Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Dini Liderin “Qədir-xum” bayramı münasibətilə müxtəlif xalq təbəqələri ilə görüşündəki çıxışı

Rəhman və rəhim Allahın adı ilə.

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox-çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha. 

Allaha həmd olsun ki, bizi Əmirəl-möminin Əli ibn Əbu Talibin və Məsum İmamların (salam olsun onlara) imamlığını qəbul edənlərdən etmişdir.

Siz hörmətli iştirakçıları və İran xalqını, eləcə də bütün dünya müsəlmanlarını böyük “Qədir-xum” bayramı münasibətilə təbrik edirəm. Çünki “Qədir-xum” bayramı özünün həqiqi mənasında bütün müsəlmanlara aid olan bir bayramdır. Elə bu səbəbdən də bütün İslam dünyası “Qədir-xum”u bayram olaraq keçirməlidir. Bu bayram sözün həqiqi mənasında “Allahın böyük bayramı”dır. 

Bu şərafətli bayramı küçələrdə, prospektlərdə kütləvi şəkildə qeyd etdiklərinə görə əziz xalqımıza səmimi qəlbdən təşəkkür edirəm. Çox yaxşı bir xalq təşəbbüsüdür. Bu günlərdə bir tərəfdən “xidmət şəhidləri”nin qırx mərasimi qeyd olunacaq və təbii ki, bu əzizlərin xatirəsi İran xalqı üçün bir daha yenilənəcək. Digər tərəfdən isə xalq arasında seçki həyəcanı yaşanır. Bu həssas günlər böyük bayram olan “Qədir-xum” bayramına təsadüf etmişdir. Odur ki, işimizi vəzifəmizə uyğun olaraq görə bilməyimiz üçün Allah təaladan hamılıqla yardım istəməliyik. 

Bu gün bir neçə cümlə “Qədir-xum” hadisəsi barəsində danışacağam, daha sonra müttəqilərin mövlası Əmirəl-möminin Əli (ə) haqqında bir neçə cümlə söhbət edəcəyəm,  ardınca da seçkilərlə əlaqəli bir neçə məqamı diqqətinizə çatdıracağam. Bu gün burada toplaşan əziz qardaş və bacılara edəcəyim söhbətin mövzuları bunlardan ibarətdir. 

“Qədir-xum” mövzusuna gəlincə, bu bayram Əmirəl-möminin Əlinin (ə) xəlifəliyinin elan edildiyi gündür. Bu gün Qurani-Kərimin bir ifadəsi daha çox diqqəti çəkir və həssas bir məqamı çatdırır. Bu ifadə “Maidə” surəsinin ilk ayələrində keçən bu ifadədir:

اَلْیَوَمَ‌ یَئِسَ‌ الَّذِینَ کَفَرُوا مِنْ دِینِکُمْ

“... Bu gün kafirlər sizin dininizdən (onu məhv edə biləcəklərindən) ümidlərini üzdülər...” 

Yəni hicri 10-cu il zilhəccə ayının 18-i Əmirəl-möminin Əlinin (ə) xəlifəliyinin elan edildiyi gün kafirlər İslam dininin kökünü kəsə biləcəklərindən ümidlərini üzdülər. O günə qədər onlar hələ də bunu bacara biləcəklərinə ümid bəsləyirdilər. Amma həmin gün daha ümidlərini üzdülər:  

اَلْیَوْمَ‌ یَئِسَ‌ الَّذِینَ کَفَرُوا مِنْ دِینِکُمْ فَلَا تَخْشَوْهُمْ وَ اخْشَوْنِ

“Bu gün kafirlər sizin dininizdən (onu məhv edə biləcəklərindən) ümidlərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun!” (1)

Buyurur ki, kafirlərin heybəti sizi qorxutmasın. Onların zahirinə, əməllərinə, öyünmələrinə əhəmiyyət verməyin. Mütəal Allahın qarşısında öz əməllərinizə diqqət edin. Ayənin mənası budur. Bəs nə üçün kafirlər məyus olmuşdular? Bunun səbəbi İslamın siyasi hakimiyyətinin davam edəcəyi idi. 

Bəzən islami etiqad mövcuddur, islami əməllər mövcuddur, amma islami siyasət və hakimiyyət mövcud deyildir. Məhz islami hakimiyyət yarandığı zaman İslamın ruhu – mən indi bunu izah edəcəyəm – həqiqi mənada gerçəkləşir. İslamın ruhu “imamət”dir. “İmamət” İlahi peyğəmbərlərin məqamlarının mühüm bir mərtəbəsidir. Yəni peyğəmbərlərin hər biri bir imamdır, imamlıq məqamına sahibdir. İmamlıq məqamı peyğəmbərlər üçün peyğəmbərlik məqamından daha yuxarıdır. Peyğəmbərlik İlahi göstərişləri insanlara çatdırmaq deməkdir, amma bir peyğəmbərin imamlığının mənası odur ki, İlahi göstərişləri insanların qəlbində, düşüncəsində və əməllərində icra edir. İmamətin (imamlığın) mənası budur. Elə bu səbəbdən də Mütəal Allah Həzrət İbrahimə (ə) qarşılaşdığı o qədər ağır sınaqlardan sonra ömrünün sonlarına yaxın belə buyurur: 

وَ اِذِ ابتَلَیٰ‌ اِبْرَاهِیمَ رَبُّهُ بِکَلِمَاتٍ فَاَتَمَّهُنَّ قَالَ اِنِّی جَاعِلُکَ لِلنَّاسِ اِمَامًا

“Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: “Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim””. 

