Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
و الحمد للّه ربّ العالمین و صلّی اللّه علی محمّد و آله الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین
Dünyanın hər yerindəki müsəlman qardaş və bacılarımı salamlayır, mübarək ramazan ayında etdikləri ibadətlərin Allah dərgahında qəbul olunmasını diləyir, artıq yetişməkdə olan mübarək Fitr bayramı münasibətilə hamısını təbrik edir, bu ilahi ziyafət ayını yaşamaq nemətini bizə nəsib etdiyinə görə Allaha şükürlər edirəm.
Bu gün Qüds Günüdür; İmam Xomeyninin (r.ə) uzaqgörən təşəbbüsünün nəticəsi olan bu gün Qüdsi-Şərif və məzlum Fələstinlə bağlı müsəlman həmrəyliyini təmin etməkdə birləşdirici halqa olması məqsədilə təsis edilmiş, son onilliklər ərzində bu baxımdan mühüm rol oynamış və bundan sonra da oynayacaqdır, inşallah. Xalqlar Qüds Gününü böyük rəğbətlə qarşılamış və onu öz vacib prioritetləri kimi – yəni “Fələstinə azadlıq!” şüarını daim yaşatmaq üçün hər il coşğu ilə qeyd etmişlər. İmperializm və sionizmin ən başlıca siyasətlərindən biri müsəlman toplumların düşüncəsində Fələstin məsələsini arxa plana keçirib unutdurmaqdan ibarətdir. Düşmənin mədəni-siyasi muzdurlarının əli ilə müsəlman ölkələrinin öz daxilindəcə həyata keçirilən bu xəyanətə qarşı mübarizə aparmaq bizim təxirəsalınmaz vəzifələrimizdəndir. Və həqiqət budur ki, Amerika, digər imperialistlər və onların regiondakı əlbuyruqçuları hər nə qədər pul xərcləyib dəridən-qabıqdan çıxsalar da, müsəlman xalqlarının qeyrəti, özünəinamı və günbəgün artan sayıqlığı Fələstin məsələsi qədər böyük bir məsələnin unudulub getməsinə imkan verə bilməz.
İlk olaraq, Fələstinin işğalının və yerində öldürücü xərçəng şişi olan İsrail rejiminin təşkil edilməsinin nə qədər böyük bir faciə olduğunu xatırlatmaq istərdim. Ən yeni tarixdə törədilmiş bəşəri cinayətlər arasında bu qədər genişhəcmli və aqressiv olan ikinci bir cinayət yoxdur. Bütöv bir ölkənin işğalı, əhalisinin öz ev-eşiyindən, ata-baba torpaqlarından həmişəlik qovulması – özü də ən faciəli qətl, cinayət və soyqırımları ilə müşayiət olunan bu tarixi zülmü onillər ərzində davam etdirməklə – həqiqətən də, insan övladının törədə biləcəyi şeytani əməl və vəhşiliklərin yeni bir rekordudur.
Bu faciənin icraçısı və əsas günahkarı Qərb dövlətləri və onların şeytani siyasətləri idi. I Dünya müharibəsində qalib olmuş dövlətlər Paris Konfransında Qərbi Asiya regionunu, yəni Osmanlı dövlətinin Asiyadakı ərazilərini əsas müharibə qəniməti kimi öz aralarında bölüşdürdükləri gün bu regionun daxilində daimi ağalıqlarını qarant altına ala biləcək əmin-arxayın bir istinadgaha əvvəlkindən daha çox ehtiyac duymağa başladılar. Hələ ondan illər öncə İngiltərə “Balfur bəyannaməsi” planı ilə bunun üçün zəmin hazırlamış, yəhudi-plutokratların ideoloji dəstəyi sayəsində “sionizm” adlı bidəti aktivləşməyə hazır bir vəziyyətə gətirmişdi. Paris Konfransından sonra isə onun üçün əməli zəmin hazırlanmağa başladı. Elə o illərdən artıq ilkin hazırlıq tədbirləri görüldü və nəhayət II Dünya müharibəsindən sonra region dövlətlərinin məlumatsızlığından və problemlərin məngənəsində sıxılmasından istifadə edərək öz zərbələrini endirib qondarma, xalqı olmayan İsrail dövlətinin yaradıldığını elan etdilər. Bu zərbənin hədəfi ilk növbədə Fələstin xalqı, daha sonra isə bütün region xalqları idi.
