Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین
Daha bir 14 xordad gəlib yetişdi və ölkəmizin ümumi atmosferi yenə də bütövlüklə o böyük şəxsiyyətin, o dahi insanın, o əvəzsiz rəhbərin, o mehriban qəlbin, o polad iradənin, o möhkəm və qırılmaz əzmin, o işıqlı və dərin imanın, o müdrik və uzaqgörən filosofun xatirəsinə qərq oldu. Bu gün və hələ uzaq gələcəkdə xalqımızın və ölkəmizin bu əziz xatirəni qoruyub saxlamağa ehtiyacı var.
İslam Respublikası mərhum İmam Xomeyninin (r.ə) ən mühüm təşəbbüsüdür
Bu gün dəyərli xalqımızla dahi İmam Xomeyninin ən mühüm təşəbbüsü haqda danışmaq istəyirəm. İmam bir sıra təşəbbüslər göstərib, amma onlardan biri ən önəmlisidir. Bu təşəbbüs İslam Respublikasıdır. İslam Respublikasının qurulması İmamın təşəbbüsü idi. Bu elə İslam Respublikası formatı ilə rəsmiləşdirilmiş dini demokratiya – İran xalqının düşüncə və iradəsindən, dahi İmam Xomeyninin rəhbərliyindən nəşət almış bir dövlət quruluşu idi.
İmamın qətiyyət və möhkəmliyi, İslam Respublikasının qələbələri dövlətimizin düşmənlərini ram etdi
Söhbətə bundan başlamaq istəyirəm ki, dünyadakı hökumətlər arasında (mən inqilabi hökumətləri, son 1-2 əsrdə təşkil olunmuş dövlətləri nəzərdə tuturam) elə bir hökumət yoxdur ki, onun dağılıb məhv olacağı barədə İslam Respublikası üçün olduğu qədər proqnozlar verilmiş olsun. İslam Respublikasının qurulduğu ilk gündən bu əzəmətli fenomeni həzm edə, varlığına dözə bilməyən bədxahlar, düşmənlər, – xaricdə, daxildə – bu dövlətin gah 2 ay, gah 6 ay, gah da 1 ildən artıq yaşaya bilməyəcəyini, məhv olub gedəcəyini deyirdilər. İmam Xomeyninin qətiyyəti, möhkəmliyi və ardınca İran xalqının 8 il davam etmiş müharibədə qazandığı böyük qələbələr və digər müxtəlif hadisələr bu hay-küyü yatırdı. Yəni bu söz-söhbət getdikcə azaldı və təqribən İmamın ömrünün sonlarına doğru qurtarıb getdi, daha olmadı. Lakin İmamın ölümündən sonra bədxahlar yenidən canlandı, ümidləndi, öz arzularını proqnozlar şəklində dilə gətirib yenə həmin sözləri danışmağa başladılar. Köhnəlib korşalmış, iddiası isə, əlbəttə ki, həddən artıq olan bir partiya (1) 1369-cu ildə bir bəyanat yayaraq bildirdi ki, İslam Respublikası uçurumun kənarındadır. Bəli, məhz bu ifadəni işlətmişdilər: “İslam Respublikası uçurumun kənarındadır”. Yəni bir balaca yerindən tərpənsə, yıxılıb məhv olacaq. Bu, 1369-cu ildə olan məsələdir.
Bir neçə ildən sonra da müəyyən bir qrup, bir dəstə adam – təəssüf ki, onlar rəsmi şəxslər idi, İslami Şura Məclisinin deputatları idilər (2) – bir məktub yazaraq elan etdi ki, İslam Respublikasının şansı çox azdır. Yəni İslam Respublikasının sayılan günləri qalıb, artıq yox olub aradan getməlidir. Belə bir qrup da var idi. Əlbəttə ki, onların da siyasi təmayülü təqribən o partiyanınkına oxşar və ya müəyyən qədər ona yaxın idi. Bunlardan əvvəl və sonra da həm ayrı-ayrı şəxslər, həm də bu və ya digər qruplar – istər ölkənin daxilində, istərsə də xaricdə, yadellilərin, İslam Respublikasının düşmənlərinin kölgəsi altında – bu cür sözlər danışır, radio və digər vasitələrlə bu fikirləri yayımlayaraq İslam Respublikasının dağılacağı ilə bir-birini müjdələyirdilər. Yəni öz arzularını xəbər və təhlil formasında dilə gətirib deməklə bir-birini muştuluqlayırdılar. Son olaraq da bu yaxınlarda “böyük amerikalılar” (!) bu mövzuda “son sözü” dedilər. Amerikanın yüksək ranqlı rəsmilərindən biri (3) qətiyyətlə elan etdi ki, İslam Respublikası 40-cı ildönümünü görə bilməyəcək. İslam Respublikası ilə bağlı irəli sürülən proqnozlar bunlar idi. Mən ikinci belə bir dövlət xatırlamıram ki, qurulduğu ilk gündən etibarən sonrakı bütün illərdə dağılacağı, məhv olub aradan gedəcəyi barədə bir bu qədər proqnoz verilmiş olsun.
Əlbəttə, belə proqnozları verənlər əksər inqilabları və o inqilablar nəticəsində qurulmuş hökumətləri nəzərə alaraq danışırdılar. Çünki siyasi inqilab və hərəkatların çoxu (istər Şərqdə və Cənub-Şərqi Asiyada, istər Qərbi Asiyada, istər Afrikada, istərsə də hətta Avropada baş vermiş inqilablar olsun; misal üçün, Böyük Fransa İnqilabı) yarandıqları gündən qısa müddət sonra yox olub gediblər. Hamısının başlanğıcı şövqləndirici, sonu acınacaqlı olub. Monarxiyaya qarşı çıxış etmiş Böyük Fransa İnqilabı yarandığı gündən təxminən 15 il sonra qatı bir istibdada – Napaleon Bonopartın hakimiyyətinə düçar oldu. Başqa yerlər, başqa inqilablar da eynilə. Dünyanın hər yerində bu tip hökumətlər olub.
Elə bizim öz İranımızda da olub. İranda o cür səs-küy, şövq, fətvalar və sairlə Məşrutə hərəkatı baş verdi, Məşrutə fərmanının imzalanmasından 15 il sonra Rzaxan kimi birisi, o əcaib diktatura hökuməti, Qacar diktaturasından da qat-qat betər olan o qatı istibdad hakimiyyətə gəldi. Sonralar milli hərəkatın baş qaldırdığı 29-30-cu illərdə də xalq küçələrə çıxıb İran neftini, necə deyərlər, milliləşdirdi; yəni ingilislərin əlindən aldı, amma 1-2 il sonra ingilis və amerikalıların qurması olan o çevriliş baş verdi və bu dəfə təzədən Məhəmmədrza uzun müddət davam edəcək çox təhlükəli, mürəkkəb və boğucu diktaturasına başladı. Yəni dünyada bax bu cür hadisələr baş verib. Mənfi proqnoz verib İslam Respublikasının məhvini gözləyənlər də məhz belə hadisələri nəzərə alaraq danışırdılar. Lakin şükürlər olsun ki, İslam İnqilabı və İmam Xomeyninin qurduğu dövlət nəinki dağılmadı və nəinki dayanıb durmadı, əksinə günbəgün daha da gücləndi. Təslim olmadı, geri çəkilmədi, öz suverenliyini günbəgün daha da aşkar surətdə ortaya qoydu, əngəllərə qalib gəlib böyük uğurlar qazandı. Bu inqilabın və bu dövlətin yolu üzərində bir-birinin ardınca çox sayda əngəllər yaratdılar. Növbənöv, cürbəcür əngəllər: siyasi, iqtisadi, təhlükəsizliklə bağlı və sair və ilaxır. Lakin o bütün bunlara qalib gələrək irəli getdi. Bu gün İslam Respublikası həm 40 il bundan öncə yenicə yola çıxdığı zaman olduğundan daha da inkişaf edərək çiçəklənib, həm də Allaha şükürlər olsun, hər cəhətdən daha irəlidədir.
