Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفیٰ محمّد و علی آله الطیّبین الطّاهرین المنتجبین المعصومین سیّما بقیّة الله فی الارضین
Peyğəmbəri-Əkrəmin (s) şərafətli mövludu bəşər tarixində ən böyük hadisə üçün zəmin yaratmışdır
Əziz tamaşaçılar, dəyərli İran xalqı, sizi və bütövlükdə böyük İslam ümmətini Peyğəmbəri-Əkrəmin (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mövludunun ildönümü münasibətilə təbrik edirəm. Bu gün böyük bir bayramdır. Bu şərafətli mövlud Peyğəmbərin besəti, Allahın elçisinin yer üzünə göndərilməsi üçün zəmin yaratdı. Peyğməbərin besəti isə əvvəldən axıra qədər bəşər tarixində ən böyük tarixi hadisədir. Ümidvaram, inşallah, bu bayram əziz xalqımız, dəyərli İran xalqı, bütün müsəlman xalqları və böyük İslam ümməti üçün mübarək olacaq. İnşallah, bütövlükdə bəşər cəmiyyəti üçün də bir sıra bərəkətlərin qaynağı olar.
Bu günə 3 əlamətdar hadisə təsadüf edir: onlardan birincisi mübarək və əzəmətli mövluddur – Həzrət Peyğəmbərin (s) və onun əziz nəvəsi İmam Cəfər Sadiqin (ə) mövludları – ikincisi olduqca böyük əhəmiyyət kəsb edən Vəhdət həftəsidir, üçüncüsü isə ölkəmizdə Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü kimi qeyd olunan 13 aban günüdür. Bu əlamətdar hadisələrin hər biri ilə bağlı əziz xalqımıza bir neçə cümlə demək istəyirəm.
Qurani-Kərimin bəzi ayələri bəşəriyyətin hazırkı vəziyyəti ilə aşkar surətdə uyğundur
Quranda Peyğəmbəri-Əzəmlə (s) bağlı ayələr çoxdur. Onlardan bəziləri bəşəriyyətin hazırkı vəziyyəti ilə açıq-aydın uyğunluq təşkil edir. O ayələri oxuyanda görürsən ki, elə bil, bu günümüz üçün, müasir bəşər üçün nazil edilib. Belə ayələrdən biri “Bəraət” surəsindəki bu şərif ayədir:
لَقَد جاّْءَکُم رَسولٌ مِن اَنفُسِکُم عَزیزٌ عَلَیهِ ما عَنِتُّم حَریصٌ عَلَیکُم بِالمُؤمِنینَ رَءوفٌ رَحیم
“(Ey ümmətim!) Sizə özünüzdən elə bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” (“Tövbə” surəsi, 128-ci ayə)
Ayənin əvvəlindəki iki cümlə bütün bəşəriyyətə aiddir. Eynilə digər bir ayədə də buyurulur:
یًّـاَیـُّهَا النّاسُ اِنّی رَسولُ اللهِ اِلَیکُم [جَمیعًا]
“(Ya Rəsulum!) De: "Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm”. (“Əraf” surəsi, 158-ci ayə)
Peyğəmbəri-Əkrəm (s) bütün bəşəriyyətə müraciət edir. Bu iki cümlə çox əhəmiyyətlidir: “عَزیزٌ عَلَیهِ ما عَنِتُّم” – siz insanların çəkdiyi əziyyət Peyğəmbərə ağır gəlir, sizin əziyyət çəkməyiniz ona da əziyyət verir; və sonrakı cümlə: “حَریصٌ عَلَیکُم” – Peyğəmbərin sizə ürəyi yanır, o sizin iman gətirməyinizə ürəkdən can atır, sizin aqibətiniz onu narahat edir. Bu cümlələrlə bəşər cəmiyyətinin hər bir nümayəndəsinə müraciət olunur.
Bu gün bəşər cəmiyyəti bu müraciətin bariz göstəricisidir, yəni bu müraciət bəşər cəmiyyətinin hazırkı vəziyyəti ilə xeyli dərəcədə uyğunluq təşkil edir. Həqiqətən də, deyə bilərik ki, bu gün bəşəriyyət tarix boyu olduğundan daha çox əziyyət çəkir. Diskriminasiya var, müharibələr, konfliktlər var, ifrat maddiyyatçılıq var (tarix boyu insanlar arasında maddiyyata bu gün olduğu qədər kəskin formada həvəsə, meyilə çox az-az rast gəlinib), xalqları əzmək üçün elm və texnologiyadan istifadə var; bundan başqa, günahların tüğyan etməsi, şər əməllər, tağut xislətli davranışlar da var.
İmperialistlər elm və texnologiyadan öz tağut qüdrətini tətbiq etmək üçün bir vasitə kimi istifadə edirlər
Bəli, bunlardan bəziləri, o cümlədən diskriminasiya, haqlara təcavüz, ədalətsizlik, tağutların varlığı bugünkü məsələ deyil, tarix boyu həmişə olub, lakin bu gün bu tağut gücünün tətbiqi üçün bir vasitə kimi elmdən, texnologiyadan istifadə olunur. Misal üçün, tutalım, Firon deyirdi ki:
اَلَیسَ لی مُلکُ مِصر
“Firon öz qövmünə müraciət edib dedi: "Ey qövmüm! Məgər Misir səltənəti mənim deyilmi?! (“Zuxruf” surəsi, 51-ci ayə)
Yəni Firon Misirin hüdudları daxilində istədiyi qələti edirdi. Bu gün isə Amerika – hansı ki o dövr Misir Fironundan heç nə ilə fərqlənmir – öz ölkəsi ilə kifayətlənib: “الیس لی ملک آمریکا” – “Məgər Amerika mənim deyilmi?!” – demir. Qalxıb gəlir, başqa ölkələrə müdaxilə edir, müharibə aparır, öz ağalığını təmin edir, hərbi bazalarını qurur. Yəni vəziyyət bu cürdür, tağutlar elmi biliklərdən, bəşəriyyətin elmi inkişafından istifadə edib şər əməllər törədir. Bu gün ayrı-seçkilik, qeyri-bərabərlik, qəsdən törədilən müharibələr həmişəkindən daha çoxdur. Həqiqətən də, “عَزیزٌ عَلَیهِ ما عَنِتُّم” – sizin əziyyətə düşməyiniz ona ağır gəlir. Bəşəriyyətin çəkdiyi bu əziyyətlər Peyğəmbəri-Əkrəmin (s) pak ruhunu incidir. Peyğəmbər (s) insanlığın xoşbəxtliyinə təşnədir, bəşəriyyətin doğru yola hidayət olunmasını arzulayır. O, sözün əsl mənasında mehriban bir ata kimi bəşəriyyətin səadətə qovuşmasını, xoşbəxt olmasını, “sirati-müstəqim”ə istiqamətlənməsini, xeyrinə olan aqibətlə üzləşməsini istəyir.
