Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Rza (ə) hərəminin zəvvarları və ətrafda yaşayan əhali ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə 

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا و حبیب قلوبنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین ارواحنا له الفداء

Əvvəlcə Uca Rəbbimizə şükür edirəm ki, bir neçə illik məhrumiyyətdən sonra bu şəhərin əziz sakinləri və ölkənin ayrı-ayrı yerlərindən buraya təşrif gətirmiş möhtərəm ziyarətçilərlə yenidən görüşmək nəsibimiz oldu.(1) Həqiqətən, bura əziz və böyük ölkəmizin ən üstün və ən yaxşı yeridir. Allaha şükür edirəm ki, Allahın mələklərinin endiyi bu mühüm və mənəviyyat dolu mərkəzdə əziz xalqımızla, ətraf ərazilərdə yaşayan və buraya ziyarətə gəlmiş mömin və yüksək əhval-ruhiyyəli insanlarla görüşürəm.

Bu iki-üç ildə ümumi bir xəstəlik var idi. Allaha həmd olsun ki, qarşısı yetərincə alınmışdır. Mən burada bu ümumi bəla və xəstəliyin qarşısını almaqdan ötürü çalışmış hər kəsə səmimi qəlbdən təşəkkür etməyi özümə borc bilirəm. Ölkənin ayrı-ayrı labaratoriyalarında bu uğursuz virusu öyrənib ona qarşı vaksin hazırlayan tədqiqatçılardan tutmuş ölkənin əczaçılıq və sağlamlıq mərkəzlərində bu vaksini istehsal edən və çoxaldan insanlara, vaksinlərin xalqımıza çatdırılmasına çalışan, inyeksiya edilməsində köməklik göstərən, xəstələri qəbul edən həkim və tibb işçilərinə, həkim və tibb işçiləri ilə birlikdə xəstələrə köməklik göstərən könüllülərə, xəstəlikdən qorunmaq üçün vaksin və istehsalı lazım olan imkanların hazırlanmasında iştirak və köməklik göstərənlərə qədər, hər kəsə təşəkkür etməyi lazım bilirəm. Dua edək, Allah-taala bu bəlanı əziz xalqımızın, müsəlman xalqların və bütün dünya əhalisinin üzərindən götürsün, inşallah. Əgər əziz qardaş və bacılar səslərini bir azcıq azaltsalar, sizlərə demək üçün hazırladığım məsələləri çatdırardım. Bu səs-küylərin yatırılmasına köməklik olsun deyə ucadan salavat zikr edin.

Bu gün üçün seçdiyim mövzu ilin əvvəlinin duasından götürülmüşdür. “İl təhvili” duasında oxuyuruq:

یا مُحَوِّلَ الحَولِ وَ الاَحوالِ حَوِّل حالَنا اِلیٰ اَحسَنِ الحال“ (2)

Mənim bu günkü mövzum dəyişmək, yəni əhvalın, vəziyyətin dəyişməsi ilə bağlıdır. Təbii ki, Allahdan istəmək lazımdır, amma çalışmaq şərtdir. Allaha edilən dua, yalvarış və istək o zaman qəbul edilir ki, insan Allahdan istədiyinin yolunda addım atsın. Xəstəliyinizin sağalması üçün dua edirsiniz, amma həkimə də müraciət edirsiniz və Allah sizin duanızı qəbul edir. Biz dəyişməyi Allahdan istəyirik, amma özümüz də çalışmalıyıq. Bizim səylərimiz Allah-taalanın bizə qarşı lütfkarlıq göstərməsinə və istədiyimizi verməsinə səbəb olur.

Mən geridə qoyduğumuz illərdə etdiyim ümumi  çıxışda bir neçə dəfə cəmiyyət, dövlət və ölkə müstəvisində dəyişilmə ilə bağlı danışmışam. Bu gün bu barədə bir qədər geniş danışacağam. Bu məsələnin çox əhəmiyyətli olmasından irəli gəlir. Baxın, siyasi məsələlər ictimaiyyətə çıxarılmalıdır. İctimaiyyət əsas ehtiyaclarla tanış olmalıdır. Bu şəkildə düşüncələr fəallaşacaq. Yeni düşüncələr, fikir və düşüncə sahibi olan gənclər ictimai müzakirəyə çıxarılmış mühüm məsələlərə aktiv yanaşaraq onu lazım olan həddə çatdıracaqlar. Buna görə də mühüm məsələləri, o cümlədən dəyişmək məsələsini müzakirəyə çıxarırıq. Əgər ictimaiyyət bir fikri qəbul etməsə, o fikir əməl müstəvisinə keçməyəcək, gerçəkləşməyəcək. Fəzada sırf bir dalğa yaradacaq. İnsan bir şeyi deyir, sonra da unudur. Ya da kağız üzərində bir neçə sətir olacaq. Böyük istəklərin gerçəkləşməsi üçün onların xalqla, fikir və düşüncə sahibləri ilə, ictimaiyyətlə müzakirə edilməsi lazımdır. Mən indi bu məsələni sizinlə bölüşür və onun ayrı-ayrı yönlərini qeyd edirəm. 

Amma mövzunu davam etdirmək sizin, siz gənclərin, fikir və düşüncə sahiblərinin, siz tələbələrin, universitet fəallarının işidir. Oturub müzakirə etməlisiniz.

