Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin yeni ilin ilk günü İran xalqına Novruz müraciəti

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنة الله علی اعدائهم اجمعین

Bir daha əziz İran xalqımı təbrik edir, Allahdan hamıya bərəkət dolu, düşərli bir il arzulayıram. 1400-cü ilə qədəm qoymuşuq; camaatın nəzərində bu il yeni bir əsrə keçid hesab olunur. Hərçənd dəqiq hesablamada bu belə olmasa da, camaat belə hesab edir, “yeni əsrə keçirik” deyirlər. Ölkəmizin ötən əsrə – 1300-cü ilə keçidi ilə cari il arasında kiçik və mənalı bir müqayisə aparmaq istəsək, 1300-cü il xaricdən asılı Rzaxan diktaturasının başlanğıcı idi (1). İngilislərin təşkil etdiyi o qiyam, əslində, Rzaxanın əli və vasitəçiliyi ilə baş tutmuşdu və ölkədə İngiltərədən asılı diktaturanın hökmranlığı demək idi. Ölkəmiz 1300-cü ilə bu şəkildə keçmişdi. Hazırda qədəm qoyduğumuz 1400-cü il isə seçki ilidir, yəni müstəqilliyin, xalqın səsverməsinin, özünəinamının hökmranlıq edəcəyi bir ildir. Bu il bizim yeni bir əsrə keçid etməyimiz 1300-cü ildə 14-cü əsrə keçid etməyimizdən bu cür əhəmiyyətli bir şəkildə fərqlənir. Ümidvaram, Allah-taala bütün işlərimizi inkişaf və irəliləyişə doğru bu nisbətdə istiqamətləndirəcək.

Mən bir neçə mövzuya toxunacağımı özüm üçün burada qeyd etmişəm: birincisi, yeni ilin elan etdiyimiz şüarıdır (2).  Əslində, bu da istehsalla bağlı bir şüardır, intəhası yeni şüar daha çox istehsalın inkişafına dəstək verilməli, əngəllərin ortadan qaldırılmalı olduğunu önə çəkir. Daha sonra seçki məsələsinə toxunacağam, bu barədə bir neçə məqamı qeyd edəcəyəm. Xarici siyasət, günümüzün bu baxımdan aktual məsələləri, nüvə razılaşması barədə də əziz İran xalqımızın diqqətinə qısaca olaraq bir neçə məsələni çatdıracağam.

İl təhvil olunduğu zaman etdiyim Novruz müraciətində də qeyd olunduğu kimi, 1399-cu ildə qarşıya qoyulmuş “Sıçrayışlı istehsal” (3) hədəfi tam olaraq reallaşdırılmayıb. Lakin həqiqət və insaf xatirinə demək lazımdır ki, mühüm sahələrdə istehsalın inkişafı müşahidə olunub. Bəzi hallarda bunu sıçrayış kimi də dəyərləndirmək olar, bəzi hallarda isə sıçrayış adlandırmaq olmasa da, mütləq şəkildə istehsalın inkişafı hesab etmək mümkündür. Mənə istehsalında artım müşahidə olunmuş məhsulların nisbətən uzun bir siyahısını təqdim etmişdilər – əlbəttə ki, burada mən o siyahını tam olaraq oxumayacağam – əsasən məişət mallarının istehsalı daha çox artıb. Avtomobil şinləri, alüminium, neft-kimya məhsulları, polad və sair – 1399-cu il ərzində istehsalı, həqiqətən də, artmış məhsullar bunlardır. Bunu davam etdirmək lazımdır. Ölkədə istehsal sahəsində start götürmüş bu inkişaf tendensiyası davam etdirilməli, əngəllər ortadan qaldırılmalıdır. 

İstehsalın inkişafı yolunda mövcud əngəllərə misal olaraq mən bir neçəsini sadalmaq istəyirəm. Deyəsən, Novruz müraciətimdə də demişdim, yenə də qeyd etsəm, pis olmaz. Məsələn: yersiz və ya lüzumsuz idxal, qaçaqmalçılıq, istehsalçıların əl-qolunu bağlayan çoxsaylı, lazımsız qanun və qərarlar, bankların, bank sisteminin istehsalçılara kömək etməməsi – bütün bunlar mövcud əngəllərdir, lakin təkcə bunlar da deyil. Mənə istehsalın inkişafına əngəl olan amillər barədə təfsilatı ilə məlumat verilib. Zənnimcə, bu məlumatlar “Səda və sima” Dövlət Teleradiosu vasitəsilə bu işlərdən başı çıxan ekspertlər tərəfindən ictimaiyyətə təqdim olunsa, çox yaxşı olar. Qoy insanlar bilsinlər ki, həmin əngəllərdən bəzilərinin ortadan qaldırılması elə onların özlərindən, bəziləri isə dövlət, yaxud bütövlükdə hökumət strukturlarından asılıdır; istər icraedici hökumət olsun, istərsə də hakimiyyətin digər qolları. Hər halda, istehsalın inkişafının qarşısını kəsən əngəllər çoxdur və ortadan qaldırılmalıdır.

Dövlət dəstəyi də çox önəmlidir; məsələn, təşviqedici qanunlar və ya istehsal üçün zəruri məhsulların idxalına kömək kimi. Bəzi hallarda istehsal üçün zəruri xammal və ya avadanlığın xaricdən gətirilməsinə ehtiyac olur. Belə hallarda istehsalçıya yardım etmək, asanlaşdırıcı tədbirlər nəzərdə tutmaq lazımdır. İstehsalın inkişaf etdirilməsi üçün digər bir mühüm şərt isə əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsidir. Bazarda alıcı tələbatı olmadığı surətdə məhsul istehsalı istehsal müəssisələrini daha da ağır vəziyyətə gətirir. Əhalinin alıcılıq qabiliyyəti isə milli valyutanın dəyəri ilə birbaşa bağlı olan çox önəmli bir məsələdir. Mütəxəssislər bu mövzu ətrafında geniş müzakirələr aparmalıdırlar.  Yaxud məsələn, vasitəçilərin işinə son qoyulmasına yardım etmək vacibdir. Vasitəçilər məhsulların qiymətini bahalaşdırır, nəticədə istehsalçı da, istehlakçı da ziyan çəkir. Hər ikisi ziyan çəkir. Yersiz vasitəçilik edənlərin işinə son qoyulsa, bunun istehsala çox böyük köməyi olacaq. Və sair bu kimi məsələlər. Sadaladığım bütün bu işlər 1400-cü ildə həyata keçirilsə, heç şübhəsiz, iqtisadiyyatımızda müsbətə doğru dəyişiklik müşahidə olunacaq.

Əlbəttə ki, riayət olunması vacib olan digər şərtlər də var. Məsələn, korrupsiya ilə mübarizə. Bu çox önəmli bir məsələdir. Korrupsiyanın kanallarını bağlamaq lazımdır. Bu isə, əslində, bank və gömrük sistemlərində və sair bu kimi sahələrdə islahatların aparılması deməkdir. Korrupsiyanın yolunu tamamilə qapatmaq lazımdır.

