Rəhman və rəhim Allahın adı ilə
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.(1) Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox-çox pakizə və pak, məsum Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Siz əziz qardaş və bacıların hər birinə, insan yetişdirən və ölkənin gələcəyinin qurucuları olan müəllimlərə xoş gəldin deyirəm. Ölkənin müəllimlər cəmiyyətini salamlayıram. Müəllim Günü münasibətilə əziz müəllimlərimizin hər birini təbrik edirəm. Böyük və şəhid müəllim mərhum Ayətullah Mütəhhərinin xatirəsini – hansı ki, bu gün onun xatirəsi ilə bağlıdır – uca tuturam. Bu gün, ordibeheşt ayının 12-si ölkənin müəllimlər cəmiyyətinə öz səmimi təşəkkürümüzü bildirməyimiz üçün bir fürsətdir. Belə ki, həm onlara öz təşəkkürümüzü və minnətdarlığımızı bildirək, həm də bacardığımız qədər əziz müəllimlərimizə qarşı hörmətimizi sözlə ifadə edək. Əlbəttə, hörməti sözlə ifadə etmək yetərli deyildir, amma bu da lazımdır. Həmçinin yaranan bu fürsətdə təhsil qurumu barəsində müəyyən məsələlərə toxunaq.
Müəllimə minnətdarlıq vacibdir. Çünki birincisi, “məxluqa təşəkkür etməyən, Xaliqə təşəkkür etməmişdir”. (2) Hamı müəllimlərə minnətdar olmalıdır. Siz bizim övladlarımızı tərbiyə edir, onlara bilik öyrədir və onları həyat üçün hazırlayırsınız. Bu, böyük işdir. Bütün xalq, ölkənin hər bir fərdi tutduğu vəzifədən və sahib olduğu peşədən asılı olmayaraq, müəllimlərə minnətdar olmalıdır. İkincisi, müəllimə minnətdarlıq ölkədə ictimai düşüncəni təlim-tərbiyə işinin və müəllimin əhəmiyyətinə yönəltməkdən ötrüdür. Bizim bir çox işlərdə problemlərimiz ictimai düşüncədən qaynaqlanır. Əgər müəyyən bir işə qarşı düzgün ictimai düşüncə formalaşarsa, bu işi həyata keçirmək daha asan olacaqdır. Hal-hazırda təhsil qurumunda bizim maddi problemlərimiz vardır, müəllimlərin məişət problemləri vardır, iş problemi vardır, tədris məkanı problemi vardır. Əgər ictimai düşüncə bu problemlərə qarşı həssaslıq göstərərsə və müəllimin dəyəri tanınarsa, bütün bu problemlərin həllində təsirli olacaqdır. Biz bunu istəyirik. İctimai düşüncənin bu məsələyə yönəlməsi üçün mən müəllimlərə minnətdarlığı toplumun vəzifəsi olduğunu aydın şəkildə bildirirəm.
Müəllimlik peşəsinə nə qədər çox hörmətlə yanaşılarsa, bu peşəyə qarşı maraq bir o qədər artar. Əgər toplum müəyyən bir peşəyə qarşı hörmətlə yanaşarsa, təbii ki, bu peşəyə qarşı maraq artacaqdır. Maraq artdıqda isə yüksək potensialı olan fərdlər bu peşəyə üz tutacaqdır. Müəllimlər cəmiyyətinin elmi və mənəvi baxımından səviyyəsi yüksələcəkdir. Belə olduqda, ölkə təlim və tərbiyə baxımından tərəqqi edəcəkdir. Baxın, aydın bir hesablamadır. Biz elə etməliyik ki, müəllimlik peşəsi dünyada hörmət qazansın. Bu iş medianın və xalq tribunalarının sahiblərinin öhdəsinə düşür. Onlar insanlar üçün müəllimlik peşəsinin mahiyyətini açıqlamalı və onun dəyərini tanıtdırmalıdırlar. Bu deyilənlər müəllim barəsində idi.