Bu mövzuda qeyd etmək istədiyim birinci məsələ bizim dəyişmək deyərkən nəyi nəzərdə tutduğumuza aydqınlıq gətirməkdir. Dəyişmək nədir? Dəyişmək yəni çevrilmək. Nəyə dəyişmək və dəyişib necə olmaq istəyirik? Mühüm olan budur. İslam dövlətinin düşmənləri də dəyişmək deyirlər. Onlar da dəyişiklik istəyirlər. Amma onların nəzərdə tutduğu dəyişiklik bizim nəzərdə tutduğumuzun tam əksidir. Onlar belə bir dəyişmə istəyirlər və təəssüflər olsun ki, ölkə daxilində də bəziləri onlara tabe olur və ya onlara təqlid edərək onların sözlərini başqa bir formada açıqlayırlar. Məsələn, konstitusiyanın və ya İslam dövlətinin strukturunun dəyişdirilməsini istəyirlər. Bu, yadların, düşmənlərin dediklərinin eynisidir. Sadəcə, daxili ünsürler bəzən diqqətsizlikdən və ya qəflətdən, bəzən də digər səbəblərdən bu sözləri təkrar edirlər. Düşmənin adını dəyişmək qoyub üzərində dayandığı məsələ İslam Respublikası kimliyinin dəyişməsidir. İran İslam Respublikasının düşmənləri imperializm və sionizmdir. Bunlar İslam Respublikası kimliyi ilə düşməndirlər. Dəyişmək, çevrilmək, inqilab, struktur və bu kimi məsələlərin dəyişməsini deyərkən məqsədləri İslam Respublikası kimliyinin dəyişməsidir. Onların məqsədi xalqa İnqilabı və İslamı, xalis İslamı, inqilabçı İslamı xatırladan hər şeyi ortadan qaldırmaqdır. Onlar İmamın adının tez-tez təkrarlanmasına qarşıdırlar. İmamın təlimlərinin gündəmdə olmasına, vilayəti-fəqih sisteminə, 22 bəhmənə, Qüds gününə, İslam Respublikasındakı seçkilərə, xalqın bu seçkilərdəki izdihamlı iştirakına, inqilabçı İslam və İslam Respubliaksının daha parlaq olan hər bir əlamətinə qarşıdırlar. Məqsədləri bütün bunların dəyişməsidir. Struktur dəyişikliyi, ümumiyyətlə, dəyişiklik deyərkən ölkəmizin güclü tərəflərinin, İslam Respublikasının güclü tərəfləri olan bu məsələlərin ortadan qaldırılmasını nəzərdə tuturlar.

Xülasə, düşmənin məqsədi İslam demokratiyasını imperializmə meyilli bir hökumətə çevirməkdir. Onlar İranda imperializmə meyilli bir hökumətin və ya onlara müti olan bir adamın hakimiyyət başına keçməsini, ya da üzdə demokratiya olub, onların üzük qaşlarının altında, ovuclarının içərisində, əmrləri altında olan yalançı və aldadıcı qərb demokratiyasının dövlət başına keçməsini istəyirlər. İmperializm İranda təhdid edə və ya şirnikləşdirə biləcəyi, təhdid və şirnikləndirmə ilə öz istəklərini həyata keçirəcəyi, ölkəni qarət edə, siyasi və iqtisadi ağalığa nail ola biləcəyi bir hökumətin olmasını istəyir. Düşmənin istədiyi, İslam Respublikasının düşmənlərinin təklif etdiyi dəyişiklik belə dəyişiklikdir.

Mənim təklif etdiyim dəyişiklik bəzən düşmənlər tərəfindən təkrarlanan bu dəyişiklikdən tamamilə fərqlidir. Dəyişiklik deyərkən mənim nəzərdə tutduğum məsələ həm İslam dövləti müstəvisində, həm də İran cəmiyyəti müstəvisində mövcud olan nöqsanlı cəhətlərin, sahələrin dəyişdirilməsidir. Bizim nöqsanlı cəhətlərimiz, zəif sahələrimiz, zəifliklərimiz var. Bu zəiflikləri öyrənməli, bu cəhətləri müəyyən etməli, heç də asan olmayan qəti iradə ilə zəif cəhətləri ortadan qaldırmalı və güclü tərəflərə çevirməliyik. Onların bəzi nümunələrini daha sonra qeyd edəcəyəm.

Əlbəttə, bu, milli özgüvən tələb edən çətin və ağır bir işdir. Əgər bir millət öz istedadlarına, potensiallarına güvənsə, dəyişiklik tədbirləri görə bilər. Özünə güvənən millət dəyişiklik tədbirlərini yaxşı yerinə yetirə bilər. Məsul şəxslər də dəyişiklikdən danışa və dəyişiklik tədbirləri görə bilərlər. Bizim millətimizin, Allaha şükürlər olsun ki, özgüvəni var. Millətimiz özünə hörmət edən, özünə güvənən, müstəqillik istəyən, nümunələrinə hər biriniz şahidlik etdiyi şücaətli bir millətdir. Bir neçə şücaət nümunəsini sonra qeyd edəcəyəm. Millətimiz müxtəlif sahələrdə özünə, öz imkanlarına güvəndiyini göstərib.

Deməli, dəyişikliyin olmasını istəyiriksə, əvvəlcə milli özgüvənə ehtiyacımız var. İkincisi, ayıqlığa ehtiyacımız var. Əgər ayıq olmasaq, qəflətdə olsaq, dəyişiklik adı altında özümüzün güclü tərəflərinə zərbə vura bilərik. Bəzən bunun şahidi də oluruq. Dövlətə ürəyi yanan, İslam dövlətini və İnqilabı sevən bəzi adamlar var ki, bəzən diqqətsizlik edir, yaxşı bir iş görmək, islahat aparmaq istədikdə diqqətsizlik edərək güclü tərəflərə zərbə endirir. Güclü tərəflərə zərbə endirməmək üçün diqqətli olmaq lazımdır. Bu nüansı unutmayın.

Güclü tərəflərə zərbə vurmaq istəmiriksə, gücül tərəfləri tanımalıyıq. Cəmiyyətimizin güclü tərəfləri hansılardır? Düzgün öyrənməli, diqqətli olmalı və tanımalıyıq. Bir-ikisini mən qeyd edirəm. Təbii ki, bunlar uzun və müfəssəl mövzulardır. Fikir və düşüncə sahibləri, xüsusilə siz gənclər oturub düşünməli, bunlar üzərində iş görməlisiniz. Əziz gənclər! Mənim sizdən təvəqqem çox böyükdür (3). Mən bu güclü tərəflərdən kiçik bir hissəsini qeyd edirəm, qalanlarını sizin öhdənizə buraxıram.

İran millətinin və bizim İslam cəmiyyətinin ən mühüm güclü tərəflərindən biri İslam cəmiyyətimizin daxili bünövrəsinin güclü və möhkəm olmasıdır. Bunun üzərində düşünün. İslam dövləti və İran millətinin daxili təməlinin möhkəm olması çox mühüm bir məsələdir. Mən bir müddət əvvəl etdiyim bir çıxışda (4) bu məsələyə toxunmuşdum. İndi bu barədə bir qədər ətraflı məlumat vermək istəyirəm. İslam dövlətinin təməlinin möhkəm olması, İslam dövlətinin təməlinin bu gücü, İslam dövləti və İran millətinin daxili möhkəmliyi imandan qaynaqlanır. İran xalqı mömin bir xalqdır. Hətta İslam hökmlərinin bəzisinə üzdə düzgün şəkildə bağlı olmamaları təəssüratı yaranan insanların da qəlbindəki imanları yaxşıdır; Allaha, dinə, Qurana, imamlara, xalqa imanları var. İran xalqı imanlı, özünə hörmət edən, özünə güvənən bir xalqdır. Bunlar İran milləti və İslam dövlətinin daxili strukturunun möhkəmlənməsinə səbəb olmuşdur. Bu möhkəmlənməni haradan bilə, görə və hiss edə bilərik? Bu möhkəmliyin əlaməti nədir? Mən bu əlamətlərdən iki-üçünü qeyd edirəm.

