Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Dini Liderin İmam Xomeyninin (r.ə) vəfatının otuz beşinci ildönümü münasibətilə təşkil olunan toplantıdakı çıxışı

Rəhman və rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox-çox pakizə və pak, seçilmiş, hidayət edən və hidayət olunan, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Hər il təşkil olunan bu böyük toplantı mühüm və İran xalqının ehtiyac duyduğu bir hədəfə malikdir. Bu hədəf İmamın (r.ə) xatirəsini yad etmək və ölkənin inkişafı və idarə olunması, habelə İnqilabın uca hədəflərinin davam etdirilməsi istiqamətində İmamın dərslərindən bəhrələnməkdir. Bunun üçün biz ya İmamın əlimizdə olan çıxışlarındakı, əsərlərindəki dərslərdən istifadə etməliyik, ya da İmamın şəxsiyyətinin xarakterik cəhətlərindən – belə ki, İmamın (r.ə) uca və bənzərsiz şəxsiyyətinin xarakterik cəhətlərinin hər biri öz növbəsində bizim üçün bir dərsdir – bəhrələnməliyik.

Bu gün mən də İmamın baxış bucağından ötən ilin xordad ayından bu günədək baş verən iki mühüm hadisə barəsində bir qədər danışmaq, bəzi məsələləri açıqlamaq istəyirəm. Bu iki hadisədən biri bu gün dünyanın birinci problemi olan Fələstin problemidir. Bu hadisə əzəmətli xalq hücumu ilə başlamış və onun ardınca baş verən hadisələr bu günədək dünyanın diqqətini özünə tərəf çəkmiş, bu problemi dünyanın birinci probleminə çevirmişdir. İkinci hadisə isə əziz və dəyərli Prezidentimizi itirməyimizdir. (2) Bu da böyük hadisə idi. Prezidentimizin və onunla birlikdə olanların şəhadətinin həm ölkə daxilində, həm də beynəlxalq arenada müəyyən nəticələri vardır. Bu hadisə İnqilab tarixinin mühüm hadisələrindən biri hesab olunur. Mən bu iki hadisəyə İmamın baxış bucağından baxaraq, onların barəsində danışmaq istəyirəm. Daha sonra seçkilər barəsində, seçkilərə dair milli və ümumi vəzifəmiz barəsində bir neçə məsələni diqqətinizə çatdıracağam, inşallah.

İmamın ən əsas dərslərindən və yanaşmalarından birini biz Fələstin hadisəsində müşahidə edirik. İmam, İslam hərəkatının başlandığı ilk gündən etibarən, Fələstin problemi üzərində təkidlə dayandı, bu barədə çıxışlar etdi, gələcək üçün təxminlərini və proqnozlarını söylədi, müsəlman xalqlara və Fələstin xalqının özünə tövsiyələr etdi, onlara yol göstərdi. İmamın Fələstinin gələcəyi barəsində əlli il və ya çox əvvəl söylədiyi təxminlər bu gün tədricən reallaşmaqdadır. İmamın Fələstin problemi barəsində uzaqgörənliyi olduqca mühüm məsələdir. Bir qədər irəlidə bu barədə danışacağam. Əlbəttə, İmamın hadisələr barəsində uzaqgörənliyi və təhlili təkcə Fələstin probleminə aid deyildir. Ölkə ilə bağlı bir çox aktual və mühüm hadisələr barəsində İmamın nəzəri, dəqiq baxışı və uzaqgörənliyi bunları eşidən insanların gözü önündəcə reallaşdı. Bunun saysız nümunələri vardır. Bir nümunə hərəkatın ilk günlərinə aiddir. İmamın rəhbərliyi ilə İslam hərəkatı özünün ilk addımlarını atdığı və tağut rejimin Qumun Feyziyyəsində, Qumun küçələrində və Tehranda hər bir etirazı zorakılıq və amansızlıqla yatırtdığı o gündə, mübarizəçilərin sayının az olduğu və qarşı tərəfin zalım və qəddar bir rejim olduğu bir şəraitdə İmam bizlərə – biz o gün gənc tələbələr idik – üz tutaraq dedi: “Bunlar gedəcəklər, siz qalacaqsınız”. (3) O gün siyasi analitiklər, ölkələrin müxtəlif hadisələrini, mübarizələrini və bu kimi hadisələri araşdıranlar bu sözə təəccüb edirdilər. İmam bu sözü dedi və bu, baş verdi.

