Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Ümumdünya Qüds Günü ilə əlaqədar televiziya vasitəsilə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمد للّه ربّ العالمین و الصّلاة‌ و السّلام علی سیّدنا محمّد خاتم النّبیّین و اشرف الخلق اجمعین و علی آله الطّیّبین الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین

Fələstin İslam ümmətinin ən mühüm və ən aktual problemidir

Fələstin məsələsi yenə də İslam ümmətinin ən mühüm və ən aktual ortaq problemi olaraq qalmaqdadır. Zalım və qəddar imperializm sisteminin siyasətləri bütöv bir xalqı öz vətənindən, yurd-yuvasından, əcdadlarının yaşadığı torpaqlardan məhrum edib və orada yad bir xalqı, terrorçu bir rejimi yerləşdirib.

Sionist rejimin təsis edilməsinin məntiqi

Sionist rejimin təsis edilməsinin puç məntiqindən daha zəif və əsassız bir məntiq ola bilməz. Özlərinin iddiasına görə, avropalılar II Dünya müharibəsində yəhudilərə zülm ediblər, odur ki Qərbi Asiyada bir xalqı didərgin salıb ölkəsində faciəli qırğınlar törətməklə bunun qisası alınmalıdır!

Qərb dövlətlərinin sionist rejimi əllərindən gələni əsirgəmədən, dəli kimi himayə edərkən əsaslandıqları və bununla da insan haqları və demokratiya ilə bağlı bütün yalan iddialarını puça çıxardıqları məntiq budur. Və bu tragikomik olay artıq 70 ildən artıqdır ki, davam edir, vaxtaşırı ona yeni bir epizod əlavə olunur.

Sionist rejimlə mübarizə aparmaq hamının vəzifəsidir

Sionistlər işğal edilmiş Fələstini ilk gündən terror mərkəzinə çeviriblər. İsrail bir ölkə yox, Fələstin xalqının və digər müsəlman xalqların əleyhinə olan bir terror mərkəzidir. Bu qəddar rejimə qarşı aparılan mübarizə zülmə və terrorizmə qarşı aparılan mübarizədir və bu hamının öhdəsinə düşən bir vəzifədir.

İslam ümmətinin zəifləməsi və daxili təfriqələr Fələstinin işğalı üçün zəmin yaradıb

Diqqətəlayiq bir məqam odur ki, qəsbkar dövlət 1948-ci ildə təsis olunduğuna baxmayaraq, İslam regionunun bu həssas nöqtəsinə əl uzatmaq üçün hazırlıqlar hələ ondan illərlə öncə başlamışdı. Həmin illər Qərbin müsəlman ölkələrində sekulyarizmi, ifratçı və kor millətçilik ideyalarını aparıcı mövqeyə gətirmək, istibdadçı, Qərbə vurğun və ya onun əlaltısı olan dövlətləri hakimiyyətə gətirmək üçün fəal müdaxiləyə keçdiyi illərə təsadüf edir. O illərdə Türkiyə, İran, eləcə də Qərbi Asiyadan Şimali Afrikaya qədər ərəb ölkələrində baş vermiş hadisələri araşdıranda belə bir acı həqiqət ortaya çıxır ki,  İslam ümmətinin zəifliyi, yaşanmış konfliktlər Fələstinin işğalı kimi bir faciə üçün zəmin yaratmış və imperializm dünyasının İslam ümmətinə bu zərbəni endirməsinə səbəb olmuşdur.

Fələstinin işğalı məsələsində Qərb və Şərq qütbləri sionist sərmayədarlarla əlbir olmuşlar

İbrətamiz bir faktdır ki, o etapda hər iki qütb – həm kapitalizm, həm də kommunizm sionist Harunlarla əlbir oldu. Bu məkrli planın özünü hazırlayıb işə salan ingilislər idi, sionist sərmayədarlar pul və silah gücünə onu icra etməyi öhdələrinə götürdülər, qeyri-legitim dövlətin təsis edilməsini ilk olaraq rəsmən tanıyıb ora çoxlu sayda yəhudini göndərən isə keçmiş Sovetlər İttifaqı oldu. Qəsbkar rejim bir yandan İslam dünyasında hökm sürən o vəziyyətin, digər yandan isə Avropanın o məkrli planının, təcavüz və hücumlarının məhsulu idi.

