Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1)
والحمدلله ربّ العالمین و الصّلاة و السّلام علیٰ سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین
Hörmətli görüş iştirakçıları və əziz qonaqların hər birinə “xoş gəlmisiniz!” deyirəm. Bu, həqiqətən və insafən, xüsusi bir özəlliyi olan üstün bir toplantıdır. İnsan müsəlmanların bəlli bir hissəsinin beynəlxalq harmoniyası və həmrəyliyinin bir təzahürünü bu cəmiyyətdə görə bilər.
Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyəti mühüm və əzəmətli bi mərkəzdir. Bu mərkəz Əhli-beytlə (ə) bağlıdır. Əhli-beyt (ə) İslam dünyasında misilsiz bir əzəmət və sevgiyə malikdir. Yəni İslam dünyasında elə bir adam tapmaq olmaz ki, Peyğəmbərin Əhli-beyti (ə) kimi hər kəs tərəfindən ortaq şəkildə sevilə bilsin. Bu mənəvi sevgi və əzəmət Əhli-beytin (ə) adına təşkil etdiyiniz bu assambleyaya təbii şəkildə ötürülür. Məhz elə buradan da əhəmiyyət və əzəmət tapır. Bu əzəmətdən istifadə etmək lazımdır. Adlar və ünvanlar vasitədir, səbəbdir. Nəticə əldə etmək lazımdır. Nəticə nədir? Nəticə budur ki, sözügedən mərkəz bütün müsəlmanlar tərəfindən diqqət və ilham mənbəyi olsun. Siz Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyəti adlanan bu mühüm mərkəzi İslam dünyası, bütün İslam coğrafiyasının müştaq insanlarının qəlbi, canı və ruhu üçün ilhamverici mərkəzə çevirməyi bacarmalısınız.
Bu istiqamətdə bir neçə nüansı qeyd etmək istəyirəm. Birinci nüans budur ki, bu cəmiyyətin üzvləri çiyinlərinə ağır bir yük götürüblər. İmamların (ə) məşhur کونوا لَنا زَینا (2) cümləsi hamımıza ünvanlanmışdır. Hamımız diqqətli olmalıyıq. Bu cümlə sizdən daha çox diqqətli olmağı tələb edir. Sizin işiniz کونوا لَنا زَینا cümləsinin bu cəmiyyət, bura toplaşan insanlar və cəmiyyətin üzvlərinə aid olan məzmunun daha çox diqqət mərkəzində saxlamağınızı tələb edir. Qeyd olunan məqsədin gerçəkləşməsini istəyiriksə, bu cəmiyyəti Əhli-beyt (ə) maarifini yaymaq üçün bir bazaya çevirməliyik. Əhli-beyt (ə) maarifi (bu, çox mühüm bir məsələdir) həyatın bir hissəsinə məxsus deyil. Əhli-beytin (ə) kəlamlarına müraciət edən hər kəs Əhli-beyt (ə) maarifinin ümumi məsələlər, ilahi maarif, tövhid, irfan, mənəviyyat, əxlaq, şəxsi və fərdi, ailə və ictimai vəzifələrdən tutmuş ölkə idarəçiliyi və mədəniyyələşməyə qədər olan bütün məsələləri əhatə edən böyük bir kompleks olduğunu təsdiq edər. Yəni Əhli-beyt (ə) maarifinin məcmusu bütün bunların hamısını əhatə edir.
Bu gün İslam cəmiyyətlərinin bütün bunlara ehtiyacı var. Siz İslam ölkələrinin hər birinə nəzər salsanız, görərsiniz ki, onların həm fərdi və kiçik cəmiyyətlər, həm də mədəni və siyasi müstəvidə bu maarifi bilməyə, epistemoloji və əməli məsələlərə ehtiyacları var. Bu gün İslam dünyasının bu maarifə ehtiyacı var. Bu, bir boşluqdur. Siz İslam dünyası səviyyəsində dəqiq və düzgün proqram tərtib etməklə, ciddi fəaliyyət göstərməklə, habelə rasional metodlarla (bu gün effektiv vasitələr də çoxdur) Əhli-beyt (ə) maarifini müxtəlif cəmiyyətlərə, intellektuallara və ayrı-ayrı insanlara çatdıra bilərsiniz. Qeyd etdiklərim bu cəmiyyətin üzərinə düşdüyünü hesab etdiyim ağır bir vəzifədir.