Qurani-Kərim kafirlərin özlərinə və başçılarına fərqli formada müraciət edir
Bu şərif ayədə diqqət çəkən məqamlardan biri budur ki, ayə “Bəraət” surəsinin axırındadır. “Bəraət” surəsi savaş surəsidir, kafirlərə etiraz ruhundadır, surədə mübarizəyə qalxmaq əmri verilir. Surənin sonunda isə belə buyurulur:
عَزیزٌ عَلَیهِ ما عَنِتُّم
– sizin əziyyətə düşməyiniz Peyğəmbərə (s) ağır gəlir. Qeyd etdiyimiz kimi, burada bəşəriyyətin hər bir nümayəndəsinə xitab olunur. Buradan belə nəticəyə gəlmək olar ki, surədə qafil və məlumatsız olan qeyri-müsəlmanlara deyil, kafirlərin başçılarına, hegemonluq edənlərə, toplumların müqəddəratı üzərində ağalıq edən qruplaşmalara müraciət olunur. Quranın bir yerində onlar “ائمّهی کفر” – “küfr başçıları” adlandırılırlar:
فَقاتِلوا اَئِمَّةَ الکُفرِ اِنَّهُم لا اَیمٰنَ لَهُم
“... (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun”. (“Tövbə” surəsi, 12-ci ayə)
Başqa bir yerdə – “Qəsəs” surəsində isə onlar “ائمّهی یدعون الی النّار” – “Cəhənnəm oduna çağıran rəhbərlər” kimi xatırlanırlar:
وَ جَعَلنٰهُم اَئِمَّةً یَدعونَ اِلَی النّار
“ Biz onları (dünyada insanları) cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik”. (“Qəsəs” surəsi, 41-ci ayə)
Belə ki onlar insanları cəhənnəmə tərəf çəkib aparar, cəhənnəmə çağırarlar. Əslində Quranın İslamın düşmənlərinə, kafirlərə qarşı göstərdiyi hiddət və aqressiya həmin o qruplaşmalara, o təşkilatlanmış cərəyanlara yönəlib. “عَزیزٌ عَلَیهِ ما عَنِتُّم” – “Sizin əziyyətə düşməyiniz Peyğəmbərə (s) ağır gəlir” deyən o gözəl və şərif ayədə isə ayrı-ayrı kafirlərə, yəni kafir olsalar belə, haqqa meyilli olan, haqqı axtaran, inadkarlıq etməyən, qərəzli olmayanlara müraciət olunur.
Bu gün İslamın düşməni, o əsas düşmən, o “اَئِمَّةً یَدعونَ اِلَی النّار” – “Cəhənnəmə çağıran rəhbər” elə imperializmdir, sionizmdir. Bütün varlığı ilə İslama qarşı mübarizə aparanlar məhz bunlardır. Bu qarşıdurmanın ən son təzahürü isə, təəssüflər olsun ki, bir həftə öncə Parisdə baş vermiş olaydır.(1) Parisdə müşahidə olunmuş bu çirkin təzahür çox diqqət çəkən bir məqamdır.
Fransa mədəniyyətinin süqutu, Fransa dövlətinin bu olaya siyasi himayədarlıq etməsinin çirkinliyi
Hansısa karikaturaçı bir qələt eləyib, karikatura dili ilə Peyğəmbəri (s) təhqir edib. Lakin bu sırf hansısa yolunu azmış incəsənət xadiminin yol verdiyi bir səhv deyil. Məsələ təkcə bu deyil. Bu hadisənin arxasında duran əllər var. Sübutu isə budur ki, gördüyümüz kimi, birdən-birə sənətlə bağlı bir məsələyə görə ölkə prezidenti, yaxud bütün hökumət ayağa qalxaraq bu insidenti müdafiə edir, bəzi digər dövlətlər də onu dəstəkləyir. Aydındır ki, bu hadisənin arxasında hansısa təşkilatlanma durur. Məsələ sırf bunda deyil ki, Fransada mədəniyyət tənəzzül edərək belə bir səviyyəyə düşüb. Məsələ bu yanlış addımı himayə edən dövlət siyasətindədir; bir siyasi lider gəlib açıq-aşkar öz dəstəyini bildirir. Yaxşı, deyirsiniz ki, bu tərəf adam öldürüb. Elə isə siz o ölən üçün təəssüflənin, ona sevginizi ifadə edin, daha nə üçün o karikaturaları göz önünə sərib onları açıq-aşkar dəstəkləyirsiniz? Bu, dövlət səviyyəsində baş verən çox çirkin və xoşagəlməz bir olaydır. Bu sadəcə hansısa sənət adamının, karikaturaçının gördüyü bir iş deyil. Eyni vəziyyət bundan öncə də yaşanmışdı. O zaman da hökumət adamlarının, siyasi liderlərin bu çirkin olayın arxasında duraraq onu necə dəstəklədiyinin şahidi olmuşduq.
