Rəhman və rəhim Allahın adı ilə (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox-çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Xoş gəlmisiniz. Əziz qardaş və bacıların hər birinə, xüsusilə də hörmətli, əzəmətli və izzətli şəhid ailələrinə “xoş gəlmisiniz” deyirəm. Bölgələrdə və şəhərlərdə ənənə halını alan və görülən ən yaxşı işlərdən biri də şəhidlərin anım mərasiminin təşkil edilməsidir; şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və anım mərasimlərinin təşkil edilməsidir. Siz lazımlı bir işi görmüsünüz. Allaha həmd olsun, iki-üç il ərzində gördüyünüz bu iş lazımlı bir işdir; amma mənim nəzərimcə, bu işin görülməsinə gec başlanılıb. Yəni Lorestanın özəlliklərini və bu toplumda sözün həqiqi mənasında mövcud olan dəyərləri nəzərə alsaq, şəhidlərin anım mərasiminin bundan xeyli vaxt əvvəl təşkil edilməsinin yeri var idi. Əlbəttə, indi də bu iş dəyərlidir. Gördüyünüz bu işdə, inşallah, müvəffəq olasınız.
Sərgilənən işlər, görülən işlər, o cümlədən kitab nəşri və müxtəlif fəaliyyətlər dəyərli və yaxşı işlərdir. Hörmətli imam-cümənin və Sepahın komandirinin çıxışları bu məsələnin mahiyyətinə və bu işin hədəfinə olan diqqəti çatdırırdı. İnşallah, müvəffəq olun, Allah yardımçınız olsun.
Mən Lorestan camaatı və lor tayfaları barəsində bir cümlə demək istəyirəm. O da bundan ibarətdir ki, bu insanlar üstün xüsusiyyətlərə malikdirlər. Lorların bəzi seçilmiş şəxsiyyətləri ilə yaxından ünsiyyətdə olduğum və bəzi lor tayfaları ilə təmasda olduğum üçün deyə bilərəm ki, bu toplumda iki xüsusiyyət onların digər müsbət xüsusiyyətlərindən daha qabarıqdır. Bu xüsusiyyətlərdən biri şücaətdir, rəşadətdir. Lor milləti hər yerdə şücaətli, rəşadətlidirlər. Onlar müharibə meydanında da belədirlər, inancların bəyanında da belədirlər, müxtəlif ictimai sahələrdə də belədirlər. Şücaətli, rəşadətli insanlardırlar. Onların ikinci üstün xüsusiyyəti – mənim nəzərimcə, bu xüsusiyyət də onlarda qabarıqdır – dostluq, sədaqət, vəfadarlıqdır. Lor millətində bu xüsusiyyət, insafla desək, qabarıqdır. Mən onlarla şəxsi münasibətdə olduğum üçün – əlbəttə, bəzi məlumatları da eşitmişəm, amma özüm də bunların şahidi olmuşam – onlarda bu iki xüsusiyyəti malik olduqları digər xüsusiyyətlərlə yanaşı müşahidə etmişəm.
Mərhum seyid Həsən Tahiri Xürrəmabadi, şəhid seyid Fəxrəddin Rəhimi, mərhum seyid Cəfər Şəhidi (Doktor Şəhidi) və Şəhid Bürucerdinin mənəvi keyfiyyətlərini, rəftarlarını, tərzi-təfəkkürlərini, yaşam tərzlərini yaxından görmüşəm. Həqiqətən də seçilmiş şəxsiyyətlərdirlər. Yaxud mərhum Ruhullah Kəmalvəndi göstərmək olar. Mən həm qısa bir zaman kəsimində onunla yaxından ünsiyyətdə olmuşam, həm də onun barəsində çox sözlər eşitmişəm. Xatırlayıram ki, 1342-ci ildə İmam (r.ə) Tehranda xeyli müddət ev həbsində olduğu və Qumda inqilab və hərəkat həyəcanı səngidiyi bir dönəmdə mərhum Ruhullah Kəmalvənd Quma gəldi. Biz bir neçə nəfər onunla görüşməyə getdik və məqsədimiz ondan canlandırma yaratmasını istəmək idi. Yəni bu şəxs bu potensiala malik idi. Din alimlərinin və mərcəyi-təqlidlərin yanında böyük hörməti var idi.