Regionda gedən sonrakı proseslərə nəzər salarkən aydın olur ki, qərblilərin və yəhudi maqnatların İsrail dövlətini yaratmaqda əsl və yaxınperspktivli hədəfi Qərbi Asiyada özlərinin daimi iştirak və nüfuzunun dayağını qurmaq, region ölkələri və dövlətləri üzərində öz diktə və ağalıqlarını daha əlçatan edə bilmək olmuşdur. Məhz buna görə də qondarma və qəsbkar rejimi ən müxtəlif hərbi və qeyri-hərbi güc vasitələri, hətta nüvə silahı ilə təchiz etmiş, bu məhvedici xərçəng şişini Nildən Fərata qədər geniş bir əraziyə yaymağı öz planlarına daxil etmişlər.
Təəssüf ki, əksər ərəb dövlətləri ilk vaxtlar buna müqavimət göstərdiklərinə – və bəziləri bunu çox təqdirəlayiq formada etdiklərinə baxmayaraq, tədricən təslim oldular. Xüsusilə də ABŞ problemin himayəçisi kimi ön plana keçdikdən sonra həm öz dini, siyasi və insanlıq borclarını, həm də bir ərəb kimi qeyrət və qürurlarını unudaraq aldadıcı ümidlərlə düşmənin məqsədlərinə xidmət etməyə başladılar. “Kemp-Devid” müqaviləsi bu acı reallığın açıq-aydın nümunəsidir.
Mücahid dəstələr də ilk illər etdikləri bəzi fədakar mübarizələrdən sonra Fələstin idealının gerçəkləşməsi ilə sonuclana biləcək bu xətti buraxıb, tədricən uğursuz bir yola – işğalçı dövlət və onun himayədarları ilə danışıqlar yoluna yönəldildilər. Amerika və digər Qərb dövlətləri, habelə iradəsiz beynəlxalq təşkilatlarla danışıqlar Fələstinin acı və uğursuz təcrübəsidir. BMT-nin Baş Assambleyasında “zeytun budağı” nümayiş etdirməyin nəticəsi yalnız “Oslo” anlaşması kimi ziyanlı bir anlaşma ola bilərdi ki, onun da sonu Yasir Ərəfatın ibrətlik müqəddəratı oldu.
İranda İslam İnqilabının günəşinin doğması ilə Fələstin uğrunda mübarizədə yeni bir səhifə açıldı. Elə ilk addımlardan, yəni şah dövründə İranı özlərinin təhlükəsiz bazası hesab edən sionistlərin ölkədən qovulmasından, İsrailin qeyri-rəsmi səfirliyinin yerləşdiyi binanın Fələstin nümayəndəliyinin ixtiyarına verilməsindən, neft nəqlinin kəsilməsindən tutmuş böyük miqyaslı işlərə, geniş siyasi fəaliyyətlərə qədər – bütün tədbirlər bütövlükdə regionda müqavimət cəbhəsinin meydana gəlməsinə səbəb oldu və ürəklərdə problemin həllinə bir ümid işardı. Müqavimət cəbhəsinin yaranması ilə İsrailin işi getdikcə çətinləşdi – və əlbəttə ki, gələcəkdə daha da çətinləşəcək, inşallah – lakin başda Amerika olmaqla onun himayəçilərinin də səyləri son dərəcə gərginləşdi. Livanda gənc, mömin və fədakar insanları özündə birləşdirən “Hizbullah” qüvvələrinin ortaya çıxması, Fələstinin öz sərhədləri içərisində “Həmas” və “İslami cihad” kimi stimullu müqavimət dəstələrinin təşkil olunması nəinki İsrailin başında duranları, həmçinin Amerikanı və Fələstinin Qərbdəki digər bədxahlarını da narahat edərək qorxutdu və regionun daxilindən, ərəb toplumunun öz içindən kömək almağı İsrail rejiminin nəzəri və maddi-texniki dəstəyi sayəsində onların planları sırasında ən başa keçirdi. Onların apardığı genişhəcmli işlərin nəticəsi bu gün bəsi ərəb dövlətlərinin başçılarının, həmçinin ərəb dünyasının bəzi xain mədəni və siyasi fəallarının danışığında və davranışında açıq-aşkar surətdə göz önündədir.