İslam ümmətinin qəzəb və etirazı müsəlman toplumlarının canlı olduğunu göstərir
Əlbəttə ki, hazırda bu olaya görə İslam ümmətinin qəzəb və etirazı coşub daşır. Bu, müsəlman toplumlarının canlı olduğunu göstərir və sevindirici bir haldır. İslam dünyasının şərqində və qərbində xalqlar, rəsmilər, müsəlman siyasətçilərin əksəriyyəti – əlbəttə ki, bəziləri nə qədər həqir olduqlarını bu yerdə də göstərirlər, amma əksəriyyət – öz müsəlman kimliyini, Peyğəmbəri-Əkrəmin (s) əzəmətli şəxsiyyətini müdafiə edərək bu olaya qəzəb və etirazını bildirdilər. Bu, xalqların canlı olduğunu göstərir. Lakin bu hadisədə diqqət yetiriləsi ibrətamiz bir məqam var. Dünyada gedən siyasi proseslərlə əlaqəli olan, bu sahədə işləyən şəxslər bu məqama özəlliklə diqqət yetirməlidirlər. Fransa dövləti bu olayı insan haqları, azadlıqlar və sairlə bağlayır. Məsələnin ibrətamiz tərəfi də elə budur.
Fransa dövləti dünyanın ən aqressiv və vəhşi terrorçularını himayə edir
Gəlin görək, bu Fransa necə bir dövlətdir? Bu siyasət nə siyasətdir? Bu siyasət eynilə dünyanın ən aqressiv və vəhşi terrorçularına sığınacaq verib qanadı altına çəkən siyasətdir. Yəni bizim ölkəmizdə prezidenti, baş naziri, məhkəmə hakimiyyətinin sədrini, bir sıra deputatları, yüksək vəzifəli dövlət və ədliyyə işçilərini, rəsmi statistikaya əsasən, 17 min nəfər sıravi vətəndaşı – küçə-bazardakı camaatı – şəhid etmiş terrorçuları. Bunlar adi terrorçular deyil və onların pənah apardığı yer məhz Fransa, Paris olub. Sonra da insan haqları, azadlıq iddiası edirlər. Məcburi Savaş dövründə o yırtıcı canavara – Səddama ən çox kömək edənlərdən biri Fransa oldu. Doğrudur, digər dövlətlərdən daha çox kömək etdiyini deyə bilmərəm, amma o müharibədə Səddamın ən böyük yardımçılarından biri fransızlar idi. O yırtıcı canavarı ən müasir təyyarələr və silah-sursatla təmin etdilər. Heç əməllərindən xəcalət də çəkmədilər; verdilər, üstəlik dedilər, etiraf da etdilər. Bu onların terrorçulara və o qəbildən olanlara olan münasibəti. Öz xalqlarına münasibətlərini, öz vətəndaşları ilə necə davrandıqlarını da bu son ildə baş verən şənbə mitinqlərində gördük. Bütün bunlardan sonra da insan haqları, azadlıq və sairin tərəfdarı olduqlarını iddia edirlər.
Vandalizmi və münafiqləri, Səddamı himayə etmək – bir sikkənin iki üzü
Mənim düşüncəmə görə, bunlar bir sikkənin iki üzüdür. Yəni mədəni vandalizmə, o cinayətkar karikaturaçının əməlinə qahmar çıxmaq sikkənin bir üzüdür, münafiqlərə, Səddama qahmar çıxmaq, Səddama göstərilən yardımlar da o biri üzü. Bunlar bir sikkənin iki üzüdür.
Son bir neçə ildə Avropa ölkələrində və Amerikada bu hadisə dəfələrlə təkrarlanıb. Qərb ölkələrində – Avropa və Amerikada son illər ərzində bir neçə dəfə müqəddəs Quran və Peyğəmbər (s) təhqir olunub. Lakin bunlar Peyğəmbəri-Əkrəmin (s) şərafətinə, calalına və əzəmətinə zərrə qədər də olsun xələl gətirə bilməz. Kifayət qədər aydındır ki, belə şeylər rəhmət Peyğəmbərinin nurlu simasına kölgə sala bilməz, bu günəş günbəgün daha da parlayır. O dövrdə Məkkə və Taifdəki alçaqlar bütün cidd-cəhdlərinə baxmayaraq, müqəddəs İslam Peyğəmbərinin (s) adını gizlətməyə müvəffəq olmadıqları kimi, bu cənablar da bu gün Peyğəmbərə (s) heç bir xələl gətirə bilməyəcəklər. Bunların gördüyü iş də eynilə o dövrdəkilərin əməllərinə bənzəyir.
Modern cahiliyyətin və vəhşi Qərb mədəniyyətinin əlamətləri müşahidə olunur
Nəticə etibarilə bütün bunlardan bir məqamı dərk etmək olur ki, bu işlər Qərb sivilizasiyasının zülmkar təbiətinin göstəricisidir. Bunlar bu sivilizasiyanın, bu mədəniyyətin, bu modern cahiliyyətin öz zatı və mahiyyəti etibarilə nə qədər zülmkar və vəhşi olduğunu göstərir. Əlbəttə ki, onlar bu vəhşiliyi, bu barbarlığı gizlədirlər. Elmi biliklərə və texnologiyalara sahib olduqları üçün öz barbarlıqlarına elm və texnologiya donu geydirib onu ört-basdır edirlər. Zahirən insani simada, qalstuk taxıb ətirlənərək ortaya çıxır, nəzakətli danışır, öz həqiqi vəhşiliklərini bu kimi vasitələrlə gizlədirlər. Bir sözlə, İslam dininə və Peyğəmbərə qətiyyən xələl gətirə bilmirlər, amma bu kimi olaylar bizim bu sivilizasiyasını daha da yaxşı tanımağımıza şərait yaradır. Bu sivilizasiya, həqiqətən də, vəhşi bir sivilizasiyadır. Bu sivilizasiya hətta öz xalqlarını belə bədbəxtliyə düçar etmiş bir sivilizasiyadır. Hazırda bu sivilizasiyanın başlanğıcından, Renessansdan bir neçə əsr ötdüyünə baxmayaraq, Avropa ölkələrində, Amerikada və onların yolu ilə gedənlərdə qeyri-bərabərliyi, ədalətsizliyi, utancverici əxlaqsızlığı müşahidə edirik. Bu sivilizasiyanın, bu mədəniyyətin təbiəti budur. Birinci məsələ barədə bu qədər.