Növbəti məsələ budur ki, imperializmə qarşı mübarizənin ən mühüm hissəsininin Əhli-beyt (ə) ardıcılları tərəfindən həyata keçirilməsi onlar üçün fərxrdir. Çox şüarlar verilir, amma yer üzündə əməli şəkildə hansı işlərin reallaşdığı aşkar və bəllidir. Bu, İslam Respublikasının bayrağıdır. Şiə üçün imperializm qarşısında dayanıb sinəsini sipər etmək, ölkələrin, dövlətlərin və xalqların həyatlarının bütün yönlərinə zalımcasına müdaxilə edən yeddi başlı əjdəhanı durdurmaq fəxrdir. Bu gün onlar özləri etiraf edirlər ki, istədiklərinin çoxunun qarşısı İslam Respublikası tərəfindən alınaraq darmadağın edilib. Bu, İslam Respublikasının fəxrlərindən biri və şiənin fəxridir. Bu, hidayət öndərləri (ə) və Peyğəmbər Əhli-beytinin (ə) kəlamlarından alınan ilhamın nəticəsidir. Bizi Quran haqqında düşünməyə və Qurandan ilham almağa stimullaşdıran onlar olmuşlar. Quran maarifini bizə şərh edən onlar olmuşlar. Əmirül-möminindən (ə) tutmuş Həsən Əsgəriyə (ə) qədər öz əməli davranışları ilə necə əməl etməli olduğumuzu onlar bizə başa salıblar.
İslam Respublikasının bu bayrağı ədalət və mənəviyyat bayrağıdır. Yəni burada anlaşılmayan heç nə yoxdur. İslam Respublikasının bayrağı peyğəmbərlər və imamların qaldırdıqları bayraqdır. Siz ayrı-ayrı ziyarətlərdə - istər İmam Hüseyn (ə) olsun, istərsə də İmam Rzanın (ə) ziyarətində olarkən bu böyük şəxsiyyətlərin peyğəmbərlərin varisləri olduğunu deyirsiniz:
اَلسَّلامُ عَلَیکَ یا وارِثَ اِبراهیمَ خَلیلِ اللَّهِ اَلسَّلامُ عَلَیکَ یا وارِثَ موسیٰ کَلیمِ اللَّه (3)
Bu, elə həmin bayraqdır – peyğəmbərlərin bayrağı. Adıçəkilən bayrağın üzrəində iki söz yazılıb: ədalət və mənəviyyat.
Baxın, siz ədalət və mənəviyyat bayrağını qaldırdıqda, təbiidir ki, fəaliyyətləri zorakılığa, düşüncələri maddiyata əsaslanan (ədalət və mənəviyyatın tam əks tərəfi) dünya əks reaksiya verəcəkdir. Bəziləri bizə deyirlər ki, siz filan söz, filan hərəkət və filan qərarla düşmən yaratdınız. Xeyr, biz İslam Respublikasının bayrağını qaldırmaqla, ilahi hökmləri irəli sürməklə düşmən yaratdıq. Siz ədaləti öz devizinizə çevirdikdə imperializm və hegemoniyaya əsaslanan mədəniyyət və dünya mütləq sizə qarşı çıxacaqdır. Siz mənəviyyatı öz əməl devizinizə çevirdikdə hər şeyi maddiyata əsaslanan, bütün məna və məfhumları pulla bağlı olan maddi dünya sizə qarşı çıxacaqdır. Buna görə də imperializm və hegemoniyanın İslam Respublikası ilə mübarizəsi və düşmənçiliyi təbii və qaçılmaz bir məsələdir. Bu gün imperialist dünyanın başında ABŞ dayanır. Başqa bir şey yoxdur. Bu sözlərlə hər kəsin ABŞ qarşısındakı vəzifəsi bəlli olur. Bu gün fəal düşmən və düşmən cəbhəsinin başında ABŞ dayanır. Bu da bir nüansdır.