Bu gün mübarizə müstəvisində hər iki tərəfdən növbənöv fəaliyyətlər müşahidə olunur. Bir fərqlə ki, müqavimət cəbhəsi günbəgün artan güc və ümidlə irəli gedir, əksinə, zülm, küfr və imperializm cəbhəsi isə günbəgün gücünü və ümidini daha da itirir. Bu iddianın sübutu isə budur ki, bir vaxtlar ildırım sürətli və sarsılmaz hesab olunan, üstünə hücum çəkən iki ölkənin böyük ordularını bir neçə gün ərzində durdurmağa qadir olan İsrail ordusu bu gün Livan və Qəzzadakı mübariz xalq qüvvələri qarşısında geri çəkilib məğlubiyyətini etiraf etməyə məcbur olur. Buna baxmayaraq, mübarizə meydanı yenə də son dərəcə təhlükəli, dəyişkən olaraq qalır və daim diqqət tələb edir. Bu mübarizənin predmeti kifayət qədər mühüm, taleyüklü və həyati bir məsələdir. Əsas hesablamalarda hər cür diqqətsizlik, səhlənkarlıq və xəta böyük ziyanlar vura bilər.
Bütün bu məqamlara əsasən, Fələstin məsələsinə görə narahatlıq keçirən hər kəsə bir neçə tövsiyə etmək istəyirəm:
1.Fələstin uğrunda mübarizə Allah yolunda cihad, İslam dinində vacib hesab olunan və bəyənilən bir əməldir. Belə bir mübarizədə qələbəyə zəmanət verilib, ona görə də bu meydanda mübarizə aparan bir insan hətta qətlə yetirilsə belə, “اِحدی الحُسنیین” – yəni iki uğurdan: qələbə və ya şəhadətdən birini əldə etmiş olur. Bundan başqa, Fələstin məsələsi həm də bir humanitar problemdir. Milyonlarla insanın öz yurd-yuvasından – özü də qətl və cinayətlərlə – didərgin salınması hər bir insanın vicdanını sızladar, üstəlik əgər təpərli və şücaətli bir insandırsa, onu mübarizəyə vadar edər. Deməli, problemi yalnız Fələstinlə və ya maksimum ərəb dünyası ilə məhdudlaşdırmaq açıq-aydın yanlışdır. Fələstin partiyalarının, yaxud bir neçə ərəb ölkəsi başçısının əldə etdiyi razılaşma ilə bu dini və insani məsələnin üstündən keçib getməyin mümkün ola biləcəyini güman edənlər məsələnin dərkində son dərəcə yanılır və onu təhrif etmək xəyanətini öz üzərinə götürmüş olurlar.
2. Bu mübarizənin hədəfi Fələstin torpaqlarının bütünlüklə – İordan çayından Aralıq dənizinə qədər – azad edilməsi və bütün fələstinlilərin öz yurd-yuvalarına qaytarılmasıdır. Fələstin dövlətinin bu diyarın bir küncünə sıxışdırılması, özü də bunun ədəbsiz sionistlərin leksikonunda qeyd edilən təhqiramiz bir tərzdə edilməsi nə haqq-ədalət axtarışından, nə də reallığı görməkdən xəbər verir. Reallıq budur ki, bu gün milyonlarla fələstinli bu böyük cihada əzm göstərəcək və əlbəttə ki, Allahın yardımına və son qələbəyə əmin olacaq dərəcədə yüksək təfəkkür, təcrübə və özünəinama yetişib. Hansı ki müqəddəs Qurani-Kərimdə buyurulur:
وَ لَیَنصُرَنَّ اللهُ مَن یَنـصُرُه، اِنَّ اللهَ لَقَوِیٌّ عَزیزٌ
“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (“Həcc” surəsi, 40-cı ayə)
Şübhəsiz, dünyanın hər yerində əksər müsəlmanlar onlarla həmdərd olacaq və öz köməyini əsirgəməyəcəklər, inşallah.
