Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Zamanın (ə.f) mövludu münasibətilə televiziya vasitəsilə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین

Əziz qardaşlar, əziz bacılar, sizi, bütün İran xalqını, bütün dünya müsəlmanlarını və yer üzündəki bütün azadlıqsevər insanları mübarək “Nimeye-şəban” bayramı münasibətilə təbrik edirəm. Təəssüflər olsun ki, yaxından görüşə bilmirik və əlacsız surətdə sizinlə uzaqdan söhbət edirəm, amma bu da bir təcrübədir. Bu gün əziz xalqımızla bir neçə cümlə Həzrət Mehdi (ə.f) barədə, bir neçə cümlə də hazırda ölkəmizdə cərəyan edən məlum məsələ barədə danışacağam. Əvvəlcə Həzrət Mehdi Sahibəzzamanın (ə.f) hüzuruna bir salam verək:

اَلسَّلامُ عَلَیکَ یا  بَقیَّةَ اللهِ فی اَرضِهِ السَّلامُ عَلَیکَ یا میثاقَ اللهِ الَّذی اَخَذَهُ وَ وَکَّدَهُ السَّلامُ عَلَیکَ یا وَعدَ اللهِ الَّذی ضَمِنَهُ السَّلامُ عَلَیکَ اَیُّهَا العَلَمُ المَنصوبُ وَ العِلمُ المَصبوبُ وَ الغَوثُ وَ الرَّحمَةُ الواسِعَةُ وَعدُ غَیرُ مَکذوب 

Salam olsun sənə, ey Allahın yer üzündəki ehtiyatı! Salam olsun sənə, ey Yaradanın möhkəm əhd-peymanı! Salam olsun sənə, ey Allahın zəmanətli vədi, ey göylərə ucalmış bayraq, ey göylərdən yağmış bilik! (1)

Bu şərafətli “Ale-Yasin” ziyarəti ardınca aşiqanə surətdə bu şəkildə davam edir:

اَلسَّلامُ عَلَیکَ حینَ تَقومُ السَّلامُ عَلَیکَ حینَ تَقعُدُ السَّلامُ عَلَیکَ حینَ تَقرَأُ وَ تُبَیِّن

Və beləcə sona qədər...

Yəqin bəşəriyyətin tarixində belə dövrlər çox az olub ki, yer üzünün hər yerində bəşər cəmiyyəti,  insanlıq bir xilaskara bu gün olduğu qədər ehtiyac hiss etmiş olsun; istər bu ehtiyacı şüurlu surətdə dərk edən alim və ziyalılar olsun, istərsə də şüurlu şəkildə dərk etmədiklərinə baxmayaraq, onu özündə hiss edən adi, sıravi insanlar; hər kəs bir xilaskara, yol göstərənə, Allahın qüdrətli əlinin bir nişanəsinə, məsum bir imama, saflığa, Allahın yönəltdiyi doğru yola ehtiyac hiss edir. Tarixin çox az dövrlərində bu ali həqiqətə bu qədər böyük ehtiyac hiss olunub. Bəşəriyyət müxtəlif məktəbləri, müxtəlif ideoloji firqə və məsləkləri təcrübədən keçirdikdən sonra bu gün asayiş və rahatlıq hiss etmir; kommunizmdən tutmuş Qərb demokratiyasına, hazırda dünyada genişlənmiş liberal demokratiyaya qədər, bir bu qədər iddialar olub. Yer üzündə yaşayışı büsbütün dəyişmiş bir bu qədər heyrətamiz elmi nailiyyətlərə rəğmən, bəşəriyyət özünü xoşbəxt hiss etmir. İnsanlıq yoxsulluqdan əziyyət çəkir, xəstəliklərdən əziyyət çəkir, günah və əxlaqsızlığa düçar olub, ədalətsizliyin, sosial bərabərsizliyin, kəskin təbəqələşməsinin məngənəsində sıxılır. İnsanlıq dövlətlərin elmdən sui-istifadəsindən əziyyət çəkir; dövlətlər elmdən, təbii kəşflərdən, təbii resurslardan sui-istifadə edir. Bəşəriyyət bu şeylərlə üz-üzə qalıb; bütün bunlar dünyanın hər yerində insanların yorulmasına, usanmasına, onlara qurtuluş bəxş edəcək bir ələ ehtiyac hiss etmələrinə səbəb olub.