Başqa bir nümunə kimi İmamın (r.ə) öz bərəkətli ömrünün axırlarında keçmiş sovet hakimiyyətinin başçısına ünvanladığı məktubda yazdıqlarını göstərmək olar. (4) Bu məktubun mətni tarixi sözlərdir. Keçmiş sovet hakimiyyətinin özünün iqtidar və etibarının zirvəsində olduğu bir vaxtda İmam dedi ki, kommunist rejiminin sümüklərinin sınmasının səsi eşidilir. O gün heç kim belə bir hadisəni təsəvvür edə bilmirdi. Amma İmam bu sözü dedi və çox keçmədi ki, onun proqnozu baş verdi.

Fələstin problemində də İmamın (r.ə) hadisələrə baxışı belə idi. Fələstin barəsində İmamın istəyinin xülasəsi bu idi ki, kompromis istiqamətli müzakirələrə ümid bəslənilməsin. Ümidvar olmasınlar ki, kompromis istiqamətli müzakirələr ilə fələstinlilərin problemini həll edə və Fələstin problemində ədalətli bir nəticə əldə edə biləcəklər. Bu, İmamın sözünün xülasəsi idi. Onun fikrincə, Fələstin xalqının özü əməl meydanında öz haqqını almalı və düşməni, yəni sionist rejimini geri çəkilməyə vadar etməli və onu zəiflətməlidir. Bütün dünya xalqları, xüsusilə də müsəlman ölkələr də fələstinliləri himayə etməlidirlər. İmam həmişə təkrarlayaraq bildirirdi ki, əgər xalqlar meydana daxil olsalar, fələstinlilərin özü hərəkətə keçsələr, sionist rejimi geri çəkilmək məcburiyyətində qalacaq. Bu gün bu hadisə baş vermişdir. İndi bu məsələni sizə izah edəcəyəm.

Fələstinlilər “Tufanul-əqsa” əməliyyatında meydana daxil oldular, hərəkətə keçdilər və düşməni meydanın elə bir küncünə sıxışdırdılar ki, qaçış və qurtuluş üçün bir yol qalmadı. Doğrudur, Amerika sionist rejimini himayə edir, bir çox qərb dövlətləri sionist rejimini himayə edirlər, amma eyni zamanda etiraf edirlər və bilirlər ki, sionist hökuməti üçün yaranan şəraitdə bu rejimin xilası üçün heç bir yol mövcud deyildir. Fələstin xalqının bu böyük hərəkatı barəsində mən burada bir neçə cümlə danışmaq istəyirəm.

“Tufanul-əqsa” əməliyyatında iki əsas məqam mövcuddur və bunlara diqqət olunmalıdır. İki əsas və mühüm məqam! Məqamlardan biri budur ki, ötən ilin mehr ayının 15-ində baş tutan “Tufanul-əqsa” əməliyyatı həmin vaxt regionun ehtiyac duyduğu bir hadisə idi. Bizim regionun bu əməliyyata ehtiyacı var idi. Bu hadisə regionun böyük bir ehtiyacına cavab oldu və mən bunu izah edəcəyəm. İkinci məqam odur ki, bu əməliyyat sionist rejiminə qarşı həlledici bir zərbə oldu. Elə bir zərbə ki, bunun heç bir əlacı, çarəsi yoxdur. Sionist rejimi bu zərbənin nəticəsində əsla qurtula bilməyəcəyi bəlalara düçar oldu.

Birinci məqamın – yəni “Tufanul-əqsa” əməliyyatının regionun ehtiyac duyduğu bir vaxtda baş verməsinin – izahı budur ki, Amerika, sionist ünsürlər və onların ardıcılları və regionun bəzi dövlətləri tərəfindən geniş və hərtərəfli bir plan hazırlamışdı. Bu hərtərəfli plana görə regionun siyasi əlaqələri və hesablamaları dəyişməli idi. Sionist rejiminin region dövlətləri ilə əlaqələri bu rejimin istəkləri əsasında tənzimlənməli idi. Bunun mənası isə sionist rejiminin Asiyanın qərb regionunun, hətta bütün İslam dünyasının siyasətinə və iqtisadiyyatına hakim kəsilməsi demək idi. Nəticəsi məhz belə olan geniş bir plan hazırlanmışdı. Bu planı çoxsayda müqəddimələrlə irəli apara bilmişdilər. Bu planın arxasında Amerika dayanmışdı, İngiltərə dayanmışdı, Beynəlxalq Sionist Təşkilatı dayanmışdı. Regionun bəzi dövlətləri bu planda cidd-cəhdlə onlarla həmkarlıq edirdi. Bu plan yekunlaşmaq üzrə idi. Yəni bu uzunmüddətli planın praktiki icrasına artıq bir şey qalmamışdı. Belə bir həssas vaxtda “Tufanul-əqsa” hücumu başlandı və düşmənin bütün planlarını alt-üst etdi. On beş mehr tufanı düşmənin böyük diqqətlə hazırladığı planı darmadağın etdi. Son səkkiz aydakı vəziyyət də göstərir ki, onların həmin planı yenidən dirçəldə biləcəklərinə elə də ümid yoxdur. Çox böyük və mühüm bir iş görüldü.