Hazırda yer üzündə güc balansı İslam dünyasının xeyrinə dəyişib

Bu gün isə artıq dünyada vəziyyət o vaxtkı kimi deyil. Biz bu həqiqəti daim nəzərdə tutmalıyıq.  Bu gün güc balansı İslam dünyasının xeyrinə dəyişib. Avropa və Amerikada baş vermiş cürbəcür siyasi-ictimai olaylar qərblilərin struktur, idarəetmə və etik cəhətdən dərin problemlər yaşadığını dünya ictimaiyyətinin gözləri önünə sərdi. Amerikadakı seçki olayları, onların iddialı və təkəbbürlü prezidentlərinin bu sınaqdan çox rüsvayçı bir şəkildə çıxması, Amerika və Avropanın koronavirus pandemiyası ilə bir illlik mübarizədə üzləşdikləri uğursuzluqlar və bunun fonunda baş verən utancverici hadisələr, ən mühüm Avropa ölkələrində son zamanlar yaşanan ictimai-siyasi böhran – bütün bunlar Qərb qütbünün tənəzzülünün göstəriciləridir.

Digər tərəfdən isə ən həssas müsəlman regionlarında müqavimət qüvvələrinin çoxalması, onların müdafiə və hücum qabiliyyətinin artması, müsəlman xalqlarında özünüdərk, stimul və ümidin yüksəlməsi, Quran və İslam şüarlarına getdikcə artan meyillənmə, elmi inkişaf, xalqlarda müşahidə olunan suverenlik istəyi və özünəinam daha yaxşı gələcəyi müjdə verən mübarək nişanələrdir.

Müsəlman ölkələri Qüds və Fələstin mehvəri ətrafında birləşməlidir

Bu mübarək gələcəkdə müsəlman ökələrinin birliyi ən başlıca, ən önəmli hədəf olmalıdır və bu hədəf bir o qədər də uzaq və əlçatmaz görünmür. Bu birliyin mehvəri isə bütöv ölkə mənasında Fələstin məsələsi və Qüdsi-şərifin müqəddəratı olmalıdır. Dahi İmam Xomeyninin (r.ə) nurlu qəlbini ramazan ayının son cümə gününü Qüds günü elan etməyə istiqamətləndirən də məhz bu həqiqət olmuşdur. Müsəlmanların Qüdsi-şərif mehvəri ətrafında bir araya gələrək güclərini birləşdirməsi sionist düşmənin və onun Amerika və Avropadakı himayədarlarının kabusudur. “Əsrin sazişi” adı verilmiş o uğursuz plan, ardınca bir neçə iradəsiz ərəb ölkəsi ilə işğalçı İsrail rejimi arasında əlaqələri normallaşdırmaq cəhdləri o kabusdan yaxa qurtarmaq üçün göstərilən rəzil səylər idi.  Mən qətiyyətlə deyirəm: Bu səylər heç bir nəticə verməyəcək. Düşmən sionist rejimi artıq eniş xətti üzrə məhvə doğru getməyə başlayıb və bu proses dayanmayacaq.

Fələstinin gələcək müqəddəratı üçün taleyüklü amillər: 1. İşğal edilmiş ərazilərdə müqavimətin davam etdirilməsi; 2.Dünya müsəlmanlarının Fələstinin cihadını dəstəkləməsi

2 mühüm amil gələcək üçün taleyüklü rola malikdir: birincisi və daha önəmlisi, Fələstin torpaqları daxilində müqavimət davam etdirilməli, cihad və şəhadət xətti gücləndirilməlidir və ikincisi, bütün dünyada müsəlman dövlətləri və xalqları Fələstinin cihadını dəstəkləməlidir. Hamı – dövlət rəsmiləri, ziyalılar, din alimləri, müxtəlif partiyalar, qeyrətli gənclər və sair kəsimlər bu genişmiqyaslı hərəkatda öz yerini və rolunu müəyyən edərək iş görməlidir. Düşmənin məkrli planını puça çıxaran, Allah-taalanın

اَم یُ‍ریدونَ کَیدًا فَالَّذینَ کَـفَروا هُمُ ال‍مَکیدون

“Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar” (1), – vədinin axirəzzaman nümunəsini ortaya qoyan da məhz bu olacaq; 

وَ اللهُ غالِبٌ عَلیًّ اَمرِه؛ وَلـّْکِنَّ اَکـثَرَ  النّاسِ لا یَعـلَمونَ

“Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!” (“Yusif” surəsi, 21-ci ayə)

(Ərəbcə olan hissə) 

Ərəb gənclərlə onların öz dilində bir qədər danışmaq istərdim.