Mən burada əziz İran xalqıma bir şeyi də demək istəyirəm: bəziləri xalqın dolanışığında müəyyən problemlərin olmasından istifadə edərək vəziyyəti tamamilə pismiş kimi qələmə verir, “xeyri yoxdur, heç nə etmək mümkün olmayacaq” kimi pessimist əhval-ruhiyyə yayırlar. Belələri var; istər virtual məkanda, istər bizim bəzi mətbuat orqanlarımızda, istərsə də, təəssüflər olsun ki, daha çox xarici təbliğatda. Xalqın qarşısında faktiki olaraq müəyyən problemlər durduğuna görə bundan bir vasitə kimi istifadə edərək vəziyyəti tamamilə dalana dirənibmiş, heç bir şey etmək mümkün deyilmiş kimi qələmə verirlər. Xeyr, mən sizə deyim ki, heç də belə deyil. Daxildəki imkan və potensiala əsaslanaraq demək olar ki, ölkəmizin iqtisadiyyatı regionda və hətta dünyada ən çiçəklənən iqtisadiyyatlardan biri ola bilər. Bizim imkanlarımız geniş, potensialımız çoxdur. Bu imkanlardan istifadə etmək üçün möcüzəyə-filana da ehtiyac yoxdur. Bunlar elə məsələlərdir ki, rəsmilərin, aidiyyətli qurumların rəhbər şəxslərinin  məsuliyyət hissi, səy və əzmi sayəsində həll oluna bilər. Şərti isə budur ki, ölkədə korrupsiyanın qəti şəkildə əleyhinə olan, güclü bir administrasiya hakimiyyətdə olsun və kompleks xarakterli bir iqtisadi inkişaf proqramı mövcud olsun. Bunlar olsa, mövcud potensialdan istifadə etmək olar.

Elə hazırda da Dünya Bankının ekspertləri (bu ki daha bizim sözümüz deyil; Dünya Bankının ekspertləri dünyanın məşhur və əslində, 1-ci dərəcəli iqtisadçı ekspertləridir) söylərirlər ki, İran iqtisadiyyatı dünyanın ən üstün iqtisadiyyatları arasında 18-ci yerdədir. Yəni 200-dən çox dünya ölkəsi arasında biz 18-ci yerdəyik. Özü də hazırkı vəziyyətdə, sanksiya və çoxsaylı problemlərin mövcudluğu şəraitində. Deyirlər ki, əgər istifadə olunmamış imkan və potensialdan istifadə olunsa (bir azdan onlardan bir neçəsini qeyd edəcəyəm) İran iqtisadiyyatı 6 pillə irəliləyərək 12-ci yerə qalxar. Bu çox əhəmiyyətli bir faktdır. Səksən milyondan çox əhalimiz var, kənardan bizə bir bu qədər problemlər yüklənir – sanksiyalar və sair – buna baxmayaraq, əlhəmdulillah, ölkəmiz canlıdır, ayaqdadır, dünyanın ən üstün iqtisadiyyatları sırasında 18-ci yerdədir. Bu, balaca bir şey deyil. Buna diqqət yetirmək lazımdır.

Lakin Dünya Bankının hesabatlarında qeyd olunan resurslar 2 növdür: ərazi resursları və insan resursları. Ərazi resursları deyərkən, məsələn, ölkənin ərazisi, neytral sulara çıxış imkanı (biz Oman dənizinə və Hind okeanına qonşu olduğumuz üçün neytral sulara çıxışımız var) qonşu dövlətlərin sayı (qonşuluğumuzda 14-15-ə yaxın dövlət var ki, birlikdə götürəndə onların 600 mindən çox əhalisi var, bu isə çox önəmli bir imkan və potensialdır) Şərq, Qərb, Şimal və Cənub arasında tranzit, yükdaşıma yolları nəzərdə tutulur. Ölkəmiz bu cür əlverişli coğrafi mövqeyə, geniş imkanlara malikdir. Əlbəttə, düşmənlər bu imkanlardan yararlanmağımıza əngəl olmaq üçün əllərindən gələni edirlər, amma daha artıq çalışıb yaxşı işləməklə bütün bu potensialdan lazımınca istifadə etmək mümkündür. Ərazi resursları bunlardır.

İnsan resursları dedikdə isə əmək qabiliyyətli yaşda olan əhalinin sayı başa düşülür. Baxın, 60-cı illərdə əhalinin sayında müşahidə olunmuş artım nəticəsində bu gün həmin gənclər əmək bazarına daxil olublar (halbuki o vaxt da bir qrup adam çığır-bağır salıb: “Lazımsız yerə əhalinin sayını nə üçün artırırsınız?” – deyirdi). Yəni ölkəmiz gənc bir ölkədir, əmək bazarına daxil ola biləcək insan resursları kifayət qədərdir. Əmək qabiliyyətli yaşda olan, təhsilli kadrları aktivləşdirmək lazımdır. Bizim ölkədə universitetlərin sayını heyrətamiz dərəcədə artırmağımız, ali təhsili bu qədər genişləndirməyimiz, ali məktəb məzunlarının sayının artması gənc nəslin böyük bir qisminin savadlı, əmək fəaliyyətinə başlamaq üçün hazırlıqlı olmasına səbəb olub. Bunlar Dünya Bankının hesabatında əksini tapan resurslarımız idi, amma bizim digər mühüm resurslarımız da var. Bu gün mən onlardan bir neçəsini qeyd etmək istəyirəm.

Onlardan biri daxili bazar imkanıdır. İran istehsalçısı 80 milyonluq bir istehlakçı bazarına malikdir; yəni hər bir istehsalçı eyni zamanda özü də istehlakçıdır və beləliklə, ümumlikdə İran istehsalçısının ixtiyarında böyük bir ölkənin 80 milyonluq istehlakçı bazarı var. Bunun özü önəmli bir imkandır.

Digər bir mühüm resursumuz təbii resurslardır. Bu gün biz onların hamısından olmasa da, bəzisindən xammal şəklində istifadə edirik; çoxundan xammal formasında istifadə edirik; məsələn, neft və qazdan. Halbuki bunlardan daha səmərəli surətdə istifadə etmək, bu resurslar vasitəsilə əlavə dəyər yaratmaq olar. Və ya kənd təsərrüfatı üçün yararlı torpaqlar, əkin yerləri, meşələr – bütün bunlar İran xalqının sahib olduğu nəhəng sərvətdir. Biz neft, qaz, sink, mis, dəmir filizi və sair bu kimi yeraltı resursların həcminə görə dünyada ön sıralardayıq. 1-ci, 2-ci yerlərdən tutmuş 9-cu yerə qədər. Bizdə belə nəhəng həcmli sərvətlər var. Bunlar çox önəmli resurslardır. Bunlardan başqa, son 30 ildə ölkədə əvvəllər mövcud olmamış mühüm infrastrukturlar yaradılıb, bəndlər, elektrik stansiyaları, avtomobil və dəmiryol nəqliyyatı və sair bu kimi çoxsaylı infrastrukturlar qurulub. Bu cür səciyyələndirilən, belə bir potensiala malik olan ölkənin düzgün iqtisadi proqramı olsa və başında da güclü bir hökumət dursa, iqtisadi cəhətdən inkişaf etmiş bir ölkəyə çevrilə bilər və daha heç bir sanksiya ona təsir edə bilməz (bir azdan seçki barədə danışarkən də deyəcəyəm. Bu hökumət güclü, problemləri həll etməyə qadir olmalı, xalqa yaxın, korrupsiyanın əleyhinə olmalıdır). Sanksiyaların olub-olmamağı problem deyil; sanksiyalar istər qalsın, istərsə də götürülsün. Ölkənin çiçəklənən və inkişaf edən bir iqtisadiyyatı olsa, başqaları ona ehtiyac duyacaq və daha sanksiyaların heç bir mənası olmayacaq.

