Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین
Əziz Qum əhalisini, şanlı Qum Teoloji Mərkəzini salamlayıram. Təəssüflər olsun ki, hər il üz-üzə keçən bu görüşümüz bu il bu şəkildə baş tutdu və mən Qumdan olan əziz qardaşlarımın nurlu simasını görməkdən məhrumam. Amma olsun, bu da həyatda qarşımıza çıxan çətinliklərdən, eniş-yoxuşlardan biridir. Həyatın belə dolanbac yolları çoxdur, bu yolları keçib getmək lazımdır. İnşallah, bu da keçəcək. Bütün digər acılı-şirinli hadisələr kimi, bu da ötüb keçəsidir və inşallah, bir gün həyat yolu dümdüz, hamar olacaq.
Şəhid Süleymani və Şəhid Əbumehdinin şəhadətinin ildönümündə İran və İraq camaatının spontan surətdə həyata keçirdikləri möhtəşəm hərəkata görə Uca Yaradana həmd və xalqlara təşəkkür
Bu gün mən bir neçə kəlmə mühüm bir hadisə, çox önəmli bir qəhrəmanlıq salnaməsi olan 19 dey haqda, bir neçə kəlmə də gündəmdə, ictimaiyyətin diqqət mərkəzində olan bəzi məsələlər haqda danışacağam. Lakin əsas mövzuya keçməmişdən əvvəl hamımızın əzizi Şəhid Süleymaninin şəhadətinin ildönümündə ortaya çıxan o möhtəşəm, dillərdə dastan olacaq hərəkata görə Uca Yaradanı həmd etmək və ölkəmizin əziz əhalisinə təşəkkürümü bildirmək istəyirəm. Əlhəmdulillah, Şəhid Süleymani (1) və Şəhid Əbumehdi ölkənin dörd bir yanında spontan şəkildə təzahür edən bir hərəkatda təcəssüm olundular. Xalqın bu əzəmətli hərəkatı ilə ölkənin və xalqın cisminə sanki yeni can üfürüldü. Belə bir hərəkatı heç bir tapşırıqla, heç bir göstərişlə həyata keçirmək mümkün deyildi. Bu hərəkat xalqın qəlbindən, emosiyalarından, gözüaçıqlığından, düzgün motivasiyasından qaynaqlanırdı. Həmçinin Bağdadda və İraqın digər şəhərlərində də İraqın görkəmli komandanı Şəhid Əbumehdinin və İraq camaatının əziz qonağı Şəhid Süleymaninin xatirəsini anmaq üçün byük və heyrətamiz bir izdiham toplaşmışdı. Burada və İraqda baş tutan o tədbirlərdə iştirak etmiş bütün qardaş və bacılarıma öz səmimi təşəkkürümü bildirirəm.
Mən Şəhid Süleymani ilə birgə şəhid olanların da adını qeyd etməyi lazım bilirəm. Şəhid Süleymaninin əzəməti onları bir qədər arxa plana keçirdiyinə görə adları az-az çəkilir, onlar haqda daha az danışılır: Şəhid Purcəfəri (2), Şəhid Müzəffəriniya (3), Şəhid Tarimi (4), Şəhid Zəmaniniya (5) – bunlar hamısı bizim çox möhtərəm şəhidlərimizdir. Həmçinin Şəhid Əbumehdi ilə birgə şəhid olmuş iraqlı şəhidlər; təəssüf ki, mən onların adlarını xatırlamıram.
Kirmanda Şəhid Süleymaninin son mənzilə yola salınması zamanı şəhid olmuş insanları, həmçinin Tehranda baş vermiş təyyarə qəzasında (6) həlak olanları da yad etməyi lazım bilirəm. Həmin təyyarə qəzası, həqiqətən də, çox acı bir olay idi, ölkə rəsmilərini də yasa boğmuşdu. Ümidvaram, Allah-taala bütün o şəhidləri – həm Kirman şəhidlərini, həm Tehran şəhidlərini – öz lütf və mərhəmətinə layiq görəcək, ailələrinə səbir, təsəlli və qəlb rahatlığı verəcək, inşallah. Əlbəttə, rəsmilərin də öhdəsinə müəyyən vəzifələr düşür ki, bu barədə artıq danışmışıq.
Həmçinin Şəhid Fəxrizadənin (7) (Məkanı Behişt olsun!) şəhadətinin 40-cı günü ilə əlaqədar, onu da yad etmək istəyirəm. Şəhid Fəxrizadə çox böyük bir şəxsiyyət idi, çox uca məqamlı bir şəhiddir. Bu yaxınlarda biz elm aləminin 2 böyük simasını itirmişik: biri Şəhid Fəxrizadə, digəri isə Ayətullah Misbah (8). Hər ikisi görkəmli elm adamları idi, hər biri öz sahəsində, öz işində kifayət qədər öndə idi və hər ikisindən də rəhbərlik etdikləri qurumlara dəyərli elmi miras qaldı. Onların yolunu, inşallah, ən gözəl şəkildə, qüdrətlə davam etdirmək lazımdır.
19 Dey qiyamı ilə bağlı 2 mühüm məqam:
19 Deyə gəlincə; bu barədə 2 məqamı qeyd etmək istərdim: birincisi, biz 19 Dey hadisəsini daim xatırlamalı, üstündə əsib onun xatirəsini daim qorumalıyıq. İkincisi isə, 19 Dey qəhrəmanlığının mahiyyətini, məzmununu qorumalıyıq. Yəni biz həm aktuallığını saxlamaq, unudulmasına imkan verməmək mənasında 19 Dey hadisəsinin özünü, həm də bu böyük qəhrəmanlıq tarixinin məzmun və mahiyyətini qoruyub saxlamalıyıq. Səbəbini bir qədər sonra deyəcəyəm.
1. İran xalqının varlığının pik nöqtələrindən biri kimi 19 Dey hadisəsinin xatirəsini qorumaq vacibdir
19 Dey hadisəsinin xatirəsini yaşatmaq nəyə görə vacibdir? Çünki bu hadisə İran xalqının varlığının, həyatının pik nöqtələrindən biridir. Xalqların həyatında zirvə və eniş nöqtələri olur. Zirvə nöqtələrini qoruyub saxlamaq lazımdır. Zirvə nöqtələri hansısa həssas məqamda o xalqın canlı, addım atmağa hazır, iradəli, əzmkar, gözüaçıq və uzaqgörən olduğunu göstərən nöqtələrdir. 19 Dey də belədir. Zirvə nöqtələrini ona görə yaddaşlarda qoruyub yaşatmaq lazımdır ki, onlar həm gələcək nəsillərə stimul verir, həm də milli qürur mənbəyidir. Belə məqamlar həm tarixin səhifələrində həkk olur, həm də gələcək nəsillərin yoluna işıq salır. Odur ki bu hadisənin köhnəlməsinə imkan verməmək, onu bu günə qədər, əlhəmdulillah, necə canlı və aktual qalıbsa, bundan sonra da eyni şəkildə yaşatmaq lazımdır.