İkinci nüansdan sonra mükəmməl bir məsələni qeyd edirəm. O da budur ki, İmam Rahil (r.ə) hər kəsə İslam cəmiyyətləri arasında mövcud olan ayırıcı xətlərin bir kənara qoyulmasını, yalnız bir ayırıcı xəttin olduğunu, həmin xəttin isə iman və İslamla küfr və imperializm arasındakı ayırıcı xətdən ibarət olduğunu öyrətdi. İmamın bizə tanıtdırdığı və bir kənara qoymalı olduğumuzu öyrətdiyi xətlər firqələrarası, etnik, milli, irqi ayrıseçkilik, partiya və s. kimi bölücü xətlərdir. O bildirdi ki, bu xətləri kənara qoymalısınız. Bir ayrıcı xətt var, o da İslamın həqiqəti, İslam dövləti və İslamın - başında ABŞ-ın dayandığı imperializm sisteminə qarşı siyasi təcəssümündən ibarətdir.
Bu ayırıcı xətt daim göz önündə saxlanmalıdır. İmam onu İslam İnqilabının yox, hərəkatın ilk günündən, yəni hərəkata başladığı vaxtdan, İslam İnqilabının qələbəsindən on beş il əvvəl şüar etdi. Bu davranış Quran ayələrindən qaynaqlanır və: قَد کانَت لَکُم اُسوَةٌ حَسَنَةٌ فی اِبراهیمَ وَ الُّذینَ مَعَهُ اِذ قالوا لِقَومِهِم اِنّا بُرَآءُ مِنکُم وَ مِمّا تَعبُدونَ مِن دونِ اللَّهِ کَفَرنا بِکُم وَ بَدا بَینَنا وَ بَینَکُمُ العَداوَةُ وَ البَغضاءُ اَبَدًا حَتّیٰ تُؤمِنوا بِاللَّهِ وَحدَه (4) ayəsinə əsaslanır.
Bu ayə bizim inancımıza müxalif olan hər kəsə düşmən münasibəti bəsləyib kin güddüyümüzü demir. “Mümtəhinə” surəsindəki başqa bir ayədə belə deyilir: لا یَنهاکُمُ اللَّهُ عَنِ الَّذینَ لَم یُقاتِلوکُم فِی الدّینِ وَ لَم یُخرِجوکُم مِن دِیارِکُم اَن تَبَرّوهُم (5). Ayələrin birində isə belə deyilir: اِنَّما یَنهاکُمُ اللَّهُ عَنِ الَّذینَ قاتَلوکُم فِی الدّینِ وَ اَخرَجوکُم مِن دِیـارِکُم... يَتَوَلَّهُمْ (6). Deməli, İmamın tövsiyəsi və fəaliyyətinin istinadı Quran ayələri və mətnidir. Bunda heç bir tərəddüd yoxdur. Bir qalın ayırıcı xətt var. O da İslam dünyası ilə küfür və imperializm dünyası arasındakı xətdir. Digər ayırıcı xətlərin rəngi solmalı və diqqətə alınmamalıdır. Sünni, şiə, filan ölkə, ərəb, əcəm, dərinin rəngi, filancür irq və sair diqqətə alınmamalıdır.
Buna görə də siz şahidi olduğunuz kimi, İnqilabın qələbəsinin ilk günündən Fələstin məsələsi ölkəmizdə qabardıldı. Mən müqayisə etmək istəmirəm. Lakin gördüm ki, İslam dünyasında İslam adı ilə hərəkət edib qiyam qaldıran adamlar sionistlərlə mübarizə aparmamaqla yanaşı, üstəlik, dost olduqlarını da elan etdilər. Dərhal da ziyanını gördülər. Bu səhvi İslam Respublikası etmədi. Böyük İmam bu səhvə yol vermədi. İslam İnqilabının ilk günlərindən sionist rejiminin adsız və əlamətsiz səfirliyinin yerləşdiyi mərkəzi bunlardan alıb fələstinlilərə verdi. İmam bütün varlığı ilə Fələstin məsələsinin üzərində dayandı. İmam üçün Livandakı mübariz və mücahid şiə Hizbullahı ilə mücahid və mübariz olan hər hansı fələstinli qrup arasında heç bir fərq yox idi. Yəni hər ikisinə Allah yolunda və İslam üçün mübarizə aparan qrup gözündə baxırdı. İslam Respublikasına, əməlimizə, davranışımıza və mövqelərimizə yaxın olan hər kəs bizə yaxındır. Bu, çox mühümdür. Bu, bütün İslam dünyasında İran xalqı ilə digər müsəlman xalqlar arasında misilsiz bir birlik və həmrəylik yaranmasına səbəb olmuşdur. Bu, günümüzün reallığıdır. Hal-hazırda İslam dünyasının şərqi və qərbinin, Asiyanın ucqarından Afrikanın içərilərinə qədər uzanan ərazilərin əhalisinin İran xalqına xoş münasibəti vardır. Hökumətlərlə işimiz yoxdur. Hökumətlərin vəziyyətləri fərqlidir. Xalqlar ayrıdır. Bu ona görə belədir ki, ayırıcı xətlər Böyük İmam tərəfindən qeyri-rəsmi şəkildə elan edilmişdir.
