Rəhman və rəhim Allahın adı ilə (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox-çox pakizə və pak, məsum, hidayət edən və hidayət olunan, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Görüş iştirakçılarına, ölkənin müxtəlif qurumlarının məsullarına və bütün İran xalqına mübarək Fitr bayramı münasibətilə təbrik deyirəm. Həmçinin görüşdə iştirak edən qonaqlara, yəni müsəlman ölkələrin nümayəndələrinə və bütün müsəlman millətlərə təbrik deyirəm. Ümid edirəm ki, bu bayram sözün həqiqi mənasında bütün İslam ümməti üçün bayram olacaqdır, onların sevinc və bərəkət amili olacaqdır.
İlk öncə mən ölkəmizdə Ramazan ayının özəl mənəvi atmosferini bir daha xatırlatmağı lazımlı bilirəm. Bu məsələni xatırlatmaq ondan ötrüdür ki, biz bu mənəvi atmosferin dəyərini bilək və onu qoruyub saxlayaq.
Yəni bu dua məclislərinin, camaat namazları və məscidlərin abadlığının, insanların mömincəsinə olan köməkliklərinin, məscidlərdə və küçələrdə iftarların verilməsinin və s. dəyərini bilək. Həqiqətən camaat həm mənəvi baxımdan – Quran tilavət etmək və bu kimi ibadətləri yerinə yetirməkdə – həm ictimai baxımdan, o cümlədən ehtiyaclı insanlara maddi köməklik göstərməkdə, həm də siyasi baxımdan daha qabarıq şəkildə fəallıq göstərdilər. Qüds günü təşkil olunan yürüş heyrətdoğuran beynəlxalq bir siyasi hərəkət idi. Bu, haradasa görünüb? Tanış mütəxəssislər mənə məlumat verdilər ki, bu il Qüds günündə ölkədə xalq sözün həqiqi mənasında fəryad etdi. Əvvəlki illərlə müqayisədə daha çox insan toplaşmışdı.
Həqiqətən bu, təqdirəlayiq bir hərəkət idi. Mən bütün bu sahələrdə göstərdikləri fəallığa görə əziz xalqıma səmimi-qəlbdən təşəkkür edirəm.
Amma dildə təşəkkür etmək kifayət etmir. Görüşdə iştirak edən siz əziz qardaş və bacıların əksəriyyəti müxtəlif qurumların – o cümlədən dövlət idarəçiliyi aparatı, məhkəmə qurumu, Milli Məclis, dini təbliğat sahəsi, hərbi sahənin – məsul şəxslərisiniz. Hörmətli iştirakçıların əksəriyyəti ölkənin məsul şəxsləridir. Bu xalqa əməldə təşəkkür etmək lazımdır. Prezidentin söylədiyi məsələləri mən yüz faiz dəstəkləyirəm. Yəni bu işlər hökmən yerinə yetirilməlidir. Proqramlar hazırlanmalıdır, inkişaf olmalıdır. Allaha şükür olsun ki, məsullar öz vəzifələrini başa düşür və çalışırlar, insan bunu başa düşür, görür. Onlar səylərini davam etdirsinlər və hər cəhətdən planlı hərəkət etsinlər.
Qəzza problemi elə bir məsələ deyildir ki, insan bu məsələyə toxunmadan və onun üzərində dayanmadan bu günlərin, bu bayramın və bu Ramazan ayının məsələləri üzərindən ötüb keçsin. Həqiqətən də Qəzza problemi bu gün çox mühüm bir problemdir, İslam dünyasının problemlərinin ilk sırasında dayanır.
Hamımız bu problemə görə məsuliyyət daşımalıyıq. Dünya xalqları, hətta qeyri-müsəlmanlar belə, bu məsələdə öz həmrəyliklərini nümayiş etdirirlər. Gördüyünüz kimi, dünyada fələstinlilərə, Qəzza əhalisinə və bu məntəqənin zülmə məruz qalan insanlarına dəstək məqsədilə təşkil edilən aksiyalar misli görünməyən aksiyalardır. Heç bir hadisədə belə bir hal müşahidə olunmayıbdır. Belə ki, Afrikada, Asiyada, Avropada, hətta Amerikanın özündə insanların küçələrə çıxıb Fələstin xalqının xeyrinə şüarlar səsləndirmələri Fələstinin işğal olunduğu bu onlarla il ərzində misli görünməyən bir haldır. Deməli, məlum olur ki, yeni bir hadisə baş verməkdədir. Biz bu detala diqqət etməliyik.