2. 19 Dey hadisəsinin əsl mahiyyətinin keşiyində durub onu yanlış şərhlərdən qorumaq lazımdır.
Bu hadisənin mahiyyətinin qorunmasına gəlincə; istənilən hadisənin bir mənası, mahiyyəti, məzmunu olur. Bəs 19 Dey hadisəsinin mahiyyəti nədən ibarət idi? Biz bu mahiyyəti düzgün bilməli və onu qorumalıyıq. Nəyə görə qorumalıyıq? Çünki xain ravilər və qərəzli təhlilçilər böyük hadisələrin mahiyyətini özlərinin və qəsbkar dünya dövlətlərinin mənafeyinə uyğun şəkildə dəyişməyə çalışırlar. Bu, qədimdən bəri belə olub: qərəzli ravilər baş verən böyük hadisələri elə formada nəql ediblər ki, eşidənlərdə o qəhrəmanlıq tarixinin mahiyyətinin tam əksi olan fikirlər formalaşıb.
Bu gün qərəzli dövlətlərin, xain əllərin ixtiyarında olan genişmiqyaslı media vasitələri, əldə olan cürbəcür irihəcmli imkanlar onlar üçün hadisələrin mahiyyətini dəyişmək, baş verənləri yanlış mənada şərh edərək ictimai rəyi çaşdırmaq fürsəti yaradır; xüsusilə də o hadisələrdə bilavasitə iştirak etməmiş, yaxın keçmişdə şahidlərin dilindən onlar haqda eşitməmiş olan gələcək nəsilləri. Bu gün xarici agenturaların mühüm işlərindən biri də budur ki, dünyada baş verən hadisələri izləyirlər, sonradan birbaşa özləri yox, başqalarının dili, qələmi, nüfuzlu və tanınmış simaların məqalə və təhlilləri vasitəsilə, əllərindəki imkanlardan – pul, təhdid və şirnikləndirmə kimi yollardan istifadə etməklə istədikləri hadisəni istədikləri formada şərh edərək ictimaiyyətə təqdim edirlər.
Bu yaxınlarda mən amerikalı bir müəllifin bir kitabını oxumuşdum; əslində, o, müəllif yox, tərtibçidir, çünki kitabın ərsəyə gəlməsində müxtəlif insanların əli var. Kitab ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dünyanın aparıcı mətbuat orqanları üzərində nəzarəti barədədir; ümumiyyətlə elə bu mövzuya həsr olunub. Kitabda MKİ-nin tanınmış yazarların yazılarına və səsləndirdikləri fikirlərə, bəzən mötəbər dərgilərdə gedən təhlil və məqalələrə necə müdaxilə etdiyi, onları kontrol altında necə saxladığı, istədikləri təhlili real mahiyyət əvəzinə dünya ictimaiyyətinə necə təlqin etdikləri şərh olunur. Özü də təkcə Amerika mətbuatına yox, digər ölkələrə, Avropaya da. Fransada dərc olunan məşhur bir jurnalın adını çəkir və MKİ-nin tapşırığı ilə orada hansı işlərin görüldüyünü, sifarişlə hansı yazı və fikirlərin getdiyini deyir. Yəni bu gün dünyada bu var, geniş yayılıb. Əslində MKİ hadisələri bu şəkildə qəsdən təhrif etməklə dünya ictimaiyyətinin fikrini azdırır. Bu daim mövcud olan bir təhlükədir.
19 Dey hadisəsi ölkədə ümumxalq qiyamının başlanğıcı oldu
Diqqətli olmaq lazımdır ki, 19 Dey hadisəsi də bu təhlükə ilə üzləşməsin. Əlbəttə, bu gün mən Qumda camaatın Teoloji Mərkəzlə əl-ələ verib həyata keçirdiyi möhtəşəm 19 Dey hərəkatının məna və mahiyyəti barədə qısaca danışacağam. Əgər o vaxt Qum məsələsi elə Qum şəhərində tamamlansaydı, yalnız Qum ərazisi ilə məhdudlaşsaydı, baş verənləri dini emosiyalardan qaynaqlanan, ötəri bir hərəkat kimi qiymətləndirib: “Qorxmaz bir kütlə hansısa hadisədən təsirlənərək qiyam etdi, əzilərək yatırıldı, qurtardı getdi”, – demək olardı. Amma Qum hadisəsi belə deyildi. Qum hadisəsi Qum şəhəri ilə məhdudlaşıb sona çatmadı. Qumdan Təbrizə, Yəzdə, Kirmana, Şiraza, Məşhədə, Tehrana sirayət və tədricən ümumxalq qiyamı ilə nəticələndi. Başlanğıc Qumdan oldu, başlayan qumlular oldular, amma hadisə Qumda tamamlanmadı. Təxminən 5-6 ay ərzində bu hadisə bütün şəhərləri və getdikcə kəndləri əhatə edən, ümumölkə miqyaslı bir xalq qiyamına çevrildi. Hamı qiyama qalxdı. Çox möhtəşəm bir hadisə idi. Daha sonra isə bu qiyamın əsasında tarixdə tayı-bərabəri az görülmüş – bəzi cəhətlərinə görə isə heç görünməmiş – möhtəşəm bir xalq inqilabı baş verdi.
19 Dey hadisəsinin mahiyyəti: xalqın hakimiyyətdə olan asılı, korrupsion, dinə zidd, ifrat dəbdəbəpərəst, kəskin təbəqələşməyə yol açan diktatura rejiminə qarşı qəzəb və etirazı.
