Rəhman və rəhim Allahın adı ilə (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox-çox pakizə və pak, məsum Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Çox xoş gəlmisiniz əziz qardaşlar, bacılar və bəsicilər. Həmçinin başqa şəhərlərdən görüşə qatılan və bizi izləyən görüş iştirakçılarına xoş gəlmisiniz deyirəm, biz də onların görüntüsünü müşahidə edirik.
Bəsic barəsində söz çoxdur. Ümumiyyətlə, bəsic İmamın ölkə üçün çox qiymətli bir yadigarıdır. İmam bəsicin banisi və atasıdır. Amma buna rəğmən, o, deyir ki, mən bir bəsici olmağımla fəxr edirəm. (2) Bəsicin şəni budur. Mən İmamın bəsic barəsindəki sözlərinə əsaslanaraq bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm.
Birinci məsələ budur ki, bəsicin məntiqi – ölkənin müdafiəsini təhdidlər və təhlükələr qarşısında maksimum həddə artırmaqdır. Bəsicin məntiqi budur. İmam (Allah ondan razı olsun) öz uzaqgörənliyi ilə başa düşdü ki, ölkənin, xalqın və İnqilabın toxunulmazlığı üçün çox böyük və geniş xalq qüvvəsinə ehtiyac vardır. Çünki İnqilab xalqındır, ölkə xalqındır. Xalq hər bir qüvvədən və ünsürdən daha yaxşı öz ölkəsini və İnqilabını müdafiə edə bilər, əlbəttə, bu şərtlə ki, onlara bir yol göstərilsin. Bu yolu İmam təyin etdi və bu, bəsic idi. Bu, bəsicin məntiqidir. Deməli, bəsic – ölkənin təhlükələr və təhdidlər qarşısında müqavimət imkanlarını maksimum həddə artırmaqdır. Bu məntiq bəsicin yaranmasının ən əsas səbəbi idi, bu gün də bu məntiq mövcuddur və aktualdır. Bu gün də milli varlığın, ölkənin təhlükəsizliyinin və xalqın mənafeyinin maddi və mənəvi yönlərinin müdafiəsi üçün – bu barədə söhbət genişdir və mən buna qısaca toxunacağam – bəsicin varlığına ehtiyac vardır. Bu qırx neçə il ərzində bəsicin fəaliyyəti də bu hədəfin doğruluğunu təsdiqlədi, İmamın uzaqgörənliyi və baxışının dəqiqliyini göstərdi. Mənim əzizlərim! Bu ölkədə elə vəziyyətlər yarandı ki, bəsicin varlığı ölkənin müqəddəratını həll etdi. Bunun bir nümunəsi Müqəddəs Müdafiədir. Heç şübhəsiz, əgər bəsic, yəni könüllü xalq qüvvələri olmasaydı, Müqəddəs Müdafiənin nəticəsi indikindən qeyri bir nəticə olacaqdı. Müqəddəs Müdafiə bu ölkənin xalqının əzəmətli iqtidarının bəsic qəlibindəki tərənnümüdür. Başqa nümunələr də vardır ki, indi onlara toxunmuruq.
Digər bir məsələ İmamın bəsic barəsində qeyd etdiyi xüsusiyyətlərdir. Mən bu xüsusiyyətlərdən ikisini seçmişəm və sizin diqqətinizə çatdırıram. İmam bir yerdə belə deyir: “Bəsic Allahın ixlaslı qoşunudur”. (3) Allahın ixlaslı qoşunu! İfadələrə diqqət yetirin. Başqa bir yerdə də deyir: “Bəsic eşq məktəbidir”. (4) Bu iki xüsusiyyəti yanaşı qoyaq. “Allahın ixlaslı qoşunu” o deməkdir ki, bəsic döyüşçüdür, çünki qoşun döyüş üçündür, müharibə üçündür. “Döyüşçü” olmaq nə deməkdir? Döyüşçü olmaq həm maddi və fiziki gücə malik olmaq, həm iradə və şücaət kimi mənəvi keyfiyyətlərə malik olmaq, həm də döyüş tədbirlərini və hiylələrini bilmək deməkdir. Bunun nümunəsi Əmirəl-möminin Əlidir (ə). O, Əmr ibn Əbduvədin qarşısına çıxanda həm fiziki gücünü göstərdi, həm şücaət və qorxmazlığını nümayiş etdirdi, həm də döyüş hiyləsi işlətdi. Əmr ibn Əbduvədə dedi: “Mən və sən döyüşürük, bəs bunlar kimdir?” Əmr ibn Əbduvəd başını arxaya çevirəndə Əmirəl-möminin ona zərbə endirir. Bu, döyüş hiyləsi və tədbiridir. Deməli, “döyüşçü” olmaq maddi, mənəvi və düşüncə gücünə malik olmaq deməkdir. Bəs “Allahın ixlaslı qoşunu” nə deməkdir? Yəni bu böyük qənimət şəxsi iqtidara çatmaq üçün deyildir. Dünyada qoşunlar nə üçün yaradılır? Hansı hədəf uğrunda döyüşür? Bəsic Allah yolunda döyüşür, üstəlik, ixlasla döyüşür. Allah yolunda tam xalisliklə döyüşür. Bəsicin döyüşü belədir. O, həm öz gücünü göstərir, həm də “اَشِدَّاء” ifadəsindəki (5) mənanı nümayiş etdirir.