Mütəal Allah İbrahimə (ə) başına gələn bu qədər hadisədən sonra, bu qədər ağır imtahanlardan sonra ömrünün sonlarına yaxın buyurur: “Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim”. Sən indi imamət məqamına yetişdin. Bəs nəyə əsasən “ömrünün sonuna yaxın” deyirik? Çünki ayənin davamında İbrahim (ə) soruşur: 

قَالَ وَ مِنْ ذُرِّیَّتِی؟

“Övladlarımdan necə?” (2)

Mənim övladlarımdan da imam olacaqmı? Mütəal Allah da onun sualına cavab verir. İbrahim (ə) isə ömrünün sonlarına yaxın övlad sahibi olmuşdur. Həzrət İbrahim (ə) qoca yaşlarında, bəlkə də doxsan və ya daha çox yaşlarında iki övlad sahibi olmuşdur. Bu barədə Qurani-Kərim buyurur: 

اَلحَمْدُ لِلهِ الَّذِی وَهَبَ لِی عَلَی الْکِبَرِ اِسْمَاعِیلَ وَ اِسْحَاقَ

“Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun!”(3)

İmamətin mənası budur. Həzrət Peyğəmbər (s) Allahın göstərişi ilə bu imaməti davam etdirir, lakin imamətin davamı siyasi hakimiyyət ilə müşayiət olunmalı idi. Odur ki, rəhbərliyi elan edir: 

مَنْ کُنْتُ مَوْلَاهُ فَهذا عَلِیٌّ مَوْلَاهُ

“Mən kimin başçısıyamsa, Əli də onun başçısıdır!” (4)

Bu əsnada onu da bilin ki, “Qədir-xum” hadisəsini təkcə şiələr nəql etməyib, əksinə, şiə və sünni arasında mütəvatir bir hədisdir. Həzrət Peyğəmbərin (s) buyurduğu: “Mən kimin başçısıyamsa, Əli də onun başçısıdır” – hədisini şiə hədisçilərinin hamısı və sünni hədisçilərinin əksəriyyəti nəql ediblər. 

Bəli, “imamət” davam etdiyi zaman islami yaşam modeli də davam edəcək. Cəmiyyətə “imamət” hakim olduğu zaman cəmiyyətin yaşam tərzi də islamiləşəcək, cəmiyyətdə islam modeli reallaşacaq. Amma əgər İslamın siyasi hakimiyyəti aradan gedərsə, bunun ən böyük xəsarəti islami yaşam tərzinin, islami ictimai yaşayışın aradan getməsi olacaqdır. Ən böyük xəsarət budur. 

İmamlarımızın (ə) 250 illik tarixində İslam hakimiyyəti üçün çəkdikləri zəhmətin, apardıqları mübarizənin, sonralar bəzi şiə rəhbərlərinin gördükləri işlərin, bu dövrdə də mərhum İmam Xomeyninin və İran xalqının İslam İnqilabını yaratmaq üçün göstərdikləri səyin hədəfi bu olmuşdur ki, “imamət” siyasi hakimiyyətə söykənsin və nəticədə “islami həyat tərzi” ictimai həyatda yayılsın. 

“İslami həyat tərzi” nə deməkdir? “İslami ictimai yaşayış”ın mənası nədir? Bu suallara cavabı Qurani-Kərimdə, “Nəhcül-bəlağə”də və hədislərdə tapa bilərik. Bu həyat modelində “لِیَقُومَ النّاسُ بِالْقِسْطِ” (5), yəni “ədalət” mövcuddur, “اَشِدّاءُ عَلَی الْکُفّار” (6), yəni düşmənə sərhəd qoymaq mövcuddur, “رُحَماءُ بَینَهُم” (7), yəni möminlərin və cəmiyyətin fərdlərinin bir-biri ilə mehriban olması mövcuddur. Bu nümunələr islami ictimai yaşayışın əsas prinsipləridir. Bu prinsiplərdən hansısa birinə etinasızlıqla yanaşılarsa, ona əməl olunmazsa, islami həyat tərzində nöqsan və çatışmazlıq yaranacaqdır.

Bu modeldə “عَزِیزٌ عَلَیْهِ مَا عَنِتُّمْ” (8) mövcuddur. Yəni rəhbər şəxs insanların dərdini bütün varlığı ilə, bütün qəlbi ilə hiss edir. Qurani-Kərim buyurur ki, “... sizin əziyyətə düşməyiniz ona ağır gəlir”, yəni siz əziyyət çəkəndə Peyğəmbər (s) bundan əzab çəkir. Bu, rəhbərin xalqa qarşı münasibətidir. Xalqın da rəhbərə qarşı münasibəti bu şəkildə olmalıdır:

اَطِیعُوا اللهَ وَ اَطِیعُوا الرَّسُولَ وَ اُولِی الْاَمْرِ مِنْکُمْ

 “Allaha, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə itaət edin...” (9) 

Xalq rəhbərin göstərişlərinə tabe olmalı, ona kömək etməli və arxasınca getməlidir. “İslami həyat tərzi”nin necəliyini izah etmək üçün Qurani-Kərimdə, “Nəhcül-bəlağə”də, “Səhifeyi-Səccadiyyə”də və saysız hədislərdə minlərlə bu qəbildən olan prinsiplər  mövcuddur və onları əldə etmək mümkündür. Bu, “Qədir-xum”un mənasıdır. “Qədir-xum”, həqiqətdə, İslam tarixinin davamı üçün “islami həyat tərzi”ni ərməğan gətirir. “Qədir-xum” ilə bağlı sonradan baş verən hadisələr başqa mövzulardır. “Qədir-xum”un mənası İlahi və islami hakimiyyətin davam etməsi deməkdir. Səbəb isə odur ki, bu hakimiyyət “imamət” vasitəsilə üstün və mütərəqqi həyat tərzi olan “islami həyat tərzini” davam etdirsin. “Qədir-xum”un mənası budur. Belə olduğu zaman bu məsələnin şiə və sünni üçün heç bir fərqi yoxdur, bütün İslam məzhəbləri bundan faydalanır. Biz “Qədir-xum” hadisəsinə “vəhdət” amili gözü ilə baxmalıyıq. Bu hadisəni şiə və sünni arasında dava üçün bəhanə etməməliyik. Bu söylədiklərim “Qədir-xum” ilə bağlı məqamlar idi. 

