Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
والحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین
Allah-taalaya acizanə dua edirəm ki, bu başlanğıcı xalqımız və ölkəmiz üçün mübarək etsin. Özü də bu günlər Əhli-beytə (ə) aid olan günlərdir. Bir neçə gün əvvəl Qədir bayramı idi, sabah isə Mübahilə günüdür, vilayət ayəsinin nazil olduğu gündür:
اِنَّما وَلِیُّکُمُ اللهُ وَرَسولُه
“Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir”. (“Maidə” surəsi, 55-ci ayədən)
“Təthir” ayəsinin nazil olduğu gündür. Bu günlər imamlarımıza (ə) aid günlərdir. İnşallah, bu təsadüfün, onların dualarının, şəfaətinin bərəkəti sayəsində, bu gün İran xalqı üçün bərəkətli olar.
Əvvəla, Allaha şükürlər etməliyik ki, İran xalqına dinə əsaslanan demokratiyanın göstəricisi olan və dolğun məna kəsb edən seçkilərdə bir daha uğurla iştirak etməyi nəsib etdi, bu gücü xalqımıza bəxş etdi. Və xalqa təşəkkür etməliyik. 12-ci hökumətə – 12-ci hökumətin möhtərəm başçısına və həmkarlarına – yorulmayasınız deyirik, cənab Rəisiyə, onun başçılıq etdiyi hökumətə və həmkarlarına Allahın köməyini və xüsusi lütfünü diləyirik.
Konstitusiyaya söykənən və ölkədə İmam Xomeyni tərəfindən əsası qoyulmuş bu inauqurasiya mərasimi son bir neçə onillikdə dəfələrlə təkrarlanıb. Bu mərasim ölkədə olduqca böyük əhəmiyyət kəsb edən icraedici hakimiyyətin məsuliyyətinin, əslində, ölkənin idarəçiliyinin bir hökumətdən digərinə məntiqli, rahat və layiqli bir şəkidə ötürülməsini özündə əks etdirir. Bu çox önəmli bir məsələdir. Adətən əksər ölkələrdə hakimiyyətin ötürülməsi keşməkeşlər və sairlə müşayiət olunur. Ölkəmizdə isə, əlhəmdulillah, müxtəlif dövrlərdə bu proses asayiş və təhlükəsizlik şəraitində baş tutub. Allahın lütfü sayəsində, bu dəfə də hökumət dəyişikliyi həm ölkədə xalqın və rəsmilərin ümumilikdə rasional, təmkinli və adekvat davrandığını, həm də ölkədə mövcud olan siyasi plüralizmi nümayiş etdirir (ard-arda iş başına gəlib hakimiyyəti bir-birinə ötürən hökumətlər müxtəlif siyasi təmayüllü olduğuna görə bu proses ölkədəki siyasi plüralizmin göstəricisidir) bu siyasi plüralizm isə, təbii ki, seçkilərin azad və şəffaf şəraitdə baş tutmasına sübutdur. Bunlar çox önəmli məsələlərdir. Bu proseslərdən belə bir məna çıxarmaq lazımdır. Əlhəmdulillah, seçkilər tam sağlam və təhlükəsiz şəraitdə baş tutdu. Mən həm müxtəlif sferalarda seçkinin təşkilinə cavabdeh olan insanlara, həm seçkinin təhlükəsizliyini təmin edənlərə – bu çox mühüm bir məsələ idi – həm də özəlliklə seçkidə iştirakına görə camaatımıza təşəkkürümü bildirirəm. Hələ bir müddət bundan əvvəl ölkəmizə və İslam Respublikasına düşmən olanların siyasi mərkəzlərində seçkinin baykot edilməsi kimi məkrli bir plan hazırlanmışdı. Ölkə daxilində də bəziləri bilməməzlikdən, bəziləri isə qərəzli surətdə bu siyasəti aparırdılar. Xalq isə qətiyyətli cavab verərək seçkiyə qatıldı. Xalqın iştirakı çox yaxşı idi; mövcud vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, xalqımız seçkidə çox yüksək səviyyədə iştirak etdi, bu seçkilər xalqımızın siyasi meydanda varlığını nümayiş etdirdi. Allaha şükür edir, xalqımıza da minnətdarlığımı bildirirəm.
Digər bir məqam budur ki, hakimiyyətin bu şəkildə ötürülməsi ümid yaradır. Çünki meydana yeni təşəbbüslər, yeni iradələr, yeni simalar daxil olur. Bu, xalqa xidmət etmək niyyəti olan hər kəsdə ümid yaradır. Xüsusilə də gəncləri ümidləndirir. Bu çox önəmli və dəyərli bir şeydir. Müxtəlif məsələlərdə söz və fikir sahibi olan insanlar üçün dönüb keçmişə baxmaq, keçmişdə yol verilmiş səhvləri aşkarlamaq, düzəltmək, onlar barədə xəbərdarlıq etmək imkanı yaradır.