Digər tərəfdən bəsic eşq məktəbidir. Bəsic aşiqdir, vurğundur. Amma bu eşq mənasız, hədəfsiz və azğın bir eşq deyildir. Bu eşq ideoloji bir məktəbdən, hədəfli və nəzmli bir çərçivədən qaynaqlanır. Bu nə deməkdir? Yəni bu eşq Allaha, mənəviyyata, insanlara və yola olan eşqdir. Bəsic öz hədəfinə tərəf hərəkət edir, eyni zamanda aşiqcəsinə hərəkət edir. “Eşq məktəbi”nin mənası budur. İmam demir ki, bəsic aşiqdir. Deyir ki, bəsic eşq məktəbidir. Bəsic hədəfi müəyyən olan bir eşqi öyrədir, təlim edir.
Bu xüsusiyyətlər söz xatirinə deyilməyib, sırf ideya yaratmaq üçün də deyilməyib. Bu xüsusiyyətlərin həqiqi olduğunu hamı gördü. Həm döyüş meydanında, həm də məhəbbət meydanında hamı bunları gördü. Hamımız öz gözlərimizlə bəsicin nələr etdiyini gördük. Döyüş meydanında on minlərlə ixlaslı və əksəriyyəti də adsız-nişansız bəsici necə böyük işlər gördülər, həlledici uğurlara imza atdılar. Mənim əzizlərim! Siz müharibə illərini xatırlamazsınız. Amma müharibə illəri barəsində əsərlər yazılıbdır, siz onları oxuyun. Görün ki, bəsicilər hansı işləri görüblər, necə yaşayıblar, hansı niyyətlə meydana daxil olublar, hansı əzmkarlıqla hərəkət ediblər və hansı şəkildə dünyalarını dəyişiblər. Onlar həlledici uğurlara imza atdılar. Onlar arasında zirvələrə ucalanlar da var idi. Bəsicin zirvəsi Süleymanidir, Səyyad Şirazidir, Hümmətdir, Babayidir. Bəsicin zirvəsi Şirudidir, şəhid Həmədanidir və yüzlərlə belə şəxsiyyətlərdir. Onlar elə simalardır ki, insan dünya millətləri arasında təşkilatlanmış hərbi qüvvələrdə onların birinə belə rast gələ bilmir. Necə bir ixlas, fədakarlıq və şücaət! Bu, döyüş meydanında müşahidə olunanlardır. Bunu hamı gördü. Müqəddəs Müdafiədə bəsicilərin döyüşünü hamı gördü, yəni o dövrdə olanlar bunu yaxından gördülər. Sonrakı meydanlarda da bəsicilər belə olublar. Siz Müqəddəs Müdafiəni görməmisiniz, amma Hərəmin Müdafiəsini görmüsünüz. Başqa meydanlar və səhnələr də olubdur ki, siz bəsicinin nələr etdiyini görmüsünüz. Məhəbbət meydanında bəsicin insanlara müxtəlif xidmətlərini – quruculuq, səhiyyə, təbii fəlakətlər, elm və araşdırma sahələrindəki xidmətlərini göstərmək olar. Şəhid Fəxrizadə (6) – belə ki, onun şəhadətinin ildönümüdür – bir bəsici idi. Mərhum Kazimi Aştiyani (7) bir bəsici idi. Onlar elm sahəsində ölkənin elm sərhədlərini alt-üst etdilər. Elm və bilik sahəsində onların bəzisi dünyanın elm sərhədlərinin orta həddini ötüb keçdi. Onlar elm və bilik meydanında mühüm işlər gördülər. Beləliklə, İmamın “Allahın ixlaslı qoşunu” və “eşq məktəbi” kimi qeyd etdiyi xüsusiyyətlərin nümunələrini biz əməl meydanında açıq-aşkar şəkildə gördük.
Üçüncü məsələ budur ki, bəsic bir təşkilat olmaqdan daha çox bir mədəniyyətdir, bir tərzi-düşüncədir. Beləliklə, bu mədəniyyəti qəbul edən, bu yolda hərəkət edən, bu tərzi-düşüncəni özünə rəhbər tutan hər bir şəxs təşkilatın üzvü olmasa belə, bəsicidir. Bu isə İran xalqının böyük bir kütləsinə şamil olur, halbuki onların nə bəsici təşkilatında adı vardır, nə vəzifələri vardır. Bu mədəniyyət necə bir mədəniyyətdir? Bəsic mədəniyyəti onun xalqa mənsubluğudur, öhdəlik daşımasıdır, məsuliyyət qəbul etməsidir, hazırda ölkədə baş verən və ölkənin gələcəyinə təsir qoyan hadisələr qarşısında biganə qalmamasıdır. Bəsic mədəniyyəti onun inqilabi olmasıdır, İnqilabın dəyərini və mənasını bilməsidir. Bəsic mədəniyyəti qanuna tabe olmaqdır, nizamlı olmaqdır, hüdudları tapdalamamaqdır. Bunlar bəsic mədəniyyətinin xüsusiyyətləridir. Bəsici bir fərdin hansısa məsələyə, hadisəyə və şəxsə qarşı etirazı ola bilər. Bunun iradı yoxdur. Amma o, hüdudları tapdalamır, əvvəldə də qeyd etdiyimiz kimi (8), düşmən ilə ortaq məxrəcə gəlmir.
