Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin həcc ziyarətindən öncə ölkə üzrə həcc təşkilatçıları və Allah evinin bir qrup ziyarətçiləri ilə görüşü zamanı etdiyi çıxış

Rəhman və rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox-çox pakizə və pak, məsum Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Əziz qardaşlar, bacılar – bu il Kəbə evini, möhtərəm İslam Peyğəmbərinin (s) və Bəqi qəbristanlığındakı İmamların (ə) pak məzarlarını görməklə gözləri işıqlanacaq xoşbəxt hacılar, ziyarətçilər – həmçinin həcc ziyarətinin təşkilinə, hacılara göstərilən xidmətlərə cavabdeh olan qurumların rəsmiləri çox xoş gəlmisiniz. Həcc ziyarətinin təşkilatçılarına səmimi qəlbdən təşəkkür edirəm, onların çəkdiyi zəhmətlər həqiqətən dəyərlidir. Həccin İslam dininin tələb etdiyi qanunlara uyğun, mənəvi cəhətdən əzəmətli və sağlam bir şəkildə həyata keçirilməsi, həqiqətən də böyük bir uğurdur. Onun mühüm bir hissəsi sizin – Həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilərin üzərinə düşür. İnşallah, Allah sizdən qəbul etsin və sizi qorusun.

Həcc haqqında çox danışılıb; böyüklər danışıblar, başqaları danışıblar. Biz də bəzi məsələləri qeyd etmişik. Amma həclə bağlı danışılası çox sözlər, mövzular, məsələlər var. Məsum İmamdan (ə) da bu məzmunda bir hədis var. Ravi İmama deyir ki, “İllərdir sizdən həcclə bağlı suallar soruşuruq, siz isə həmişə yeni məsələlər anladırsız”. İmam (ə) deyiləni təsdiq edir, ona müvafiq cavabı verir.

Bu gün demək istədiyim budur ki, həcc çox qatlı, çox yönlü və  çox məzmunlu bir vacib ibadətdir. Onun həm mənəvi yönü, həm də maddi yönü müxtəlif cəhətlərə malikdir. Amma mən hesab edirəm ki, iki incə məqam həccin ən üstün cəhətlərindəndir: bir məqam – elm, mərifət, əzmkarlığın mənbəyi olan – insanın daxili, batini, ruhu ilə bağlıdır, digər məqam isə insanın ictimai həyatı ilə bağlıdır.

İnsanın daxili, batini, tərbiyəsi, əzmkarlığının formalaşması və düzgün iradəsinə aid olan məqam – “zikr” məsələsidir. Həcdə zikr çox mühüm bir məsələdir. Baxın, Həccin əvvəlindən sonuna qədər, ehramdan, ehramın ilkin mərhələlərindən tutmuş ümrə ayini, həccin ehram və vüqufuna qədər bütün ayinləri və digər əməlləri başdan-başa zikr və Uca Yaradanın xatırlanması ilə müşayiət olunur. Buna görə də Qurani-Kərimdə həccin bu cəhətindən bəhs edən ayrı-ayrı yerlərində “zikr” göstərişi verilmişdir. Həmin ayələri oxudular. O cümlədən bu ayələr: 

“فَاِذا اَفَضتُم مِن عَرَفاتٍ فَاذکُرُوا اللَّهَ عِندَ المَشعَرِ الحَرام”
“Ərəfatdan qayıdarkən Məşərül-haramda Allahı yad edin” (2)

“وَ اذکُرُوا اللَّهَ‌ فی‌ اَیّامٍ‌ مَعدودات‌”
“Müəyyən günlərdə Allahı yad edin” (3)

“فَاذکُرُوا اللَّهَ کَذِکرِکُم آباءَکُم”
“(Həcc) əməllərinizi bitirdikdə (vaxtilə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da artıq Allahı yad edin” (4)

“فَاذکُرُوا اسمَ اللَّهِ عَلَیها صَوَافّ”
“Sıra ilə düzüldükləri halda üzərlərində Allahın adını çəkin” (5)

