بسم الله الرّحمن الرّحیم
و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş, hidayət edən və hidayət olunan, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Ölkənin ən yüksək və ən mühüm vəzifələrindən birini öhdəsinə götürmüş məhkəmə hakimiyyət orqanlarının hörmətli məsulları və əziz qardaşlar, xoş gəlmisiniz. “Qədir-xum” bayramınız mübarək olsun. İmam Hadinin (ə) bu günə təsadüf edən mövludu münasibəti ilə sizi təbrik edirəm. Məhkəmə sisteminin görkəmli şəhidlərinin, əziz şəhid Beheştinin, digər şəhidlərin, xüsusilə də bu sistemdə diqqətəlayiq və yaxşı keçmişi olmuş sonuncu şəhidlərin, mərhum cənab Rəisinin (Allah ondan razı olsun) – bu əziz şəhidlərin hamısının – xatirəsini ehtiramla yad edirik; Allah-Taala dərəcələrini yüksəltsin və çəkdikləri zəhmətlərin mükafatını versin, inşallah. Məhkəmə hakimiyyət orqanlarının hörmətli əməkdaşlarına – istər rəhbərlik, istər hakim, istərsə də inzibati heyət olsun – səmimi qəlbdən təşəkkür edirəm; həqiqətən də işləyirlər. Cənab Mohseninin qeyd etdiyi kimi, mənim də məlumatım vardır, Allaha şükürlər olsun, sistemdə yaxşı işlər həyata keçirilir; çəkdiyiniz zəhmətlərə görə, səylərinizə görə sizə minnətdaram. Xüsusilə də ədliyyə nazirinə öz təşəkkürümü bildirirəm. Birgə toplantılarımız zamanı sistemdə bir sıra yaxşı işlərin həyata keçirildiyini ondan eşitmişəm; müəyyən xəbərdarlıqlar edirik, hesabatlarını eşidirik; Allaha şükürlər olsun, yaxşı işləyirlər. Cənab Mohseninin sahib olduğu daha bir üstün cəhəti – bu da mühüm məqamlardan biridir – onun məhkəmə sistemini tanımasıdır. Burada uzun müddət işlədiyinə görə, bu sistemin bütün strukturlarına, aspektlərinə və xüsusiyyətlərinə bələddir. Bu, onun qabarıq güclü cəhətidir. Hər halda, hamınıza təşəkkür edirəm.
Məhkəmə sistemi haqqında bir neçə cümlə demək istəyirəm. Onun təqdim etdiyi hesabat yaxşı hesabat idi, həyata keçirilmiş işlər də dəyərli və yaxşıdır. Dünyanın hər bir yerində – sadəcə bizim ölkəmizdə deyil – məhkəmə sisteminin əsas məsələsi insanların problemlərinin, ixtilaflarının ədalət prinsipləri əsasında həll olunmasından ibarətdir. Bu birinci məsələ. İkinci məsələ, qanun hüdudlarını və qırmızı xətləri keçməyin qarşısının alınmasıdır. Bu, məhkəmə sisteminin işinin əsasını təşkil edir. Buna görə də, gördüyünüz kimi, ölkəmizdə məhkəmə hakimiyyəti əvvəldən “ədliyyə”, “məhkəmə” adlandırılıb. Ümumiyyətlə, məhkəmə sisteminin əsas məsələsi “ədalət” məsələsidir; bu, işin əsasını təşkil edir. Bütün diqqət ilk növbədə insanlar arasındakı ixtilafların və hüquq pozuntularının ədalətlə həll olunmasına yönəldilməlidir. Az öncə “iddia ərizələrinin çoxluğu” məsələsinə toxunuldu. Bu ərizələrin hamısı elə hüquq pozuntuları ilə əlaqəlidir; onlara baxılarkən ədalətə riayət olunmalıdır.