Ölkə iqtisadiyyatı ilə bağlı daha bir məqamı qeyd etmək yerinə düşər: problemlərin aradan qaldırılması üçün xalqın dəstəyinə ehtiyac var. Xalq ürəkdən əməkdaşlıq etməlidir. Xalq qolunu çırmayaraq hansı işdə iştirak edirsə, o işin mütləq surətdə düyünü açılır. İndiyə qədər də belə olub, xalq hansı işə qoşula bilibsə, o işdə irəliləyiş əldə olunub. Demək istədiyim budur ki, investisiya, istehsala investisiya qoyuluşu məsələsində camaat özü önəmli rol oynaya bilər. Əlində müəyyən kapitalı olan və onu faydasız sövdələşmələrə sərf edənlər özləri də istehsala yatırım edə bilərlər, başqalarına kömək etmək istəyənlər də. Eynilə koronavirusla mübarizədə olduğu kimi. İnsanlarımız “Mömincəsinə yardım” aksiyasına necə hamılıqla qoşuldularsa, istehsal məsələsində də imkanı olanlar 1,2, 10 nəfər üçün iş yeri yarada, işsiz insanların məşğulluğunun təmin edilməsinə yardımçı ola bilərlər. 

Əlbəttə, bunun üçün təşkilatlandırma işi çox vacibdir. Çoxları var ki, kömək etmək istəyirlər, amma bunu necə etməli olduqlarını bilmirlər. Bəzi digər sahələr kimi, ayrı-ayrı xeyriyyəçilər, inqilabi xeyriyyə qurumları, məscidlərin nəzdindəki ianə fondları bu işdə də çox fəaldır, lakin onların fəaliyyətini planlı surətdə qurmaq lazımdır ki, hər kəs əlində olan kiçik sərmayə ilə ölkədə istehsalın inkişafına necə yardım edə biləcəyini bilsin. Yəni hər kəs belə düşünməsin ki, istehsal sahəsində işə başlamaq üçün əlində milyardlarla sərmayə olmalıdır. Xeyr, bəzən az pulla da ölkədə istehsalın dirçəlməsinə kömək etmək mümkündür. Tutalım, kənddə yaşayan hansısa ailəyə bir neçə baş mal-qara ilə dəstək olmaq, onların özünütəminatını təşkil etmək olar. Şəhərdə yaşayan bir ailəyə toxuculuq və ya dərzilik avadanlıqları verməklə onların maddi problemlərini kökündən həll etmək mümkündür. Bir çox belə işlər görmək olar ki, həm əhaliyə yardım edib yoxsulluqla mübarizə aparmış olasan, həm də ölkədə istehsalın inkişafına dəstək olasan.

Yeri gəlmişkən, sanksiyalar barədə də bir neçə cümlə deyim. Əlbəttə, daha sonra qayıdıb yenə də bu barədə bir qədər ətraflı danışacağam. İqtisadiyyatdan söz düşmüşkən bunu demək istəyirəm ki, əvvəla, Amerikanın bizə, eləcə də bəzi digər ölkələrə qarşı tətbiq etdiyi iqtisadi blokada və sanksiyalar böyük bir dövlət cinayətidir. Sanksiyalara siyasi, yaxud diplomatik bir məsələ kimi baxmaq lazım deyil. Bu, doğrudan da, cinayətdir. Bir xalqın üzərinə sanksiyalar qoymaq, ehtiyac duyduğu dərman vasitələrini, tibbi avadanlıqları, ərzaq məhsullarını ölkəsinə gətirməsinə imkan verməmək (indi şükürlər olsun ki, biz çulumuzu sudan çıxarırıq və çıxarmışıq, amma bəzi ölkələr bunu edə bilmir) həqiqətən də, böyük bir cinayətdir və belə bir cinayətə yalnız Amerika kimi, bir gündə 220 min insanı qətlə yetirmiş (4) bir dövlət yol verə bilər.  Amerika da daxil olmaqla bəzi ölkələr bu cinayətə yol veriblər. Bunu bilin ki, sanksiyalar, iqtisadi blokada, mütləq surətdə böyük bir cinayətdir. Bu, birincisi.

Buna baxmayaraq, ölkəmizə qarşı törədilmiş bu cinayətin – sanksiyaların bizə bir xeyri də oldu. Əslində, biz bu təhlükəni fürsətə çevirə bildik. Bizim çalışqan gənclərimiz səy və əzm göstərərək tamamilə xaricdən asılı olduğumuz bəzi məhsullara olan ehtiyacımızı ödəməyi bacardılar. Yəni həmin məhsullar ölkə daxilində istehsal olundu, daxili istehsala start verildi. Hələ bu, istehsalda sıçrayış məsələsindən ayrı bir mövzudur. Bu, ölkədə texnologiyanın yaradılmasıdır. Əslində, bu, ölkə daxilində yeni bir işə təşəbbüs göstərmək deməkdir. Necə ki bəzən televiziya vasitəsilə məlumat verib: “Biz filan işləri görmüşük”, – deyirlər. Hansısa məhsulu istehsal etməklə ölkənin xarici ölkələrə olan ehtiyacına son qoyurlar, özü də məhsulları həm xarici analoqundan daha keyfiyyətli, həm daha ucuz olur, həm də öz uşaqlarımızın əməyinin nəticəsi olduğunu bilərək o malı daha da böyük könül xoşluğu ilə istehlak edirsən. Müəyyən sahələrdə bu asılılığa son qoydular. Bu bizim üçün bir dərs oldu. Bu gün televiziyada hansısa gəncin çıxıb: “Mən, yaxud biz bir neçə nəfər filan işə təşəbbüs göstərmişik, filan işi görmüşük”, – deməyi, doğrudan da, bizim üçün bir dərsdir. 