Amma nə üçün təhsil qurumu barəsində danışmalıyıq? Çünki təhsil qurumu həqiqətən də ölkənin digər qurumları ilə eyni sırada durmur. Bunu hamı qəbul etməlidir. Mənim dediyim bu söz bir çox insanların zehnində sual yarada bilər. Qeyd etdiyim “ictimai düşüncə” məsələsi də burada özünü göstərir. “Təhsil qurumu ölkənin digər qurumları ilə eyni sırada durmur” nə deməkdir? Bu o deməkdir ki, digər qurumlar insan resurslarından istifadə edir, amma təhsil qurumu insan resursları yetişdirir. Bəli, ali təhsil pilləsi də vardır, amma orta təhsil bir növ təməldir. On iki il orta təhsilə əhəmiyyətsiz baxılmamalıdır. İnsan resurslarının kimliyi orta təhsildə formalaşır. Müəllim meydanda fəal iştirak etdiyi zaman, əslində, şəxsiyyət formalaşdırır. Sizin davranışlarınız, sözləriniz, sərgilədiyiniz mövqe, eyhamınız, sinifdə etdiyiniz zarafat, acıqlanmağınız və s. bu auditoriyanız – sabah ölkənin gələcəyi üçün qərarlar almalı olan gənc nəsil üzərində təsir qoyur.
Təhsil qurumunun mövqeyi budur. İnsan resurslarını təhsil qurumu yetişdirir. İnsan resursları isə hər bir ölkənin ən böyük sərvətidir. Fərz edin ki, neftimiz, mədənlərimiz, qızıl yataqlarımız, müxtəlif yeraltı sərvətlərimiz, gözəl hava və təbiətimiz vardır, amma bunlardan yararlanacaq qüvvəmiz yoxdur. Bunun nə faydası olacaq? Ötən əsrdə Afrika ən çox və ən qiymətli sərvətlərin məskəni idi. Amma onların bu sərvətlərdən istifadə edəcək qüvvəsi yox idi. Avropalılar bu fürsətdən istifadə edib Afrikaya gəldilər və Afrikanın sərvətlərini talan edib apardılar. İnsan resurslarının əhəmiyyəti budur. İnsan resurslarını isə təhsil qurumu yetişdirir. Hər yerdə olduğu kimi, bizim ölkədə də təhlükəsizliyimiz, inkişafımız, sağlamlığımız, rifahımız, elmimiz, araşdırmalarımız, bütün bəşəri və islami dəyərlərimiz üçün insan resurslarına ehtiyac vardır. Bu insan resurslarını təhsil qurumu yetişdirir. Odur ki, təhsil qurumu barəsində çox danışmaq lazımdır, çox iş görmək lazımdır.
Elə bu səbəbdən də təhsil qurumu barəsində bir qədər söhbət etmək istəyirəm. Təhsil Nazirinin toxunduğu məsələlər təqdirəlayiqdir. Onların əksəriyyəti əvvəllər bizim toxunduğumuz məsələlər idi. Allaha şükür olsun, Nazirin qeyd etdiyi irəliləyişlər mühüm irəliləyişlərdir. Onların bəzilərini əvvəlki çıxışlarımızda diqqətinizə çatdırmışıq, indi də ola bilər ki, bəzilərinə toxunaq.
Burada təhsil qurumunun üzərinə düşən vəzifələrə qısaca toxunacağam. Sonra da müəllimlərdən olan gözləntilər, ölkənin müəllimlər cəmiyyətindən olan gözləntilər barəsində qısaca danışacağam.
Təhsil qurumunun bir neçə başlıca vəzifəsinə toxunmaq istəyirəm. Bu vəzifələrdən ən mühümü “yeniliklərin gətirilməsi”dir. Hörmətli Nazir də bu barədə danışdı. Ötən illərdə biz “innovasiya layihəsi”ni siyirməyə qoyub, qapısını da bağladıq. Heç bir fəaliyyət göstərilmədi, ona görə də ziyana uğradıq. “İnnovasiya layihəsi”nə laqeyd yanaşılan və heç bir irəliləyişin olmadığı o bir neçə il ərzində biz ziyana uğradıq. İndi şükür olsun Allaha, eşitdim ki, bu layihəyə həm yenidən baxılır və yekunlaşmaq üzrədir, həm də onun icrasının yol xəritəsi hazırlanıbdır. Bunlar əhəmiyyətli işlərdir. Xüsusilə də layihənin icrasının yol xəritəsinin hazırlanması olduqca əhəmiyyətlidir. Yəni bilməliyik ki, təhsil sisteminin bütün pillələrində təsirli olması üçün bu layihəyə hansı şəkildə əməl etməliyik. Bu, yaxşı bir xəbərdir. İş prosesində fasilə yaranmasına yol verməyin və işi ciddi şəkildə irəli aparın. Həmçinin iş prosesində parlaq zəkalardan yararlanın. Həm təhsil qurumunun daxilində ideyaları olan parlaq zəkalar vardır, həm də təhsil qurumundan kənarda elə şəxslər vardır ki, təhsil qurumunda müəyyən bir vəzifə daşımırlar, amma onların ideyaları vardır, təklifləri vardır. Onların ideyalarından istifadə olunmalıdır. Bu layihə günü-gündən daha da təkmilləşməlidir. Yəni siz bu gün bu layihəni günümüzə uyğun şəkildə hazırlamısınız, amma iki il, ya üç il sonra layihədə dövrə uyğun şəkildə islahatlar aparılmasına ehtiyac duyula bilər. Çünki yeniliklər olduqca sürətlə baş verir. Bir sözlə, parlaq zəkalardan yararlanmaq lazımdır. “Yeniliklərin gətirilməsi” təhsil qurumunun başlıca vəzifələrindən birincisidir.