İndi isə Əmirəl-möminin Əli (ə) haqqında bir neçə cümlə söyləyim. Axı biz Əli ibn Əbu Talib (ə) haqqında nə danışaq? Məgər adi bəşər idrakı, adi bəşər ağlının gözü o günəşi görməyə, ona baxmağa qadirdirmi? Bu, mümkündürmü? Xeyr! Əmirəl-möminin Əlinin (ə) mənəvi camalını dərk etmək mümkün deyildir, biz bunu dərk edə bilmərik. Əmirəl-mömininin (ə) səmavi dərəcəsini biz anlaya bilmərik. Onun barəsində söylənənlər bizim zehnimizdə sadəcə müəyyən bir təsəvvür yarada bilər, amma Əmirəl-möminin Əlinin (ə) təcəssümü olduğu o aydın həqiqətin mahiyyətini biz, həqiqətən də düzgün şəkildə başa düşə bilmərik. Bunu adi insan dərk edə bilməz. Bunu İmamlarımız (ə), Peyğəmbərimiz (s) dərk edə bilər. Bəs onda biz Əmirəl-möminindən (ə) necə dərs alaq? Bu, Əmirəl-mömininin (ə) “Nəhcül-bəlağə”dəki kəlamlarına müraciət etməklə mümkündür. Allaha şükürlər olsun ki, “Nəhcül-bəlağə” nəşr olunub və əlçatandır. Mütəal Allahın İslam cəmiyyətinə olan böyük nemətlərindən biri məhz bu “Nəhcül-bəlağə”dir. Bu kitab yalnız şiələrə məxsus deyildir. “Nəhcül-bəlağə”yə ən böyük şərhi sünni alimi İbn Əbil-Hədid yazıb. Bu son əsrdə məşhur misirli alim Muhəmməd Abduh da “Nəhcül-bəlağə”yə şərh yazmışdır. Yəni bu kitab yalnız şiələrə məxsus deyildir, bütün müsəlmanlara məxsusdur. “Nəhcül-bəlagə” dərsdir, yoldur. Yolu göstərir, meyarları və prinsipləri bəyan edir. Çox böyük kitabdır. Biz dərs almaqdan ötrü “Nəhcül-bəlağə”yə, eləcə də Qurani-Kərimin ayələrinə müraciət edərək Əmirəl-möminin Əlinin (ə) şəxsi keyfiyyətlərini əldə edə bilərik. İndi mən o həzrətin bir neçə keyfiyyəti barəsində qısaca danışacağam. Demək istədiyim odur ki, əgər kimsə Əmirəl-möminin Əlinin (ə) fəzilətləri barəsində danışmaq istəsə, bu, illər ala bilər. Yarım saatla, bir saatla, on saatla iş bitməz. İndi isə bu barədə bir neçə məqamı diqqətinizə çatdırım.

O, dahi insanın fəzilətləri o qədər böyükdür ki, hicri ikinci əsrin məşhur alimi Xəlil bin Əhmədin sözü ilə desək, Əli ibn Əbu Talibin (ə) fəzilətlərini həm düşmənləri gizlədib, həm də dostları gizlədib. Düşmənləri düşmənçiliyə görə gizlədiblər. Dostları isə basqı, təqiyyə, qorxu ucbatından gizlədib danışmayıblar. Amma buna rəğmən, Əmirəl-möminin Əlinin (ə) fəzilətləri bütün dünyaya yayılıb: “مَلَأَ الْخَافِقَیْنِ”. (Yəni o həzrətin fəziləti həm şərqi, həm də qərbi doldurub.) Bunu Xəlil bin Əhməd deyir. Hansı böyük şəxsiyyəti göstərmək olar ki, onun dininə etiqadı olmayan insanlar onun barəsində cildlərlə kitab yazıblar? Bu, yalnız və yalnız Əmirəl-möminin Əli ibn Əbu Talibə aiddir! Onun haqqında xristianlar danışır, hinduistlər danışır, buddistlər danışır. Şiə olmayan, amma Əmirəl-möminini (ə) tamamilə qəbul edən sünni məzhəbli müsəlman qardaşlar onun haqqında kitablar yazır, onun haqqında danışırlar. Bu dahi insanın fəziləti belədir.

İndi isə Əmirəl-möminin Əlinin (ə) həyatının və şəxsiyyətinin bəzi cəhətləri haqqında bir neçə cümləni diqqətinizə çatdırmaq istəyirəm. Bu cəhətlərin hamısında o həzrət zirvədə durur. 

Birinci cəhət yəqinlikdir. İnsanı, müəyyən bir yolu qət edəni, müəyyən bir hədəfi izləyəni həmin yolda möhkəm saxlayan amil nədir? Yəqinlikdir! Yəni əmin olmaq, ümidsizliyə qapılmamaq, tərəddüd etməməkdir. Əmirəl-möminin (ə) yəqinlik baxımından zirvədə durur. O həzrətin kəlamı budur:     

اِنِّی ... لَعَلَیٰ بَصِیرَةٍ مِنْ‌ نَفْسِی‌ وَ یَقِینٍ‌ مِنْ‌ رَبِّی

“...hidayətim barəsində özüm sarıdan bəsirətə və Rəbbim sarıdan yəqinliyə sahibəm.” (10)

Həzrətin başqa bir məşhur kəlamı da var:

لَوْ کُشِفَ‌ الْغِطَاءُ مَا ازْدَدْتُ یَقِینًا

“Əgər gözümün önündən pərdələr qalxarsa, yenə də yəqinliyimə heç nə əlavə olunmaz”. (11) 

Əlbəttə, mən “Nəhcül-bəlağə”də bu cümləni görməmişəm, amma hər halda o həzrətdən  nəql olunubdur. Əmirəl-möminin Əli (ə) yəqinliyin bu mənasında zirvədədir.

İnsanlara qarşı ürəyiyananlıq hissi o həzrətin başqa bir cəhətidir. Təkcə müsəlmanlara və öz ardıcıllarına qarşı deyil, bütün insanlara qarşı olan ürəyiyananlıq hissi yenə də zirvədədir. “Nəhcül-bəlağə”də bu haqda bir neçə nümunə vardır və mən burada yalnız bir nümunəni diqqətinizə çatdırıram. O həzrətə xəbər verdilər ki, şamlı oğru-quldurlar silahlanıb Ənbarda (12) əhalinin evinə hücum edir, qadınların üstündən qızıl zinət əşyalarını dartıb çıxarır, insanları incidirlər. Bunu o həzrətə xəbər verirlər. O (ə) belə buyurur: 

فَقَدْ بَلَغَنِی اَنَّ الرَّجُلَ مِنْهُمْ کَانَ یَدْخُلُ عَلَی الْمَرْاَةِ الْمُسْلِمَةِ وَ الْاُخْرَی الْمُعَاهَدَةِ فَیَنْتَزِعُحِجْلَهَا ...