Hamısı zikrdir – istər təvaf olsun, istər səy, istər təvaf namazı, istər Ərəfatın dayanacaqları, istərsə də Minanın əməlləri – həcc başdan-başa zikrdir, Allaha diqqətdir. Bu zikr həyat mənbəyidir; həccin mühüm olan cəhəti budur. Qəlbimizdə Allahı xatırlayarıqsa, Allahı xatırlamaqla qəlbimizə Allah qorxusu işıq salarsa, bu bizim həyatımızın hərəkət istiqamətində, iradəmizdə, əzmimizdə, böyük qərarlarımızda təsir qoyacaq. Böyük və əsaslı işlər görməyə ehtiyacı olan bir xalq Allahın zikri ilə munis olmalıdır.

Biz bəzən hörmətli hacılara, Məkkə və Mədinədə olan əzizlərimizə tapşırırıq ki, hər yerdə olan şeylərin deyil, yalnız o yerlərdə olan şeylərin fikrində olsunlar. Bazar-dükan hər yerdə var, göz oxşayan, göz qamaşdıran cinslər, cürbəcür əşyalar hər yerdə var. Hər yerdə olmayan şey Kəbədir, Məscidül-haramdır, təvafdır, Peyğəmbərin (s) pak məzarını ziyarət etməkdir. Bunlar yalnız oradadırlar. Orada olduğunuz bu bir neçə gündə bütün bunları qənimət bilin, bunun qədrini, dəyərini bilin. Bunu ona görə israrla vurğulayırıq ki, əgər xatırlasaq, əgər Allahı yad etsək, “fəlah”a yetişərik: 

“فَاذکُرُوا اللَّهَ کَثیراً لَعَلَّکُم تُفلِحون”
“Allahı çox xatırlayın ki, nicat tapasınız!”(6)

Zikrdən sonra nicat gəlir. “Fəlah” təkcə mənəvi və ruhi nicat deyil. “Fəlah” müvəffəqiyyət və nicatdır, yəni bütün işlərdə məqsəd və hədəfə yetişməkdir. Bunlar zikrdən qaynaqlanır; insanın daxili aləmi ilə bağlı olan həccin vacib elementidir, insan həyatının qurucusudur.

İctimai mühitə aid olan məsələ isə vəhdət, birlik məsələsidir, bütövlük, tamlıq, həmrəylik, müsəlman xalqlarla ünsiyyət və əlaqə məsələsidir. Bu, həcdə çox mühüm bir məsələdir. Biz dəfələrlə təkrar etmişik ki, Allah-Təala həzrət İbrahim (ə) vasitəsilə təkcə xüsusi bir dəstəni deyil, hər kəsi həccə dəvət edib: 

“وَ اَذِّن فِی النّاسِ بِالحَجّ
“İnsanları həccə çağır” (7)

Buyurur ki, insanları – bütün insanları, bəşəriyyətin bütün fərdlərini həccə çağır. Allahın hər il bütün insanları müəyyən günlərdə, konkret bir məkana çağırmasının mənası nədir? Mənası budur ki, Allah – təşrii iradəsi ilə – bütün müsəlmanların bir-birlərinə yaxınlaşmasını, bir-birlərini tanımalarını, həmfikir olmalarını, birlikdə qərar qəbul etmələrini istəyir. Bu gün bizim böyük boşluğumuz “Birlikdə qərar qəbul edin”dir. Bir yerə toplaşın; bu toplaşma İslam dünyası, hətta bəşəriyyət üçün arzuolunan bir nəticə versin. Biz bunu istəyirik. Təbii ki, bunun da müqəddiməsi qarşılıqlı anlaşmadır, milli fərqlilikləri aşmaqdır, məzhəb və firqə fərqliliklərini aşmaqdır. İslamda müxtəlif məzhəblər var. İslam ümməti ardıcıl olaraq hər il eyni yerdə, eyni vəziyyətdə, eyni formada, eyni hərəkət forması ilə bir nöqtədə – həcdə toplaşırlar. Bu, ilahi toplantıdır. Bu, İslami toplantıdır. Bu, həccin bariz və aydın siyasi yönüdür. Bu, iki məqam – həm zikr, həm də İslami vəhdət – həcdə mövcuddur. Əlbəttə, Quranda, əziz İslam Peyğəmbəri (s) və İslam öndərlərinin kəlamlarında təfriqənin olmaması təkcə həccə məxsus deyil.