İkinci başlıca vəzifə müəllimin güclənməsidir. Güclənmək iki şəkildədir. Birincisi, müəllimlərin maddi imkanlarının artırılması və onların güzəranının yaxşılaşdırılmasıdır. Mən hər zaman bu məsələnin üzərində təkidlə dayanmışam və dövlət də bu zəmində öz imkanları daxilində lazımi səyi göstərməlidir. Bu, hər zaman qüvvədədir. Vacib məsələdir və mümkün olan hər iş görülməlidir. Amma güclənməyin başqa bir yönü də vardır və mən bunu diqqətinizə çatdırmaq istəyirəm. Bu ondan ibarətdir ki, müəllim öz mənəvi gücündən, yəni hər bir insanın daxilində təlim-tərbiyəyə qarşı olan təbii sevgidən istifadə edərək, lazımi biliklər, ehtiyaclar və təcrübələrdən yararlanaraq “müəllimliy”i daxilən gücləndirməlidir. Dedik ki, siz insan yetişdirirsiniz, siz insan resursları yetişdirirsiniz. Bu, sırf dərs keçmək və kitabın müəyyən səhifələrini tədris etməklə hasil olmur. Söz yox ki, bu iş də lazımdır, amma sırf bundan ibarət deyildir. Sinif otağına daxil olduqda düşünməliyik ki, biz məsuliyyət daşıyırıq, bu toplunun ixtiyarı və gələcəyi bizim əlimizdədir, biz onun gələcəyini cızırıq. Bu niyyət, ruhiyyə və stimul ilə, müəllimlik peşəsi barədə bu təsəvvür ilə sinif otağına daxil olmalıyıq. Bizim sözümüz budur. Güclənmək bu şəkildə olur.
Əgər biz müəllimlər cəmiyyətinin lazımi səviyyəyə, yəni qeyd etdiyim səviyyəyə çatmasını istəyiriksə, heç şübhəsiz, müəllim yetişdirən mərkəzləri gücləndirməliyik. Bu məsələyə də toxunuldu. Mən də dəfələrlə Pedoqoji Universitet və müəllim yetişdirən mərkəzlər barəsində tövsiyələr etmişəm, bu məsələ üzərində təkidlə dayanmışam və indi də təkidlə dayanıram. Bu məsələyə laqeyd yanaşılmamalıdır. Bu mərkəzlər olduqca əhəmiyyətlidir. Həqiqətən, Pedoqoji Universitet ölkənin yeni nəslinin tərbiyəçilərini yetişdirən mərkəzdir. Buna görə də böyük əhəmiyyətə malikdir. Bu da bir məsələdir.
Üçüncü başlıca vəzifə tərbiyə işləri üzrə müavinlik məsələsidir. Bir dönəm bəziləri tərəfindən bu fikir təlqin edildi ki, tərbiyə işləri üzrə müavinliyə ümumiyyətlə ehtiyac yoxdur. Nə üçün ehtiyac yoxdur? Onların dəlili və sözü bu idi ki, tərbiyə işini müəllimin özü görməlidir. Əlbəttə, bu söz doğrudur. Müəllimin işi təkcə təlim deyildir, müəllim həm də tərbiyə işini görməlidir. Amma təkcə müəllimin tərbiyə işini görməsi kifayət etmir. Məsələ bundadır. Tərbiyə işləri üzrə müavinlik təhsil qurumunun ən mühüm şöbələrindən biridir. Bu gün tərbiyə işləri üzrə müavinliyin bir sıra problemləri vardır, o cümlədən maliyyə problemləri, müəyyən fikirayrılıqları və s. Hər bir halda, bu müavinlik gücləndirilməlidir.