Bu gün də İslam Respublikası Böyük İmamın həmin siyasi həndəsəsinin təsir dairəsindədir. İmam bu siyasi həndəsəni İslam dövləti üçün müəyyən etmişdi. Bu gün də biz həmin siyasi həndəsəni izləyirik. İnşallah, gələcəkdə də bu yolda olacağıq. İmamın istinadı اَشِدّاءُ عَلَی الکُفّارِ رُحَماءُ بَینَهُم (7) ayəsi idi. Biz heç vaxt dövlətlərdən bizim dövlətimizin siyasi modeli və formasına tabe olmalarını istəməmişik. Xeyr, biz bunu heç vaxt heç bir dövlətə deməmiş və deməyəcəyik də. Biz İslam prinsiplərinə əməl edilməsini istəyirik. “Fəth” surəsinin qeyd etdiyimiz اَشِدّاءُ عَلَی الکُفّارِ رُحَماءُ بَینَهُم ayəsi bu qəbildəndir. Bunlar İslami prinsiplərdir. Bu vaxta qədər təfriqələr qarşısında dayandığımız kimi, İnşallah, gələcəkdə də dayanacağıq.
Toxunmaq istədiyim başqa bir məsələ də var. Belə ki, biz böyük İslam dünyası ilə imperialist və müstəmləkəçi dünya arasındakı bu ayırıcı xətti qalınlaşdırdıqda (bu barədə daha sonra qısa məlumat verəcəyəm) mütləq əks reaksiya olur. Onlar üçün də çox ağırdır. İmperialist dünyası güc dili ilə danışmağa, kiminsə onların zorbalığına qətiyyətli cavab verməməsinə adət ediblər. Bəlkə də bir əsrdən çoxdur ki, güc dili ilə danışmağa, zorakılıq və xalqlara təcavüz etməyə adət etmiş bu cəbhə dünyanın ən həssas nöqtəsi və mühüm coğrafiyasında yaşayan bir xalqın sinəsini sipər edib öz davranışı və danışığı ilə müsəlmanları imperializmin qarşısında müqavimət göstərməyə stimullaşdırdığını görmək, təbii ki, qəbuledilməzdir. Buna görə düşmənçilik edirlər. Onlar üçün ağırdır. Ayır-ayrı ölkələrdə ABŞ-ın xəyanətkar planlarının İslam Respublikası tərəfindən puça çıxarılması bunları qəzəbləndirir. Bunun bir nümunəsi İŞİD-dir. İŞİD ABŞ-ın öz əli ilə düzəltdiyidir. Özləri bunu etiraf etdilər. İslam Respublikasının meydana daxil olub bütün varlığı ilə bu planın qarşısında dayanması bunlar üçün dözülməzdir. Buna görə də əks reaksiya verməyə başlayırlar. Bütün İranofobiya və şiəfobiya təbliğatları bundan qaynaqlanır. İranın bu və ya digər ölkəyə müdaxilə etməkdə ittiham edilməsinin səbəbi ABŞ-ın planlarının boşa çıxmasının qəzəbidir. Buna görə də bacardıqları qədər müxtəlif təbliğat vasitələri ilə həm İranofobiya, həm də şiəfobiya istiqamətində ayrı-ayrı fəaliyyətlər göstərdiklərini görürsünüz. Sözlərindən biri də budur ki, nə üçün İran filan ölkəyə müdaxilə edir? Heç bir müdaxilə yoxdur.