Sanksiyalara qarşı mübarizədə biz iki yoldan birini tuta bilərik: birincisi, sanksiya tətbiq edənin arxasınca düşüb xahiş-minnət etmək, “Bu sanksiyaları azaldın, yaxud qaldırın”, – deyib yalvarmaq. O da cavabında özünün bir neçə imperialist tələbini irəli sürüb deyəcək ki, lap yaxşı, siz filan işləri görün, mən sanksiyaları bir qədər azaldaram. Bir yolu budur və əslində, zillət, süqut və gerilik yoludur. İkinci yolu isə odur ki, biz öz daxili gücümüzü fəallaşdıraq. Bizim yaxşı imkan və potensialımız var. Gücümüzü aktivləşdirib sanksiya qoyulan məhsulları özümüz daxildə istehsal edək. Qarşı tərəf həmin məhsulun ölkə daxilində istehsal olunduğunu görəndə özü əl-ayağa düşəcək. Çünki onlar özləri ölkələrarası ticarətdən, məhsul satışından xeyir götürürlər, ölkələrin gəlirlərinin önəmli bir hissəsini məhz bu təşkil edir. Bunun özü sanksiyaların aradan qaldırılmasına, ləğv olunmasına və ya təsirinin heçə endirilməsinə səbəb olacaq. Xalqımız ikinci yolu seçib; bu, həqiqətən də, belədir. Mən görürəm ki, əziz xalqımız bu ikinci yolu seçib, böyük nailiyyətlər də əldə edib. Onlardan ən axırıncısı koronavirus məsələsində əldə olunan uğurlardır. Yadınızdadırsa, koronavirus ilk dəfə ölkəmizə gələndə bizim heç maskamız da yox idi. Əhalinin maska taxması üçün ölkədə kifayət qədər imkan yox idi. Həmçinin o dezinfeksiyaedici maddələr; onlardan da kifayət qədər yoxumuz idi. Çalışıb-vuruşdular və nəticədə öz imkanlarımız hesabına özümüzü maska ilə təmin edə bildik. Başqaları maskanı oğurlayırdılar – 1398-ci ilin isfənd və 1399-cu ilin fərvərdin aylarına aid olan söhbətdir – Avropa ölkələrindən biri Çindən maska almışdı, başqa bir Avropa ölkəsi gəlib yolda başının üstünü kəsdirib oğurlayıb aparmışdı! Yəni dünyada maska məsələsi belə bir vəziyyətdə idi. Biz isə özümüz istehsal etdik. Gənclərimiz, camatımız evlərdə, məscidlərdə maska və dezinfeksiyaedici maddələr istehsal etdilər. Yəni bu, doğrudan da, xaricdən asılılığa son qoymağın bariz bir nümunəsi idi. Bu qayda ilə irəli gedib vaksin istehsalına çatdıq və şükürlər olsun ki, bu gün ölkəmizdə müxtəlif yollarla, bir neçə metodla vaksin sınaqdan keçirilir və artıq istehsalı reallaşmaqdadır. Bu, ölkəmizə nüfuz qazandırıb; yəni insafı olan bəzi xarici təhlilçilər buna görə ölkəmizi təqdir edirlər. İran xalqı bu yolu sınaqdan çıxarıb və inşallah, bundan sonra da bu yolla irəliləyəcək.

Bu gün elmi innovasiyalara əsaslanan və əsaslanmayan fəal istehsalçı şirkətlərdə minlərlə gənc sanksiya altında olan məhsulları istehsal edir. Keyfiyyəti də daha yüksəkdir, qeyd etdiyim kimi, daha ucuzdur da. Digər sahələrdə də eynilə; yəni həqiqətən də, biz gənclərimizin istedadı haqda nə qədər danışsaq, azdır. Yeni yaranmış elm sahələrində, məsələn, nano elmində; bu gün biz nanotexnologiyalara, nanoməhsulların istehsalına görə ən yüksək yerləri tutan dünya ölkələri arasındayıq. Elmi məqalələr, istinad edilən məqalələr baxımından; qlobal elmi mərkəzlər deyir ki, ötən 20 il ərzində – çünki nano elmi yeni yaranıb – məsələn, 2001-ci ildə İran nano elmi sahəsində 10 məqalə təqdim etmişdisə, 2020-ci ildə 12 min məqalə təqdim edib. Yəni 20 il ərzində biz nano sahəsində yazılan elmi məqalələrin sayını 10-dan 12 minə qaldırmışıq. Şükürlər olsun, ölkədə bu cür işlər həyata keçirilir; bunlar çox önəmlidir. 

Müdafiə sahəsində də, özünüz görürsünüz. Şükürlər olsun, günbəgün daha böyük, daha parlaq və müəyyən baxımdan heyrətamiz nailiyyətlər əldə olunur. Müdafiə sənayemizin ərsəyə gətirdiyi məhsullar ölkənin xarici təhlükəsizlik indeksini yüksəldir. Bu, ölkə üçün çox önəmlidir. İmam Əlinin (ə) kəlamında deyildiyi kimi:

حصون الرّعیّة

– möhkəm, keçilməz sədd yaradır. Müdafiə sahəsində qazanılan uğurlar, həqiqətən də, ölkənin təhlükəsizliyi üçün möhkəm səddir. Odur ki real bir təhlükə və cinayət olan sanksiyaları daxili güc və potensiala diqqət yönəltməklə ölkə üçün yaxşı bir fürsətə çevirmək mümkündür.  

Və son olaraq iqtisadi problemlərlə bağlı bir şeyi də qeyd etmək istəyirəm: mən ölkə rəsmilərinə – istər hazırda iş başında olanlar olsun, istərsə də bundan sonra vəzifəyə gələcək olanlar – daim təkidlə tövsiyə edirəm ki, ölkə iqtisadiyyatının vəziyyətini yalnız sanksiyaların aradan qaldırılması ilə bağlamasınlar. İndi namizədlər seçkiqabağı təbliğatlarında da iqtisadiyyat mövzusunda danışacaqlar. Qoy ölkə iqtisadiyyatını çıxılmaz vəziyyətdə, əli-qolu bağlı, başqalarının verəcəyi qərarları gözləyirmiş kimi təqdim edib: “Sanksiyalar götürülsə, onu edəcəyik, bunu edəcəyik”, – deməsinlər. Siz elə bilin ki, sanksiyalar elə öz yerində qalacaq. Ölkə iqtisadiyyatını sanksiyaların mövcudluğu variantı əsasında planlaşdırın. Və bunu etmək mümkündür. Gözünüzü başqalarına dikib gözləməyin. Son 3-4 ildə iqtisadiyyatımızın problemlərindən biri də elə bu olub ki, daim: “Əgər sanksiyalar götürülsə, elə olar, belə olar, ölkəyə xarici investisiya gəlsə, filan cür olar”, – demişik. Bu “əgər”lər ölkənin iqtisadiyyatını geri salır, çaş-baş vəziyyətdə saxlayır. İqtisadiyyatda qeyri-müəyyənlik situasiyası yaranmamalıdır, bu, böyük bir zərərdir. İqtisadi problemlər və cari ilin şüarı barədə bu qədər. İnşallah, hamı çalışıb səy göstərməlidir ki, istehsalın inkişafına dəstək verilsin və əngəllər ortadan qaldırılsın.

İrəlidə – xordad ayında bizi gözləyən prezident və yerli şura seçkilərinə gəlincə; təxminən 3 aydan sonra baş tutacaq bu seçkilər son dərəcə əhəmiyyətli olduğuna görə bu barədə bir neçə məqamı qeyd etməliyəm.

Birincisi, seçkilərin əhəmiyyətidir. Seçkilər ölkəmiz üçün həm daxili vəziyyət, həm də xarici nüfuz baxımından çox önəmlidir.

Daxili vəziyyət baxımından seçkilər, əslində, ölkədə bir yenilənmədir. Seçkilərin olmağı, iş başına yeni kadrların gəlməyi ölkə administrasiyasında bir yenilənmə yaradır. Bu çox önəmlidir, sanki icra aparatına yeni bir nəfəs gəlir. İcra aparatının işi çox ağırdır, bu barədə, inşallah, hələ danışacağam. Odur ki stimul və enerji dolu, işə həvəsli bir kollektivin işə başlaması ölkə üçün çox bərəkətli və yaxşı bir şeydir.