İslam Respublikasının qalıcılığının sirri xalqla İslam dininin vəhdətindədir
Yaxşı, belə bir sual yarana bilər ki, bu qalıcılığın, bu inkişafın sirri nədədir? Nəyə görə əleyhinə bu qədər düşmənçilik olduğuna baxmayaraq, İslam İnqilabı digər inqilab və hökumətlərin taleyini yaşamayıb? Bunun səbəbi, sirri nədir? Mən deyərdim ki, bu dövlətin, onun qalıcılığının möhtəşəm və qürurverici sirri elə adındakı o 2 kəlmədədir: “İslam” və “respublika”; bu 2 sözün bir-biri ilə vəhdətindədir. Bu 2 sözdən təşkil olunmuş bir varlıq elə qalıcı da olmalıdır! “İslam” və “respublika”, xalq və İslam. “Respublika” xalqın hakimiyyəti deməkdir, “İslam” da o xalqın dini inancıdır; yəni dinə əsaslanan xalq hakimiyyəti.
İslam Respublikası nəzəriyyəsini yaratmaq və gerçəkləşdirmək İmam Xomeyninin (r) həyata keçirdiyi böyük bir işdir
Dahi liderimiz İmam Xomeyninin gördüyü işin böyüklüyü bunda idi ki, o bu fikri, bu nəzəriyyəni – İslam Respublikası nəzəriyyəsini – yaratdı, qlobal arenadakı müxtəlif siyasi nəzəriyyələrin arasına daxil etdi ( o dövrdə Şərqdə və Qərbdə siyasi düşüncə və proseslər meydanında cürbəcür siyasi nəzəriyyələr qarşı-qarşıya durmuşdu) daha sonra isə onu gerçəkləşdirdi, reallığa qovuşdurdu. Bu sadəcə bir nəzəriyyənin icadı deyildi, İmam onu gerçəkləşdirərək İslam Respublikasını yaratdı. İmamın gördüyü işin böyüklüyü bundadır.
İmamın İslam dinini dərindən bilməsi və xalqa olan böyük etimadı İslam Respublikası nəzəriyyəsinin yaradılması və gerçəkləşməsi üçün dayaq rolunu oynadı
İmam Xomeyni (Məkanı Cənnət olsun!) müxtəlif aspektlərdən, o cümlədən dini bilik və mərifət baxımından böyük bir insan idi. Bu nəzəriyyənin yaradılması və gerçəkləşməsinin dayağı bir yandan İmamın dərin dini bilikləri (o, İslam dinini yaxşı bilirdi, bilirdi ki, bu dinin əsas mesajı İslamın hakimiyyəti ilə bağlıdır), digər tərəfdən isə onun xalqa olan sonsuz etimadı oldu. Dahi İmam Xomeyni xalqa çox inanırdı; xalqın bacarığına, əzminə, sədaqətinə. Mənim onun bu heyrətamiz etimadı ilə bağlı xatirələrim var. 1341-ci ildə, inqilabi hərəkat yenicə başladığı dövrdə bir gün dərs zamanı İmam söhbəti cari siyasi məsələlərə yönəltdi, Qum düzünün adını çəkib dedi ki, əgər biz çağırsaq, camaat bu düzü doldurar! 1341-ci ildə xalqı belə bir hərəkata cəlb edib meydanlara gətirməyin mümkün olduğunu heç kim təsəvvürünə də gətirmirdi. Və bu nəzəriyyənin, yəni İslam Respublikası nəzəriyyəsinin hər 2 aspektini: həm respublika olmağını, həm də islami əsaslara söykənməyini İmam məhz İslam dini ilə bağlayırdı, İslam dinindən götürmüşdü. İslam dininin əsaslarını mükəmməl bilməyi, İslam dini ilə bağlı məsələləri dərindən və hərtərəfli dərk etməyi o böyük şəxsiyyətin zehnində bu nəzəriyyənin yaranmasına səbəb olmuşdu.
İslam Respublikası nəzəriyyəsinin əleyhdarları
Bu nəzəriyyənin əleyhdarları da var idi, bunu da qeyd etmək lazımdır. İslam Respublikasının hər iki aspektinin: həm hökumətin islami əsaslara söykənməsinin, islami bir dövlət olmasının, həm də xalqın iradəsini əks etdirməsinin, xalq hakimiyyəti olmasının ilk gündən qatı əleyhdarları ortaya çıxdı. Bu günə qədər də belə müxaliflər var və müəyyən fikirlər irəli sürürlər. Mən onlardan bəzilərini qeyd edəcəyəm.
1. İslam dininin hakimiyyətinə müxalif olan qruplar: sekulyarist qeyri-dindarlar, dindar sekulyaristlər.
İslami hökumətdə ölkənin dövlət quruluşu, ictimai həyat islami dəyərlər, dini hökm və qayda-qanunlar əsasında idarə olunmalıdır. Bu baxımdan İslam Respublikasının qatı əleyhdarları var idi. Əlbəttə ki, onlar eyni cür deyildilər: bir dəstəsi sekulyarist qeyri-dindarlar idi ki, onlar ümumiyyətlə dinin ictimai proseslərə müdaxilə etmək, ölkənin ictimai-siyasi idarəçiliyini öhdəsinə götürmək kimi bir hüquqa, belə bir statusa sahib olmadığına inanırdılar. Düşünürdülər ki, dinə inananlar varsa da, din yalnız namaz, oruc, şəxsi-mənəvi məsələlər üçündür. Yəni dinin hakimiyyətinə kökündən inanmırdılar. Onlardan bəziləri dini ümumiyyətlə cəmiyyət üçün tiryək hesab edərək zərərli bilir, dinin cəmiyyət üçün nəinki faydası olmadığını, üstəlik zərərli olduğunu düşünürdülər. İslam hökumətinin müxaliflərindən bir dəstəsi bunlar idi. Digər bir dəstəyə aid olanlar isə dinə inanır və dini müdafiə etmək nöqteyi-nəzərindən deyirdilər ki, din siyasətə qarışmamalı, siyasətə bulaşmamalı, kənarda oturub öz müqəddəsliyini qorumalı, çəkişmə, qarşıdurma və qızğın mübahisələr meydanı olan siyasət meydanına girməməlidir. Düzgün dəyərləndirmək lazım gəlsə, bunlar da dindar sekulyaristlərdir. Dindardırlar, amma əslində sekulyaristdirlər. Yəni dinin həyatın müxtəlif sferalarına müdaxilə etmək səlahiyyətində olduğuna qətiyyən inanmırlar. İslam hökumətinin əleyhdarlarından bir dəstəsi də bunlar idi.