Tərbiyə işləri üzrə müavinliyin ilk işi gənclər arasında əxlaqi və ictimai bəlaların yaranmasının və yayılmasının qarşısını almaqdır. Mən bu təklifi irəli sürmək istəyirəm ki, bizim gənclərimiz – belə ki, milyonlarla məktəbli arasında çoxsayda aktiv gənc və yeniyetmə vardır – ictimai bəlaların qarşısını alsınlar. Bu iş üçün isə ilk öncə məktəblərin özündə ictimai bəlalar mövcud olmamalıdır. Bu isə tərbiyə işləri üzrə müavinliyin öhdəsinə düşən işdir. İctimai bəlaların artması barəsində müəyyən statistik məlumatlar deyilir. Mən bu statistikalara çox da etibar etmirəm. Bu statistikalar bir o qədər də etibarlı deyildir. Amma ictimai bəlalar mövcuddur. Yəni aqressiv davranışlar, uyğun olmayan əlaqələr və bir çox ictimai bəlalar mövcuddur ki, mən ad ilə sadalamaq istəmirəm. Tərbiyə işləri üzrə müavinlik bu problemlərlə məşğul olmalıdır.
Tərbiyə işləri üzrə müavinliyin üzərinə düşən vəzifələrdən biri də ölkənin və İslam Respublikası hökumətinin təməl mənafelərini açıqlamaqdır. Bunlar açıqlanmalıdır, gənclərə deyilməlidir. Əgər məktəblərdə olan milyonlarla yeniyetmə və gənc hökumətin təməl mənafeləri, öz ölkələrinin mənafeləri barədə məlumatlı olsalar, ölkənin dost və düşmən cəbhəsini tanısalar, öz ölkələrinin ehtiyac duyduğu əsas məsələlərin nə olduğunu bilsələr, düşmənlərin təbliğatı və ölkənin ictimai düşüncəsini sapdırmaq üçün göstərdikləri milyardlıq səylər nəticəsiz qalacaqdır. Əgər bizim yeniyetməmiz bu zəmində qorunarsa və mühafizə olunarsa, düşüncə baxımından, necə deyərlər, vaksin olunarsa, düşmənlərin bu təbliğatları nəticəsiz qalacaqdır.
Ölkənin gənci bilməlidir ki, ölkənin mənafeyinin göstəriciləri nədir və bunun arxasında hansı məntiq dayanır. Bu da mühüm məsələdir. Məsələn, Amerika haqqında “Amerikaya ölüm!” şüarı səsləndirilir. Gənc şüar verir, amma nə üçün “Amerikaya ölüm” dediyini bilməlidir. Nə üçün “Sionist rejiminə ölüm olsun” dediyimizi bilməlidir. Bunu dərk etməli və bunun arxasında dayanan məntiqi bilməlidir. Filan dövlət, filan ölkə ilə nə üçün əlaqələr qurmaq istəmədiyimizi bilməlidir. Səbəbin nə olduğunu, bu ümumi mənafeyin arxasında dayanan məntiqi bilməlidir. Bu da tərbiyə işləri üzrə müavinliyin üzərinə düşən vəzifələrdən biridir.
Digər bir başlıca vəzifə təhsil qurumunda rəhbər vəzifələrdə tez-tez kadr dəyişikliyinin aparılmaması məsələsidir. Mənə verilən məlumata görə ötən uzun illər ərzində bizim orta hesabla hər iki ildə bir Təhsil Nazirimiz olubdur. Hər iki ildə bir nazir! Bu qurumun taleyinin necə olduğu aydındır. Yığışıb, əsaslı bir iş görmək istəyirlər ki, nazir dəyişilir. Nazir dəyişdikdə, onun nəzarəti altında olan idarəçilik heyəti də dəyişilir. Beləliklə də başlanılan hansısa bir iş nəticəyə çatmır. Mən rəhbər vəzifələrdə tez-tez kadr dəyişikliyinin aparılmaması üzərində təkidlə dayanıram. Layihələr nəticəyə çata bilsin deyə, yuxarı səviyyədən orta səviyyəyədək olan rəhbər vəzifələrdə tez-tez kadr dəyişikliyi aparılmamalıdır. Bu da Təhsil Nazirliyinin başlıca vəzifələrindəndir.