Bəsic mədəniyyəti reklam və vitrin xatirinə olan işlərdən uzaq olmaqdır. Yəni məğzi və məzmunu olmayan və yalnız reklam üçün yarayan işlərdən uzaq olmaqdır. Əgər bəsici bir fərd vitrinə nəyisə çıxarıb nümayiş etdirirsə, bu, məğzi və məzmunu olan bir işdir. Həqiqi bir işdir. Onun gördüyü hər bir işin arxasında bir məna və həqiqət yatır. Bəsici fərd reklam xatirinə iş görmür. O, həqiqi bir iş və hərəkət üçün əzm göstərir. Bilmirəm, bəsicin hörmətli komandirinin verdiyi hesabatlara diqqət yetirdiniz, ya yox? Bu hesabatlarda çox sözlər yatıbdır. (9) Bunların hamısı həqiqətdir, bunlar həqiqi işlərdir.
Bəsici mədəniyyəti gücsüzə mərhəmət və zalımın qarşısında sərtlik göstərməkdir, hamıya, birmənalı olaraq, hamıya xidmət göstərməkdir. Daşqın baş verəndə təbii fəlakətdən zərərçəkənlərin evini təmizləmək üçün bəsici dizə qədər palçığa girdi və o, ev sahibindən soruşmadı ki, sizin adınız nədir, dininiz nədir, məzhəbiniz nədir, milliyyətiniz nədir, siyasi baxışınız nədir? Bunları soruşmadı və kimliyindən asılı olmayaraq, gedib hamıya xidmət göstərdi. Bunlar olduqca əhəmiyyətlidir.
Bəsic mədəniyyəti təkəbbürlük və məğrurluqdan uzaq olmaqdır. İnsanlar tutduqları postdan asılı olaraq, bəzən bir hörmət və ad qazanırlar. Bizə hörmət edilməsini, bizim üçün şüar verilməsini, bizə yol verilməsini və barəmizdə təriflər söylənilməsini gözləmək, məğrurluq və təkəbbürlük hissi keçirmək, özümüzü üstün bilmək və s. – bütün bunlar bəsic mədəniyyətinə ziddir. İmam Səccad (ə) “Səhifeyi-Səccadiyyə”də Məkarimul-əxlaq adlı duada bizə bunu öyrədir (10):
لَا تَرْفَعْنِى فِى النَّاسِ دَرَجَةً اِلَّا حَطَطْتَنِى عِنْدَ نَفْسِى
Camaat arasında dərəcəniz nə qədər artarsa, öz yanınızda bir o qədər kiçilin. Yəni məğrur olmayın.
Bəsic mədəniyyəti kimisə özünə borclu bilməməkdir. Belə ki, ölkəni, dövləti, insanları, qonşunu, dostu, tanışı, bir sözlə, hamını özünə borclu bilmək, özünü isə borclu bilməmək bəsic mədəniyyəti deyildir. Bəsici bir fərd kimisə özünə borclu hesab etmir. Əksinə, o, özünü borclu bilir. O, məsuliyyət qəbul edir və öz vəzifəsini yerinə yetirməyə çalışır. Bəsici bir fərd təşkilatın imkanlarından öz xeyrinə istifadə etmir. Təşkilatın imkanları, təşkilatın bəsici bir fərdin ixtiyarına verdiyi imkanlar onun əlində əmanətdir. O da bu əmanəti tam mənada iffətlə qoruyur, əmanətdarlıq göstərir.
Bunlar bizim üçün dərslərdir. “Mən bir bəsici olmağımla fəxr edirəm” deyən İmam bütün bu xüsusiyyətlərə malik idi. Bütün bu dediklərim İmamda təcəssüm etmişdi. O, hər zaman özünü borclu hesab edərdi, hər zaman özünü gücsüz hesab edərdi, hər zaman insanları özündən üstün bilərdi. Onun yanına gəlib əlini öpən və göz yaşı axıdan bu gəncləri İmam özündən üstün hesab edərdi. İmamı tanıdığımız qədər və onunla yaxından ünsiyyətdə olduğumuz üçün deyə bilərik ki, İmamın ömrünün bir anı belə öz ad-sanına, mərcəyi-təqlidliyinə, rəhbərliyinə xidmət yolunda keçməyibdir.
Növbəti məsələ, yəni dördüncü məsələ də olduqca mühümdür. Bu, bəsicin beynəlmiləl və qlobal olmasıdır. Bu məsələ də İmamın sözlərində öz əksini tapıbdır. Bildiyiniz kimi, İmam “qlobal dayanışın özəyi” kimi bir ifadə işlədib. (11) O, bəsici nəzərdə tutub. Bizim bəsic deyildir, özlərinin bəsicidir, amma eyni mədəniyyətdir. Qlobal dayanışın özəkləri gerçəkləşdi. Siz bunun nümunələrini öz məntəqəmizdə də müşahidə edirsiniz:
باش تا صبح دولتش بدمد
کاین هنوز از نتایج سحر است (12)
Müşahidə etdiyiniz kimi, məntəqəmizdə İmamın xəbər verdiyi, müjdə verdiyi dayanış özəkləri hal-hazırda bu məntəqənin taleyini təyin etməkdədir. Onun bir nümunəsi “Tufanul-əqsa” əməliyyatı idi və mən bu barədə danışacağam.