Yer üzündə milyardlarla insan problemlərdən əziyyət çəkir. Ola bilsin ki, bəziləri asayiş şəraitində yaşayır, amma onların da rahatlığı yoxdur. Bəşəriyyət nigaranlıq və iztirab içindədir, bu nailiyyətlər, bu növbənöv dəyişikliklər insan oğlunu xoşbəxt edə bilməyib. Əlbəttə, insan ağlı böyük bir nemətdir; təcrübə böyük bir nemətdir. Bunlar Allahın nemətləridir və həyatdakı problemlərin bir çoxunu həll etməyə qadirdir, lakin bəzi düyünlər var ki, ağıl və təcrübə ilə də açılmır. Götürək elə ədalət məsələsini; ədalət bu günün elmi nailiyyətləri və inkişaf etmiş texnologiyası sayəsində həllini tapa biləcək, düyünü açılacaq bir məsələ deyil. Bu gün dünyada ədalətsizlik elmdən qidalanır; yəni inkişaf etmiş elm ədalətsizliyə, militarizmə, özgə torpaqlarının işğalına, xalqlar üzərində ağalığa xidmət edir. Deməli, artıq elm bu düyünləri aça bilmir. Bunların mənəvi, ilahi bir gücə, bu işləri həyata keçirə biləcək məsum imamın qüdrətli əlinə ehtiyacı var. Odur ki Həzrət Mehdinin böyük missiyası:

 (2) یَملَأُ اللَهُ بِهِ الاَرضَ قِسطاً وَ عَدلا

 – haqq-ədaləti bərqərar etməkdir. Bu mənaya əksər rəvayətlərdə, dua və ziyarətlərdə işarə olunur: haqq-ədalətin təmin olunması. Bu yalnız Allahın qüdrətli əlinin Həzrət Mehdi vasitəsilə işə keçməsi ilə mümkündür. Özü də Həzrət Mehdi tərəfindən bərqərar olunacağı gözlənilən ədalət hansısa xüsusi sferaya aid olan ədalət deyil. Bu ədalət həyatın bütün sferalarını əhatə edəcək. Hökumətdə ədalət, sərvətlərin bölgüsündə ədalət, səhiyyədə ədalət, insan haqları və sosial mövqedə ədalət, mənəviyyatda, hər bir insan üçün inkişaf imkanlarının yaradılmasında ədalət – həyatın bütün müstəvilərində ədalət. Bütün bunlar, inşallah, Həzrət Mehdinin vasitəçiliyi və Allahın lütfü sayəsində yer üzündə, varlıq aləmində reallaşacaq. 

Bəşəriyyətin bütün nümayəndələri – istər prosesləri qiymətləndirməyi bacaran ziyalılar olsun, istərsə də dünyanın hər yerində, müxtəlif ölkələrdə gündəlik həyatın problem və sıxıntıları içərisində çabalayıb prsoseslərin fərqinə varmayan sıravi insan kütlələri – hər kəs bu ehtiyacı duyur, intəhası bəziləri dərk edərək, bəziləri dərk etmədən, şüursuz şəkildə. Və sözsüz ki, bu vədi bütün dinlər də verib. Bütün dinlərdə tarixin sonunda bir qurtuluş, bir ilahi hərəkat vədi var, dinlər hamısı belə bir vəd veriblər (əlbəttə ki, bu da tarixin sonu deyil; əsl dünya, bəşəriyyətin əsl yaşayışı Həzrət Mehdinin dövründən başlayacaq;  intəhası hazırda yaşadığımız vəziyyətin sonu gələcək).

Deməli, bu ehtiyac var, lakin onun dəlil-sübut kəsb etməsi, faydalı olması üçün İslam dini bizdən gözləməyimizi, intizarda olmağımızı istəmişdir. İntizar ehtiyacdan, ehtiyac hissindən daha yüksəkdə durur. İslamda deyilir ki, gözləyin, intizarda qalın. İntizar ümiddir, intizar mütləq bir gələcəyin olduğuna bəslənən inamdır. İntizar yalnız ehtiyac deyil, intizarda qurucu, konstruktiv mahiyyət var, məhz buna görə də bizim rəvayətlərimizdə, bizim dini təlimlərimizdə qurtuluş intizarında olmaq çox mühüm yer tutur. Az sonra mən bu barədə bir izah verəcəyəm. Həzrət Mehdinin İbn Babveyhə –  Əli ibn Bebveyh – ünvanladığı tapşırıqda  Peyğəmbərin (s) dilindən belə nəql olunur:

 (3) اَفضَلُ اَعمالِ اُمّتی انِتِظارُ الفَرَج

 –  yəni ümmətimin ən üstün əməli qurtuluş intizarında olmaqdır; yəni ümid. Musa ibn Cəfərdən nəql olunan bir rəvayətdə deyilir:

(4) اِنتَظِرُوا الفَرَجَ وَ لا تَیأَسوا مِن رَوحِ الله

– qurtuluşun intizarında olun, Allahın mərhəmət və xilasından ümidinizi üzməyin. Deməli, qurtuluşun intizarında olmaqda ümid var, hərəkət var, addım atmaq var. Əlbəttə ki, qurtuluş intizarında olmaq barədə mənbələrdə bəhs olunub, yəni “qurtuluşun intizarı” deyərkən Həzrət Mehdinin zühurunun intizarında olmağın nəzərdə tutulduğu dəqiqdir. Bu, qurtuluş intizarında olmağın bir nümunəsidir. Həzrət Peyğəmbərin buyurduğu:

