Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Xomeyninin vəfatının 31-ci ildönümü ilə əlaqədar televiziya ilə etdiyi çıxış

Bağışlayan və Mehriban Allahın adı ilə.

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین

Bu gün dahi liderimiz İmam Xomeyninin anım mərasimi həmişəkindən fərqli şəkildə qeyd olunur. Mərasimin necə keçirilməsi önəmli deyil. Əsas və önəmli olan odur ki, dahi öndərimiz İmam Xomeyni haqqında danışacağıq, bu söhbətlərə isə ölkəmizin bu günü və sabahı üçün bizim ehtiyacımız var. İmamı fiziki olaraq itirdiyimiz gündən illər keçsə də, o bizim aramızda hələ də yaşayır, yaşamalıdır və biz onun varlığından, mənəviyyatından, məfkurəsindən və istiqamətləndirmələrindən faydalanmalıyıq.

Dəyişikliklərə can atmaq və dəyişiklik yaratmaq İmamın ən qabarıq xüsusiyyətlərindən idi

Bu gün mən dahi İmam Xomeyninin mühüm keyfiyyətlərindən biri haqda danışmaq istəyirəm; əlbəttə ki, o, çoxaspektli bir şəxsiyyətə, çoxsaylı güclü cəhətlərə malik olan bir insan idi. Bu gün haqqında bəhs edəcəyim xüsusiyyət isə dahi İmam Xomeyninin ən qabarıq və ən önəmli keyfiyyətlərindən biridir: İmamın dəyişikliklərə can atmaq və dəyişiklik yaratmağı bacarmaq xüsusiyyəti. İmam həm mənən daim dəyişikliklərə can atan bir insan idi, həm də dəyişiklik yaratmağı bacarırdı. Dəyişiklik yaratmaq baxımından da o öz rolunu yalnız bir müəllim, ustad, dərs deyən kimi oynamırdı. O, əməliyyatı daxildən idarə edən bir komandan, həqiqi mənada bir lider rolu oynayırdı. İmam öz zəmanəsində cürbəcür sahələrdə çoxsaylı dəyişikliklər yaratdı. Bu gün mən onlardan bir neçəsini qeyd edəcəyəm.

Əvvəla, o böyük insanda dəyişikliklərə can atmaq ruhiyyəsi çoxdan var idi. Bu onda islami hərəkatın başlanğıcında – 1341-ci ildə yaranmış bir şey deyildi. O hələ gəncliyindən dəyişikliklər arzulayan biri olmuşdu. İmamın gənc ikən – təxminən 30 yaşlarında mərhum Vəziri Yəzdinin dəftərində yazdığı bir qeyd bunun bariz göstəricisidir. Mərhum Vəziri İmamın öz dəst-xəti ilə olan o yazını mənə göstərmişdi. Sonralar çap da olunub, çoxları o yazı ilə tanışdır. Həmin yazıda İmam Xomeyni camaatı qalxıb Allah yolunda iş görməyə dəvət edən şərif

قُلإِنَّماأَعِظُکُمبِواحِدَةٍأَنتَقوموالِلَّهِمَثنیٰوَفُرادی

“Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin)...”(“Səba” surəsi, 46-cı ayə)

– ayəsini qeyd edir. Onda belə bir ruhiyyə var idi. İmam bu ruhiyyəsini əmələ çevirdi və qeyd etdiyim kimi, böyük dəyişikliklərə imza atdı. İmam təkcə sözdə, göstərişlər verməklə yox, meydanda olub iş görməklə dəyişikliklər yaratdı. Qumda bir qrup gənc tələbənin ruhiyyəsində dəyişiklik yaratmağından tutmuş – bir azdan bu barədə də ətraflı danışacağıq – bütövlükdə İran xalqında genişmiqyaslı dəyişiklik yaratmağına qədər.

İmam Xomeyni insanlarda ruhi-mənəvi dəyişiklik və inqilab yaratdı

Dediyim Qum məsələsi İmamın orada keçdiyi əxlaq dərslərindən ibarətdir. Hələ inqilabi hərəkat başlamazdan on illər əvvəl İmam illərlə Qumda fiqh, üsuliddin və fəlsəfə dərslərindən əlavə, əxlaq dərsi də demişdi, əxlaq mövzusunda söhbətlər aparmışdı.  Əlbəttə, biz Quma gedəndə artıq o dərslər bir neçə il idi ki, dayandırılmışdı, keçilmirdi. Amma o əxlaq dərslərinin şahidi olanlar danışırdılar ki (İmam Xomeyni həftədə bir dəfə “Feyziyyə” mədrəsəsinə gedir, gənc din tələbələri toplaşıb onun söhbətlərini dinləyirdilər) o danışanda məclisi tamamilə dəyişir, iştirakçılar mənən tamamilə başqa vəziyyətə düşürmüş. Əlbəttə, fiqh və üsul dərslərində biz də bunun şahidi olmuşduq. Yəni o hətta fiqh və üsul dərslərində də yeri düşdükcə əxlaq mövzusunda haşiyə çıxanda tələbələr zar-zar ağlayırdılar. İmam əxlaqi söhbətlər edəndə tələbələr göz yaşı tökürdülər. Onun danışığı bu qədər təsirli idi və insanda inqilabi ruhiyyə yaradırdı. Bu elə peyğəmbərlərin metodudur. Bütün peyğəmbərlər də öz hərəkatlarına insanlarda ruhi-mənəvi inqilab yaratmaqla başlayıblar. Əmirəlmöminin:

(1) لِیَستَأدوهُم میثاقَ فِطرَتِه وَ یُذَکِّروهُم مَنسیَّ نِعمَتِه ... وَ یُثیروا لَهُم دَفائِنَ العُقول 

– deyə buyurarkən elə bunu nəzərdə tutur. “یَستَأدوهُم میثاقَ فِطرَتِه” – yəni onlarda olan gizli insan fitrətini oyadıb hərəkətə keçməyə, ətrafdakıların əməllərini, atdığı addımları istiqamətləndirməyə vadar edirdilər. İmam Xomeyni də bu cür, bu yerdən başlamışdı. Əlbəttə, mən qətiyyətlə iddia edə bilmərəm ki, İmam o məclisləri sonralar böyük siyasi hərəkata çevrilməsi üçün təşkil edirmiş; mən bunu bilmirəm. Lakin burası dəqiqdir ki, əxlaq dərsləri ilə, qəlbləri əvvəlcədən hazırlamaqla hərəkat yaratmaq, insan fitrətini, insanların mənəvi instinktlərini oyatmaq dahi İmam Xomeyninin metodu idi. O, buradan başlayıb bütöv bir xalq səviyyəsində genişmiqyaslı dəyişikliklər etdi. İstər inqilabi mübarizənin getdiyi dövrdə – bu dəyişikliyə bəzi misalları irəlidə qeyd edəcəyəm – istərsə də inqilabın qələbəsindən sonra o, İran xalqında sözün əsl mənasında bir dəyişiklik yaratdı.

