Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
يا مقلّب القلوب و الأبصار يا مدبّر اللّيل و النّهار يا محوّل الحول و الأحوال حوّل حالنا الى احسن الحال
“Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan! Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal!”
Bu il Novruzumuz İmam Musa ibn Cəfərin (ə) şəhadəti ilə üst-üstə düşür. Ona görə də o həzrətə aid xüsusi salavatın bir hissəsini qeyd etsək (1) yerinə düşər:
اَللهُمَّ صَلِّ عَلی مُوسَی بنِ جَعفَرٍ وَصیِّ الاَبرارِ وَ اِمامِ الاَخیارِ وَ عَیبَةِ الاَنوارِ ... حَلیفِ السَّجدَةِ الطَّویلَةِ وَ الدُّموعِ الغَزیرَةِ وَ المُناجاةِ الکَثیرَة؛ اللٰهمّ صَلّ علیه و علی آبائه و ابنائه الطّیّبین الطّاهرین المعصومین و رَحمة الله و برکاته
Əziz İran xalqını mübarək Məbəs bayramı və təravətli Novruz bayramı münasibətilə təbrik edirəm. Xüsusilə də əziz və möhtərəm şəhid ailələrini, müharibə veteranlarını, onların səbirli, zəhmətkeş ailə üzvlərini, son həftələr ərzində parlaq iş göstərib cihad edən səhiyyə işçilərimizi, eyni zamanda bu çətin şəraitdə şəhərlərdə, kəndlərdə, küçə və prospektlərdə, sərhədlərimizdə – ölkənin dörd bir yanında ixlas və canıyananlıqla işin bir ucundan yapışıb xalqa xidmət edən bütün hökumət qurumlarının işçilərini təbrik edirəm. Bayramınız mübarək! Dahi liderimiz İmam Xomeyninin və şəhidlərimizin pak ruhlarına salavat göndərirəm.
1398-ci il şəhidlərinin ailə üzvlərini də həm təbrik etməyi, həm də bir daha onlara başsağlığı verməyi lazım bilirəm; istər müqəddəs ziyarətgahları müdafiə edərkən şəhid olanlar olsun, istərsə də sərhədlərimizi qoruyarkən şəhid olanlar. Və əlbəttə ki, başda əziz və böyük şəhidimiz, şəhid komandan Qasim Süleymaninin və onun yoldaşlarının, Şəhid Əbumehdi Mohəndesin, Kirman hadisəsində, təyyarə qəzasında şəhid olmuş soydaşlarımzın, şəhid olmuş səhiyyə işçilərimizin, yəni xəstə insanlara xidmət edərkən Allah yolunda ölüm, Allah yolunda şəhadət kimi uca bir məqama qovuşmuş tibb işçilərinin ailə üzvlərini; onların hamısına həm başsağlığı verir, həm də Novruz bayramı və əzizlərinin uca şəhadət məqamına yetişməsi münasibətilə təbrik edirəm. İnanırıq ki, bütün bu olaylar, inşallah, İran xalqının xeyrinə tamamlanacaq. Az sonra bu barədə ətraflı danışacağıq.
1398-ci il İran xalqı üçün təlatümlü bir il oldu; sellə başlayıb korona ilə bitdi. İl boyu da ölkəmiz və camaatımız müxtəlif hadisələrlə üzləşdi; zəlzələlər, sanksiyalar və sair bu kimi hadisələr. Bu hadisələrin pik nöqtəsi isə Amerikanın o terrorçu cinayəti – İranın və İslamın şanlı komandanı Qasim Süleymaninin şəhid edilməsi oldu. İl ərzində xalqımızın problem və qayğıları da az olmadı; ilimiz bu şəkildə keçdi; odur ki çətin bir il idi. Lakin mühüm olan məqam budur ki, bütün bu çətinliklərlə yanaşı, xalqımıza qürur və başucalığı qazandıran məsələlər də oldu. Onlardan bəziləri indiyə qədər misli-bərabəri görünməmiş faktlar idi və İran xalqı sözün əsl mənasında parladı.
İlin əvvəlində baş vermiş sel fəlakətində mömin və əzmkar insanlarımız soydaşlarımıza kömək etmək üçün fəlakətdən əziyyət çəkən ostanlara, şəhər və kəndlərə sel kimi axın etdilər. Əziz xalqımız – qocalı-cavanlı – selin dağıtdığı bölgələrə gedərək gözəl insanlıq tabloları yaratdı, gil və palçıqla dolmuş evləri boşaltdı, oranın camaatının ev əşyalarını, xalı-xalçasını yuyub təmizlədi, təbii fəlakətin törətdiyi çətinlik və sıxıntıları onlar üçün yüngülləşdirdi.
