Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Novruz bayramı ilə əlaqədar 1403-cü ilin ilk günü etdiyi çıxışı

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین

Hamınızın bayramı mübarək olsun! Hər il bu görüş Həzrət Əbəlhəsən ər-Rzanın (ə) mübarək türbəsinin kölgəsi altında təşkil edilirdi. Bu il bu nemətdən məhrumuq. Buna görə də uzaqdan sevgi və hörmətlərimizi o Həzrətə (ə) bildiririk: “Mənəvi səfərdə uzaqlıq olmaz” (1).


اَلسَّلامُ عَلَیکَ یا اَمینَ‌ اللهِ‌ فی‌ اَرضِهِ‌ وَ حُجَّتَهُ عَلی عِبادِهِ اَشهَدُ اَنَّکَ جاهَدتَ‌ فِی اللهِ‌ حَقَّ جِهادِهِ‌ وَ عَمِلتَ بِکِتَابِهِ وَ اتَّبَعتَ سُنَنَ نَبِیِّهِ صلّی اللهُ عَلَیهِ وَ آلِهِ

حتّی دَعاکَ اللهُ اِلی جِوارِهِ وَ قَبَضَکَ اِلَیهِ بِاختِیارِهِ وَ اَلزَمَ اَعداءَکَ الحُجَّةَ مَعَ ما لَکَ مِنَ الحُجَجِ البالِغَةِ عَلی جَمیعِ خَلقِه اَلسَّلامُ عَلَیکَ یا ابالحسن یا

علیّ ‌بن‌ موسی الرّضا و رحمة الله و برکاته (2)

Bir daha hər birinizi, siz əziz qardaş və bacıları, bütün İran xalqını mübarək bayram münasibətilə təbrik edirəm. Təbiət baharı ilə mənəviyyat baharının üst-üstə düşməsi o deməkdir ki, Allah-Taala öz lütfünün hər iki yönünü bəndələrinin ixtiyarına vermişdir. Sözsüz ki, bu ikisi arasındakı fasilə yerdən göyə qədərdir. Bu gün həm təbiətin bahar mehi, həm də mənəviyyatın bahar mehi bütün mömin və saleh bəndələrin ixtiyarına verilib. Peyğəmbər (s) bu barədə səhabələrinə belə buyurub:

“Bahar yelindən bədəninizi örtməyin”. (3)

Çünki bahar yeli, bahar küləyi, yəni fərvərdin ayının mehi həm havanı təravətləndirir, cisimlərə təravət və yenilənmə bəxş edir, həm də yaşıllaşmaya, çiçəklənməyə səbəb olur. Eyni məna mənəviyyat mehinin ruhla əlaqəsinə də aiddir. Ramazan baharının mənəvi mehi insanın ruhuna, canına nur və təravət bəxş edir. İnsanın inkişafı və yüksəlişi üçün zəmin yaradır. Ramazan ayında Allahla ünsiyyət səbəb olur ki, bəndə qəflətə düşməsin. Bəs Ramazanın mənəvi mehi nədir? “Oruc”dur. Ramazanın mehlərindən biri orucdur, digər mehlər isə “Qədr gecəsi”dir, Ramazan ayının gecələrinin, sübh çağlarının və gündüzlərinin minacatlarıdır, “Əbu Həmzə” duasıdır. Bunlar hamısı – əzmkar, iradəli insanın ruhunu oxşayan, ona yüksəliş bəxş edən, təravət verən, onu çiçəkləndirən, onun mərifət və əməl şövqünü artıran, onu mənəvi süstlükdən, mənəvi laqeydlikdən çıxaran, ondan saleh bəndə düzəldən – mənəvi mehlərdir.

Siz Ramazan ayında salehliyə doğru pərvaz edirsiz, saleh bəndə olursunuz. Allah-Taala bu dünyada da saleh bəndəyə vəd verib ki: “اَنَّ الاَرضَ یَرِثُها عِبادیَ الصّالِحون” (4). Bu, saleh bəndənin bu dünyadakı mükafatıdır. Onun axirəti üçün vəd verib ki: “مَعَ الَّذینَ اَنعَمَ اللهُ عَلَیهِم مِنَ النَّبییّنَ وَ الصِّدّیقینَ وَ الشُّهَداءِ وَ الصّالِحینَ وَ حَسُنَ اُولئِکَ رَفیقاً” (5). Saleh bəndə orada da peyğəmbərlərin, siddiqlərin, şəhidlərin sırasında yer alacaq. Ramazan ayının belə bir qüdrəti var, belə bir bacarığı var. Ramazan ayı qəflətdə olmayan, ayıq və diqqətli insanı bu mənəvi dərəcələrdə irəliyə doğru aparır. Ümidvarıq, inşallah, əziz xalqımız, bütün İslam ümməti, qəlbləri Allahla olan bütün bəndələr mənəviyyatdan istifadə edib özlərini inkişaf etdirə-etdirə irəliləyəcəklər.