İmam Xomeyni (r.ə) Vəhdət həftəsini təsis etməklə böyük təşəbbüs göstərmişdir
Vəhdət həftəsinə gəlincə; düşünürəm ki, İmam Xomeyninin (r.ə) bu böyük təşəbbüsünün əhəmiyyəti bu gün həmişəkindən daha aydın sezilir. Bir vaxtlar dahi İmam Xomeyni (r.ə) Vəhdət həftəsini elan edərək İslam dininin məzhəb və firqələrinin vahid və ümumi siyasi-ictimai təmayüllər ətrafında cəmləşməli olduğunu önə çəkdiyi zaman bu mesajın əsl auditoriyasının xeyli hissəsi onun əhəmiyyətini lazımınca dərk edə bilməmişdi. O cümlədən müsəlman ölkələrindən əksəriyyətinin rəsmiləri bu mesajın nə dərəcədə əhəmiyyətli olduğunu ümumiyyətlə başa düşmədilər. Çoxları başa düşmədilər, çoxları da inadkarlıq etdilər. Yəni cürbəcür qəsd-qərəzləri ucbatından bu mesajı eşitməzliyə, görməzliyə vurdular. Bu gün isə biz bu mesajın nə qədər əhəmiyyətli olduğunu anlayırıq. Bu gün gedən proseslərə, müsəlman ölkələri arasında baş vermiş ixtilaflara, bəzi region ölkələrində – Suriyada, İraqda, müəyyən mərhələdə Liviyada, Yəməndə, Əfqanıstanda baş verən dəhşətli olaylara baxanda başa düşürsən ki, İslam dünyasının vəhdəti, bölünməzliyi nə qədər önəmli bir məsələ, nə qədər dəyərli bir faktor imiş. İmamın önə çəkdiyi bu məsələyə zamanında diqqət yetirilib reallaşdırılsaydı, bu olayların çoxu baş verməzdi.
Sionistlərlə əlaqələrin adiləşdirilməsi ilə yol verilən xainlik İslam dünyasındakı təfriqələrin nəticəsidir
Bu gün İslam dünyasında, xüsusilə də onun bir hissəsində, yəni regionumuzda mövcud olan vəziyyət, doğrudan da, faciəvidir. Fələstin məsələsini arxa plana keçiriblər, sionistlərlə əlaqələri adiləşdirməklə rəzillik və xainlik etməyə başlayıblar. Bunlar hamısı İslam dünyasında birliyin olmamasının acı nəticələri, ortaya çıxardığı eybəcərliklərdir. Bu çirkin vəziyyət yanlış və fəsadlı motivasiyalar, “qonşudan dala qalma” təfəkkürü ucbatından ortaya çıxdı və əslində, Fələstin xalqının haqqı kimlər tərəfindənsə yağmalandı.
Əlbəttə, Fələstin məsələsi tamamlanacaq bir məsələ deyil. Onların bu məsələyə son verməyə gücü çatmaz. Fələstin məsələsi davam edəcək, Fələstin Fələstin olacaq, qondarma İsrail rejimi isə məhv olub gedəcək. Buna zərrə qədər də şübhə yoxdur, intəhası bunlar bu işin qarşısında əllərindən gəldiyi qədər əngəllər yaratmağa çalışırlar. Qatil və cinayətkar işğalçı ilə münasibət qururlar (sionist rejimin mahiyyəti budur: həm özgə torpaqlarını işğal edib, həm də adam öldürüb. Onlar nə qədər fələstinlini qətlə yetiriblər, necə cinayətlər törədiblər!) bundan məmnun olub fəxr edirlər, müxtəlif bəhanələrlə sionistlərin əməllərinə don geydirməyə, haqq qazandırmağa çalışırlar. Onların gətirdiyi bəhanələr həddən artıq gülüncdür.
Düşmən İslam firqələrinin birliyinin nə dərəcədə əhəmiyyətli olduğunu yaxşı anlayır və bu birliyə qarşı planlar cızır
Mənim demək istədiyim budur: təəssüflər olsun ki, müsəlman dövlətlərinin, bu təşəbbüsün aid olduğu real auditoriyanın böyük qismi onun əhəmiyyətini dərk etməsə də, düşmən bunu çox yaxşı dərk etdi. Düşmən anladı ki, İmam Xomeyninin İslam firqələrini ümumi prinsiplərdə (əqidədə isə qoy hər kəs öz bildiyi kimi hərəkət etsin, hərənin öz əqidəsi, ibadət ayinləri olsun) birliyə dəvət edən bu təşəbbüsü İslam ümməti üçün nə qədər əhəmiyyətlidir, düşmənin ümmət içərisinə nüfuzunu nə qədər azaldır. Düşmən bunu başa düşdüyü üçün dərhal bu hərəkata qarşı fəaliyyətə keçdi. Düşmən dahi lider İmam Xomeyninin vəhdət çağırışına qarşı mübarizə aparmaq üçün operativ planlar cızmağa başladı. O cümlədən İslam məzhəblərinin yaxınlaşması əleyhinə işləyəcək beyin mərkəzləri yaratdılar. Ayrıca mərkəzlər qurdular, bir dəstə muzdura pul verib orada oturtdular ki, İslam firqələrinin bir-birindən uzaqlaşmasına rəvac verəcək ideyalar hazırlasınlar. Yəni həmin mərkəzlər İmamın bu böyük siyasətinin, əzəmətli və ilahi tədbirinin neytrallaşmasına xidmət etməli idi. İdeya istehsalı ilə məşğul olan mərkəzlər yaratdılar.
Bundan başqa, təkfirçi qruplar da yaratdılar. O terrorçu İŞİD qruplaşmasını İslam düşmənləri özləri yaradıblar. Amerikalılar özləri bunu etiraf ediblər. Əlbəttə, bizim xəbərimiz var idi, məlumatlar almışdıq. Amma biz desəydik, kimlərsə buna şübhə ilə yanaşa bilərdi; özləri etiraf ediblər. Həm İŞİD-i yaratmış o hökumətin özündən, həm də sonrakı administrasiyadan olan bəzi adamlar bunu etiraf ediblər. Hazırda iş başında olan o adam(2) özü açıq-aşkar dedi ki, İŞİD-i yaradan da, ona dəstək verən də özləri olub. Regionda onların sözü ilə oturub-duran muzdur dövlətlərə göstəriş veriblər, pul veriblər, ordan-burdan İŞİD üçün silah-sursat alıblar, zəruri olan hər ehtiyaclarını təmin ediblər. Düşmən bunu da edib.