Sevindirici haldır ki, möhtərəm ölkə başçısı cənab Rəisinin seçkiqabağı platformasında və sairdə başlıca inqilabi dəyərlər dəfələrlə vurğulandı, o, ədalət, korrupsiyaya qarşı mübarizə və digər bu kimi məsələləri önə çəkdi. Bu tamamilə doğru bir kursdur. Mən təkidlə tövsiyə edirəm ki, bu kursu davam etdirsin. Az öncə də çıxışında həmin dəyərləri vurğuladı. Məhz İslam İnqilabının başlıca dəyərlərindən möhkəm yapışmaqla ölkənin, xalqın təməl haqlarını təmin etmək, ölkəni layiqli mövqeyinə çatdırmaq mümkündür. O dəyərlər heç kimə məlum olmayan, xəyali şeylər deyil. İmam Xomeyninin çıxışlarına nəzər salsanız, onların tam aydın şəkildə açıqlandığını görə bilərsiniz. Həmin dəyərləri meyar kimi götürüb işləmək lazımdır. Bu hədəfləri izləməyin özü xalqın əzmlə meydana girib proseslərdə fəal iştirak etməsinə səbəb olacaq.
Əsas məsələ, açar məqam da elə buradadır: xalqın iştirakı bütün məsələlərdə problemləri həll edə bilər. Xalqın iştirakını təmin edən, xalqı ictimai-siyasi meydanlarda – ölkənin ehtiyac duyduğu müxətlif meydanlarda – olmağa təşviq edən istənilən amil dəyərlidir. Xalqın iştirakını başqa heç nə ilə əvəz etmək mümkün deyil. İnqilabın əsas hünəri də elə bunda idi. İnqilabın başlıca olaraq hünəri bunda idi ki, passiv, istehlak edilən, kollektiv milli baxışdan məhrum olan bir kütləni stimul dolu, əzmkar, proseslərlə yaxından maraqlanan, öz hədəf və idealları olan bir məcmuya çevirdi. İnqilabın həyata keçirdiyi böyük iş bu idi.
İnqilabdan əvvəl biz sadəcə yaşayırdıq, nəfəs alıb-verirdik. Həqiqətən, belə idi. Xalq bir-birindən qopmuş, hər kəsin yalnz özü haqda düşündüyü bir kütlə idi. Ölkədə ümummilli əhəmiyyətli heç bir məsələ qarşıya qoyulmurdu. Kənar-bucaqda kimlərsə hansısa mövzulara toxunsalar belə, fikirləri ümumilikdə xalqın diqqət və marağını cəlb etmirdi. Dahi İmam Xomeyni pərən-pərən düşmüş o kütləni özünün o ilahi-mənəvi hərəkatı ilə vahid bir məcmuya, sözün həqiqi mənasında sıx birləşmiş bir topluma çevirərək meydanlara çəkib gətirməyi və o əzəmətli tarixi işi həyata keçirməyi – istibdadçı monarxiya sistemini kökündən qoparıb atmağı bacardı. Xalqı bir yumruqda birləşmiş, stimullu, yüksək əhval-ruhiyyəli bir topluma çevirib meydanlara çəkib gətirməyi bacaran, bu işə yardımçı olan istənilən amil dəyərli və önəmlidir. Fikrimcə, inqilabi dəyərlər əsasında işləməkdə də bu xüsusiyyət var.
Möhtərəm prezidentə digər bir tövsiyəm də var: onun şüarlarında xalqa yaxınlıq, xalqın fikrini eşitmək, xalq arasında olmaq kimi mövzular vurğulanırdı. Bundan əl çəkməsinlər, bu çox əhəmiyyətli bir məsələdir. Əsas sloqanlarında da qeyd etdikləri kimi, “xalqa yaxın dövlət” prinsipini reallaşdırsınlar, sözün əsl mənasında xalqla, xalqın yanında, xalqın arasında olsunlar. Xalq deyərkən mən hansısa qrupa, yaxud təbəqəyə üstünlük tanımadan bütün xalqı nəzərdə tuturam. Əlbəttə, xalqın arasında olmaqla (cənab Rəisi indiyə qədər elə xalqın arasında olan biri olub) rəsmilər elitaya diqqəti azaltmamalıdırlar. Elm və mədəniyyət xadimləri ilə mütəmadi ünsiyyətdə olmaq, fikir mübadiləsi etmək, onların ideyalarından faydalanmaq olduqca lazımlı və faydalıdır.