Mən bu gün bu ilin şüarı ilə bağlı bir mövzu hazırlamışam. Digər məsələ isə – bir neçə nüans – ölkənin ümumi və milli maraqları barəsində olacaq; onları İran xalqına çatdıracağam. İlin şüarına (6), ilin şüarı kimi irəli sürülən məsələyə gəlincə, əsas istəyimiz budur ki, bütün fikir və diqqətlər ölkənin əsas strategiyasının bu sahəsinə yönəlsin. İlin şüarı, adətən, ölkənin əsas strategiyasının bir hissəsi olur. Məsul şəxslərin diqqətinin, qətiyyətinin, səylərinin bu sahəyə yönəlməsi zərurəti ilə yanaşı, xalqın ictimai rəyi, ümumi bilgisi bu məzmunu tələb etməlidir. İlin şüarını seçmək ənənəsi uzun illərdir ki, aramızda rəvac tapıb.

Bu bir neçə ildə irəli sürülən şüarların əsas məqsədi iqtisadi sahəyə diqqət və onun əsas götürülməsi ilə bağlıdır. Keçən il biz “İnflyasiyaya nəzarət və istehsalın artırılması” şüarını irəli sürmüşdük. Tərəfimizdən təsdiqini tapmış rəsmi məlumatlar bizə bu sahədə yaxşı işlər görüldüyündən xəbər verir. Buna görə də elə buradan bildirirəm ki, 1402-ci ilin şüarı elə bu il də bizim tələblərimizdən, əsas vəzifələrimizdəndir; biz məsul şəxslərin və xalqın bütün fəal üzvlərinin izləməli olduğu işlərdəndir. Bu ilin özünün şüarına gəlincə, sözsüz ki, bu, daha üstündür. Bu ilin şüarı “istehsal sıçrayışıdır”. İstehsal sıçrayışı bəzilərinin nəzərində böyük iş, bəlkə də mümkünsüz iş hesab edilə bilər. Amma mən inanıram ki, bu şüarın ikinci hissəsi, yəni “xalqın iştirakı” mümkündür. Əgər biz xalqın qətiyyəti, investisiyası, təşəbbüsü və hər kəsin iqtisadiyyat sahəsindəki ciddi mövcudluğuna nail olsaq, sözün həqiqi mənasında iqtisadiyyat sahəsində xalqın səfərbərliyini təmin etsək, istehsalda da sıçrayış yarana bilər.

İqtisadiyyat ölkənin əsas məsələlərindən biridir. Müxtəlif səbəblərdən asılı olaraq bizim zəif cəhətlərimizdən biri də iqtisadi problemlərdir. Əgər ölkə iqtisadiyyatı arzuolunan vəziyyətə gəlsə, bu, ölkənin bütün ümumi vəziyyətinə təsir göstərəcək; demək olar ki, xalqın dininə, dünyasına təsir göstərəcək. Bəziləri deməsin ki, sərvət və mütərəqqi iqtisadiyyat baxımından vəziyyəti yaxşı olan, amma əhalisinin vəziyyəti yaxşı olmayan ölkələr var. Bunun səbəbi başqadır; çünki onlarda ədalətə diqqət yetirilmir, çünki onlarda dini təlimlərin, dini inamın əhəmiyyətinə diqqət yetirilmir. Xalqın vəziyyətinin pis olmasının səbəbi budur. Hər halda iqtisadiyyat çox təsirli bir amildir.

Düşmənlər uzun illərdir ki, ölkəmizin iqtisadiyyatını diz çökdürmək üçün cəhd göstərirlər, çalışırlar; özü də ciddi şəkildə çalışırlar. Biz bunu zamanla Amerikanın və onun digər müttəfiqlərinin düşməncəsinə münasibətlərində hiss etmişik. Məqsədləri isə İranın iqtisadiyyatını çökdürməkdir; məqsədləri ölkəmizi iqtisadi cəhətdən diz çökdürməkdir. Əlbəttə, ölkəmizdəki gənclərin qətiyyəti, xalqın və məsul şəxslərin tərəfindən həyata keçirilmiş böyük səylərin sayəsində düşmən buna müvəffəq ola bilmədi; Allahın gücü və qüdrəti sayəsində müvəffəq ola da bilməyəcək. Amma hər halda düşmən İslam Respublikasına qarşı olan iqtisadi mövqeyində qətiyyətlidir, fəaldır. Biz də fəal olmalıyıq, qətiyyətli, əzmkar olmalıyıq. Bu yolda düzgün düşüncə, gecə-gündüz bilmədən yorulmaz səylə qətiyyətlə irəliləməliyik.