Ölkənin xarici nüfuzu baxımından da seçkilər, xalqın iştirakı milli iqtidarın göstəricisidir. Bunu hamımız bilməli və etiraf etməliyik ki, müdafiə imkanları, diplomatik güc və sair bu kimi amillər, heç şübhəsiz, hər bir ölkəyə güc və iqtidar qazandırır, lakin bunlardan daha vacibi ölkənin xalqı, əhalisidir. Dünyada dost-düşmən, hər kəs bir xalqın ayıq-sayıq, ayaqda, əzmkar, stimullu olduğunu görəndə həmin ölkə hamının – dostun da, düşmənin də gözündə bir nüfuz, iqtidar qazanır. Odur ki xalqın iştirakı ölkəyə iqtidar qazandırır, seçkilər də xalqın iştirakının təzahürüdür. İnqilabi icmalar özü-özlüyündə xalqın iştirakının təcəssümüdür, amma əlbəttə ki, hamısından daha önəmlisi seçkilərdir.

Mən bundan qabaq dəfələrlə “Güclü İran” barədə danışmışam (5). Yəni biz ölkəmizi gücləndirmək üçün çalışmalıyıq. Özünə qarşı düşmənlərin, tamahkar və imperialist qüvvələrin düşmənçiliyini görən bir ölkənin və xalqın özünü gücləndirməkdən başqa çıxış yolu və əlacı yoxdur.  Ölkənin güclənməyi, “Güclü İran” hamının ürəyincə olan bir şüardır, onu hamı qəbul edir. “Güclü İran” şüarını yalnız elə adam qəbul etməz ki, o heç mənim özümü də qəbul etmir. Sözsüz ki, güclü İran zəif, heç nəyə qadir olmayan, başqalarının qapazaltısı olan İrandan daha yaxşıdır; güclü, nüfuzlu, hörmətli İran. Yaxşı, bəs bu gücü İrana kim bəxş edəcək? Dediyim kimi, xalq; məhz xalq ölkəyə bu gücü qazandıracaq. Xalqın varlığının, xalqın iştirakının – bu iştirakın özünün, səviyyəsinin – heç şübhəsiz, milli iqtidara təsiri böyükdür.    

Bir şeyi də deyim, qoy əziz xalqımız bilsin ki – bu artıq bizə gəlib çatan dəqiq məlumatdır – müəyyən ölkələrin və hamısından daha betəri Amerika və İsrailin xüsusi xidmət orqanları indi yox, hətta bir müddət bundan əvvəldən başlayaraq sonuncu xordad seçkilərini fəallıqdan məhrum etmək üçün çalışırlar. Ya seçki keçirən orqanları ittiham edərək: “Seçkinin layihəsi artıq hazırdır”, – deyirlər, ya Keşikçi Şuranı ittiham edirlər, ya da camaatı həvəsdən salıb: “Sizin verdiyiniz səsin heç bir təsiri yoxdur, onsuz da vəziyyət düzəlməyəcək, boş yerə özünüzü niyə yorursunuz?!” – deyirlər. Var gücləri ilə bu təbliğatı aparırlar.

Virtual məkandan da maksimum istifadə edirlər. Təəssüf ki, mənim dönə-dönə vurğulamağıma baxmayaraq, ölkəmizdə internet məkanına lazımi nəzarət yoxdur, müəyyən cəhətlərdən, həqiqətən də, başlı-başınalıqdır. Aiddiyyətli qurumların rəsmiləri bu məsələyə diqqət yetirməlidirlər. Dünyanın bütün ölkələrində öz virtual məkanına nəzarət var, biz isə interneti başlı-başına buraxmağımızla fəxr edirik! Bunda fəxr ediləsi bir şey yoxdur; bununla əsla fəxr etmək olmaz. Virtual məkanı idarə etmək lazımdır. Camaat bu imkandan istifadə etməlidir, şübhəsiz ki, bu, insanlar üçün bir azadlıq vasitəsidir, çox da yaxşıdır, lakin bu vasitə ilə düşmənin ölkəyə və xalqa qarşı məkrli planlar həyata keçirməsinə şərait yaratmaq olmaz. Virtual məkandan istifadə edirlər, məqsədləri də psixoloji təbliğat yolu ilə xalqın seçkidə iştirakını azaltmağa nail olmaqdır. Ümidvaram, inşallah, xalqımız onlara rədd cavabı verəcək, düşməni ümidsizliyə düçar edəcək bir şəkildə davranacaq və seçki kimi vacib bir prosesdən kənar qalmayacaq. Seçkilərin əhəmiyyəti barədə bu qədər. 

İkinci vacib məqam isə prezidentlik məsələsinin əhəmiyyətidir. Ölkə prezidentliyi çox əhəmiyyətli bir məsələdir. Yəni ölkənin ən önəmli və effektiv idarəçilik postu prezidentdir . İndi bəziləri deyirlər ki, “prezidentin bir o qədər də səlahiyyəti yoxdur, prezident tədarükçüdür, prezident 12-15 % səlahiyyətə malikdir” (maraqlıdır ki, bunu necə hesablayırlar? Neçə ildir kənar-bucaqda bu cür fikirlər səsləndirilir). Bu kimi fikirlər reallığı əks etdirmir; ya məsuliyyətsizlikdən, ya məlumatsızlıqdan, ya da Allah eləməmiş, qərəz ucbatından deyilir. Çünki əslində, belə deyil və prezident postu ölkənin ən gərgin işləyən, ən məsuliyyətli postlarından biridir .  Yəni heç “postlarından biri” də demək olmaz. Prezidentlik ölkənin bütün administrativ postlarından daha gərgin iş rejiminə malik olan, ən məsuliyyətli postudur. Demək olar, ölkənin bütün administrativ mərkəzləri prezidentin ixtiyarındadır. Yəni tutalım, məhkəmə hakimiyyətinin və ya güc strukturlarının öz idarəçilik sferası var. Bunlar icraedici hakimiyyətin idarəetmə sferası ilə müqayisədə sıfırdan bir qədər artıq faiz göstəricisinə malikdirlər. Özündə minlərlə idarəçilik strukturunu birləşdirən icraedici hakimiyyətin böyük bir qismi ölkə başçısının ixtiyarındadır. Ölkənin təsdiq olunan büdcəsi bütövlüklə prezidentin ixtiyarındadır. Çünki Büdcə Təşkilatının sədri prezidentin müavinidir və birbaşa prezidentin nəzarəti altındadır. Eynilə ölkənin administrativ imkanlarının da əksəriyyəti, böyük bir qismi prezidentin əlindədir. Odur ki hakimiyyətin digər qolları icraedici hakimiyyətin yanında, əslində, heç nədir. Ölkə prezidentliyi belə bir önəmli postdur. İndi siz prezident seçməyə hazırlaşırsınız. Görün bu seçkiyə gedib səs verməklə sizin və mənim öhdəmizə necə böyük bir məsuliyyət düşür! Əlbəttə, mənim verdiyim səslə 16-17 yaşlı bir oğlanın verdiyi səs eyni qüvvəyə malikdir, bir-birindən heç bir şəkildə üstün, yaxud aşağı deyil. Biz gedib səs verərək bir prezident seçmək istəyirik. Gəlin prezidentin çiyinlərinə nə qədər böyük bir məsuliyyət düşdüyünə diqqət edək. Bu da bir məqam.