Diqqət edin! Deyir: “Mənə xəbər çatdı ki, onlar qadının olduğu evə, istər müsəlman, istərsə də qeyri-müsəlman qadının olduğu evə soxulublar...”. Sözünün davamında buyurur: 

فَلَوْ اَنَّ اِمْرَاً مُسْلِمًا مَاتَ مِنْ بَعْدِ هذَا اَسَفًا مَا کَانَ بِهِ مَلُومًا

“Əgər müsəlman bir kişi bu xəbəri eşidib qəm-qüssədən ölərsə, qınanılmaz”. Ürəyiyananlığa bir baxın! Topluma qarşı laqeydliyin əks tərəfində dayanan bu hissə, yəni toplumun tək-tək fərdinə qarşı, hətta qeyri-müsəlman qadına qarşı olan ürəyiyananlıq hissinə baxın! Deyir ki, əgər müsəlman kişi şamlı oğru-quldurların evlərə girib müsəlman və qeyri-müsəlman qadınlara hücum etməsinə görə qeyrətindən, narahatçılığından ölərsə, buna görə onu qınamaq olmaz. Əksinə, “بَلْ کَانَ بِهِ عِنْدی جَدْیرًا” (13), insanın elə bu qəm-qüssədən ölməsi daha yaxşıdır. Görürsünüz, bu hiss hansı zirvədədir?! İnsanlara qarşı olan ürəyiyananlıq hissi belə bir zirvədədir. Bu da Əmirəl-möminin (ə) şəxsiyyətinin başqa bir cəhətidir. 

O həzrətin ədaləti! Əmirəl-mömininin (ə) ədaləti haqqında insan söz tapıb danışa bilmir, çünki onun ədaləti vəsfə sığmır. Mən o həzrətin öz sözünü sizə deyirəm, buyurur:

وَاللهِ لَاَنْ اَبِیتَ عَلَی حَسَکِ السَّعْدَانِ مَسَهَّدًا اَوْ اُجَرَّ فِی الْاَغْلَالِ مُصَفَّدًااَحَبُّ اِلَيَّ مِنْ اَنْ اَلْقَی اللهَ عَزَّ وَ جَلَّ یَوْمَ الْقِیَامَةِ ظَالِمًا لِبَعْضِ الْعِبَادِ

“Əgər mənə ən ağır işgəncələri versələr və məni çılpaq bədənlə tikanlar üstündə sürükləsələr, bunlar mənim üçün Qiyamət günü bir nəfərə qarşı zülm etdiyim bir halda Allahla görüşməkdən daha yaxşıdır”. (14) Əgər dünyada mənə ən ağır işgəncələri versələr, bu mənim üçün bir nəfərə zülm etməkdən daha yaxşıdır. İndi siz baxın görün, bu sözü deyən kimdir? Bu şəxs elə bir hökümətin başçısıdır ki, onun şərqdən qərbə uzanan ərazisi hazırkı İranın ərazisindən qat-qat böyükdür. Əmirəl-mömininin (ə) hökümət başçısı olduğu, möminlərin əmiri olduğu o məmləkət Amudərya çayından Nil çayına qədər olan ərazini əhatə edirdi. Yəni İran, Əfqanıstan, İraq, Misir Əmirəl-mömininin (ə) hakimiyyəti altında idi. Təkcə Şam ayrı idi, onu da Müaviyə ayırmışdı. Belə bir insan deyir ki, bu geniş məmləkətdə yaşayan böyük əhalinin bir nəfərinə belə zülm edilməsi mənim üçün ömür boyu işgəncə görməkdən daha ağırdır! Əmirəl-mömininin (ə) ədaləti budur! Qeyd etdim ki, onun ədaləti haqqında danışmaq mümkün deyildir. Çünki bu çox ağır mövzudur. O həzrətin ədaləti haqqında olan nümunələr çox heyrətamizdir. Onun ədaləti də zirvədədir.

Düşmən qarşısında ayıq-sayıqlığı da zirvədədir. Yenə də “Nəhcül-bəlağə”dən bir cümləni diqqətinizə çatdırıram. O həzrət buyurur:

وَاللهِ لَا اَکُونُ کَاضَّبُعِ تَنَامُ عَلَی طُولِ اللَدم

Cümlənin mənası qısaca belədir: “Mən düşmənin laylası ilə yuxuya gedən adam deyiləm”. (15) Bir çoxları düşmənin təbəssümünə aldanıb təhlükənin sovuşduğuna arxayın olur. Düşmən “laylay” oxuyanda yuxuya gedirlər! Əmirəl-möminin (ə) buyurur:

وَ مَنْ نَامَ لَمْ یُنَمْ عَنْهُ 

“Əgər sən yatmısansa, bu o demək deyil ki, düşmən də yatıbdır”. (16) Düşmən oyaqdır. Düşmənin nəvazişi, laylası məni yatırtmamalıdır. Düşmən qarşısındakı ayıq-sayıqlığı özünün zirvəsindədir.

Başqa bir məqam hökumətin xalqa söykənməsi, əhali ilə başçı arasındakı qarşılıqlı hüquqların qorunmasıdır. O həzrət buyurur:

وَ لَکُمْ عَلَیَّ مِنَ الْحَقِّ مِثْلُ الَّذِی لِی عَلَیْکُمْ 

“Mənim sizin boynunuzda haqqım olduğu kimi, sizin də mənim boynumda haqqınız vardır”. (17) Siz Əmirəl-mömininin (ə) xalqın boynunda olan haqqının böyüklüyünü düşünün! Düşünün ki, İlahi qüdrətin, rəhmətin və elmin təcəssümü olan bir insanın xalqın boynunda olan haqqı nə qədərdir? Xalqa söykənən İslam höküməti bu deməkdir. İndi bir dəstə də oturub desin ki, İran İslam Respublikası seçkiləri, demokratiyanı və s. qərblilərdən öyrənib. Məgər “Nəhcül-bəlağə” qərblilərindir? Əmirəl-mömininin (ə) məntiqində xalqa söykənən hökümət budur. Qurani-Kərimdə də bu mənanı çatdıran bir çox ayələr vardır. Bu isə Əmirəl-mömininin (ə) kəlamıdır. 