Sionist rejimin Qəzzanın müdafiəsiz əhalisinə qarşı bu həddə zorakılıq və qəddarlıqla hücumu, əslində, həmin planın alt-üst olmasına rejimin aqressiv reaksiyasıdır. Amerika dövlətinin bütün dünya xalqlarının gözü önündə bu cinayətlərə dəstək verməsi, əslində, böyük zəhmətlə hazırladıqları bu planın alt-üst olmasına görə onların aqressiv reaksiyasıdır. “Tufanul-əqsa” belə bir möcüzə yaratdı. “Tufanul-əqsa” tam öz vaxtında baş verdi. Əlbəttə, mən iddia edə bilmərəm ki, “Tufanul-əqsa” əməliyyatını hazırlayanlar necə böyük bir iş gördüklərini bilirdilər, yoxsa bilmirdilər. Mən bunu bilmirəm. Amma fakt budur ki, onların gördükləri bu işin yerini heç nə əvəz edə bilməz. Onlar Asiyanın qərb regionu üçün hazırlanan beynəlxalq bir təxribatı “Tufanul-əqsa” əməliyyatı vasitəsilə zərərsizləşdirdilər. Bu, birinci məqamın izahı.

İkinci məqama gəlincə, dedik ki, “Tufanul-əqsa” əməliyyatı sionist rejiminə qarşı həlledici bir zərbə oldu və onun fəsadlarını aradan qaldırmaq mümkün deyil. Bu zərbə sionist rejimini sonu parçalanma və məhvdən başqa bir şey olmayan bir yola saldı.  Hadisənin bu hissəsi barəsində çox danışmışıq. “Tufanul-əqsa” əməliyyatının baş verdiyi andan bu vaxtadək bu məsələ barəsində danışmışıq. (5) Bu gün mən başqalarının bu məsələ barəsindəki fikirlərindən danışmaq istəyirəm. Öz fikirlərimizi hələlik bir kənara qoyuruq; bu məsələyə yanaşması bizimlə eyni olmayan insanların fikirlərini diqqətinizə çatdırmaq istəyirəm.

Bütün qərb siyasi analitikləri, istər avropalı, istərsə də amerikalı, hətta sionist rejiminə bağlı olan analitiklər də bu qənaətdədirlər ki, sözügedən əməliyyatda sionist rejimi bu qədər zahiri güc və heybətinə baxmayaraq, Müqavimətin azsayda bir dəstəsi qarşısında ağır məğlubiyyətə uğrayıb. Onlar deyirlər ki, sionist rejimi “Tufanul-əqsa”dan səkkiz ay keçməsinə və göstərilən bu qədər səylərə rəğmən minimum hədəflərinin heç birinə nail olmayıb. Bunu qərb siyasi analitikləri söyləyir. Bir qərbli analitik isə bu qənaətdədir və belə deyir ki, “Tufanul-əqsa” elə bir hadisədir ki, iyirmi birinci əsri dəyişdirə bilər. Bu, tanınmış bir qərb analitikinin qənaətidir. Mən onların adlarını çəkmək istəmirəm. Bir analitik də başqa bir qərbli analitikə istinadən deyir ki, “Tufanul-əqsa” dünyanın gedişatını dəyişəcək. İsrail təhlükəsizlik orqanına mənsub bir analitik rejimin başçıları və yüksək vəzifəli şəxslərinin çaşqınlıq içində olduqlarını, özünü itirdiklərini və nə etməli olduqlarını bilmədiklərinə işarə edərək deyir: “Əgər İsrailin yuxarı vəzifəli məsullarının müzakirələri və fikirayrılıqları mediada yayılarsa, dörd milyon insan İsraili tərk edəcəkdir”. Əks mühacirət! Yəni İsrail hakimiyyət orqanları arasında çaşqınlıq və təlaş belə bir həddədir. Bir İsrail tarixçisi deyir – diqqət yetirin, bu, çox mühümdür: “Sionizm layihəsi özünün son nəfəslərini çəkir. Biz sionist rejiminin sonunun başlanğıcındayıq. Ordu İsrailin cənubunda və şimalında yəhudi icmasını qorumaqda məğlub olmuşdur”. Bunu bir sionist analitiki və tarixçisi deyir. Dünyanın ən güclü ordularından biri olduğunu iddia edən ordu, öz sərhədləri daxilində məğlubiyyətə uğrayıb. Kim tərəfindən məğlub olub? Güclü bir dövlət tərəfindənmi? Xeyr! Müqavimət dəstələrinə, Həmasa, Hizbullaha məğlub olmuşdur. “Tufanul-əqsa” belə bir hadisədir.