Düşmən tərəfindən beyin mərkəzlərinin, təkfirçi terror qruplaşmalarının yaradılması
Odur ki İslam düşmənləri həm beyin mərkəzləri qurublar, həm terrorçu cərəyanlar yaradıblar, həm də bu oyuna girmək fikrində olmayan, lakin özləri də bilmədən axına düşüb gedən müəyyən qüvvələri qıcıqlandırıb aqressivləşdirərək bir-birinə qarşı mənfi münasibətə, xoşagəlməz fikirlər söyləməyə məcbur ediblər. Bir də görürsən ki, bizə qonşu ölkələrdən birində hansısa ruhani minbərdə digər bir məzhəbin müqəddəslərini təhqir edir, sonra gedib İngiltərə səfirliyinə sığınır. Lap elə bu yaxınlarda da belə şeylər olub. Belə işlər çox olur; yəni belə hallar heç də az deyil. Kimlərisə məcbur edirlər ki, insanları, auditoriyanı qıcıqlandırıb bir-birinin canına salsınlar. Onlar özləri bu kimi işlər gördüklərini etiraf ediblər. İntəhası mənim demək istədiyim budur ki, terror qruplaşmalarına maliyyə dəstəyi verməyi öhdəsinə götürmüş bəzi region ölkələrinin günahı o qruplaşmalara qoşulan insanlardan daha böyükdür. Yəni İslam dünyasının hansısa guşəsindən dini təəssübkeşlik hissi ilə və cahilliyi ucbatından gedib o terror qruplaşmalarına qoşulan bir insanın günahı pul verib o qruplaşmaları yaradan, onları silah, təchizat və sairlə təmin edən dövlət rəsmilərindən, krallardan daha azdır. Və əlbəttə ki, əsas günahkar amerikalılardır; bu, həqiqətən də, belədir.
Amerika və Səudiyyə dövləti təkfirçi cərəyanlar olayında əsas günahkarlardır
Regionumuzda təkfirçi qruplaşmaların ortaya çıxmasının əsas günahkarı amerikalılar olsa da, Səudiyyə hökuməti də onların yolu ilə gedib. Səudiyyəlilər pul verib lazımi yardım göstərməklə təkfirçi terror qruplaşmalarına dəstək olublar. Bundan əlavə, amerikalıların daha bir günahı da var: onlar terror qruplaşmalarının varlığı bəhanəsi ilə müsəlman ölkələrinə hərbi qüvvə yeridiblər. Əfqanıstana, Suriyaya Amerika ordusunu gətiriblər, bəzi digər ölkələrə, o cümlədən İraqa da öz hərbçilərini yeritmək istəyiblər, bu günün özündə də belə bir niyyətləri var. Əlbəttə, İraq gəncləri, iraqlı möminlər buna imkan verməyəcəklər, inşallah, onların haqlı qeyrət və təəssübkeşliyi o ölkəyə Amerikanın nüfuz etməsinə əngəl olacaq. Lakin onların planı budur, bu ölkələrə nüfuz etmək istəyirlər. Əlbəttə ki, onların ayağı hara dəyirsə, o yerdə asayiş və təhlükəsizliyi pozur, oranı xaraba qoyurlar. Həqiqətən də, o ölkələrdə infrastrukturu dağıdıblar, asayişi pozublar, vətəndaş müharibəsi yaradıblar. Əsas işlərini, vəzifələrini yerinə yetirə bilməmələri üçün dövlətlərin başını qatıblar. Müqəddəs Quranda qeyd olunduğu kimi, həqiqətən də, əkini və nəsli məhv ediblər. Quran ayəsində deyilən:
وَ یُهلِکَ الحَرثَ وَ النَّسل
– “əkini və nəsli (İslam cəmiyyətini) məhv etməyə çalışar” ifadəsi sözün əsl mənasında bunlara aiddir. Bunlar bu işlərin hamısını görüblər.
Fələstin məsələsinin və Yəmənəki savaş faciəsinin əlacı İslam ümmətinin birliyidir
Bizim fikrimizcə, İslam ümmətinin vəhdəti çox əhəmiyyətlidir və müsəlman birliyi İslam ümmətinin bir çox dərdlərinə əlac ola bilər. Hazırda Yəməndə faciəvi bir savaş gedir. Artıq 5 ildir ki, bu məzlum xalq ictimai yerlərdə, küçə və bazarlarında, evində, xəstəxanasında, məktəbində bombardman edilir. Bu, xırda bir məsələ deyil, çox böyük bir hadisədir. Doğrudan da, Səudiyyə hökuməti bu olayda görünməmiş qəddarlıq nümayiş etdirir. Və ya Fələstin məsələsi; bir neçə iradəsiz və zəlil dövlət İslam dünyasına, İslam ümmətinə ağız əyərək öz aləmlərində guya Fələstin məsələsini görməzliyə vurdular və qəsbkar, qatil İsrail rejimi ilə əlaqələr qurdular. Şübhəsiz, bütün bunların əlacı İslam ümmətinin bir yumruqda birləşməsidir. Müsəlman dövlətləri və xalqlarının problemləri müsəlman birliyinin bərəkəti ilə ortadan qaldırıla bilər. Bu gün bir sıra problem və çətinliklər var. Kəşmirdən Liviyaya qədər hara baxırsan, hər yerdə müsəlmanlar problem və çətinliklərlə qarşı-qarşıyadır. Vəhdət həftəsi barədə də bu qədər.
