Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin yeni ilin gəlişi münasibətilə xalqa müraciəti

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbinə! Ağamız Muhəmmədə və onun pak nəslinə Allahın salamı olsun!

یا مقلّب القلوب والابصار، یا مدبّر اللّیل و النّهار، یا محوّل الحول و الاحوال، حوّل حالنا الی احسن الحال

Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan! Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal!

Əziz həmvətənlərim, hamınızı, xüsusilə də möhtərəm şəhid ailələrini, qazilərimizin ailə üzvlərini, onların özlərini Novruz bayramı və yeni ilin gəlişi münasibətilə təbrik edirəm. Həmçinin Novruzu bayram edən bütün xalqları da təbrik edirəm.

Bu il Novruz bayramı şəban ayının mübarək mövlud günləri ilə üst-üstə düşür. Ümidvaram, bu təsadüf yeni ilimizə maddi və mənəvi cəhətdən bol xeyir-bərəkət gətirəcək, inşallah. 1400-cü il bir də onunla bərəkətlidir ki, bu ilə iki “nimeye-şəban” təsadüf edəcək, insanlar Həzrət Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda!) mövludunu iki dəfə bayram edəcəklər.

1399-cu ilin müxtəlif hadisələri:

1. Koronavirus və onun insanların həyatına təsiri.

1399-cu il cürbəcür və bəzən indiyə qədər görünməmiş hadisələrlə keçdi. Xalqımız üçün bu cür görünməmiş və ona həqiqətən tanış olmayan hadisələrdən biri də koronavirus idi. Bu təzahür, demək olar ki, xalqın hər bir nümayəndəsinin yaşayışına bu və ya digər formada öz təsirini göstərdi. Koronavirus ölkədə biznes fəaliyyətinə, təhsilə, dini mərasimlərə, xarici səfərlərə, idmana və digər müxtəlif sahələrə təsir etdi, məşğulluğa isə ağır zərbə vurdu. Əlbəttə, bütün bunlardan daha acınacaqlısı on minlərlə əziz vətəndaşımızın bu virusdan həyatını itirməsidir. Belə ki bu, on minlərlə ailənin yasa batması deməkdir. Mən elə buradaca fürsətdən istifadə edib o ailələrin hamısına başsağlığı vermək, onlarla həmdərd olduğumu bildirmək istəyirəm. Ümidvaram, Allah-taala onlara səbir və əcr verəcək, dünyasını dəyişmiş doğmalarını öz rəhmət və bağışlamasına layiq görəcək.

2. Koronavirusa qarşı mübarizədə xalqın potensialının üzə çıxması və düşmənin maksimal təzyiqi.

1399-cu il həm də müəyyən cəhətdən İran xalqının potensialının üzə çıxdığı bir il oldu. Həm o böyük sınaqda – koronavirusa qarşı mübarizədə, həm də düşmənin maksimal təzyiqləri qarşısında. İnsafla demək lazımdır ki, virusla mübarizədə səhiyyə işçilərindən tutmuş elmi tədqiqatçılarımıza, sadə vətəndaşlara, cihad qruplarına, könüllülərə qədər bütün xalqımız bu xoşagəlməz hadisəni idarə edə bilmək üçün böyük güc və bacarıq nümayiş etdirdi. Özü də sanksiyalar şəraitində. Baxmayaraq ki, ölkəmiz sanksiyalara məruz qalır, müəyyən imkanları xaricdən ölkəyə gətirmək üçün üzümüzə yollar bağlıdır, amma yenə də bizim alimlərimiz, həkimlərimiz, tibb bacılarımız, laboratoriya və radiologiya mütəxəssislərimiz – bilavasitə əhalinin müalicəsi ilə məşğul olan insanlar, həqiqətən də, böyük bir təcrübəyə imza atdılar, inanılmaz bacarıq və potensial nümayiş etdirdilər. Həmçinin İran xalqı düşmənin maksimal təzyiqləri qarşısında da öz bacarığını nümayiş etdirə bildi. Başda Amerika olmaqla bizim düşmənlərimiz bu maksimal təzyiqlərlə xalqımızı diz çökdürmək niyyətində idilər. Bu gün onlar özləri də, avropalı müttəfiqləri də açıq-aşkar deyirlər ki, maksimal təzyiqlər uğursuz olub. Biz bunun belə olacağını bilirdik və bu sahədə düşməni məğlub etməkdə əzmimiz qəti idi. Biz İran xalqının müqavimət göstərəcəyinə əmin idik, amma bu gün o maksimal təzyiqlərin uğursuzluğa düçar olduğunu onlar özləri etiraf edirlər.