2. Xalqın hakimiyyətinin əleyhinə olan dəstələr: sekulyarist liberallar, xalqa inanmayan dindarlar.
Xalqın hakimiyyətinə müxalif olanlar da 2 cəbhəyə bölünürdü: biri xalqın hakimiyyətinə inanan, lakin xalq hakimiyyətinin dinlə qətiyyən əlaqəsi olmadığına, cümhuriyyət və xalq hakimiyyəti arenasında ümumiyyətlə liberalların, xüsusi bilik və liderlik təcrübəsi olan elm adamlarının, özləri demişkən, texnokratların təmsil olunmalı olduğuna inanan sekulyarist liberallar idi. Onlar dinə əsaslanan xalq hakimiyyətini, İslam Respublikasını mənasız hesab edirdilər, yəni İslam Respublikasının cümhuriyyət aspektinə qarşı idilər. Digər bir qrupa aid olanlarsa yenə də dinə inanırdılar, lakin bu əqidədə idilər ki, dini hakimiyyətin xalqla heç bir əlaqəsi yoxdur, hakimiyyət məsələsində xalq heç bir rol oynamamalıdır, hökumət, hakimiyyət tamamilə dinin ixtiyarında olmalıdır. Bir dəstə də bunlar idi. Bu ikinci əqidənin ifrat formasını son vaxtlar İŞİD-in timsalında görmüşük. İŞİD-cilər öz aləmlərində dinin hakimiyyətinə inanırdılar, xalqı isə heç kəs hesab edirdilər.
İslam Respublikası nəzəriyyəsi birbaşa İslam dininin özünə əsaslanır
Allaha təvəkkül edib xalqa inanan, dərin dini biliklərinə istinad edən İmam Xomeyni mətin duraraq bu nəzəriyyəni inkişaf etdirdi və bu böyük innovasiyanı cəmiyyətdə reallaşdırdı. Qısaca olaraq hökmən bunu da qeyd etməliyəm ki, bu, emosional bir addım deyildi, dini elmlərdən çıxarış edilmişdi. Dinin hakimiyyətdə olması və xalqın da bu hakimiyyətdə iştirak etməsi, yəni dinə əsaslanan xalq hakimiyyəti ideyası elə İslam dininin özündən, mötəbər dini mənbələrdən əldə edilmişdi.
Dinin hakimiyyəti Quran və rəvayətlərə əsaslanır
Quran dinin hakimiyyətini açıq-aşkar surətdə bəyan edir. Bunu inkar edən şəxs, həqiqətən də, Quranı düzgün dərk etmir. Quran şərafətli “Nisa” surəsində elan edir ki:
مٰا اَرسَلنا مِن رَسولٍ اِلّا لِیُطاعَ بِاِذنِ الله
“Biz hər bir peyğəmbəri ancaq ona Allahın iznilə itaət olunsun deyə göndərdik”.(“Nisa” surəsi, 64-cü ayə)
Yaxşı, bəs peyğəmbərlərə nədə itaət olunmalıdır? Peyğəmbərlərə itaət mövzusuna nələr daxildir? Bu məsələni açıqlayan yüzlərlə Quran ayəsi var. Misal üçün, cihad ayələri, ədalətin bərqərar edilməsi, dini hədd və cəzalarla bağlı ayələr, müxtəlif sövdələşmə və sazişlərlə bağlı ayələr, beynəlxalq sazişlərlə bağlı ayələr –
وَ اِن نَکَثوا اَیمٰنَهُم
“Əgər əhd bağladıqdan sonra andlarını pozsalar...”(“Tövbə” surəsi, 12-ci ayədən)
– bütün bunlar elə hökumətdir. Bu ayələr onu göstərir ki, qeyd olunan mövzularda peyğəmbərə itaət etmək vacibdir. Ölkənin müdafiəsi, hədlərə riayət edilməsi, ictimai saziş və sövdələşmələr, digər ölkələrlə bağlanan müqavilələr, cəmiyyətdə ədalətin təmin olunması kimi məsələlərdə peyğəmbərə itaət edilməlidir. Bu elə hakimiyyət deməkdir. Hakimiyyət bu mövzulardan kənar bir şey deyil. Buradan məlum olur ki, Quranda İslam dininin hakimiyyəti kifayət qədər açıq şəkildə öz əksini tapmış və şərh edilmişdir.
Və əlbəttə, sünnədə, hədislərdə, Peyğəmbərdən və digər məsumlardan (ə) gələn rəvayətlərdə də ürəyiniz istədiyi qədər var. Yəsrib əhalisinin nümayəndələri Peyğəmbəri (s) Yəsribə (hansı ki sonradan Mədinətünnəbi adlandırıldı) dəvət etmək üçün Məkkəyə gəlib o həzrətlə söhbət etdikləri zaman Rəsuli-əkrəm özü də Mina hüdudları daxilindəki Əqəbə vadisində onlardan bu barədə əhd-peyman almışdı. Demişdi ki, mən gələcəyəm, amma məni müdafiə etməlisiniz, son nəfəsinizə qədər himayə etməlisiniz. Onlar da qəbul edib söz vermişdilər. Sonradan Peyğəmbər Mədinəyə daxil olanda da islami hökumət təşkil etdi, hakimiyyət yaratdı. Bu hakimiyyət onun peyğəmbərliyi ilə bağlı idi, yəni başqa bir məsələ deyildi. Peyğəmbər olduğuna görə, ona iman gətirdiklərinə görə hökumət təşkil etmişdi.
Peyğəmbərin vəfatından sonra da canişinliklə bağlı fikir ayrılıqları mövcud olduğuna baxmayaraq (bildiyiniz kimi, peyğəmbərin canişininin kim olacağı ilə bağlı fikir ayrılığı var idi) müsəlmanlardan, hətta həmin məsələdə fikir ayrılığında olanlardan bir nəfəri belə, təşkil olunacaq hökumətin dinə və Qurana əsaslanmalı olduğuna şəkk etmirdi. Odur ki dini hökumət, İslamın hakimiyyəti məsələsi açıq-aydın bir mövzudur və İslam dininə etiqadın vacib şərtlərindən biridir. Yəni İslam dininə etiqadı olan bir şəxs bu dinin təməl təlimlərini diqqətlə gözdən keçirsə, İslamın cəmiyyətdə hakimiyyətinə də etiqad etməlidir.
İslami hökumətin qurulmasında, xalqın öz müqəddəratını təyin etmə hüququnu əldə etməsində camaatın özünün üzərinə düşən vəzifə və məsuliyyət
Cümhuriyyət, xalq hakimiyyəti, xalqın səsverməsinin həlledici sayılması məsələsinə gəlincə; bu da çox əhəmiyyətli bir məsələdir. Bu məsələyə 2 nöqteyi-nəzərdən yanaşmaq lazımdır: birincisi, məsələnin dini və ideoloji tərəfindən, yəni haqq və məsuliyyət baxımından, ikincisi isə dini hakimiyyətin reallaşması üçün praktik imkan yaradılması baxımından; belə ki xalqın iştirakı olmadan bu mümkün deyil.
Birinci aspekt, yəni İslam hökumətində xalqın iştirakının mütləq surətdə vacib olması İslam dinində insanların üzərinə qoyulan məsuliyyətdən anlaşılır. Qurani-Kərimdə və rəvayətlərdə insanların cəmiyyətin müqəddəratında məsuliyyət daşıdığı ilə bağlı çoxlu sayda açıq məzmunlu qeydlər var:
(4) کُلُّکُم راعٍ وَ کُلُّکُم مَسئولٌ عَن رَعِیَّتِه
– yəni cəmiyyətin hansı vəziyyətdə olmasına görə onun bütün üzvləri məsuliyyət daşıyır.