اَفضَلُ اَعمالِ اُمَّتی اِنتِظارُ الفَرَج

–  “Ümmətimin ən üstün əməli qurtuluş intizarında olmaqdır” cümləsində isə insanın həyatda üzləşdiyi bütün çətinliklər nəzərdə tutulur. Həyatda cürbəcür problem və çətinliklər qarşıya çıxır, insan onlarla üzləşərkən ruhdan düşüb məyus olmamalıdır. Qurtuluş intizarında olmalı, bilməlidir ki, nicat, qurtuluş gələcək. Qurtuluş intizarında olmağın özü bir qurtuluşdur. Rəvayətlərdən birində Həzrət Musa ibn Cəfər belə buyurur:

لَستَ تَعلَمُ اَنَّ اِنتِظارَ الفَرَجِ مِنَ الفَرَج

Qurtuluşun, xilasın intizarında olmağın özü insan üçün bir qurtuluş, bir açılışdır. Belə ki onu ümidsizlikdən qurtarır, xoşagəlməz işlərə vadar edə biləcək “çıxılmaz vəziyyətdə olma” hissindən xilas edir. Bəli, Peyğəmbər və imamlardan gələn bu hədislər bu mənaya dəlalət edir ki, Muhəmmədin (s) ümməti həyatda üzləşdiyi heç bir hadisə qarşısında ümidsizlik, məyusluq hiss etmir, həmişə, hər bir halda qurtuluşun intizarındadır.

Lakin intizar əlini əlinin üstünə qoyub oturaraq gözünü qapıya dikib gözləmək mənasında da deyil. İntizar hazır olmaq, addım atmaq mənasındadır. İntizar bu mənadadır ki, insan bir aqibətin mövcud olduğunu, o aqibətə yetişməyin mümkünlüyünü və ona yetişmək üçün səy göstərmək lazım olduğunu hiss etsin. Qurtuluşun, Həzrət Mehdinin zühurunun intizarında olan bizlər bu yolda çalışıb-vuruşmalıyıq. Mehdinin zühur edib formalalaşdıracağı cəmiyyəti yaratmaq üçün səy göstərməliyik. Həm özümüzü formalaşdırmalıyıq, həm gücümüz, imkanımız yetdiyi qədər başqalarının formalaşmasında iştirak etməliyik, həm də gücümüz daxilində ətrafımızı Mehdinin cəmiyyətinin meyarlarına yaxınlaşdırmalıyıq. Mehdinin cəmiyyəti haqq-ədalətin hökm sürdüyü cəmiyyətdir, mənəviyyatlı, Allahını, dinini tanıyan cəmiyyətdir, qardaşlıq münasibətlərinin, elmi inkişafın olduğu nüfuzlu cəmiyyətdir.

Qurtuluşun intizarında olmaqla bağlı önəmli məqam budur ki, bu, səbirsizlik etmək, konkret vaxt qoymaq demək deyil. Tutalım, insan hansısa vaxtı, tarixi nəzərdə tutub səbirsizlik edə, ayağını yerə döyə ki, məsələn, filan tarixdə bu hadisə tamamlanmalıdır, bu aqresiya sona çatmalıdır, yaxud Həzrət Mehdi zühur etməlidir. Xeyr, qurtuluşun intizarında olmaq bu deyil. Qurtuluş intizarında olmaq özünü hazır vəziyyətə gətirmək deməkdir. Səbirsizlik, tələskənlik qadağan olunmuşdur. Rəvayətlərdən birində deyilir:

 (5) اِنَّ اللهَ لایَعجَلُ لِعَجَلَةِ العِباد

 – Siz tələsib hövsələdən çıxırsınızsa, o demək deyil ki, Allah-taala da tələsəcək, sizin tələskənliyinizə tabe olub qərar qəbul edəcək. Xeyr, hər şeyin öz qərarı, müəyyən vaxtı, hikməti var, o hikmətə əsasən həyata keçir.

Az öncə bir məqamı qeyd etdik ki, qurtuluşun intizarı deyərkən həm son qurtuluş – yəni Həzrət Mehdinin zühuru nəzərdə tutulur, həm də “فرج بعدالشّدّة” – çətinlikdən sonrakı qurtuluş. Yəni geniş yayılmış çətin hadisələrdən sonrakı qurtuluş; eynilə bu gün dünyada vüsət almış, çoxlarını ümidsizliyə qapılmağa, intihara vadar edən hadisələr kimi; qurtuluşun intizarında olduğu zaman insan həmin hadisənin, mütləq, sona çatacağını bilir.