Bu nöqteyi-nəzərdən baxdığımız zaman artıq Qum hadisəsinə sadəlövhcəsinə yanaşıb, baş verənləri emosiyalardan qaynaqlanan bir təzahür kimi qiymətləndirmək olmaz. Bu hadisənin başqa bir mənası, daha dərin bir mahiyyəti var. 19 Dey hadisəsinin mənası nədir? Bu hadisə xalqın hakimiyyətdə olan asılı, korrupsion, dinə zidd, ifrat dəbdəbəpərəst, kəskin təbəqələşməyə yol açan diktatura rejiminə qarşı qəzəb və etirazını özündə əks etdirir. Uzun müddət ərzində xalqın qəzəb və narazılığı toplanıb qalmışdı, İmam Xomeyninin Qum və Nəcəfdən yayılan dərs, çıxış və bəyanatları da artıq ideoloji zəmin rolunu oynamağa başlamışdı. Bu nəhəng hərəkat, xalqın bu ümumi qəzəbi İmamın insanlara ardıcıl surətdə, daim aşıladığı ideoloji dayaq əsasında, mübariz gənclərin, xüsusilə də din tələbələrinin ölkənin dörd bir yanında genişləndirdiyi fikirlərin güclənməsi sayəsində o böyük qiyamı ərsəyə gətirməyə müvəffəq oldu.
19 Dey hadisəsi ilə bağlı iki mühüm məqam: xalq qiyamının dini və antiamerika aspekti
Burada iki mühüm və həlledici məqama diqqət yetirmək lazımdır. Birincisi, bu ümummilli hərəkatın rəhbəri bir mərcə-təqlid idi. Dinin təməl təlimlərini təbliğ etməklə məşğul olan böyük bir ruhani, görkəmli bir şəxsiyyət idi. Bu böyük lider mübarizənin ilk günündən də camaatı dinə dəvət etmişdi. Mübarizənin başlanğıcından – 1341-ci ildən İmamın dəvəti dini təlimlər üzərində qurulmuşdu, bütün təklif və etirazları dinə əsaslanırdı. Deməli, İmamın rəhbərliyi altında, İmamın təlim və istiqamətləndirmələri ilə, İmam isə bir mərcə-təqlid, görkəmli bir ruhani olduğuna və gördüyü iş ilk gündən dini təlimlərə əsaslandığına görə bu xalq hərəkatı, əsasən, dini bir hərəkat idi. Bu olduqca mühüm bir məqamdır.
İkinci məqam isə budur ki, Qum əhalisinin qiyamından təqribən 1 həftə əvvəl Amerikanın o vaxtkı prezidenti – Karter – Tehranda Pəhləvi rejimini və Məhəmmədrzanı yüzdə-yüz dəstəklədiyini bildirmişdi. Bir ziyafətdə söyləməsi üçün kağız üzərində bir nitq hazırlamışdılar, o isə həmin kağızı cibinə qoyub özü danışmağa başlamışdı (bu şeylər çox sonralar ətrafındakıların dedikləri ilə üzə çıxıb) Pəhləvi rejimini, Məhəmmədrzanı tərifləyib göyə qaldırmışdı və yüzdə-yüz dəstəklədiyini elan etmişdi. Odur ki Qum hərəkatı həm də antiamerika, antiimperialist mahiyyətli bir hərəkat idi. Qum hərəkatı öz mənafeyi naminə dinə zidd, korrupsion, diktator Pəhləvi rejimini dəstəkləyən xəbis dövlətlərə qarşı yönəlmiş bir hərəkat idi. Bəli, əslində, bu qiyam həm dini, həm də antiamerika aspektlərinə malik idi.
19 Dey qiyamı Həzrət İbrahim (ə) baltasının böyük Amerika bütünə endirdiyi ilk zərbə idi
Əslində, 19 Dey qiyamını Həzrət İbrahim (ə) baltasının böyük Amerika bütünə endirdiyi ilk zərbə hesab etmək olar. Bu, bütlərə meydan oxuyan Həzrət İbrahim (ə) baltasının Qum əhalisi vasitəsilə böyük Amerika bütünə vurduğu birinci zərbə idi. Ondan sonra bu zərbələr baş alıb getdi və bu gün Amerikanın nə vəziyyətdə olduğunu özünüz görürsünüz. Böyük Amerika bütünün nə halda olduğunu özünüz görürsünüz: o onların demokratiyası, o onların rüsvayçı seçkiləri, o da iddiasında olduqları insan haqları – hər bir neçə saatdan bir, yaxud ən azından hər bir neçə gündən bir qaradərili birini küçədə əsassız surətdə, heç bir günahı olmadan öldürürlər, qatil isə heç təqib də olunmur. Daim: “Amerika dəyərləri, Amerika dəyərləri”, – deyib hay-küy saldıqları dəyərlər bax bunlardır və bu gün bütün dünya, hətta öz dostları belə həmin dəyərləri ələ salıb gülür. O da onların o iflic olmuş iqtisadiyyatı; Amerika iqtisadiyyatı sözün həqiqi mənasında iflic durumdadır, on minlərlə işsiz, ac-yalavac, evsiz vətəndaşları var. Bu gün Amerika bu vəziyyətdədir. Əlbəttə, bu çox mühüm bir faktdır, lakin daha qəribə olanı budur ki, bu gün bəzilərinin hələ də qibləsi Amerikadır, hələ də ümid və arzularını Amerikaya bağlayıblar; belə bir vəziyyətdə olan Amerikaya.
Bəli, dedik ki, bu ümumxalq qiyamı Amerika əleyhinə yönəlmişdi. Səbəbi də təkcə Amerika prezidentinin gəlib ölkədəki hakim diktaturanı yüzdə-yüz dəstəkləməsi deyildi. Bəli, bu, xalqın içindəki narahatlıq və qəzəbin partlayışına təkan vermişdi, amma ona qədər artıq 25 il idi ki, Amerika İranda xalqa cürbəcür təzyiqlər göstərirdi və korrupsion, istibdadçı Pəhləvi rejimi vasitəsilə, əslində, ölkəmizi özünün əsas bazasına çevirmişdi. Nəticəsi də ölkəmiz üçün heç də tərəqqi və inkişaf deyildi. Əksinə, Amerikanın iştirakı ölkədə iqtisadi cəhətdən geriliyə, elmi cəhətdən yoxsulluğa, mədəni-əxlaqi cəhətdən pozğunluq və fəsada səbəb olmuşdu. Onlar belə bir vəziyyət yaratmışdılar. Hələ də bir qrup adam belə hesab edir ki, Amerika ilə yola gedib, barışıb dost olsaq, ölkə cənnətməkan olacaq. Xeyr, belə deyil, inqilabdan əvvələ baxın, görün vəziyyət necə olub. Bu gün Amerika üçün əldən-ayaqdan gedən dövlətlərə nəzər salın, görün vəziyyətləri necədir. O onların iqtisadi vəziyyəti, o da elmi vəziyyətləri. Elə bizim öz regionumuzda da belələri var, mən daha ad çəkmək istəmirəm, özünüz bilirsiniz.