(5) مَن اَصبَحَ لا یَهتَمُّ بِاُمورِ المُسلِمینَ فَلَیسَ بِمُسلِم
– bu rəvayətdən aydın olur ki, “müsəlmanların işləri” dedikdə müsəlman cəmiyyətindəki bütün işlər nəzərdə tutulur, bu ifadə hər bir işə şamil olunur. Və ya məşhur “Siffeyn” xütbəsində hakimiyyət məsələsi ilə bağlı bir sıra məqamlar var. Orada Əmirəlmömininin elə bir fikri var ki, zənnimcə, çox əhəmiyyətlidir:
(6) وَ لَکِن مِن واجِبِ حُقوقِ اللَهِ سُبحانَهُ عَلَی عِبادِهِ النَّصیحَةُ بِمَبلَغِ جُهدِهِم وَ التَّعاوُنُ عَلَی اِقامَةِ الحَقِّ بَینَهُم
Uca Yaradanın ən vacib və ən önəmli haqlarından biri budur:
اَلتَّعاوُنُ عَلیٰ اِقامَةِ الحَقِّ بَینَهُم
– bəndələr haqq-ədalətin cəmiyyətdə bərqərar olması üçün bir-biri ilə əməkdaşlıq etməlidirlər. Bu elə camaatın üzərinə düşən məsuliyyətdir də! Yəni camaat ölkədə haqqın, Uca Allahın hakimiyyətinin bərqərar olunmasında məsuliyyət daşıyır, kömək etməlidirlər.
Yaxşı işlərə dəvət etmək vəzifəsi – bu, ümumi bir vəzifədir, yaxşı sayılan ən önəmli işlərdən biri isə haqq-ədalətin hakimiyyətidir. Cəmiyyətdə ədalətli hökumət olmalı, haqlara riayət edilməlidir. İnsanlar da bir-birini bu yaxşı işə dəvət etməlidirlər. Baxın, insanların üzərinə düşən məsuliyyəti göstərir. Və ya günah və azğınlıqlara qarşı mübarizənin vacibliyi məsələsi. Əmirəlmöminin “Şiqşiqiyyə” xütbəsində hər hansı bir hökuməti qəbul etməyin dəlillərindən biri kimi məhz bunu qeyd edir:
(7) وَ ما اَخَذَ اللهُ عَلَی العُلَماءِ اَلّا یُقارّوا عَلیٰ کِظَّةِ ظالِمٍ وَ لا سَغَبِ مَظلوم
– yəni Allah-taala alimlərdən belə bir əhd-peyman alıb ki (bir qədər sonra alimlər barədə də deyəcəyəm) cəmmiyyətdə təbəqələşmə ilə, sosial bərabərsizliklə razılaşmasınlar, birinin aclıqdan, o birininsə toxluqdan öldüyü cəmiyyəti qəbul etməsinlər. “Alimlər” deyilməsinin səbəbi də ya alimlərin üstün bir sosial təbəqə olması, bu haqqın onlara daha çox aid ola biləcəyi, daha çox məsuliyyət daşımaları ilə bağlıdır, ya da bilən, bilikli insanlar nəzərdə tutulur. Yəni məlumatı olan kəslər; məlumatı olmayan, təbii ki, məsuliyyət daşımır. Bilən, məlumat əldə etmiş şəxsin, təbii ki, öhdəsinə məsuliyyət düşür. Odur ki bu hamının üzərinə düşən bir məsuliyyətdir. Bu məsuliyyətin necə, hansı şəkildə yerinə yetirilməli olduğu məsələsi dövrə və zamana görə dəyişir, müxtəlif ola bilər. Bu gün seçkilər vasitəsilədir, ola bilsin, nə vaxtsa başqa bir şəkildə olacaq. Amma bu məsuliyyət var. Bu bir tərəfdən bir məsuliyyət, digər tərəfdənsə bir haqq – öz müqəddəratını təyinetmə hüququ kimi mövcuddur. İnsanlar azaddır:
(8) لا تَکُن عَبدَ غَیرِکَ لَقَد خَلَقَکَ اللهُ حُرّا
– İmam Əlinin kəlamıdır; heç kimə qul-kölə olma, Allah səni azad xəlq edib, özün seç, öz müqəddəratını özün müəyyənləşdir. Bu, İslam dininin açıq-aşkar göstərişlərindəndir.
Odur ki xalq hakimiyyəti məsələsi İslam dininin bax bu təlimlərinə əsaslanır. Bu barədə Quran və hədislərdə, “Nəhcül-bəlağə”də də danışılır, mövzu Peyğəmbər və Əmirəlmöminin Əlinin müxtəlif vaxtlarda göstərdikləri davranışlardan da anlaşılır. Elə “Siffeyn” xütbəsində İmam Əli buyurur:
(9) لا تَکُفّوا عَن مَشوِرَةٍ بِحَقٍّ أو مَقالَةٍ بِعَدل
– yəni çəkinməyin, mənə deyin. Mənim gördüyüm işlər, davranışlarım, işlətdiyim metodlar barədə fikir bildirin; məsələ belədir. Odur ki camaatın məsuliyyət və hüququ məsələsi birbaşa İslamın özündən çıxarış edilib. Bu, birinci aspekt.
Hökumətlərin xalqın dəstəyinə ehtiyac duyması
İkinci aspekt isə hökumətlərin özlərinin xalqın dəstəyinə ehtiyac duymasıdır. Bu, aydın bir məsələdir. İstənilən hökumətin (təkcə dini hökumət yox, digər hakimiyyət quruluşları da) arxa-dayağı xalq olmasa, mövcudluğunu qılınc gücünə qoruyub saxlamağa məcbur olacaq. Yəni hakimiyyətini sürdürə bilməyəcək. Qurana və İslam dininə əsaslanan hökumətsə xalqın üzərində zülm, zor və haqsız təzyiqi qəbul etmədiyinə görə camaatdan dəstək almadan heç bir hərəkət edə bilməz. Odur ki İslam Respublikasının xalqa axalanmadan, xalqdan dəstək almadan nə yaranması mümkün idi, nə də yarandıqdan sonra öz varlığını davam etdirməsi. Allaha şükürlər olsun ki, bu günə qədər davam etdirib, bundan sonra da elə o cür olacaq.
İslam Respublikası qərblilərdən əxz edilməyib, əsl İslam dininə əsaslanan orijinal bir layihədir
Bəli, bura qədər dediklərimizdən aydın olur ki, İmam Xomeyninin layihələndirdiyi, “İslam Respublikası” adı ilə rəsmiləşdirilmiş, dinə əsaslanan xalq hakimiyyəti əsl dini təlimlərə əsaslanan orijinal bir layihədir. Yəni buna əsla şübhə olmamalıdır. Bəziləri deyirdilər ki, İmam seçkiləri, xalq hakimiyyətini və sair bu kimi məsələləri müəyyən mülahizələrlə, kimlərisə nəzərə alaraq qərblilərdən götürüb. Bu, əsassız bir fikirdir. Bizim tanıdığımız, illərlə əməkdaşlıq etmiş olduğumuz, bütün davranışları ilə xalqın da gözü önündə olan İmam Xomeyni onun-bunun sözü ilə, kiminsə fikrini nəzərə alaraq Allahın əmrindən kənara çıxan biri deyildi. Xeyr, əgər dində xalqın hakimiyyəti olmasaydı, bu prinsip dinə və Allahın hökmünə əsaslanmasaydı, İmam onu qəbul edəcək bir adam deyildi. İmam fikrini qətiyyətlə ortaya qoyurdu. Həyatına nəzər salsanız, özünüz də görərsiniz. İmam hicab məsələsini, qadınların cəmiyət içərisində hicablı olmasının zəruriliyini ortaya qoyduğu zaman çoxları, hətta İmamın özünə yaxın olan adamlar belə bunun əleyhinə çıxdılar. İmama yaxın adamlardan biri o vaxt mənim yanıma gəlib dedi ki, bu nə məsələdir, imam bu nədir, danışır? Gedin ona deyin ki, bu fikrindən daşınsın. Əlbəttə, biz özümüz də İmamla eyni fikirdə idik. Yəni çoxları bu məsələyə qarşı çıxdılar, amma İmam o cür düşünürdü və tamamilə doğru olaraq hicab məsələsini qətiyyətlə gündəmə gətirdi. Və sair bu cür misallar çəkmək olar.