İslam dinində, İslam təlimlərində – Allaha şükür, hamınızın məlumatınız var – “Nəhcül-bəlağə”də, hədislərdə, Qurani-Kərim ayələrində ədalət məsələsi diqqətçəkən məqamdır:
وَ اِن حَکَمتَ فَاحکُم بَینَهُم بِالقِسط
“...Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver...” (2)
Başqa bir ayədə:
وَ اِذا قُلتُم فَاعدِلوا
“...Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun...” (3)
Bir başqa ayədə:
اِنَّ اللَهَ یَأمُرُ بِالعَدل
“Həqiqətən, Allah ədalətli olmağı, əmr edir...” (4)
Digər ayədə:
قُل اَمَرَ رَبّی بِالقِسط
“De: “Rəbbim ədaləti əmr etdi...” (5)
Bir başqa ayədə:
وَ اُمِرتُ لِاَعدِلَ بَینَکُم
“...Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir...” (6)
Başqa ayədə:
کونوا قَوّامینَ بِالقِسطِ شُهَداءَ لِلَّهِ وَ لَو عَلی اَنفُسِکُم اَوِ الوالِدَینِ وَ الاَقرَبین
“Ey iman gətirənlər! Özünüzün, ataananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti təmin edən və Allah üçün şahidlik edən kimsələr olun!...” (7)
Digər ayədə:
وَ لا یَجرِمَنَّکُم شَنَآنُ قَومٍ عَلی اَلّا تَعدِلوا
“...(Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun!...” (8)
Bu kimi bir çox ayələri misal göstərmək olar. Ədalət mehvər olmalıdır. Yəni Qurani-Kərimdə və digər İslami mənbələrdə ədalət qədər vurğulanan az məsələ tapılar. Nəticə ondan ibarətdir ki, məhkəmə sistemi bütün gücünü cəsarətlə ədalətin bərqərar olmasına yönəltməlidir. Əlbəttə, qeyd etdiyim kimi, bu asan iş deyil; bunun üçün çəsarət tələb olunur. Bu sferaya cəsarətlə daxil olmaq və ədaləti qeyd-şərtsiz icra etmək lazımdır; yəni ədalətli və tərəfkeşsiz mühakimə. İmam Səccadın (ə) “Səhifeyi Səccadiyyə”nin 22-ci duasında buyurduğu kimi:
حَتّیٰ یَأمَنَ عَدُوّی مِن ظُلمی وَ جَوری وَ یَیاَسَ وَلیّی مِن مَیلی وَ انحِطاطِ هَوای
“Düşmənim mənim zülmümdən, cəfamdan əmin-amanda qalsın, dostum da mənim tərəfkeşliyimdən məyus olsun”
Məhkəmə sistemi, hakimləri, məsul şəxsləri elə davranmalıdırlar ki, düşmən zülmə məruz qalmaqdan özünü əmin-amanlıqda hiss etsin, dost-tanış isə tərəfkeşsizliyə görə məyus olsunlar. Belə olduqda, cəmiyyətdə ədalət təhlükəsizliyi, mənəvi-psixoloji təhlükəsizlik yaranacaq; yəni insanlar özlərini təhlükəsiz hiss edəcəklər. Məhkəmənin mövcudluğuna rəğmən insanların onlara zülm edilməyəcəyini, hüquq pozuntusuna yol verdikdə onlarla ədalətlə davranılacağını hiss etmələri çox vacibdir. İşin mahiyyəti bundan ibarətdir; ədalətin bərqərar olması üçün qeyd etdiyim iki-üç məqamı sizin nəzərinizə çatdırıram.
Birinci məqam, məhkəmə sisteminin işlərini fəaliyyət proqramı əsasında görməsilə bağlıdır. Bir az əvvəl qeyd etdikləri kimi, Allaha şükürlər olsun, yaxşı proqramları var. İstər əvvəldən hazırlanan, istərsə də sonradan yenilənmiş islahatlarla bağlı sənədlər – təzəlikcə bu proqramların yeniləndiyini eşitmişəm, bunları görənlər, bilənlər danışıblar – yaxşı sənədlərdir. Amma məni narahat edən budur ki, bu yaxşı sənədlər sistemin əsas göstəricilərinə o qədər də müsbət təsir göstərməyib.