Burada bir məqam da var: qurtuluşun intizarında olmaqdan qaynaqlanan bu psixoloji rahatlığı, daxili sakitliyi – belə ki qurtuluşun intizarında olan insan daxilən arxayın və rahat olur, qəlbində qətiyyən təlatüm olmur – artırmaq mümkündür. Yaradana dua və yalvarış vasitəsilə, Allah-taala ilə minacat etməklə;

اَلا بِذِکرِ اللهِ تَطمَئِنُّ القُلوب

“Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə rahatlıq tapar!” (“Rəd” surəsi, 28-ci ayə)

Dini mənbələrdə yer alan o çoxsaylı dualar – hazırda şərafətli şəban ayındayıq, ardınca da ramazan ayı gəlir – cürbəcür minacatlar, Uca Yaradanla ortada heç bir vasitə olmadan söhbət etmək çox önəmlidir. Həmçinin varlıq aləminin Yaradana ən yaxın nümayəndələri olan məsum imamlarla (ə) razü-niyaz etmək də insana rahatlıq və arxayınlıq bəxş edir. Allah-taalanı yada salmaq insandan kədər və sıxıntını uzaqlaşdırır, onun halını yaxşılaşdırır, üstəlik ilahi mərhəməti də cəlb edir. Duaya qalxmış milyonlarla əlin, mütləq, təsir və bərəkəti olacaq. Dünən gecə milyonlarla insan qəlbini Allah-taala ilə tanış etməyə, Uca Yaradana bağlamağa, əlini duaya qaldırıb Rəbbi ilə danışmağa müvəffəq oldu. (6) Heç şübhəsiz, bunun həm onların özünə, həm də bütövlükdə cəmiyyətə müsbət təsiri olacaq və bir sıra bərəkətli nəticələri özünü göstərəcək. Zühur, qurtuluş, Həzrət Mehdinin yer üzündə haqq-ədaləti bərpa etmək naminə hərəkətə keçməsi barədə qısaca demək istədiklərim bunlar idi. Əlbəttə ki, bu haqda çox danışmaq olar, lakin mən hələlik bunlarla kifayətlənəcəyəm.

Hazırda ölkəmizdə genişlənməkdə olan koronavirus hadisəsinə gəlincə; bu, qlobal pandemiyadır, bir sınaqdır; bütün dünya üçün sınaqdır: həm dövlətlər, həm  də xalqlar üçün. Bu hadisə ilə həm dövlətlər, həm də xalqlar sınağa çəkilir. Çox qəribə, görünməmiş bir sınaqdır. Əlbəttə, statistik rəqəmlər, həyata keçirilmiş çox müsbət tədbirlər, rəsmilərin  verdiyi tövsiyələr barədə çox danışılıb, bütün bu mövzulara kifayət qədər toxunulub. İnsafla demək lazımdır ki, “Səda və sima” Dövlət Teleradiosu da bu sahədə çox müsbət fəaliyyət göstərib, işini çox yüksək səviyyədə qurub. Bütün bunlarla bağlı mənim deməyə sözüm yoxdur, lakin bir neçə məqamı qeyd etmək istəyirəm.

Biri budur ki, İran xalqı bu sınaqda özünü çox parlaq surətdə göstərdi. İran xalqı bu korona sınağında, bu qlobal pandemiyada – hansı ki əslində, bunu müasir dövrün vəbası da adlandırmaq olar – çox yüksək səviyyədə davrandı. Əvvəla, bu milli iftixarın zirvəsi ölkəmizin səhiyyə işçilərinə aiddir. Mən onların nə qədər böyük bir iş gördüklərini, etdikləri fədakarlığın dəyərini dəfələrlə qeyd etmişəm, yenə də də təkrar etməliyəm. İstər həkimlər, istər tibb bacıları, istər laboratoriyalarda çalışan mütəxəssislər, istər radioloqlar, istər bölgələrdəki tibbi bölmələrdə çalışan səhiyyə işçiləri, xidmət sahəsində, nəzəri araşdırmalar sahəsində işləyənlər, Səhiyyə Nazirliyinin özündə və tabeçiliyndəki qurumlarda çalışan rəhbər işçilər – bu iftixarın zirvəsi onlara aiddir. Onlar öz canlarını, sağlamlıqlarını xalqa xidmət yolunda qoydular. Bu çox önəmli və möhtəşəmdir. Onlar ailələrindən uzaq qalmağın çətinliyinə dözdülər; hətta Novruz bayramında, bayramla əlaqəli qeyri-iş günlərində də çoxları ailələrinə baş çəkmədi. Yuxusuzluqdan, hər gün neçə-neçə ağır xəstəni qəbul etməyin verdiyi stresdən əziyyət çəkdilər, amma bütün bunları qəbul etdilər, dözdülər. Bütün bunlar İran xalqının yaddaşında ölkəmizin səhiyyə işçiləri ilə bağlı xoş bir xatirə olaraq qalacaq. Bu, xoş bir xatirədir; bu etapda bizim səhiyyə işçilərimiz, həkim və tibb bacılarımız geridə yaddaqalan, xoş bir xatirə buraxdılar.