Ölkənin iqtisadiyyatının çiçəklənməsi üçün ölkənin bütün irili-xırdalı çarxları işə düşməlidir. Hamı səy göstərməlidir; həm ölkənin infrastrukturlarından istifadə edilməli, həm xalqın təşəbbüslərindən istifadə edilməli, həm iqtisadi fəalların gücündən istifadə edilməli, həm də idarəetmə fəallarının idarəetmə gücündən istifadə edilməlidir. Təhsilli gənc qüvvələrdən, sözün əsl mənasında, istifadə edilsin. Elm təməlli şirkətlərə dəstək verilsin. Bunlar elə vasitələrdir ki, əgər kompleks şəkildə nəzərdə tutulsa, heç şübhəsiz, ölkənin iqtisadiyyatını çiçəkləndirəcək. Təbii ki, məsul şəxslərin fasiləsiz səyləri də vurğulanmalıdır. Allaha həmd olsun ki, hazırki hökumət, insafən, səy, dinamiklik və fəaliyyət baxımından yüksək qiymətə layiqdir; səyləri də yaxşıdır. Bəli, bu bizim bu ilki şüarımızda diqqət mərkəzində olan məsələdir. Biz inanırıq ki, iqtisadiyyata köklənmək lazımdır. Bu yolda uğur əldə etmək üçün xalqın iştirakından, sözün həqiqi mənasında, istifadə edilməlidir. Bütün qüvvələrin bu yolda səfərbər olmasını istəyirik. Bu bizim məsul şəxslərin bacara biləcəyi bir işdir. İnşallah, yolunu tapmalı, bu hərəkəti reallaşdırmalıdırlar.

Bu il yeddinci inkişaf proqramının başlanmasının ilk ilidir (7); yeddinci proqram bu il başlayır. Bəli, yeddinci proqramın ümumi məqsədi iqtisadiyyatın ədalətlə müşayiət edilən çiçəklənməsidir. Amma bu proqramın sonu üçün də çox mühüm olan məqsədlər qeyd edilmişdir: inflyasiyanı təkrəqəmli etmək, büdcə strukturunda islahat, vergi sistemində dəyişiklik, ölkə daxilində əsas məhsulların ən azı 90%-nin istehsalı (bunlar böyük işlərdir) və kənd təsərrüfatında suyun məhsuldarlığını artırmaq – bu, ölkənin problemlərindəndir və yeddinci proqramda diqqət mərkəzindədir və böyük milli layihələrdəndir. Bəli, əgər biz bu məqsədlərə nail olmaq istəyiriksə, mənim nəzərimcə, xalqın iştirakı olmadan, bu mümkün deyil. Xalqın iştirakı ilə həyata keçirilməlidir. Mən İran xalqının buna diqqət yetirməsini istəyirəm. Əlbəttə, hamının bacarıqları var, amma hamı eyni həddə deyil, hamı eyni cür deyil, köməklərin hamısı eyni növdən deyil. Amma xalq tərəfindən edilən köməklər – bunlar proqramlaşdırılmalıdır – bizi bu məqsədlərə çatdıra bilər. (Hazır olduğunuzu bildirməyinizdən çox şadam) (8). Mən əminəm ki, xalqımız hazırdır. Amma əməl meydanında olmaq üçün bir yol tapılmalıdır. Əməl meydanında, inşallah, bu hazırlıq göstərilsin; necə ki, bu müqəddəs müdafiədə göstərildi. Biz problem olan bütün sahələrdə bu işi, inşallah, həyata keçirməliyik. Əlbəttə, ümumi səfərbərlik elm, əxlaq, incəsənət, mədəniyyət və ölkənin digər mühüm işlərində də həlledici və lazımdır, amma hələlik bizim mövzumuz iqtisadiyyatdır.

Mən inanıram ki, xalqa aid olan sahə və xalqın imkanları yüksəkdir. Yaxın günlərdə elə bu Hüseyniyyədə bir sərgi təşkil edilmişdi. Mən özəl sektorun istehsal fəaliyyətlərini, xalqın öz sərmayəsi və təşəbbüsü ilə gördüyü işləri yaxından gördüm (9). Mən orada təqribən 4 saat, bəlkə də, 4 saatdan çox vaxt sərf etdim. Xalqın bu proqramlarını  tam təfsilatı ilə gördüm; heyrətamiz idi, çox yaxşı idi, xalqın istehsal və iqtisadi təşəbbüskarlıq sahəsində yüksək potensiala malik olduğunu göstərirdi. Oradakıların çoxu gənc idi. Gənclər öz təşəbbüsləri ilə iqtisadiyyat sahəsində gördükləri böyük işlərdən danışdılar. Deməli, potensial var, imkan və bacarıqlar var, bu bacarıqlardan istifadə etmək lazımdır. İri sənaye sahələrində, su istehlakının optimallaşdırılması, neft sektoru, kustar sənaye və nəqliyyat kimi sahələrdə təşəbbüskar və yaradıcı gənclər işlər görürlər; çox yüksək işlər də görüblər.