Əlbəttə, bizim böyük inqilabımızdan sonra da Amerika əl çəkmədi. Cəhənnəm əzablı ağalığını ölkəmizdə davam etdirmək niyyətindədir. Özü də təkcə bizim ölkəmizdə yox, İranda və bütünlüklə regionda. Bəziləri soruşur ki, Amerika ilə filan Avropa ölkəsinin fərqi nədir? Fərq elə budur. Amerika illərlə burada yerini bərkidib cibini doldurduğuna görə özünü üstün bir güc hesab edir, daim keçmişdəki vəziyyəti qaytarmaq niyyəti güdür. İran xalqını ayıldan, ehtiyatlı olmağa vadar edən budur. Əlbəttə ki, regionun bəzi xain dövlətləri də Amerikaya kömək edir.
Amerikanın mənafeyi regionda sabitlik və asayişin pozulmasından asılıdır
Bir şeyi də deyim: hazırkı şəraitdə Amerika öz xeyrini, öz mənafeyini regionumuzda asayiş və sabitliyin pozulmasında görür. Ta o vaxta qədər ki, burada tam olaraq ağalığını bərqərar edə. Ona qədərsə Amerikanın mənafeyi bu regionda sabitliyin pozulmasındadır. Bunu özləri də deyirlər, açıq-aşkar bəyan edirlər. Amerikanın məşhur bir institutunun mütəxəssislərindən biri bunu açıq-aşkar demişdi. Amerikan Enterprays İnstitutu; siyasətdən başı çıxanlara bu ad yaxşı tanışdır. Demişdi ki, biz İran, İraq, Suriya və Livanda sabitliyin olmasını istəmirik. Baxın, təkcə İran da deyil; deyir ki, İran, İraq, Suriya və Livanda sabitlik bizim üçün arzuolunan deyil. Əsas məsələ isə bu ölkələrdə sabitliyin olub-olmamasının vacibliyi deyil – yəni aydındır ki, bu ölkələrdə sabitliyi pozmaq niyyətləri var – əsas məsələ nəzərdə tutduqları məqsədə hansı yolla nail olmaları, sabitliyi nə formada pozmalarıdır. İndi bunu bəzən İŞİD-in əli ilə, bəzən də 1388-ci ildə ölkəmizdə olduğu kimi iğtişaşlar törətməklə və regionda müşahidə etdiyiniz digər bu kimi işlərlə edirlər. Onların niyyəti bu regionda sabitliyi pozmaqdır. Amma ağzının danışığını bilməyən hansısa Amerika rəsmisi çıxıb deyir ki, regionda sabitliyin pozulmasının səbəbkarı İrandır! Xeyr, biz sabitliyin səbəbkarıyıq, biz Amerikanın bu regionda sabitliyi pozmaq üçün törətdiyi əməllərlə mübarizə aparırıq. 1388-ci ildə Amerika İranda sabitliyi pozmaq istəyirdi. Həmin bəla 1399-cu ildə öz başına gəldi. Son günlər, özəlliklə də srağagün (9) Vaşinqtonda baş verənləri – insanlar konqresə daxil olaraq konqresmenləri gizli dəhlizlərlə qovub binadan kənara çıxarıblar – nə vaxtsa İranda həyata keçirmək istəyirdilər. Ölkəmizdə kütləvi iğtişaşlar, vətəndaş müharibəsi törətmək niyyətində idilər, amma Allah-taala bu istəklərinə çatmalarına imkan vermədi. 1388-ci ildə onlar burada iğtişaşlar törətmək fikrində idilər, indi – 1399-cu ildə Allah-taala bunu öz başlarına gətirdi.
Bizim son hədəfimiz yeni İslam sivilizasiyası yaratmaqdır
Əlbəttə, 19 deydən bu günə qədər ölkəmizin və İslam İnqilabının keçib gəldiyi yola nəzər salsaq, görərik ki, ən azından 10 dəfə (hətta demək olar, 100 dəfə; sadəcə, mən çox iddialı danışmaq istəmirəm) güclənib, möhkəmlənib, püxtələşib, təcrübə qazanıb və hazırlıqlı vəziyyətə gəlib. O vaxt biz hazırlıqlı deyildik, bu günsə hazırlıqlıyıq: həm ideoloji cəhətdən, həm praktik cəhətdən, həm siyasi cəhətdən, həm də, əlhəmdulillah, hərbi cəhətdən. Biz bir çox əngəlləri aşmışıq. Hədəfimiz də yeni İslam sivilizasiyası yaratmaqdır. Bizim son hədəfimiz budur. Ola bilsin, bir nəsil bu hədəfə yetişə bilməyəcək, amma bu yol davam edəcək və inşallah, gələcək nəsillər bu hədəfə nail olacaqlar. Biz imperialistlərin yolumuzda yaratdığı maneələrə, ölkəmizin əleyhinə yürütdükləri xəbis siyasətlərə üstün gəlməliyik. Bizim Amerika dövlətinə qarşı tutduğumuz mövqe məhz bu təfəkkürə, bu arqumentlərə, bu fəlsəfəyə əsaslanır. 19 Dey barədə bu qədər.
İranla imperializm cəbhəsi arasında bir neçə mühüm qarşıdurma
Günün aktual məsələlərinə gəlincə; İslam Respublikası ilə başda Amerika olmaqla imperializm cəbhəsi arasında gərginliyin tez-tez önə çıxan mövzularından biri sanksiyalar məsələsi, digəri İranın regiondakı iştirakı, digər biri isə İranın müdafiə gücü, raket imkanlarıdır. Onlar bu mövzular ətrafında daim hansısa fikirlər səsləndirir, nəsə deyir, nəyəsə etiraz bildirirlər, biz tərəf də nəsə bir cavab verir. Əlbəttə, daxili qüvvələr, rəsmilərimiz hər 3 məsələdə imperializm cəbhəsinin cavabını veriblər; həm hərbi rəsmilərimiz, həm Xarici İşlər Nazirliyimiz, həm də öz şüarları ilə xalqımız; onların cavabı verilib. Mən isə indi bu barədə son və qəti sözü deyəcəyəm.