Əziz şəhidimizin şəhadət xəbəri gəldiyi zaman isə xalqımız böyük bir hərəkat etdi. On milyonlar öz varlığını və iştirakını dünyaya görk etdi. O ərəfədə Tehranda, Qumda, Əhvazda, İsfahanda, Məşhəddə, Təbrizdə, Kirmanda gördüyümüz qədər böyük və həyəcanlı izdihamlara bir qayda olaraq dünyanın heç yerində rast gəlinmir. Elə bizim öz tariximizdə də misilsiz bir təzahür idi. Xalqın iştirakı, kütlənin o həyəcanı, camaatın hansı ideyalara bağlı olduğunu o şəkildə nümayiş etdirməsi ölkəmizin və İran xalqının beynəlxalq nüfuzu nöqteyi-nəzərindən çox əhəmiyyətli idi.
Bu sonuncu xəstəlik olayında, yəni koronavirus məsələsində də insanlarımız o qədər böyük fədakarlıq nümayiş etdirdilər ki, hətta ölkədən xaricdə də bu fədakarlığı təqdir edərək yüksək qiymətləndirənlər oldu. İlk növbədə səhiyyə müəssisələri; həkimlər, tibb bacıları, xəstəxanaların müdiriyyəti, xəstəxanaların işi ilə bu və ya digər şəkildə əlaqəli olan bütün digər işçilər. Bunlarla yanaşı, könüllülər, universitet və teoloji mərkəzlərin tələbələri, bəsicilər – xəstələrin müalicə və qulluğunda tibb işçilərinə yardımçı olmaq üçün tələsən hər kəs. Bütün bunlar xalqımız üçün qürur və başucalığıdır.
İşə başqa formada dəstək olan müəssisələr də oldu; bəzi insanlar öz zavodlarında, hətta evlərində ehtiyac olan tibbi vasitələr, tutalım, xəstələr və ya ümumiyyətlə əhali üçün əlcək və maskalar istehsal etdilər. Bəzi kollektivlər küçələrin, hətta insanların müraciəti əsasında ayrı-ayrı məkanların dezinfeksiyası işinə qoşuldular. Yaşlı insanlara yardım etməyi qərara almış dəstə-dəstə gənc onların evinə gedib mağazadan alış-verişlərini etdi. Əlcək və maskalar alıb insanlara pulsuz paylayanlar da oldu. Bəziləri problemi olan insanlara öz köməyini göstərdi; icarə haqqını almadı, alacağı varsa, təxirə saldı. İnsanlar bir-birinə bu kimi müxtəlif formalarda xidmətlər göstərdilər. Bunlar hamısı çətin hadisələr fonunda özünü göstərən gözəlliklərdir. İran xalqı öz yüksək keyfiyyətlərini bu kimi təzahürlərlə, müəyyən hissəsini qeyd etdiyim bu işlərlə nümayiş etdirdi. Mən xidmətlərini sadaladığım o insanların hamısına səmimi-qəlbdən təşəkkürümü bildirir və onları ilahi mükafatla müjdələyirəm. Onları ilahi mükafat gözləyir; bu, dünyəvi mükafat da ola bilər, axirət mükafatı da.
Bəli, bu, çətin bir sınaq idi. 1398-ci ilin sınaqları çətin idi, amma güclü ruhiyyə ilə çətinliklərdən keçib onlara qalib gəlməyin özü bir xalqı gücləndirən amildir. Yalnız rahatlıq və rifah istəməklə heç bir xalq hansısa məqama yetişə bilməz. Xalqlara qüdrət və hörmət qazandıran amil məhz çətinliklərlə üzləşmək, çətinliklər qarşısında ruhiyyəsini qoruyaraq onlara qalib gəlməkdir (İran xalqı bu günə qədər bu qələbəni qazanıb, inşallah, bundan sonra da qazanacaq).