Bütün bunlardan əlavə, gözümüzün önündə olan və müşahidə etdiyimiz bir nüans da var və bu, Fələstin probleminin dünyanın birinci dərəcəli probleminə çevrilməsidir. Bu, olduqca mühümdür. Çünki Amerikaya və zəngin sionist mərkəzlərinə bağlı olan rəsmi medialar təbliğat vasitəsilə uzun illər çalışıblar ki, Fələstin adı və Fələstin problemi getdikcə öz əhəmiyyətini itirsin və unudulsun, insanlar “Fələstin” adlı bir məsələnin olduğunu belə unutsunlar! Bu məqsədlə illərcə səy göstərib, pul  xərcləyiblər. Amma onların bütün səylərinə rəğmən, bu gün Fələstin problemi dünyanın birinci dərəcəli probleminə çevrilmişdir. Londonun küçələrində, Parisin meydanlarında, Amerikanın universitetlərində Fələstin xalqının xeyrinə və sionist rejiminin əleyhinə şüarlar səsləndirilir. Amerika da dünya xalqlarının beynəlxalq ictimaiyyəti qarşısında geri addım atmağa məcburdur və gec, ya tez öz yardım əlini sionist rejiminin kürəyindən götürməyə məcbur olacaqdır.

Əlbəttə, Qəzza faciəsi, Qəzzadakı ürək dağlayan hadisələr, o cümlədən müdafiəsiz insanlara hücum, qırx minə yaxın insanın qətliamı, təxminən on beş mindən çox uşağın – bəzilərinin körpə, bəzilərinin südəmər olduğu uşaqların – öldürülməsi kimi faciələr vardır. Bunlar Fələstin xalqının qurtuluş yolunda verdiyi qurbanlardır. Buna rəğmən, onlar dirəniş göstərir və öz qəhrəmanlarını, müqavimət döyüşçülərini müdafiə edirlər. Fələstin xalqı bütün bu problemlərə və çətinliklərə baxmayaraq, müqavimət dəstələrindən üz döndərmədi. Onlar dini iman və Quran ayələrinə olan inancları sayəsində müqavimət dəstələrini müdafiə edirlər. Bu məqam olduqca önəmlidir.

Reallıq budur ki, sionist rejimi böyük müqavimət cəbhəsinin gücü və imkanları barəsində səhv hesablama aparıb. Artıq bu gün regionumuzda “Müqavimət Cəbhəsi” adlı böyük bir cəbhə mövcuddur. Bu cəbhənin bir çox imkanları var. Sionist rejimi bu həqiqəti dərk etməkdə səhvə yol verdi. O, öz əli ilə özünü məğlubiyyətin ard-arda gələcəyi çıxılmaz bir dalana saldı. Allahın güc və qüdrəti sayəsində, o, bu dalandan xilas ola bilməyəcəkdir. Bu gün sionist rejimi dünya xalqlarının gözü önündə yavaş-yavaş əriyib qurtarır. Bunu dünya xalqları görür. Əlbəttə, təbliğatlarda bunun əksi deyilir, amma reallıq bundan ibarətdir. Bunu həm onların özü, həm də bir çox dünya siyasətçiləri bilir. Xalqların əksəriyyəti bunu başa düşürlər, Fələstin xalqı da bunu başa düşür. Bu danışdıqlarım bu gün müzakirə etmək istədiyim birinci hadisə, yəni Fələstin və “Tufanul-əqsa” hadisəsi barəsində idi.