Dövlət konsensusun – ümumi həmrəyliyin təcəssümü olmalıdır. Camaat arasında mövcud olan bəzi qondarma fikir ayrılıqlarını ümumilikdə xalqa qarşı xoş münasibət və həmrəylik yanaşması əsasında zəiflətmək lazımdır. Ola bilsin, o fikir ayrılıqları bütövlüklə aradan qalxmaya, lakin onların toplumun davranışlarına təsirinin qarşısını almaq lazımdır.
Xalqla səmimi olmaq, camaata sözün düzünü demək də xalqa yaxın olmağa kömək edən məsələlərdən biridir; siyasi pafos və sairdən uzaq olub camaata həqiqətləri demək. Xalqla səmimi olub problemləri, onların həlli yollarını insanlara açıqlamaq, xalqın özündən hansı gözləntilər olduğunu bildirmək, camaata lazımi yardım və dəstəyi təqdim etmək lazımdır. Camaatla danışmaq, səmimi söhbət etmək xalqa yaxın olan bir dövlətin mütləq şəkildə öhdəsinə götürməli olduğu önəmli işlərdən biridir.
Mənim digər bir tövsiyəm mövcud imkan və potensiala nəzər salmaqdır. Bu günlər, gördüyünüz kimi, bütün çıxışlarda, məqalələrdə, bəyanatlarda problemlərdən, nöqsan və çatışmazlıqlardan danışılır. Bəli, çatışmazlıqlar çoxdur, problemlər də çoxdur, amma imkan və potensialımız problemlərdən daha çoxdur. Ölkəmizin geniş potensialı var. Bizim fövqəladə imkanlarımız – su, neft və faydalı qazıntı ehtiyatlarımız, geniş daxili bazarımız, qonşularımız, gənclərimizin heyrətamiz istedad və bacarığı var. Bütün bunlar bizim potensialımızdır. Heç şübhəsiz, bu potensial problemlərə üstün gələ bilər, bir şərtlə ki, düzgün müəyyən olunsun, düzgün istifadə olunsun, ona diqqət yönəldilsin. Bunun üçün isə yorulmadan, gecə-gündüz çalışmaq lazımdır. Sözsüz ki, bu imkan və potensialdan istifadə hazırkı nöqsan və çatışmazlıqları aradan qaldıracaq.
Xalqa yaxın olmağın digər bir aspekti korrupsiyaya qarşı mübarizədir. Biz sözün əsl mənasında xalqın yanında olmaq istəyiriksə, korrupsiyaya və korrupsionerlərə qarşı amansızlıqla mübarizə aparmalıyıq. Cənab Rəisi tutduğu əvvəlki vəzifə postunda korrupsiyaya qarşı mübarizəyə start verdi, bu istiqamətdə müsbət addımlar da atıldı, lakin əsas buradır. Yəni korrupsiya üçün zəmin icraedici hakimiyyətdə yaranır. Korrupsiyaya qarşı mübarizəni məhz burada aparmaq lazımdır. O vergidən yayınmalar, əsassız monopoliyalar, valyuta manipulyasiyaları, qeyri-sağlam, mənfəətpərəst fəaliyyətlər, qaçaqmalçılıq və sair – bunlar ardıcıl tədbirlərlə sözün əsl mənasında mübarizə aparılmalı olan korrupsiya hallarıdır. Son illərin təcrübəsi göstərir ki, bəzən həvəslə, əzmlə hansısa işə başlayırıq, amma ikinci addımda əvvəlki əzm qalmır. Bunun heç bir faydası yoxdur. İnsan hansısa iş üçün göstərdiyi əzm və stimulu nəzərdə tutduğu son nəticəyə çatana qədər qoruyub saxlamalıdır. Korrupsiyaya qarşı da məhz bu şəkildə mübarizə aparmaq laz
ımdır.
Mənim tövsiyə etmək istədiyim digər bir mühüm məsələ isə bu gün ölkədə əsas əhəmiyyət kəsb edən iqtisadiyyatla bağlıdır. İqtisadiyyat sahəsində planlı surətdə irəliləmək lazımdır. Atdığınız hər bir addım öncədən işlənib hazırlanmış fəaliyyət proqramının bir hissəsi olmalıdır. Gündəlik xarakterli, öncədən nəzərdə tutulmamış işlər problemləri həll edə bilməz. Doğrudur, bəzən hökumətlər yaranan şəraitin tələbi ilə iqtisadi, yaxud qeyri-iqtisadi sferada qaçılmaz olaraq öncədən nəzərdə tutulmamış hansısa addımlar atmalı olurlar – o, ayrı məsələdir – lakin ümumilikdə hər bir iqtisadi fəaliyyət, hər bir iqtisadi tədbir öncədən tənzimlənmiş fəaliyyət planına söykənməli və əslində, həmin planın bir hissəsinin reallaşmasını təmin etməlidir. Əlbəttə ki, iqtisadi problemlərin həllini tapması üçün zaman tələb olunur. Bunu dəyərli xalqımız da bilir və bilməlidir ki, bu problemləri bir gecəyə, qısa müddət ərzində yoluna qoymaq mümkün deyil. Xeyr, bu, vaxt aparan bir işdir. Əzm göstərib bu vaxtı mümkün qədər qısaltmaq lazımdır. İnşallah, Allahın köməyi və istiqamətləndirməsi, Həzrət Mehdi Sahibəzzamanın (ə.f) müstəcab dualarının yardımı ilə bu işləri irəli aparmaq lazımdır.