1. Xain və xəbis sanksiyalar məsələsi
Sanksiyalara gəlincə; Qərb cəbhəsi, düşmənlərimiz bu xəbis hərəkəti – İran xalqının üzərinə sanksiyalar qoyulmasını dərhal durdurmalıdırlar. Bütün sanksiyaları ortadan qaldırmaq onların borcudur. Bu, xain, çirkin, xəbis bir davranışdır. İran xalqına qarşı böyük və əsassız bir düşmənçilikdir. Onlar təkcə İslam Respublikası və ya İslam dövləti ilə yox, bütövlükdə İran xalqı ilə düşmənçilik edirlər. Onların vəzifəsi bu sanksiyaları dərhal ləğv etməkdir. Əlbəttə, mən dəfələrlə demişəm (10), yenə də təkrar edirəm ki, onlar sanksiyaları qaldırmalıdırlar, amma biz də iqtisadiyyatımızı elə tənzimləməli, elə planlaşdırmalıyıq ki, hətta sanksiyaların mövcudluğu şəraitində də ölkəni lazımınca idarə edə bilək. Mən bunu dönə-dönə demişəm, indi yenə də təkrar edirəm. Biz elə bilək ki, sanksiyalar heç vaxt ortadan qalxmayacaq (əlbəttə, sanksiyalar getdikcə öz təsirini itirməkdədir; yəni tədricən yox kimi bir şeyə çevrilir, amma lap tutaq ki, sanksiyalar öz yerində qaldı) biz ölkə iqtisadiyyatını elə planlaşdırmalıyıq ki, sanksiyaların qalxıb-qalxmamağı ilə, düşmənin cürbəcür oyunları ilə iqtisadi məsələlərdə problemlə üzləşməyək. Bu mümkündür, bunu mən yox, iqtisadçı ekspertlər, canıyanan adamlar deyir. Söyləyirlər ki, bu işi görmək mümkündür, bunun üçün daxildə potensialımız çox genişdir. Biz də bunu hökumətin bir siyasəti olaraq elan etmişik (11). “Müqavimət iqtisadiyyatı” siyasətini həyata keçirmək üçün ciddi və intensiv surətdə çalışmaq lazımdır. Odur ki sanksiyalar məsələsinin qəti cavabı bundan ibarətdir. “Filan işi görün”, “filan işi görməyin” – bunlar havayı söhbətlərdir. Sanksiyalar İran xalqına qarşı bir xəyanət, bir cinayətdir və hökmən ortadan qaldırılmalıdır. Bu, bir məsələ.
2. İranın regionda sabitliyə yol açan iştirakı
Bizim regiondakı iştirakımıza gəlincə, (belə ki onlar daim: “İran nəyə görə regionda iştirak edir?” – deyib narazılıq edirlər) dost və havadarlarının regionda güclənməsi üçün şərait yaratmaq İslam Respublikasının borcudur. Bu bizim vəzifəmizdir. Bizim iştirakımız dost və havadarlarımızın güclənməsi deməkdir. Biz İslam Respublikasının sadiq dostlarının regionda zəifləməsinə səbəb olacaq davranışlara yol verməməliyik. Bizim iştirakımız belə bir mahiyyət daşıyır. Və bizim iştirakımız sabitliyə yol açır. Artıq sübut olunub ki, İran İslam Respublikasının regionda iştirakı sabitliyin pozulmasına səbəb olan faktorların aradan qalxmasına yol açır. İraqdakı İŞİD məsələsi, Suriyadakı müxtəlif məsələlər və sair kimi; mən təfərrüatlara toxunmaq istəmirəm, maraqlananlar bütün bunları yaxşı bilirlər. Odur ki bizim regiondakı iştirakımız da qəti bir məsələdir, olmalıdır və olacaq.
3. İranın müdafiə gücü və raket imkanları məsələsi
Müdafiə gücümüzə gəlincə; İslam Respublikasının ölkənin müdafiə qabiliyyətini elə bir vəziyyətə gətirməyə haqqı yoxdur ki, Səddam Hüseyn kimi ləyaqətsiz biri Tehran şəhərini bombardman edə, raketlə vura, onun “MİQ-25” təyyarəsi gəlib Tehran səmasında uça, dövlətin də əlindən heç bir şey gəlməyə. Nə vaxtsa bu olmuşdu. Elə bu Tehran şəhərinə İraq raketləri (raket imkanlarına dəstək verən də elə avropalı cənablar idi; onların sayəsində Səddamın raketləri Bağdaddan Tehrana və digər şəhərlərə uça bilirdi) yaxud da “MİQ-25” təyyarələri gəlib yuxarıdan aşağı başımıza bomba yağdırırdı, heç nə də edə bilmirdik, imkanlarımız yox idi. İslam Respublikasının ölkəni belə bir vəziyyətdə saxlamağa haqqı yoxdur və biz, Allahın köməyi ilə, bunu etməmişik də. Bu gün bizim müdafiə gücümüz elə bir səviyyədədir ki, düşmənlərimiz hansısa planlar qurarkən qaçılmaz olaraq İranın imkanlarını nəzərə almalı olurlar. İslam Respublikasının raketləri İran səmalarına uçub gəlmiş Amerika təyyarəsini vurub yerə sala bilir, yaxud Amerikanın Eynüləsəddəki hərbi bazasını o cür darmadağın edə bilirsə (12), o zaman düşmən öz hesablamalarında, verdiyi hərbi qərarlarda ölkəmizin bu güc və imkanlarını hesaba almağa məcbur olur. Biz ölkənin müdafiəsiz vəziyyətdə qalmasına imkan verməməliyik. Bu bizim vəzifəmizdir. Elə etməməliyik ki, düşmən bizə qarşı cürətlənə və bizim də onun qarşısında əlimizdən bir şey gəlməyə.
Nüvə anlaşması və İran İslam Respublikasının öhdəliklərinin azalması ilə bağlı bir neçə məqam
Bu gün rəsmilərin, ictimaiyyətin, siyasətçilərin virtual məkanda və ondan kənarda tez-tez təkrarladığı məsələlərdən biri də Birgə Kompleks Tədbirlər Planı və İranın öhdəlikləri məsələsidir. Belə ki İslam Respublikası bu öhdəliklərdən bəzilərindən imtina etdiyini elan edib və bu yaxınlarda da uranın 20 faiz zənginləşdirilməsinə başlamaqla artıq dövlət bu sahədə parlamentin qəbul etdiyi qanunların icrasına start verib. Hazırda aktual olan məsələlərdən biri də budur. Mən BKTP ilə bağlı bir neçə məqamı qeyd etmək istəyirəm.