“Sıçrayışlı istehsal” şüarı gözlənilən həddə yox, məqbul həddə reallaşıb.

Şüar olaraq 1399-cu il üçün biz “Sıçrayışlı istehsal” şüarını seçmişdik. Mən müxtəlif kanallar vasitəsilə – vətəndaşlardan, hökumət strukturlarından əldə etdiyim məlumatlar əsasında bir dəyərləndirmə etmək istəsəm, deməliyəm ki, bu şüar müəyyən həddə, müəyyən məqbul həddə reallaşıb. Yəni ölkənin müəyyən sferalarında, müəyyən məsələlərdə “Sıçrayışlı istehsal” şüarı reallaşıb. Hərçənd gözlənilən səviyyədə olmasa da; yəni bu şüar müəyyən sahələrdə reallaşmış olsa belə (bunlarsa daha çox infrastruktur, tikinti-quruculuq və sair bu kimi sahələr olub) ümumilikdə ölkənin iqtisadiyyatında və əhalinin rifahında bunun nəticələri müşahidə olunmayıb. Bu hərəkat hiss olunmayıb. Halbuki biz istehsaldakı sıçrayışın əhalinin vəziyyətində bir yaxşılaşmaya, problemlərin çözümünə səbəb olacağını gözləyirdik. Əlbəttə, “Sıçrayışlı istehsal” şüarı sözün həqiqi mənasında inqilabi mahiyyət daşıyır, çox önəmli bir şüardır. Əgər ölkədə sıçrayışlı istehsal düzgün formada həyata keçirilsə (inşallah, həyata keçiriləcək də) bunun həm ölkə 
iqtisadiyyatına dərin təsirləri olacaq (milli valyutanın dəyəri və digər mühüm iqtisadi problemlərin çözümü baxımından) həm də bundan əlavə, xalqın özünəinamını artıraraq ümumilikdə əhalinin razılığı üçün şərait yaradacaq və milli təhlükəsizliyin qarantına çevriləcək. Yəni əgər ölkədə, inşallah, sıçrayışlı istehsal reallaşsa – mən ümidvaram ki, reallaşacaq – bunun əsasında sadaladığım bütün bu mühüm hadisələr gerçəkləşəcək, böyük mənfəət əldə olunacaq.

“Sıçrayışlı istehsal” şüarının tam olaraq reallaşmamasının səbəbləri: əngəllər var, istehsala dəstək verilmir.

Yaxşı, bəs 1399-cu ildə bu şüar niyə tam olaraq reallaşdırılmadı? Çünki bir tərəfdən müəyyən əngəllər var, digər tərəfdən isə istehsala bütün sferalarda dəstək verilmir. Yəni istehsalın inkişafı üçün həm zəruri hüquqi və administrativ dəstəyə ehtiyac var, həm də bu yolda mövcud olan əngəllər ortadan qaldırılmalıdır. Misal üçün, tutalım, 30-40 faiz potensialı ilə işləyən, yaxud işini tamamilə dayandırmış bir zavodu bir neçə gənc çalışıb-vuruşub, stimullaşdırıcı tədbirlər hesabına işlətməyə başlayır, hərəkətə gətirir, məhsul istehsal olunandan sonra isə qəflətən görürsən ki, həmin mala alternativ bir məhsulu xaricdən necəsə ölkəyə idxal ediblər; ya xəyanətkar qaçaqmalçıların əli ilə, ya da təəssüflər olsun ki, qanuni yollarla, qanunlara zəif riayət olunması ucbatından. Təbii ki, belə hallar istehsalın çiçəklənməsinə yol açmır, əksinə, bu yolda əngəllər yaradır. Yəni əslində, zavodda görülən o iş büsbütün uğursuzluqla üzləşir. Yaxud həmçinin stimullaşdırıcı tədbirlərin, məsələn, investisiya sahəsində həvəsləndirici layihələrin olmamağı. İstehsala investisiya qoyulması üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var. Bu sahəyə investisiya yatıra biləcək insanlar bu işə təşviq edilməlidir. Ölkədəki biznes mühiti də həmin insanların bu işə cəlb olunması üçün əlverişli olmalıdır, onların istehsal xərcləri çoxaldılmamalıdır. Təəssüf ki, belə olmayıb. Yəni lazımi şərtlər nəzərə alınmayıb. Nə stimullaşdırıcı tədbirlər elə də çox olub, nə də istehsal xərcləri barədə bir düşünüb tədbir görən olub. Ötən illərdən birində – 1399-cu il deyildi, deyəsən, 1398 idi – istehsalçının xərci istehlakçının xərcini üstələmişdi. Bütün bunlar istehsalın inkişafına mane olan amillərdir.