Bizim siyasətimiz imperialist sistemin cinayətlərinə qarşı müqavimətdir. Bu, onları qəzəbləndirir. Buna görə də İslam Respublikasını ittiham edirlər. Heç kəs ABŞ-ın bu imperialist siyasətinin yanında yer almasın. Onlar nə iş görürlərsə, məncə, (mənim təhlilimə görə) acizlikdəndir. Törətdikləri terror hadisələrinin və apardıqları əcaib-qəraib təbliğatların səbəbi acizlikdir. Çünki əllərindən bir iş gəlmir. İşin əsli İslam Respublikasının inkişafı və İslam dövlətinin şüarlarının açıq-aşkar müvəffəqiyyətləridir. İşin əsli budur, bu olmuş, sona qədər də belə olacaq. Onlar addım-adım geri çəkilməlidirlər. Bu, işin əslidir. Belə də olacaq. Onlar buna qarşı bir iş görməlidirlər. Buna görə də terrora, bu cür təbliğatlara əl atırlar. Hətta bir gün Səddam kimi adamları hücum etməyə həvəsləndirirlər. İnqilabın əvvəllərində belə idi. Alçaq adamları İslam dünyasının işıqlı simalarını söyməyə vadar edirlər.
Bizdən çox böyük diqqət təlb edən məsələlərdən biri budur ki, imperializm İmam Rahilin müəyyən etdiyi sərhədi tərs tərəfdən göstərməyə çalışır. Şiə və sünni, ərəb və əcəm, bəzən şiə ilə şiə və sünni ilə sünni arasında qarşıdurma yaratmaqla İslam dünyasının ayırıcı xətlərini qalınlaşdırmağa çalışır. Bunlar hal-hazırda ayır-ayrı ölkələrdə gözlərinizin önündə baş verməkdədir. Bir sünni cinahı ilə başqa bir sünni cinahının, bir şiə cinahının başqa bir şiə cinahı ilə müharibəsi – bunlar hamısı imperializmin, ABŞ-ın işləridir. Bunlar onların təhriki və planıdır. Təəssüflər olsun ki, bu var. Ehtiyatlı və diqqətli olmaq lazımdır. Bu, şeytanın istəkləridir. İmam buyurdu ki, Amerika böyük şeytandır (8). Quran belə buyurur: اِنَّما یُریدُ الشَّیطانُ اَن یُوقِعَ بَینَکُمُ العَداوَةَ وَ البَغضاءَ فِی الخَمرِ وَ المَیسِر(9). Şərab və qumar hər hansı xüsusiyyətə malik deyil. Aranıza ədavət və düşmənçilik salmaq istəyən şeytandır. Sadəcə, vasitələrindən biri şərab və qumardır. Əgər başqa vasitələrdən istifadə edib ədavət və düşmənçilik yaratmaq istəsə, təbii ki, yaradacaq. Bu, təbii haldır. Deməli: اِنَّما یُریدُ الشَّیطانُ اَن یُوقِعَ بَینَکُمُ العَداوَةَ وَ البَغضاءَ فِی الخَمرِ وَ المَیسِر. Harada ədavət və düşmənçilik görsəniz, orada şeytanın əlini görməlisiniz. Bəs buna necə əlac etmək olar? Bu, başqa bir mövzudur. Ayrı-ayı yerlərdə ayrı-ayrı formalarda əlac etmək olar. Düşünmək və həll yolunu tapmaq lazımdır. Düşmənin şeytana xas olan siyasətlərindən ehtiyatlı olmaqlıyıq.
Biz Əhli-beyt (ə) ardıcılları uzlaşma və uyğunlaşma bayraqdarı olmalıyıq. İlk gündən demişik ki, Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyətinin təşkili qeyri-şiəyə qarşı mübarizə və düşmənçilik mənasında deyil. Hər kəs bunu bilməlidir. Siz gördüyünüz kimi, İslam Respublikası ilk gündən şiə olmayan, ancaq yaxşı və doğru yolda irəliləyən insanların yanında yer almışdır. İslam dünyasında Qəzza əhalisinə və Fələstin xalqına iranlılar və İslam Respublikası qədər kim köməklik göstərmişdir? Onlarla ortaq məzhəb mənsubu olan ölkələr bu köməklərin heç 1/100-ni də etməyiblər. Hətta bəzən zərər və zərbə də vurublar.