Əlbəttə, iqtisadiyyat sahəsində bizim xarici və beynəlxaql fəaliyyətimiz var, olmalıdır da. O, olmasa iqtisadiyyat irəli getməyəcək. Mən burada artıq üzümü möhtərəm hökumət rəhbərliyinə tuturam. Xarici məsələlərə gəlincə, iqtisadi əlaqəmiz olan ölkələrlə imzalanan və elə də təsiri olmayan memorandumları əməldə təsiri olan icra və əməl edilə bilən hüquqi müqavilələrə çevirsinlər; bunu ciddi şəkildə izləsinlər.

Başqa bir nüans isə daxil olmaq istəmədiyim səmərəlilik məsələsidir. Əgər ömür vəfa etsə, gələcəkdə səmərəlilik barəsində danışacağam. Bizim ölkədə səmərəliliyimiz azdır. İstehlak etdiyimiz sərmayənin – istər su olsun, istər elektrik, istərsə də ömür – sərmayəmizə və istehlakımıza uyğun şəkildə səmərəliliyi yoxdur. Bunlar əlacı olan işlərdir; bunlar sınaqdan çıxmış işlərdir. Bu sahədə də, inşallah, işlər görülməlidir.

Bəli, bunlar ilin şüarının ehtiva etdiyi məsələlərə aid idi. Əlbəttə, bu il irəli sürdüyümüz şüar bir ilə aid və bir ilə məxsus deyil, bunun davamı var. Bunlar bir ildə tamamlanan işlər deyil. Bu il – 1403-cü il məsul şəxslər səy göstərib ilk addımı atsınlar, proqram tərtib etsinlər, inşallah, sonra davam etdirilsin. Bu, bu məsələyə aiddir.

Sözsüz ki, ölkənin problemlərinə ürəyiyananlıqla baxan bəzi şəxslərin belə bir narahatlığı var ki, əgər biz xalqın sərmayələrini, xalqın imkanlarını iqtisadi məsələlərə cəlb etsək, daha öncə olduğu kimi, bu, sui-istifadələrə, ayrıseçkiliyə, sinfi çatlara, korrupsiya və sairəyə səbəb olar. Əlbəttə bu, yerində olan bir narahatlıqdır. Keçmişdə dövlətin imkanlarından, borcdan istifadə etmiş, valyutadan istifadə etmiş şəxslər olmuşdu. Amma onlar istifadə edilməsi lazım olan istiqamətdə bunu istifadə etməmişdilər. Onlar istiqaməti dəyişdilər, sui-istifadə etdilər, korrupsiyaya yol verdilər, ayrıseçkilik etdilər, bunlar bir həqiqətdir. Bu da öz növbəsində məsul şəxslərin gözlərini açmasını, diqqətli olmasını, gördükləri hər bir işə tam nəzarət etmələrini tələb edir. Bu, gərəkli məsələlərdən, zəruri diqqət və nəzarətlərdən biridir.

İlin şüarı və iqtisadi məsələlərlə bağlı mövzunu burada yekunlaşdırıb, bununla kifayətlənirəm.

Bir-iki nüans da ölkənin ümumi məsələləri ilə bağlı demək istəyirəm. Birinci nüans budur ki, bu gün milli maraqlarımız və gələcəyimizin parlaq üfüqü “ümid” və “iman”dan asılıdır. Daha öncə, 1402-ci ildə bu barədə geniş, ətraflı məlumat vermişəm (10). Bunu xüsusilə vurğulamaq istəyirəm: ümid və iman. Əgər qəlblərdə ümid işığı sönsə, heç bir hərəkət baş verməyəcək. Bizim ki, inkişaf etmək üçün bu qədər potensialımız var, bu qədər istedadlı gəncimiz var, iş görməyə, iş başında hazır olan xalqımız var, nadir təbii sərvətlərimiz var, özünəməxsus üstünlüyü olan coğrafi mövqeyimiz var, biz inkişaf edə bilərik, böyük nailiyyətlər əldə edə bilərik. İnqilabın əvvəlindən bu günə qədər də çox inkişaf etmişik. İndi düşmənlər gizlədirlər. Bəziləri də onları düzgün çatdırmağı bilmirlər. Amma bizim bundan daha çox inkişaf imkanımız var. Lakin bu inkişaflar o halda mümkündür ki, mən və siz gələcəyə ümidvar olaq. Ümidimiz olsun. Bilək ki, inkişaf etmək, iş görmək, hərəkət etmək olar.