Söz yox ki, bu camaatın malik olduğu müsbət keyfiyyətlər bundan qat-qat çoxdur, bu iki xüsusiyyət isə daha qabarıqdır. Qeyd etdiyim şücaət, rəşadətlik ruhiyyəsi Birinci Pəhləvinin çirkin hakimiyyəti dövründə lor tayfalarının güclü təzyiqlərə, o cümlədən qətl, sürgün, həbs və müxtəlif təzyiqlərə məruz qalmalarına səbəb oldu. Hakimiyyət sözün həqiqi mənasında lor tayfalarının şücaətindən, rəşadətindən qorxurdu. Ona görə də qabaqdan gəlmişlik edirdi, onlara təzyiq göstərirdi. Onların bu xüsusiyyəti başqa bölgələrdə ad çıxartmışdı. Məsələn, Məşhəddə bizim Lorestan bölgəsi ilə əlaqəmizin olmamasına rəğmən, ətrafımızda olan mübarizəçi gənclərdən Lorestanın qəhrəmanlıqlarını eşidirdik. Onlar bu barədə bəzi hadisələri danışırdılar. Bir şeir var idi ki, Məşhəd uşaqları onu lorların dilindən oxuyurdular:
دایه دایه وقت جنگ است
( “Ey ana, ey ana, döyüş vaxtıdı...”)
Bu, onların mübarizliyini – xüsusilə də 42-ci ildən sonrakı illərin mübarizələrində təzyiqlərin artdığı bir dönəmdə mübarizliyini – göstərirdi.
Amma mən burada bir məqama toxunmaq istəyirəm. İran xalqını təşkil edən müxtəlif toplumlar, o cümlədən lor tayfaları barəsində düzgün təsəvvürü bu günün gəncləri üçün qorumaq lazımdır. Lor millətinin tarixi bu son yüz ildə iki hissəyə bölünür: Bir hissə Pəhləvi hakimiyyətinin dövrünə aiddir və bu, lorların haqsızlığa məruz qaldıqları dönəmdir. Onlar həqiqətən də haqsızlığa məruz qaldılar. Digər hissə isə İslam hakimiyyətinin dövrünə aiddir və bu toplumun tanınması, parlaması dönəmidir.
Tarixin bu iki səhifəsini birlikdə qorumalısınız. Xüsusilə də gənclər özlərinin tarixini bilsinlər deyə, xalqın tarix yaddaşında boşluq qalmasın deyə, sözügedən iki hissə qorunub saxlanılmalı və bir-biri ilə müqayisə olunmalıdır. Bir tərəfdə haqsızlığa məruz qalmaq, digər tərəfdə isə qəhrəmanlıq dayanır. Bir tərəfdə millətin müxtəlif sahələrdəki istedadının üzə çıxmaması, bu istedadın təzyiq altında boğulmasına səbəb olan təzyiqlərlə dolu boğucu atmosfer dayanır. Digər tərəfdə isə o dönəmdir ki, bu boğucu atmosfer açılır, millət özünü göstərə bilir, seçilən şəxsiyyətlər tanınır; o cümlədən bir qədər əvvəl adını çəkdiyim şəxsiyyətlər tanınırlar. Məsələn, mərhum Şəhidi İslam Hakimiyyəti qurulmamışdan öncəki dönəmdə də həmin insan idi, amma bu sima İslam hakimiyyəti dönəmində parladı. Yəni İslam hakimiyyətindən öncəki dönəmdə dərs oxuyan, tərəqqi edən, seçilən bu şəxs həmin dönəmdə tanınmırdı. İslam hakimiyyəti atmosferi açdı və onlar parladılar.
Tarix nəzərdən keçirilməlidir, tarix diqqətdə saxlanılmalıdır. Tarixin bu iki dönəminin heç birinin unudulmasına imkan verməməliyik. Bu iki dönəm göz qarşısında olmalı və bir-biri ilə müqayisə olunmalıdır. İslam hakimiyyəti dönəmində lorların yaşadıqları məntəqə – istər Lorestan bölgəsi, istərsə də Lorestandan kənarda lorların yaşadıqları məntəqələr – insafla desək, müsbət mənada seçildilər. Çıxış edən cənablar da bunu qeyd etdilər, onların verdikləri hesabatlar düzgün və dəqiq hesabatlar idi.
Lorlar nə qədər şəhid verdilər – məktəbli, müəllim, qadın, ilahiyyatçı, alim və tanınmış şəxsiyyətləri şəhid verdilər. Həmçinin hərbi birləşmələr – istər ordu, istərsə də Sepah – insafla desək, müsbət mənada seçildi. Onlar müxtəlif sahələrdə də fəal oldular, indiyədək də, Allaha həmd olsun, bu fəallıq davam edir.