Birinci əlamət İran xalqı onilliklər ərzində aparılan fasiləsiz düşmənçiliklər zənciri üzərindəki qələbəsidir. Siz uzun illər dünyanın ən güclü dövlətlərinin zərbələrinə qarşı müqavimət göstərib diz çökməyən bir ölkə, bir inqilab tanıyırsınızmı? İran xalqı düşmənlərin uzun hiylə və məkrli planlar zənciri, çevriliş, sanksiya, siyasi təzyiqlər və media hücumları qarşısında möhkəm dayanmağı bacarmışdır. Dünyada İranofobiya və inqilabofobiya yaratmaq üçün edilən media hücumunun analoqu yoxdur. Belə bir şey əsla olmamışdır. Təhlükəsizlik planları qarşısında İran millətindən başqa hansı millət davam gətirə bilər və ya gətirə bilmişdir.

Bu, daxili istehkamdır. Bu onu göstərir ki, İran millətinin təməli güclü bir təməldir. Bir nümunəsi elə məhz son iğtişaşlarda hamının gözləri önündə  cərəyan etdi. Bundan bir neçə ay əvvəl iğtişaş törətdilər, hər kəs bu hadisəyə daxil oldu. Baxın ona. Bunlar mühüm nüanslardır. ABŞ kimi dövlətin prezidenti ölkəmizin daxilindəki iğtişaşları açıq şəkildə dəstəklədi. Bəzi Avropa ölkələrinin prezidentləri və dövlət başçıları İran millətinin çox az fazini təşkil edən, çox, çox, çox azsaylı olan bu daxili iğtişaşlara açıq şəkildə dəstək verdilər. Təkcə sözdə dəstək vermədilər, silah, maliyyə və təhlükəsizlik dəstəyi verdilər. Bu iğtişaşlara müxtəlif formalarda yardım göstərdilər. Yəni özlərini xəyalən ən azı İslam Respublikasının zəifləməsinə hazır etdilər. İslam Respublikası göstərdi ki, zəif deyil, güclüdür. Belə bir iğtişaşa, belə bir dünya səviyyəli plana qalib gələrək dünyaya güclü olduğunu göstərdi. 1401-ci ilin 22 bəhməni bu bir neçə ilin 22 bəhmənlərinin hamısından coşqulu və izdihamlı oldu. Bu, İran millətinin daxili möhkəmliyini göstərir. Qeyd etdiyim kimi, İran xalqı güclü təmələ və istehkama malikdir.

Başqa bir əlamət İran xalqının böyük nailiyyətləridir. Bu sözlərin təkrar edilməsini istəmirlər. Düşmən bu sözlərin deyilməsindən, təkrar edilməsindən bərk narahat və narazıdır. Amma reallıqdır. Biz nailiyyətlər əldə etmişik. Onların bəzisini ötəri şəkildə qeyd edəcəyəm. Bütün bu nailiyyətlər sanksiya, iqtisadi blokada, iqtisadi təzyiqlərin bu vaxta qədər baş vermiş ən kəskin vəziyyətdə olduğu dövrdə əldə edilmişdir. Bunu amerikalılar özləri dedilər. Amerikalılar dedilər ki, İrana qarş tətbiq etdiyimiz iqtisadi təzyiqin tarixdə analoqu olmamışdır. Düz deyirlər. Bütün yalanlarına baxmayaraq, bunu düz deyirlər. Analoqu, bənzəri olmayan bir iqtisadi təzyiq idi. Belə bir şəraitdə İran xalqı inkişaf etdi. Elm və texnologiya sahələrində inkişaf əldə etdi. Bəzi elm sahələrində dünyanın üç ən qabaqcıl ölkəsindən biri oldu. Bir yerdə dünyanın ən zirvədə qərarlaşmış beş, başqa bir yerdə on ölkəsindən biri oldu. Bir yerdə iki yüz ölkə arasında ilk üçlükdə qərarlaşmış ölkələr sırasında yer aldı. Bizim elmi və texnoloji nailiyyətlərimiz belədir. Nanotexnologiya, ekotexnologiya, tibb və müxtəlif sahələrdə İranın nailiyyətləri dünyanın inkişaf etmiş ölkələrinin çoxundan daha yaxşı olub. Korona hadisəsində, nüvə, kosmos və müdafiə sahəsində bu, özünü göstərdi. Müdafiə sahəsində bunu onlar hamısı deyir və etiraf edir. İslam Respublikasına qarşı bir bəhanə uydurmaq üçün İranın müdafiə və silah baxımından irəlilədiyini etiraf edirlər. Ekotexnologiya sahəsində çox nailiyyətlərimiz olub. Dünya bizi, dünya alimləri alimlərimizi, bizim gənc alimlərimizi tərifləyirlər.

Ölkənin infrastrukturları sahəsində nailiyyət. Yol, dəmir yolu, bəndlərin tikilməsi, su təchizatı (son günlər “Qədir su təchizatı” sisteminin açılışı oldu (5)), neft emalı zavodunun tikintisi, xəstəxana tikintisi sahəsində nailiyyətlərimiz oldu. Qeyd etdiklərimin çoxu 1401-ci ildə reallaşdı. Cənubi Pars Qaz Kompleksinin bir hissəsi tamamən İran məhsuludur. Bu inkişaf nə zaman baş verdi?  Bütün sanksiyalar və iqtisadi təzyiqlər olduğu bir vaxtda. Çox mühüm işlərdən olan maye qaz istehsalında əldə edilmiş nailiyyət (inşallah İran üçün bir açılım yaradar) məhz bu son dövrdə meydana gəlmişdir. Keçmiş dövrlərdə də böyük işlər görülmüşdü.