Ümidverici amillər də ölkədə, Allaha həmd olsun ki, az deyil. İnsanda ümid yaradan amillər ölkədə çoxdur: sənaye sahəsində, səhiyyə sahəsində, məhkəmə sahəsində, siyasət sahəsində elmi nailiyyətlər, xarici siyasətdə malik olduğumuz nailiyyətlər, ölkə üçün diqqət mərkəzində olan təhlükəsizlik ölkədə mövcuddur. 22 bəhməndə bütün ölkə ərazisində bir neçə milyon insan, Allaha həmd olsun, tam təhlükəsiz şəraitdə hərəkət edir. Seçkilər tam təhlükəsiz şəkildə keçirilir. Dünyanın çox az yerində bu sabitlik, bu təhlükəsizlik, xalqın bu hüzuru, belə sürətli inkişaflar, heyrətamizliklər var. Bunlar ümidverici amillərdir; bunlar bizə ümid bəxş edir; xalqımızda izzət və iftixar hissini gücləndirir.

Hal-hazırda bütün ölkə ərazisində minlərlə gənc müxtəlif sahələrdə işlə məşğuldur; bəzilərindən ümumi şəkildə, bəzilərindən isə ətraflı şəkildə xəbərimiz var. Sözün həqiqi mənasında minlərlə gənc, bacarıqlı, motivasiyalı gənc qruplar şövqlə işləyir, səy göstərir, elmi araşdırmalar aparır, sənaye araşdırmaları aparır, sənaye və kənd təsərrüfatı sahələrində, səhiyyə sahəsində, həkimlik vəzifəsində çalışır, elmi tədqiqatlar aparır. Elmi hövzələrdə fəzilətli və istedadlı gənclər elm, təhsil və maarif sahəsində çalışırlar, yeni işlərə, yeni fikirlərə imza atırlar. Ölkənin bütün ərazilərində, müxtəlif yerlərdə yazıçılıq, kitab nəşri, şeir, kino, incəsənət, rəssamlıq, heykəltaraşlıq, dini və təbliğat fəaliyyətləri, cəmiyyətin işıqlandırılması sahəsində mədəni fəaliyyətlər həyata keçirilir.

Bütün ölkə ərazisində Ərbəin, Nimeyi-şəban, Qədir və s. bayramlar münasibətilə həyata keçirilən böyük yürüşlər həmin gənclərin işidir. Bunlar hamısı ümidverici amillərdir. Bütün bu sadaladıqlarım gənclərimizin fəal olduğunu göstərir. Təəssüflər olsun ki, təbliğat imkanlarımız baş verənləri insanlara göstərə biləcək vəziyyətdə deyil, lazımi imkanlara malik deyil. Bütün bunlar ölkənin ümidverici təzahürləri, ölkənin yüksək əhval ruhiyyə, ümidvarlıq təzahürüdür. Bu da onu göstərir ki, bütün xalqımız, xüsusilə gənclərimiz yüksək əhval-ruhiyyəyə malikdir, dinamikdir, fəaldır, təşəbbüskardır, ümidvardır.

Digər tərəfdən, insan görür ki, bəzi adamlar, məncə, bilmədən mənfi fikir formalaşdırırlar. Həm gənclərin ümidini inkar edir, həm də qəlblərdəki ümidi yox etməyə çalışırlar. Niyə? Bu iş kimin xeyrinədir? Gələcəklə bağlı heç bir ümidin olmamasını sübuta yetirmək üçün o, qələmini işə salır. Bunlar da var. Bunlar mənim şahidi olduğum işlərdir. Məqalə yazıb sübuta yetirməyə çalışır ki, gələcəyə ümidvar olmaq olmaz. Yaxşı, niyə? Nə üçün bu qədər ümidvericinin olması ilə ümidvar olmaq olmaz? Sanki gənclərdə ümidi öldürmək, yox etmək üçün pusquda durublar. İllərdir ki, düşmən bu işi görür və görməkdədir, ancaq müvəffəq ola bilməyib. İllərdir ki, müxtəlif təbliğatlarla, müxtəlif media hiylələri və s. ilə zəif cəhətlərimizi şişirtməyə, qabartmağa çalışırlar. Bəli, ölkəmizdə zəifliklərimiz var, onları on dəfə şişirdirlər, böyüdürlər. Bizim nailiyyətlərimiz də var, onların üzərindən sükutla keçirlər, bəzən inkar edirlər. Fərz edin, hərbçilərimiz bir müdafiə vasitəsi, bir raket istehsal edib buraxırlar. Amma onların təbliğat vasitələrində deyilir ki, bu, yalandır. Halbuki raketin buraxıldığı göz önündədir. Yəni düşmən bu işi görür. Bəs, nə üçün ölkə daxilində bəziləri bu işi görürlər? Bəziləri, məncə, bunu qəflət üzündən edirlər. Biz belə bir qəflətə düşməyi özümüzə icazə verməməliyik, bu səhvə düşməməliyik.