3. Bu mübarizədə şəriətin qəbul etdiyi istənilən halal vasitədən, o cümlədən dünya ictimaiyyətinin dəstəyindən istifadə etməyə icazə verilsə də, mən altını cızaraq vurğulamaq istəyirəm ki, Qərb dövlətlərinə, həmçinin zahirən, yaxud mahiyyətcə onlardan asılı olan beynəlxalq təşkilatlara inanmaq olmaz. Onlar təsir gücünə malik olan istənilən islami təsisatın varlığına düşməndirlər. İnsanların və xalqların hüquqları onların vecinə deyil. İslam ümmətinə qarşı törədilən cinayətlərin, müsəlmanların aldığı zərbələrin icraçısı elə onlar özləridir. İndiyə qədər hansı beynəlxalq təşkilat və ya cinayətkar dövlət neçə-neçə müsəlman, yaxud ərəb ölkəsində törətdiyi terrora, soyqırımına, müharibəyə, bombardmana, süni qıtlığa görə cavabdehlik daşıyıb?
Bu gün dünya yer kürəsində koronavirus qurbanlarının sayını bircə-bircə hesablayır, amma indiyə qədər heç kəs soruşmayıb və soruşmur ki, Amerika və Avropanın müharibə və konfliktləri körüklədiyi ölkələrdə şəhid edilmiş, əsir götürülmüş, həyatını itirmiş yüz minlərlə insanın qatili kimdir, bütün bunlara görə kim məsuliyyət daşıyır? Əfqanıstanda, Yəməndə, Liviyada, İraqda, Suriyada və digər ölkələrdə axıdılmış bu qədər nahaq qanlara görə məsuliyyət kimin üzərinə düşür? Nəyə görə heç kim İslam dünyasındakı milyonlarla məzlum uşaq, qadın və kişinin hesabını aparmır? Nəyə görə heç kim qətli-am edilən müsəlmanlara başsağlığı vermir? Nəyə görə milyonlarla fələstinli 70 il ev-eşiyindən uzaq düşüb sürgün həyatı yaşamalıdır? Və nəyə görə Qüdsi-Şərif – müsəlmanların ilk qibləsi təhqir olunmalıdır? Adını “Millətlər Təşkilatı” qoymuş o təşkilat öhdəsinə düşən vəzfələri yerinə yetirmir, insan haqları iddiasında olan qurumlarsa ölü vəziyyətdədir. “Qadın və uşaq hüquqlarının müdafiəsi” şüarı Fələstin və Yəmənin məzlum körpələrinə və qadınlarına şami olunmur. Zalım Qərb dövlətləri və onlardan asılı olan beynəlxalq təşkilatlar bu vəziyyətdədir. Onların sözü ilə oturub-duran bəzi region dövlətlərinin nə qədər rüsvayçı və həyasız olduqlarını da sözlə ifadə etmək çətindir. Odur ki qeyrətli və dindar müsəlman toplumları özlərinə, öz daxili gücünə arxalanmalı, qüdrətli əllərini işə salıb Allaha inam və təvəkküllə əngəlləri aşmalıdırlar.