Və onlarla yanaşı könüllülər də vardı; səhiyyə sistemində çalışmadıqlarına baxmayaraq, könüllü surətdə gəlib bu meydana daxil oldular. Teoloji mərkəzlərimizin, universitetlərin cihad əzmli tələbələri, müxtəlif sferalarda minlərlə zəhmətkeş bəsici,  sıravi vətəndaşlar, həqiqətən də, sözlə təsvir edilə bilməyəcək qədər dəyərli xidmətlər göstərdilər. Onların gördüyü işlər bir yandan insanı, həqiqətən də, sevindirir, digər tərəfdən isə minnətdarlıq hissi yaradır.

Bunlarla yanaşı, silahlı qüvvələr də meydanda idi; insafən, silahlı qüvvələr bütün quruculuq və təşəbbüs imkanlarından istifadə etdilər. Hətta elmi sferada, elmi kəşflər, texnologiyalar, tibbi avadanlığın istehsalı sahəsində – xəstəxanalardan tutmuş bərpa müəssisələrinə, silahlı qüvvələrin balansında olan digər vasitələrə qədər – ən yaxşı sferalarını bu işə xidmətə təqdim etdilər. Quruculuq imkanlarını, təşəbbüs imkanlarını elm və əməl meydanında ortaya qoydular. Daha sonra yeni imkanlar aşkarlandı, məlum oldu ki, həm silahlı qüvvələrin daxilində, həm də ondan kənarda bizim indiyə qədər bilmədiyimiz bir çox imkanlar mövcuddur. Çıxıb televiziya vasitəsilə gördükləri işlər, istehsal etdikləri məhsullar haqda məlumat verən o gəncləri biz tanımırdıq. Bunlar yeni aşkara çıxarılmış potensialdır.

Və xalq; xalqın, vətəndaşlarımızın iştirakı da çox gözəl idi, ölkənin dörd bir yanında çox maraqlı, heyrətamiz mənzərələrin şahidi olduq. Mən bir neçə nümunəni qeyd etmək istəyirəm; ona görə yox ki, bunlar xüsusi önəm kəsb edir, xeyr, sadəcə olaraq mənə bunları məlumat veriblər, mən də qeyd edirəm: misal üçün, Səbzvarda “Hər məhəllə bir qurbanlıq!” adı altında aksiyaya start verilib. Məhəllələrdə camaat toplanıb bir qoyun qurban kəsir, məhəllənin kasıblarına paylayır. Ehtiyaclı insanların ərzaq tələbatının ödənilməsi baxımından bu addım çox mühüm, çox lazımlı və diqqətəlayiqdir. Yaxud Yəzddə bir şəhid anası təşəbbüs göstərib, bir qrup qadınla birlikdə evlərində maska tikərək camaata pulsuz paylayırlar. Və ya Nəhavənddə Müqəddəs Müdafiə dövründə çörək bişirib cəbhəyə göndərmiş bir qrup qadın xəstəliyin kontrol altına alınması üçün səfərbər olaraq işə keçib. Xuzistanda din tələbələri qərargah təşkil ediblər, hətta camaatın evinin içini də dezinfeksiya edirlər. Şirazda məhəllə ağsaqqalları əmlak sahibləri – evini, mağazasını icarəyə verənlərlə görüşüb söhbət edirlər ki, sahibkarlardan icarə haqqını almasınlar, yaxud güzəşt etsinlər. Təbrizdə teoloji mərkəzin direktoru özü şəxsən işə qoşulub, küçəbəküçə gəzir. Şəhərlərdən birində seçkidə səs toplamamış dindar namizədlərdən biri öz qərargahını buraxmayıb, koronavirusa qarşı mübarizə cihadında aktiv iştirak edən insanları təşkilatlandırmaq məqsədilə fəaliyyətini davam etdirir. Əlbəttə ki, bunlar mənə tələsik çatdırılmış məhdud məlumatlardır. Ölkənin hər yerində yüzlərlə, bəlkə minlərlə analoji faktlar mövcuddur ki, mən onlardan bəzilərini bundan əvvəlki söhbətimdə (7) qeyd etmişəm. Önəmli olan odur ki, bütün bunların cəmiyyətimizdə, insanlarımızın qəlbində dərin kök ataraq genişlənmiş İslam mədəniyyətinin göstəricisi olduğuna diqqət yetirək. Özəlliklə son 10-20 ildə, təəssüflər olsun ki, xalqı Qərb mədəniyyətinə, Qərbə xas həyat tərzinə meyilləndirmək üçün İran mədəniyyətini, iranlı-müsəlman həyat tərzini alçaldan şəxslərin arzu və iddialarının əksinə olaraq, xoşbəxtlikdən, bu islami düşüncə, İslam mədəniyyəti, islami dəyərlər silsiləsi xalqımızın mənəviyyatında çox güclü və geniş bir şəkildə duyulur. 