Bir şeyə diqqət edin: İmam Xomeyni dəyişikliyi bütövlükdə İran xalqından gözləyirdi. İmam öz hərəkatına başlamazdan əvvəl də mübarizələr aparılırdı, İranda siyasi mübarizələr var idi, artıq onilliklər boyu müxtəlif qruplar mübarizəyə cəhd göstərirdilər, lakin onların fəaliyyəti uzağı müəyyən sayda tələbəni əhatə edirdi. 100-150 nəfər tələbəni təsir altına alıb hansısa mərasimə cəlb edə bilirdilər. İmamın işində isə söhbət məhdud bir qrupdan, müəyyən sayda adamdan, yaxud hansısa ictimai təbəqədən getmirdi. Söhbət İran xalqından gedirdi. Xalq bir okean kimidir. Okeanda tufan yaratmaq hər kəsin işi deyil. Kiçik bir hovuzu dalğalandırmaq mümkündür, okeanı dalğalandırmaq isə nəhəng bir işdir. Xalq bir okeandır və İmam bu işi gördü, bu okeanı təlatümə gətirdi, dəyişikliklər yaratdı.

Xalq təsilmçilik ruhundan, boyun əyməkdən xilas olub öz tələblərini irəli sürməyi öyrəndi

Dəyişikliklərdən biri də xalqın ruhiyyəsində oldu: xalqımız təslimçilik, boyun əymə psixologiyasından qurtuldu. Bizim gəncliyimizdə, bu hərəkatın başladığını xatırladığımız vaxtlarda İran xalqı öz müqəddəratı ilə bağlı önəmli məsələlərə qətiyyən müdaxilə etmirdi, xalq əyilmişdi, təslim olmuşdu, öz həyatına qarşı iradəsiz idi. Xalqımızın davranışında, xarakterində o dinamika, meydanda olub öz tələblərini, özü də böyük və mühüm tələbələrini irəli sürmək kimi bir cəhət əsla yox idi. Bunu İmam yaratdı. O, əyilən və təslimçi xalqı dəyişib tələbkar bir xalqa çevirdi. İmamın o alovlu və üsyankar nitqləri bu xalqı elə silkələdi ki, o, tələbkar bir xalqa çevrildi. Bunun bariz nümunəsi 1341-ci ildə baş verən olaylar (inqilabi hərəkat da elə həmin ildən start götürdü), müxtəlif şəhərlərdə baş verən və sonradan 15 xordad hadisəsi ilə nəticələnən kütləvi xalq mitinqləridir. Hakim rejim 15 xordadda törətdiyi o qırğına baxmayaraq, bu hərəkatı durdura bilmədi. Mübarizənin sonuna qədər mitinqlər yenə də keçirilməkdə davam edirdi. Bu, İmamın yaratdığı heyrətamiz bir dəyişiklik idi.

Xalqın yanaşmasında dəyişiklik oldu, insanlarda milli qürur və özünəinam yarandı

Digər bir dəyişiklik xalqın özünə, öz toplumuna olan baxışında idi. O vaxta qədər İran xalqı özünü həqir görürdü. Yəni bu xalqın hansısa super-dövlətlərin, böyük güclərin iradəsinə üstün gələ biləcəyi qətiyyən heç kimin ağlına da gəlməzdi; özü də təkcə qlobal güclərin yox, hətta ölkə daxilindəki güclərin, hansısa qurumların, tutalım, polis və ya təhlükəsizlik strukturlarının rəsmilərinin iradəsinə. Əsla heç kimin ağlına belə gəlməzdi ki, İran xalqı ona qarşı pis və təhlükəli niyyətə sahib olanların iradəsinə qalib gələ bilər. Xalq özünü həqir, zəlil sayır, özündə güc və bacarıq hiss etmirdi. İmam bunu qürur və özünəinamla dəyişdi, diktaturanın hakimiyyətini təbii bir hal hesab edən xalqı dəyişib, öz hakimiyyət quruluşunu özü müəyynləşdirən bir xalqa çevirdi (o vaxt bu cür idi; o vaxt biz elə bilirdik ki, hökumətin başında kim durursa, onun iradəsi mütləq hakimdir; bunu adi və təbii bir şey hesab edirdik). Xalqın inqilab zamanı irəli sürdüyü şüarlar əvvəl “İslam dövləti”, “İslam hökuməti”, daha sonra isə “İslam Respublikası” oldu. Müəyyənləşdirən, tələb edən xalq özü idi. Sonradan da müxtəlif seçkilərlə ölkə prezidentini, hökumətin müxtəlif sferalarında çalışacaq rəsmiləri xalq özü təyin etdi. Yəni xalqın şüurunda oturuşmuş özünü həqir görmə psixologiyası tamamilə dəyişilib milli qürur və özünəinamla əvəz olundu.

Xalqın tələblərində dəyişiklik baş verdi

Digər bir dəyişiklik xalqın əsas tələblərində baş verdi. Yəni əgər o zaman, tutalım, bir qrup adamın hökumətdən, yaxud o dövrün vəzifə sahiblərindən hansısa tələbi var idisə də, bu hansısa küçədə asfalt örtüyünün dəyişilməsindən və ya hansısa küçənin belə deyil, başqa bir formada salınmasından o tərəfə gedib çıxmırdı. Camaatın tələbləri bu səviyyədə idi. Bunu istiqlal, azadlıq kimi tələblərlə dəyişdilər; yəni böyük amallarla. Və ya “Nə Şərq, nə Qərb!” şüarı. Xalqın istək və tələblərində elə bir dəyişiklik yarandı ki, insanlarımız xırda, cılız, lokal xarakterli tələblər yox, belə önəmli, böyük, bəşəri və qlobal xarakterli ideyalar irəli sürməyə başladılar.

Xalqın dinə olan baxışında dəyişiklik baş verdi

İmam Xomeyninin yaratdığı digər bir dəyişiklik dinə olan yanaşmada idi. O vaxta qədər camaat dini yalnız şəxsi məsələlər, ibadət, uzağı şəxsi vəziyyət üçün bir vasitə kimi görürdü; yalnız namaz, oruc, maliyyə məsələləri ilə bağlı dini vəzifələr, nikah, talaq və sair üçün lazımlı hesab edirdilər. Vəssalam, bu qədər. Dinin rolunu, məsuliyyətini, missiyasını yalnız bu çərçivədə görürdülər. İmam Xomeyni din üçün başqa rol və missiyaların tərifini verdi; hökumət qurmaq, sivilizasiya yaratmaq, cəmiyyəti və insanı tərbiyə etmək və sair bu kimi missiyalar. Xalqın dinə yanaşması tamamilə dəyişdi.