Qeyd etmək istədiyim bir nüans da var. Mübarizə və müqavimətdən söz düşdükdə ortaya belə bir sual çıxır: “Bacararıqmı? Mübarizə aparmağa gücünüz çatarmı?” Şəxsən mənim cavabım budur ki, “əlbəttə, yüz faiz, bəli, bacararıq”. İslam dünyası imperializmi durdurmaq və imperializm dünyasını geri oturtamq üçün çox yaxşı potensiallara – həm yumşaq, həm də sərt proqram imkanlarına malikdir. Bizim yumşaq proqram imkanlarımız maarifimiz və etiqadlarımızdır. Bizim dünyaya olan baxışımız ümidvar baxışdır. Tarixin axarına və hərəkətinə olan baxışımız parlaq və ümidvar baxışdır.
Biz elə böyük bir qüdrətə arxalanırıq ki, o bizə güc və ümid bəxş edir. Biz Allaha təvəkkül edən insanlarıq. Bu cür təvəkkül və təvəssülləri olmayanlar məyus olacaq, ümidsizliyə qapılacaq, aciz qalacaq, yolun ortasında dayanacaqlar. Hay-küy qoparırlar, ancaq içləri boşdur. Bu gün qərb dünyası fikri və nəzəri cəhətdən dalana dirənib. Dünyanın çox məsələləri onlar üçün anlaşılmaz və başa düşülməzdir. Müasir dünyanın çox məsələləri bunların liberal-demokrat baxışları ilə düz gəlmir. Bizim üçün isə bu, belə deyil. Bizim üçün hər şey həll edilə biləndir. İnsanın rolu, insan iradəsinin rolu, Allaha təvəkkülün rolu, tarixin hərəkətinin rolu, Məhədəviyyət məsələsi, İslamın qəti gələcəyi bizim üçün aydın olan məsələlərdir. Onlar üçün isə yox. Onlarda bunlar yoxdur, onların əli boşdur. Bu, yumşaq proqramdır.
Sərt proqrama gəldikdə isə, onlar uzun illər İslam dünyasının mənbələrindən isitfadə etdilər. Müstəmləkə və müxtəlif məkrli planlarla özlərini gücləndirdilər. Amma inkişaf etmək üçün İslam dünyası böyük potensiala - geniş ərazilərə, insan həyatının asılı olduğu çox-çox qiymətli mənbələrə malikdir. Bu gün gördüyünüz kimi, dünyada neft və qazın nə qədər əhəmiyyət daşıdığını görürsünüz. Bunlar İslam dünyasına məxsusdur. İslam dünyası bunlardan yaxşı şəkildə istifadə edə bilər. Biz keçmişdə də bu imkanlara malik olmuşuq. Keçmiş və müasir müstəmləkə dövründə bu imkanlar mövcud olmuşdur. Sadəcə, çatışmayan şey qəti iradə və düşməni tanımamaq olmuşdur. Xalqlarımız müstəmləkə dövründə düşməni tanımırdı, düşmənlə mübarizə aparmaq üçün qəti iradələri yox idi. Onlara rəhbərlik edəcək böyük imamız kimi şəxsiyyətləri yox idi. Buna görə də bir iş görə bilmədilər. Bu gün, Allaha həmd olsun ki, bunlar hamısı var. Xalqlar lazımi iradə və əzmkarlığa malikdirlər. Bu gün xalqlar və onların ziyalıları hazırdırlar. Bəzi zəif cəhətlər var, onlar da az işləməkdən qaynaqlanır. Buna görə də Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyətinin üzərinə ağır vəzifələr düşdüyünü deyirəm. Bu istiqamətlərdə işlər görəcək cəmiyyətlərdən biri sizin cəmiyyətinizdir.
Təbii ki, digərləri, habelə İslam dövlətimizin üzərinə, şübhəsiz ki, hər kəsdən çox vəzifə düşür. Əgər haradasa bir nöqsan varsa, bizim az işləməyimizdən qaynaqlanır. Yoxsa ki, imkan və potensiallar çoxdur, İslam ölkələrinin elit insanları hazırdırlar. Həqiqətən, hazırdırlar. Sadə insanlar da eyni şəkildə hazırdırlar. İslam dünyasının aktuallığı İslam Respublikası sistemidir.