4. Bir mühüm məqam da var ki, İslam dünyasının üzdə olan siyasətçilərinin və hərbçilərinin diqqətindən yayınmamalıdır: Amerika və sionistlər qarşıdurmaları müqavimət cəbhəsinin arxasına daşımaq siyasəti güdürlər. Suriyada vətəndaş müharibəsinin alovlandırılması, Yəmənin blokadası və gecə-gündüz davam edən qırğınlar, İraqda törədilən terror və təxribat əməlləri, İŞİD-in ortaya atılması, habelə bəzi digər region ölkələrində baş verən analoji hadisələr hamısı müqavimət cəbhəsinin başını qatıb İsrailə şans yaratmaq məqsədilə qurulan hiylələrdir. Müsəlman ölkələrinin bəzi siyasətçiləri bilmədən, bəziləri isə bilə-bilə düşmənin bu hiylələrinə xidmət edirlər. Bu xəbis siyasətin icrasının qarşısını almağın əsas yolu bütün İslam dünyasında qeyrətli gənclərin öz iradə və tələblərini ciddi bir şəkildə ortaya qoymasıdır. Bütün müsəlman, xüsusilə də ərəb ölkələrində gənclər Böyük İmam Xomeyninin (r.ə) bu tövsiyəsini diqqətdən qaçırmamalıdırlar: “Amerikaya, – əlbəttə ki, həm də sionist düşmənə, – səsiniz yetdiyi qədər bağırın!”
5. İsrailin regiondakı iştirakını adiləşdirmək siyasəti ABŞ-ın başlıca siyasətlərindən biridir. Regionda Amerikanın əlbuyruqçusu rolunu oynayan bəzi ərəb dövlətləri bu xüsusda İsraillə iqtisadi əlaqələr qurmaq və sair bu kimi ön hazırlıqlar görməyə başlayıblar, lakin bütün bu səylər tamamilə puç və nəticəsizdir. İsrail rejimi bu region üçün mütləq surətdə ziyanlı, öldürücü bir törəmədir və şübhə yox ki, bir gün kökündən kəsilib atılacaq, imperializmin bu siyasətinin dəyirmanına su tökənlərə qalan isə rüsvayçılıq və üzüqaralıq olacaq. Bəziləri bu çirkin davranışlarını: “İsrail bu regionda bir reallıqdır”, – deyə izah edib əsaslandırırlar, lakin bir şeyi unudurlar ki, ziyanlı və öldürücü reallıqlarla mübarizə aparıb onları kənarlaşdırmaq lazımdır. Bu gün koronavirus bir reallıqdır və bütün şüurlu insanlar ona qarşı mübarizə aparmağı vacib hesab edirlər. Köhnə bir virus olan sionizm virusu da, heç şübhəsiz, bundan belə varlığını davam etdirə bilməyəcək, gənclərin əzm, iman və qeyrəti sayəsində bu regionda onun kökü kəsiləcək.
6. Mənim əsas tövsiyəm budur ki, mübarizə bundan sonra da davam etdirilsin, cihad təşkilatları daha da mütəşəkkil vəziyyətə gətirilsin, öz aralarında sıx əməkdaşlıq edərək cihad hərəkatını bütün Fələstin ərazisində genişləndirsinlər. Bu müqəddəs cihadda Fələstin xalqına hamı kömək etməlidir. Mübarizə aparan fələstinlilərə hər kəs möhkəm arxa-dayaq olub maddi dəstək verməlidir. Biz bu yolda əlimizdən gələni qürurla edəcəyik. Nə vaxtsa biz özümüz üçün müəyyən etdik ki, mübariz fələstinlilər dindar, qeyrətli və şücaətlidirlər və onların yeganə problemi əliboş olmaları, silah və hərbi texnikalarının olmamasıdır. Allahın kömək və hidayəti ilə, lazımi tədbirləri gördük, nəticədə Fələstində güclərin balansı dəyişdi və bu gün Qəzza sionist düşmənin hərbi hücumlarının qarşısında durub ona qalib gələ bilir. “İşğal olunmuş” adlandırılan ərazilərdə də belə bir balans dəyişikliyinin yaranması Fələstin problemini yekunlaşdıra bilər. Bu məsələdə Fələstin Muxtariyyətinin öhdəsinə böyük bir vəzifə düşür. Yırtıcı