Əmirəl-möminin Əlinin (ə) xalqın, insanların fikrinə qarşı hörmətlə yanaşmaq zəminində olan başqa bir kəlamını da diqqətinizə çatdırım və bu da zirvədədir:

فَلَا تَکُفُّوا عَنْ مَقَالَةٍ بِحَقٍّ اَوْ مَشْوِرَةٍ بِعَدْلٍ

“Elə isə doğru sözü danışmaqdan və ədalətli məsləhət verməkdən çəkinməyin”. (18)

Hikmət və elm mədəni olan, elmi Allahın elminə bağlı olan və adi yollarla əldə edilməyən, belə bir əzəmətli elmin sahibi olan Əmirəl-möminin Əli (ə) buyurur ki, əgər doğru hesab etdiyiniz bir sözü mənə demək istəsəniz, deyin, susmayın. Yaxud əgər mənə bir məsləhət vermək istəsəniz, məsləhət verin. O həzrət hər baxımdan, hər cəhətdən zirvədədir!

Digər bir kəlamı da ölkənin müqəddəratında xalqın iştirakı və rolu barəsindədir. O həzrət buyurur:

وَ لَا امْرُؤٌ وَ اِنْ صَغَّرَتْهُ النُّفُوسُ وَ اقْتَحَمَتْهُ الْعُیُونُ بِدونِ اَنْ یُعِینَ عَلَی ذلِکَ (19)

Bir insan sizin nəzərinizdə nə qədər zəif, nə qədər gücsüz də olsa və onu görməzlikdən gəlsəniz də, bu o demək deyil ki, o insanın ölkənin müqəddəratında təsiri yoxdur. Yəni cəmiyyətin ən zəif, ən kasıb, ən yoxsul fərdləri də ölkənin müqəddəratında rol oynaya bilər. Bunlar Əmirəl-möminin Əlinin (ə) şəxsiyyətindən bir neçə nümunə idi. Sadə dildə deməyə çalışsaq, belə deyə bilərik ki, Əmirəl-mömininin (ə) şəxsiyyətinin, məsələn, yüz cəhəti var və biz bunun bir neçəsini o həzrətin öz sözlərindən istifadə edərək diqqətinizə çatdırdıq. Gördük ki, bütün bu cəhətlərdə Əmirəl-möminin (ə) zirvədə durur. Yəni o həzrət yalnız bu cəhətlərə sahib deyildir, əksinə, o, bu cəhətlərdə zirvədə durur. O həzrətin zöhdü, ibadəti, ixlası, infaqı, səxavəti və s. haqda kimsə danışmaq istəsə, qeyd etdiyim kimi, mövzu bir və ya bir neçə saata sığmaz. Bunun üçün günlərlə, aylarla, illərlə söhbət etmək lazımdır. O həzrətin öz kəlamlarında onun şəxsiyyətinin digər cəhətlərini tapıb göstərmək olar.

“Nəhcül-bəlağə” ilə ünsiyyət qurun. Xüsusilə də gənclərə təkidlə bildirirəm, “Nəhcül-bəlağə”ni öyrənin. Xoşbəxtlikdən “Nəhcül-bəlağə”nin dilimizdə bir sıra yaxşı tərcümələri var və onlardan hamının istifadə etmək imkanı vardır. “Nəhcül-bəlağə” kitabını oxuyun. Oxuyun, görün ki, Əmirəl-möminin (ə) bizə nə öyrədir, nə dərsi verir, özü barəsində nə söyləyir. Əmirəl-mömininin (ə) buyurduğu bütün bu dəyərlərin ən ali təcəssümü onun özüdür. Digər İmamlarımızın (ə) kəlamlarında da o həzrət bu cür vəsf olunub.

“Qədir-xum” gününün – bu günün – ziyarətnaməsi vardır, həmin ziyarətnamə İmam Hadidən (ə) mötəbər sənədlə nəql olunub. Geniş, məşhur ziyarətnamədir, “Məfatih”də mövcuddur. İmam Hadinin (ə) Əmirəl-möminin Əli (ə) haqqında bu qədər geniş, ətraflı danışmasının səbəbi ilə bağlı mənim bir təhlilim var, amma bu barədə çox danışmayacağam. İmam Hadi (ə) bu ziyarətnamədə onlarla Quran ayəsinə toxunur və onları Əmirəl-mömininə (ə) tətbiq edir. Əmirəl-möminin (ə) haqqında bütün bu kəlamları söylədikdən sonra – “Məfatih”də təxminən 10-12 səhifəni əhatə edir – İmam Hadi (ə) öz böyük babasına xitabən buyurur:

فَمَا یُحِیطُ الْمَادِحُ وَصْفَکَ

Səni mədh edən şəxs Səni layiqincə, olduğun kimi vəsf edə bilməz. Bu, qeyri-mümkündür! İmam Hadi (ə) kimi məsum bir imam bütün bu sözlərdən sonra, yəni Əmirəl-möminin (ə) haqqında on səhifəlik söz danışdıqdan sonra buyurur:

فَمَا یُحِیطُ الْمَادِحُ وَصْفَک وَ لَا یُحْبِطُ الطّاعِنُ فَضلَكَ 

“Səninlə düşmənçilik edən şəxsin də sənin bu heyrətamiz vəsflərini gizlədə bilməsi qeyri-mümkündür!” (20) Elədir ki, var. Bunlar Əmirəl-mömininin (ə) vəsfləridir. 

O həzrətdən dərs almalıyıq, öyrənməliyik. Əmirəl-mömininin (ə) mübarək adını bilirik, o dahi insan barəsində söylənilən mədhləri eşidirik, təkrar edirik. Amma bu, yetərli deyildir. Əmirəl-möminin (ə) müəllimdir, onun qarşısında diz üstə əyləşib öyrənməliyik, hamımız öyrənməliyik. Rəis də, onun tabeçiliyində olanlar da, yüksək səviyyəli rəsmilər də, mənim kimi tələbələr də öyrənməlidirlər, cəmiyyətin hər bir fərdi öyrənməlidir. Mütləq öyrənməliyik. Qeyd etdim ki, Əmirəl-möminin (ə) “imamət”in ən ali təcəssümüdür. “İslami həyat tərzi”ni insanlara izah etməkdə və onun cəmiyyətdə dayaqlarını möhkəmləndirməkdə cavabdehdir. Biz bu həyat tərzini öyrənməliyik. Əlbəttə, İslam İnqilabı buna kömək etdi, dəyişiklik yaratdı. İran xalqı əvvəllər bu mövzudan tamamilə xəbərsiz idi, biz hamımız xəbərsiz idik. Allah İmam Xomeyniyə, İnqilab öncüllərinə – onların çoxu şəhid olubdur – rəhmət etsin. Onlar zəhmət çəkdilər, əmək verdilər, əziyyət çəkdilər və sonunda İnqilab qələbə çaldı. Allaha şükürlər olsun, bizi müəyyən qədər bu mövzudan xəbərdar etdilər. Allah İran xalqına kömək olsun. Amma biz hələ ki, ilk addımlarımızı atırıq, hələ çox yol getməliyik, çox çalışmalıyıq. Bunlar “Qədir-xum” və Əmirəl-möminin (ə) haqqında olan sözlərim idi. 