İslam Respublikası sistemi yer üzündə mövcud olan bir həqiqətdir. “Eliyərik” məzmunlu bir vəd deyil. Bu, yaradılmış bir sistemdir. Mən hesab edirəm ki, İslam dövlətinin meydana gəlməsindən daha mühüm olan şey İslam dövlətinin davamlılığıdır. İslam dövləti bütün bu düşmənçiliklərə, hücumlara, müxtəlif zərbələrə davam gətirdi, dözdü. Dözə, dayana, qala və güclənə bildi. Bu gün İslam Respublikası otuz il, qırx il bundan əvvəlki İslam Respublikası deyil. Bu, gün həmd olsun Allaha ki, yenicə əkilmiş fidan iri gövdəli bir ağaca çevrilmişdir. Bu bir nümunədir. Əlbəttə, biz İslam Respublikasının bir nümunə olduğunu deyərkən heç də bütün İslam ölkələrinin İslam Respublikası kimi eyni siyasi quruluşa malik olmalı olduğunu demək istəmirik. Siyasi quruluş əvəz edilə bilər. Biz də öz siyasi quruluşumuzu müəyyən məqamlarda dəyişmişik. Əvvəldən bu günə qədər dəyişikliklər olmuşdur. Ayrı-ayrı yerlərdə başqa siyasi quruluşlar ola bilər.
Ümdə məsələ əsas və prinsiplərdir. Böyük İmam öz çıxışlarında həmin əsas və prinsipləri qeyd etmişdir. Əsas məsələ اَشِدّاءُ عَلَی الکُفّارِ رُحَماءُ بَینَهُم (Kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər), وَ عَلَی اللَّهِ فَلیَتَوَکَّلِ المُؤمِنون (10) prinsipləridir. Əsas məsələ bunların diqqət mərkəzində olmasıdır.
Hər halda, gələcək, inşallah, parlaqdır. Biz İslam dünyasının gələcəyinin yaxşı olacağını bilirik. Şiə dünyası ümumilikdə böyük bir rol ifa edə bilər. Siz Beynəlxalq Şiə Təşkilatı kimi daha böyük rol ifa edə bilərsiniz. Allahdan sizə uğurlar diləyirəm. Hamınıza bir daha “Xoş gəlmisiniz!” deyir, təbrik edirər. İnşallah, hamınız müvəffəq olub bu işin öhdəsindən gələ biləsiniz. Bu səfər, sizin üçün, inşallah xoş keçsin.
Allahın rəhmət və bərəkəti üzərinizə olsun.
_____________________
1. Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyətinin yeddinci assambleyasının son günündə təşkil edilən bu görüşün əvvəlində Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyətinin baş katibi Höccətül-İslam vəl-müslimin Rza Ramazani assambleya ilə bağlı məlumat verdi.
2. Səduq, Əmali, səh. 400 (Bizə zinət olun).
3. Kamilüzziyarat, səh.206
4. Mumtəhinə surəsi, 4-cü ayənin bir hissəsi: “İbrahim və onunla birlikdə olanların həyatında sizin üçün gözəl bir örnək vardır. Onlar öz qövmlərinə dedilər: “Biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizdən imtina edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!””
5. Mumtəhinə surəsi, 8-ci ayənin bir hissəsi: “Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətlə davranmanızı sizə qadağan etmir”.
6. Mumtəhinə surəsi, 9-cu ayənin bir hissəsi: “Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi evlərinizdən qovub çıxardan və çıxarılmanıza kömək edən kim¬¬sələrlə dostluq etmənizi qadağan edir”.
7. Fəth surəsi, 29-cu ayənin bir hissəsi: “Kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər”.
8. İmamın səhifəsi, c.16, səh.154, İslam Respublikasının yaranmasının ildönümündə İran xalqına etdiyi müraciətdən 12.01.1361. “...Onlar super güclərin, xüsusilə böyük şeytanın – Amerikanın dəstəyindən yararlanmış və yararlanmaqdadırlar...”
9. Maidə surəsi, 91-ci ayənin bir hissəsi: “Şübhəsiz ki, Şeytan içki və qumar vasitəsilə aranıza ədavət və kin salmaq istər”.
10. Ali-İmran surəsi, 122-ci ayənin bir hissəsi: “Möminlər yalnız Allaha təvəkkül etməlidirlər!”.