1. Amerikanın BKTP-yə geri qayıtması
Birinci məqam budur ki, hazırda Amerikanın BKTP-yə geri qayıdıb-qayıtmaması barədə çox danışılır. Biz nə Amerikanın bu anlaşmaya geri dönməsinə israr edirk, nə də bunun üçün tələsirik. Bizi maraqlandıran məsələ qətiyyən Amerikanın BKTP-yə dönüb-dönməyəcəyi deyil. Bizim məntiqli, rasional tələbimiz sanksiyaların aradan qaldırılmasından ibarətdir. Sanksiyalar ləğv olunmalıdır. Bu, İran xalqının qəsb edilmiş haqqıdır. İstər Amerika, istərsə də ondan asılı olan, onun dediyi ilə oturub-duran Avropa İran xalqının bu hüququnu özünə qaytarmağa borcludurlar. Amerikanın BKTP-yə dönüşü yalnız o zaman məna kəsb edəcək ki, sanksiyalar ortadan qaldırıla (əlbəttə, bizə dəymiş ziyan da var, bu da bizim tələblərimizdən biridir və biz bu məsələ ilə sonrakı mərhələlərdə məşğul olacağıq), amma nə qədər ki sanksiyalar ləğv olunmayıb, Amerikanın nüvə anlaşmasına geri qayıtması hətta bizim ziyanımıza da nəticələnə bilər. Xeyrimizə deyil, üstəlik ziyanımıza da ola bilər. Əlbəttə, mən həm qanunverici, həm də icraedici hakimiyyətə tapşırmışam ki, bu məsələlərdə diqqətli olsunlar, qanun-qaydalara tam riayət edərək işi irəli aparmağa çalışsınlar.
2. İranın nüvə anlaşması ilə öhdəsinə götürdüyü öhdəliklərin ləğvi düzgün bir qərardır
İkinci məsələ budur ki, hökumət və parlamentin İranın nüvə anlaşması ilə öhdəsinə götürdüyü öhdəliklərin ləğvi barədə çıxardığı qərar düzgün bir qərardır; tamamilə məntiqli, məqbul və ağlauyğundur. Qarşı tərəf BKTP-də götürdüyü öhdəliklərin, demək olar, heç birinə əməl etmirsə, İslam Respublikasının özünün bütün öhdəliklərinə əməl etməsinin heç bir mənası yoxdur. Ona görə də bir müddət bundan əvvəldən başlayaraq tədricən bəzi öhdəlikləri ləğv etdilər, bu yaxınlarda da digərlərini bir kənara qoydular. Və əlbəttə ki, onlar öz öhdəliklərinə geri dönsələr, biz də öz öhdəliklərimizə geri dönərik. Mən bunu əvvəldən demişəm. Nüvə anlaşması mövzusu ortalığa çıxan ilk gündən mən: “Öhdəlik qarşılığında öhdəlik”, – demişəm. Düz mütənasib surətdə. Bizim gördüyümüz işin qarşılığında onların gördüyü iş; biz nə isə bir iş görəcəyiksə, qarşı tərəf də o işə mütənasib bir iş görməlidir. Əvvəldə buna əməl edilməyib, amma bundan sonra belə olmalıdır.
Ölkənin idarəçiliyində təcrübəli kadrlarla yanaşı, enerjili və təşəbbüskar gənclərdən də istifadə olunmalıdır
Bir məsələni də vurğulasam, pis olmaz; burada da özüm üçün qeyd götürmüşəm. Eşitmişəm ki, son vaxtlar ortaya bir sual çıxıb: deyəsən, bu yaxınlarda yayımlanmış bir televiziya proqramında (13) mən əvvəlcə demişəm ki, gənc və mömin insanların təmsil olunduğu hökumət iş başına gəlməlidir, sonra da demişəm ki, təcrübəli kadrlardan istifadə etməmək doğru deyil. Bəzilərində belə bir sual yaranıb ki, necə yəni? Bu ikisi bir-biri ilə uyğun gəlmir. Mən isə deyirəm ki, yox, uyğun gəlir, bu ikisi bir-birinə qətiyyən zidd deyil. Baxın, mən gənc kadrların gücünə arxalanmalı olduğumuza inanıram, buna inamım çox böyükdür. Özü də bu mənim bugünkü fikrim deyil, elə köhnədən də mən həmişə buna inanmışam. Gənc kadrların gücünə inam o deməkdir ki, əvvəla, ölkənin bəzi mühüm idarəçilik sferalarında gənclərdən istifadə etmək, gənclərə etimad göstərmək lazımdır, ikincisi isə onların təşəbbüsünü, dinamikliyini, işə olan həvəsini yüksək qiymətləndirmək lazımdır. Elə olub ki, hansısa gənc hər yerə müraciət edib, çox önəmli və real bir iş təklifi irəli sürüb, amma cavab ala bilməyib, bizə üz tutmalı olub. Sonradan biz onu mütəxəssislərə yönəltdiyimiz zaman haqlı olduğunu, təklifinin çox əhəmiyyətli olduğunu, həmin işi reallaşdıra biləcəyini təsdiqləyiblər. Mən inanıram ki, ölkəmiz gənclərdən, onların təşəbbükarlığından, dinamikliyindən, işləməyə olan həvəsindən və ruh yüksəkliyindən maksimum dərəcədə istifadə etməlidir. Odur ki həm idarəçilik məsələsi var, həm də bu məsələ. İntəhası “idarəetmədə gənclərə yer verilsin” deyərkən biz bunu nəzərdə tutmuruq ki, əvvəlki nəsli tamamilə işdən kənarlaşdırmaq lazımdır. Xeyr, yerinə görə, zərurətdən asılı olaraq haradasa rəhbərlik gənc bir kadra, başqa bir yerdə isə təcrübəli və səriştəli birinə həvalə olunmalıdır. İnqilabın əvvəlindən də bu elə belə olub. İndi bəziləri İmam Xomeyninin Tehranda 40 yaşlı birini – yəni məni nəzərdə tuturlar – şəhərin imam-cüməsi təyin etdiyini xatırlatdılar. Bəli, həmin vaxt Kirmanşahda da 80 yaşlı bir insan imam-cümə təyin olunmuşdu (14). İmam Xomeyni Yəzd, Şiraz, Məşhəd, Təbriz və sair bu kimi şəhərlərdə yaşı 60-a yaxın olan böyük din alimlərini imam-cümə qoymuşdu. Tələblər müxtəlifdir. İnqilabın əvvəlində İmam Keşikçi Korpusun başına yaşı 30-dan az olan bir gənci (15), Ordunun Quru Qoşunlarının başına isə yaşı 60-a yaxın olan bir nəfəri (16) gətirmişdi. Tələbatdan asılıdır; haradasa gənc birinin rəhbərliyinə ehtiyac var, başqa bir yerdə isə daha yaşlı və təcrübəli birinin. Dediyim gənc və mömin hökumət barədə, inşallah, gələcəkdə – seçkilərə yaxın vaxtlarda mən hələ danışacağam. Yəni bu barədə deyiləsi sözlərim var. Bu gün bu mövzuya toxunmaqda məqsədim isə o idi ki, “təcrübəli kadrlardan istifadə olunmalıdır” deməyimiz heç də “gənclər işə cəlb olunsun” deməyimizlə ziddiyyət təşkil etmir.