Əlbəttə, bu hadisələrdə (istər zəlzələ və sel kimi təbii hadisələr olsun, istərsə də sanksiyalar və sair bu kimi, xarici qüvvələrin əli ilə törədilən hadisələr) digər bir məqam da var: onlarla üzləşdiyi zaman insan öz zəif cəhətlərinə diqqət yönəldir. Bura təbiətimizdəki zəif cəhətlər də daxildir – belə ki dərk edirik ki, qürrələnməyə dəyməz, hamımız zəifik, təhlükə qarşısında acizik – cürbəcür çətin hadisələrlə qarşılaşdığımız zaman təbii olaraq hiss etdiyimiz digər zəif cəhətlər də. Zəif cəhətlərimizi bilək; insan lovğalıq və qəflətdən uzaqlaşaraq diqqətini Allaha yönəltməli, Allahdan kömək istəməlidir.
(2) خابَ الوافِدونَ عَلیٰ غَیرِکَ وَ خَسِرَ المُتَعَرِّضونَ اِلّا لَکَ وَ ضاعَ المُلِمّونَ اِلّا بِک
Bu, rəcəb ayının dualarındandır. Yalnız Allahın qapısına getmək lazımdır. “Başqası”nın qapısına getsək, naümid qayıdacağıq. Əlimizi Allahdan başqasına tərəf uzatsaq, əlimiz boş qayıdacaq. Dünyadakı bütün amillər Allaha məxsus olan vasitələrdir, O, səbəblərin səbəbidir. Bu səbəblərlə işləməli, onlardan istifadə etməliyik, amma nəticə və təsiri Allah-taaladan istəməliyik. Bu da bir məqam.
Başlamaqda olan 1399-cu ilə gəlincə. Əvvəla, dua edib Allah-taaladan bunu istəyirik ki, bu ili bizim üçün böyük qələbələr ili etsin. Və bu gəminin əsl kapitanı olan Həzrət Mehdi Sahibəzzamana da (ruhumuz ona fəda olsun!) yalvarırıq ki, öz ölkəsini qurtuluş sahilinə çıxarsın, mömin İran xalqını himayəsinə alıb bizə yardım etsin. İran xalqına isə demək istəyirəm ki, uzun illər boyu – təkcə 1398-ci ildə yox – cürbəcür olaylarla qarşılaşdığı zaman necə böyük şücaət və ruh yüksəkliyi ilə davranıbsa, bundan sonra da bütün hadisələri ümid və ruh yüksəkliyi ilə qarşılasın, əmin olsun ki, çətinliklər, ağrı-acılı günlər ötüb keçəcək və
اِنَّ مَعَ العُسرِ یُسرًا
“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (“Şərh” surəsi, 6-cı ayə)
Heç şübhəsiz, İran xalqını asanlıq və rahatlıq gözləyir; buna əsla şübhə yoxdur. Bəziləri elə güman edir ki, ölkənin hansısa strukturunda işlər lazımınca yerinə yetirilmir. Mən bununla da razı deyiləm. Biz görürük, yaxından şahidiyik. Hamısı işlə məşğuldurlar, işləyirlər, çalışırlar; hərəsi öz payına düşən qədər. Elmi-araşdırma müəssisələri bir cür, ictimai fəallar bir cür, hökumət və ədliyyə orqanlarının rəsmiləri bir cür. İnşallah, Allah-taala bu zəhmətə bərəkət verəcək, xalqımız bu çətin perioddan da sağlıq və başucalığı ilə keçib gedəcək.