Beynəlxalq əlaqələr sahəsində inkişaf. Qərblilər İranın təcrid olunması üçün çox çalışdılar. ABŞ və avropalılar İranın təcrid olunması üçün çox təzyiq göstərdilər. Təcridolma beynəlxalq siyasətdə ölkələrlə olan əlaqələrin kəsilməsinə deyilir. Dövlətlər hər hansı dövlətlə əlaqələrini kəsdikdə ona təcrid edildi deyilir. Amma bunun əksi baş verdi. Bəli, bizim qərblilərlə olan əlaqəmiz zəiflədi. ABŞ-la əlaqəmiz olmayıb, Avropa ilə də əlaqəmiz zəiflədi. Amma Asiya ilə olan əlaqəmizi daha da möhkəmləndirdik. Bundan sonra da bunu davam etdirəcəyik. Biz Asiya dövlətlərinin böyük bir hissəsi ilə olan siyasi, iqtisadi, texniki və elmi əlaqələrimizi davam etdirəcəyik. Mühüm müqavilələrin böyük bir hissəsinə üzv olduq. Düşmən bizi təcrid etmək istəyirdi. İran xalqının səy və fəaliyyətləri bizim mühüm və nüfuzlu regional müqavilələrin bir hissəsinə üzv ola bilməyimizə səbəb oldu. Təcrid olunmadıq, əksinə, gündəm olduq, region dövlətləri və xalqları ilə olan əlaqələrimiz gücləndi. Afrika və Latın Amerikası ilə olan güclü əlaqələrimiz bizim qəti proqramlarımızdandır. İnşallah, bu proqramı davam etdirəcəyik. Əlbəttə, Avropa ilə də küsülü deyilik. ABŞ-ın siyasətlərinə korkoranə şəkildə tabe olmayan Avropa dövlətləri və hökumətlərindən hər biri ilə işləməyə hazırıq.

Bu nailiyyətlər əldə edildi. Bu nailiyyətlər İran xalqı və İslam dövlətinin təməlinin möhkəmliyini və möhkəm strukturunu göstərir. Bu nailiyyətlər iman, milli özünə hörmət hissi, daxili gücə olan ehtiyac sayəsində meydana gəlib. Yəni xalqımız və məsul şəxslərimiz daxili gücə ehtiyacımız olduğunu hiss etdilər. Əvvəllər yadlara, xaricilərə arxalanma var idi. Amma başqalarına arxalanmağın etibarlı olmadığını anladılar; anladılar ki, bir gün var, bir gün yox. Daxili gücə arxalanmaq lazımdır. Biz “müqavimət iqtisadiyyatı”nı elan edərkən onun endogen və ekzogen olduğunu bildirdik (6). Endogenin mənası budur ki, daxili imkan, istedad və potensial iqtisadiyyata xidmət etməlidir. Ekzogen deyilərkən bütün ölkələrlə iqtisadi əlaqələr qurmağa hazır olmağımız nəzərdə tutulur. Bunu hiss etdik. Həm İran xalqı, həm gənclər, həm də məsul şəxslər hiss etdilər ki, daxili imkana arxalanmağa ehtiyac var.

Güclü cəhətlər çoxdur. Daxili istehkamı və nailiyyətləri qeyd etdim. Bunlar mövcuddur. Çox məqamlar var ki, burada demək imkanımız, haqqında danışmaq fürsətimiz yoxdur. Bunlar bizim güclü tərəflərimizdir. Bunlar zərbə almamalıdır. İslam dövləti İslam Respublikasıdır. Nə respublikası zərbə almalıdır, nə də İslam. Bunlar güclü tərəflərdir. Hər bir dəyişiklikdə bu güclü cəhətlərə arxalanmaq, artırmaq, daha da qabartmaq və genişləndirmək lazımdır. Amma güclü cəhətlərlə yanaşı, zəif cəhətlər də var. Dəyişiklik zəif cəhətlərə şamil edilir. Mən zəif cəhətlər haqqında da qısa məlumat verib, iki-üç məsələyə toxunmaq istəyirəm.

Əgər ölkəmizdə dörd-beş mühüm əhəmiyyət daşıyan zəif cəhət varsa, hamısının başında ölkənin iqtisadiyyatı dayanır. Əlbəttə, iqtisadi siyasətlərin çoxu keşmişdəkilərin mirasıdır. Keçmişdəkilər deyərkən bəzisi İnqilabdan əvvələ, bəzisi də sonraya aid olan problemlər nəzərdə tutulur. Yəni iqtisadi problemlər və əsas iqtisadi infrastruktur problemlərinin bəzisi İnqilabdan əvvələ, bəzisi də sonraya aiddir.

Bəlkə də, bizim ən böyük iqtisadi problemimiz dövlət idarəçiliyinə üstünlük verməyimizdir. 60-cı onillikdə biz ölkə iqtisadiyyatının açarının daha çox dövlətə həvalə edilməsində israrlıydıq. Bu iqtisadiyyatımıza zərbə vurdu. Bu, bizə aiddir. Biz özümüz etdik. Bəlkə də, iqtisadiyyatımızın ən zəif cəhəti dövlət idarəçiliyinə ifrat dərəcədə üstünük verməyimizdir. Əhali iqtisadi idarəetmədən və iqtisadi fəaliyyətdən kənarda qaldıqda böyük işlər, böyük şirkətlər, ölkəyə sərvət qazandıran istehsallar dövlətin ixtiyarına keçir və əhalinin iqtisadi fəallarının ixtiyarından çıxır. Bu da bizim bu gün iqtisadiyyatımızda müşahidə etdiyimiz problemlərlə qarşılaşmağımıza səbəb olur.