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Ərəb dünyasının bütün azadlıqsevər insanlarına, xüsusilə də gənclərə salam olsun! Salam olsun Fələstin və Qüdsün mübariz əhalisinə, Məscidül-əqsada keşik çəkən murabituna. 

Salam olsun müqavimətin şəhidlərinə və bu yolda canından keçmiş böyük mücahidlər ordusuna; xüsusilə də Şəhid Şeyx Əhməd Yasinə, Şəhid Şeyx Abbas Musəviyə, Şəhid Fəthi Şəqqaqiyə, Şəhid Əmad Muğniyəyə, Şəhid Əbdüləziz Rantisiyə, Şəhid Əbumehdi Muhəndisə və ən nəhayət, müqavimət şəhidlərinin parlaq siması olan Şəhid Qasim Süleymaniyə. Onlardan hər biri öz mənalı və bərəkətli ömrünü başa vurduqdan sonra da öz şəhadəti ilə müqavimət atmosferinə mühüm təsirlərini göstərmişlər.   

Fələstinlilərin müqaviməti və müqavimət şəhidlərinin pak qanı bu mübarək bayrağı daim göylərdə dalğalandırmağa, Fələstin cihadının daxili gücünü yüz dəfələrlə artırmağa müvəffəq olmuşdur. Bir vaxtlar yerdən daş götürüb  atmaqla özlərini müdafiə edən Fələstin gəncləri bu gün düşmənə nöqtə atışlı dəqiq raket zərbələri ilə cavab verirlər.

Qüds və Fələstin Quranda “müqəddəs torpaqlar” adlandırılır. Onilliklərdir ki, bu pak torpaq bəşəriyyətin ən murdar və xəbis nümayəndələri tərəfindən işğal olunub. Şərəfli insanları qətlə yetirən şeytanlar utanmazcasına öz əməllərini etiraf da edirlər. 70 ildən çoxdur ki, o torpağın həqiqi sahiblərinə qətl, qarət, həbs və işgəncələrlə əzab verən semitistlər, Allaha şükürlər olsun ki, onların iradəsini qıra bilməmişlər.

Fələstin canlıdır, müqavimətə davam edir və Allahın köməyi ilə sonda xəbis düşmənə qalib gələ biləcək. Qüdsi-şərif və bütün Fələstin fələstinlilərə məxsusdur və onlara geri qayıdacaq, inşallah.

وَمَا ذَٰلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ

“Bu, Allah üçün heç də çətin deyil!” (“İbrahim” surəsi, 20-ci ayə)

Fələstin məsələsində bütün müsəlman dövlətləri və xalqlarının üzərinə vəzifə və məsuliyyət düşür, lakin bu cihadın mehvəri bu gün Fələstində və ondan kənarda sayları 14 milyona çatan fələstinlilər özləridir. Bu toplumun birliyi və vahid əzmi böyük bir iş görməyi bacaracaq. Bu gün fələstinlilərin ən böyük silahı vəhdətdir.

İsrail rejimi, Amerika və bəzi digər siyasi güclər fələstinlilərin vəhdətinin ən böyük düşmənləridir, buna baxmayaraq, Fələstin cəmiyyətinin öz daxilində vəhdət pozulmasa, xarici düşmənlər heç bir şey edə bilməyəcəklər. Bu vəhdətin mehvəri daxili cihad və düşmənlərə inamsızlıq olmalıdır. Fələstinlilərin əsl düşmənləri, yəni Amerika, İngiltərə və xəbis sionistlər Fələstinlə bağlı siyasətlərin dayaq nöqtəsi olmamalıdır.

Fələstinlilər hamısı – istər Qəzza əhalisi olsun, istər Qüdsdə və İordan çayının qərb sahillərində yaşayanlar, istər 1948-ci ilə qədər o torpaqlarda yaşayan insanlar, istərsə də bu gün qaçqın düşərgələrində yaşayanlar – birlikdə bir bütövü təşkil edir və birlik, birləşmə strategiyasını rəhbər tutmalıdırlar. Hər bir kəsim digərlərini müdafiə etməli və onlara təzyiq göstərildiyi zaman öz ixtiyarında olan vasitələrdən istifadə etməlidir. 