İmam Xomeyni xalqın iradə və bacarığından bir potensial kimi istifadə edərək xalqın iqtidar və nüfuzunu artırdı
Bəli, İmam dində bu innovativ ideyanı həyata keçirdi. Bu yeni və mütərəqqi məktəbi, İslam dininin dərin və işıqlı təlimlərinə söykənən bu gözəl və heyrətamiz konsepsiyanı irəli sürdü, əsrlər boyu istibdada öyrəşmiş İran xalqını bu əsaslı və məntiqli layihə ilə meydanlara çəkib gətirməyi, öz ölkəsinin sahibi etməyi, xalqa özünəinam hiss etdirməyi bacardı. Siz gənclər inqilabdan əvvəlki dövrləri görməmisiniz, sizin üçün o vaxt ölkədə necə bir vəziyyətin hökm sürdüyünə inanmaq çox çətindir. Biz isə o dövrü yaşamışıq, o atmosferdə nəfəs almışıq. O vaxt xalq heç kim idi. Kimsə bu camaata desəydi ki, sizin ölkədə gedən proseslərə müdaxilə etmək hüququnuz var, heç kəs buna inanmazdı. Xalq tamamilə proseslərdən kənarda idi; sözün birbaşa mənasında heç kim idi. Xüsusilə də boğucu Pəhləvi diktaturası dövründə; mən o diktaturanın sonlarını, yəni son 20-30 ilini görmüşəm; bu camaat o vəziyyətdə idi, uzun illər boğucu təzyiqlər altında yaşamışdı. İmam sıçrayışlı bir hərəkatla bu xalqı, bu camaatı meydanlara gətirdi, gənclər öz güclərinə inandılar, xalq özünə inandı, İmam xalqın iradə və bacarığını nəhəng bir potensial kimi işə saldı, öz liderliyi və istiqamətləndirməsi ilə bu potensialı böyük işlərin həyata keçirildiyi bir mərhələyə çatdırdı, xalq minilliklərlə davam etmiş monarxiyanı yıxdı, meydanlara çıxdı. İmam insanların dininə, dərkinə, dünyagörüşünə elə təsir göstərdi ki, xalq ayağa qalxıb müqavimət göstərdi və günbəgün daha da gücləndi.
Bir vaxtlar körpə bir fidan olan İslam Respublikası bu gün artıq heç bir tufanın yerindən qopara bilməyəcəyi köklü-köməcli, pak bir ağacdır. Çox qorxulu hadisələr oldu, lakin bu xalq bütün o qorxunc hadisələr qarşısında özünü qoruyub irəli getməyi bacardı. 8 il davam etmiş savaş kimi. 8 il boyunca dünyanın bütün güclü dövlətləri bizə hücum etməsi üçün bir dövlətin arxasında durub ona dəstək oldular. Ona silah, kəşfiyyat məlumatları, hərbi taktika, maliyyə – hər şey, hər şeylə kömək etdilər ki, İslam Respublikasını məhv edə bilsin. İran xalqı isə qüdrətlə müqavimət göstərərək onların özlərini diz çökdürdü, onlara göz dağı olaraq təslim olmadı, diz çökmədi, öz iqtidar və nüfuzunu daha da genişləndirdi.
İmam Xomeyni xalqın problemlərinin çözümünü iki şeydə görürdü: 1. Dini istiqamət götürmək; 2. İşlərin idarəçiliyində xalqın istək və iradəsinin hakim olması.
“İslamiyyət” və “cümhuriyyət” – İmam bu 2 sözü ölkənin problemlərinin açarı hesab edirdi. Bütün çətinliklərin çözümünü yalnız bunda görürdü ki, biz İslam dininə riayət edək və xalq meydanda olub proseslərdə iştirak etsin. İmamın fikri bu idi. İmamın dediyi: “Nə bir kəlmə artıq, nə bir kəlmə əskik” – sözlərinin də mənası elə bu idi. Bir kəlmə əskik “İslamsız respublika”, bir kəlmə artıq “respublikasız İslam” deməkdir, bununsa mənası yoxdur. İmam dövlətə “İslam Respublikası” adı verdi, yəni İslam və xalq paralel surətdə, birgə hakimiyyətdə olacaq, bu ikisi bir-biri ilə əsla uyğunsuzluq təşkil etmir. İslamın hakimiyyəti bu deməkdir ki, mahiyyəti, dəyərləri, əsas tendensiyaları İslam dini müəyyən edir, xalqın hakimiyyəti isə odur ki, hökumətin idarəçilik formasını xalq seçir. İslamın hakimiyyəti və xalqın hakimiyyəti. Xalqın idarəçiliyi də, İslam dini də rola və təsir gücünə malikdir. İmam problemlərin çözümünü bunda görürdü. Doğrudan da, ölkənin bütün problem və çətinliklərini yalnız bu yolla həll etmək mümkündür. Biz harada xalqı işə qoşub İslam dininə də riayət etmişiksə, o yerdə irəli getmişik; istər İmamın dövründə, istərsə də onun vəfatından onilliklər sonra bu günün özünə qədər. Mən bunu tam qətiyyətimlə deyirəm və buna xalqın gözü önündə baş vermiş yüzlərlə misal çəkə bilərəm. Harada biz xalqa meydan verib İslam dinini işimizin əsas meyarı olaraq götürmüşüksə, o yerdə uğur qazanmışıq, inkişafa nail olmuşuq. Bu ikisindən biri harada axsayıbsa, irəli gedə bilməmişik. Tutalım, biz xalqa iqtisadi məsələlərdə meydan verək. İllərdir mən təkrar-təkrar deyirəm ki, orta və kiçik sənaye müəssisələrinə dəstək olub onları inkişaf etdirmək lazımdır. Ona görə ki orta və kiçik sənaye müəssisələrindən milyonlarla insan evinə çörək aparır, onlar milyonlarla insana aiddir. Xalqın iştirakı elə budur da! O müəssisələri gücləndirə bilsəydik, bu gün iqtisadiyyatımızın vəziyyəti bundan daha yaxşı olardı.
Digər müxtəlif məsələlərdə də eynilə. Möhtərəm ölkə rəsmilərimiz arasında bu məsələ tam şəkildə oturuşsa ki, həm dini məsələləri nəzərə alsınlar, yəni İslam dininin hüdudlarına mükəmməl surətdə riayət etsinlər (istər daxili məsələlərdə, istər xarici məsələlərdə, iqtisadiyyatda, mədəniyyətdə, siyasətdə və sair və ilaxır), həm də xalqın iştirakını təmin etsinlər, yəni elə mexanizmlər yaratsınlar ki, xalqın iradəsi, xalqın istəyi, xalqın iştirakı aparıcı rol oyanaya bilsin, o zaman ölkənin bütün problemləri həllini tapacaq.