Gələcəyə baxışda dəyişiklik oldu, yeni İslam sivilizasiyasının yaradılması məqsədi qarşıya qoyuldu

Digər bir dəyişiklik isə gələcəyə baxışda idi. İnqilabi hərəkatın başladığı, İmamın meydana ayaq basdığı dövrdə bəzi azsaylı partiya və fraksiyalar müəyyən şüarlar irəli sürdüklərinə baxmayaraq, xalq öz gələcəyini görmürdü. Yəni xalqın gözləri önündə bir üfüq, bir perspektiv yox idi. Bu vəziyyət yeni İslam sivilizasiyasının yaradılması hədəfi ilə əvəzləndi. Yəni bu gün İran xalqına baxdığınız zaman gördükləriniz məhz İmam Xomeyninin qüdrətli əli vasitəsilə ərsəyə gəlib. Bu gün xalqımız yeni İslam sivilizasiyası yaratmaq, nəhəng müsəlman birliyinə nail olmaq, İslam ümməti təşkil etmək amalı ilə yaşayır. Ümumilikdə xalqın, kütlənin yanaşması budur.

Strateji ideoloji prinsiplərdə dəyişiklik, fiqhin hökumət quruluşu sferasına daxil olması

Bir qədər dar ixtisas çərçivəsində daha bir dəyişiklik strateji əhəmiyyətli ideoloji əsaslarda baş verdi. Bunu İmam etdi. Bu, dar bir ixtisas çərçivəsidir, teoloji məsələdir, fiqh, üsul və sair bu kimi sahələrin mütəxəssislərinə aiddir. İmam fiqhi hökumət quruluşu sferasına gətirdi. Ona qədər fiqh bu sahədən uzaq idi. Əlbəttə, “vilayəti-fəqih” məsələsi əsrlər boyu fəqihlər arasında olmuşdu, lakin onun reallaşmasına ümid olmadığı üçün heç vaxt bu məsələnin xırdalıqlarına getməmişdilər. İmam bunu fiqhi məsələlər sırasına gətirdi. Bu məsələni Nəcəf Teoloji Mərkəzində qaldırıb müzakirəyə çıxardı. Bu sahənin mütəxəssisləri üçün kifayət qədər sanballı və diqqətəlayiq elmi fikirlər ortaya qoydu. Yaxud “dövlətin mənafeyi” məsələsini də fiqhə gətirən İmam Xomeyni oldu; hansı ki “dövlətin mənafeyi” elə hamının mənafeyidir, milli mənafedir, bundan başqa bir şey deyil. Fiqh və üsul elmlərində məşhur olan, lakin o vaxta qədər xırda, şəxsi məsələlərdə tətbiq olunan “təzahüm” və “əhəm-mühüm” məsələsi ümumi miqyas aldı. Bu gün ölkənin idarəçiliyində dövlətin mənafeyi “əhəm-mühüm” prinsipi əsasında götür-qoy edilir. Yəni İmam bu şeyləri fiqhə gətirməklə fiqh elmi üçün çox böyük fürsət yaratmış oldu, müxtəlif məsələlərdə fiqhin təsir dairəsini genişləndirdi. Zənnimcə, teoloji mərkəzlər İmamın bu xidmətinin qədrini bilməli, onu alqışlamalı və ondan yararlanmalıdırlar. Əlbəttə, İmamın fiqh sahəsində gördüyü bu iş tam olaraq metodoloji əsaslara söykənir və qanunidir.  İmamın təbirincə desək, “cəvahir fiqhi”nə əsaslanır, yəni fiqhdə bidət deyil, fəqihlərin tətbiq etdiyi adi fiqhi standartlardan düzgün istifadə şəklidir.

Fiqhə yenilikçi yanaşma ilə yanaşı, ibadətdə tələbkarlıq

Dinə, dini məsələlərə yanaşmada baş vermiş dəyişikliyin daha bir nümunəsi məsələlərə yenilikçi baxışla yanaşı, ibadətdə tələbkarlıq idi. Yəni İmam Xomeyni yenilikçi bir fəqih, yenilikçi bir ruhani idi, məsələlərə novator gözü ilə baxırdı, amma eyni zamanda dindarlığa, ibadətə həddən artıq tələbkarlıqla yanaşırdı. O dövrdə maarifçilik sahəsində fəal olan, o mövzularda danışan bəzi ruhanilər var idi. Ruhani, alim, dinşünas idilər, lakin müəyyən şəraitin təsiri altında ibadətə, dindarlığa lazımi qədər diqqət yetirmirdilər.  Şəxsi ibadətlərini demirəm, yox, o məsələlərdə diqqətli idilər,  lakin təbliğatlarında dindarlıq, ibadət məsələsi üzərində bir o qədər də durmurdular. İmam Xomeyni isə fiqhi, dini məsələlərə o yenilikçi yanaşmasına paralel olaraq, dindarlığın, Allah qarşısında bəndəlik və təslimkarlığın üzərində də möhkəm dururdu; həm şəri hökmlərdə, həm də dini mərasimlərdə. Nümunə olaraq, İmamın əzadarlığa, əza məcislərinə qarşı göstərdiyi o böyük həssaslıq onun nə dərəcədə dindar və ibadətkar olduğunun göstəricisidir.

Gənc nəslə yanaşmada dəyişiklik, gənclərə etimad göstərilməsi

İmam Xomeyninin yaratdığı dəyişikliklərdən biri də gənc nəslə yanaşmada baş vermiş dəyişiklik idi; gənclərə münasibətdə. İmam gənclərin düşüncəsinə və əməllərinə etimad göstərdi. Bu, sözün əsl mənasında bir dəyişiklik idi. Yəni misal üçün, İmam yeni formalaşdırılan Keşikçi Korpusda 20 yaşlarında olan gəncləri rəhbər vəzifələrə təyin etdi. Onlar hamısı maksimum 30 yaşı olan gənclər idi, buna baxmayaraq onlara böyük işlər həvalə olunmuşdu. Eynilə digər sahələrdə də; ədliyyə məsələlərində, digər yerlərdə də İmam məqbul hesab etdiyi gənclərə həddən artıq böyük etimad göstərirdi. O, gənclərin düşüncəsinə və işinə inanıb işləri onlara tapşırırdı.

İmam gənclərə üstünlük verməklə yanaşı, gənc olmayan kadrlara da etimad göstərirdi

Əlbəttə, eyni zamanda İmam gənc olmayan kadrları da inkar etmirdi. Bu gün biz  kadrların gəncləşdirilməsi haqda çox danışırıq, bəziləri elə bilirlər ki, gəncləşdirmə siyasəti yaşlı kadrları tamamilə işdən uzaqlaşdırmaq deməkdir. Xeyr, İmam Xomeyni qətiyyən bu fikirdə deyildi. O, İslam dövləti üçün mühüm bir ehtiyat, bir sərvət kimi gənclərin gücünə inanır, amma bununla yanaşı yaşlı kadrlara da eyni dərəcədə etimad edirdi. Tutalım, İmam məni Tehranın imam-cüməsi təyin etdiyi zaman (hansı ki o vaxt mən hələ o qədər də yaşlı deyildim) Kirmanşaha 80 yaşlı mərhum cənab Şəhid Əşrəfini (2), digər yerlərdə mərhum Şəhid Dəstğeybi (3), yaxud digər mehrab şəhidlərini təyin etmişdi. Onlar hamısı 60-70 yaşlı adamlar idi. Və ya silahlı qüvvələrdə; məsələn, Keşikçi Korpusda, qeyd etdiyim kimi, gəncləri qoymuşdu, Orduda isə Şəhid Fəllahini, yaxud misal üçün, mərhum Zəhirnejadı; onlar 60 və ondan da yuxarı yaşlarda olan insanlar idi, İmam onlardan istifadə etdi. “İmam gənclərə arxalanırdı” deyiriksə, bu o demək deyil ki,gənc olmayan kadrları tamamilə meydandan kənarlaşdırmışdı. Yaxud o vaxt  “İmdad”

Komitəsinə yaşca o qədər də gənc olmayan mərhum cənab Əsgərövladını qoymuşdu.