Mən əziz gənclərə tövsiyə edirəm, deyirəm ki, gənclər düşmənin planından əvvəl hərəkət etsinlər; gənclər düşmənin planından əvvəl hərəkətə keçsinlər. Düşmən sizi məyus etmək istəyir. Düşmən sizi naümid etmək üçün səy göstərməyə başlamazdan əvvəl, siz ümid yaratmağa, gənclərin qəlbində ümidi çiçəkləndirməyə çalışın. Düşmən həm milli səviyyədə, həm beynəlxalq səviyyədə bəzi səslərin qulaqlara çatmasını, eşidilməsini istəmir. Siz düşmənə rəğmən, bu səsləri qulaqlara çatdırın, eşitdirin. Bu gün müxtəlif vasitələr hamının ixtiyarındadır. Bu da məsələlərdən biridir.

Digər məsələ milli maraqlardır; insanların qəlblərinin, əzmkarlıqlarının, iradələrinin birliyi və vəhdəti məsələsidir. Bu sahədə, təəssüflər olsun ki, problemlərimiz, geriliklərimiz var. Sosial əlaqə və birlik çox mühümdür. Bu sahədə qəflətə düşmüşük. Özümüz öz əlimizlə milli vəhdətimizi pozuruq.

Hamımız bu məsələdə qəflətə düşmüşük. Milli vəhdəti, xalqın birliyini, xalqla məsul şəxslərin birliyini qorumaq hamımızın vəzifəsidir, borcudur. Gərək onu günbəgün gücləndirək. Bu, İslam Respublikasının ilk gündən qarşıya qoyduğu qəti siyasət olmuşdur. Böyük İmamın (r.ə) ilk gündən üzərində dayandığı məsələlərdən biri birlik məsələsi olub. Bəziləri cinah və siyasi məsələlər üzərində bir-biri ilə ixtilafa düşürdü. İmam (r.ə) bunlara acıqla səslənib deyirdi: “Nə qədər səsiniz var, Amerikanın başına çığırın” (11). Bir ölkədə fikir ayrılığı, yanaşma fərqi, siyasi fərqliliyin olması təbii işdir. Amma nifrət yaymaq başqa bir işdir.

Sizin bir fikriniz var, başqasının başqa fikri var; bunlar eyni deyil, bunun eybi də yoxdur. Amma bu, nifrət yaymağa səbəb olmamalıdır. Fərdlər bir-birlərinə nifrət etməməli, bir-birinin düşməni olmamalı, hər biri digərinin əleyhinə mümkün olan hər hansı vasitədən istifadə edib onun təhqir olunmasına, əziyyət çəkməsinə və bu kimi işlərə səbəb olmamalıdırlar. Əgər bunlar iftira, yalan və bu kimi işlərlə müşayiət olunarsa, bu, çox böyük problemdir. Mənə görə, daxili rəqabətlər öz yerində qorunub saxlanmalıdır. Əlbəttə, ölkə daxilində müxtəlif siyasi və s. məsələlərdə rəqabətlər mövcuddur; bu öz yerində. Amma hamı bir olmalı, birlikdə olmalıdır. Bir ailədə iki qardaşın müxtəlif mövqelərdə olması mümkündür. Amma aralarındakı qardaşlıq pozulmur. İş söyüş, yalan, təhqir və sairlə nəticələnməməlidir. Bunda hamı diqqətli olmalıdır. Bu da əsas və mühüm bir məsələdir. Əziz gənclərimizə israrla tövsiyə edirəm ki, cəmiyyət arasında nifrətin yayılmamasına çalışsınlar. Yanaşma fərqliliyi var, bunun eybi də yoxdur. Amma hamı bir-biri ilə qardaşdır, bir-birinin yanındadır. Cəmiyyətin ümumi məsələlərində ölkənin, İslam Respublikasının, İran xalqının müxalifləri qarşısında eyni səviyyədə durub, birlikdə hərəkət etsinlər.

Mühüm beynəlxaq məsələlərə gəlincə, bu gün birinci dərəcəli məsələ Fələstin və Qəzza problemidir. Bu mövzuda bir neçə cümlə qeyd edirəm. Bu gün  Qərbi-Asiya regionundakı “müqavimət” dünyanın diqqətini cəlb etmiş əsas məsələdir. Fələstin məsələsinə bir neçə aspektdən baxmaq olar.