İmam Xomeyninin dövlətin islami mahiyyəti ilə bağlı fikirləri. İmamın baxışında və çıxışlarında İslam dininin özəllikləri
Bəli, işin əsli budur. İmamın çıxışları da çox önəmlidir. İmamın heyrətamiz bəyanatları var. Mən burada İmamın fikirlərindən bir neçəsini qısa cümlələrlə qeyd etmişəm. İmamın həm İslam dini, həm də xalq hakimiyyəti ilə bağlı çox aydın, qətiyyətli və əsaslı bəyanatları var. İmam İslam dini ilə bağlı irticaçı və eklektik yanaşmaları qətiyyətlə rədd edir. Bir tərəfdən irticaçıları rədd edir, digər tərəfdən isə eklektikləri, yəni xaricilərin dediklərini İslam adı altında öz auditoriyasına və cəmiyyətə sırıyanları rədd edirdi. İmam qətiyyətli bir mövqedə duraraq bu iki dəstəni qəbul etmirdi. İmam Xomeyniyə görə, İslam dini imperializmə və korrupsiyaya qarşı olan ədalətpərvər bir dindir. İmamın bəyanatlarında bu, açıq-aydın nəzərə çarpır. Vəsiyyətnaməsində də var, çap olunmuş iyirmi neçə cildlik bəyanatlarında da. Açın, baxın. Biz bunları bilavasitə İmamın öz dilindən eşitmişik, o vaxt olmamış, İmamı görməmiş insanlar da qoy o bəyanatlara müraciət etsinlər. İmamın çıxışlarının mətni açıq-aydındır.
İmamın etiqad etdiyi İslam dini imperializmə qarşıdır; yəni Amerikaya qarşıdır. Yadellilərin müstəmləkəçiliyinə, yad dövlətlərin ölkənin daxili işlərinə müdaxilə etməsinə qarşıdır. Düşmənin qarşısında diz çökməyə qarşıdır. Və korrupsiyaya qarşıdır. İmam Xomeyninin etiqad etdiyi İslam dini korrupsiyanın, vəzifə səlahiyyətlərindən sui-istifadənin əleyhinədir. Bu gün bəzi sferalarda aşkarlanan korrupsiya halları mütləq surətdə İslama ziddir. İslam korrupsiyaya qarşı mübarizə aparan bir dindir. İslam dövləti korrupsiyaya qarşı mübarizə aparan bir dövlətdir. İslam dini irticanın, yəni köhnə və gerilikçi fikirləri insanların yaşayışına daxil etməyin, mütərəqqi dini düşüncədən, İmamın yenilikçi ideyalarından uzaqlaşmağın da əleyhinədir. İslam dini dəbdəbəli həyat tərzinin əleyhinədir, yoxsul, aztəminatlı insanların tərəfindədir. İslam dini cəmiyyətdə təbəqələşməyə, varlı və yoxsullar arasında kəskin fərq yaranmasına qarşıdır.
İmam Xomeyni rəsmilərdən birinə ünvanladığı məktubda belə yazır (Bu onun mübarək ömrünün sonlarına doğru yazılmış bir məktubdur. Vəfatından bir neçə ay əvvəl yazılıb): “Gərək siz camaatımızın zülmə, ədalətsizliyə, irticaya, gerilikçi düşüncəyə qarşı çıxış etdiyini, monarxistlərin, kapitalistlərin, eklektiklərin İslamının – bir sözlə amerikansayağı İslamın əvəzinə, Həzrət Muhəmmədin saf, qatqısız İslamını seçdiyini göstərəsiniz”. (10) Bu məktub 1367-ci ilin dey ayında yazılıb, inqilabi hərəkatın əvvəllərinə, emosiyaların pik həddə olduğu dövrə aid olduğunu deyə bilmərik. İmam Xomeyni bu mövzulara vəfatından bir neçə ay əvvəl toxunurdu. Bəli, odur ki İmamın İslam dini ilə bağlı görüşləri bunlardır.
İmamın baxışında seçkilər xalq hakimiyyətinin və xalqın iştirakının təzahürüdür
Xalq hakimiyyəti məsələsinə gəlincə, İmam Xomeyni seçkiləri xalq hakimiyyətinin təzahürü hesab edirdi (və bu elə belədir də; yəni bu gün xalq hakimiyyəti və xalqın iştirakı yalnız seçkilər vasitəsilə təmin oluna bilər. Ola bilsin ki, gələcəkdə nə vaxtsa seçkilər mənasını itirəcək, xalqın iştirakını təmin etmək, fikrini öyrənmək üçün başqa formatlar yaranacaq. Bu gün bunun yolu seçkilərdir və İmamın dövründə də belə idi). İmamın seçki ilə bağlı çox mühüm bəyanatları var. O, seçkiləri dini baxımdan vacib bir əməl hesab edirdi, seçki haqda danışarkən bunun bir “dini fərizə” olduğunu demişdi. İmamın vəsiyyətnaməsində xəbərdaredici əhəmiyyət daşıyan çox vacib bir məqam var. O buyurur: “Müəyyən mərhələlərdə seçkidə iştirak etməmək böyük günahların başında gələn bir günah ola bilər”. (11) İmamın seçki ilə bağlı fikirləri bunlardır.
Yaxud başqa bir çıxışında buyurur: “İştirakda səhlənkarlıq, – yəni seçkidə iştirakda səhlənkarlıq, – gələcək nəsillərə qədər uzanacaq mənfi dünyəvi nəticələrə və axirətdə ilahi sorğu-suala səbəb ola bilər”. İmam bu cür qətiyyətli çıxışları və davranışları ilə İslam Respublikasınının əsaslarını möhkəmlətdi. Əlhəmdulillah, İmamın vəfatından sonra da İran xalqı bu ilahi neməti (xalqın hakimiyyəti İmam Xomeyninin əli ilə xalqa töhfə verilmiş ilahi bir nemət idi) qoruyub saxladı.
İran xalqı düşmənin məkrli planları qarşısında durmağı bacardı
İran xalqı dövlətinə və ona düşmən olan qüvvələrin onu bu dövlətdən uzaqlaşdırmaq, İslam dininə və dinə əsaslanan xalq hakimiyyətinə qarşı laqeydliyə kökləmək niyyətilə qurduqları növbənöv məkrli planlar qarşısında möhkəm duraraq bu planları neytrallaşdırdı. Hər dəfə hər hansı bir formada işə başlayan düşmənlər İran xalqının qurduğu polad sədlə üzləşdilər. Bu gün də eynilə o cürdür. Bu gün də düşmənlər pusquda durub dörd gözlə İran xalqını İslam dövlətindən uzaqlaşdıra bilmək üçün fürsət gözləyirlər, lakin yenə də qarşılarında sinəsini sipər edib polad sədd qurmuş İran xalqını görürlər. Təhlükəsizlik sferasında planlar qurdular, siyasi sferada planlar qurdular, iqtisadi sferada açıq-aşkar düşmənçiliklər etdilər, ideoloji hücumlar həyata keçirdilər. Və əlbəttə ki, bütün bu səyləri uğursuz oldu.
İslam Respublikasına, onun islami mahiyyətinə zərbə vurmaq üçün düşmənlərin və müxalif qüvvələrin qurduğu növbənöv məkrli planlar
Əlbəttə, təəssüflər olsun ki, düşmənin dediklərini ölkə daxilində bu və ya digər şəkildə təkrarlayanlar həmişə olub və var. Bəzi çıxışlarda səsləndirilən, ideologiyaya zidd fikirlər eynilə bədxahların dediklərini əks etdirir. Onların dediyi budur ki, biz İslam dinini, bu dinin İslam Respublikası və dinə əsaslanan xalq hakimiyyəti ilə bağlı təlimlərini bir kənara qoyub hazırda dünya əhalisini çarəsiz vəziyyətə salmış çürük və azğın liberal-demokratiya ideyalarının arxasınca getməliyik. Bəziləri də başqa bir istiqamətdən giriş edərək dinin müqəddəsliyini qorumaq üçün onu siyasət və hakimiyyət kimi məsələlərdən uzaq tutmaq lazım olduğunu deyirlər. Bu fikir hələ inqilabın əvvəllərində tez-tez səslənməyə başlamışdı. Bu da düşmənin sözüdür, inqilabın qələbəsindən əvvələ, inqilabın yenicə başladığı dövrə aid söz-söhbətlərin təkrarıdır. Bəzilərinin dediyi “İslam dininin qayda-qanunlarına lazımınca riayət etmək istəyiriksə, bu, xalq hakimiyyəti ilə uyğun gəlməyəcək” fikri də İslam Respublikasının və İran xalqının düşmənlərinin sözüdür. Əlbəttə, kimlərsə belə sözləri məlumatsızlıq, bilməməzlik ucbatından da danışa bilər. Mən demirəm ki, belə danışanlar hökmən düşmənin dəyirmanına su tökənlərdir. Yox, bəzən bilməməzlikdən olur, amma qoy bilsinlər ki, bu, düşmənin sözüdür və düşmən islamçılığın kökünə balta vurmaq istəyir. İndi bəziləri guya xalq hakimiyyətinə canıyananlıq edib deyirlər ki, xalq hakimiyyəti yox olub gedib. Onlar əslində xalq hakimiyyətinə bir o qədər də yanmır, islamiyyətin kökünü kəsmək, islamçılığı bir kənara qoyub yox etmək istəyirlər. Halbuki xalq hakimiyyətini İslam təfəkküründən, islami ruhdan ayırmaq, ona yad hesab etmək, həqiqətən də, böyük bir səhvdir.