Və bu mənzərənin müqabilində Qərb mədəniyyəti də öz “barını” verdi. Qərbdə, Amerikada, Avropa dövlətlərində baş verənlər onların tərbiyə və mədəniyyətini ortaya qoydu (bəzi məsələlər barədə bizim televiziyalar məlumat verdi, bəzi faktlar isə işıqlandırılmadı, amma bizə məlumat gəlib çatır, bilirik). Bir dövlət başqa bir dövlətə məxsus olan maska və əlcək dolu yükü yolda müsadirə edib mənimsəyə; bu hal bir neçə Avropa ölkəsində və Amerikada baş verdi. Və ya insanlar hər gün qısa müddət ərzində  – 1-2 saat içində mağazaları boşaldalar, acgözlüklə piştaxtaları boşaldıb gətirib soyuducularını dolduralar; boş qalmış piştaxtalar bütün dünya telekanallarında nümayiş olundu, o kadrları bizimkilər də göstərdi. Kimlərsə bir neçə rulon tualet kağızı almaq üçün dava-dalaş salalar, yaxud silah mağazasında növbəyə düzülələr; göstərdilər ki, insanlar silah almaq üçün növbəyə durublar; çünki təhlükə hiss edirdilər, bu günlərdə silah əldə etmək lazım olduğunu hiss etmişdilər. Və ya xəstələr arasında ayrı-seçkilik qoyub ahıl xəstələri müalicə etməyələr; deyirlər ki, bu məhdudiyyət şəraitində ahıl, əldən düşmüş, xroniki xəstəlikləri olan xəstələr üçün zəhmət çəkməyimizə lüzum yoxdur. Bütün bunlar Qərbdə baş vermiş hadisələrdir. Bəziləri virusun qorxusundan, ölüm qorxusundan intihar ediblər. Bəzi Qərb millətləri bu kimi davranışlar nümayiş etdirdilər. Əlbəttə ki, bu, Qərb mədəniyyətinə hakim olan fəlsəfənin təbii və məntiqi nəticəsidir; yəni fərdiyyətçi, maddiyyatçı, əksər hallarda ateist fəlsəfənin; belə ki hansısa məktəblərdə Yaradana etiqad olsa da, o etiqad Allahı həqiqi tanımaya yol açan düzgün və dərin bir monoteist etiqad deyil. Bu da vacib bir məsələdir.

Bir məqamı da qeyd edim: bir neçə gün bundan əvvəl Qərb senatorlarından biri belə bir fikir səsləndirib ki, vəhşi Qərb yenidən dirilib; bunu onlar özləri deyib. Biz bər-bəzəkli, odekalonlanmış, qalstuk taxmış zahiri görünüşünə rəğmən, Qərbin vəhşi bir ruha sahib olduğunu deyəndə bəziləri təəccülənir və bunu inkar edirlər. İndi qərblilər özləri deyirlər ki, bu, vəhşi Qərbin yenidən canlanmasının təzahürüdür.

Bu hadisənin digər bir mühüm aspekti isə əziz xalqımızın tövsiyələrə yüksək səviyyədə əməl etməsidir. Həqiqətən də, şahidi oluruq ki, insanlarımız Koronavirusla Milli Müarizə Komitəsinin qəti surətdə verdiyi tapşırıq və tövsiyələrə əməl edirlər. Bəli, ola bilsin, nə vaxtsa nəyisə tərəddüdlə deyələr, insanlar da o işi görməyin vacib olduğu barədə qəti nəticəyə gəlməyələr, amma nəsə qəti surətdə elan edilir və o işi görməyin vacib olduğu çatdırılırsa, camaat rəsmilərin qərarlarını canla-başla dəstəkləyir. Bunun bir nümunəsini bu il fərvərdin ayının 13-ü müşahidə etdik; heç inanmazdın ki, insanlarımız “Sizdəh bedər” mərasimini (8) qeyd etməkdən imtina edələr, amma imtina etdilər. Camaatımız həmin gün evdən çölə çıxmadı. Bu onu göstərir ki, xalqımız bu virusla mübarizədə sözün həqiqi mənasında ümumi nizam-intizamı qəbul edib; əlbəttə ki, bu nizam-intizam davam etdirilməlidir. Bu ümumi intizamı qoruyub saxlamaq, virusla mübarizə sahəsində birinci dərəcəli rəsmi orqan olan Milli Komitənin qərarlarına ciddi yanaşmaq və onlara uyğun davranmaq lazımdır.