Birincisi, Qəzza hadisələri göstərdi ki, dünyaya həm zülm, həm də zülmət hakimdir. Qərb dünyası, insan hüquqları və bu kimi şeyləri iddia edən “sivil dünya” bunların həyatına, düşüncələrinə, əməllərinə hansı zülmətin hakim olduğunu göstərdi. Körpə uşaqlardan tutmuş yeniyetmələrə, gənclərə, qocalara, kişi, qadın və xəstələrə qədər otuz mindən çox adam qətli-am edilir. Qısa müddət ərzində bunlardan otuz min nəfərdən çox adam öldürülür, evləri dağıdılır, ölkələrinin infrastrukturları məhv edilir; “sivil dünya” seyr edir, tamaşa edir. Qarşısını almamaqla yanaşı, üstəlik kömək də edir! Sionist rejimin Qəzza əhalisinin üzərinə vəhşicəsinə hücum etdiyi ilk günlərdə amerikalılar davamlı olaraq get-gəl etdilər. Avropalılar biri-digərinin ardınca davamlı get-gəl etdilər. Sionist cinayətkarlara öz dostluqlarını və dəstəklərini göstərdilər; bunu açıq şəkildə elan etdilər. Təkcə elan etməklə qalmadılar, sionist cinayətkarlara silah-sursat göndərdilər, təchizat göndərdilər, müxtəlif cür yardımlar göstərdilər. Müasir dünyanın zülməti budur! Biz bu gün bu dünya ilə qarşı-qarşıyayıq. Bu bir baxışdır. Bu baxış bir cəhətdən bugünkü dünyanın vəziyyətini göstərir.

Başqa bir cəhətdən baxsaq, bu hadisə müqavimət cəbhəsinin haqlı olduğunu göstərdi. Bəziləri qeyd etdilər ki, yaxşı, bu müqavimət cəbhəsinə Qərbi-Asiyada nə lüzum var idi?! Göstərildi ki, müqavimət cəbhəsinin regiondakı varlığı ən həyati məsələlərdən biridir. Bu müqavimət cəbhəsi günü-gündən gücləndirilməlidir. Təbiidir ki, oyaq vicdanı olan insanlar sionistlərin zülmünü – yetmiş ildir ki, bu zülm davam edir – gördükdə sakit oturmayacaq, rahat oturmayacaq, müqavimət fikrinə düşəcək. Müqavimət cəbhəsinin yaradılması buna görədir; müqavimət cəbhəsi sionist cinayətkarların Fələstin xalqına və Fələstinin tərəfdarlarına qarşı daima davam edən zülmünə qarşı çıxmaq üçündür.

Əgər bu məsələyə başqa bir baxış bucağından baxsaq, görərik ki, bu son bir neçə ayda müqavimət cəbhəsi özünün həqiqi, əsl vəziyyətini göstərdi. Bəlkə də nə amerikalılar, nə qərblilər, nə də region dövlətləri bu regiondakı müqavimətin gücü və imkanını olduğu kimi bilmirdi. İndi anladılar, başa düşdülər. Fələstinin bu müqavimətinə siz baxın! Məzlum Qəzza əhalisinin səbrinə baxın! Fələstinin HƏMAS və digər qruplarının müqavimətçi mübarizlərinin iradə və əzminə baxın! Müqavimətdəki iradənin gücünə Livanda, Yəməndə və İraqda da baxın! Bu müqavimət belədir. Müqavimət öz həqiqi varlığını, məkanlarını, vəziyyətini, müqavimətin nə olduğunu üzə çıxartdı, dünyaya göstərdi. Amerikanın bütün hesablamalarını bunlar darmadağın, alt-üst etdilər. Amerikalılar bu reginodakı varlıqları ilə buranın – istər Suriya olsun, istər İraq, istər Livan, istərsə də bütün regionun vəziyyətinə, hər şeyinə nəzarət etmək fikrindəydilər. Səhv bir hesablama ilə belə bir fikirə gəlmişdilər. Müqavimətin gücü bu hesablamanı alt-üst etdi. Göstərdi ki, belə bir şey mümkün deyil. Amerikalılar bu regionda qala bilməzlər. Regionu, ərazini tərk etmək məcburiyyətindədirlər.