Odur ki “İmam Xomeyni gənclərə etimad göstərdi” dediyimiz zaman (elə bu gün də biz inanırıq ki, gənclərə etimad göstərmək, ölkənin inkişafında gənc kadrlardan istifadə etmək lazımdır;  az sonra mən bu mövzuya yenə toxunacağam) bu o deməkdir ki, gənclər ölkə üçün bir ehtiyat, bir sərvətdir və bu sərvətdən istifadə etməliyik. O demək deyil ki, yaşı və təcrübəsi olanlar varsa – hansı ki onlar özləri də bir sərvətdir – onlardan istifadə edilməməlidir.

Dünya dövlətlərinə və super-güclərə yanaşmada dəyişiklik, onların məğlubedilməzliyi haqda mifin dağıdılması

Bəli, İmam Xomeyni bura qədər saydığım bütün bu dəyişiklikləri yaratdı, lakin onun yaratdığı  digər mühüm dəyişiklik  – və bəlkə də, sadaladıqlarımdan daha mühüm dəyişiklik – dünya dövlətlərinə və super-güclərə yanaşmada baş verən dəyişiklikdir. O vaxt heç kəs təsəvvür etməzdi ki, Amerikanın sözünün üstünə söz demək, Amerikanın iradəsinin əksinə nə isə bir iş görmək olar. İmam elə bir iş gördü ki, Amerikanın başında duranlar özləri: “Xomeyni bizi təhqir etdi”, – dedilər. Doğurdan da, elə belə idi. İmam Xomeyni, onun komandasında olan insanlar, İmamın tövsiyə və göstərişləri ilə hərəkət edən gənclər super-gücləri sözün əsl mənasında təhqir etdilər. Onların iradəsini qırıb meydandan kənarlaşdırdılar. İmam göstərdi ki, super-güclər zərbə ala bilər, məğlub edilə bilər. Elə zaman da bunu göstərdi. Keçmiş Sovet İttifaqının aqibəti o cür oldu, Amerikanın hazırkı vəziyyətini, orada baş verən olayları da özünüz görürsünüz! Belə bir şey heç vaxt təsəvvür edilə bilməzdi. İmam o vaxtdan bunu xalqın fikrinə və ürəyinə saldı ki, onların zərbə ala, məğlub edilə biləcəyini bilsinlər.

İmam bütün bu dəyişikliklərə ilahi nöqteyi-nəzərdən, tövhid aspektindən yanaşırdı

Mühüm olan məqam budur ki, bütün bu dəyişiklikləri həyata keçirmiş, sözün əsl mənasında Dəyişikliklər Lideri olan İmam Xomeyni bunların hamısını Uca Yaradandan bilirdi. İmam bunları özünə yox, Allah-taalaya aid edirdi. “Səhifeyi-İmam”da var, açın baxın. İmam gənclərin ruhiyyəsində baş verən o dəyişikliyə öz çıxışlarında dönə-dönə diqqət çəkərək bundan son dərəcə heyrətləndiyini bildirir. Bu işi İmam özü görmüşdü, onun öz əməyinin bəhrəsi idi, amma o bunu Allahdan bilirdi. Və elə doğrudan da, Allahdandır.

لا حول و لا قوّة الّا بالله العلیّ العظیم

İstənilən güc və hərəkət yalnız qüdrət və əzəmət sahibi olan Allahdandır. İmam

ما رَمَیتَ اِذ رَمَیت

“(Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpar) atdığın zaman sən atmadın, Allah atdı”. (“Ənfal” surəsi, 17-ci ayə)

– ayəsinə, həqiqətən də, sözün əsl mənasında inanırdı. O, gənclərin hərəkatına, onların ruhiyyəsində baş verən dəyişikliyə çox böyük diqqət yetirirdi, o proseslər ona həddən artıq heyrətamiz gəlirdi. İmam bir yerdə qeyd edir ki, gənclərin ruhiyyəsində baş verən bu dəyişiklik  şah diktaturası üzərində qazanılmış qələbədən də əhəmiyyətlidir.  Çünki diktatura üzərində qazanılmış qələbə tağut üzərində qələbə idi, gənclərdə baş vermiş o dəyişiklik isə Şeytanın üzərində qələbə idi. Şeytan isə tağutdan da vacibdir. Yəni o bütün bu proseslərə bu gözlə baxır, bu hadisələrdən çox heyrətlənirdi. Qeyd etdiyim  məsələ barədə bu qədər.

Hər bir canlı cəmiyyətin dinamikaya və dəyişikliklərə  ehtiyacı var

Odur ki, qeyd etdiyim kimi, İmam Xomeyni Dəyişikliklər Lideri idi. Bu gün biz bu söhbəti yalnız İmamın şəxsiyyəti haqda daha geniş məlumat almaq üçün etmirik; əlbəttə, bu da öz yerində əhəmiyyətlidir, lakin bu söhbətlər dərs götürmək üçündür. İmamdan dərs götürməliyik. İstənilən canlı və dinamik cəmiyyətin dəyişikliklərə ehtiyacı var. Bu gün bizim müxtəlif sahələrdə dəyişikliklərə ehtiyacımız var. Əlbəttə, bunu da deyim ki, İmamın vəfatından sonra ölkəmiz və inqilabımız dəyişikliklər tendensiyasından uzaqlaşmayıb. Yəni Allaha həmd olsun ki, İran xalqı İmam Xomeyninin dəyişikliklər kursunu davam etdirərək irəli gedə bilib. Biz müxtəlif sahələrdə sözün əsl mənasında dəyişikliklərə nail olmuşuq, keçmişdə olduğumuzdan daha da güclü və müəyyən məqamlarda daha da fəal olmuşuq; bunlar var. Elə nail olduğumuz elmi inkişaf balaca bir şey deyil, çox önəmli bir uğurdur.