Məsələnin digər bir aspekti isə budur ki, əlbəttə, bu gün koronavirus bəşəriyyətin üzləşdiyi böyük bir problem, genişmiqyaslı və təhlükəli bir pandemiyadır, lakin bu problem çoxsaylı digər problemlərlə müqayisədə kiçik hesab olunur. Dünyamızda və elə bizim öz ölkəmizdə elə problemlərin şahidi olmuşuq ki, bundan heç də kiçik olmayıb, əksinə böyük olub. 32 il bundan əvvəl elə koronavirusun regionumuza nüfuz etdiyi günlərdə Səddam Hüseynin təyyarələri müəyyən ərazilərə kimyəvi maddələr tökmüşdülər, minlərlə vətəndaşımızı, həmçinin öz vətəndaşlarını bibər qazı və sairlə qətlə yetirmişdilər; belə bir hadisə baş vermişdi. Əlbəttə ki, o dövrdə dünyanın bütün dövlətləri Səddamın tərəfini tutur, ona kömək edirdilər. Həmin – əlbəttə ki, sözdə – “mədəni” və “mütərəqqi” dövlətlərdən bəziləri hətta özləri Səddama kimyəvi maddələr, kimyəvi silahlar vermişdilər. İndiyə qədər də onların heç biri bu cinayətinə görə məsuliyyətə cəlb olunmayıb, cavabdehlik daşımayıb. Və o cinayətkar – yəni Səddam bizim camaatımızın, həmçinin özünün Hələbçədə yaşayan vətəndaşlarının  başına o oyunu açmışdı. Hələbçə əhalisinin İslam Respublikasının döyüşçüləri ilə əməkdaşlıq edə biləcəyini hiss etdiyinə görə ora da kimyəvi silah tökmüşdü, insanları elə küçədə getdikləri yerdəcə öldürmüşdü. Belə faktlar var.    

Dünyada baş vermiş böyük müharibələrdə, I və II dünya müharibələrində milyonlarla insan həlak olub. Hazırda dünyada 1 miyondan bir qədər artıq insan koronavirusa yoluxub. Avropada təxminən 20 illik fasilə ilə baş vermiş I və II dünya müharibələrində isə bir neçə milyon adam qətlə yetirilib; indi dəqiq say mənim yadımda deyil, amma bilirəm ki, 10 milyondan artıqdır. Amerikanın hücumu nəticəsində baş vermiş Vyetnam müharibəsində də eynilə; və digər müxtəlif müharibələrdə. Elə bu son vaxtlar Amerikanın dəstəklədiyi qüvvələrin İraqa hücumu nəticəsində çoxlu sayda insan öldürülüb, şəhid olub. Saysız-hesabsız belə faktlar misal gətirmək olar. Odur ki biz bu koronavirus haqda düşündüyümüz zaman dünyada hər zaman mövcud olmuş digər mühüm hadisələrdən diqqətimizi yayındırmamalı və bilməliyik ki, elə bu dəqiqə də dünyada milyonlarla insan düşmənlərin, super-güclərin zülm və təzyiqlərinə məruz qalır. Yəməndə, Fələstində, dünyanın digər əksər regionlarında insanlar əzilirlər. Deməli, korona məsələsi bizim diqqətimizi düşmənlərin, imperialistlərin məkrli planlarından yayındırmamlıdır. İmperialistlərin düşmənçiliyi də İslam Respublikasının özü ilədir. Əgər kimsə “biz düşmənçilik etməsək, bizimlə düşmənçilik etməzlər” deyə düşünürsə, bilməlidir ki, bu belə deyil. Onlar üçün İslam Respublikasının, dinə əsaslanan xalq hakimiyyəti rejiminin özü məqbul deyil, onlar bunu dərk edə, buna dözümlü yanaşa bilmirlər. Bu da bir məqam.

Koronavirusa qarşı Milli Mübarizə Komitəsinin rəsmiləri ciddi surətdə işləyirlər, bizə də hesabatlar verilir, məlumat alırıq. Əhalinin aztəminatlı təbəqəsi ilə də bağlı müəyyən layihələr, proqramlar nəzərdə tutulub. Mən tövsiyə və təkid edirəm ki, həmin proqramlar mümkün qədər tez bir zamanda, daha geniş və ən optimal surətdə icra olunsun, inşallah. Lakin bununla yanaşı, vətənadaşlarımızın da öhdəsinə müəyyən vəzifə düşür. Bir qrup insan var ki hazırkı şəraitdə, bu vəziyyətdə, həqiqətən də, maddi cəhətdən çətinlik çəkir, gündəlik dolanışığını təmin edə bilmir. İmkanlı şəxslər bu sahədə geniş fəaliyyətə başlamalıdırlar. Şərafətli “Şəcərətün-nübüvvə” salavatında oxuyuruq:

وَ ارزُقنی مُواساةَ مَن قَتَّرتَ‌ عَلَیهِ مِن رِزقِکَ بِمَا وَسَّعتَ عَلَیَّ مِن فَضلِکَ ... وَ اَحیَیتَنی‌ تَحتَ‌ ظِلِّک