Bir neçə il öncə Livan məsələsində amerikalılar dedilər ki, bizim planımız yeni Orta Şərq yaratmaqdır. (13) Orta Şərq Asiyanın qərbi deməkdir. Qərblilər, avropalılar və onların ardıcılları hər şeyi özləri ilə əlaqələndirməyi xoşlayırlar. Yəni Avropaya yaxın olan məntəqə Yaxın Şərqdir, Avropadan orta uzaqlıqda yerləşən məntəqə Orta Şərqdir və Avropadan uzaqda yerləşən məntəqə Uzaq Şərqdir. Başqa sözlə, müqayisənin mərkəzi Avropadır. Bu, onların etdiyi qələtlərdən biridir və başqaları da onlardan öyrənib belə deyirlər. Orta Şərq, yəni Asiyanın qərbidir. Onlar dedilər ki, bu məntəqədə – Orta Şərq adlandırdıqları bu məntəqədə – yeni bir xəritə yaratmaq istəyirlər. Yəni yeni bir siyasi xəritə yaratmaq istəyirlər. Hansı əsasla? Amerikanın qeyri-qanuni ehtiyaclarını və mənafeyini təmin etməyi əsas tutaraq! Əlbəttə, onların istəkləri və planları baş tutmadı. Onlar Hizbullahı məhv etmək istəyirdilər. Onların yeni xəritəsindəki hədəflərdən biri Hizbullahı məhv etmək idi. Otuz üç günlük müharibədən sonra Hizbullah on qat daha çox gücləndi. Mən ehtiyat etdiyim üçün “on qat” deyirəm, əslində, bundan daha çox gücləndi. Onlar İraqı udmaq istəyirdilər, bacarmadılar. İraqın əhvalatı qəribə əhvalatdır. Amerikalıların qərarı bu idi ki, İraqda Amerikanın hakimiyyətini qursunlar. Bir Amerika generalını (14) iş başına gətirdilər. Amma gördülər ki, Amerika generalı ilə işi irəli apara bilmirlər, onu kənarlaşdırdılar. Bir qeyri-hərbiçi amerikalını (15) iş başına gətirdilər və onu İraqın başçısı etdilər. Bir ölkə olaraq İraqın prezidenti və ya sultanı bir amerikalı olur! Sonra gördülər ki, bu da alınmır və buna görə də özlərinə tabe olan bir iraqlını (16) təyin etdilər. Bu da alınmadı və indiyədək də alınmır. Bu gün İraqda dayanış özəyi Fələstin hadisəsində meydana çıxır və İraq dövləti iqtidarla etirazını bildirir. Bir sözlə, amerikalıların “Yeni Orta Şərq” adlandırdıqları plan bu gün baş verənlər ilə yüz səksən dərəcə fərq edir. Onlar İraqı bütünlüklə udmaq istəyirdilər, amma bacarmadılar, alınmadı. Onlar Suriyanı ələ keçirmək istəyirdilər və öz əlaltıları olan “İŞID”, “Cəbhətun-nusrə” və bu kimi başqa qruplaşmaları Suriyanın canına saldılar. Təxminən on il daim onlara dəstək çıxdılar, pul verdilər və onları təchizatlandırdılar, amma bu da alınmadı.
Onlar nakam qaldılar. Yaratmaq istədikləri “Yeni Orta Şərq” yaranmadı və onlar bu istəklərində tam olaraq nakam qaldılar. “Yeni Orta Şərq” planında olan işlərdən biri bu idi ki, Fələstin məsələsini qəsbkar rejimin xeyrinə tamamlasınlar. Belə ki, Fələstin adlı bir ölkə ümumiyyətlə mövcud olmasın. Hətta əvvəlcədən imzaladıqları və xəyanətkarcasına olan “ikidövlətlilik” layihəsinə də əməl etmədilər. Amma yenə də bacarmadılar, alınmadı. İndi siz görürsünüz ki, Fələstinin durumu iyirmi il bundan öncəki ilə nə qədər fərq etmişdir. İyirmi il öncə Fələstin necə idi, indi necədir! Həmas iyirmi il öncə necə idi, indi necədir! Bəli, məntəqənin siyasi xəritəsi dəyişilməkdədir, amma Amerikanın xeyrinə deyil, dayanış cəbhəsinin xeyrinə dəyişilməkdədir. Bəli, Asiyanın qərbinin siyasi xəritəsi dəyişdi, amma dayanış cəbhəsinin xeyrinə dəyişdi. Dayanış cəbhəsi qələbə çaldı. İmam düzgün başa düşmüşdü, düzgün ayırd etmişdi. Dayanış özəkləri hərəkətin istiqamətini öz xeyirlərinə dəyişə bildi.