O vaxtlar  elmi inkişaf baxımından biz əsla diqqət çəkməyən, qeyd olunası heç bir nailiyyəti olmayan bir vəziyyətdə idik. Bu gün isə elmi hərəkatımıza, bu sahədə göstərdiyimiz səylərə görə dünyada ön sıralarda yer alırıq. Yaxud müdafiə imkanlarımız; bu gün bizim müdafiə imkanlarımız, həqiqətən də, çəkindirici səviyyədədir. Bu, ölkəmizin əldə etdiyi çox mühüm bir nailiyyətdir. Və ya siyasət meydanı; bu gün ölkəmiz dünya arenasında nüfuza sahibdir. Hazırda İslam Respublikası qlobal arenada qüdrətli və ehtişamlı bir simada çıxış edir. Bütün bunlar baş vermiş diqqətəlayiq dəyişikliklərdir.

Bu 30 ildə ölkənin hərəkatı, İmamın yaratdığı, dəyişikliklərə əsaslanan inkişaf kursu durmadan irəli gedib. Bəzi sahələrdə hələ reallaşmasa belə, transformativ infrastrukturlar da ərsəyə gəlib. Bunlar var, lakin kifayət deyil. Dediyim odur ki, bəzi sahələrdə dəyişikliklər etməmişik, bəzi məqamlarda isə geriləməmiz olub. Bu çox təəssüfləndirici, arzuolunmaz, qəbuledilməz bir məsələdir və İslam İnqilabının təbiətinə ziddir.  İnqilab ardıcıl innovasiyalar, dəyişikliklər və inkişaf sayəsində aktual qala bilər. “Dəyişiklik” deyəndə daha aydın bir formada daha üstün bir hala düşmək nəzərdə tutulur; yəni bir sıçrayış, böyük bir hərəkat. Bizim müxtəlif sahələrdə buna ehtiyacımız var idi, bəzi sahələrdə isə buna nail olmaq imkanımız əsla yox idi.

İnkişaf, müxtəlif toplumların inkişafı insanların iradə və əməllərindən asılıdır

İnqilabın əksi irticadır. Dünyada baş vermiş inqilabların çoxu irticaya düçar olub. Yəni 5, 10, 15 il sonra əzmsizlikləri ucbatından irticaya məruz qalaraq geriləyiblər. Bax bu irtica inqilabın əksidir. Və hər ikisi – həm inqilabi irəliləyiş, həm də irtica anlamında geriləmə – insanların iradəsindən asılıdır. İnsanlar düzgün davransalar, düzgün istiqamətdə irəli gedəcəklər.  Yanlış hərəkət etsələr, geriləyəcəklər. Quranda da bunların hər ikisinə işarə olunur. Mübarək “Rəd” surəsində buyurulur:

إِنَّ اللَّهَ لا یُغَیِّرُ ما بِقَومٍ حَتّیٰ یُغَیِّروا ما بِأَنفُسِهِم

“Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz”. (“Rəd” surəsi, 11-ci ayə)

Kontekstindən belə anlaşılır ki, bu ayə o müsbət cəhəti nəzərdə tutur; yəni siz özünüzdə müsbət dəyişikliklər yaratdığınız zaman Allah-taala da sizi müsbət hadisələr, müsbət reallıqlarla üzləşdirir. İkincisi isə “Ənfal” surəsindədir:

ذٰلِکَ بِأَنَّ اللَّهَ لَم یَکُ مُغَیِّرًا نِعمَةً أَنعَمَها عَلیٰ قَومٍ حَتّیٰ یُغَیِّروا ما بِأَنفُسِهِم

“Bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir”.  (“Ənfal” surəsi, 53-cü ayə)

Burada isə mənfi cəhət, geriləmə nəzərdə tutulur. Buyurulur ki, Allah-taala bir qövmə hansısa neməti verəndə və o qövm həmin nemətlə düzgün davranmayanda Uca Yaradan o neməti onlardan geri alır. “Kumeyl” duasında da oxuyuruq:

(4) اللَّهُمَّ اغفِر لِیَ الذُّنوبَ الَّتی تُغَیِّرُ النِّعَم

– “İlahi, nemətləri dəyişən günahlarımızı bizə bağışla”.

 Nemətin bu şəkildə dəyişilməsi, yəni nemətin insandan alınması iradədən qaynaqlanan bir şeydir. Biz həddən artıq diqqətli və ehtiyatlı olmalıyıq ki, bu hala düşməyək.

Deməli, bizim dövlətimizdə bu olub, İmam Xomeyninin vəfatından sonra bu dəyişikliklər hərəkatı gedib, lakin mənim fikrimcə, mövcud olan səviyyə kifayət deyil. Müxtəlif arqumentlər əsasında deyə bilərəm ki, biz daha sivil bir ölkə və dövlət olmaq baxımından müxtəlif sahələrdə dəyişikliklərə nail ola bilərik.  Amma bəli, müəyyən məqamlar var, mövcuddur; yəni mənim özümdən, gənclərimizdən, xalqımızdan və ziyalılarımızdan gözləntim budur ki, ehtiyac duyulan müxtəlif sahələrdə dəyişikliklərin həyata keçirilməsi barədə daim düşünsünlər. 

Dəyişikliklər istəmək daim daha yaxşı olmağa can atmaq və irticadan çəkinmək deməkdir 

Hansı sahələrdə dəyişikliklər həyata keçirilməlidir – bu, ayrıca bir söhbətin mövzusudur, az sonra bu məsələyə müəyyən qədər toxunacağam, lakin dəyişiklik məsələsinin özündə də bəzi məqamlar var. Əgər sözün əsl və düzgün mənasında dəyişikliklərin olmasını istəyiriksə,  bu məqamlara diqqət yetirməliyik. Həmin məqamlardan biri budur ki, dəyişiklik istəmək, mütləq surətdə, mövcud vəziyyətə etiraz etmək yox, daim daha yaxşı olmağa can atmaqdır. Dəyişiklik istəmək bu deməkdir; yəni hazırda əlində olanlarla kifayətlənməmək. Dəyişikliklər bundan qaynaqlana bilər. Əlbəttə, bəzi hallarda dəyişikliklər mövcud vəziyyətə etirazdan da başlanğıc götürə bilər, amma həmişə belə olmur. Bir çox hallarda dəyişiklik o deməkdir ki, biz əlimizdə olanlarla kifayətlənmirik, bir pillə daha yuxarı, bir mərhələ daha irəli keçmək istəyirik. Dəyişiklik istəmək üçün mütləq haradasa uğursuzluq hiss etməyimiz lazım deyil. Xeyr, ola bilsin ki, bəzi hallarda heç uğursuzluq hiss etməyək. Mən bu söhbətdən hansı nəticəni çıxarmaq istəyirəm? Demək istədiyim odur ki, müsbət dəyişikliklər əldə etdiyimiz sferalarda belə – misal üçün, elm sahəsində – heç kəs: “Biz artıq dəyişikliyə nail olmuşuq, daha heç nəyə ehtiyacımız yoxdur”, – deməməlidir. Xeyr, biz əlimizdə olanlarla, gəldiyimiz səviyyə ilə qane olmamalı, yenə də dəyişikliklər istəməli, bunu lazım bilməli və daim buna can atmalıyıq. Hətta müəyyən qədər dəyişikliklərə nail olduğumuz sahələrdə belə. Odur ki dəyişiklik öz irəliləyişində daha da sürətli tempə, sıçrayışa can atmaq, irticadan, stereotiplərin üzərində israrla durmaqdan çəkinmək deməkdir. Dəyişikliyin mənası budur və bu hətta hər hansı bir etiraz olmadığı sferalara da aiddir. Dəyişiklik məsələsi ilə bağlı qeyd olunası məqamlardan biri budur.