Ümid edirəm ki, sizin bu səyləriniz, inşallah, yaxşı nəticələr verər. İmam-cümənin toxunduğu bu məqam isə əhəmiyyətli bir məqamdır: “Bu anımların təşkil edilməsində hədəf – fikri cərəyan yaratmaqdır”. Bu məqama çox diqqət olunmalıdır. Fikri və əməli cərəyan yaradılmalı və keçmiş nəslin, keçmiş fədakar gəncin dəyərli irsi bugünkü gəncə ötürülməlidir. Ölkə zirvəyə doğru hərəkətdədir. Çox iş görülməlidir, çox səy göstərilməlidir, eyni zamanda təhlükə də çoxdur. Qüdrət ilə, iradə ilə bu yolu qət etmək lazımdır. Əgər buna nail olmaq istəyiriksə, ölkənin bu dönəmi və digər dönəmlərinin tarixindən yararlanmalıyıq. Hamı yararlanmalı və keçmiş dəyərli irsi hazırkı nəslə ötürməlidir.
Mən Qəzza probleminə də qısaca toxunmaq istəyirəm. Çünki bu gün İslam dünyasının məsələlərinin başında Fələstin problemi və Qəzzada baş verən hadisələr dayanır. Bütün bunlar gələcəyə təsir göstərən hadisələrdir. Qəzza hadisəsi bir tərəfdən zülmə məruz qalmaq və məzlumluq məsələsidir, digər tərəfdən isə qüdrət və iqtidar məsələsidir. Bəli, Qəzza əhalisinə həqiqətən də zülm edilir. Bu yırtıcı və qaniçən düşmən – qəsbkar terrorist rejim öz cinayətləri üçün bir hədd-hüdud tanımır. Yəni bir bombardmanda min insanı şəhadətə yetirir. Belədir, hədd-hüdud tanımır. Əhaliyə bu cür zülm edilir.
Amma bu məzlumluğun kənarında iki mühüm məqam mövcuddur. Bir məqam camaatın dözümüdür, səbridir, təvəkkülüdür. Bu camaat, həqiqətən çox dözüm göstərirlər. Təbliğat kompaniyaları bu səhnələrin bəzisini dünyada və bizim ölkədə nümayiş etdirdilər. Övladı şəhid olur və valideyn Allaha həmd edir. Övladı şəhid olur və valideyn: “Fələstinə fəda olsun!” – deyir. Yaralı yeniyetmə Allaha şükür edir və Quran ayələri oxuyur. Bu camaatın bu dözümü olduqca mühümdür. Düşmən bu camaatı təslim olmağa və əllərini qaldırmağa vadar etmək istəyirdi, amma onlar əllərini qaldırmadılar, təslim olmadılar. Bu, çox mühüm bir məqamdır. Onların bu dözümü və təvəkkülü onların köməyinə çatacaqdır. Sonunda onlar meydanın qalibi olacaqlar.
Bununla yanaşı başqa bir mühüm məqam da mövcuddur və o da budur ki, bu hadisədə, fələstinli döyüşçülərin (2) hücumunda qəsbkar rejimə endirilən zərbə həlledici bir zərbə idi. İndiyədək bu rejimə belə bir zərbə endirilməmişdi. Bundan qabaq da dediyimiz kimi (3), bu zərbə bərpa olunan deyil; onu bərpa etmək mümkün deyil. Zaman ötdükcə bu zərbənin bərpa oluna bilməyəcəyi daha da aşkar olur. Gördüyünüz kimi, Amerikanın prezidenti, zalım və şər ölkələrin başçıları, o cümlədən İngiltərə, Fransa və Almaniyanın başçıları biri-digərinin ardınca özlərini ora çatdırırlar. Nə üçün? Çünki rejimin dağılmaq üzrə olduğunu görürlər, rejimin məhv olmaq üzrə olduğunu görürlər. Onlar bunu başa düşürlər, buna görə də özlərini ora çatdırırlar ki, rejimin məhv olmasının qarşısını alsınlar. Əgər qəsbkar rejimin dağılmaq, məhv olmaq təhlükəsi olmasaydı, dünyanın bu şər qüvvələri biri-digərinin ardınca ora getməyi, onlarla müttəfiq olduqlarını bildirməyi lazımlı bilməzdilər. Bu onu göstərir ki, zərbə çox möhkəm və həlledici olmuşdur. İndi isə zərbə və yara alan rejim, həqiqətdə əldən düşən rejim – belə ki, silahlarla, filan bombalarla və bu kimi vasitələrlə onu güclə ayaq üstə saxlayırlar – döyüşçülərə gücü çatmadığı və gücü çata bilməyəcəyi üçün müdafiəsiz, yazıq camaatdan intiqam alır və onların başına bomba yağdırır. Halbuki döyüşçülər bu müddət ərzində onlarla üzbəüz gəlməyə hazır idilər, bu ruhiyyədə, düşüncədə, gücdə idilər və bundan sonra da, inşallah, belə olacaqlar. Mənim fikrimcə, Qəzza barəsində danışan hər bir kəs bu camaatın dözümü, iqtidarı, döyüşçülərin qüdrəti barəsində danışmalıdır. Əks halda, onlara haqsızlıq etmişdir. Həqiqətən də onların göstərdikləri dözüm olduqca mühümdür.