Başqa bir başlıca vəzifə – mənim nəzərimcə, bu da mühüm vəzifədir – ölkənin müəllimlər cəmiyyətinin örnəklərinin təqdim olunmasıdır. Ölkədə siz müəllimlər cəmiyyətinin örnək müəllimləri kimlərdir? Başqa sahələrdə bizim örnəklərimiz vardır. Məsələn, idman sahəsində qəhrəmanlar örnəklərdir. İncəsənət sahəsində tanınmış incəsənət xadimləri örnəklərdir. Dini elmlər sahəsində bir qrup uca şəxsiyyətlər başqaları üçün örnəkdirlər. Bir din tələbəsi mərcəyi-təqlidə, böyük ustada baxıb örnək götürür. Müəllimlər cəmiyyətində örnəklər kimlərdir? Bu şəxslər tanıtdırılmalıdır. Təhsil qurumu ölkədə müəllimlik göstəriciləri baxımından fərqlənən müəllimləri axtarıb tapmalıdır. Məsələn, yaxşı dərs keçən müəllimləri, yaxud ömrünün böyük hissəsini tədrisə sərf edən müəllimləri axtarıb tapmalıdır. Bizim azsayda, barmaq sayı qədər müəllimlərimiz vardır ki, əlli il, altımış il müəllimlik ediblər. Bu, çox mühümdür. Bu müəllimlər örnəkdirlər. Yaxud da şəraiti ağır olan məntəqələrdə tədris edən müəllimlər – təsəvvür edin, velosipedə minib beş-on şagirdə dərs keçmək üçün filan məntəqəyə gedib-qayıdan müəllimlər – tanıtdırılmalıdır.
Mənəvi və maddi çətinliklərə rəğmən təlim-tərbiyə işini tərk etməyən və bu işi əhəmiyyətli hesab edən müəllimlər qəhrəmandırlar. Ölkənin hər bir tərəfində bu müəllimləri tapıb qəhrəman kimi tanıtdırmaq lazımdır. Hər bir bölgədən sıra ilə üç, beş, on müəllim seçilib, qəhrəman ünvanında tanıtdırılmalı və onlar üçün müəyyən məziyyətlər nəzərdə tutulmalıdır. Bu iş də lazımlı işlərdən biridir. Bu, müəllimləri təşviq edir və bizim bu təşviqə ehtiyacımız vardır.
Burada müəllimlərdən olan gözləntilərə toxunmaq istəyirəm. Siz müəllimlərdən bizim müəyyən gözləntilərimiz, təvəqqelərimiz vardır. Gözləntilərdən biri, bəlkə də ən mühümü budur ki – mən bunu əvvəllər də qeyd etmişəm (3) – müəllim yalnız bilik öyrətmir, həm də şagirdin şəxsiyyətini formalaşdırır. Bu məsələyə diqqət yetirin. Bilin ki, siz bu gəncin və yeniyetmənin şəxsiyyətini formalaşdırırsınız. Əgər əsaslı iş aparsanız, fərz edin ki, bu gənc universitetə daxil olduqda hansısa bir problem ilə üzləşdiyi zaman çıxılmaz vəziyyətə düşməyəcəkdir. Çünki onun şəxsiyyəti formalaşıb. Əslində, siz dərsinizdə iştirak edən bu gəncin və yeniyetmənin bacarıqlarını və istedadını üzə çıxarırsınız. Məsələn, onun yazı yazmaq potensialı vardır, amma yaza bilmir. Siz bu potensialı reallığa çevirirsiniz. Onun məsələ həll etmək, məsələ qurmaq potensialı vardır, amma məsələni həll edə bilmir, məsələ qura bilmir. Siz bunları ona öyrədirsiniz. Bu potensialı, əslində, siz üzə çıxarırsınız. Eynilə qızıl və gümüş mədəni kimi, mədəndə olan qızıl və gümüşü istixrac edirsiniz. Bunu siz edirsiniz. Odur ki, siz şəxsiyyət formalaşdırırsınız. Şagirddə olan potensial reallaşsın deyə, siz şagirdə həm bilik öyrətməlisiniz və bu iş ilk növbədə dayanır, həm şagirdə özgüvən verməlisiniz, həm ona qətiyyət və stimul verməlisiniz, həm də əməyə və dərsə təşviq etməlisiniz. Bu, birinci məsələdir.
Sizdən olan ikinci gözlənti şagirdin istedadlarını kəşf etməkdir. Siz hər kəsdən daha çox bu gənc və yeniyetmə ilə ünsiyyətdə olursunuz. Hətta onların ata-anası, xüsusilə də bu son dövrün, yəni texnika dövrünün məşğuliyyətlərini nəzərə alsaq, sizin qədər onlarla ünsiyyətdə olmurlar. Siz şagirdin istedadlarını kəşf edə bilərsiniz. Əgər müəllim şagirdlərə qarşı diqqətli olarsa, bu istedadları kəşf edə bilər. Bu istedadları ya özünüz çiçəkləndirin, ya da onların çiçəklənməsi üçün bu barədə şagirdin valideynlərinə məlumat verin, yaxud lazımi mərkəzlərə yönləndirin. Bu da ikinci məsələdir.