İdeoloji əsaslar düzgün dəyişikliyin vacib şərtlərindən biridir

İkinci məqam budur ki, düzgün dəyişikliklərə nail olmaq üçün nəzəri-ideoloji əsaslara ehtiyac var. Yəni ideoloji əsası olmayan hər bir hərəkatı dəyişiklik kimi qəbul etmək olmaz. Bəzi yüngül və səthi hərəkatları dəyişiklik hesab etmək doğru deyil. Dəyişiklik üçün ideoloji əsaslar olmalıdır. Tutalım, bu gün dəyişikliklərin tələb olunduğu məsələlərdən biri ədalət mövzusudur.  Biz ədalət  mövzusunda dəyişikliyə nail olmalıyıq və bu dəyişiklik  ideoloji əsasa söykənməlidir. Ədalət sahəsində möhkəm və tam formalaşmış nəzəri-ideoloji əsaslarımız olmalı və yalnız bundan sonra ədalət mövzusunda dəyişikliklər barədə düşünməliyik. Bu ideoloji dayaq vacib şərtlərdən biridir və bizim mənəvi sərvətimiz əsasında formalaşdırılmalıdır. Yəni biz bu sahədə öz mənəvi sərvətimizdən bəhrələnməliyik. Bu sərvət isə İslam dininin hökmlərindən,  müəyyən etdiyi qayda-qanunlardan, Qurani-Kərimin ayələrindən və Əhli-Beytdən (ə) gələn hədislərdən ibarətdir. Bunlardan istifadə etməli və bunların əsasında dəyişikliklər yaratmalıyıq.

İmam Xomeyninin həyata keçirdiyi bütün dəyişikliklər də elə islami hərəkata, İslam dininin epistemoloji əsaslarına dayanırdı. İmam bu çərçivədə hərəkət edirdi. Belə bir nəzəri-ideoloji dayaq olmadan insanın etdiyi dəyişikliklər yanlış olacaq, o, böyük ehtimalla, yersiz addımlar atacaq və sonra da gördüyü işlərin üzərində düzgün bir formada israr edib durmayacaq. Yəni etdiyi dəyişikliklərdə sabitqədəm olmayacaq. Yadıma düşür, elə bizim öz inqilabımızda bəzi insanlar var idi ki, şövqlü inqilabçı idilər, lakin ideoloji əsasları, imanları möhkəm olmadığına, sarsılmaz nəzəri əsaslara və məntiqi arqumentlərə söykənmədiyinə görə bir müddət sonra, tutalım, gənclik yaşlarını bir qədər geridə qoyduqdan sonra köhnəliyin qalığına çevrildilər. İslam İnqilabı isə köhnəliyin qalıqlarının ümumiyyətlə əleyhinə idi; yəni inqilab keçmişin qalığı və əyri yolların yolçusu olan bir qrup adamı meydandan kənarlaşdırmışdı. Dünənin gənc inqilabçılarından bəziləri də gənc yaşlarını geridə qoyub həyatın müxtəlif mərhələlərinə qədəm basdıqdan sonra, əslində, mahiyyətcə keçmişin həmin o qalıqlarına yaxınlaşmağa başladılar; indi bəziləri sadəcə yaxınlaşdılar, bəziləri tamamilə çevrilib o cür oldular. Mərhum Əmir Firuzkuhinin öz şeirlərindən birində dediyi kimi:

شباب عمر به دانش گذشت و شیب به جهل
کتاب عمر مرا فصل و باب، پیش و پس است

Ömrümün gənclik illəri elmlə keçdi, qocalığım cəhalətlə,

Ömür kitabımın fəsil və başlıqları dal-qabaqdır.

Bəzi insanlar, doğrudan da, bu cürdür.

Düşüncə tərzinin transformasiyası və öz gerçək kimliyindən kənarlaşmaq dəyişikliyə ziddir 

Çox mühüm olan digər bir məqam isə budur ki, dəyişikliyi ideoloji transformasiya ilə qarışdırmaq olmaz. Pəhləvi hakimiyyətindən bir qədər əvvəl və sonra, daha kəskin formada isə elə Pəhləvi hakimiyyəti dövründə ölkədə “yenilənmə” adlı bir şey gündəmə gəldi. Bunu İran xalqının həyatında baş verən bir dəyişiklik hesab edirdilər.  Amma bu, dəyişiklik deyildi, bu, İran xalqının transformasiyası idi,  kimliyini və mahiyyətini ondan almaq idi. Yəni bu “yenilənmə” ilə, əslində, İran xalqı öz dini və milli kimliyini, dərin tarixi mahiyyətini əldən verdi. Pəhləvi dövründə baş verən bu “yenilənmə”də həm müəyyən qədər Rzaxanın, həm də o dövrdə Rzaxanı istiqamətləndirən, onu təşviq edən, ona kömək edən, onun əməllərini bu və ya digər şəkildə izah edib əsaslandırmağa çalışan qərbpərəst “ziyalı”ların vasitəsilə, əslində, İran xalqının kimliyi əlindən alındı. Yəni İran xalqı öz gerçək kimliyindən uzaqlaşdı. Bu, dəyişiklik deyil, transformasiyadır. Dəyişikliklər irəliyə istiqamətlənməlidir, bu isə geri getmək idi. Xalqlar öz kimliyini, öz mənəvi sərvətini əldən versələr, bu onlar üçün əslində mədəniyyət baxımından ölüm deməkdir. Bu, mədəniyyətin məhvidir  və təəssüf ki, bir vaxtlar ölkəmizdə də bu baş vermişdi. Yəni elmi və sosial məsələlərdə, universitetlərdə iş o yerə çatmışdı ki, misal üçün, hansısa Qərb aliminin sözü həlledici hesab olunurdu. Nədənsə danışanda deyirdilər ki, filan Qərb alimi belə deyib. O belə deyibsə, artıq mövzu bağlanıb, daha nə isə deməyə ehtiyac yoxdur. Bu, təfəkkürün, düşüncənin yolunu bağlamaq deməkdir. İnsan başqalarını təqlid edirsə, humanitar və ya digər elmlərlə bağlı məsələlərdə Qərb alimlərinin sözünün qarşısında söz deməyə cürət etmirsə, bu o deməkdir ki, düşünməyi, fikirləşməyə cəhd göstərib nəticə çıxarmağı bir kənara qoyaraq yalnız təqlid etməlidir. Bu isə peyğəmbərlərin təliminin tam əksidir:

(5) یُثیروا لَهُم دَفائِنَ العُقول

Peyğəmbərlər insanlarda olan o ağıl, təfəkkür dəfinələrini üzə çıxarmaq, aktivləşdirmək üçün göndərilib. Düşüncənin yolunu bu şəkildə bağlamaq isə peyğəmbərlərin bu missiyasının tam ziddinədir. Bu da bir məqam.