Bizim imperialist Amerika dövlətinin əleyhinə olmağımız rasional və müdrik yanaşmaya əsaslanır
13 aban məsələsinə gəlincə; maraqlıdır, İmperializmə Qarşı Mübarizə Günü olan 13 aban bu il Peyğəmbəri-Əkrəmin (s) mövluduna təsadüf edib. İnsanın yadına Qurani-Kərimin bu şərif ayəsi düşür:
مُحَمَّدٌ رَسولُ اللهِ وَ الَّذینَ مَعَه، اَشِدّاٰءُ عَلَی الکُفّارِ رُحَماٰءُ بَینَهُم
“Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. (“Fəth” surəsi, 29-cu ayə)
Bir tərəfdən mövlud, digər tərəfdən də “اَشِدّاٰءُ عَلَی الکُفّارِ” – kafirlərə qarşı sərt olma, gənclərimizin həyata keçirdiyi o böyük hərəkat. 13 aban İran xalqının imperializmə qarşı mübarizəsinin təcəssümü idi. Bu, o səfirlikdəki bir neçə adamla olan bir problem deyildi. Söhbət imperializmə qarşı mübarizədə haqlı və yerində olaraq həyata keçirilən əsaslı, rəmzi mahiyyətli bir hərəkatdan gedirdi. ABŞ imperialist bir rejimdir, imperialist bir rejim isə bir sıra pislik, şeytanlıq və zərərlərin məcmusudur. İmperialist rejim həm müharibələri körükləyir, həm terrorçudur, həm terrorçulara rəvac verir, həm başqalarının işinə və ərazisinə müdaxilə edir, həm korrupsiyalaşmış olur, həm də inhisarçıdır. Yəni “imperialist rejim” dediyimiz zaman bütün bu pislik və şeytanlıqlar nəzərdə tutulur. Odur ki bu təzahürə – imperializmə qarşı mübarizə aparmaq tam rasional və məntiqli bir davranışdır. Bəziləri bunun rasional bir mövqe olmadığını deyirlər. Xeyr, bu belə deyildi, imperializmə etiraz və ona qarşı mübarizə elə rasionallığın özü idi. Əksinə, təslim olub boyun əymək məntiqsiz, rasionallığa uyğun olmayan bir davranış olardı.
Qarşıdurmaya ilk olaraq başlayan Amerika olmuşdu
Bu qarşıdurmaya start verən də biz olmamışıq. Yəni onlarla qarşıdurmaya girməyə biz təşəbbüs göstərməmişik. Təsadüfə bax ki, eyni hala Quranda da bir yerdə rast gəlinir:
وَ هُم بَدَءوکُم اَوَّلَ مَرَّة
“ … sizinlə döyüşə birinci başlayan da onlar idi”. (“Tövbə” surəsi, 13-cü ayə)
Başlayan onlar olmuşdu. İnqilabdan sonra biz səfirliyə hücum etməmişdik ki! İnqilabın əvvəllərində ölkədə Amerika səfirliyi var idi, fəaliyyət göstərirdi, amma onlar inqilabın əleyhinə iş görməyə başladılar: həm Amerikanın özündə qətnamə qəbul etdilər, çıxışlar etdilər, konqresdə yeni yaranmış İslam Respublikası əleyhinə qərarlar çıxardılar, terror qruplaşması yaratdılar, qiyamçı dəstələr formalaşdırıb onların fəaliyyətini genişləndirdilər, cürbəcür planlar cızdılar, həm də səfirliyin özündə – hansı ki sonradan haqlı olaraq “casus yuvası” adlandırıldı – genişmiqyaslı casusluq fəaliyyəti apardılar. Odur ki ilk başlayan onlar olmuşdular. Belə olan halda bizim tələbələrimizin səfirliyə hücumu müdafiə xarakteri daşıyırdı, haqlı idi, yerində idi, rasional bir davranış idi.
Bəziləri Amerikaya boyun əymək barədə yanlış təsəvvürdədir
Onu da qeyd edim ki, bəziləri ABŞ dövləti, Amerika administrasiyası barədə yanlış təsəvvürə malikdirlər. Elə bilirlər ki, öz dövlətçiliyini o rejimə təslim etsələr, ondan faydalanacaqlar. Xeyr, belə deyil. Gördüyünüz kimi, bu gün dünyada Amerika ilə əlaqələr quran, lakin vəziyyəti bir qədər yaxşı olan elə ölkələr var ki, buna məhz Amerikaya təslim olmadıqları üçün nail olublar (əlbəttə, Amerika ilə nə qədər sıx əlaqələr qurur və ona işlərinə müdaxilə etmək imkanı verirlərsə, bir o qədər çox ziyan çəkirlər). Amerikaya boyun əyib onun siyasətlərini qəbul edənlər, Amerikanın hegemonluğuna tabe olanlarsa zərbə alıblar. Misal üçün, “Kemp-Devid” müqaviləsi; həqiqətən də, 30-40 il geri düşdülər. Yaxud da elə bizim öz ölkəmizdə Pəhləvi rejiminin hakimiyyəti; Pəhləvilər Amerikanın siyasətinə boyun əyməklə, doğrudan da, ölkəni geri saldılar. Belə dövlətlər günbəgün daha da asılı və acınacaqlı vəziyyətə düşürlər.
Biz Amerikaya qarşı ölçülüb-biçilmiş və sabit siyasət yürüdürük
Biz Amerika ilə bağlı ölçülüb-biçilmiş, konkret siyasət yürüdürük və bu siyasət hakimiyyətə kimin gəlib-getməsindən asılı olmayaraq dəyişmir. Hazırda Amerikada prezident seçkiləridir, bəzi insanlar kimin seçiləcəyi, bu və ya digər namizəd seçiləcəyi təqdirdə proseslərin necə cərəyan edəcəyi barədə daim müzakirələr aparırlar. Hansısa hadisələr baş verə bilər, amma bunun bizə heç bir aidiyyəti olmayacaq. Yəni bunlar bizim siyasətimizə əsla təsir göstərməyəcək. Bizim siyasətimiz ölçülüb-biçilmiş, konkret, dəyişməz bir siyasətdir və hakimiyyətə kimin gəlib-getməsindən asılı deyil. İntəhası onların öz vəziyyətinə nəzər saldıqda çox maraqlı bir mənzərəni müşahidə edirik. Hazırda ABŞ administrasiyasının başında duran və seçkini təşkil edən prezident söyləyir ki, bu, Amerika tarixində ən saxtalaşdırılmış seçkidir! Bunu deyən kimdir? Bunu deyən hazırda ABŞ prezidenti olan və əslində elə seçkinin icrası üçün də məsuliyyət daşıyan bir insandır. Qarşılığında rəqibi də iddia edir ki, Tramp genişmiqyaslı qanun pozuntusuna yol vermək istəyir! Amerikanın demokratiyası budur; özləri öz seçkiləri haqqında bu fikirləri səsləndirirlər. Amerikanın öz daxilində liberal demokratiyanın çirkin simasına nümunə kimi bu faktı göstərmək olar. Kimin seçilməyindən asılı olmayaraq (ola bilsin ki, bu seçilər, ola da bilsin, o biri; bu gün məlum olacaq) bir şey tamamilə aydındır: Amerika dövləti siyasi, mədəni və əxlaqi cəhətdən tənəzzül edib. Fərqi yoxdur, hansı seçilirsə, seçilsin.