Üçüncü gözləntimiz – mənim nəzərimcə, bu da olduqca əhəmiyyətli bir məsələdir – siz bu şagirdlərə milli baxışı aşılamalısınız. Bu nə deməkdir? Yəni ölkənin idarə olunması və inkişafı üçün bizim geniş bir planımız vardır, bir növ cədvələ bənzəyir. Əgər bu cədvəlin xanaları düzgün doldurularsa, nəticəsi ölkənin inkişafı olacaqdır. Sizin dərsiniz bu cədvəlin xanalarından biridir. Şagird özünü bir məcmuənin müəyyən bir hissəsi olduğunu düşünməlidir. O bilməlidir ki, hazırda onun dərs oxuması toplu şəklində olan bir hərəkətin müəyyən bir hissəsidir, ölkənin inkişaf məcmuəsinin bir parçasıdır. Şagirdə bu düşüncəni aşılamaq lazımdır. Əlbəttə, müəllim şagirddən öncə bu düşüncəni özündə formalaşdırmalıdır. Bu, müəllimlərə olan tövsiyəmizdir. Bilin ki, sizin tədrisiniz məcmuədən ayrı olan bir parça deyildir. Əksinə, sizin tədrisiniz adı “ölkə” olan, adı “cəmiyyət” olan, adı “hökumət” olan əzəmətli maşını hərəkətə gətirən və irəli aparan bir məcmuənin müəyyən bir parçasıdır. Siz öz peşənizə bu baxışla yanaşın. Bu baxışı şagirdə də ötürün. Bu, şagirdə şəxsiyyət verməkdir. Yəni şagird düşünməlidir ki, o, ölkəni hərəkətə gətirən bir məcmuənin bir parçasıdır və onun gördüyü iş şəxsi iş deyildir. Bəli, dərs oxuyan və bilik öyrənən şəxs odur, amma onun dərs oxuması ölkə müstəvisində yerinə yetirilən böyük bir işin bir hissəsidir. Şagirdə bu baxış və düşüncə aşılanmalıdır. Şagirdləri milli iftixarlar ilə tanış edin, ölkənin sərvətləri ilə tanış edin, düzgün yolu qət etmək və düzgün şüarlar vermək nəticəsində əldə edilən qələbələrlə tanış edin. Digər tərəfdən, bizi hədələyən təhlükələr və bizə qarşı yönələn düşmənçiliklər ilə onları tanış edin. Bu da sizdən olan başqa bir gözləntimizdir.
Növbəti gözlənti “ümid yaratmaq” məsələsidir. Mən gənclərdə ümid yaratmaq məsələsinə dəfələrlə toxunmuşam. Səbəbi isə budur ki, ümid, əslində, ölkənin gələcəyini sığortalayır. Əgər bir şəxs bugünkü gəncdə və yeniyetmədə ümid yarada bilsə, əslində, ölkənin gələcəyinə kömək etmişdir. Hakimiyyətə, dövlətə və ya ayrı-ayrı fərdlərə qarşı inad olsun deyə, gənclərdə məyusluq və ümidsizlik hissi yaratmağa çalışan şəxslər, əslində, ölkənin gələcəyinə ziyan vururlar. “Ümid yaratmaq” o deməkdir ki, şagirdlərə nailiyyətləri açıqlayın, şövq doğuran hədəfləri açıqlayın. Ola bilər ki, sizin zehninizdə ölkənin, hökumətin və dövlətin müəyyən bir çatışmazlığı barədə məlumat vardır. Amma bunu şagirdə açıqlayıb, onda məyusluq hissi yaratmağa ehtiyac yoxdur. Siz şagirdi gələcəyə qarşı ümidvar etməyə çalışın. Ümid onu hərəkətə gətirəcəkdir və onu düzgün yolda irəliyə aparacaqdır. Ümid hissini ötürmək ölkənin gələcəyinə xidmətdir. Bu da bir məsələdir.