İlin şüarına gəlincə; 1398-ci ili biz “İstehsalın rövnəqləndirilməsi ili” elan etmişdik və mən əziz İran xalqıma demək istəyirəm ki, bu şüar əməldə yüksək səviyyədə qarşılandı. Bəli, əvvəlcə mütəxəssislər onu alqışlayaraq istehsalın əsas məsələ olduğunu təsdiqlədilər, amma bu şüar əməldə də yüksək səviyyədə qarşılandı. Mənə çatan rəsmi hesabatlara görə, ölkədə istehsal hərəkətə gəlib. İşini dayandırmış bəzi fabrik və zavodlar yenidən işinə start verib. Gücündən aşağı səviyyədə çalışan bəzi zavodlar tam gücü ilə işləməyə başlayıb. Elmi əsaslı şirkətlər fəallaşıb. Müxtəlif hökumət strukturları çalışıb, işləyib və ölkədə istehsal hərəkətə gəlib, əsaslı bir iş görülüb. İl ərzində ölkədə elmi tədqiqatlar sahəsində (belə ki istehsalın əsasında elmi araşdırmalar, elmi innovasiyalar durur) irəliyə doğru ciddi addımlar atılıb. Biz bunun nümunələrini də görmüşük. Bəli, ölkədə bütün bu işlər görülüb, belə deyil ki, heç bir iş görülməyib. Amma mən onu demək istəyirəm ki, indiyə qədər görülmüş işlər ölkənin ehtiyac duyduğunun bəlkə heç 1/10 hissəsi də deyil. Əlbəttə ki, 1/10 deyərkən mən dəqiq statistikaya əsaslanmıram, bunu sadəcə ehtimalla deyirəm. Yəni ola bilsin, həqiqətən də, bundan 10 dəfə artıq iş görülməlidir ki (istər elmi araşdırmalar sahəsində, istər istehsal sahəsində, istərsə də digər müxtəlif sahələrdə) istehsalın rövnəqlənməsi xalqın yaşayışında öz təsirini göstərsin. 1398-ci ildə istehsal yerindən tərpəndi, hərəkətə gəldi və müəyyən qədər irəlilədi, lakin bunun xalqın məişətində təsiri hiss olunmadı. Biz istehsalı elə bir səviyyəyə çatdırmalıyıq ki, xalqın yaşayışına təsir etsin. Əlbəttə, ölkədə çoxsaylı iqtisadi problemlər var – bank islahatları problemi, gömrük problemi, vergi problemi, biznes mühitinin yaxşılaşdırılması və sair – lakin istehsalın rolu yeganə və misilsizdir. Əgər biz istehsalı işə salıb irəli apara bilsək, ölkənin öz daxilindəki geniş bazarı nəzərə alaraq demək olar ki (hərçənd ixraca, xarici bazarlara da ehtiyac var, amma xarici bazarlarla əlaqə saxlamaq öz yerində, bizim əsas satış bazarımız ölkə daxilindədir, 80 milyonluq əhalimizdir) ölkənin iqtisadi problemləri, sözsüz ki, aradan qalxacaq və o sanksiyalar bizim xeyrimizə tamamlanacaq. Əlbəttə, sanksiyalar indiyə qədər bizə ziyan vurub, amma ziyanı ilə yanaşı, xeyri də olub; yəni bizi öz imkanlarımız barədə düşünməyə, ölkəmizdə, gündəlik yaşayışımızda ehtiyac duyulan məhsulları öz daxili imkanlarımızla istehsal etmək fikrinə düşməyə vadar edib. Bu bizim üçün çox dəyərlidir və inşallah, davam etdiriləcək. Odur ki bizim hələ də istehsala ehtiyacımız var.
Ötən il “İstehsalın rövnəqləndirilməsi” demişdik, bu il isə mən “Sıçrayışlı istehsal” deyirəm. Bu il “Sırayışlı istehsal ili”dir. Qoy ilin şüarı bu olsun. Rəsmilər elə işləsinlər ki, inşallah, ölkəmizdə istehsal sıçrayışla inkişaf etsin və xalqımızın yaşayışında hiss olunan dərəcədə bir dəyişiklik yaratsın. Əlbəttə ki, bunun üçün işlərin planlaşdırılmasına ehtiyac var; Planlama Komitəsində bir cür, parlamentdə və onun araşdırma mərkəzində bir cür, məhkəmə hakimiyyətində bir cür (məhkəmə hakimiyyətinin də rolu var), elmi əsaslı istehsal müəssisələrində bir cür. Allaha şükür, ölkədə gənc və təşəbbüskar kollektivlər var, bu il boyu – 1398-ci ildə – və ondan əvvəlki il onlardan bir qismi ilə bizim çox gözəl və faydalı görüşlərimiz olub. Onları yaxından görmüşəm, fikirlərini dinləmişəm. İşə həvəsi olan, zəhmətkeş, optimist, stimullu, istedadlı, təşəbbüskar gənclərdir. Əlhəmdulillah, bunlar var. Onlar hamısı fəaliyyət planlarının qurulması prosesində iştirak etməli və inşallah, bu iş planlı surətdə irəli getməlidir.
Ümidvaram, üzümüzə gələn bu yeni il hamınız üçün mübarək bir il olacaq. Məbəs bayramınız da mübarək. İnşallah, Allahın diqqətinə layiq olarsınız. Ümidvaram, İran xalqı Allaha olan diqqətini, bağlılığını, mənəviyyatını günbəgün daha da artıracaq.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
______________________
(1) Biharül-ənvar, c.99, səh.17
(2) İqbalül-əmal, c. 2, səh. 643