Əlbəttə, xarici siyasət, mədəniyyət və digər məsələlərlə də bağlı fikrimdə tutduğum, qeyd etmək istədiyim bəzi məqamlar var, lakin daha bu məclisi uzatmasaq, yaxşı olar.
İnşallah, sağ qalsaq, gələcək görüşlərimizdə cənab prezidentlə o mövzuların hamısını müzakirə edərik.
Burada bir məsələni də tövsiyə etməyim yerinə düşər: inşallah, hökumət kabinetini mümkün qədər tez təşkil etmək lazımdır. Yəni ölkədə mövcud olan vəziyyəti nəzərə alsaq, bu işin gecikdirilməsi heç də məqsədəuyğun deyil. İnşallah, həm möhtərəm prezident nazirləri parlamentə təqdim etməyə tələssin, həm də parlament nümayəndələri nazirlərin təsdiqini, onlarla bağlı rəylərini açıq ifadə etməyi gecikdirməsinlər, bu işi tez bir zamanda görsünlər ki, hökumət kabineti mümkün qədər tez təşkil olunub işə başlasın.
Və son olaraq düşmənin təbliğat savaşı məsələsinə toxunmaq istəyirəm. Bu gün düşmənlərimiz bizim əleyhimizə təhlükəsizlik və iqtisadiyyat sferalarından daha çox, təbliğat sahəsində aktiv fəaliyyət göstərir, media təbliğatı vasitəsilə yumşaq müharibə aparırlar. İctimai fikri istədikləri kimi yönləndirə bilmək üçün bir sıra işlər görür, nəhəng məbləğdə pullar xərcləyirlər. Ölkələrdə – o cümlədən bu gün böyük dövlətlərin məkrli niyyətlərinin hədəfinə çevrilmiş bizim ölkəmizdə – ictimai fikri cürbəcür təbliğatlar, psixoloji savaş yolu ilə öz əllərində saxlaya bilmək üçün öz beyin mərkəzlərində çoxlu sayda düşünən beyinləri çalışdırırlar. Bir xalqın ictimai fikri yadellilərin ixtiyarındadırsa, təbii ki, o xalqın davranşları da həmin o yadellinin istədiyi kimi olacaq. Təbliğat işi çox önəmlidir, bizimsə bu sahədə zəifliyimiz var. Hələ ölkə mediasından düşmənin xeyrinə istifadə edən qafil adamlar bir kənara dursun – mövzumuz onlar deyil – bu sahədə niyyəti yaxşı olan insanların da fəaliyyəti zəifdir. Biz təbliğat işini, mediamızın fəaliyyətini daha məqsədyönlü və güclü bir şəkildə qurub düzgün təbliğat aparmalıyıq.
Ümidvaram, inşallah, Allah-taala möhtərəm rəsmilərimizi, hökumət nümayəndələrini, yeni seçilmiş ölkə başçısı cənab Rəisini və onun həmkarlarını xalqımızın və ölkəmizin mənafeyinə uyğun olan lazımi işləri həyata keçirməyə müvəffəq edəcək. İnşallah, Allahın köməyi və hidayəti ilə hamı – mütəxəssislərimiz, ziyalılarımız, ictimai çəkisi olan insanlarımız işlərin yüksək səviyyədə irəliləməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Həzrət Mehdi Sahibəzzamana (Ruhlarımız ona fəda olsun!) salam olsun! Bizim qarşımızda bu yolu açmış, bizi bu yolda irəliləməyə ürəkləndirmiş dahi liderimiz İmam Xomeyniyə və əziz şəhidlərimizə Allah rəhmət etsin.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_____________________
(1) Görüşün əvvəlində Höccətül-İslam Məhəmmədi Qolpayqani (Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin sədri) yeni seçilmiş ölkə başçısının öz səlahiyyətlərinin icrasına başlaması barədə fərmanı oxumuş, ardınca Höccətül-İslam Seyid İbrahim Rəisi (ölkə prezidenti) çıxış etmişdir.