Digər bir gözlənti odur ki, təlim və tərbiyənin kənarında – belə ki, bu barədə danışdıq – şagirdi ictimai fəaliyyətlərə təşviq edin. Hazırda bizim çoxsayda ictimai fəaliyyətlərimiz vardır, o cümlədən məscidlərdə olan fəaliyyətlər, xeyriyyəçiliklər, “Nimeyi-şaban”, “Ğədir-xum” və bu kimi bayramların küçələrdə təşkil olunması, quruculuqla bağlı fəaliyyətlər, “Nur yolçuluğu”, inkişaf istiqamətli fəaliyyətlər, kəndlərə gedib köməkliklər göstərmək və s. Gəncləri bu kimi fəaliyyətlərə təşviq edin. Bu fəaliyyətlər ona təcrübə qazandırır. Eyni zamanda, ölkənin müəyyən çətinlikləri də həll olur. Hazırda bizim təxminən on yeddi milyon şagirdimiz vardır. Bu on yeddi milyon şagirdin ən azı yeddi milyonu yeniyetmələr və gənclərdir. Onlar müxtəlif meydanlarda rol ifa edə bilərlər. Siz bu iş qüvvəsindən maksimum şəkildə istifadə etməlisiniz ki, ölkənin inkişafını təmin edəsiniz. Bu da başqa bir məsələdir.
Sonuncu gözləntimiz də şagirdlərə müəyyən bacarıqların öyrədilməsidir. Bu məsələyə hörmətli Nazir də öz məruzəsində toxundu. Mən bir neçə gün öncə burada əziz fəhlə və zəhmətkeşlərlə görüşümdə (4) dedim ki, fəhlənin bacarığının təməli məktəbdə qoyulur. Yəni əgər məktəbdə şagirdlərə hansısa bacarıqlar öyrədilərsə – peşə məktəblərini və ya bu kimi müəssisələri nəzərdə tutmuram – və ölkənin orta məktəblərində bu iş həyata keçirilərsə, mənim nəzərimcə, bu, böyük inkişafa yol aça bilər.
Bunlar bizim sizdən olan gözləntilərimizdir. Əlbəttə, bizim müəllimlərimiz öz işini layiqincə yerinə yetirir və biz bu məsələlərə toxunmadan da onlar bunlara əməl edirlər. Amma bu məsələlər müəllimlər cəmiyyətində geniş hal almalıdır.
Bu gün Qəzza problemi dünyanın birinci dərəcəli problemidir, yəni beynəlxalq arenada olan bir problemdir. Sionistlər və onların amerikalı və avropalı dəstəkçiləri Qəzza problemini dünya xalqlarının zehnindən uzaqlaşdırmaq üçün hər nə iş görsələr də, bunu bacarmırlar. Amerikanın universitetlərinə baxın. Bu gün xəbərlərdə oxudum ki, aksiyalara daha bir neçə universitet qatılıbdır. (5) Avstraliyada, Avropanın müxtəlif ölkələrində aksiyalar keçirilir. Bu o deməkdir ki, xalqlar Qəzza probleminə qarşı həssas olublar və bu problem dünyanın birinci problemi olubdur. Biz qoymamalıyıq ki, bu problem beynəlxalq arenada öz həssaslığını və prioritetliyini itirsin. Sionist rejiminə qarşı təzyiqlər günü-gündən artmalıdır.
Bir məsələ də vardır və yaxşı olar ki, ona diqqət yetirilsin. Bu gün bütün dünya sionist rejiminin rəftarlarını müşahidə edir. Altı ay ərzində otuz neçə min nəfər qətlə yetirilibdir ki, onların ən az yarısı qadınlar və uşaqlardır. Bu, kiçik məsələ deyildir. Bu qədər qəddarlıq və vəhşilik kiçik məsələ deyildir. Bu qudurmuş it fələstinli uşaqların, xəstələrin, qocaların və qadınların canına düşübdür. Bu, İran İslam Respublikasının daimi mövqeyinin düzgünlüyünü sübuta yetirən faktlardan biridir. İran İslam Respublikasının tutduğu mövqeyin haqq olduğu sübuta yetdi. Çünki İslam Respublikası on illərdir ki, “Ölüm olsun sionistlərə!” deyir. Bu haqq mövqe öz sübutunu tapdı. Bütün dünya gördü ki, İslam Respublikasının mövqeyi doğru imiş. Haqq İran xalqının tərəfindədir. Çünki sionist rejimi özünün şər və xəbis zatını bu böyük sınaqda açıq şəkildə göstərdi. İslam Respublikasının haqq olduğu sübuta yetdi.