44-cü maddənin iqtisadi siyasətlərini təqdim və elan edərkən ayrı-ayrı mütəxəssislərin köməyi ilə bunun üzərində diqqətlə işlədik (yəni mütəxəssislər işlədilər) və siyasətlər elan edildi. Bu siyasətlərin məqsədi bu idi ki, əhalinin nəzər nöqtəsində olan iqtisadi fəaliyyətləri və idarəçiliyi xalqa həvalə edək. Təbii ki, bəzi sahələr də var ki, ya xalq özü onları istəmir, ya da mütləq dövlət qurumlarının ixtiyarında olmalıdır. Bunları bir kənara qoyaq. Amma iqtisadiyyatın mühüm sahələri xalqın ixtiyarında olmalıdır. Dəfələrlə bunu təkrar-təkrar qeyd etmişik ki, dövlət müəssisələri, dövlət şirkətləri, yarımdövlət şirkətləri (yarım dövlət və yarım özəl kimi yaxşı səslənməyən çirkin bir sözlə ifadə edilir) özəl müəssisələrlə rəqabət aparmamalı, istehsalın xalq tərəfindən həyata keçirilməsinə imkan verməlidirlər. Biz bütün işlərin ixtiyarını dövlətə həvalə etdiyimiz gün bunu iqtisadi ədalətin bərqərar olması düşüncəsi ilə etdik. İqtisadi ədalət bərqərar olmadı. Səhvən düşündülər ki, əgər iqtisadiyyatın açarı dövlətə tapşırılsa, iqtisadi ədalət gerçəkləşəcək. Bu, səhv idi. Belə bir şey baş vermədi. Dövlət idari rəhbərliyi azaltmalı, nəzarəti isə artırmalıdır. Müdaxiləni azaltmalı, nəzarəti gücləndirməlidir. İqtisadiyyatımızın böyük qüsurlarından biri, bəlkə də, ən böyüyü budur. İqtidara gələn bütün hökumətlərə bu işin xalqa təhvil verilməsi tövsiyə edildi. Bu həvaləetmələr bəzən gerçəkləşdi, bəzən də səhv yerinə yetirildi. Həvaləetmə xalqın xeyrinə tamamlanmaq əvəzinə ayrı-ayrı məqamlarda xalqın zərərinə oldu. Bu da qeyd olunan işin gerçəkləşməməsinə səbəb oldu. Bu gün də möhtərəm hökumətin yerinə yetirməli olduğu əsas işlərdən biri budur ki, lazımi diqqət və nəzarət altında iqtisadi idarəetməni xalqa həvalə etsin.

İqtisadiyyatımızın ən böyük qüsurlarından biri xam neft ixracatından asılılıqdır. Biz xam nefti ixrac edirik və xam neftin ixtiyarı öz əlimizdə deyil. Bizim neftimizi idxal edənlər - o vaxt avropalılar bizim neftimizi alır, idxal edirdilər – bizdən, neftin sahibindən, onu neft quyularından çıxarıb satandan daha çox xeyir götürürdülər. Onun aldığı vergi və etdiyi istifadə neftin sahiblərindən daha çox idi. İndi də belədir. Biz iqtisadiyyatın göbək bağını xam neft ixracatından qoparmalı, daha çox qeyri-neft fəaliyyətləri ilə məşğul olmalıyıq. Hesabatlarda qeyd edildiyi kimi, xoşbəxtlikdən, qeyri-neft ixracatı və qeyri-neft iqtisadi fəaliyyətlərin artırılması istiqamətində hərəkətə start verilmiş və yaxşı işlər həyata keçirilir.

İqtisadiyyatımızın problemlərindən biri dollardan asılılıqdır. Sanksiyaya məruz qalmış bəzi ölkələr dollar asılılığından xilas olduqdan sonra vəziyyətləri yaxşılaşdı. Biz adını çəkmək istəmədiyim elə ölkələr tanıyırıq ki, Qərbin kəskin sanksiyalarına məruz qaldıqlarında SWIFT-lə (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) – Qərbə aid olan bir beynəlxalq təşkilatdır - əlaqəni kəsib dolları bir kənara qoydular, öz yerli valyutaları ilə alqı-satqı, idxalat və ixracat etdilər, bununlada vəziyyətləri yaxşılaşdı. Biz də bu işi görməliyik.

İqtisadiyyatla bağlı qeyd etmək istədiyim (bunlar bizim əsas məsələlərimizdir. İctimaiyyətin bu məsələlərə diqqət yetirməsini, ictimai rəy tərəfindən təsdiq edilib yayılmasını istəyirəm), ölkənin iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaqdan ötürü ehtiyac duyduğumuz mühüm məsələlərdən biri davamlı və sürətli inkişafdır. İqtisadi inkişafımız zəif olub. Biz hökumətlərə elan etiyimiz iqtisadi siyasətlərdə 8 %-lik inkişaf elan etdik. Halbuki 90-cı illərin çox hissəsində inkişafımız 0-dan aşağı olmuşdur. Ümumilikdə hökumət dəyişikliyi olanda da inkişaf çox aşağı idi. İndi dəqiq rəqəmlərini demək istəmirəm. Məsələn, bizim 1%, ya ondan az, sürətli və davamlı iqtisadi inkişafa ehtiyacımız var. belə olmasın ki, bir il inkişaf edib, sonra yenidən dayanaq. Biz belə bir sürətli və davamlı inkişafa nə zaman nail ola bilərik? Xalqın köməyi və rəhbərliyi ilə istehsalı artıra bildikdə. Möhtərəm ölkə rəhbərliyi, məsul şəxslər və xalqın İslam Şurası Məclisindəki nümyəndələri xalqı iqtisadi istehsal sahəsində rol ifa etməyə həvəsləndirməli və istiqamətləndirməlidirlər. Özəl sektorun investisiya yatırımı etməsi, sahibkarlıq fəaliyyəti göstərə bilməsi üçün onda güvən yaradılmalıdır. 1401-ci ilin bəhmən ayında ölkənin mühüm texnoloqlarından bir qrupu Hüseyniyədə mənimlə görüşdü (7). Onların bəzisi çıxış etdi. Səsləndirdikləri fikirlər, həqiqətlər və verdikləri nümunələr cəsarətləndirici idi. Yəni bu, İran xalqının bacarıqlarını göstərir. Bizim çox bacarıqlarımız var. Böyük işlər görə bilərik. Əgər iqtisadiyyat sahəsində xalqın təcrübələrindən istifadə edilsə, xalqın məişəti, inflyasiyanın vəziyyəti mütləq daha yaxşı olacaq. Biz ilin şüarını “İnflyasiyanın qarşısının alınması və istehsalın artırılması” etdik (8). İnflyasiyanın qarşısının alınması istehsalın artırılmasından asılıdır, istehsalın artırılması da xalqın əlindədir. Əgər xalq addım atsa, qətiyyət göstərsə, bu iş reallaşar və reallaşması da mümkündür.

Bizim mühüm iradlarımızdan biri budur ki, xalqın iştirakı yolları haqqında düşünməmişik. Mən elə buradan möhtərəm rəhbərliyə, iqtisadi ekspertlərə, ölkənin taleyini düşünən insanlara tövsiyə edirəm ki, xalqın iqtisadi məsələlərdəki iştirakı yollarını axtarıb tapsınlar. Xalqın daxil olduğu hər yerdə biz uğur əldə etdik. Müqəddəs Müdafiədə xalq iştirak etdiyi üçün biz qalib gəldik. Ölkənin siyasi məsələlərində də xalqın daxil olduğu hər yerdə qalibiyyət əldə etdik, uğur qazandıq. İqtisadi məsələlərdə də vəziyyət eynidir. Əgər xalq, xalqın bütün fərdləri iştirak edərsə, biz qələbə və uğur əldə edəcəyik. Sadəcə, məsələ burasındadır ki, xalq necə iştirak etməlidir? Xalqın iqtisadiyyat sahəsinə girişini ona göstərmək lazımdır. Mən keçən illərdə kiçik şirkətlərin yaradılması və kiçik şirkətlərə yardım göstərilməsi məsələsi üzərində dayanmış və tövsiyə vermişəm (9). Bu sahədə uğursuz təcrübələr də olmuşdur. Natamam və hesablanmamış işlər görüldü. Bu işlər görülməlidir.