Başqa bir əsas məsələ də budur ki, bu hadisədə Amerika cinayətkarların cinayətinin danılmaz şərikidir. Yəni bu cinayətdə Amerikanın əli dirsəyədək məzlumların, uşaqların, xəstələrin, qadınların və başqalarının qanına batmış və bulaşmışdır. Əslində, o, Qəzzada baş verən bu cinayətləri müəyyən bir şəkildə idarə edir. Bunu idarə edən Amerikadır.
Bu cinayətin miqyası o qədər genişləndi ki, dünyada ümumi vicdanı silkələdi. Gördüyünüz kimi, Amerikanın şəhərlərində, Avropanın şəhərlərində, paytaxtlarda, həmçinin müsəlman ölkələrində insanlar toplaşıb öz etirazlarını açıq şəkildə bəyan edirlər. Söz azadlığı iddiası edən Avropa ölkələri Qəzzaya dəstək aksiyalarını və insanların etiraz yürüşlərini qadağan edirlər. Bu da onların rüsvayçılıqlarından biridir. Hər şey üçün yürüşə icazə verilir, amma zülmə məruz qalanları dəstəkləmək üçün yürüş qadağan edilir! Amma insanlar bu qadağaya etina etmədilər. Siz də televizorlarda tamaşa etdiniz ki, insanlar bu aksiyalarda iştirak etdilər. Dünyada insanlar bu hadisəyə görə qəzəblidirlər. Başa düşmək olur ki, insanlarda yaranan bu qəzəb hissi, bu ölkələrdə insanların vicdanının ağrıması bir reaksiya yaradacaqdır və bu reaksiyanın qarşısını heç kim ala bilməyəcəkdir. Nə qədər çalışsalar da bu reaksiyanın qarşısını ala bilməyəcəklər.
Mənim təkid etdiyim, vurğulamaq istədiyim məsələ budur ki, müsəlman ölkələri bu məsələni diqqətdən qaçırmamalıdırlar. Onlar elə düşünməsinlər ki, amerikalılar və ya başqa qərb ölkələri bir qələt edəndə və öz evini, vətənini müdafiə edənləri “terrorist” adlandıranda, onlar da bu səhvi təkrar etməlidirlər. Düşmən qarşısında öz evini, vətənini müdafiə edən şəxs terroristdir? Əksinə, onun evini qəsb edən qondarma və zalım dövlət terroristdir. Müsəlman ölkələr, siyasi sözçülər ehtiyatlı olsunlar, onların sözlərini təkrarlamasınlar. Bilsinlər ki, bu hadisədə və sonrakı hadisələrdə Fələstin hökmən qalibdir. Gələcək dünya Fələstinindir, qəsbkar sionist rejimin deyildir. Gələcək fələstinlilərindir. İndi sionistlər zülm edirlər, cinayət törədirlər, faciə yaradırlar. Amma onların bu səyləri nəticəsizdir və Allahın izni ilə heç bir şeyə nail olmayacaqlar, inşallah. Ümid edirəm ki, inşallah, Mütəal Allah İslam dünyasının və İslam ümmətinin xeyrinə olanları həyata keçirəcəkdir. Allah İslam ümmətinin düşmənlərini tar-mar, məğlub və zəlil etsin, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
(1) Bu görüşün əvvəlində Hüccətül-İslam Seyid Əhmədrza Şahruxi (Lorestan bölgəsində Vəliyyi-fəqihin nümayəndəsi və Xürrəmabadın imam-cüməsi) və Komandir Murtaza Kəşkuli (Lorestan bölgəsinin Sepah komandiri və konqresin katibi) çıxış edib, hesabatlar təqdim etdilər.
(2) Fələstin Müqaviməti dəstələri h.ş. 1402-ci il mehr ayının 15-i “Tufanul-əqsa” adlı geniş hücum əməliyyatına başladılar. Əməliyyatın ilk saatlarında çoxsayda sionist öldürüldü, yaralandı və əsir götürüldü.
(3) Ali Dini Liderin Silahlı Qüvvələrin hərbiçilik məktəblərinin tələbələrinin birgə təşkil etdikləri tədbirdəki çıxışı (18/7/1402)