Bu gün qələbəyə ümid həmişəkindən daha çoxdur. Güc balansı fələstinlilərin xeyrinə kəskin surətdə dəyişib, sionist düşmən günbəgün zəifləyib. Özünü “məğlubedilməz ordu” kimi təqdim edən İsrail ordusu Livanda 33, Qəzzada 22 və 8 gün davam etmiş döyüş təcrübələrindən sonra “qələbənin rəngini belə görməyəcək ordu”ya çevrilib. Siyasi vəziyyətləri – 2 ildə 4 dəfə seçki keçirməyə məcbur olublar –  təhlükəsizliklə bağlı vəziyyətləri  – ardıcıl olaraq məğlubiyyətlə üzləşirlər – həmçinin yəhudilərin günbəgün əks-miqrasiyaya daha çox meyillənməsi o iddialı rejimin rüsvayçılığına səbəb olmuşdur. Amerikanın köməyi ilə bir neçə ərəb ölkəsi ilə münasibətlərini normallaşdırmaq üçün durmadan göstərdikləri səylər özü İsrail rejiminin zəifliyinin digər bir göstəricisidir. Əlbəttə ki, bunun da onlara heç bir köməyi olmayacaq. Bir neçə on il bundan qabaq Misirlə əlaqələr qurmuşdular. O gündən indiyə qədər sionist rejim qat-qat daha zəif və həssas olub. Belə olan halda bir neçə zəif və miskin ölkə ilə əlaqələr qurmaq onlara kömək edə biləcəkmi? Əlbəttə ki, bu əlaqələrin həmin ölkələrə də heç bir xeyri olmayacaq. Sionist düşmən onların malına və ya torpağına əl qoyacaq, aralarında asayişi pozub fəsad yaradacaq.

Əlbəttə, bu həqiqətlər bu hərəkat qarşısında öhdəmizə düşən digər bir vəzifəni yaddan çıxarmağımıza imkan verməməlidir. Müsəlman və məsihi alimlər İsraillə münasibətlərin normallaşdırılmasını şəriətlə haram elan etməli, ziyalılar, azadlıq tərəfdarları Fələstinin kürəyinə xəncər kimi saplanan bu xəyanətin nəticələrini hamıya izah etməlidirlər.

İsrail rejiminin tənəzzül tendensiyasının əksinə müqavimət cəbhəsinin imkanlarının artması parlaq gələcəyin müjdəçisidir. O artan imkanlar hansılardır? Müdafiə imkanları, effektiv silahların istehsalı sahəsində özünütəminetmə, mücahidlərin özünəinamı, gənclərin günbəgün artan özünüdərki, müqavimətin çevrəsinin bütün Fələstin boyu və ondan kənarda genişlənməsi, bu yaxınlarda gənclərin Məscidül-əqsanın müdafiəsinə qalxması, Fələstin xalqının mübarizlik və məzlumiyyətinin paralel surətdə dünyanın əksər regionlarının ictimaiyyəti arasında inikası.           

İslam Respublikası tərəfindən BMT-nin rəsmi sənədlərində təsbit olunduğu kimi, Fələstinin mübarizəsinin məntiqi mütərəqqi və cəlbedici bir məntiqdir. Fələstində mübarizə aparanlar  əsl fələstinlilər arasında bir referendum keçirə bilərlər. Ölkənin siyasi quruluşunu müəyyən edəcək bu referendumda etnik və dini mənsubiyyətindən asılı olmayaraq əsl fələstinlilər, o cümlədən Fələstindən qaçqın düşmüş insanlar iştirak edəcək. O siyasi rejim qaçqın və məcburi köçkünləri ölkəyə qaytaracaq və sonradan məskunlaşdırılmış əhalinin müqəddəratını müəyyənləşdirəcək.

Bu tələb dünyada geniş yayılmış, mütərəqqi olduğuna heç kəsin şübhə ilə yanaşa bilməyəcəyi demokratiyaya əsaslanır. Fələstinli mücahidlər işğalçı rejim məcbur qalıb bu tələbi qəbul edənə qədər ona qarşı özlərinin qanuni və etik mübarizəsini davam etdirməlidirlər.

Allahın adı ilə irəli gedin və bilin ki,

إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ

“Allah Ona (Onun dininə) yardım edənlərə, sözsüz ki, yardım edər”. (“Muhəmməd” surəsi, 7-ci ayə)

Allahın salamı və rəhməti nəsibiniz olsun.

______________________
1) Tur surəsi, 42-ci ayə