İqtisadiyyatla bağlı problemlərimizdən biri xarici ticarət sahəsində az hərəkətli olmağımızdır. Daxildə - həm k/t sahəsində, həm də sənaye sahəsində - istehsal potensialımız böyükdür. Dünya bazarları da çox genişdir. Biz  xarici ticarətimizi artıra, inkişaf etdirə, həqiqətən, xalqın məişəti və süfrəsi ilə birbaşa əlaqəsi olan işi, inşallah, tənzimləyə bilərik. Bu mühüm işlərdən biridir. Xarici siyasətdəki aktivliyimiz aşağıdır. Tətbiq etdiyimiz metodlar bəzən yanlışdır. Bunların dəyişilməyə ehtiyacı var. Dəyişiklik edilməsi lazım olan məsələlərdən biri xarici ticarətdir.

Elm təməlli şirkətlərə köməklik göstərilməsi mənim keçən il tövsiyə etdiyim məsələlərdəndir. Xoşbəxtlikdən bu məsələ gerçəkləşdi. Bizim istədiyimiz miqdarda olmasa da, inkişaf baş verdi. Elm təməlli şirkətlər çox işlər gördü. Həm fəaliyyətləri artdı, həm məhsulları, həm də gəlirləri. Kiçik müəssislərin yaradılması, böyük müəssisələrin elm təməlli sistemə keçirilməsi işləri dəyişilməyə kömək edən addımlardır.

İslam Şurası Məclisinin nümayəndələri olan əziz qardaş və bacıların diqqət yetirməli olduqları və dəyişilməsinə ehtiyac duyulan sahələrdən biri qanunvericilik sahəsində dəyişiklikdir. Qanunvericiliyin ümumi siyasətləri elan edilib (10). Bu siyasətlər diqqət mərkəzində olmalıdır. Qanunvericilik bu gün həyata keçirildiyindən daha mükəmməl və daha çox dəqiqləşdirilmiş formada həyata keçirilməlidir. Ayrı-ayrı hökumətlərin dövründə, elə indi də, adətən, qanunverici və icraedici qüvvə (indi, Allaha şükür olsun ki, birlikdə işləyir və bir-birlərinə yaxındılar) arasında fikir ayrılığına səbəb olan məsələlərdən biri parlamentdə illik büdcənin qəti xərclərinin təsdiq edilməsi və bunun qeyri-qəti gəlirlər əsasında nəzərdə tutulmasıdır. Bu da büdcə kəsrinin meydana gəlməsinə səbəb olur. Qeyd etdiyimiz kimi, büdcə kəsri böyük iqtisadi bəlalardan biridir. Bu işlər olmamalıdır. Müxtəlif sahələrdə başqa zəif cəhətlərimiz də var, onlar haqqında, inşallah, başqa vaxtalarda danışarıq.

Məqsədi güclü tərəflərin gücləndirilməsi və zəif tərəflərin ortadan qaldırılması olan inkişaf hərəkətinin əks tərəfi İslamın, İslam Respublikasının düşmənlərinin siyasətidir. Bunlar birbaşa bu dəyişmə hərəkətinə qarşı iş görür və addım atırlar. Məqsədləri də güclü tərəflərə zərbə endirməkdir. Daha öncə bu məsələyə işarə etdik. Bu məsələləri xalqla müzakirə etməliyik və xalq bunları bilməlidir. Müqəddəs Müdafiə dövründə Səddamın bizə hücum etməsi barədə elə həmin gün məlumat verildi. Xalqa xəbər verdik ki, ölkəmizə qarşı müharibə baş verib. İctimaiyyət böyük müharibə hadisəsinin ortasına düşdü.

Hal-hazırda cərəyan edən hibrid müharibədə hərbi hücum yoxdur. Düşmən hərbi hücum etmir, başqa işlər görür. Burada da məlumatlandırma lazımdır ki, xalq düşmənin hansı yollardan, hansı siyasətlər vasitəsilə girdiyini bilib hadisələrə ayıq şəkildə baxsın. Əziz xalqımız vəziyyətlə tanış olarsa, hər hansı hadisə baş verdikdə həmin hadisəyə ayıq gözlə baxacaqdır.

Bəli, hibrid müharibədə hərbi hücum yoxdur, amma dini və siyasi inanclara hücum var. Düşmən dini və siyasi inanclara hücum edir. “قُل اَعوذُ بِرَبِّ النّاس” surəsində belə deyilir:

مِن شَرِّ الوَسواسِ الخَنّاسِ * اَلَّذی یُوَسوِسُ فی صُدورِ النّاسِ * مِنَ الجِنَّةِ وَ النّاس“ (11)

 Xənnas həmin xarici təbliğatçılar və onların daxildəki quyruqlarıdır. Vəsvəsə edirlər, həqiqətləri baş-ayaq göstərirlər. Məqsədləri xalqın iradəsini zəiflətməkdir. Məqsədləri ümidləri öldürməkdir. Gənclərin qəlbindəki ümid şöləsini söndürüb onları məyus etmək istəyirlər. Məyusluğun mənası çıxılmazlıq hissidir. Gənc inkişafdan və gələcəkdən məyus olduqda çıxılmazlıq və çarəsizlik hissi yaşayır. Çarəsizlik hissi keçirən adamdan isə düzgün iş görəcəyini gözləmək olmaz. İxtilaf salmaq, ölkəni iki qütbə bölmək istəyirlər. Xalqın həqiqi qüdrət proqramını onun əlindən almaq və təsirsiz etmək istəyirlər. Bu proqram xalqın imanı, dini, milli dəyərləri və inanclarıdır. Bu işləri görərkən ölkədə qeyri-sabitlik, qarışıqlıq salmaq, əgər bacarsalar, vətəndaş müharibəsi yaratmaq istəyirlər. Əlbəttə, başları daşa dəydi və dəyəcək də.