Amerika dövlətinin siyasi, mədəni və əxlaqi tənəzzülü
Amerika dövləti, doğrudan da, siyasi, mədəni və əxlaqi cəhətdən kəskin şəkildə tənəzzülə uğrayıb. Bu da sadəcə təhlil deyil. Mənim bu dediklərim kənardan təhlil deyil. Bunu da özləri deyirlər; Amerikanın öz içindən olan yazar və mütəfəkkirlər, söz sahibləri bunu dilə gətirib deyir, bu barədə danışırlar. Onlar son bir neçə ildə Amerikada bu mövzuda kitablar yazaraq yüksək tirajla nəşr etdiriblər. Həmin kitablar bir sıra qaranlıq məqamların üzərindən pərdəni götürür. Mən o kitablardan birinin farscaya tərcüməsini oxumuşam; haqqında danışdığım tənəzzülü sübut edən faktlarla doludur. Yəni həmin kitabı əlinə alıb oxuyan hər kəs əvvəldən axıra qədər şahidi olar ki, Amerika siyasi rejimi Amerika prezidentinin hərəkətləri ucbatından necə tənəzzülə uğrayıb. O imperiya bu şəkildə öz varlığını uzun müddət davam etdirə bilməyəcək. Aydındır ki, hansısa rejimin, hansısa siyasətin işi bu yerə gəlib çatıbsa, daha onun varlığı çox çəkməyəcək, məhv olub gedəcək. Əlbəttə, bəziləri iş başına gəldikdən sonra daha tez məhv olub gedirlər, bəzilərinin isə məhvi daha uzun çəkə bilər. Lakin hər halda, bu bir həqiqətdir.
Düşmənçilikləri ortadan qaldırmağın yeganə yolu ölkəni gücləndirməkdir
Bizimlə düşmənçiliklərinin səbəbi də odur ki, biz onların zülmkar ağalığını rəsmən tanımamışıq. Yəni onlara boyun əymədiyimizə, regiondakı siyasətlərini qəbul etmədiyimizə, Fələstinlə bağlı yürütdükləri siyasəti rədd etdiyimizə, zülmkar siyasətlərini qəbul etmədiyimizə görə bizimlə düşmənçilik edirlər və bu düşmənçilik hələ davam edəcək. Bu düşmənçiliyi ortadan qaldırmağın yeganə yolu onların ümidini üzməkdir. Yəni İran xalqı, İran dövləti, İslam Respublikası elə etməlidir ki, qarşı tərəf ona əsaslı zərbə endirməkdən ümidini üzsün. Biz güclənməliyik. Mən bunu dəfələrlə həm əziz xalqımızla görüşlərimizdə, həm də ölkə rəsmiləri ilə qapalı və ümumi iclaslarımızda qeyd etmişəm. Özümüzdə güc faktorlarını – gözdən pərdə asmaq üçün olan yox, real güc faktorlarını – möhkəmləndirməliyik. Xalqımız, ölkəmiz güclənməlidir. Onda düşmən ümidini üzəcək. Xalqımız, həqiqətən də, möhkəm durub müqavimət göstərdi, çətinliklərə dözdü, mübarizliyini nümayiş etdirdi.
Rəsmilər 3 sferada: iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət sahələrində daha fəal olmalıdırlar
Zənnimcə, ölkə rəsmilərimiz 3 sferada bir qədər daha fəal olmalıdırlar: iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət. Biz rəsmilər bu 3 sahədə fəaliyyətimizi daha da artırmalıyıq. İqtisadiyyat sahəsində düzgün və prinsipial yanaşma bundan ibarətdir ki, mütləq surətdə ümidimizi ölkə sərhədlərindən kənarda kiməsə bağlamamalıyıq. Mən demirəm ki, əlaqələrimizi kəsək. Hər dəfə mən: “Problemlərin əlacını ölkə daxilində axtarmaq lazımdır”, – deyəndə internetdə künc-bucaqdan bir dəstə adam ortaya çıxıb: “Rəhbər xariclə əlaqələri kəsməyimizi istəyir”, – deyir. Xeyr, belə deyil, xariclə əlaqələr olmalıdır. Mühüm olan budur ki, biz çətinliklərimizin əlacını başqalarından istəməyək, çarəni kənarda axtarmayaq. Problemlərin əlacı bizim özümüzdədir, ölkəmizin daxilindədir. Bu baxımdan görüləsi tədbirlərin önəmli bir qolu, mənim dönə-dönə vurğuladığım kimi, istehsalın inkişaf etdirilməsidir. İqtisadiyyat sahəsində ciddi səylər göstərilməli, planlı və təşkilatlı surətdə bir sıra fəaliyyətlər həyata keçirilməlidir.