Bu yeni xəritə bir neçə xüsusiyyətə malikdir və bu xüsusiyyətlərdən bir neçəsini sizin diqqətinizə çatdırıram. Bu məntəqəyə tədricən hakim olan yeni xəritənin birinci xüsusiyyəti “Amerikanın kənarlaşdırılması”dır. Amerikanın kənarlaşdırılması nə deməkdir? Məntəqəyə Amerikanın hakim olmaması deməkdir. Amerikanın kənarlaşdırılması Amerika ilə siyasi əlaqələrin kəsilməsi anlamında deyildir. Bizim təvəqqemiz və ya təsəvvürümüz bu deyildir ki, məntəqənin dövlətləri Amerika ilə siyasi əlaqələrini kəsməlidirlər. Onların hamı ilə siyasi və iqtisadi əlaqələri vardır, Amerika ilə də vardır. Bu, ola bilər. Amma Amerikanın məntəqəyə hakimliyi günü-gündən zəifləməkdədir. Amerikanın filan ölkədə həyata keçirmək istədiyi plan – istər neft, istər silah-sursat, istərsə də müxtəlif əlaqələr baxımından – tədricən aradan getməkdədir. Planın böyük qismi aradan getmişdir, bundan da çoxu aradan gedəcəkdir. Amerika illər öncə bir siyasəti yürütməkdədir və bu, məntəqəyə hakim olmaq siyasətidir. Bu siyasətin əsas vasitəsi də sionist rejimini himayə etməkdir. O, bu rejimi bacardıqca gücləndirməli, onun əl-qolunu açmalı və ona imkanlar yaratmalı, başqalarını da bu rejimlə əlaqələr qurmasına təşviq etməli idi. Əlbəttə, bu siyasət köhnə siyasətdir və on illər öncəyə aiddir. On-iyirmi il bundan qabaq bu siyasəti gücləndirdilər və Əfqanıstanın, İraqın canına düşdülər. Bu ölkələri işğal edib, hakim kəsilmək istədilər, amma bacarmadılar. Bu gün bu məntəqənin siyasəti və tutduğu istiqamət “Amerikanın kənarlaşdırılması”dır. Bu siyasətin bu gün hamının gözü önündə olan ən aydın nümunələrindən biri “Tufanul-əqsa” əməliyyatıdır. Doğrudur, “Tufanul-əqsa” sionistlərə qarşı olan bir əməliyyat idi, amma Amerikanın kənarlaşdırılmasıdır. Tarix yazan bu hadisə! “Tufanul-əqsa” əməliyyatı sözün həqiqi mənasında tarix yazdı. Bu əməliyyat Amerikanın bu məntəqə üçün olan siyasətlərinin cədvəlini alt-üst edə bildi. İnşallah, əgər bu tufan davam edərsə, Amerikanın bu məntəqə üçün olan siyasətlərinin cədvəlini məhv edəcəkdir. Deməli, məntəqənin yeni siyasi xəritəsinin xüsusiyyətlərindən biri “Amerikanın kənarlaşdırılması” prosesinin başlanmasıdır. Amerikanın siyasətlərinə yüz faiz tabe olan bəzi ölkələr ilə Amerika arasında məsafə yaranmağa başlamışdır, siz bunu görür və eşidirsiniz. Bu proses davam edəcəkdir.
Başqa bir xüsusiyyət isə bundan ibarətdir ki, onlar bu məntəqədə süni və məcburi “ikiliklər” yaratmışdırlar, amma bu “ikiliklər” aradan getdi. Məsələn, ərəb və qeyri-ərəb, yaxud şiə və sünni. Onlar “şiəlik hilalı” əfsanəsini – məntəqədə şiəliyin yayılması kimi əsassız bir sözü – ortaya atdılar. Bunların hamısı aradan getdi. “Tufanul-əqsa” əməliyyatında və ondan əvvəlki hadisələrdə fələstinlilərə ən çox kim köməklik göstərdi? Şiələr! Livan şiələri, İraq şiələri, ərəb şiələr, qeyri-ərəb şiələr. Onların yaratdıqları bu “ikiliklər” aradan getdi və onun yerinə məntəqəyə yeni bir “ikilik” hakim oldu: dayanış və təslim. Bu gün məntəqədə bu “ikilik” müzakirə obyektidir. “Dayanış” nədir? Dayanış – Amerikanın zorakılığı, acgözlüyü və müdaxilələri qarşısında təslim olmamaq deməkdir. Dayanış budur. İndi ola bilər ki, bəziləri yüz faiz dayanış göstərsinlər, bəziləri səksən faiz dayanış göstərsinlər, bəziləri əlli faiz dayanış göstərsinlər. Amma dayanış cərəyanı və hərəkəti məntəqədə aydın görünən bir cərəyandır. Dayanışın əksi “təslim olmaq”dır. Bu isə utancvericidir, millətləri və dövlətləri alçaldır.