Hibrid müharibədə düşmən mediadan, mədəniyyət, təhlükəsizlik və iqtisadiyyat amilindən istifadə edir. Xalqı mühasirəyə almaq, xalqda məyusluq yaratmaq, xalqa öz gücünü unutdurmaq üçün bu vasitələrin hamısından istifadə edir. Xalqı informasiya vasitələrindən ayrı salmağa çalışırlar. Bizim xalqı məlumatlandıran vasitələrimiz var. Onlarla bağlı bədbinlik yaradaraq deyirlər: “Radio-televiziyaya qulaq asmayın, xəbərlər həqiqəti əks etdirmir. Məsul şəxslərə əhəmiyyət verməyin, verdikləri məlumatlar reallığın əksidir. Rəhbərliyin sözlərinə qulaq asmayın. Rəhbərliyin sözləri təkrardır”. Təkrardır? Uzun illərdir düşmən cəbhəsi yüksək səslə İslam Respublikasını diz çökdürmək istədiklərini elan edir. Rəhbərlik isə onlara “Qələt edirsiniz” deyir. Bu, təkrar deyil. Bu qətiyyətdir. Allah-taala bizə belə bir göstəriş verib:

فَاستَقِم کَما اُمِرتَ وَ مَن تابَ مَعَک“ (12)

Peyğəmbərə göstəriş hamıya göstərişdir, bizə göstərişdir. Bu qətiyyətdir. Bu haqq sözü qəlbdə qoruyub saxlamaq, onun üzərində dayanmaqdır. Bu, təkrar deyil. Allaha həmd olsun ki, xalq ayıqdır, xalq ayaqdadır, xalq səhnədədir. Bunu uzun illər mütəmadi olaraq əziz xalqımız göstərdi. İran xalqı son iğtişaşlarda xalqı təhrik edən və ya iğtişaşları dəstəkləyənlərə sillə vurdu. Allahın güc və qüvvəsi ilə gələcəkdə də İran xalqı düşmənlərə sillə vuracaq.

Mən qətiyyətlə elan edirəm ki, İran xalqı güclüdür. İran xalqı inkişaf etməkdədir. İran xalqı öz nöqsanlarını ortadan qaldırmağa qadirdir. Nöqsanları ortadan qaldıra bilər. İran xalqı müqavimət cəbhəsinə dəstək verir. Biz müqavimət cəbhəsinə dəstək verdiyimizi açıq şəkildə elan edirik. Ukrayna müharibəsində iştirakı qətiyyətlə rədd edirik. Yalandan iddia etdilər ki, İran Ukrayna müharibəsində iştirak etdi. Belə bir şey əsla olmayıb. Bizim heç bir iştirakımız yoxdur. Ukrayna müharibəsini, əslində, NATO-nu Şərq istiqamətində genişləndirməkdən ötürü ABŞ gerçəkləşdirib. Bu müharibənin hazırlıq işlərini, əslində, ABŞ reallaşdırıb. İndi də Ukrayna müharibəsindən ən böyük faydanı, ən böyük xeyiri  ABŞ götürür. Ukraynanın çarəsiz əhalisi çətinlik içərisindədir, xeyirini ABŞ-ın silah istehsal edən zavodları talayır. Buna görə də Ukrayna müharibəsinin başa çatmasını istəmir. ABŞ bu müharibənin başa çatması üçün lazım olan işlərin gerçəkləşməsinə mane olur, imkan vermir. Onlar Ukrayna müharibəsinin başa çatmasına razı deyillər.

Çıxışımın sonunda onu da qeyd edim ki, dövlətin nöqsanlarının olduğunu bildirdim və onların bəzisinə işarə etdim. Bəzi nöqsanlar bizim özümüzdədir. Bunları da ortadan qaldırmalıyıq. Öz içərimizdə, iqtisadi məsələlərlə təsadüfən bağlı  olan bəzi nöqsanlar mövcuddur. Onlardan biri israfdır. Biz israf edirik. Suyu, çörəyi, işığı, qazı israf edir, israfkar davranırıq. Əhalisinin bizim ölkə əhalisindən bir neçə dəfə çox olan ölkələrdə qaz istehlakı bizdən azdır. Benzin istehlakları bizdən azdır. Bizdə benzin, qaz istehlakı yüksəkdir. Biz israfkarcasına davranırıq. Suyu hədər yerə axıdırıq, çörəyi kənara tullayırıq. Bu, böyük bir nöqsandır. Bunu ortadan qaldırmalıyıq. Mən bir neçə il bundan əvvəl bu məsələni xüsusilə vurğulamışdım.

Xalq olaraq problemlərimizdən biri ifrat dərəcədə lüks həyata meyilli və dəbdəbəçi olmağımızdır. Dəbdəbə izdivacları çətinləşdirib. İstər oğlan olsun, istərsə də qız, evlilik yaşına çatmış gənc evlənə bilmir. Niyə? Çünki ata və anası öz qohum-əqrabası ilə üz-göz olur; mehriyyə filancür, cehiz filan modeldə, dekorasiya belə, ziyafət bu şəkildə olmalıdır! İzdivac xərcləri yüksəkdir. Bu dəbdəbə yarışından xilas olmaq lazımdır. Bir qrup insan dəbdəbə yarışına girib. Özünüzü bu yarışdan xilas etməlisiniz. Bu da bizim nöqsanlarımızdan biridir.

Bizim ən böyük nöqsanlarımızdan biri budur ki, daxili istehsalla bağlı təəssübkeşliyimiz yoxdur. Təəssübkeşlik bir çox yerlərdə pisdir, amma burada yaxşıdır. Biz daxili istehsalın təəssübünü çəkməliyik. Daxilidə istehsal edilən bir malın xarici bənzəri var. Əlbəttə, idxalçı da onu idxal etməməli idi, amma edib. Bəzən daxili istehsalın keyfiyyəti həmin xarici malın keyfiyyətindən heç də aşağı olmur, bəzən yüksək də olur. Amma biz xarici məhsula qaçırıq. Niyə? Nə üçün iranlı işçiyə kömək etmirik? Bu daxili məhsulu iranlı işçi istehsal edib. Siz almadığınız surətdə həmin işçi işsiz qalır. Xaricdən gələn malı alırsınız, ona üstünlük verirsiniz. Bu, böyük bir iraddır. Bizim eybimizdir. Bunlar bizim öz nöqsanlarımızdır. Bütün qüsurlar dövlət təşkilatlarına və idari qurumlara aid deyil. Bəzi məsələlər də bizə aiddir.