İkinci mühüm hadisə isə dəyərli, əziz və işgüzar ölkə başçımız və onunla birlikdə olan şəxslərin – onların da hər biri öz növbəsində dəyərli şəxslər idi – ürək yandıran şəhadətidir. Yaxından tanıdıqlarım arasında Təbriz şəhərinin fəal, xalqa yaxın və ləyaqətli imam-cüməsi, mühüm bölgələrdən biri olan Şərqi Azərbaycanda Aliməqamlı Rəhbərin nümayəndəsi mərhum Ali-Haşim camaat ilə, gənclərlə, tələbələrlə, incəsənət adamları ilə, idmançılarla, cəmiyyətin bütün təbəqələri ilə səmimi və işgüzar münasibətlər qururdu. Həqiqətən də dəyərli bir şəxsiyyət idi. Mərhum Xarici İşlər Naziri cənab Əmir Abdullahiyan da fəal, işgüzar, təşəbbüskar, güclü müzakirə qabiliyyəti olan bir şəxs idi. Onun müzakirələrinin bəzisini izləmişdim. Prinsiplərə bağlı, rasional siyasət yürüdə bilən, güclü müzakirə bacarığı olan bir insan idi. Bunlar yaxından tanıdığım insanlar idilər. Başqaları da, həm Şərqi Azərbaycan bölgəsinin valisi, həm ölkə başçısının mühafizəçisi olan qardaşımız, həm də digər üç nəfər uçuş personalı olan əzizlərimizin hamısı – onları tanıyan adamların dediklərinə görə – ləyaqətli, seçkin və mömin insanlar olublar. Onların itkisi ölkə üçün həqiqətən də bir xəsarət oldu.

Bəs görəsən, müsibət baş verdikdə biz necə davranmalıyıq? Bu, mühümdür. Mövzuya girməzdən əvvəl bu böyük itkini bu ayə ilə nurlandırmaq istəyirəm:

وَ لَا تَقُولُوا لِمَنْ یُقْتَلُ فِی‌ سَبِیلِ اللهِ اَمْوَاتٌ بَلْ اَحْیَاءٌ وَ لکِنْ لَا تَشْعُرُونَ

“Allah yolunda öldürülənlərə ölü deməyin. Çünki onlar diridirlər, siz dərk etmirsiniz”. (6) Bu ayədən əvvəlki və ya sonrakı ayələrdə hərbi fəaliyyətdən, döyüşdən və bu kimi məsələlərdən söhbət getmir. Ayədə “Allah yolunda” ifadəsi işlənib. Ayədəki “Allah yolunda öldürülənlər” ifadəsinin döyüş meydanında öldürülmək anlamında olduğunu iddia edə bilmərik, çünki ayədə buna işarə edəcək heç bir məqam yoxdur. Amma “Ali-İmran” surəsinin bu ayəsi – وَ لا تَحْسَبَنَّ الَّذِینَ قُتِلُوا... (7) cihad məsələləri əsnasında yerləşib. Yuxarıdakı ayə isə ümumi mənada işlənib. Buyurulur ki, “Allah yolunda öldürülənlər”. Xalqa xidmət edənlərin yolu Allahın yoludur. Xalq üçün çalışmaq Allah yoludur. İslam ölkəsinin idarəçiliyi üçün görülən işlər Allah yoludur. İslam hökümətinin inkişafı istiqamətində görülən işlər Allah yoludur. Dəyərli cənab Rəisi və yoldaşları ölkənin inkişafı uğrunda, xalqa xidmət yolunda, İslam hökümətinin tərəqqisi yolunda öldükləri üçün bu ayə (birinci ayə) onlara şamil olur. Onları ölü hesab etməyin, əksinə, onlar diridirlər. Şəhidlər barəsində işlənən ifadə, onlar barəsində də işlənir. Buna əsasən, xalqın da dediyi kimi, biz onları “Xidmət şəhidləri” hesab edirik. “Şəhid prezident”, “Xidmət şəhidi” ifadələri xalqın ürəyindən gələn sözlər idi. Bu, çox dəyərlidir. Bəli, bu müsibət ölkə üçün çox ağır idi.

Bir neçə kəlmə mərhum ölkə başçımızın özü haqqında, bir neçə kəlmə də millətimiz haqqında və bu müsibətdə necə davranmaları barəsində danışmaq istəyirəm. Bu hadisələr bizim üçün bir dərsdir, biz bu hadisələrdən dərs almalıyıq.