Bir neçə cümlə də seçkilər barəsində danışmaq istəyirəm. Əziz qardaş və bacılar! Seçkilər olduqca mühümdür. İran xalqı bir neçə gündən sonra seçki imtahanı ilə üz-üzə olacaq. Seçkilər həmişə bir sınaqdır, bu dəfə isə həmişəkindən daha çox əhəmiyyət kəsb edir. Dəyərli, xalq tərəfindən sevilən, xalqa bağlı olan, işgüzar, zəhmətkeş ölkə başçısının ölümündən təxminən qırx günə yaxın vaxt ötüb. Xalq da onu sevirdi və onun üçün ölkənin dörd bir yanında milyonluq vida mərasimi keçirildi. Bütün bunlar ölkə başçısının sahib olduğu imtiyazlardır. Bununla belə, onun vida mərasimindən təxminən qırx gün sonra xalq seçki təşkil edir. Bu, çox mühüm nüansdır. Buna bənzər hadisələr dünyada nadir hallarda baş verir. İran xalqı belə bir cəsarətə sahibdir.

Ümidvaram, Allah təala İran xalqını bu seçkidən başıuca çıxaracaq, inşallah. Başıucalıq nə ilə ölçülür? Burada iki məqam var. Birincisi, “yüksək iştirak”, ikincisi isə “layiqli seçim”dir. Hər iki məqam mühümdür. Üzərində təkidlə dayandığımız “yüksək iştirak”ın ən mühüm nəticəsi İslam Respublikasının başıucalığıdır. İran İslam Respublikası yarandığı andan etibarən onun barışmaz düşmənləri vardır. Onlar İslam hökümətinə qarşı əllərindən gələni əsirgəmədilər, hal-hazırda da davam edirlər, intensiv olaraq planlar qururlar. Mən müxtəlif çıxışlarımda bu mövzuya dönə-dönə toxunmuşam və onların planlarından danışmışam. Allaha şükürlər olsun ki, nə etməyə çalışdıqlarını göstərə bilmək üçün onların bəzi planlarını üzə çıxara bilmişik. Hələ də bu işlə məşğuldurlar. İslam Respublikasının düşmənləri var. İslam hökümətinin düşmən üzərində qələbə çalmasının amillərindən biri seçkilərdir. Əgər xalq seçkilərdə yüksək səviyyədə iştirak edərsə, bu, İslam Respublikasının başıucalığı olacaqdır. 

Xalqın seçkilərdə iştirakı İslam Respublikasının mahiyyətində yer alıb. İslam Respublikası – “respublika” yəni xalq – o deməkdir ki, xalq kütləsi İslam üsulu ilə meydana daxil olur. Bu meydanın bir çox təzahürləri var. Bunlardan ən önəmlisi seçkilər və ölkənin məsul şəxslərinin təyin olunmasıdır. “Xalqın meydana daxil olması” İslam Respublikasının sözün həqiqi mənasında “respublika” olması deməkdir. Belə olan halda düşmənin dili də qısalır. Seçkilərdə iştirak əmsalı aşağı olanda İslam Respublikasının düşmənlərinin, İslam Respublikasına qarşı ədavət bəsləyənlərin dili uzanmış, tənə etmişlər. İştirak əmsalı yüksək olanda düşmənin dili qısalır və tənə vura, şadlana bilmir. Düşməni sevindirmirik. Mənim seçkilərdə yüksək iştirak üzərində təkidlə dayanmağımın səbəbi budur. Odur  ki, birinci növbədə xalq seçkilərdə yüksək iştirak etməlidir. Tənbəllik etməyin, etinasız və əhəmiyyətsiz yanaşmayın. Ölkənin hər yerində hamı seçkilərə qatılsın. Seçkilər təkcə şəhərlərə aid deyildir, böyük şəhərlərə məxsus deyildir. Bütün yaşayış məntəqələrində, kəndlərdə, rayonlarda İslam Respublikasının dünyada başıuca olması üçün xalq seçkilərdə iştirak etməlidir. 

İkinci növbədə “daha layiqli şəxs”i seçməkdir. “Daha layiqli şəxs” kimdir? Bu şəxs birinci növbədə İslam İnqilabının və İslam Hökümətinin prinsiplərinə səmimi qəlbdən inanmalıdır, Əmirəl-mömininin (ə) kəlamında vurğulandığı kimi: “عَلیٰ بَصیرَةٍ”, “عَلیٰ یَقینٍ”. Bu yola inamı olmalıdır. Bu, birinci xüsusiyyətdir. Mərhum ölkə başçımız, “Xidmət Şəhidi”, hörmətli Rəisinin bu yola sözün həqiqi mənasında inamı vardı. Mən onu çoxdan tanıyırdım. Prezidentliyinin bu üç illik dövründə də müntəzəm olaraq mənimlə olan görüşlərində onun ürəkdən, candan və inamla işlədiyi tamamilə görünürdü. Birinci xüsusiyyət inamın olmasıdır. İkinci xüsusiyyət bu şəxsin işgüzar olmasıdır. Gecə-gündüz bilməməlidir, iş arxasınca getməlidir, işləmək bacarığına malik olmalıdır. Yaxşı mütəxəssislərdən və əməkdaşlardan yararlanmalıdır. Mən bu barədə söhbətimin axırında qısaca danışacağam. İnqilabın prinsiplərinə dərin inam bəsləyərək iş bacarığına və iş şövqünə malik olmaq “səlahiyyət və ləyaqət”ə səbəb olur. Bu ləyaqət mövcud olduqda, şəxs bu xüsusiyyətləri ilə ölkənin bütün imkanlarından istifadə edə biləcək. 