Bizim məntəqənin yeni xəritəsinin malik olduğu digər bir xüsusiyyət Fələstin probleminin öz həllini tapmasıdır. Allahın müvəffəqiyyəti sayəsində Fələstin problemi öz həllini tapmaq istiqamətində cərəyan edir. “Fələstin probleminin öz həllini tapması” nə deməkdir? Yəni bütün Fələstin torpaqlarında Fələstin dövlətinin qurulması deməkdir. Biz öz təklifimizi irəli sürmüşük, təklifimiz fələstinlilər üçün referendum təşkil edilməsidir. Söz yox ki, işğalçıların bu referendumda iştirak etmək haqqı yoxdur. Yalnız fələstinlilər, istər Fələstinin özündə yaşayan fələstinlilər, istər Fələstinlə qonşu ölkələrdə düşərgələrdə yaşayan fələstinlilər, istərsə də müxtəlif ölkələrdə yaşayan fələstinlilər, yəni bir neçə milyon fələstinli referendumda iştirak edib rəy bildirə bilərlər. Referendum Fələstinin idarə olunması üçün dünyada bəyənilən, məqbul və mədəni bir məntiqdir. Bəziləri deyə bilər ki, sizin irəli sürdüyünüz bu təklifi sionist rejimi qəbul etməyəcək və bununla razılaşmayacaqdır. Bəli, bilirik ki, razılaşmayacaqdır. Amma bununla razılaşmamaq onun öz ixtiyarında deyildir. Bəzən hansısa bir dövlət, hansısa bir ölkə müəyyən bir məsələ ilə razılaşmır, amma onu razılaşmağa vadar edirlər və o da razılaşmaq məcburiyyətində qalır. Əgər bu təklifə baxılarsa – inşallah, baxılacaqdır da – və bu dayanış özəyi öz iradəsini, möhkəm əzmkarlığını və istəyini ciddi şəkildə ortaya qoyarsa, bu məsələ həyata keçəcəkdir. Buna şübhə yoxdur. Beləliklə, Fələstin probleminin öz həllini tapması yeni siyasi xəritənin xüsusiyyətlərindən biridir və Asiyanın qərbi tezliklə bunun şahidi olacaqdır, inşallah. Dünya ölkələrinin bəzi sözçüləri İslam Respublikasının Fələstin barəsindəki fikirləri haqqında danışır və yalandan deyirlər: “İran deyir ki, yəhudiləri, ya sionistləri dənizə tökmək lazımdır”. Xeyr, bu sözü əvvəllər kimlərsə və ərəblərdən bəziləri söyləmişlər. Biz heç vaxt belə bir söz deməmişik. Biz heç kimi dənizə tökmürük. Biz deyirik ki, rəy – xalqın rəyidir. Fələstin xalqının rəyi ilə təşkil olunan dövlət orada yaşayan və başqa ölkələrdən gələn insanlar barəsində qərar verəcəkdir. Ola bilər ki, onların hamısına “Fələstində qalın” desin. Mən prezident olduğum dönəmdə səfər etdiyim bəzi Afrika ölkələrində gördüm ki, xalq mübarizə aparmış və qalib gəlmişdir. İngilislər ora hakim kəsiliblərmiş, amma yerli xalq ingilisləri məğlub etmişlər. Buna rəğmən, həmin ingilisləri öz ölkələrində saxlamışlar. Bunu öz xeyirlərinə bilib, saxlamışlar. Ola bilər ki, Fələstin dövləti də onları öz ölkəsində saxlasın, yaxud da deyə bilər ki, bəziləri və ya hamısı çıxıb getsin. Seçim onlarındır. Biz heç zaman bu barədə fikir bildirməmişik. Bu məsələyə də aydınlıq gətirildi.
“Tufanul-əqsa” barəsində də bir söz demək istəyirəm. “Tufanul-əqsa” əməliyyatı, baş verən bu mühüm və bənzərsiz hadisə hədəfləri yaxınlaşdırdı, hədəflərə aparan yolu yaxınlaşdırdı, asanlaşdırdı. Böyük bir iş görüldü. Aqressivləşən sionist rejimi xəstəxanaları və məktəbləri bombalamaqla, dinc əhalinin başına bombalar yağdırıb uşaqları öldürməklə bu “Tufan”ı söndürmək istədi. Amma bacarmadı və bacarmayacaq da! Bu “Tufan” bu kimi cinayətlər ilə aradan getməyəcəkdir. Sizin özünüz də qəzetlərdə, mətbuatda və s. oxuyursunuz və mən təkrar etmirəm, sionist rejimi özünün heç bir hədəfinə çatmadı. Aqressiyasını əhalidən çıxmağa çalışdı, amma bunun da onlara bir faydası dəymədi və dəyməyəcəkdir. Əksinə, bu hərəkətləri onları daha da rüsvay edəcəkdir.
Sionist rejiminin bu vəhşi və qəddar hərəkəti təkcə sionist rejimini rüsvay etmədi, Amerikanı da rüsvay etdi. Amerikanı və bir neçə tanınmış Avropa ölkələrini də rüsvay etdi. Hətta Qərb mədəniyyətini rüsvay etdi. Qərb mədəniyyəti o mədəniyyətdir ki, fosfor bombası ilə beş min uşaq qətlə yetiriləndə filan ölkənin başçısı ayağa qalxıb, “İsrail özünü müdafiə edir” – deyir. Bu, özünü müdafiə etməkdir? Qərb mədəniyyəti budur. Bu hadisədə Qərb mədəniyyəti rüsvay oldu. Təxminən bu əlli gün ərzində törədilən faciələr sionist rejimin yetmiş beş il ərzində Fələstində törətdikləri cinayətlərin icmalı idi. İndi icmal şəklində etdi, amma bu illər ərzində hər zaman bu kimi cinayətləri törətmişdir: əhalini qətlə yetirmiş, onların evlərini dağıtmışdır. Tikilən bu qəsəbələr harada tikilir? Sionistlərin qəsəbələri harada salınır? Əhalinin evlərini dağıdırlar, fələstinlilərin əkin sahələrini məhv edirlər və yerində sionistlərin qəsəbələrini salırlar. Kimsə onlara qarşı çıxırsa, onu öldürürlər. Uşağa, qadına baxmırlar, öldürürlər. Bunlar sionistlərin yetmiş beş il ərzində törətdikləri cinayətlərdir. Bizim nəzərimizcə, “Tufanul-əqsa” sönməyəcəkdir, inşallah. Onlar bilsinlər ki, Allahın güc və qüvvəsi sayəsində bu vəziyyət belə davam etməyəcəkdir.