Dəyişikliklər həyata keçirərkən səbirli olmağa və etibarlı bir liderin istiqamətləndirməsinə ehtiyac var

Digər bir məqam budur ki, dəyişikliklər, sözsüz ki, birdəfəyə reallaşan bir şey deyil. Bəzən dəyişikliklər tədricən baş verir, səbirli olmaq lazımdır. Dəyişikliklərin hədəfləri düzgün müəyyən olunubsa, sözün həqiqi mənasında iş görülürsə, o  hədəflərə gec çatsaq belə, eybi yoxdur. Əsas odur ki, daim hərəkətdə olub bu yolda irəli gedək. Səbirsizlik etmək lazım deyil. Hökmən birdəfəyə nə isə etmək lazım olduğunu güman etmək doğru deyil.

Xaricdən asılı hökumətlərin bizə gətirdiyi o “yenilənmə”nin problemli cəhətlərindən biri də bu idi ki, o tendensiyanın bir lideri, yol göstərəni yox idi. Nöqsanlarından biri də bu idi. Tədricən həyata keçirilməsi nəzərdə tutulan dəyişikliklərin başında etibarlı bir lider durmalı, bu hərəkatı hər kəsin etimadını qazanmış, etibarlı əllər istiqamətləndirməlidir. Əks təqdirdə o dövrdə yaranmış vəziyyət ortaya çıxacaq. Bu da bir məqam.
Səthi və tələsik işlərdən çəkinmək lazımdır

Digər bir məqam budur ki, dəyişikliklər hərəkatını  silsilə şəklində görülən tələsik və səthi işlərlə qarışdırmaq olmaz.  Lüzumsuz cəsarətlə tələsik görülən işlər dəyişiklik deyil. Bəzən kimlərsə hansısa bir işi görməyə həddən artıq həvəsli olur və sadəcə həvəsini yatırmaq üçün o işi görür. Belə şeylər dəyərli deyil. Dəyişikliklər dərin, fundamental işlərdir. Əlbəttə, sürət önəmlidir, lakin sürəti tələskənliklə qarışıq salmaq olmaz. Bəli, bizim, İran xalqının, gənclərimizin hədəfə almalı olduğu dəyişikliklərlə bağlı  məqamlar bunlar idi. Bu məqamlara diqqət yetirmək lazımdır.

Cəmiyyətin dəyişikliklərə olan ehtiyacına nümunələr

Yaxşı, bəs hansı sahələrdə dəyişikliklər həyata keçirilməlidir?  Qeyd etdiyim kimi, bu, başqa bir uzun söhbətin mövzusudur, hansı sahələrdə nöqsan və çatışmazlıqlarımız olduğunu müəyyən edib həmin sahələrdə sözün həqiqi mənasında dəyişikliklər həyata keçirməliyik. Lakin nümunə üçün bir neçəsini qeyd etmək olar: misal üçün, iqtisadiyyat sahəsində bizim edəcəyimiz dəyişiklik o ola bilər ki,  ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyaq. Yəni neftsiz iqtisadiyyat yarada bilək. Bu, sözün həqiqi mənasında dəyişiklikdir. Və ya tutalım, dövlət büdcəsinin tənzimlənməsi sahəsində hökumət və parlament büdcəni elə formada tərtib edə bilər ki, sözün həqiqi mənasında mövzuya, problemlərin həllinə, dövlətin funksiyalarının həyata keçirilməsinə istiqamətlənsin. Necə deyərlər, əməli bir büdcə olsun. Əlbəttə, bir qayda olaraq dövlətlər hazırladıqları büdcə layihələrinin tam praktik, əməli bir layihə olduğunu iddia edirlər, amma belə deyil. Dövlət büdcəsi həqiqi mənada düzgün tərtib olunsa, bu, ölkə iqtisadiyyatında bir dəyişiklik yarada bilər. Və ya tutalım, təhsil sahəsində. Təhsildə bizim, doğrudan da, dəyişikliyə ehtiyacımız var. Biz ibtidai, orta və ali təhsil pillələrində öyrədilən bilikləri dərinləşdirməliyik. Bu biliklər əzbərçiliklə mənimsədilməməli, dərin və praktik olmalıdır. Dərslərdə və keçilən mövzularda faydalılıq prinsipi əsas götürülməlidir.

Bizim orta məktəblərimizdə və universitetlərimizdə tədris olunan bəzi dərslər şagird və tələbələrə ömürlərinin axırına qədər lazım olmur. O sahədə ixtisaslaşmadıqlarına görə öyrəndikləri məlumatlar da bir o qədər işlərinə yaramır. Əldə etdikləri ümumi məlumatların heç faydası da olmur, vaxtlarını da alır. Yəni təhsil sahəsində sözün əsl mənasında dəyişikliyə nail olmaq istəyiriksə, ilk növbədə keçilən dərslər dərin, praktik və faydalı olmalıdır. Təhsil sistemi üçün hazırlanmış dəyişikliklər proqramı (6) lazımınca icra olunsa, bu məsələnin müəyyən qismi reallaşmış olar.

Və ya sosial problemlər sahəsində; məsələn: ədalətin təmin olunması, yaxud narkomaniya kimi problemlərin kökünün kəsilməsi. Bunlar, həqiqətən də, sosial problemlərdir, biz bunları həll etməliyik. Və ya ailə məsələləri sahəsində biz sözün həqiqi mənasında dəyişiklik etməliyik. Aldığımız dəqiq və etibarlı məlumatlara əsasən, hazırda ölkəmiz sürətlə ahıllaşmağa doğru gedir. Bu çox pis, dəhşətli bir xəbərdir. Bu o problemlərdəndir ki, günlərin bir günü təsirləri ortaya çıxanda artıq heç bir əlac etmək mümkün olmayacaq. Bu problemləri aradan qaldırmaq üçün qeyd etdiyim sahələrdə dəyişikliklər həyata keçirilməlidir.