Dəyərli ölkə başçımız haqqında (Allah ona rəhmət etsin) hamı etiraf etdi ki, o, iş, əməl, xidmət adamı idi, səmimi və dürüst insan idi. Hamı bunu etiraf etdi. O, gecə-gündüz bilməzdi. Ölkəyə xidmətdə yeni bir meyar yaratdı. Bizim əvvəllər də dövlətə xidmət göstərən şəxsiyyətlərimiz olub, amma bu dərəcədə, bu həcmdə, bu keyfiyyətdə, bu sədaqətdə, bu işgüzarlıqda və gecə-gündüz tanımayan bir xadimimiz olmayıb. Cənab Rəisi (Allah ona rəhmət etsin) xalqa xidmət yolunda yeni bir meyar yaratdı. Xarici siyasətdə yaranan fürsətlərdən ən yaxşı şəkildə istifadə etdi. Onun xarici səfərlərinin həm ölkənin bu günü üçün, həm də gələcəyi üçün bir sıra faydalı nəticələri oldu. O, İranı beynəlxalq siyasətçilərin gözündə daha da böyütdü, daha da ucaltdı. Özünün xarici çıxışlarında İran İslam İnqilabını, İran xalqını layiqincə tanıtdı. Elə ona görə də, bu gün onun haqqında danışan siyasətçilər onu görkəmli şəxsiyyət kimi anırlar. Uzun illər xarici siyasətlə məşğul olan bizim kimi insanlar üçün bu cür yanaşma yeni və qiymətlidir. Onun idarəçilik tərzi həmkarları arasında özünəməxsus idi, səmimi idi. Onun həmkarları ilə, nazirlərlə, dövlət məsulları ilə münasibəti səmimi və dostcasına idi. Xalqa ehtiramla yanaşırdı. İnsanlara, gənclərə fikir bildirmələri üçün zəmin yaradırdı. Xalqın hörmətini saxlayırdı, gənclərə etimad göstərirdi, onlara hörmət edirdi. Ona qarşı pislik edənlər ilə hörmətlə rəftar edirdi. Hətta ona qarşı təhqirə yol verənlərə sərt və xoşagəlməz cavab verməz, aqressiv davranmazdı. Digər tərəfdən, İnqilab düşmənlərinə qarşı sərhədləri aydın idi. İnqilaba qarşı çıxanlarla, inqilab düşmənləri ilə ikibaşlı deyil, açıq-aydın və qətiyyətlə danışardı. Düşmənin təbəssümünə aldanmazdı. Bunlar bir dəyərdir, bir dərsdir. Bu keyfiyyətlərin hər biri siyasətçilərimiz üçün, ölkənin gələcək prezidentləri üçün, hər hansı bir postda xalqın güvəndiyi şəxslər üçün bir örnəkdir.

Əzizimiz Rəisinin ölümündən sonra təxminən bütün qəzetlərdə, bütün mətbuatda, sosial şəbəkələrdə müxtəlif cərəyanlardan olan şəxslərin onun göstərdiyi xidmətlər və gecə-gündüz çəkdiyi zəhmətlər haqqında danışdıqları, onu təriflədiklərinin şahidi oldum. Ürəyim yandı. Mənim Rəisiyə ürəyim yandı. Bu adamların bəziləri o həyatda ikən bu sözlərdən birini belə, demək istəmirdilər. O, həyatda ikən onun bu keyfiyyətlərini görürdülər, amma gizlədirdilər, hətta bunların əksini deyib, onu incidirdilər. Təbii ki, o, çox vaxt bunlara cavab vermirdi, amma bəzən mənim yanıma gəlib bir az gileylənirdi. Allah-Təala bu əziz və dəyərli insana uca dərəcə nəsib etsin. Allah-Təala onun yoldaşlarını da uca dərəcə ilə mükafatlandırsın və onların ailələrinə səbir versin. Bu da bu əzizlər haqqında demək istədiklərim idi.

Xalqa gəlincə, məsələnin xalqa aid olan tərəfi, mənim fikrimcə, diqqətəlayiq idi. Bəli, agır müsibət idi. Bəs bu cür ağır müsibət qarşısında necə davranmalıyıq? Müsibətlər qarşısında, istər şəxsi, istərsə də milli müsibətlər qarşısında reaksiyamız necə olmalıdır? Müsibət qarşısında göstərilən reaksiyalardan biri depressiyaya düşmək və təcrid olmaqdır, yəni sınaraq ümidi itirməkdir. Bu, göstərilən reaksiyanın bir növüdür. Müsibət qarşısında göstərilən digər bir reaksiya isə dirəniş göstərməkdir. Qurani-Kərimdə buna “səbir” deyilir. “Səbir” –  müsibət qarşısında dirənişdir. Hətta səbir etməkdən əlavə, baş verən müsibəti bir fürsətə çevirəsən, tarix yazasan və acı hadisədən şirin nəticələr əldə edəsən. İran xalqı ikinci yolu seçdi. Bu acı hadisə qarşısında tarix yazdı. Əzizlərlə vidalaşarkən bu izdihamlı cəmiyyət, İran xalqının sərgilədiyi bu qeyri-adi qəhrəmanlıq səlnaməsi xalqın dəyərli işlərindən biridir.