Bəzi yerlərdə göz yummaq və güzəşt etmək lazım gəlir. Amma güzəştə getmirik. Kiçik bir ixtilaf üstündə bir-birimizin yaxasından yapışırıq. Niyə? İki nəfərin bir məsələ, məsələn, siyasi bir məsələ ilə bağlı fikir ayrılığı ola bilər. Olsun. Bəs, nə üçün bir-biri ilə dava etməli, bir-birinin yaxasından yapışlmalıdırlar? Nə üçün cəmiyyət arasına ikitirəlik salınmalıdır? Göz yummaq lazımdır. Bəzi yerlərdə görməzdən gəlmək lazımdır. Bu da bizim problemlərimizdən biridir.

Mən insanlarla söhhbət imkanı olan, istər virtual məkanda, istər mətbuatda, istərsə də tele-radioda media imkanı olan hər kəsə ümidləndirməyi tövsiyə edirəm. Düşmən gənclərimizdə bədbinlik yaratmağa çalışır. Qarşılığında biz də ümid yaratmalıyıq. Ölkədə ümidverici məsələlər az deyil. Qeyd etdiklərim və bundan on dəfə artıq olan məsələlər hamısı nikbinliyə səbəb olur, insanı ümidvar edir. Hamı ümid doğurmağı özünə vəzifə bilməlidir . Bunu ciddiyə alın.

Ümid yaratmaq özünü aldatmaq deyil. Bəziləri elə düşünürlər ki, ümid yaratmaq zəif cəhətləri gizlətmək və özünü aldatmaqdır. Xeyr, zəif cəhətlər də deyilməlidir. Bunun eybi yoxdur. Amma zəif cəhətləri deyərkən ümid də yaradılmalı, parlaq üfüq və gələcək gözlər önündə canlandırılmalıdır. Vəziyyətimiz, Allaha həmd olsun ki, yaxşıdır. Amma bu gün bu ayəni diqət mərkəzində saxlamalıyıq: “وَ لا تَهِنوا” (Süstləşməyin), “وَ لا تَحزَنوا” (kədərlənməyin), “وَ اَنتُمُ الاَعلَون” (siz üstünsünüz), “اِن کُنتُم مُؤمِنین” (əgər möminsinizsə) (13). İmanınız ucalmağınıza, yüksəlmənizə səbəb olur. Bu gün bizim regiondakı vəziyyətimizin tam əksinə qatı düşmənimiz olan ABŞ özü düşüb. Biz regionda nə etdiyimizi bilirik. Siyasətimiz, yolumuz işıqlıdır. Amerikalılar çaşqınlıq içərisindədirlər; bilmirlər regionda qalsınlar, ya getsinlər. Xalqların onlara qarşı olan nifrətləri günbəgün artmaqdadır. Amerikalılar güclü hərbi qüvvələri ilə qüdrətlə Əfqanıstana girdilər. İyirmi il Əfqanıstanda qaldılar. Əfqan xalqını özlərindən narazı saldılar, onların nifrətini qazandılar, sonra da oradan çıxmaq məcburiyyətində qaldılar. Əgər qalarlarsa, nifrətə səbəb olurlar, gedərlərsə, itaətkar qullarını itirirlər. Burada mütiləri var. Əgər onları qoyub getsələr, müti qullarıın itirmiş olacaqlar. Bilmirlər nə etsinlər; qalsınlar, ya getsinlər. Çaşqınlıq içərisindədirlər. Allaha şükür edirik ki, yolumuz işıqlıdır, bəsirətimiz yerindədir. Allaha həmd olsun ki, addımlarımız möhkəm və qətiyyətlidir. Düşmənimiz zəifləməkdədir.

Ey Rəbbim! Bu uğurları günbəgün artır! Ey Rəbbim! Bu yolu üzümüzə açmış böyük rəhbərimizi övliyalarınla məhşur et! Ey Rəbbim! Bu böyük hərəkəti nəticəyə yetirməyi bacaran əziz şəhidlərimizi Peyğəmbər və İslamın ilk dövrlərinin şəhidləri ilə məhşur et! Ey Rəbbim! Öz vəlinin, höccətinin, əsrin imamının (ruhumuz ona fəda olsun) qəlbini bizdən razı et. Onun dua və şəfaətini halımıza şamil et. Xalqımızı daim başıuca, izzətli və xoşbəxt et!

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!

______________________

(1) Bu görüşün əvvəlində çıxış edən İmam Rza (ə) ziyarət kompleksinin rəhbəri Höccətül-İslam vəl-müslimin Əhməd Mərvi bir sıra məsələlərə toxundu.
(2) Zadul-məad, səh.328
(3) Görüş iştirakçılarının şüarı
(4) Xubriqan məclisinin üzvləri ilə görüşdə verilən bəyanat (04.12.1401)
(5) “Qədir Su Təchizatı Sistemi” layihəsinin 11.06.1401-ci il tarixində açılışı oldu. Bu, Xuzistanın 26 şəhəri, mərkəzi, cənubu və qərbində 1607 kəndi davamlı olaraq təmizlənmiş içməli su ilə təmin edən ən böyük su təchizatı layihəsidir. 
(6) Müqəddəs Məşhəd şəhərində İmam Rzanın (ə) pak hərəminin ətraf ərazilərində yaşayan əhalisi və ziyarətçiləri ilə görüşdə verilən bəyanat (01.01.1393)
(7) Sahibkarlar, istehsalçı və elm təməlli şirkət təmsilçilərinin bir qrupu ilə görüş (10.11.1401)
(8) Yeni ilin təhvil olması münasibətilə verilmiş bəyanat (01.01.1402)
(9) Müqəddəs Məşhəd şəhərində İmam Rzanın (ə) pak hərəminin ətraf ərazilərində yaşayan əhalisi və ziyarətçiləri ilə görüşdə verilən bəyanat (01.01.1395)
(10) Qanunverici sistemin ümumi siyasətlərinin üç qüvvəyə elan edilməsi (06.07.1398)
(11) “Nas” surəsi, 4-6-cı ayələr: “Gizli iş görən vəsvəsəçinin şərindən ki, insanların qəlbinə vəsvəsə salır, (həmin vəsvəsəçi) istər cinlərdən olsun, istər sə də insanlardan!”
(12) “Hud” surəsi, 112-ci ayənin bir hissəsi: “Sən də, səninlə birlikdə Allaha doğru gələnlər də Sənə əmr edildiyi kimi, qətiyyətli olun”.
(13) “Ali-İmran” surəsi, 139-cu ayə