Yəni bu, mütləq həyata keçirilməli olan, lazımlı işlərdən biridir; xüsusilə də nəzərə alsaq ki, qarşıdan ramazan ayı gəlir. Ramazan ayı ehsan, fədakarlıq, ehtiyaclı insanlara yardım ayıdır. Ölkədə kasıb, ehtiyaclı insanlara saf, ilahi niyyətlə yardım edilməsi üçün genişmiqyaslı bir aksiyaya start verilsə, görün nə yaxşı olar! Bu baş versə, ilimiz yaddaşlarda xoş bir xatirə ilə qalar. İmam Zamanı (ə.f) sevənləri müəyyən etmək üçün biz özümüz Mehdinin cəmiyyətinin kiçik mənzərələrini, xırda modellərini yaratmalıyıq. Az öncə qeyd etdik ki, Mehdinin cəmiyyəti haqq-ədalətin hökm sürdüyü, insanın şərəf və ləyaqətinin uca tutulduğu, elmin inkişaf etdiyi, insanların bir-birinə arxa-dayaq, qardaş olduğu bir cəmiyyətidir. Bütün bunları biz öz cəmiyyətimizdə də bacardığımız qədər reallaşdırmalıyıq. Bu bizi həmin o ideal cəmiyyətə yaxınlaşdıracaq.

Son olaraq onu qeyd etmək istəyirəm ki, virusla əlaqədar olaraq, ramazan ayının toplu tədbir və mərasimləri keçirilməsə də – hansı ki o tədbirlər, o dua və təvəssül məclisləri, söhbətlər çox dəyərlidir, amma bu il mövcud vəziyyətin tələbinə uyğun olaraq bütün bunlardan məhrumuq – çalışaq, Uca Yaradana fərdi şəkildə, təklikdə dua, yalvarış və ibadətə önəm verək. Biz elə öz evimizdə, özümüzə aid olan xəlvət bir guşədə, öz ailə üzvlərimizin, övladlarımızın arasında da o mənəvi halı, Allah-taalaya o diqqəti, itaət və təslimkarlıq ruhiyyəsini yarada bilərik. Əlbəttə ki, televiziya vasitəsilə də bu səpkidə proqramlar yayımlanacaq, onlardan da bəhrələnmək olar. Bu əməlləri yerinə yetirməyimiz lazımdır.

Rəsmilərə də – həm rəsmilərə, həm də elm və texnologiya sferasında fəal olan gənc mütəxəssislərə – bir tövsiyəm var ki, 2 şeyi yaddan çıxarmasınlar: birincisi, sıçrayışlı istehsal – hansı ki bu, ölkə üçün həyat əhəmiyyətli bir məsələdir və biz nəyin bahasına olursa-olsun istehsalın inkişafına çalışmalı və bu sahədə sözün əsl mənasında sıçrayışa nail olmalıyıq – ikincisi isə elmi-tədqiqat laboratoriyalarının yaradılması, onların fəaliyyətinin yüksək səviyyədə qurulması və ölkənin çoxsaylı ehtiyaclarının təmin olunmasıdır ki, ümid edirəm, inşallah, bu sahədə çalışan gənclərimiz bu işi diqqət mərkəzində saxlayacaqlar.

Allahdan İran xalqına xoşbəxtlik arzu edirəm; Allah-taala İmam Xomeyninin (r.ə) pak ruhunu şad etsin, əziz şəhidlərimizin pak ruhlarını Məhşərə Həzrət Peyğəmbərlə (s) birgə gətirsin. İnşallah, İran xalqını qarşıya məqsəd qoyduğu böyük arzularına çatdırsın və Həzrət Mehdinin (ə.f) zühurunu yaxınlaşdırsın.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________

(1) Biharül-ənvar, c.53, səh.176
(2) Biharül-ənvar, c.36, səh. 316
(3) Biharül-ənvar, c.50, səh. 318
(4) Tuhəful-uqul, səh. 106
(5) Kafi, c.2, səh 245 
(6) Ali Məqamlı Rəhbərin “Nimeye-şəban” gecəsi əvvəlcədən müəyyən olunmuş vaxtda birgə dua etmək barədə ümumi çağırışına işarə olunur. 
(7) Ali Məqamlı Rəhbərin Peyğəmbəri-Əkrəmin (s) Besət günü etdiyi çıxış 03.01.1399) 
(8) İran xalqı qədim etiqada görə, yeni ildə uğursuzluğu özlərindən  uzaqlaşdırmaq üçün Novruz bayramının 13-cü günü, fərvərdin ayının 13-nü evdə keçirmir, təbiət qoynunda yaxınları ilə görüşüb əylənirlər. Bu mərasim “Sizdəh bedər” adlanır