Digər tərəfdən ölkənin konstitusiyası da öhdəmizə düşən vəzifələri aydınlaşdırır. Gördüyünüz kimi, konstitusiya prezident, hökumət başçısı, icraedici hakimiyyətin başçısı kimi yüksək vəzifə postunu inanclı siyasətçilərin tuta biləcəklərini, yəni ölkənin bütün məsələlərini idarə etmək səlahiyyətinin yalnız belə şəxslərə verildiyini təsbit edir. Bu “inanclı siyasətçilər” qeydi nə üçündür? Onun üçündür ki, həmin insanlar siyasət meydanında ölkənin mənafeyini təmin edə bilsinlər, xalqın dini etiqadına gəlincə də camaatı düzgün istiqamətləndirməyi, bu baxımdan insanlara yardımçı olmağı bacarsınlar; yəni hər iki sferada müdrik davrana bilsinlər. Yaxud yenə də konstitusiyada vurğulanan təqva və əmanətdarlıq məsələsi. Bu da dövlətimizin əsas qanununda önə çəkilən çox mühüm məsələlərdən biridir.
Seçkidə iştirak etməmək dövlətin hər iki sütununu: həm xalq hakimiyyətini, həm də islamiyyəti zəiflədir
Bu günlər seçki ərəfəsində olduğumuza görə (seçkilər yaxınlaşır və sevindirici haldır ki, ölkədə seçki atmosferi getdikcə qızışır) bəziləri uydurma bəhanələrlə seçkidə iştirak vəzifəsindən imtina etmək istəyirlər. Bu, düşmənin istədiyi kimi davranmaqdır; İranın düşmənlərinin, İslamın düşmənlərinin, dinə əsaslanan xalq hakimiyyətinin düşmənlərinin. Dövlətin hər iki sütununu tam şəkildə diqqətdə saxlamaq lazımdır: həm xalq hakimiyyətini, həm də islamçılığı. Bu ikisindən hansı zəiflədilsə, sözsüz ki, İslama və İrana – hər ikisinə düşmən sarıdan zərbə dəyəcək.
Hazırkı problemləri seçkilərin olmamağı ilə yox, düzgün seçimlə aradan qaldırmaq mümkündür
Qarşıdakı seçkilərlə bağlı bir neçə cümlə deyək. Eşitdiyimə görə, bəzi insanlar mövcud iqtisadi problemlər, hamıya məlum olan, hər kəsin öz gündəlik həyatında bilavasitə hiss etdiyi maddi sıxıntılarla əlaqədar, seçkiyə gedib-getməmək barədə tərəddüd edirlər. Yaxud misal üçün, bəziləri deyirlər ki, müxtəlif dövrlərdə müxtəlif namizədlərə həvəslə səs vermişik, amma sonradan peşman olmuşuq, o namizədin səlahiyyət müddətinin sonunda xəyallarımız puç olub, odur ki yaxşısı budur, heç seçkidə iştirak etməyək. Belə sözlər danışılır. Mənə belə gəlir ki, bunlar yanlış mühakimələrdir. Belə şeylər bizi seçkidə iştirakdan soyutmamalıdır. Hansısa problemlər, səmərəsiz fəaliyyətlər varsa, biz onları seçkiyə yox deməklə deyil, düzgün seçim etməklə, yaxşı olanı seçməklə kompensasiya etməliyik. İdarəçilikdə, doğrudan da, hansısa nöqsan varsa, bunun çarəsi nədir? Ümumiyyətlə idarəçiliyə müdaxilə etməmək, ya müdaxilə edib düzgün, ölçülüb-biçilmiş, sözün əsl mənasında İslam dininin tələblərinə və xalqın ehtiyaclarına uyğun bir idarəçilik formalaşdırmaq? Yolu budur da! Peşmançılıq varsa, ümidlər puç olubsa, bunu seçkiyə qatılmamaqla yox, bu yolla kompensasiya etmək lazımdır.
Namizədlərin şüarlarını, nə dərəcədə səmərəli işləyə biləcəklərini onların keçmiş fəaliyyətlərini araşdıraraq təsdiqləmək lazımdır
Əlbəttə, seçkidə diqqətli olmaq lazımdır. Mən təkidlə demək istəyirəm ki, quru söz və vədlərə inanmaq olmaz. Mən başqalarına münasibətdə də eyni sözü deyirəm. Daim bizə söz və vəd verən xaricilər barədə də bu nüvə məsələsində mən həmişə möhtərəm rəsmilərimizə deyirəm ki, söz və vədə inanmayın. Şair demişkən:
(12) به عمل کار برآید
– iş əməllə başa gələr. Quruca söhbətə, verilən söz və vədlərə etibat emək olmaz. Ölkənin mühüm məsələləri də bu cürdür. Danışmaq asandır, hər kəs gəlib bir iddia edir, bir vəd verir, bir şey danışır. Belə şeylərə etimad etmək olmaz. Baxmaq lazımdır ki, o insanın keçmişində bu gün verdiyi o vədi təsdiqləyəcək hansısa bir işi, əməli var, ya yox? Əgər varsa, o adama inanmaq olar, yoxsa, yox. Odur ki kimin nə dərəcədə səmərəli işləyə biləcəyini danışılan sözlər əsasında müəyyən etmək mümkün deyil.
Namizədlərə ünvanlanan məqamlar: 1. Əsassız vədlər verməkdən çəkinsinlər.
Mənim möhtərəm namizədlərin özlərindən də bir ricam var: xalqa yerinə yetirə biləcəklərinə əmin olmadıqları vədlər verməsinlər. O vədlər ölkənin ziyanınadır. Nəyə görə? Ona görə ki, bu gün siz bir vəd verirsiniz, sabah, tutalım, prezident seçildiyiniz zaman vədinizi yerinə yetirməsəniz, xalqı dövlətdən və seçkidən soyutmuş olursunuz. Odur ki namizədlərin yerinə yetirə bilib-bilməyəcəklərinə əmin olmadıqları vədləri verməsi xoşagələn deyil. Əlbəttə, qəti surətdə dəqiq və aydın olan, gerçəkləşə biləcəyini mütəxəssislərin də təsdiqlədiyi vədləri verin, amma praktik əsası olmayan vədlər verib: “Biz filan işləri görəcəyik”, – demək (indi mən təfsilata girmək istəmirəm) lazım deyil. Çünki sonradan xalqın seçkidən soyumasına səbəb olacaq, bu isə günahdır.