Dəyişiklik yaratmağın vacib şərti düşməndən və kimlərinsə müxalifliyindən qorxmamaqdır

Dəyişiklik yaratmağın vacib şərtlərindən biri düşməndən və düşmənçiliklərdən qorxmamaqdır. Allah-taala öz peyğəmbərinə belə buyurur:

وَ تَخشَی النّاسَ وَاللهُ أَحَقُّ أَن تَخشاهُ

“...adamlardan qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır”.  (“Əhzab” surəsi, 37-ci ayə)

– camaatdan qorxmamalısan, onun-bunun sözündən qorxmamalısan. Hər bir müsbət addımın,  önəmli olan hər bir işin kimlərsə əleyhinə çıxa bilər. Əleyhinə olanlar müxaliflik edəcəklər. Bu gün virtual məkanın da mövcudluğunu nəzərə alsaq, bu müxaliflik əksər hallarda daha kəskin və ağrıdıcı formada olur. Önəmli, düzgün, hərtərəfli düşünülmüş bir addım atacaqsınızsa, belə şeyləri nəzərə almamalısınız. Xarici düşməni də nəzərə almaq lazım deyil. Ölkədə yaxşılığa doğru aparan istənilən hərəkatın qarşısında geniş bir düşmən cəbhəsi var. Onlar gecə-gündüz oturub həm nəzəri, həm də maddi cəhətdən zərbə vurmağın yolları barədə düşünürlər.  Nəzəri cəhətdən zərbə vurmaqları belədir ki, ölkədə qəbul edilən mühüm, düzgün və məntiqli qərarları apardıqları genişmiqyaslı təbliğatla sual altına salmağa, sionistlərin əlindəki təbliğat imperiyası vasitəsilə vurub məhv etməyə çalışırlar. Lakin onlardan qorxmaq yox, hərəkət etmək lazımdır. Və zənnimcə, bunun yolu da gənc kadrları işə cəlb etməkdir. Qorxmadan, heç kimi və heç nəyi nəzərə almadan hərəkət edənlər gənclər olur. Əlbəttə, az öncə qeyd etdiyim kimi, burada gənc kadrların ideyaları, ruhiyyəsi, cəsarətli addımlar atmaq bacarığı əsas götürülür. Yoxsa biz gənc olmayan kadrların potensialından istifadəni inkar etmirik. Düşməndən qorxmamaq və kimlərinsə müxalifətçiliyini nəzərə almamaq dəyişikliklərin vacib şərtidir.

Allaha etimad etməyən dövlətlər süquta məhkumdur

Xoşbəxtlikdən, Allaha etimad etməyin nəticəsi hazırda müşahidə etdiyiniz kimi olur. Bizim qarşımızda duran düşmən cəbhəsinin bir hissəsini keçmiş Sovet İttifaqı təşkil edirdi ki, onun da hansı aqibəti yaşadığını gördünüz. Digər bir hissəsini hazırda Amerika təşkil edir ki, bu gün orada da vəziyyətin necə qarışıq və narahat olduğunu müşahidə edirsiniz. Bu gün Amerikanın müxtəlif ştat və şəhərlərində baş verənlər onların həmişə gizlətməyə çalışdığı reallığın təzahürüdür. Bunlar yeni bir şey deyil, köhnə reallıqların təzahürüdür. Sanki çalxalanan hovuzun dibindəki lil yuxarı qalxıb özünü göstərir. Hansısa polis zabiti  qaradərili bir vətəndaşı yerə yıxıb dizi  ilə boğazını sıxır,  yalvarışlarına əhəmiyyət vermədən, soyuqqanlılıqla can verənə qədər onu bu vəziyyətdə saxlayır, polis həmkarları da kənardan dayanıb tamaşa edir və heç bir tədbir görmürlər – bu, Amerika cəmiyyəti üçün yeni bir şey deyil. Amerikalıların təbiəti budur. Amerikalılar bunu indiyə qədər bütün dünya ilə ediblər. Eyni işi Əfqanıstanın, İraqın, Suriyanın da başına gətiriblər. Dünya ölkələrinin çoxu ilə, əvvəllər Vyetnamla bu cür davranıblar. Amerikanın əxlaqı budur, Amerika hökumətinin təbiəti budur. Bu gün də bu formada özünü göstərir. Bu gün Amerikanın müxtəlif ştat və şəhərlərində camaat etiraz aksiyaları zamanı “Nəfəs almağımıza imkan verin!”, “Nəfəs ala bilmirik!” və sair bu kimi şüarlar səsləndirir.  Bu gün Amerika xalqının şüarlarına çevrilmiş bu fikirlər, əslində, Amerikanın ölkələrinə zalımcasına müdaxilə edib zülm verdiyi bütün xalqların ürəyindən qopan sözlərdir. Belədir.

Hakim Amerika rejiminin rüsvayçılığı Amerika xalqına başıaşağılıq gətirir

Hər halda, Allahın kömək və dəstəyi ilə, amerikalılar öz davranışları ilə artıq rüsvay olublar. Koronavirus məsələsində idarəçilik formaları onları bütün dünyada rüsvay edib və bu rüsvayçılıq bu gün də davam etməkdədir. Onlarda yoluxma bir çox ölkələrdən daha gec başlamışdı, başqlarının təcrübəsindən  istifadə edib lazımi hazırlıqları görə bilərdilər, amma Amerikadakı administrativ boşluqlar bu gün o ölkədə yoluxma sayının da, insan tələfatının da digər ölkələrdən qat-qat çox olmasına səbəb olub. İdarə edə bilmədilər, hazırda da idarə edə bilmirlər. Səbəbi hakim Amerika administrasiyasındakı çürüklükdür. Camaatı idarə etmə formaları, camaatla davranışları bu vəziyyətdədir. Dilləri də uzundur. Camatı öldürürlər, açıq-aşkar cinayətlər törədirlər, heç üzrxahlıq da etmirlər, hələ üstəlik dilləri də uzundur, insan haqlarından dəm vururlar! Yəqin, orada qətlə yetirilən o qaradərili kişi insan deyilmiş, heç bir hüququ da yox imiş.

Hər halda, mənə belə gəlir ki, Amerika xalqı – mən bunu əvvəllər də bir dəfə demişdim, indi də deyirəm – öz hökumətlərinə görə xəcalət çəkir. Həqiqətən də, Amerika xalqı hazırkı ABŞ administrasiyasına görə xəcalət və başıaşağılıq hiss etməkdə haqlıdır. Düşünürəm ki, işi-gücü Amerikaya qahmar çıxmaq, Amerikanı ideal kimi təqdim etmək olan bəzi iranlılar da – istər ölkəmizin daxilində yaşayanlar olsun, istərsə də xaricdə yaşayanlar – hazırkı vəziyyətə görə daha başlarını yuxarı qaldıra bilmirlər.

Ümidvaram, Allah-taala dünyanın vəziyyətini İran xalqının xeyrinə dəyişəcək, İslam Respublikasının iqtidarını günbəgün daha da artıracaq, İmam Xomeyninin və şəhidlərimizin, o cümlədən sonuncu əziz şəhidimiz olan Şəhid Süleymaninin ruhlarını Məhşərə öz övliyaları ilə birgə gətirəcək, inşallah.

Allahın salamı, rəhmət və bərəkəti nəsibiniz olsun.

___________________

 (1) Nəhcül-bəlağə, 1-ci xütbə 
 (2) 5-ci mehrab şəhidi Ayətullah Ətaullah Əşrəfi İsfahani 
 (3) 3-cü mehrab şəhidi Ayətullah Seyid Əbdülhüseyn Dəstğeyb 
 (4) Misbahül-mütəhəccid, c.2, səh.844 
 (5)  Nəhcül-bəlağə, 1-ci xütbə 
 (6) “Təhsildə əsaslı dəyişikliklər proqramı” nəzərdə tutulur