Və əlbəttə, bir məqama da diqqət yetirmək lazımdır ki, bəzi ortayaşlı insanlar elə gənc kimidir. Şəhid Süleymaninin 60-a yaxın yaşı vardı, amma gördüyünüz kimi, çöl-biyabanda, dağda-daşda – hər yerdə eynilə gənclər kimi hərəkət edir, heç nədən qorxmurdu. Əlbəttə ki, camaatımızın onun fəaliyyəti barədə çox az məlumatı var, yalnız televiziya vasitəsilə gördüklərini bilirlər. Mən isə daha çox şey bilirəm. Bəzən 24 saat ərzində hansısa ölkədə o qədər iş görürdü ki, insan o məruzələri oxumaqdan yorulurdu. Öz-özünə deyirdin ki, 24, yaxud 36 saat ərzində nə qədər iş görülüb! Belə insanlar da var.
Koronavirusla bağlı bir neçə məqam: 1. İranda istehsal olunmuş vaksin bizim qürur mənbəyimizdir
Son olaraq bir daha koronavirus məsələsinə toxunmaq istəyirəm. Əvvəla, ölkəmizin bu virus əleyhinə istehsal etdiyi vaksin bizim üçün qürur mənbəyidir. Qoy bunu inkar etməsinlər. Bu hər bir ölkə üçün qürur mənbəyidir, başıucalıqdır. Əlbəttə, vaksinin ərsəyə gətirilməsi üçün müxtəlif metodlardan istifadə edirlər və o metodlardan biri insan üzərində sınaqdan keçirilərək müsbət nəticə verib. Bunu inkar etməyə çalışmasınlar. Bəziləri ölkədə həyata keçirilən istənilən böyük işi qəbul etmək istəmir, sual altına salırlar. Bir vaxtlar gənclərimiz o nüvə sentrifuqalarını quranda mən çıxışlarımda bir neçə dəfə bu mövzuya toxunub ad çəkmişdim. O zaman tanınmış alimlərdən bir neçəsi mənə məktub yazmışdı ki, bunların sözünə aldanmayın, bunlar belə bir işi görə bilməz. İnkar edirdilər, mümkün olmadığını deyirdilər, amma gördünüz nələr oldu, məsələ hansı səviyyəyə gəlib çatdı? Kök hüceyrələri məsələsində də eyni vəziyyət oldu. Mərhum Kazimi və əlhəmdulillah, bu gün də həyatda olan o əziz gənclərimiz biologiya sahəsində çox böyük bir addım sayılan kök hüceyrələrini əldə etməyə müvəffəq olduqları zaman bir qrup adam yenə də bizə ismarış göndərir, məktub yazırdı ki (doğrusu, məktub yadımda deyil) o qədər də inanmayın. Bəziləri bura gəlib mənim özümə demişdilər. Demişdilər ki, o qədər də inanmayın, bunlar bir o qədər də məqbul nailiyyətlər deyil. Xeyr, məqbul idi və biz də inandıq. O zaman atılan o addımlar doğru addımlar idi, ondan sonra da nailiyyətlər 10 qat çoxaldı. İndi də elədir. O vaksini ərsəyə gətiriblər, insan üzərində sınaqdan da keçiriblər, inşallah, daha yaxşı, daha mükəmməl olanını da yaradacaqlar – yəni günbəgün daha da təkmilləşəcək – bu sahədə araşdırmalar indiyə qədər uğurlu olub, Allahın köməyi ilə, bundan sonra da uğurlu olacaq. Vaksin məsələsi ilə bağlı birinci məqam budur: ölkəmizdə istehsal olunmuş vaksin bizim üçün qürur mənbəyidir. Mən bu işdə əməyi keçmiş hər kəsə – Səhiyyə Nazirliyinin və digər qurumların rəsmilərinə təşəkkürümü bildirirəm.
2. Amerika, İngiltərə və Fransada istehsal olunmuş vaksinlərin ölkəyə gətirilməsi yolverilməzdir
Koronavirusla bağlı ikinci məqam budur ki, Amerika və İngiltərə vaksinlərinin ölkəyə gətirilməsinə əsla imkan vermək olmaz. Mən bunu rəsmilərə də demişəm, indi də bütün ictimaiyyət qarşısında söyləyirəm. Amerikalılar vaksin istehsal edə bilsəydilər, öz ölkələrində koronavirusla bağlı o rüsvayçı vəziyyət yaranmazdı. Bir neçə gün bundan əvvəl 24 saat ərzində 4000 nəfər insan tələfatları olmuşdu. Onlar vaksini necə düzəltmək lazım olduğunu bilirlərsə, o “Pfizer” şirkətləri vaksin istehsal etməyi bacarırsa, bizə nə üçün vermək istəyirlər? Qoy özləri istifadə etsinlər ki, ölənləri, öldürülənləri o qədər çox olmasın. İngilislər də eynilə. Bunlara inanmaq olmaz. Mən, doğrudan da, onlara inanmıram. Bilmirəm, ola bilsin, bunlar vaksini başqa xalqların üzərində sınaqdan keçirib baxmaq istəyirlər ki, təsir göstərir, ya yox. Odur ki Amerika və İngiltərədən vaksin tədarük edilməsin. Əlbəttə, mən bu məsələdə Fransaya da nikbin yanaşmıram, səbəbi də keçmişdə bizə viruslu qan vermələridir (17). Əlbəttə, etimada layiq olan başqa bir yerdən vaksin tədarük etmək istəsələr, heç bir problem yoxdur.