Bu barədə demək istədiklərim bitdi. Amma bəsicə bir neçə tövsiyə etmək istəyirəm. Bu tövsiyələr həm bəsic təşkilatına aiddir, həm də bəsicilərin hər bir fərdinə aiddir. Birinci tövsiyəm budur ki, uzaqgörənliyi artırın. Həm özünüzdə, həm də başqalarında uzaqgörənliyi artırın. Uzaqgörənlik çox mühüm bir məsələdir.
Növbəti tövsiyəm budur ki, mühüm hadisələrdə meydanı siz ələ keçirin. Düşmənin sahəsində oynamayın. Əgər uzaqgörənliyimiz olsa, filan hadisədə düşmənin planının nə olduğunu başa düşərik. Bununla da düşmənin planına uyğun hərəkət etmərik. Necə deyərlər, düşmənin sahəsində oynamarıq.
Digər bir tövsiyəm budur ki, gələcəyə olan ümidinizi əsla itirməyin. Vəsvəsələr sizin üzərinizdə təsir qoymasın. Bugünkü gəncin hər zaman ümidvar olmasının vacibliyinin aydın sübutu budur ki, onun ölkəsi qırx neçə il ərzində daim iqtisadi blokadada olmasına rəğmən inkişaf edibdir. Yalnız silah istehsalı sahəsində deyil – belə ki, bu nailiyyətlər televizorlarda yayımlandı və hamı bunu gördü – ölkənin müxtəlif sahələrində, o cümlədən xidmət sahəsində, müxtəlif təbəqələrdən olan insanların rifahının artırılmasında, rabitə texnologiyaları sahəsində, elm və texnologiyada, istehsalatda çox yaxşı irəliləyişlər olmuşdur. Bu inkişaf ölkənin elə bir şəraitində baş veribdir ki, düşmən öz xam xəyalına görə inkişafın bütün qapılarını bizim üzümüzə bağlayıbdır. Ticarətə qadağa qoyub, ixracata qadağa qoyub, bir çox şeylərin idxalına qadağa qoyub. Amma belə bir şəraitdə ölkə inkişaf edibdir. Sizcə, bu şəkildə inkişaf edən bir ölkədə ümidi itirməyin yeri vardırmı? Əgər siz meydana gəlsəniz, çalışsanız və işləsəniz – işləyirsiniz də – hər işi görə bilərsiniz, indiyədək olan inkişafın yüz misli qədər inkişaf edə bilərsiniz.
Növbəti tövsiyəm isə budur ki, qürurlanmaqdan çəkinin. Əvvəldə də qeyd etdiyim kimi, qürurlanmayın. “Biz nə qədər də yaxşıyıq, nə qədər də hörmətliyik, nə qədər də fəallıq göstəririk, bizi nə qədər də tərifləyirlər, İmam bizim barəmizdə belə deyibdir, başqaları filan tərifləri deyibdir” kimi düşüncələr sizi qürurlandırmasın. Allaha şükür edin ki, Allah sizə bəsici olmağı nəsib etmişdir. Buna görə Allaha şükür edin və Allahdan istəyin ki, bu neməti əlinizdən almasın.
Digər bir tövsiyəm də budur ki, əsla böyük işlərin qarşısında aciz olduğunuzu düşünməyin. Əgər biz gücümüz çatmayan bir işlə qarşılaşanda əzmkarlıq göstərsək, səbirli davransaq və çalışsaq, hökmən, bir həll yolu tapılacaqdır və bu iş yerinə yetiriləcəkdir. Səthi baxışda yerinə yetirə bilməyəcəyimizi düşündüyümüz işlərdə həll yolu budur ki, əzmkarlıq göstərək, səbirli olaq və tələsməyək, çalışaq. Əmin olun ki, hər bir böyük işin öhdəsindən gələ bilərik. Əsla acizlik hissinə qapılmayın.
Növbəti tövsiyəm budur ki, məğzi və məzmunu olmayan, yalnız reklam və vitrin üçün yarayan işlərdən uzaq olun. Bunu bir qədər əvvəldə də qeyd etdim. Bəli, vitrinə hansısa işləri çıxarmaq olar, bunun iradı yoxdur. Amma bu iş mənalı bir iş olmalıdır.
Digər tövsiyəm budur ki, sizə aid edilən bu sifət və post, yəni bəsicilik sifəti və postu Allahın sizin yanınızda olan əmanətidir. Bu əmanətin qiymətini bilin və əmanətdar olun. Bu əmanəti yaxşı qoruyun.
Növbəti tövsiyəm budur ki, saxta qütbləşmədən uzaq olun. Ölkədə daim qütbləşmə yaradırlar: Zeydin tərəfdarları və Əmrin tərəfdarları, filan düşüncənin tərəfdarları və filan düşüncənin tərəfdarları. Bu, nə deməkdir? Sizin təməl prinsiplərinizi, dininizi, İnqilabınızı, vilayəti-fəqihinizi və bu kimi məsələləri qəbul edən şəxslər sizin qardaşlarınızdır. Ola bilər ki, sizinlə müəyyən bir fikirayrılığı vardır. İnsanın həqiqətən gileylənməli olduğu məsələlərdən biri virtual aləmdə söylənilən fikirlərdir. Bəzən mənasız bir məsələyə görə bu ona hücum çəkir, o buna hücum çəkir. Bu kimi işlərdən çəkinin! Siz bəsici olduğunuza görə bu kimi işləri görməyin.