2. Özünüzün inanmadığınız şüarları irəli sürməyin
Hörmətli namizədlərdən bir xahişim də var: elə şüarlar irəli sürsünlər ki, onlara ilk növbədə özləri inanırlar. Biz insanları tanıyırıq, bilirik ki, çoxları irəli sürdükləri şüarlara, ola bilsin, ürəklərində heç inanmırlar da. Bu, doğru deyil, xalqla dürüst olmaq lazımdır. Allah eləməmiş, insanın öz danışdığı sözə inamsızlığını ifadə edən şüarlar irəli sürmək lazım deyil.
3. Namizədlər sosial ədaləti təmin etmək, korrupsiyaya qarşı mübarizə aparmaq və daxili istehsalı gücləndirmək barədə öhdəlik götürməlidirlər
Namizədlərdən bir xahişim də var, onu da deyim: qoy onlar qəti qərara gəlsinlər ki, məqsədlərinə çatıb seçkidə qalib gələcəkləri təqdirdə əvvəla, sosial ədaləti təmin etməyi, varlı və kasıb təbəqə arasındakı fərqi azaltmağı özlərinə borc biləcəklər, yəni bunları özlərinin ən əsas işləri sırasında görəcəklər; ikincisi, korrupsiyaya qarşı mübarizə aparacaqlar və bunu heç kimə üzgörənlik etmədən, heç kimi və heç nəyi nəzərə almadan edəcəklər; üçüncüsü, daxili istehsalı gücləndirməyi özlərinə borc biləcəklər. Mən dəfələrlə və təkidlə vurğulamışam, elə iqtisadçı ekspertlər də bunu deyirlər ki, ölkənin iqtisadi problemlərdən qurtuluşunun mehvəri daxili istehsalı gücləndirməkdir. Daxili istehsalı gücləndirmək lazımdır. Qaçaqmalçılıqla mübarizə aparmaq lazımdır, lüzumsuz idxalla mübarizə aparmaq lazımdır, idxal sayəsində ciblərini dolduran, daxili istehsalın rövnəqlənməsi ilə idxalın zəifləməsini istəməyən, idxalla daxili istehsalın belini qıranlara qarşı mübarizə aparmaq lazımdır. Namizədlər bu mübarizəni qarşılarında duran ən önəmli məsələlərdən biri hesab etməli və bu barədə öhdəlik götürməlidirlər. Qoy bu gün namizədliyini irəli sürən hər bir şəxs bu işləri görəcəyi barədə öhdəlik götürsün, bu barədə ictimaiyyət qarşısında söz versin ki, seçildiyi zaman öhdəliyinə əməl etməzsə, nəzarət strukturları ondan cavabdehlik tələb edib nəyə görə öhdəliyini yerinə yetirmədiyi barədə sorğu-sual edə bilsinlər.
Xalqın hər bir nümayəndəsi ətrafdakıları seçkidə iştiraka dəvət etməlidir
Bir həftə bundan əvvəl (13) mənim parlament nümayəndələri ilə bir söhbətim oldu. Mən orada bir fikir səsləndirdim, dedim ki, ictimaiyyət arasında söz sahibi olan şəxslər camaatı seçkidə iştiraka təşviq etsinlər. Bunu mən o görüşümüzdə demişdim. İndi isə əlavə etmək istəyirəm ki, bu təkcə ictimai çəkisi olan, söz sahibi olan şəxslərə aid deyil. Hər kəs, xalqın hər bir nümayəndəsi özü seçkidə iştirak etməkdən əlavə, ətrafındakıları da seçkidə iştiraka təşviq etməyi özünə borc bilməlidir. Bu elə Quranda buyurulduğu kimi, haqqı tövsiyə etməkdir:
(14) وَ تَواصَوا بِالحَق
Bu, haqqı tövsiyə etməkdir. Bu bir şəri vəzifədir, qoy insanlarımız bunu etsinlər. Ailə üzvlərinizi, dostlarınızı, iş yoldaşlarınızı, tanışlarınızı, ətrafınızdakı, ünsiyyətdə olduğunuz hər kəsi seçkidə iştirak etməyə çağırın.
Mənim deyəcəklərim bu qədər idi. Söhbətimin sonunda vacib bir məqamı da qeyd etmək istəyirəm. Bu, dini və insani bir məsələdir: namizədlərin qeydə alınması prosesi getdiyi zaman namizədliyi qeydə alınmamış bəzi namizədlərə zülm edildi, onlar incidildi. Özləri, yaxud ailə üzvləri ilə bağlı reallığı əks etdirməyən söz-söhbətlər yayıldı. Yaxınları, hörmətli, abırlı-həyalı ailə üzvləri bu cür xoşagəlməz iftiralarla üz-üzə qaldılar. O məlumatlar yanlış idi, həqiqətə uyğun deyildi, bu, sonradan məlum oldu, hər şey sübut olundu, amma hər halda, bu söz-söhbətlər camaatın ağzına düşdü və təəssüflər olsun ki, internetdə qeyd-şərtsiz, eninə-boyuna yayıldı (elə buna görə mən həmişə deyirəm ki, internet başlı-başına buraxılıb; bax bir nümunəsi də elə budur). İnsanların heysiyyətinin qorunması ən mühüm məsələlərdən, ən yüksək insan haqlarından biridir. Mənim rəsmi qurumlardan xahiş və tələbim budur ki, lazımi tədbirlər görülsün. Kiminsə övladı, yaxud ailəsi haqda reallığı əks etdirməyən məlumatlar yayılıb və həqiqətə uyğun olmadığı sonradan məlum olubsa, həmin şəxslərin nüfuz və heysiyyətini bərpa etmək üçün lazımi tədbirlər görülsün.
Allah-taala bizi günahdan, zülmdən, möminlərin hörmətinə xələl gətirməkdən qorusun. Allah-taala bizi vəzifəmizə xilaf çıxmaqdan qorusun. İnşallah, öz fəzl və mərhəməti ilə dahi liderimiz İmam Xomeynini tükənməz rəhmətinə qovuşdursun, onu Məhşər meydanına öz böyük övliyaları ilə birgə gətirsin və bizdən razı etsin. Allah-taala şəhidlərimizin pak ruhlarını bizdən razı etsin, öz fəzl və rəhməti ilə bizi onlara qovuşdursun. Allah-taala İran xalqının aqibətini xeyirli etsin, qarşıdan gələn seçkiləri xalqımız üçün bərəkətli, düşmənin belini qıran seçkilərdən biri etsin, inşallah. Allahın köməyi ilə, elə belə də olacaq, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
____________________
(1) İran Xalq Cəbhəsi
(2) İslami Şura Məclisinin 6-cı çağırışının deputatları
(3) Amerikanın Milli Təhlükəsizlik Müşaviri Con Bolton
(4) Camiül-əxbar, səh. 119
(5) Kafi, c.2,səh.163
(6) Nəhcül-bəlağə, 216-cı xütbə
(7) Nəhcül-bəlağə, 3-cü xütbə
(8) Nəhcül-bəlağə, 31-ci məktub
(9) Nəhcül-bəlağə, “Siffeyn” xütbəsi
(10) Səhifeyi-İmam, c.21, səh. 240. Höccətül-İslam Seyid Həmid Ruhaniyə İslam İnqilabının tarixinin təsis edilməsi ilə bağlı yazılmış məktub (25.10.1367)
(11) Səhifeyi-İmam, c.21, səh. 422
(12) Sədi, şeirlər divanı, moizələr, 7-ci qəsidə
(13) Ali Məqamlı Rəhbərin İslami Şura Məclisinin deputatları ilə videogörüşü (06.03.1400-cü il)
(14) “Əsr” surəsi, 3-cü ayədən