düşmənlə yalnız öz gücünü hiss etdirərək, iqtidar mövqeyindən danışmaq olar və Allaha şükürlər olsun ki, şücaətli və mübariz Fələstin xalqında bu iqtidarı ələ almaq üçün lazım olan zəmin hazırdır. Bu gün fələstin gəncləri öz heysiyyətini qorumaq şövqü ilə yanır. Fələstində “Həmas” və “İslami Cihad”, Livanda “Hizbullah” hansı yolu tutmağın doğru olduğunu hamıya sübut etdi. Dünya İsrail ordusunun Livan sərhədlərini pozub Beyruta qədər irəlilədiyi, Ariel Şaron adlı qatil cinayətkarın Səbra və Şətilada qan gölü yaratdığı günləri unutmayıb və unutmayacaq! Həmçinin dünya həmin o ordunun “Hizbullah”ın əzici zərbələri altında saysız-hesabsız itkilərlə məğlubiyyətini etiraf edərək Livan sərhədlərindən geri çəkilib atəşkəs üçün yalvarmağa məcbur qaldığı günü də unutmayıb və unutmayacaq! Əlidolu, güc və iqtidarı olmaq budur! Qoy Səddama kimyəvi silah satdığı üçün əbədi olaraq xəcalət çəkməli olan hansısa Avropa dövləti vüqarlı və mübariz “Hizbullah”ı qanunsuz bir qurum hesab etsin! Qanunsuz olan, İŞİD-i yaratmış Amerikadır, Səddama verdikləri kimyəvi maddələr ucbatından İranın Banəsində və İraqın Hələbçəsində minlərlə insanın ölümünə səbəb olmuş o Avropa dövlətləridir!
7. Və son olaraq demək istəyirəm ki, Fələstin fələstinlilərindir və onların iradəsi əsasında idarə olunmalıdır. Bizim hələ 20 il bundan əvvəl təklif etdiyimiz kimi, Fələstində yaşayan bütün etnik qruplar və dini konfessiyalar arasında referendumun keçirilməsi layihəsi Fələstinin hazırkı və gələcək əzab-əziyyətlərindən yeganə çıxış yolu ola bilər. Bu layihə onu göstərir ki, Avropa dövlətlərinin öz ruporları vasitəsilə dünyaya car çəkdikləri anti-semitizm iddiaları tamamilə puç və əsassızdır. Bu layihəyə görə, müsəlman, yəhudi və xristian fələstinlilər hamısı birlikdə bir referenduma qatılıb Fələstinin siyasi quruluşunu müəyyən edəcəklər. Sionist rejim mütləq getməlidir və sionizmin özü yəhudiliyə tamamilə yad, bu dinə sonradan gətirilmiş bir bidətdir.
Sonda Şeyx Əhməd Yasin, Fəthi Şəqqaqi, Seyid Abbas Musəvidən tutmuş İslamın böyük sərkərdəsi, müqavimətin unudulmaz siması Şəhid Qasim Süleymaniyə və böyük İraq mücahidi Şəhid Əbu Mehdi Mühəndisə qədər – bütün Qüds şəhidlərinin xatirəsini ehtiramla yad edir, şərəf və cihad yolunu üzümüzə açmış dahi liderimiz İmam Xomeyninin (r.ə) ruhuna rəhmət deyir, həmçinin bu yolda illərlə çalışıb-vuruşmuş mücahid qardaşımız Hüseyn Şeyxül-İslama da Allahdan rəhmət diləyirəm.
Sonda məni eşidən və seyr edən hər kəsə bunu demək istəyirəm: bu il ilk Qüds günüdür ki, əzizimiz Qasim Süleymani bizimlə yoxdur. Qoy onun ruhunu şad etmək üçün hər kəs bir “Həmd” və bir “Qul huvəllah” oxusun.
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِینَ * الرَّحْمَنِ الرَّحِیمِ * مَالِکِ یَوْمِ الدِّینِ * إِیَّاکَ نَعْبُدُ وَإِیَّاکَ نَسْتَعِینُ * اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِیمَ * صِرَاطَ الَّذِینَ أَنْعَمْتَ عَلَیْهِمْ غَیْرِ الْمَغْضُوبِ عَلَیْهِمْ وَلَا الضَّالِّینَ
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ
قُلْ هُوَ اللَّهُ أَحَدٌ * اللَّهُ الصَّمَدُ * لَمْ یَلِدْ وَلَمْ یُولَدْ * وَلَمْ یَکُنْ لَهُ کُفُوًا أَحَدٌ