وَ اعتَصِموا بِحَبلِ اللَّهِ جَمیعاً وَ لا تَفَرَّقوا”
“Hamılıqla Allahın ipinə möhkəm sarılın və parçalanmayın!” (8)

Quranın müxtəlif ayələri müsəlmanlara təfriqəni, bir-biri ilə düşmənçilik etməyi və bu kimi məsələləri qadağan edir. Bəli, indi bu, həccin iki üstün cəhətidir.

Həcdən danışarkən həzrət İbrahimin (ə) mübarək adının qətiyyən unudulmamasına da toxunmaq istəyirəm. Quranda həzrət İbrahim (ə) tərəfindən bizə çoxlu dərslər verilmişdir. Quran bunları nəql edir. Bunlardan biri həccə dəvət, digəri isə insanlara göstərişdir:

“اَذِّن فِی النّاسِ بِالحَجّ‌”
“İnsanları həccə çağır...” (9)

وَ اتَّخِذوا مِن مَقامِ اِبراهیمَ مُصَلًّی
“İbrahimin durduğu yeri özünüzə ibadətgah edin!” (10)

“عَهِدنا اِلیٰ‌ اِبراهیمَ وَ اِسماعیلَ اَن طَهِّرا بَیتِیَ لِلطّائِفینَ وَ العاکِفینَ وَ الرُّکَّعِ السُّجود”
“İbrahimə və İsmayıla da: “Evimi (Kəbəni) təvaf edənlər, yaxınlıqda olanlar, rüku və səcdə edənlər üçün təmizləyin", – deyə əmr etdik” (11)

Onun durduğu yerdə namaz qılın, oranı namaz qılmaq üçün yer seçin göstərişi var. Onlara əmr edilən bu paklama göstərişindən hiss olunur ki, bu yerdə həzrət İbrahimdən (ə) əvvəl də müəyyən problemlər olub. O həzrət Kəbə evinin qaydalarına (12) riayət edib, Kəbə evinin divarlarını inşa etməklə yanaşı təmizləmə işləri də aparmışdır; onu tarixdə və hədislərdə bizə dəqiq aydın olmayan çirkinliklərdən təmizləmişdir. Bu cəhətdən sizə bildirirəm ki, builki həccimiz həzrət İbrahimin bizə verdiyi təlimlərə əsasən “müşriklərə nifrət və etiraz” həccidir. Əlbəttə, İnqilabın ilk günlərindən “müşriklərə nifrət və etiraz” olub; İnqilabın ilk günlərindən həcdə “müşriklərə nifrət və etiraz” olmuş və davam etdirilmişdir; bu, qalmalı və olmalıdır. Amma builki həcc xüsusi olaraq “müşriklərə nifrət və etiraz” həccidir.