Xalqımız həm inqilab illərində, həm də inqilabdan sonra bir çox böyük işlər görmüşdür. Bu böyük işlərdən biri şəhid Süleymaninin, şəhid Rəisinin və başqa əzizlərin hüzn mərasimində xalqın izdihamlı toplantısıdır. Tehran, Məşhəd, Təbriz, Qum, Rey (iki gün ardıcıl olaraq), Zəncan, Marağa, Nəcəfabad və Bircənddə xalqın bu milyonluq izdihamı, bu qəhrəmanlığı onu göstərir ki, xalq bu cür müsibətlər qarşısında nəinki məğlub olmur, əksinə, onun dirənişi və stimulu daha da artır.

Bu emosional izdiham özündə bir sıra mesajları ehtiva edirdi. Mesajlardan biri bu idi ki, İran xalqı stimul dolu, yorulmaz, dirənişli və ayıqdır, müxtəlif hadisələrdə öz varlığını və motivasiyasını nümayiş etdirir. Digər bir mesaj bu idi ki, xalq ilə ölkənin yüksək vəzifəli məsulları arasında duyğusal bir bağlılıq və sevgi mövcuddur. Bu, düşmənin aşılamaq istədiyi fikrin tam əksidir. Xarici düşmənlər daim: “İslam hökuməti xalq dayağını itiribdir” – iddiasını edir və təəssüflər olsun ki, daxildəki bəzi fərdlər də onların bu sözünü təkrarlayırlar. Xeyr, belə deyildir. Öz ölkə başçısını itirdiklərinə görə vida mərasimi üçün milyonlarla insanın küçələrə axışması, elə xalq dayağıdır. Dünyanın heç bir yerində bunun analoqu görünməyib.

Dünyanın heç bir yerində, heç bir ölkəsində bunun bənzəri görünməyib. Əlbəttə, xalqı tərəfindən sevilən bəzi ölkə başçıları olub, onların ölümünə görə xalqı onlara matəm saxlayıb. Bununla bağlı mən bəzi məqamları xatırlayıram, amma bizim ölkədə baş verənlər ilə qətiyyən müqayisə oluna bilməz. Burada xalq bu cür əzəmətlə, bu cür izdihamla meydanlara axışdı. Bu davranış misilsiz idi. Dünyanın heç bir yerində belə bir şey görünməmişdir. Bu, xalq ilə dövlət rəsmiləri arasındakı, xalq ilə komandirlər arasındakı münasibətin göstəricisidir. İmamın (r.ə) vida mərasimi isə tam başqa bir hadisə idi. Onun vida mərasimində yaşananlar başqa bir reallığı əks etdirirdi. Cənab Süleymani, cənab Rəisi kimi məsul şəxslərlə də xalq bu cür vidalaşdı.

Bu izdihamın verdiyi digər bir mesaj isə xalqın inqilab şuarlarını dəstəkləməsidir. Bu həqiqəti gizlədə bilməzlər. Mərhum Rəisi (Allah ondan razı olsun) özü də inqilab şüarlarını açıq-aydın verirdi. O, inqilab şüarlarının təcəssümü idi. Xalq ona öz hörmətini nümayiş etdirdikdə, əslində, inqilab şüarlarına olan bağlılıqlarını ifadə edirlər. Çünki Rəisi inqilab şüarlarının təcəssümü idi.

Başqa bir məqam da bundan ibarətdir ki, xalq ona xidmət göstərənlərin qədrini bilir. Qoy bunu bizim məsul şəxslərimiz bilsinlər, diqqətdə saxlasınlar. Məsullar elə düşünməsinlər ki, etdikləri hansısa xidməti xalq yaddan çıxaracaq. Xeyr! Xalq xidmət edəni tanıyır, bunu başa düşür və onların qədrini bilir. Bu cür qiymətləndirmə isə xidmət göstərən məsulları motivasiya edir. Xalq izdihamının verdiyi bu mesajlar regionun siyasi balansının təyinində mühüm rol oynayacaq. Bunlar regionun gücünün müəyyənləşdirilməsində və əsas güc balansının bölüşdürülməsində öz təsirini göstərəcək. Tanınmış beynəlxalq siyasi analitiklər və siyasətçilər baxıb görsünlər ki, İran xalqı bu cür motivasiyalıdır, sevgi doludur, bu cür aktivdir, bu cür hazırlıqlıdır və bu cür işgüzardır. Bu xüsusiyyətlər İran və iranlı gerçəkliyini dünyada nümayiş etdirir.

Başqa bir önəmli məqam da budur ki, ölkə öz Prezidentini itirməsinə baxmayaraq, daxili asayişi və təhlükəsizliyi tam şəkildə qoruya bildi. 