3-cü məqamı qeyd etməklə namizədlərə müraciət etmək istəyirəm. Prezidentliyə namizədliyini irəli sürən insanlara demək istəyirəm ki (artıq başlanıb; bir müddətdir ki, ayrı-ayrı şəxslər namizədliklərini irəli sürmək fikrində olduqlarını bir-birinin ardınca elan edirlər) qoy onlar bu işin ağırlığını dərk etsinlər. Prezidentliyə namizədliyinizi irəli sürməklə necə ağır bir yükün altına girdiyinizi bilin. Görsəniz ki, bacarırsınız, lap yaxşı, seçki marafonuna qatılın, amma işin ağırlığını dərk etmədən bu meydana atılmayın. Əvvəla, ölkənin əsas problem və çətinliklərinin nədən ibarət olduğunu bilin. Ölkənin problemləri bir-iki deyil. Yüzlərlə problem var ki, onlardan ən azı bir neçə on dənəsi təcili həllini gözləyən mühüm problemlərdir. Bunları bilin, ölkənin çətinliyinin nə olduğunu, qarşıda hansı problemlərin durduğunu bilin, onların həlli üçün bir proqramınız, həll yolunuz olsun. Xülasə formada olsa belə; mən demirəm ki, problemlərin həlli yolunu təfsilatı ilə irəli sürün, qoy lap icmal şəklində olsun. İqtisadiyyatın probleminin nə olduğunu bilin. İqtisadiyyat çox önəmlidir. İqtisadi problemlərin həlli çərçivəsində qarşıda bir sıra məsələlər durur: milli istehsalın inkişafı, milli investisiyanın inkişafı, milli valyutanın gücləndirilməsi, inflyasiya problemi və sair bu kimi məsələlər. Bundan başqa, ölkənin təhlükəsizliyi də çox önəmli bir məsələdir. Sosial bəlalar ölkənin mühüm problemləri sırasına daxildir. Mürəkkəb qlobal siyasətlərlə üz-üzə qalmaq; namizədliyinizi irəli sürməklə siz bu siyasətlərlə üz-üzə durmaq niyyətində olduğunuzu bildirirsiniz; yəni xarici siyasət məsələsi. Olduqca önəmli olan mədəniyyət məsələsi. Ölkədə vəziyyətin necə olduğunu, gözləntilərin hansılar olduğunu, hansı işləri görmək lazım olduğunu bilməli, bütün bunlar haqda məlumatlı olmalısınız. Bu mühüm və ağır işi çiyinlərinizə götürməyə hazır olduğunuzu görürsünüzsə, bismillah, seçkiyə qatılın. Yox görsəniz ki, bacarmayacaqsınız, geri durun. Hədisdə də var ki, bacarmadığı işə baş qoşan adama çox pis bir vəd verilib. Mən daha o vədin nə olduğunu açıqlamaq istəmirəm. Prezidentliyə namizədlərə demək istədiklərim də bunlar idi.

Camaatımıza, seçicilərə də üzümü tutub arzuolunan namizədin xüsusiyyətlərini qeyd etmək istəyirəm. Mən deyim, siz baxın görün ürəyinizə yatan namizəddə həmin bu xüsusiyyətlər var, ya yox.  Yəni bu mənim şəxsi fikrimdir və düşünürəm ki, ölkənin xoşbəxtliyini istəyən hər bir kəs məhz belə bir prezident istəyər. Əvvəla, administrativ bacarıqlara sahib olsun, kifayət qədər idarəçilik səriştəsi olsun. İkincisi, imanlı olsun; imansız birinə etibar etmək olmaz. İmansız adam gün gələr ölkəni, ölkənin mənafeyini, xalqı satar. Odur ki imanlı olmalıdır. Ondan sonra, ədalətli olsun, korrupsiyanın əleyhinə olsun. Bu, bir prezident üçün vacib olan ən mühüm xüsusiyyətlərdən biridir: sözün həqiqi mənasında ədaləti icra etmək və korrupsiya ilə mübarizə aparmaq niyyətində olsun. İnqilabi ruhiyyəyə, cihad əzminə sahib olsun. Yəni standart, sıradan həvəs və təşəbbüskarlıqla işləmək olmaz. Ölkədə mövcud olan bir bu qədər əsaslı problemi həll etmək üçün inqilabi ruhiyyə ilə, cihad əzmi ilə işləmək lazımdır. Seçiləcək namizəd də məhz belə işləməlidir. 

Daxili güc və potensiala inanmalıdır. Bəziləri var ki, daxildəki güc və potensialı qətiyyən qəbul etmirlər. Elə o köhnə söhbəti təkrarlayıb deyirlər ki, “ölkənin öz gücü hesabına ancaq lüləhəng  istehsal etmək olar” (6). Daha bilmirlər ki, ölkənin necə potensialı var! Bir vaxtlar cənablardan biri ölkənin müdafiə imkanları barədə bir fikir səsləndirmişdi, tapşırdım ki, bir sərgi təşkil edin, qoy cənablar gəlib müdafiə sahəsində nələr baş verdiyini görsünlər. Yeni seçiləcək namizəd ölkənin güc və potensialına, həqiqətən də, əmin olmalı, inanmalıdır. Və gənclərə inanmalı, gəncləri qəbul etməli, onları ölkənin ümumi hərəkatının avanqardları olaraq görməli, gənclərə etimad göstərməlidir. Mən özüm elə əvvəldən gənclərlə əlaqədə olmuşam və illərdir ki, müxtəlif məsələlərdə onlara etimad göstərirəm. Həqiqətən də, gənclər hansı sahədə işə qoşulurlarsa, çətin məsələlərin düyününü açır, problemləri həll edirlər (indi mən ad-filan çəkmək istəmirəm). Seçiləcək namizəd özü gənclərə inanmalıdır. Xalqa yaxın biri olmalıdır. Optimist olmalıdır; məyus, bədbin, işıqlı, xoşbəxt gələcəyə inanmayan biri olmamalıdır.

Problemləri idarə edə biləcək belə bir şəxs iş başına gəlsə, heç şübhəsiz, bu ölkəni arzuolunan nöqtəyə çatdıracaq. Məhz belə xüsusiyyətlərə sahib olan bir prezident tapın. Əlbəttə, belə bir prezident tapmaq sadə xalqın içərisindən hər kəs üçün asan deyil. Kimlərəsə müraciət edib soruşa bilərlər. Hər halda, seçdikləri namizəddə bu xüsusiyyətləri axtarıb tapmağa çalışsınlar. Və belə bir insanı müəyyən edib prezident seçməkdə İran xalqına yardımçı olması, istiqamətləndirməsi üçün Allaha dua etsinlər.