Qəzzada baş verən bu heyrətamiz, böyük hadisələr, Qərb mədəniyyətindən qaynaqlanan bir sistemin qana susamış simasının aşkara çıxması bu gün və bu günlərdə diqqət yetirməli olduğumuz məsələlər deyil; bu, tarixdə qalacaq. Bu gün Qəzzada və Fələstində baş verənlər, quduz, qaniçən sionist itinin vəhşicəsinə hücumları bir tərəfdən, Qəzza əhalisinin məzlumiyyəti, eyni zamanda da müqaviməti digər tərəfdən. Hər biri tarixdə böyük bir işarədir, tarixdə bir göstəricidir ki, tarixdə qalacaq. Bunlar bəşəriyyətin gələcəyinə yol göstərəcək mühüm göstəricilərdir. Gördüyünüz kimi, elə bu günün özündə bu hadisənin qeyri-müsəlman cəmiyyətlərdə yaratdığı rezonans heyrətamiz, görünməmiş bir hadisədir. Bu gün ABŞ və digər ölkələrin universitetlərində baş verən hadisələrin (13) analoqu olmayıb. Hətta bir nəfər iddia etsəydi ki, bir gün belə bir iş baş verəcək, heç kəs inanmazdı. Belə bir işin olacağını heç kəs güman etməzdi. Bu, bunların göstəricilər olduğunu göstərir.

Yaxşı, bizim vəzifəmiz nədir? Həzrət İbrahimdən öyrənək. Diqqətinizdə olsun, həzrət İbrahim (ə) mərhəmətli peyğəmbərlərdən olmuşdur. Peyğəmbərlər hamısı əxlaqi xüsusiyyətlər baxımından eyni olmayıblar. Həzrət İbrahim (ə) çox mərhəmətli olub. Məsələn, mələklər Lutun məmləkətinə əzab endirmək üçün getmək istədikdə, həzrət İbrahim onlarla danışıq aparır ki, bəlkə onlara rəhm edəsiniz:

یُجادِلُنا فی‌ قَومِ لوط“(14)

Bu o deməkdir ki, o, onlara rəhm etmələri üçün Allahın mələkləri qarşısında vasitəçilik və şəfaət etmək istəyib. Yəni o, belə bir varlıqdır. (Digər peyğəmbərlərin bəzisində vəziyyət başqa cürdür. İndi həzrət İbrahim haqqında danışmaq istəyirəm). “İbrahim” surəsində “mənə tabe olanlar, mənim sözlərimə çox yaxşı tabe olanlar mənim ardıcıllarımdır” deyir:

فَمَن تَبِعَنی‌ فَاِنَّهُ مِنّی وَ مَن عَصانی‌ فَاِنَّکَ غَفورٌ رَحیم“ (15)

Amma demir ki, ey Rəbbim! Mənim sözlərimə tabe olmayanları islah et, ya hidayət et, ya əzaba düçar et. Deyir ki, “فَاِنَّکَ غَفورٌ رَحیم” onlara rəhm et, onları bağışla. Belə mərhəmətli və mehribandır. İslamla düşmənçiliyi olmayan qeyri-müsəlmanlara gəlincə isə, “Mumtəhinə” surəsində həzrət İbrahim haqqında olan ayələrin ardınca yenə də həzrət İbrahimə aid olduğu məlum olan ayələrdə belə deyilir: 

لا یَنهاکُمُ اللهُ عَنِ الَّذینَ لَم یُقاتِلوکُم فِی الدّینِ وَ لَم یُخرِجوکُم مِن دِیارِکُم اَن تَبَرّوهُم وَ تُقسِطوا اِلَیهِم اِنَّ اللهَ یُحِبُّ المُقسِطین“ (16)

Yəni sizinlə eyni dində olmasa da, sizinlə döyüşməyənlə ədalətli davranın, insaflı davranın, ona yaxşılıq edin; sizinlə döyüşməyən, sizinlə işi olmayan, sizə əziyyət verməyən qeyri-müsəlmanla bu cür davranın.