Dövlət qurumları koordinasiyalı surətdə idarə olunarsa, iqtisadi problemlər həllini tapa bilər
Bizim hazırkı problemlərimizin böyük bir qisminin heç sanksiyalar və sair bu kimi səbəblərlə əlaqəsi yoxdur. Problemlərin çoxu bizim özümüzdən, koordinasiyasız şəkildə görülmüş işlərdən qaynaqlanır. Son vaxtlar müşahidə olunan bu bahalaşmanın, həqiqətən də, izahı yoxdur; bahalaşma hallarının əksəriyyətini, həqiqətən də, əsaslandırmaq mümkün deyil. Buna bir əlac etmək lazımdır və əlac etmək mümkündür də. Rəsmilər koordinasiyalı surətdə əməkdaşlıq edərək bu problemə bir əlac etməlidirlər. Baxıb görürsən ki, qırmızı ətdən, quş ətindən, pomidordan tutmuş uşaq geyiminə qədər – hər şey bahalaşıb. Bu kimi məhsulların bahalaşması əsassızdır, bunun heç bir arqumenti ola bilməz. Məhsul da var. Sənaye, Mədən və Ticarət Nazirliyi, iqtisad məhkəmələri, Bəsic Təşkilatı və digər aidiyyətli qurumlar – gömrük və sair bir-biri ilə əməkdaşlıq edərək camaatın bu problemini aradan qaldırmalıdır. Problemlərin hamısını kontrol altına almaq olar. Dövlət qurumlarının koordinasiyalı idarəetməsi sayəsində bu problemlər aradan qaldırıla bilər.
Daxili və xarici təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti
Təhlükəsizlik deyərkən əsasən xarici təhlükəsizlik, ölkənin zəruri müdafiə imkanları ilə təchiz olunması nəzərdə tutulur; raketlər, havadan müdafiə sistemləri, təyyarələr və sair bu kimi imkanlar; hansı ki ölkəmizdə aidiyyətli strukturlar bütün bu işlərlə məşğul olurlar da. Bunlar ölkənin xarici təhlükəsizliyinin təminatı üçündür, yəni düşmənin ölkəyə tamahlanmasının qarşısını alır. Biz elə düşünməməliyik ki, raket düzəltməklə bütün problemlər həll olunur. Xeyr, elə problemlər var ki, raketlə heç əlaqəsi yoxdur. Lakin bir çox problemlər elə müdafiə imkanları ilə əlaqəlidir.
Daxili təhlükəsizliyə gəlincə, bu sahədə bizim aidiyyətli qurumlarımız düşmənin ölkəyə nüfuz etməsindən ehtiyatlı olmalıdır. Əsas budur: düşmənin müxtəlif qurumlara nüfuz etməsi və şübhə toxumu səpməsi; başlıca problem budur. Ehtiyatlı olmaq lazımdır ki, düşmən bizim üçün bu problemi yarada bilməsin.
Mədəniyyət sahəsində düşünülmüş tədbirlər həyata keçirilməlidir
Mədəniyyət sahəsində də eynilə; mədəniyyət sahəsini idarə edən rəsmilər hərtərəfli düşünülmüş səylər həyata keçirməlidirlər. Bəzən bu sferada görülən işlərin həcmi böyük olur, amma fəaliyyətlərin düşünülmüş olması mühüm şərtdir. Yəni harada nəyə, hansı mədəni tədbirlərə ehtiyac olduğunu bilməli və o işlərin arxasınca düşməliyik. Düşünürəm ki, buna nail olsaq, yəni bu 3 mühüm sferada: iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət sahələrində düşünülmüş və koordinasiyalı surətdə ardıcıl tədbirlər həyata keçirilsə, inkişafa nail olmaq mümkündür. Allaha şükürlər olsun ki, rəsmilərimiz çalışırlar. Sadəcə olaraq, işlərə bir qədər də ciddi yanaşıb işləmək lazımdır.
Azərbaycanın işğal edilmiş şəhərləri azad edilməli, o ərazilərdə yaşayan ermənilərin təhlükəsizliyi təmin olunmalıdır
Və son olaraq bir məqama da toxunmaq istəyirəm: təəssüflər olsun ki, hazırda qonşuluğumuzda, yaxın qonşularımız olan Azərbaycan və Ermənistan arasında müharibə gedir. Bu savaş, əlbəttə ki, acı bir olaydır. Regionun təhlükəsizliyi üçün təhdid yaradır, elə bizim öz ölkəmiz üçün də yaxşı deyil. Bu müharibəyə mümkün qədər tez son verilməlidir. Və əlbəttə ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bütün əraziləri azad edilməlidir. Yəni bütün bu torpaqlar Azərbaycanın özünə qaytarılmalıdır. Bu işin əsas şərtlərindən biri budur, belə ki o torpaqlar əslində Azərbaycana məxsusdur. Azərbaycan Respublikasının onları azad etməyə tam haqqı var, azad olunmalıdır. Əlbəttə, o torpaqlarda yaşayan ermənilərin də təhlükəsizliyi qorunmalıdır. Həmçinin tərəflər beynəlxalq sərhədləri də tanımalı, yəni ölkələrin beynəlxalq sərhədlərinə təcavüz etməməlidirlər; beynəlxalq sərhədlər qorunmalıdır. Sərhədlərimizin yaxınlığında terrorçuların yerləşdirilməsi də bizim üçün qəbuledilməzdir. Belə ki hazırda müxtəlif yerlərdən müəyyən sayda terrorçuların bu savaşa cəlb olunduğu barədə informasiyalar yayılır. Hərçənd bəziləri bunu inkar etsələr də, bizdə bu barədə etibarlı mənbələrdən gələn məlumatlar var. Əgər sərhədlərimizin yaxınlığında bunlar varsa və bu, ölkəmiz üçün təhlükə kəsb edərsə, biz tərəfdən qətiyyətli tədbirlər görüləcək. Terrorçular sərhədlərimizə yaxın gəlməməlidir.
Ümidvaram, inşalah, bütün müsəlman xalqları, region ölkələri və bütövlükdə bəşəriyyət bu problemlərdən yaxa qurtaracaq, bu əzəmətli mövludların, İslam peyğəmbəri, İmam Sadiq (ə) və İmam Xomeyninin pak ruhlarının bərəkəti syəsində, əziz İran xalqı, inşallah, gələcəkdə gözəl günlər görəcək. Mən bu gələcəyin çox yaxın olduğuna bütün qəlbimlə inanıram.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
__________________________
1) Fransada nəşr olunan “Şarli Ebdo” jurnalında Peyğəmbəri-Əkrəmin (s) aşağılayıcı karikaturasının dərc olunması və Fransa prezidenti Emmanuel Makronun söz azadlığı bəhanəsi ilə bu çirkin olaya haqq qazandırması nəzərdə tutulur.
2) ABŞ prezidenti Donald Tramp nəzərdə tutulur.