Hörmətli bacı və qardaşlar, mənim demək istədiklərim bu qədər idi. Bir neçə kəlmə də prezident seçkisi haqqında demək istəyirəm. Qarşıdan gələn seçki böyük işdir. Bu seçki uğurlarla dolu bir hadisədir. Qarşımızdakı seçki, inşallah, əgər yaxşı, möhtəşəm və izdihamlı keçərsə, İran xalqı üçün böyük bir nailiyyət olacaq. Belə acı hadisədən sonra xalqın toplaşıb səs çoxluğu ilə növbəti ölkə başçısını seçməsi dünyada qeyri-adi rezonans doğuracaq. Odur ki, bu seçki olduqca mühümdür. Seçkilərdə iştirak edib, qəhrəmanlıq tarixi yaratmaq, həqiqətdə şəhidlərin vida mərasimində göstərilən qəhrəmanlığın ardı deməkdir. Bu, daha əvvəl şəhidlərlə vidalaşarkən sərgilənən işin tamamlanmasıdır. Mürəkkəb beynəlxalq balanslardakı maraqlarını qorumaq, strateji dərinliyini bərqərar etmək, təbii və insani potensiallarını aşkarlamaq və xalqın maddi rifahını yüksəltmək, eyni zamanda iqtisadi və mədəni boşluqları doldurmaq üçün İran xalqının fəal, işgüzar, ayıq və İslam İnqilabının prinsiplərinə bağlı olan ölkə başçısına ehtiyacı vardır. 

Axırıncı tövsiyəmi də dinləməyinizi istəyirəm. Baş tutacaq bu böyük işdə namizədlər arasındakı rəqabətlərdə əxlaq normalarının hakim olması vacibdir. Təhqir etmək, böhtan atmaq, çamır atmaq işlərin irəliləməsinə heç bir kömək etmir, eyni zamanda milli heysiyyəti də ləkələyir. Seçkilər – qüdrətə sahib olmaq üçün çəkişmə meydanı deyildir, əksinə, izzət, qəhrəmanlıq və xidmət göstərmək üçün rəqabət meydanıdır. Odur ki, seçki rəqabətlərinə qatılan şəxslər bu dəyərləri öz vəzifələri bilib, onlara əməl etməlidirlər. İnşallah, Allah-Təala xalqı ən yaxşı seçimə doğru yönəltsin və İran xalqına layiqli ölkə başçısı təyin edilsin. 

Allahın salamı, bərəkəti və rəhməti üzərinizə olsun.

____________________________

(1) İnqilabın Aliməqamlı Rəhbərindən əvvəl İmamın (r.ə) ziyarətgah kompleksinin rəhbəri Hüccətül-İslam Seyid Həsən Xomeyni məruzə ilə çıxış etmişdir.
(2) İran prezidenti Hüccətül-İslam vəl-müslimin cənab Seyid İbrahim Rəisi, Xarici İşlər Naziri cənab Hüseyn Əmir Abdullahiyan, Aliməqamlı Rəhbərin Şərqi Azərbaycan bölgəsi üzrə nümayəndəsi Hüccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim, Şərqi Azərbaycan bölgəsinin valisi cənab Malik Rəhməti, prezidentin mühafizə bölməsinin komandiri, briqada generalı cənab Seyid Mehdi Musəvi, ikinci briqada pilotu Seyid Tahir Mustəfəvi, ikinci briqada pilotu Möhsin Dəryanuş, texniki işlər üzrə ikinci polkovnik leytenant Behruz Qədiminin 30/2/1403 tarixində Şərqi Azərbaycan bölgəsinin Vərziqan şəhərində şəhadətləri ilə nəticələnən helikopter qəzasına işarə edilir. 
(3) “Səhifeyi-Emam”, c. 2, səh. 130,  İmam Xomeyninin Qum, Məşhəd və Tehran Dini elmlər hövzələrinə mesajı (27/1/1346) 
(4) “Səhifeyi-Emam”, c. 21, səh. 220, İmam Xomeyninin SSRİ-nın birinci katibi Mixail Qorbaçova məktubu (11/10/1367)
(5) O cümlədən, İİR Ordusunun hərbi akademiyalarının məzunlarının dördüncü birgə andiçmə buraxılış mərasimində etdiyi çıxışdan (18/7/1402), Qlobal İmperializmə Qarşı Mübarizə günü münasibətilə şagird və tələbələrlə görüşü zamanı etdiyi çıxışdan (10/8/1402), “Bəsic Həftəsi” münasibətilə ölkə bəsiciləri ilə etdiyi çıxışdan (8/9/1402) 
(6) “Bəqərə” surəsi, ayə 154
(7) “Ali İmran” surəsi, 169-cu ayədən