Seçki ilə bağlı qeyd etmək istədiyim sonuncu məqam isə budur ki, qoy xalqımız seçkiləri ikitirəlik, konflikt və qütbləşmənin yox, milli birliyin göstəricisinə çevirsin. O yanlış “sağçı-solçu” bölgüsünü və sair bu kimi məsələləri bir kənara qoysunlar. Mühüm olan ölkənin, bizim balalarımızın gələcəyi, ölkədəki vüqarlı İslam dövlətidir. Mühüm olan bunlardır, xalqımız məhz bunları nəzərdə tutmalı və sözün əsl mənasında bir yumruqda birləşməlidir. Əlbəttə, siyasi meyillər müxtəlifdir. Siyasi meyillər, siyasi görüşlər bir-biri ilə uyğun gəlməyə bilər, etnik və məzhəb mənsubiyyətində fərqlilik ola bilər. Bunların heç bir problemi yoxdur, əvvəllər də olub, indi də var, bundan sonra da olacaq. Bu şeylərin problemi yoxdur, lakin bunlar milli birliyi pozmamalı, yəni xalqın nümayəndələrini üz-üzə qoymamalı, ölkəni iki qütbə parçalamamalıdır. Seçki barədə deyəcəklərim də bu qədər.

Son olaraq nüvə razılaşması və regionumuzda gedən proseslərlə bağlı bir-iki cümlə demək istəyirəm. Birincisi, Amerikanın maksimal təzyiqləri puç oldu. O əvvəlki səfeh (7) “maksimal təzyiq” siyasətini bu məqsədlə planlaşdırıb icra etmişdi ki, İranı zəiflətsin və sonra da İran zəif olduğuna görə məcburən danışıqlar masasına oturub Amerikanın istənilən imperialist tələbi ilə razılaşsın. Məqsədi bu idi. O rədd olub getdi, özü də çox biyabırçı bir vəziyyətdə getdi (8). Getməyi də normal, sağlam bir şəkildə olmadı, özünü çox gülünc bir vəziyyətə salıb getdi. Özü də rüsvayçı vəziyyətə düşdü, ölkəsini – Amerikanı da rüsvayçı vəziyyətə saldı. İslam Respublikası isə, əlhəmdulillah, qüdrətlə öz ayaqları üzərində durub və Allahın izzəti sayəsində, bu ölkə və bu xalq əzizdir, hörmətlidir. Odur ki qoy bilsinlər: maksimal təzyiqləri indiyə qədər puç olub, heç bir nəticə verməyib, bundan sonra əgər yeni gələn administrasiyaları o təzyiqləri davam etdirmək niyyətində olsa, onların da təzyiqləri puç olacaq, onlar da rədd olub siyasət səhnəsindən gedəcəklər, İran İslam dövləti isə daha da böyük nüfuz və qüdrətlə öz varlığını davam etdirəcək. Mənim bu gün verdiyim tövsiyələr də, inşallah, İranın günbəgün daha da güclənməsinə yol açacaq. 

İkincisi, ölkəmizin nüvə razılaşmasının tərəfləri ilə əməkdaşlıq və bu razılaşmanın özü ilə bağlı siyasəti açıq-aşkar elan olunub. Bu siyasətdən əsla kənara çıxmaq olmaz. Bu siyasət elan olunub, hamı tərəfindən də bəyənilib. Yəni bu, digər siyasətlər içərisində müstəsna bir siyasət deyil. Xeyr, bu siyasəti hər kəs bəyənib və dəstəkləyib. Bu siyasət isə ondan ibarətdir ki, amerikalılar bütün sanksiyaları ləğv etməlidirlər, daha sonra biz onların öz hərəkətlərində doğru olub-olmadıqlarını yoxlayacağıq. Əgər sanksiyalar sözün həqiqi mənasında ləğv olunsa, biz də nüvə razılaşması ilə götürdüyümüz öhdəliklərə geri qayıdacağıq; yəni heç bir problem yaratmadan öz öhdəliklərimizi yerinə yetirəcəyik. Bu bizim qəti siyasətimizdir. Biz amerikalıların verdiyi sözə inanmırıq. “Ləğv edəcəyik” deyib kağız üzərində sanksiyaları ləğv etmələrinin heç bir faydası yoxdur. Real addımlar atılmalıdır. Əməldə ləğv etməlidirlər, biz də yoxlayıb əmin olmalıyıq ki, sanksiyalar həqiqətən ləğv olunub, ya yox. Yalnız bundan sonra biz öz öhdəliklərimizə əməl edə bilərik. 

Amerika siyasətçilərindən bəziləri nüvə razılşamasının özünə də irad bildirirlər. Eşitdiyimə görə, bəziləri deyirlər ki, hazırda şərtlər bu razılaşmanın əldə olunduğu 94-95-ci illərdə (hicri-şəmsi – red.) olduğu kimi deyil, vəziyyət dəyişib, ona görə nüvə razılaşmasını da dəyişmək lazımdır. Razıyam, 94-95-ci illərə nisbətən bu gün şərait dəyişib, amma Amerikanın yox, bizim xeyrimizə dəyişib. Vəziyyət sizin xeyrinizə yox, İranın xeyrinə dəyişib! 1394-cü ildən bəri İran xeyli güclənib, öz gücünə arxalanmağı bacarıb, özünəinam qazanıb. Siz isə 1394-cü ildən bəri rüsvay olmusunuz! Amerikada elə bir hökumət iş başına gəlmişdi ki, öz bəyanatları, əməlləri, davranışları, sonra da hakimiyyətdən gedişi ilə Amerikanı rüsvayçı bir vəziyyətə saldı. İqtisadi problemlər ölkənizi büsbütün bürüyüb; yəni vəziyyət heç də sizin xeyrinizə deyil. Bəli, şərtlər dəyişib, amma sizin ziyanınıza! Nüvə razılaşmasında hansısa dəyişiklik ediləcəksə, bu dəyişiklik onların yox, İranın xeyrinə olmalıdır. Allaha şükürlər olsun, biz sanksiyaları neytrallaşdırmışıq. Çoxsaylı elmi əsaslı şirkətlərimiz, gənclərimizin genişmiqyaslı hərəkatı, bu sahədə cürbəcür təşəbbüslər sayəsində biz bunu edə bilmişik. İnşallah, bundan sonra da bu yolu davam etdirəcəyik, siz isə günbəgün daha da dolaşıq vəziyyətə düşmüsünüz. Bu günə qədər də işləriniz getdikcə çətinləşməkdədir. Hələ bilinmir, bu prezidentinizin də aqibəti necə olacaq.

Yeri gəlmişkən onu da deyim ki, biz həll yolu kimi təklif etdiyimiz məsələnin həyata keçməsi üçün qətiyyən tələsmirik. Bəziləri deyir ki, fürsətdir, fürsəti fövtə vermək olmaz. Bəli, mən də bu fikirdəyəm ki, fürsətlərdən istifadə etmək lazımdır, fürsəti fövtə vermək olmaz, intəhası tələsmək də lazım deyil. Müəyyən məqamlarda tələsməyin təhlükəsi, zərəri fürsəti fövtə verməkdən daha çox olur. Nüvə razılaşmasına getmək məsələsində tələsdiyimiz kimi; biz tələsməməli idik; onların bütün işləri kağız üzərində, bizimkilər isə göz qabağında idi. Biz tələsib öz öhdəmizə düşən işləri gördük, onlar isə öz öhdəliklərinə əməl etmədilər, heç bir iş görmədilər. Əlbəttə, bizim böyük səbir və hövsələ ilə öz işimizi görməyə davam etməyimiz çox mühüm və diqqətəlayiq bir məqamdır. Onlar bu siyasəti qəbul və tətbiq etsələr, lap yaxşı, hər şey yolunda gedəcək. Yox əgər qəbul etməsələr, hər şey bu günə qədər necə olubsa, bundan sonra da eynilə o cür davam edəcək, heç bir problemi də yoxdur.