Mən ölkənin potensiallarını ehtiva edən bir siyahı yazmışam, əlbəttə, əgər onları açıqlamaq istəsəm, söhbət uzanar. Ölkədə çoxsaylı resurslar mövcuddur. Əlbəttə, bu resursların bir qismi təbii resurslardır. Bəzisi isə İnqilabdan sonrakı illərdə tədricən yaranmışdır. Amma iş başına gələn dövlətlər bu imkanlardan eyni səviyyədə faydalanmadı. Dövlətlərdən bəzisi bu qədər böyük imkanlardan həqiqətən faydalanmadı. Bəzisi faydalandı, bəzisi daha yaxşı faydalandı. On üçüncü dövlət bu resurslardan çox yaxşı faydalanan dövlətlərdən oldu. Bu dövlət davam etsəydi, mən inanıram ki, ölkənin bir çox problemləri, əsasən də iqtisadi problemlər öz həllini tapacaqdı. İndi mən açıqlama vermədən bu imkanlardan bəzisini sadalayacağam.

Ən dəyərli potensialımız olan təhsilli gənc cəmiyyətimizdir. Bütün dünya üzrə deyə bilmərəm, amma region ölkələri üzrə başqa ölkələrin heç birində bizim qədər təhsilli gənc cəmiyyət yoxdur. 

İranlıların zəkası və istedadı. Bu da potensiallardan başqa biridir.

Ölkənin nəhəng mədənləri. Bura təkcə neft və qaz aid deyildir. Mən bir dəfə demişdim (21), bizim cəmiyyətimiz dünya əhalisinin yüzdə birini təşkil edir, amma əsas mədənlərimiz dünya mədənlərinin yüzdə dördünü, yüzdə beşini təşkil edir. Yəni bu, əhalinin neçə bərabəri deməkdir. Bunlar imkanlardır, istifadə edilməlidir. 

Coğrafi mövqe. Biz dünyada şimal və cənub, şərq və qərb xətti üzrə əlaqə vasitəsi ola bilərik. Mərhum cənab Rəisi bu işin əsasını hazırlamışdı və onun işlərinin bəzisi hal-hazırda icra edilir. İnşallah, gələcək dövlət də bu işi layiqincə davam etdirər. Bu iş ölkə üçün olduqca əhəmiyyət kəsb edir. 

Açıq dənizlərdə uzun su sərhədlərinin mövcudluğu, şimal və cənubda yerləşən dənizlər, qonşuların (qonşu dövlətlərin) çoxluğu, böyük regional bazarlar, səksən milyonluq daxili bazar, iqlim müxtəlifliyi, ölkə boyunca dəmir yolları və avtomobil yollarının mövcud olması. Bu sonuncu, ölkəmizin böyük imtiyazlarındandır və Allaha şükürlər olsun, müxtəlif dövlətlər tərəfindən zaman-zaman həyata keçirilmişdir. Mənzil tikintisində, yol salma işində, su bəndlərinin tikintisində və müxtəlif sahələrdə təcrübəli mütəxəssislərimizin, gənc mütəxəssislərimizin texniki bacarıqları, müxtəlif texniki avadanlıqların istehsalındakı ölkənin sənaye bacarıqları. Bunların hamısı infrastrukturlardır. Bunlar çox mühüm potensiallardır. Ölkənin inkişafında rol oynayan infrastrukturlardır. 

Azad ticarət zonaları. Əgər ondan düzgün istifadə edilərsə – uzun illər düzgün olmayan bir şəkildə istifadə olunduğu kimi deyil – bir potensialdır. Azad ticarət zonaları və ya iqtisadi rayonlar ölkənin inkişafı üçün bir fürsətdir.

Mədəni irsimiz, turizmin inkişafı. Bunlar ölkənin ən mühüm imkanlarındandır.

Ölkə əhalisinin, demək olar ki, hamısının dini inanca sahib olması. Bu, olduqca mühüm nüansdır. Bizim xalqımız həqiqətən də inanclı insanlardır. Bu da, bəlkə müsəlman ölkələri arasında rast gəlinə bilən nadir hallardandır. Zahirdə bəzi insanların şəriət qayda-qanunlarına əməl etmədikləri görünə bilər, amma ölkə əhalisinin böyük əksəriyyətində dini və islami inanc vardır. Ölkənin inkişafı istiqamətində bu imkanlardan istifadə etmək mümkündür. Bunu bacaran şəxs rəhbərliyə “ən layiqli olan şəxs”dir. İnşallah, hakimiyyətə gələn dövlətlərimiz bütün bunlardan faydalana bilsinlər. Bu fürsətlərdən, bu potensiallardan istifadə bacarığı olan şəxs prezidentliyə daha layiqdir. Ən layiqli şəxs odur. 

Bəzi ölkə siyasətçiləri bu və ya digər güclərdən asılı olmağın qaçılmaz olduğunu düşünürlər. Elə düşünürlər ki, hansısa tanınmış və böyük gücdən asılı olmadan ölkə irəliləyə bilməz. Bəziləri bu cür fikirləşirlər. Yaxud bütün tərəqqi yollarının Amerikadan keçdiyini düşünürlər. Bu cür düşünənlər rəhbərlik etməyi bacara bilməzlər. Gözlərini ölkə sərhədlərindən kənara dikənlər bu potensialları görə bilməzlər. Görmədikləri, qədrini bilmədikləri təqdirdə də, təbii olaraq onlardan istifadə üçün heç bir proqramları olmayacaqdır. “Gözünüzü xaricə dikməyin” deməyimin səbəblərindən biri də budur. Gözlər xaricə dikilməyəndə insan daxili imkanları görüb anlayır, onları tanımağa qadir olur. Allah təalanın lütfü sayəsində İslam Respublikası yadlara arxalanmadan, hətta onların bədxahlığına rəğmən, irəlilədiyini və inkişaf etdiyini göstərə bilib. İslam Respublikası bunu göstərib, gələcəkdə də İran xalqı Allahın gücü və qüdrəti sayəsində öz müqəddəratının başqaları tərəfindən yazılmasına yol verməyəcəkdir. 