İslahatlarla bağlı olan bu sənədlər çox yaxşı sənədlərdir. İndi məhkəmə sisteminin özünün yazılı şəkildə göndərdiyi hesabatdan sitat gətirdiyim bir neçə göstəricini təqdim edəcəyəm. Məsələn, sənədlərin araşdırma müddəti; əsas göstəricilərdən biri də budur; araşdırma müddəti qısaldılmalıdır.
Birinci instansiya məhkəmələrinin qərarlarının ləğv edilməsi; mən dəfələrlə bunu bildirmişəm ki, məhkəmə prossesi zamanı hakimlər işə baxıb qərar verirlərsə, sonra apellyasiya məhkəməsində ilkin qərar ləğv edilirsə, bu həmin qərarın zəifliyindən xəbər verir. Bu qədər çəkilən zəhmət, sərf edilən zaman, xərclənən məbləğ və işçi qüvvəsinə baxmayaraq, istənilən nəticə əldə olunmur. Birinci instansiya məhkəmələrinin qərarlarının ləğv edilməsi halları azaldılmalıdır; islahat sənədlərinin dolğun və yaxşı olmasına baxmayaraq, bu iş hələ də görülməyib.
Yaxud da təhqiqat idarəsinə daxil olmuş hesabatlar, ya da şikayətlər; bunların da sayı azalmaq yerinə daha da çoxalıb. Bu cür göstəricilər var. Siz sənədləri elə tərtib etməli və onu elə həyata keçirməlisiniz ki, bu göstəricilərə nəzərəçarpacaq təsir göstərsin. Araşdırmaq lazımdır ki, bu nöqsanlar sənədlərdəki qüsurlara görədir, yoxsa sənəd yaxşı olub, icra planı yaxşı olmayıb; bunu düzgün araşdırmaq lazımdır. Fikrimcə, ən vacib məsələlərdən biri kimi, hörmətli ədliyyə naziri özü problemi araşdırmaq üçün müəyyən qruplar təyin etməlidir. Aydınlaşdırmaq lazımdır ki, problem sənədin özündədir, yoxsa sənədin icrasındadır.
Məhkəmə hakimiyyət orqanlarının istənilən mövqeyə çatmasında ən mühüm maneələrdən biri – bu da eyni zamanda hakimlərin üzərində təzyiqə səbəb olur – iddia ərizələrinin çoxluğudur. Hakimlərin qərarlarının zəifliyinin səbəblərindən biri də, bu məsələnin onları gərgin vəziyyətdə saxlamasıdır. Digər tərəfdən vaxt azlığı məsələsi, bəzən də – necə deyərlər – ayın sonundakı hesabatlar da təsirsiz olmur; bunlar verilən qərarların dolğun və qəti olmamasına səbəb olur. İddia ərizələrinin çoxluğu haqqında əsaslı şəkildə düşünmək lazımdır. Bu işin həlli də sizin öhdənizdədir.
Məncə, məhkəmə sistemində görülməli olan işlərdən biri də hakimlərin ixtisas artırma məsələsidir. Allaha şükürlər olsun, bizdə yüksək ixtisaslı hakim çatışmazlığı yoxdur, amma hər halda struktur böyükdür. Ona görə də bütün hakimlərin hüquqi bilikləri artırılmalıdır. Eşitdiyimə görə, Hüquq Elmləri Universitetinin bu sahədə yaxşı imkanları var; bu imkanlardan maksimum istifadə edilməlidir. Hakimlərin biliklərinin təkmilləşdirilməsi bir çox problemləri minimuma endirəcək; yəni hüquq biliklərinə mükəmməl şəkildə yiyələnmək sənədin təmkinlə, səbirlə və sürətlə araşdırılmasına səbəb olacaq.
