə, məsələn, “22 Bəhmən” yürüşlərində, şəhidlərlə analoqu olmayan vida mərasimlərində – bu yaxınlarda keçirilən vida mərasimində, Şəhid Süleymaninin və bu kimi vida yürüşlərində – görmüşük. Amma bundan daha üstünü “Hərəm Müdafiəçiləri”nin döyüş meydanlarında olmalarıdır.
Özünü yalnız maddiyyata əsaslanan təhlillərə qapadan və bu düşüncədən əl çəkməyən bəzi insanlara siz nə etsəniz də, hansı arqumenti gətirsəniz də, o arqumenti qəbul edib qane olmayacaqlar. Deyir:
هر درونی کو خیالاندیش شد
چون دلیل آری خیالش بیش شد
(Xəyalpərəstlik edib, öz təxəyyül dünyasında yaşayan həqiqəti görə bilməz. Belə birinə nə qədər dəlil gətirsən də, öz xəyallarında daha çox qərq olar.) (6)
Belələrinin gözləri Qərbə, Qərbin maraqlarına və Qərbin yanlış təfəkkürünün prinsiplərinə dikilib; onlar materialist düşüncəyə qarşı qiyam edən İnqilabın getdikcə zəifləyəcəyini güman edirdilər. Bəziləri əvvəldə özləri də inqilabçı idilər, sonralar İnqilaba qarşı müxalif mövqeyə keçdilər; ya İnqilaba qarşı çıxdılar, ya da ən azından fikirayrılığı yaşadılar. Onlar deyirdilər ki, “Müqəddəs Müdafiə” iştirakçıları indiyə kimi həyatda qalsaydılar, onlar da bizim kimi olacaqdılar. Özləri ilə müqayisə edirdilər. Bu gənclər isə bunun səhv olduğunu, bu cür olmadığını göstərdilər. Müdafiəyə yollanan bu gənclərdəki saflıq, şücaət, fədakarlıq, ixlas, İslam və İnqilab prinsiplərinə bəslənən dərin inanc həqiqətən də heyrətamizdir, özünəməxsus bir fenomendir. İnsanı heyrətə salır. Bu xüsusiyyətlər Allah-Taalanın lütfündən, İlahi və məsum İmamların (ə) hidayətindən başqa bir şey ola bilməz. Onların bu yolda şəhidlik dərəcəsinə yetişən Şəhid Süleymani, Şəhid Həmədani və digərləri kimi misilsiz örnəkləri var.
Beləliklə, mən bu nəticəyə gəlirəm ki, “Hərəm Müdafiəçiləri” və onların ailələri İran İslam Respublikasının iftixar və qürur mənbəyidirlər. Onlar İslam İnqilabının nicat və uğur mənbəyidirlər. İslam Respublikası həqiqətən də bu əzizlərə, bu şəhidlərə, bu ailələrə və müdafiəçilərə borcludur. İnşallah, Allah-Taala onların dərəcələrini artırsın, ruhlarını Peyğəmbərə (s) qovuşdursun və onları bizdən razı salsın, bizi də onlara qovuşdursun.
Allahın salamı, bərəkəti və rəhməti üzərinizə olsun.
__________________________
(1) İclasın əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin fəxri komandanı, Qvardiya briqadası generalı cənab Qaani və konqresin təşkili üzrə fəxri məsul Höccətül-İslam vəl-müslimin cənab Əli Şirazi məruzə ilə çıxış etdilər.
(2) 21/7/1343-cü ildə Senat və Milli Şuranın nümayəndələri tərəfindən Amerika müşavirlərinin İranda toxunulmazlığına və sərbəst fəaliyyətlərinə dair “Vyana müqaviləsi” (kapitulyasiya) qanun layihəsi təsdiq edildikdən sonra 1343-cü il aban ayının 4-ündə İmam Xomeyni həyəcanlı və səs-küy yaradan şəkildə çıxış edərək, kapitulyasiyanın İranın müstəmləkəçiliyinin təsdiqi, Senat və Milli Şuranın səsverməsinin İslam və Qurana zidd olduğunu açıqlayıb və heç bir hüquqi qüvvəsinin olmadığını bildirib. Bu çıxışlara cavab olaraq Pəhləvi rejimi 1343-cü il aban ayının 13-ündə İmam Xomeynini Türkiyəyə sürgün etdi. Bax: “Səhifeyi-Emam”, c. 1, səh. 415, İctimai nitq (4/8/1343)
(3) Donald Tramp
(4) 1401-ci il aban ayının 4-ü çərşənbə günü axşam saatlarında həzrət Əhməd ibn Musanın (ə) hərəminə daxil olan silahlı şəxs tərəfindən zəvvarlara atəş açılmışdı. Bu hadisədə on üç nəfər şəhid olmuş, çox sayda insan yaralanmışdı. Hadisədən sonra İŞİD terror qruplaşması bu hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.
(5) 1402-ci il dey ayının 13-ündə Kirman ostanının “Golzare Şuhada” məzarlığında Qasim Süleymaninin (İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı) şəhadətinin dördüncü ildönümünə təsadüf edən izdihamda iki bombanın partlaması yüzə yaxın insanın şəhid olması və çox sayda insanın yaralanması ilə nəticələndi.
(6) Mövlana, “Məsnəviye Mənəvi”, ikinci kitab; «گفت هر مردی که باشد بدگمان / نشنود او راست را با صد نشان» (“Bədgüman olan hər kəs, yüz dəlillə olan həqiqəti belə, eşitməz”.)