Bu məsələni başqa bir cəhətdən görmək üçün başqa bir nüans və baxış bucağı da var. O da budur ki, sionist rejimin vəziyyəti hamıya aydın oldu. Məlum oldu ki, sionist rejim özünü qorumaqda böhran yaşaması ilə yanaşı, böhrandan çıxa bilməmək böhranını da yaşayır. Bataqlıqda ilişib qalıb, özünü xilas edə bilmir. Sionist rejimin Qəzzaya girməsi onun üçün bataqlıq yaratdı. Bu gün Qəzzadan çıxsa da, çıxmasa da məğlubdur. Sionist rejimin vəziyyəti belədir. Onların qərarlarındakı ziddiyyətlər, düçar olduqları gicəllənmə sionist rejimin daxilində bu rejimin məsul şəxsləri arasında dərin ixtilafların yaranmasına, öz aralarında qərar qəbul edə bilməyəcək həddə ixtilafların düşməsinə səbəb olmuşdur. Bu gün sionist rejim qərar qəbul edə bilmir. Bu, artan sürətlə onu süquta daha da yaxınlaşdırır, inşallah.

Amma Amerika; Amerika Qəzza məsələsində mümkün olan ən pis vəziyyəti seçdi. Amerika Qəzza regionunda ən pis vəziyyəti seçdi. Elə bir iş gördü ki, bütün dünyanın nifrətini qazandı. London, Paris, digər Avropa ölkələri və Amerikanın özündə Fələstinin xeyrinə aksiyalar keçirən insanlar Amerikaya nifrətlərini elan edirlər. Amerikaya dünyada nifrət edilir. Regionda ona nifrət edilirdi, bu nifrət on dəfə artdı. Onlar həm regiondakı məsələləri anlamaqda səhvə yol veriblər, həm də bu qavrayışa əsaslanan qərarları səhvdir. Bu regionun hər yerində – Yəmən, İraq, Suriya və Livanda – müqavimətin cəsur və mübariz qüvvələri tərəfindən atılan hər bir addımı amerikalılar öz hesablamalarında İrana aid edirlər. Bu hesalama səhvdir, Amerikanı, nəhayət, diz çökdürəcək. Onlar bu toplumu tanımırlar. Millətləri və bu xalqların igid, cəsur gənclərini təhqir edirlər. Bu xalqların özü düşünəndirlər, iradəlidirlər, əzmkardırlar, cəsurdurlar.

Biz, sözsüz ki, müqaviməti müdafiə edirik. Biz imkanımız çatdığı qədər müqavimət qruplarını dəstəkləyir, himayə edir və işlərini təqdir edirik. Amma qərar  qəbul edən, hərəkət edən onların özləridir. Bu hərəkətlərində haqq onlarladır. Biz inanırıq ki, sionist rejimin varlığı ilə regionda böyük bir zülm həyata keçirilir. Bu zülm çox böyükdür. Onlarla ildir ki, bu zülm davam edir. Bu zülmün kökü kəsilməlidir. Hər kim bu böyük cihada – insani, İslami və vicdani cihada – daxil olsa, biz onun tərəfdarıyıq, onu dəstəkləyirik, ona kömək edirik. Allahın köməkliyi ilə, Onun gücü və qüdrəti sayəsində məqsədimizə də nail olacağıq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

(1) Hafiz, Divan, qəzəllər. Uzaq olsaq da, sənin xatirənlə yaşayırıq/ Mənəvi səfərdə uzaqlıq olmaz.
(2) Kamiluz-ziyarat, s.39
(3) Mövləvi, Mənəvi məsəvi, birinci dəftər. Bir hədisə işarədir: “اِغتَنِمُوا بَردَ الرَّبِیعِ فَاِنَّهُ یَفعَلُ بِاَبدَانِکُم مَا یَفعَلُ بِاَشجَارِکُم” (Baharın havasını qənimət bilin. Çünki bədəninizə də ağaclarınıza etdiyini edəcək).
(4) “Ənbiya” surəsi, 105-ci ayədən, “... Bizim layiqli bəndələrimiz yer üzünün varisləri olacaqlar ”.
(5) “Nisa” surəsi, 69-cu ayədən
(6) “Xalqın iştirakı ilə müşayiət olunan istehsal sıçrayışı”. Bax: Yeni ilin başlanğıcı münasibətilə verilmiş bəyanat (01/01/1403)
(7) İran İslam Respublikasının 1403-cü ildən 1407-ci ilə qədər olan yeddinci inkişaf proqramı.
(8) İştirakçıların şüarı: “Ey azad Rəhbər, hazırıq, hazırıq!”
(9) İmam Xomeyni (r.ə) adına Hüseyniyyədə daxili istehsal sərgisinə baxış (09/11/1402)
(10) Bax: İmam Xomeyninin (r.ə) vəfatının otuz dördüncü ildönümündə verilmiş bəyanat (14/03/1402)
(11) İmamın səhifəsi, c.11, s.121. Tehranın mühafizəçilərinin toplantısındakı çıxış (04/09/1358)