3. Sağlamlığımızı qorumaq üçün qoyulan tələblərə riayət etməyə davam etməliyik
Koronavirusla bağlı vurğulamağı vacib bildiyim 3-cü məqam bundan ibarətdir ki, camaatımız sağlamlığın qorunması üçün müəyyən olunmuş tələblərə riayət etməkdə davam etməlidir. Hazırda ölüm halları bir qədər azalıb. Əlbəttə, yenə də çoxdur. Sutkada yüz, yüz neçə nəfərin vəfat etməsi balaca bir iş deyil, bu çox böyük saydır. Amma əvvəlki ilə müqayisədə hazırda ölənlərin sayının azalması camaatımızı arxayın etməməlidir ki, artıq məsələ həll olunub qurtarıb. Xeyr, insanlarımız qoyulan qaydalara əməl etməyə davam edərək öz sağlamlıqlarını qorumalıdırlar. Bu sahəyə görə məsuliyyət daşıyan ölkə rəsmiləri də öhdələrinə düşən vəzifələri yerinə yetirməlidirlər.
4. Yeni təcrübələrdən istifadə etmək vacibdir
Koronavirusla bağlı 4-cü məqam budur ki, bizim bəzi elm adamlarımız bu sahədə çox yaxşı təcrübələr aparıb bir dərman vasitəsi düzəldiblər, o dərmanı rəsmilərin nəzarəti altında sınaqdan keçiriblər və effektiv olduğu təsdiqlənib. Belə təcrübələrin əleyhinə çıxmaq lazım deyil. Ətrafda yeni bir iş görə biləcək kifayət qədər çox insan var. Mən demirəm ki, hər yerindən duranın iddiasını qəbul etsinlər, xeyr, amma təsdiqini tapmış təcrübələrə diqqət yetirmək lazımdır.
Gələcəyə, iqtisadi, siyasi, mədəni və hərbi sferalarda uğurlara ümid bəsləmək lazımdır
Mənim əziz İran xalqına, Qum əhalisinə və möhtəşəm Qum Teoloji Mərkəzinə son sözüm budur ki, İran xalqı öz birliyi, qırılmaz əzmi, dindarlığı, vaxtında iştirakı, mücahidəsi sayəsində bu böyük inqilabı etməyi, dünya və bəşəriyyətin yolunu dəyişmiş bu böyük işi həyata keçirməyi bacarıb. Bu gün həmin o xalq daha da artıq təcrübə və bacarıqla mövcuddur, qat-qat çox imkanlarla meydandadır və qarşısındakı bütün maneələri aşmaq iqtidarındadır. Bu xalq iqtisadiyyatda, istehsal və milli valyutanın dəyəri kimi məsələlərdə, mədəniyyətdə, siyasətdə, hərb sahəsində və digər bu kimi sferalarda uğur qazana bilər. Ümidvaram, Allah-taala bu xalqa lütf və mərhəmətini günbəgün daha da artıracaq, inşallah.
Allahın salamı olsun daim bizə öz yardımları ilə dəstək olan İmam Mehdi Sahibəzzamana (Ruhlarımız ona fəda!) Qarşımızda bu yolu açmış dahi liderimiz İmam Xomeyninin pak ruhuna rəhmət diləyir və salavat göndəririk.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
___________________________
(1) İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı Şəhid general Hacı Qasim Süleymani ABŞ-a məxsus PUA-nın Bağdad hava limanına endirdiyi zərbə nəticəsində 13.10.1398-ci ildə, bir cümə səhəri İraqın “Həşdüş-şəbi” qüvvələrinin komandanı Şəhid Əbumehdi Mühəndis və onları müşayiət edən digər 10 nəfərlə birlikdə şəhid olmuşdur.
(2) Şəhid Hüseyn Purcəfəri (Şəhid Qasim Süleymaninin xüsusi köməkçilərindən biri olmuşdur)
(3) Şəhid Şəhrud Müzəffəriniya (Şəhid Süleymaninin mühafizəçisi olmuşdur)
(4) Şəhid Hadi Tarimi (Şəhid Süleymaninin mühafizəçisi olmuşdur)
(5) Şəhid Vəhid Zəmaniniya (Şəhid Süleymaninin mühafizəçisi olmuşdur)
(6) Şəhid Qasim Süleymaninin nəşinin Kirmanın Şəhidlər xiyabanında son mənzilə yola salınması mərasimindən sonra bir qrup həmvətənimiz izdiham içərisində yaranan sıxlıq səbəbindən şəhid olmuşdur. Həmçinin 1398-ci il 18 dey günü Tehrandan Ukraynanın Kiyev şəhərinə uçan, Ukraynaya məxsus sərnişin təyyarəsi İran Havadan Müdafiə Qüvvələri tərəfindən səhvən vurulmuş, nəticədə təyyarənin bütün sərnişinləri şəhid olmuşlar.
(7) İranın nüvə alimi Möhsün Fəxrizadə 1399-cu il azər ayının 7-də Dəmavəndin Absərd bölgəsində silahlı terrorçular tərəfindən şəhid edilmişdir.
(8) Ayətullah Məhəmmədtəqi Misbahyəzdi – Şəriət Ekspertləri Məclisinin üzvü, İmam Xomeyni adına Təhsil və Tədqiqat Mərkəzinin direktoru
(9) ABŞ prezidenti Donald Trampın seçkilərin nəticəsindən narazı qalmış yüzlərlə tərəfdarının Amerika Konqresinə yürüşü, bir neçə saat müddətində konqres binasını ələ keçirmələri, hərbçilər və polis qüvvələri ilə etirazçılar arasında yaranmış şiddətli qarşıdurma və nəticədə azı 4 nəfərin qətlə yetirilməsi nəzərdə tutulur.
(10) O cümlədən İqtisadi Koordinasiya Ali Şurasının üzvləri ilə 04.09.1399-cu ildə baş tutan görüş zamanı
(11) “Müqavimət iqtisadiyyatı”nın başlıca siyasətlərinin elan edilməsi (29.11.1392)
(12) İslam İnqilabı Keşikçiləri Korpusu Hacı Qasim Süleymaninin terror edilməsinə cavab olaraq 1398-ci il 18 dey günü “Şəhid Süleymani” adı altında keçirilən əməliyyatla Amerikanın Eynüləsəddəki hərbi bazasını ballistik raketlərlə hücuma məruz qoymuşdur.
(13) “Qeyri-rəsmi” adlı sənədli televiziya filmi nəzərdə tutulur.
(14) Ayətullah Ətaullah Əşrəfi İsfahani
(15) Keşikçi Korpusun komandiri Möhsün Rezayi
(16) Ordu komandiri Qasıməli Zəhirnejad
(17) 60-cı illərdə Fransanın “Meryö” İnstitutu İrana QİÇS viruslu qan laxtalanma faktorları göndərmiş, nəticədə xeyli sayda hemofiliya xəstəsi bu virusa yoluxaraq vəfat etmişdir.