Görülməsi vacib olan digər işlərdən biri də, Allaha şükürlər olsun, məhkəmə sisteminin ləyaqətli hakimləri və zəhmətkeş işçilərinin arasında – onların sayı az deyil, bu böyük qurumun çox sayda yaxşı hakim və işçi heyəti var və doğrudan da onlar cihad əzmi ilə işləyirlər – cihad əzmi ilə işləyənlərin sayının artırılmasıdır. Demək istədiyim budur ki, elə işləmək lazımdır ki, toplum məhkəmə hakimiyyətini “ədalət evi” kimi, “ədalətin mərkəzi” kimi tanısın və haqq qeyd-şərtsiz öz sahibinə qaytarılsın. Məsələ budur. Təbii ki, bu sferada görülən işlər dəyərli işlərdir; qeyd etdikləri işlər diqqətəlayiqdir, amma mühüm olan məhkəmə iclaslarının ədalətə riayət etməsidir. İclasın ortaya qoyduğu nəticə – ədalətli nəticə olsun; bunun ədalət olduğunu hamı – hətta əleyhinə hökm oxunulan şəxs də – anlasın. Əlbəttə, narazı qalacaq, etiraz da edə bilər, bununla belə, qəlbinin dərinliklərində işin ədalətlə icra olunduğunu da etiraf edəcək.
Digər tövsiyəm, əvvəllər də ərz etdiyim kimi (9), məhkumların işinə sürətlə baxılması ilə bağlıdır. Bəzən nümayəndəliklərimizə narahatedici məlumatlar daxil olur; vətəndaş həbsxanaya düşüb, işi də icradadır, amma iş lazımi sürətlə irəliləmir. Təbii olaraq, məhkum əziyyət çəkir, buna görə də vəziyyəti mümkün qədər tez bir zamanda müəyyənləşməlidir. Bu olduqca önəmlidir. Bəzi vətəndaşların problemi həbsdə qaldığı müddətdə həll olmur; maliyyə problemi ilə əlaqəli həbsxanaya düşən vətəndaş, borcunu ödəyə bilmədiyi üçün gündən-günə borcu artır, buna görə də həbs müddəti getdikcə uzanır. Bu gedişlə bəziləri ömürlərinin sonuna kimi həbsxanada qalmalı olacaq, hələ üstəlik borc da ödənilmir. Bu məsələ həll olunmalıdır. Vaxtı ilə nazirliyə bildirmişdim ki, bəzi hallarda şəri əmlak vergisindən istifadə edə bilərlər və buna haqları da var. Mən şəri əmlak vergisindəki İmamın (ə.f.) payının xərclənməsi məsələsinə olduqca ciddi yanaşıram; yəni məsələn məscid və s. tikmək istəyənlərə İmamın (ə.f) payından istifadə etməsinə icazə vermirəm. Amma mənim nəzərimə görə, şəri əmlak vergisi belə hallarda istifadə edilə bilər. Problemi həll etmək lazımdır.
Başqa bir tövsiyəni də diqqətinizə çatdırmaq istəyirəm. Eşitdiyimə görə, bəzi hakimlər məhkəmə qərarlarında Qərbin insan hüquqları prinsiplərinə əsaslanırlar. Bu, səhv hərəkətdir! O prinsiplər səhv prinsiplərdir. Qərblilər heç özləri də o qanunlara əməl etmirlər. Bu gün dünyada bunu hamımız açıq-aşkar görürük, bu prinsiplər əsaslı şəkildə yanlışdır. Bizim hakimimiz verəcəyi qərar üçün dövlət daxili qanundan qeyrisinə istinad edə bilməz. Qərarlar daxili qanunlara uyğun olaraq verilməlidir.