Fələstin probleminin dünyanın birinci probleminə çevriləcəyini kim düşünə bilərdi?! Londonda, Parisdə, Avropa ölkələrində, Vaşinqtonda bu məsələnin qabarması xırda iş deyildir. Bu illər ərzində dünya mediasına hakim kəsilən sionistlər əsla icazə verməzdilər ki, Fələstinin xeyrinə və onların əleyhinə kimsə bir səs çıxarsın. Amma bu gün bu səs bütün dünyaya yayılmışdır. Onlar pul xərcləyirlər, hay-küy salırlar, özlərinə haqq qazandırmağa çalışırlar, amma bununla belə dünya xalqları onlara qarşıdır, sionistlərə qarşıdır. Bunlar mühüm məsələlərdir. Bu məsələlərə ibrət gözü ilə baxmaq lazımdır. Yeni bir hadisə baş verməkdədir.
Hamı öz vəzifəsinə əməl etməlidir. Amma dövlətlər öz vəzifələrinə əməl etmirlər. Bəzi Avropa dövlətləri – namazda da bu məsələyə toxundum (2) – bəzən müəyyən sözlər söyləyirlər, amma qətiyyətli danışmırlar. Məsələn, “Axı, nə üçün bu işi görürsünüz?” kimi bir mənada olan sözlər söyləyirlər. Əməldə isə dövlətlər birmənalı olaraq heç bir reaksiya göstərmirlər, əksinə, sionistlərə kömək də edirlər. Amerika kömək edir – onlara silah verir, onları maliyyələşdirir və siyasi dəstək verir. İngiltərə kömək edir, bəzi Avropa ölkələri kömək edir. Amma ən çox təəssüfdoğuran hal budur ki, bəzi müsəlman ölkələri də sionist rejiminə kömək edir. Hansı bir şəraitdə kömək edir? Uşaqların, qadınların qətlə yetirildiyi bir vaxtda! Bu, mənim fikrimcə, başa düşüləsi bir hərəkət deyildir. Lakin təəssüflər olsun ki, bu belədir.
Müsəlman ölkələrin sionist rejiminə kömək etməsi xəyanətdir, İslam ümmətinə qarşı xəyanətdir, hətta özlərinə qarşı xəyanətdir. Çünki onlar bu hərəkətləri ilə zəifləməkdə olan sionist təşkilatlarını gücləndirirlər, bu isə onların özünün ziyanına tamamlanacaqdır. Sionistlər bir ölkəyə daxil olduqda, həmin ölkənin xeyrinə iş görmürlər. Onlar bir yerə soxulduqda, ağcaqanad kimi həmin ölkənin qanını öz xeyirlərinə sovururlar. Sionist rejiminə kömək etmək, əslində, onların özlərinin məhvinə yönəlir. İslam ümməti də öz üzərinə düşən vəzifəni görməlidir. Bu cinayətə son qoyulmalıdır. Bu, bizim əvvəlki təklifimiz idi, indi isə qəti təklifimizdir: Müsəlman ölkələri sionist rejimi ilə əlaqələrini – iqtisadi və siyasi əlaqələrini kəssinlər. Heç olmasa müvəqqəti olaraq əlaqələr kəsilsin. Nə vaxtadək ki, onlar bu cinayətləri törədirlər, əlaqələri kəssinlər, onlara kömək etməsinlər. Bu, müsəlman ölkələrdən olan təvəqqedir. Təkcə bizim təvəqqemiz deyildir, müsəlman millətlərin təvəqqesidir. Əgər bu gün müsəlman ölkələrində referendum keçirilsə, heç şübhəsiz, hamı öz dövlətinin sionist rejimi ilə əlaqələrinin kəsilməsinin lehinə səs verəcəkdir. Buna şübhə yoxdur. Ümid edirəm ki, Mütəal Allah bizim hamımızı ayıldacaq, bizə öz vəzifələrimizi tanıtdıracaq və bu vəzifələrə əməl etməyə bizi qadir edəcəkdir, inşallah.
Bayram münasibətilə sizi bir daha təbrik edirəm. Ümid edirəm ki, Ramazan ayının bərəkəti, bayramın bərəkəti bizim əziz xalqımız, bizim hörmətli məsullarımız və müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar üçün qalıcı olacaqdır, hamı bu bərəkətdən bəhrələnəcəkdir, inşallah. Tezliklə həm ölkə daxilində, həm də xarici əlaqələrdə nailiyyətləri və inkişafı gözümüzlə görəcəyik, inşallah.
Salam olsun sizə, Allahın rəhməti və bərəkəti olsun sizə.
(1) Görüşün əvvəlində cənab hüccətül-İslam vəl-müslimin Seyid İbrahim Rəisi (Prezident) məruzə ilə çıxış etdi.
(2) Müraciət edin: Fitr bayramının xütbələri (22/01/1403)