Son tövsiyəm budur ki, əməliyyat qüvvələri ilə yanaşı düşünən beyinlər də olmalıdır. Şücaət və mərdlik göstərməkdən daha əvvəl tədbir tökmək, fikirləşmək və plan cızmağa ehtiyac vardır. Tədbirli şəkildə hərəkət edin.
Son sözüm isə budur ki, Mütəal Allaha təvəkkül edin:
وَ مَنْ يَتَوَكَّلْ عَلَى اللهِ فَهُوَ حَسْبُهُ (17)
Mütəal Allah sizin hamınızı qorusun, inşallah.
Salam olsun sizə, Allahın rəhməti və bərəkəti olsun sizə.
______________________
(1) Görüşün əvvəlində Komandir Qulamrza Süleymani (“Müstəzəflərin Bəsici” təşkilatının rəisi) məruzə ilə çıxış etdi.
(2) “Səhifeyi-Emam”, c. 21, səh. 194, Bəsic həftəsində İmamın İran xalqına və mübariz bəsicilərə etdiyi müraciəti, 02/09/1367
(3) “Səhifeyi-Emam”, c. 21, səh. 194, Bəsic həftəsində İmamın İran xalqına və mübariz bəsicilərə etdiyi müraciəti, 02/09/1367
(4) “Səhifeyi-Emam”, c. 21, səh. 194, Bəsic həftəsində İmamın İran xalqına və mübariz bəsicilərə etdiyi müraciəti, 02/09/1367
(5) “Fəth” surəsinin 29-cu ayəsinə işarə olunur:
اَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ
(6) Ölkənin nüvə və müdafiə sənayesi sahəsi üzrə alimi Şəhid Möhsün Fəxrizadə hicri-şəmsi 1399-cu il 7 azər tarixində Dəmavəndin “Absərd” məntəqəsində şəhid edildi.
(7) Cənab Səid Kazimi Aştiani İslam İnqilabına xidmət göstərən tanınmış alimlərdən və müdirlərdən idi. O, biologiya sahəsi üzrə nailiyyətlərin qazanılmasında böyük xidmətlər göstərmişdir. “Royan” araşdırma mərkəzinin müdiri olub. Onun müdir olduğu dönəmdə İran böyük nailiyyətlər əldə edə bildi, o cümlədən sonsuzluğun müalicəsində yeni metodların tətbiqi, döl hüceyrələrinin artırılması və donorlaşdırılması, heyvanların klonlaşdırılmasını nümunə göstərmək olar.
(8) Tələbələrlə görüşündəki çıxış (06/02/1401)
(9) Komandir Qulamrza Süleymani (“Müstəzəflərin Bəsici Təşkilatı”nın rəisi) öz məruzəsində bu təşkilatın mədəni, ictimai, təhlükəsizlik və elm sahələrindəki son fəaliyyətlərindən danışarkən “açıqlamaq, xidmət göstərmək və ümid yaratmağ”ı bəsicilərin üç yanaşması olduğunu qeyd etdi. O, bəsic qüvvələrinin ölkəyə qarşı yönələn hər hansı bir təhdidin qarşısında dayanmaq və sionist rejimin cinayətlərinə qarşı mübarizə aparmaqda hazırlıqlı olduğunu bildirdi.
(10) İyirminci dua
(11) “Səhifeyi-Emam”, c. 21, səh. 195, Bəsic həftəsində İmamın İran xalqına və mübariz bəsicilərə etdiyi müraciəti, 02/09/1367
(12) Şeirlər divanı, Ənvəri, qəsidələr (cüzi fərqlə)
(13) Ralf Piters “Amerika Milli Hərbi Akademiyası”nın təqaüdə çıxmış polkovniki bu ölkənin silahlı qüvvələrinin 2006-cı il yanvar ayında nəşr edilən dərgisində “Qanlı sərhədlər” adlı məqaləsində Asiyanın qərbində yeni sərhədlərin xəritəsini “Yeni Orta Şərq” adı ilə təqdim etdi. O, bu məntəqədə insanların sülh və dincliyə çatması üçün burada ciddi dəyişikliklərin aparılmasını zəruri həll yolu hesab etdi. Bu ifadə elə bir vaxtda “Böyük Orta Şərq” ifadəsinin yerinə işlədildi ki, Kandoliza Rays (o dövrdə Amerikanın Xarici İşlər Naziri) Tel-əvivdə 21 yanvar tarixində “otuz üç günlük müharibə” hadisəsində sionist rejimin Livana hücumunu “yeni Orta Şərqin doğuş sancısının başlanması” olaraq qələmə verdi və dedi: “Biz gördüyümüz hər bir işdə əmin olmalıyıq ki, qədim Orta Şərqə geri qayıtmaq istiqamətində deyil, yeni Orta Şərq istiqamətində gücümüzü sərf edirik”.
(14) Cey Qarner
(15) Pol Bremer
(16) Ğazi Məşəl Əcilul-Yavər
(17) “Talaq” surəsi, 3-cü ayədən: “... Hər kim Allaha təvəkkül etsə, Allah ona yetər!”