Sonuncu tövsiyə isə nazirin səmərəli görüşləri haqqındadır (10). Bu cür görüşlər davam etdirilməlidir. Bu görüşlər nəticə etibarı ilə həm faydalı, həm də zəruridir. Bu məhkəmə hakimiyyət orqanlarının xalqa bağlı olduğunun göstəricisidir. İctimaiyyətdə olmaq – nöqsanlardan xəbərdar olmaq deməkdir. Bu cür fəaliyyətlər olduqca mühümdür. İntəhası, bu görüşlərin hasili, ondan əldə edilən nəticələr izlənilməlidir. Məsələn, insanlar ədliyyə nazirinin gömrük komitəsinə və ya başqa yerlərə etdiyi səfərini gördükdə hansısa problemlərin həll olunacağına dair qəlblərində ümid oyanır; insanlarda xatircəmlik hissi yaranır. Həmin problemlər həll olunmazsa, ümid ümidsizliyə çevriləcək, bu isə əvvəlkindən daha betərdir. Odur ki, inşallah, işləri mütləq yerinə yetirmək üçün davamını izləmək lazımdır. Məhkəmə hakimiyyət orqanları ilə bağlı deyəcəklərim bunlardan ibarət idi.
Seçkilər haqqında da bir neçə çümlə demək istəyirəm. Allaha şükürlər olsun, seçkilərlə əlaqəli yaxşı televiziya proqramları hazırlanır. Bu proqramlar xalqın ayrı-ayrı namizədlərin müxtəlif baxış bucaqları ilə tanış olmasına şərait yaradır. Tövsiyəm budur ki, namizədlərin televiziyadakı debatları, birgə, ya da ayrı-ayrılıqda verdikləri açıqlamaları rəqibə qalib gəlmək üçün düşmən bəyənən, düşmən sevindirən sözlər olmasın. Bu çox əhəmiyyətli bir məsələdir. Namizədlərin ölkə, xalq və İslam Respublikası haqqında danışdıqları düşmən sevindirən sözlər ola bilər. Bu, yolverilməzdir! Danışıqları ilə ölkənin, dövlətin, xalqın düşmənlərini sevindirməsinlər. Güman edirik ki, namizədlərin hamısı İranı, İslam Dövlətini sevirlər; ehtimal belədir. Bu dövlətin, bu ölkənin başçısı olmaq, xalqa xidmət etmək istəyirlər. Elə danışsınlar ki, düşmən sevinməsin.
Ümid edirəm, inşallah, məhkəmə hakimiyyətimiz cənab Mohseninin qeyd etdiyi həmin arzuolunan məqama gündən-günə daha da yaxınlaşar və o məqama yetişər. Allah-Taala ölkənin bütün işlərinin ilahi iradənin istədiyi kimi irəliləməsi üçün sizə kömək olsun, sizə uğurlar nəsib etsin. Şəhidlərimizin, dahi İmamımızın (r.ə) pak ruhları bizdən razı qalsın. Allah hamınıza uğur nəsib etsin.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
____________
(1) Görüşün əvvəlində Höccətül-İslam vəl-müslimin Ğolam Huseyn Mohseni Əjeyi (Ədliyyə Naziri) məruzə ilə çıxış etmişdir.
(2) “Maidə” surəsi, 42-ci ayədən
(3) “Ənam” surəsi, 152-ci ayədən
(4) “Nəhl” surəsi, 90-cı ayədən
(5) “Əraf” surəsi, 29-cu ayədən
(6) “Şura” surəsi, 15-ci ayədən
(7) “Nisa” surəsi, 135-ci ayədən
(8) “Maidə” surəsi, 8-ci ayədən
(9) Ədliyyə Naziri və məhkəmə sisteminin məsul şəxsləri ilə keçirilən görüşdəki çıxışı (5/4/1398)
(10) Ədliyyə Naziri