İbrahim belə bir şəxsiyyətdir; günahkarla elədir, qeyri-müsəlmanla belədir. Amma görün həmin İbrahim digər camaata qarşı necə davranır: 

قَد کانَت لَکُم اُسوَةٌ حَسَنَةٌ فی‌ اِبراهیمَ وَ الَّذینَ مَعَهُ اِذ قالوا لِقَومِهِم اِنّا بُرَآؤُا مِنکُم وَ مِمّا تَعبُدونَ مِن دونِ اللَّهِ کَفَرنا بِکُم وَ بَدا بَینَنا وَ بَینَکُمُ العَداوَةُ وَ البَغضاءُ اَبَداً حَتّیٰ تُؤمِنوا بِاللَّهِ وَحدَه

“İbrahim və onunla birlikdə olanların həyatında sizin üçün gözəl bir örnək vardır. Onlar öz qövmlərinə dedilər: “Biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizə nifrət edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” (17)

O, döyüşən bir camaata qarşı belə davranır. Lutun qövmü üçün şəfaət edən, günahkarlar üçün bağışlanma diləyən, döyüşməyən kafirlərlə yaxşı davranılmasının tərəfdarı olan mehriban, mərhəmətli, həlim İbrahim başqa yerdə möhkəm dayanıb nifrət ifadə edir: “اِنّا بُرَآءُ مِنکُم” – biz sizə nifrət edirik. “وَ بَدا بَینَنا وَ بَینَکُمُ العَداوَةُ وَ البَغضاء”  – bizimlə sizin aranızda aşkar düşmənçilik var. Biz sizinlə aşkar düşmənik və düşmənçilik edirik. Bunlar kimlərdir? Bunlar döyüşən, müharibə aparan adamlardır. “Mumtəhinə” surəsinin həmin ayəsində öncə oxuduğumuz ayənin ardınca (yenə də həzrət İbrahimə aiddir) belə buyurur: 

اِنَّما یَنهاکُمُ اللَّهُ عَنِ الَّذینَ قاتَلوکُم فِی الدّینِ وَ اَخرَجوکُم مِن دِیارِکُم وَ ظاهَروا عَلیٰ اِخراجِکُم اَن تَوَلَّوهُم“ (18)

Sizi qətlə yetirən, sizinlə döyüşən, sizi evinizdən və vətəninizdən çıxaran adamlarla, sizi evinizdən və vətəninizdən çıxaran adamlara kömək edənlərlə əlaqə qurmağa, onlara dostluq əli uzatmağa haqqınız yoxdur; haqqınız yoxdur! Yəni aranızda düşmənçilik olmalıdır. İbrahimin buyurduğu kimi: “بَدا بَینَنا وَ بَینَکُمُ العَداوَةُ وَ البَغضاء”

Bəs bu gün müsəlmanlarla düşmənçilik edən, müharibə aparan, müsəlmanları qətlə yetirən – müsəlman qadınları, kişiləri, uşaqları öldürən – onları evlərindən, vətənlərindən çıxaran kimdir? Sionist düşmən Quranda bundan daha açıq şəkildə təsvir edilməlidir? Düşmən təkcə sionist deyil, “وَ ظاهَروا عَلیٰ اِخراجِکُم” həm də ona kömək edənlərdir. Kim kömək edir? Əgər Amerikanın köməyi olmasaydı, sionist rejimin o məhdud mühitdə müslman xalqla, qadın, kişi və uşaqlarla elə vəhşicəsinə davranmağa qüdrəti və cəsarəti çatardımı? Bu düşmənə xoş üz göstərmək olmaz. Onlarla mülayim davranmaq olmaz – istər birbaşa qətl törədən olsun, istər qətlə dəstək verən olsun, istər evi uçuran olsun, istərsə də evi uçurana dəstək verən olsun: 

“ وَمَن یَتَوَلَّهُم فَاُولٰئِکَ هُمُ الظّالِمون”
“...Onlarla dostluq edənlər zalımlardır.” (19)

“ اَلا لَعنَةُ اللهِ عَلَی الظّالِمین ”
“...Allahın lənəti olsun zalımlara!” (20)

Quranın aşkar mətni, ayələri bunlardır. Deməli, bu il “müşriklərə nifrət və etiraz” məsələsi həmişəkindən daha aşkar olmalıdır. Builki həcc “müşriklərə nifrət və etiraz” həccidir.