Başqa bir məsələ isə Amerikanın rəftarıdır. Bir baxın görün ki, amerikalılar və onlarla əməkdaşlıq edənlər İsrailə qarşı söz ilə qarşı çıxanlarla hansı şəkildə davranırlar. Amerika universitetlərinin tələbələri nə maddi ziyan vururlar, nə maddi ziyan vurmaq və dağıtmaq məzmunlu şüarlar səsləndirirlər, nə kimisə öldürürlər, nə bir şüşəni sındırırlar. Amma onlarla bu şəkildə davranılır. Amerikalıların bu rəftarları İran İslam Respublikasının Amerikaya qarşı haqlı yerə bədbin olmasını sübuta yetirdi. Yəni onların bu rəftarları sizin dediyiniz “Amerikaya ölüm!” süarı üçün bir əsas oldu. Hamıya göstərdi ki, Amerika cinayətin şərikidir. Onlar bəzən güya ürəyiyananlıq ünvanında müəyyən sözlər deyirlər, amma bu sözlər yalandır, həqiqəti əks etdirmir. İnsan əməldə olanları müşahidə etdikdə, Amerikanın bu böyük cinayətdə, bu bağışlanmaz günahda sionistlərlə əlbir olduğunu görür. Onlar cinayətin şərikidirlər. Axı insan belə bir hökumətə, belə bir rejimə qarşı necə nikbin ola və onun sözünə güvənə bilər?! Bu, necə mümkündür?!
Başqa bir məsələ Fələstinin hazırkı problemidir. Bizim nəzərimizcə, Fələstin öz əsl sahiblərinə qaytarılmayanadək Asiyanın qərb məntəqəsinin problemi öz həllini tapmayacaqdır. Əgər bundan sonra sionist rejimini ayaqda saxlamaq üçün iyirmi il də çalışsalar, otuz il də çalışsalar – inşallah, bu işi görə bilməyəcəklər – problem öz həllini tapmayacaqdır. Problem o zaman həll oluna bilər ki, Fələstin öz əsl sahiblərinə, yəni Fələstin xalqına qaytarılsın. Fələstin torpaqları Fələstin xalqına mənsubdur və onların arasında müsəlmanlar da vardır, xristianlar da vardır, yəhudilər də vardır. Fələstin onlarınkıdır. Fələstin onlara qaytarılsın və onlar da öz hökumətlərini qursunlar. Sonra isə bu hökumət sionistlərlə necə rəftar edəcəyi barədə qərar versin: ya onları bu torpaqlardan çıxartsın, ya da saxlasın. Onlar bu barədə bir qərara gəlməlidirlər. Bu həll yolunu biz illər öncə elan etmişik və bildiyim qədər BMT-də də qeydə alınıbdır. Bu gün də bu həll yolu üzərində təkidlə dayanırıq. Bu hadisə baş verməyənədək Asiyanın qərb məntəqəsinin problemi öz həllini tapmayacaqdır.
Bəziləri düşünürlər ki, qonşu ölkələri sionist rejimi ilə əlaqələri adiləşdirməyə vadar etməklə problemi həll edə bilərlər. Xeyr, bu, səhv düşüncədir. Fərz edin ki, müxtəlif qonşu ölkələr, başlıca olaraq ərəb ölkələri sionist rejimi ilə əlaqələrini adiləşdirir. Bu rəftar problemi həll etməyəcəkdir, əksinə, həmin dövlətlərin özü üçün problem yaranacaqdır. Yəni cinayətlərə göz yuman ölkələrin və bu qədər cinayətlərə rəğmən sionist rejimi ilə əlaqələr quran dövlətlərin öz xalqları onlara qarşı çıxacaqdır. Əgər bu gün məntəqə xalqları sionist rejiminə qarşı çıxırlarsa, o gün öz dövlətlərinə qarşı çıxacaqlar. Bu yolla problem həll olunmayacaq. Fələstin torpaqları Fələstin xalqına geri qaytarılmalıdır. Ümid edirəm ki, Mütəal Allah bunu çox tez bir zamanda bizə göstərsin.
Salam olsun sizə, Allahın rəhməti və bərəkəti olsun sizə.
_____________________
(1) Görüşün əvvəlində Təhsil Naziri cənab Rza Murad Səhrayi məruzə ilə çıxış etdi.
(2) Uyuni-əxbari-Rza, c. 2, səh. 24 (cüzi fərqlə)
(3) O cümlədən, 12\02\1402 tarixində ölkənin müəllimləri və təhsil işçiləri ilə görüşü
(4) Ölkənin fəhlə və zəhmətkeşləri ilə görüşü (05\02\1403)
(5) Dünya universitetlərində, o cümlədən Amerika və Avropa universitetlərində tələbələrin sionist rejiminə qarşı etiraz aksiyalarında onlara qarşı göstərilən zorakılıqlara və həbslərə işarə olunur.