Bəzən söhbətlərimizdə, çıxışlarımızda bu barədə danışdıqda bəziləri yanlış düşüncələrə qapılır, bəziləri də yazırlar ki, bu, ölkəni hasara almaq və dünya ilə əlaqələri kəsmək deməkdir. Xeyr, qətiyyən! Mən ilk gündən etibarən heç vaxt ölkələrlə əlaqələrin qurulmasına qarşı olmamışam. Siyasət arenasında, İnqilabla bağlı işlərdə, ölkənin idarəçilik məsələlərində bəzi siyasətçilərin yaşı qədər bizim az-çox fəaliyyətimiz olub. İlk gündən bir-iki ölkə istisna olmaqla, bütün dünya ilə əlaqələrin yaradılmasının tərəfdarı olmuşuq. İnqilabın əvvəllərində CAR-da irqi ayrıseçkilik hökm sürürdü. Buna görə də biz həmin ölkə ilə olan əlaqələrimizi kəsdik. İrqi ayrıseçkilik qaldırıldıqdan sonra əlaqələrimizi yenidən bərpa etdik. Hal-hazırda da yaxşı əlaqələrimiz var. Dövlətlərarası əlaqələrin kəsilməsinə səbəb olan maneə aradan qalxmalıdır. Əksinə, biz bütün dünya ilə münasibət qurmağın tərəfdarıyıq. Allaha şükürlər olsun ki, əlaqələrimiz də var. Prinsiplərə olduqca bağlı olan Şəhid Rəisinin dövləti kimi dövlətlərdə dünya ilə olan əlaqələrimiz genişləndi, beynəlxalq əlaqələrimiz inkişaf etdi. Ona görə də “yadlara göz dikməməliyik” dedikdə, bu, əlaqələri kəsmək anlamında deyil, milli cəsarət, milli müstəqillik mənasında başa düşülməlidir. Əgər siz milli cəsarət, milli müstəqillik düşüncəsinə sahib olsanız, İran xalqı öz kimliyini, imkanlarını, müstəqilliyini, inkişafının gücünü dünyaya göstərəcək, beynəlxalq arenada hörməti daha da artıb böyüyəcək. Necə ki, Allaha şükürlər olsun, belə də oldu. Belə olduqda, insan daha çox uğur əldə edir. 

Diqqətinizə çatdırmaq istədiklərim bunlardan ibarət idi. Mən iki tövsiyə vermək istəyirəm: birini xalqa, digərini isə hörmətli prezidentliyə namizədlərə. Əziz xalqımıza verəcəyim tövsiyə budur ki, biz “güclü və başıuca İran” dedik və bu da şüarımız oldu. Güclü İranın çox tərəfdarı var. İranın güclü olması yalnız müxtəlif raketlərə sahib olması demək deyildir. Allaha şükürlər olsun, müxtəlif raketlərə sahibik, faydalı və praktiki səciyyəyə malik raketlərə sahibik. Amma bu, kifayət etmir. Güclü olmağın müxtəlif yönləri var. Elmi, mədəni, iqtisadi yönləri var. Mühüm yönlərindən biri də siyasət və seçki meydanında iştirak etməkdir. Bu da güc göstəricilərindən biridir. Odur ki, güclü İranı istəyən hər kəs bu seçkilərdə hökmən iştirak etməlidir. İslam Respublikası hökumətini dəstəkləməyin zəruriliyinə inanan hər kəs bu məsələyə daha çox əhəmiyyət verməlidir. Mənim xalqa olan tövsiyəm budur. 

Prezidentliyə namizəd olanlara tövsiyəmə gəlincə, mən hörmətli cənablara səslənirəm: Mütəal Allah ilə əhd bağlayın ki, uğur qazandığınız və vəzifəyə yiyələndiyiniz təqdirdə məsulları və kabinetinizi İslam İnqilabına zərrə qədər belə zidd olan şəxslərdən seçməyəcəksiniz. İnqilab ilə, mərhum İmam ilə (r.ə), İslam Hökuməti ilə zərrə qədər belə zidd olan insanların sizə faydası olmayacaq. Belələri sizə yaxşı həmkar olmayacaq. Amerikaya bağlı olan, onun lütfü olmadan ölkədə addım ata bilməyəcəyini təsəvvür edənlərin sizə xeyri olmayacaq. Belələri ölkənin imkanlarından istifadə etməyəcək, layiqincə idarəçilik etməyəcək. Din və şəriətə etinasız yanaşan bir şəxs sizə yaxşı həmkar olmayacaq. Elə şəxslər seçməlisiniz ki, dinə, şəriətə, İnqilaba, İslam Hökumətinə tam inamı olsun. Hörmətli namizədlər, əgər siz Mütəal Allah ilə belə bir əhd bağlasanız, bilin ki, seçkilər üçün göstərdiyiniz bütün səylərinizin Allah dərgahında savabı olacaq. Əgər belə bir niyyətiniz olsa, Allah təala ilə belə bir əhd bağlasanız, seçki işləri yaxşı işlərdən biri olacaq və Allah təala dərgahında mükafatı olacaq. 

Ümid edirəm, Allah təala öz müvəffəqiyyətini həm onlara, həm də bizə nəsib edəcək. İnşallah, Allah hamınızı qorusun.

______________________

(1) “Maidə” surəsi, 3-cü ayədən
(2) “Bəqərə” surəsi, 124-cü ayədən
(3) “İbrahim” surəsi, 39-cu ayədən
(4) Səduq, “Əmali”, səh. 122
(5) “Hədid” surəsi, 25-ci ayədən: “... insanlar ədalətli olsunlar”.
(6) “Fəth” surəsi, 29-cu ayədən: “... kafirlərə qarşı sərtdirlər”.
(7) “Fəth” surəsi, 29-cu ayədən: “... öz aralarında isə mərhəmətlidirlər”.
(8) “Tövbə” surəsi, 128-ci ayədən: “... sizin əziyyətə düşməyiniz ona ağır gəlir”.
(9) “Nisa” surəsi, 59-cu ayədən
(10) “Nəhcül-bəlağə”, 62-ci məktub
(11) “Ğurərul-hikəm”, səh. 566
(12) İraqda şəhər
(13) “Nəhcül-bəlağə”, 27-ci xütbə
(14) “Nəhcül-bəlağə”, 224-cü xütbə
(15) “Nəhcül-bəlağə”, 6-cı xütbə
(16) “Nəhcül-bəlağə”, 62-ci məktub
(17) “Nəhcül-bəlağə”, 216-cı xütbə
(18) “Nəhcül-bəlağə”, 216-cı xütbə
(19) Eyni mənbə
(20) “Bəharul-ənvar”, c. 97, səh. 367
(21) Ölkə rəsmiləri ilə görüşündəki çıxışı (15/1/1402)