İstər iranlı olsun, istərsə də qeyri-iranlı – haradan olmasından asılı olmayaraq, mömin hacılar bu Quran məntiqini bütün İslam dünyasına ötürməyi bacarmalıdırlar. Bu gün Fələstinin buna ehtiyacı var; İslam dünyasının dəstəyinə ehtiyacı var. Bəli, İslam Respublikası onu-bunu gözləməyib, gözləmir də. Amma müsəlman xalqların, müsəlman ölkələrin güclü əlləri ətrafdan gəlib əlbirlik göstərsə, təsiri daha çox olar; Fələstin əhalisinin ürəkləri riqqətə gətirən bu acınacaqlı vəziyyəti daha davam etməz. Vəzifə budur (21)

(Siz ki, hazırsınız, Allah İslam dünyasını hazır etsin, inşallah).

Hörmətli hacıların vəziyyətinə nəzarət edən İdarə və nümayəndəliklərə, sağlamlıq, təhlükəsizlik, gediş-gəliş, daşınma, yerbəyer etmə və hacıların digər məsələləri ilə məşğul olan bütün qurumlara çəkdikləri zəhmətlər, göstərdikləri səylərə görə təşəkkür edirik. Vurğulayıram ki, iranlı hacıların asayişi, məqbul və bəyənilən bir həccin yerinə yetirilməsi üçün bacardıqları qədər proqram tərtib etsinlər. Bunun üçün proqram lazımdır. Bəli, Allaha həmd olsun ki, yaxşı işlər görülüb və görülür. Amma bu gün bizim gördüyümüz və gözlədiyimiz işlər arasındakı məsafə qapanmalıdır, boşluqlar doldurulmalıdır. İnşallah, proqram işləyib hazırlamalıyıq. Uca Yaradan da, inşallah, sizə kömək edəcək. Allahdan böyük İmamımız (r.ə), şəhidlərimiz və dünyasını dəyişənlərimiz üçün fəzilət, rəhmət və bağışlanma diləyirik. 

Salam olsun sizə, Allahın rəhməti və bərəkəti olsun sizə.

_______________________
(1) Bu görüşün əvvəlində Vəliyyi-fəqihin həcc məsələləri üzrə nümayəndəsi və iranlı hacıların rəhbəri Höccətül-İslam vəl-muslimin Seyid Əbdül-fəttah Nəvvab və Həcc və Ziyarətlər İdarəsinin müdiri cənab Seyid Abbas Hüseyni çıxış etdilər.
(2) “Bəqərə” surəsi, 198-ci ayədən 
(3) “Bəqərə” surəsi, 203-cü ayədən
(4) “Bəqərə” surəsi, 200-cü ayədən
(5) “Həcc” surəsi, 36-cı ayədən
(6) “Ənfal” surəsi, 45-ci ayədən və “Cümə” surəsi, 10-cu ayədən
(7) “Həcc” surəsi, 27-ci ayədən
(8) “Ali-İmran” surəsi, 103-cü ayədən
(9) “Həcc” surəsi, 27-ci ayədən
(10) “Bəqərə” surəsi, 125-ci ayədən
(11) “Bəqərə” surəsi, 125-ci ayədən
(12) Əsaslar.
(13) Dünya universitetləri, o cümlədən Avropanın universitetlərinin tələbələrinin sionizmə qarşı etirazlarına işarə edilir. Bu etirazlar bir çoxlarının döyülməsi və həbs edilməsi ilə nəticələnmişdir.
(14) “Hud” surəsi, 74-cü ayədən
(15) “İbrahim” surəsi, 36-cı ayədən
(16) “Mumtəhinə” surəsi, 8-ci ayə
(17) “Mumtəhinə” surəsi, 4-cü ayədən
(18) “Mumtəhinə” surəsi, 9-cu ayədən
(19) “Mumtəhinə” surəsi, 9-cu ayədən
(20) “Hud” surəsi”18-ci ayədən
(21) Görüş iştirakçılarının şüarı: “Ey azad rəhbər! Biz hazırıq, hazırıq!”