Eşitdiyimə görə, bəzi dünya siyasətçiləri bizim: “Qoy əvvəl onlar sanksiyaları götürsünlər”, – deməyimizə belə bir münasibət bildiriblər ki, “Kimin birinci addım atmağının nə fərqi var? Siz deyirsiniz, əvvəl Amerika etsin, Amerika deyir, əvvəl siz edin”.  Söhbət kimin birinci addım atmağından getmir. Söhbət ondan gedir ki, Obamanın vaxtında biz amerikalılara etibar edib nüvə razılaşmasına əsasən görməli olduğumuz işləri gördük, onlarsa öz öhdəliklərini yerinə yetirmədilər. Kağız üzərində sanksiyaların götürüldüyünü dedilər, amma adamları bizimlə müqavilə bağlamaq istəyən şirkətlərə: “Təhlükəlidir, risklidir, hələ bilmək olmaz, nə olacaq”, – dedilər. Yəni investorları qorxutdular. Gördükləri iş bu oldu. Bizim onlara etimadımız yoxdur, onların götürdüyü öhdəlik bizim üçün heç bir dəyərə malik deyil.

Əlbəttə, amerikalılar bizə qarşı davranışlarında səhvə yol verdilər. Təəssüflər olsun ki, onlar bütövlükdə bu regionda gedən proseslərə olan münasibətlərində yanılıblar. Hazırda da yanılmaqdadırlar. Onların o zalım İsrail rejimini himayə etmək siyasətləri özü bir səhvdir. Suriyadakı iştirakları, Fərat çayının şərqindəki geniş iştirakları mütləq şəkildə yanlışdır.

Məzlum Yəmən əhalisini əzməkdə Səudiyyə hökumətini dəstəkləmələri qəti surətdə yanlışdır.
Fələstinlə bağlı siyasətləri səhvdir, yanlışdır. Fələstin məsələsi İslam dünyasında heç bir zaman unudulmayacaq. Bunlar 3-4 həqir dövlətin sionist rejimlə əlaqə qurmasından məmnun olub elə bilirlər ki, bununla müsəlman dövlətləri ilə İsrail arasında əlaqələr adiləşəcək. O 3-4 dövlətin elə bir təsiri yoxdur. İslam ümməti Fələstin problemini heç vaxt yaddan çıxarmayacaq, Fələstin məsələsinə göz yummayacaq. Qoy amerikalılar bunu bilsinlər.

Yəmən məsələsini də eynilə. Yəmənə hücumlar Trampdan əvvəlki demokratların hakimiyyəti dövründə başlamışdı; yəni Yəmən müharibəsini Tramp başlamamışdı ki! Səudiyyəlilər bu savaşa hələ demokrat Obama hökuməti zamanında və Amerikanın yaşıl işıq yandırmağı ilə başlamışdılar. Onlara icazə verən, kömək edən Amerika olmuşdu. Səduiyyə hökumətini çoxlu sayda hərbi imkanlarla təmin etmişdilər. Nəyə görə? Silahsız və müdafiəsiz Yəmən xalqını fasiləsiz surətdə bombalayıb, məsələn, 15 gün, 1 ay ərzində təslim olmağa vadar etmələri üçün. Amma yanıldılar; artıq 6 il keçib, amma bunu bacarmayıblar. Hər şey eynilə Yəmən savaşının, Yəmənə hücumların başladığı gün (9) olduğu kimidir. O gündən 6 il keçib, amma bunlar Yəmən xalqını təslim olmağa vadar edə bilməyiblər. Mən amerikalılardan soruşuram: Siz Səudiyyə hökumətinə Yəmənə hücum üçün yaşıl işıq yandıranda sonda onların necə çətin vəziyyətə düşəcəyini bilirdinizmi? Səudiyyəliləri necə bir bataqlığa qərq etdiyinizi bilirdinizmi? İndi nə qala bilirlər, nə də geri qayıda bilirlər. Hazırda Səudiyyə hökuməti ikitərəfli bir problemlə üzləşib: nə müharibəni dayandıra bilir, nə də davam etdirə bilir. Hər iki tərəfi onlar üçün ziyanlıdır. Siz amerikalılar Səudiyyəni necə bir bəlaya saldığınızdan xəbərdar idinizmi? Əgər bunu bilərəkdən etmisinizsə, vay sizin müttəfiqlərinizin halına ki, siz onların başına bu oyunu açmısınız! Əgər bilmədən etmisinizsə, yenə də vay onların halına ki, sizə arxayın olub planlarını regiondakı vəziyyətdən bixəbər olan sizin razılığınızla həyata keçirirlər. Odur ki bilin: siz bu regionu tanımırsınız, xalqları tanımırsınız və səhvə yol verirsiniz.

Ümidvaram, Allah-taala bu dünyada yolunu azan hər kəsi doğru yola hidayət edəcək, etdiyi səhvlərdən geri qaytaracaq. Ümidvaram, inşallah, Allah-taala İran xalqını günbəgün daha da əziz, daha da qüdrətli, daha da xoşbəxt, həyatın gözəlliklərindən daha çox faydalananlardan edəcək, maddi və mənəvi həyatını daha da yaxşılaşdıracaq. İnşallah, İmam Mehdi Sahibəzzamanın müqəddəs qəlbi İran xalqından razı qalar və o həzrətin duaları bütün camaatımıza,o cümlədən bu bəndeyi-həqirə aid olar. Dahi liderimiz İmam Xomeyninin və şəhidlərimizin pak ruhları bizlərdən razı olsun.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) Ali Məqamlı Rəhbər 1299-cu ildə baş vermiş qiyamı nəzərdə tutur
(2)  “İstehsal; dəstək ol, əngəlləri ortadan qaldır!”
(3) Ali Məqamlı Rəhbərin yeni ilin gəlişi münasibətilə xalqa təbrik müraciəti (01.01.1399)
(4) Miladi təqvimlə 1945-ci ildə Hirosima və Naqasakiyə Amerika tərəfindən nüvə silahı atılmasına işarə olunur. 
(5) O cümlədən Şərqi Azərbaycan əhalisi ilə görüş 
(6) Gildən düzəldilmiş aftafaya deyilir
(7) ABŞ-ın sabiq prezidenti Donald Tramp nəzərdə tutulur 
(8) ABŞ-ın sabiq prezidenti Donald Tramp seçkinin nəticələrini qəbul etmədiyini elan etmiş, səsləndirdiyi fikirlərdən sonra tərəfdarları Konqres binasına hücum etmiş, polislə onlar arasında qarşıdurma yaşanmışdır. Bu hadisələr Amerikada bir neçə gün fövqəladə vəziyyətin və hərbi rejimin elan olunmasına səbəb olmuşdur. 
(9) 6 fərvərdin 1394-cü il