Ölkədəki problemlərin həllinə uzunmüddətli yanaşmanın vacibliyi

Hər halda, 1399-cu ildə biz ölkədə bu və ya digər şəkildə bu hərəkata start vermişik və İran xalqı istehsal sahəsindəki müəyyən məhdud səviyyəli sıçrayışı çox müsbət qarşılayıb. Bu prosesi davam etdirmək lazımdır. Bu anlarda təhvil olan yeni – 1400-cü il, əslində, bir hesabla yeni bir əsrin başlanğıcıdır, yeni bir yüzilliyə qədəm qoyuruq. Odur ki ölkədəki məsələlərə uzunmüddətli yanaşmaq, onları bu aspektdən nəzərdən keçirmək lazımdır.

1400-cü ilin həssas məqamları: seçkilər, istehsalın rövnəqləndirilməsinə, sıçrayışlı istehsala davam etməyin vacibliyi

Bu il – 1400-cü il həssas və önəmli bir ildir: ilk növbədə, ilin əvvəlində keçiriləcək seçkilərə görə. 1400-cü ilin xordad ayında bizi mühüm seçkilər gözləyir. Bu seçki ölkədəki vəziyyətə, proseslərə və ölkənin gələcəyinə önəmli dərəcədə təsir göstərə bilər. Ölkədə yeni, yəqin ki, enerji və işə həvəs dolu bir administrasiya iş başına gələcək, inşallah, cürbəcür güclü stimullarla ölkənin icraedici hakimiyyətini öhdəsinə götürəcək. Odur ki seçkilər bu ili daha da həssas və əhəmiyyətli edir. Bu, birinci məqam. Əlbəttə, mən gələcəkdə seçkilər barədə daha ətraflı danışacağam, hələlik isə bu qədərini deməklə kifayətlənirəm. Qarşıladığımız ili önəmli edən ikinci məqam isə budur ki, ötən il 1399-cu ildə ölkədə istehsalın inkişafına təkan verilib, istehsalın sıçrayışı bir hərəkat yaradıb.

1400-cü ilin şüarı: “İstehsal; dəstək ol, əngəlləri ortadan qaldır!”

Cari ildə – 1400-cü ildə sıçrayışlı istehsalın daha da rövnəqlənməsi üçün münbit bir zəmin mövcuddur. Bundan maksimum dərəcədə istifadə edib bu hərəkatı ciddi surətdə davam etdirmək lazımdır. Ən önəmlisi isə istehsalın sıçrayışına dövlət və hökumət səviyyəsində hərtərəfli hüquqi dəstək verilməlidir. İstər hazırda iş başında olan dövlət olsun, istərsə də gələcək administrasiya. Seçki nəticəsində iş başına keçəcək hökumət də ilk gündən əngəlləri ortadan qaldırmaqda, lazımi dəstəyi verməkdə qərarlı və əzmkar olmalıdır. İnşallah, bu il istehsalın sıçrayışlı inkişafı sözün həqiqi mənasında reallaşar. Odur ki mən yeni il üçün aşağıdakı şüarı seçmişəm: “İstehsal; dəstək ol, əngəlləri ortadan qaldır!” Yəni şüar budur: “İstehsal; dəstək ol, əngəlləri ortadan qaldır!” Biz istehsalın inkişafını işimizin mehvəri bilməli, bu yolda lazımi dəstəyi göstərməli və əngəlləri ortadan qaldırmalıyıq. Ümidvaram, inşallah, Allahın lütfü sayəsində bu şüar lazımi dərəcədə gerçəkləşəcək. İnşallah, gələcəkdə bu mövzuda, həmçinin seçkilər barədə daha da geniş söhbətlərimiz olacaq.

Ümidvaram, dahi liderimiz İmam Xomeyninin (r.ə) və şəhidlərimizin pak ruhları bizdən razı qalacaq, bu yeni il İran xalqı üçün bərəkətli bir il olacaq, Həzrət Mehdi Sahibəzzaman (Ruhlarımız ona fəda!) İran xalqından və ölkəmizin rəsmilərindən dualarını əsirgəməyəcək, bu günə qədər olduğu kimi, bundan sonra da, inşallah, xalqımızı öz lütf və diqqətinə layiq görəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.