Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Təbriz əhalisinin 1356-cı il 29 bəhmən qiyamının ildönümü münasibətilə Şərqi Azərbaycan əhalisi ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar, əziz bacılar, çox xoş gəlmisiniz. (1) Sizinlə hər il keçirdiyimiz bu görüşlər mənim üçün ən xoş və yaddaqalan görüşlər olur. Eynilə Təbriz və Azərbaycana səfərlərimiz zamanı oranın əhalisi ilə keçirdiyimiz görüşlər də həmişə mənim üçün ən gözəl, ən xoş, ən unudulmaz səfər və görüşlər olub. Qeyrətli, mömin, inqilabçı, sadiq və şücaətli Azərbaycan və Təbriz əhalisinin bir qrup nümayəndəsini bir daha bu hüseyniyədə qarşılamaqdan çox məmnunam. Çox xoş gəlmisiniz.

Təbrizin, təbrizlilərin, azərbaycanlıların təqdirəlayiq keyfiyyətləri barədə çox danışmışıq, amma buna baxmayaraq bu mövzuda yenə də danışmağa dəyər. İslam İnqilabından öncə və inqilabi proseslər zamanı baş vermiş tarixi hadisələr haqda düşündükcə Təbriz və Azərbaycan əhalisinin əhəmiyyətini, olaylara təsirini daha çox hiss edirsən. Bu camaat haqda bir cümlə ilə fikir bildirmək istəsək, deməliyik ki, Azərbaycan əhalisinin şəxsiyyəti, kimliyi və davranışlarında dini, milli və inqilabi qeyrət coşub-daşır. Dini müdafiə ediblər, ölkəni müdafiə ediblər, inqilabı müdafiə ediblər, milliyyəti müdafiə ediblər, dini kimliyi müdafiə ediblər. Düşmənçi meyillər Azərbaycanda dinə zidd, azğın fikirləri yaymağa çalışdıqları zaman o dövrün Məşrutə İnqilabının xilaskarları fəqihlərin fətvasına söykəndilər. Heç kəs inanmazdı ki, Səttarxan və Bağırxan mərcə-təqlidlərdən onlara göstəriş vermələrini, şəri hökm çıxarmalarını istəyərlər, amma məhz belə oldu. Azərbaycan əhalisi dini kimliyi həmişə qoruyub və yaşadıb.

Möhtərəm imam-cümənin də öz çıxışında çox gözəl vurğuladığı önəmli məqamlardan biri budur ki, Azərbaycanda, Təbrizdə proseslər həmişə gecikmədən, vaxtında baş verir; yəni lazım olan vaxt və lazımi məqamda. Mən bunu dəfələrlə demişəm: təsəvvür edin ki, istehsalatda konveyerin arxasında durmusunuz. Məhsul gəlib sizin qarşınızdan keçdiyi zaman siz onun üzərində hansısa əməliyyatı yerinə yetirməlisiniz. 5 saniyə geciksəniz, məhsul ötüb keçir və hansısa cəhəti naqis qalır. Həmin an qərar qəbul edib hərəkətə keçməlisiniz. Azərbaycan həmişə bu cür davranıb: anında qərar verərək iş görüb. Bu gün ildönümünü qeyd etdiyimiz 1356-cı il 29 bəhmən günü – o əzəmətli hadisə zamanı da məhz bu cür olub. Vaxtında qərar verərək addım atıblar, Allah-taala da gördükləri işə bərəkət verib. Yaradanın bu cür işlərə necə bərəkət verdiyi barədə az sonra qısaca danışacağam.

İnqilabdan sonra baş verən məsələlər qarşısında da eynilə. Bizim hər şeydən xəbərimiz olurdu; burada – İnqilab Şurasında hamı, İmam Xomeyni özü də Təbrizdə baş verən prosesləri daim diqqətdə saxlayırdı. Bəziləri də qorxuya düşmüşdü, amma İmam tapşırdı ki, heç kəs qorxmasın, təbrizlilər özləri fitnənin öhdəsindən gələcəklər, başqa heç kəsə ehtiyac yoxdur. Elə o cür də oldu. İnqilabın ilk aylarındaca kənar-bucaqdan əks-inqilabçıları dartıb Təbrizə gətirmişdilər ki, bəlkə bir hay-küy, fitnə yarada bilələr. Fitnəyə əlac edən isə elə təbrizlilər özləri oldular. Təbriz əhalisi özü, Təbrizin gəncləri meydana girdilər. Müqəddəs Müdafiə savaşında da eynilə; ondan sonra baş verən cürbəcür olaylarda, 1388-ci ildə, sonrakı məsələlərdə təbrizlilər həmişə avanqard olub, başqalarının önündə gedib. Şəhid Süleymaninin nəşi Təbrizə gətirilmədi, amma buna baxmayaraq, şəhidin son mənzilə yola salındığı gün Təbrizdəki o xalq izdihamını, camaatın möhtəşəm davranışlarını müşahidə edərkən – mən televiziya ilə baxırdım – həqiqətən, göz yaşlarını saxlamaq mümkün deyildi. Bunlar çox önəmlidir, çox mənalıdır. Ondan sonra da o soyuq havada, o qarda əhalinin o möhtəşəm 22 bəhmən yürüşləri... Bu şeyləri hamı görür. Dost görüb sevinir, ümidi artır, düşmən də görür, öz hesabını götürür. Bu şeyləri düşmən də görür. Düşmən nə yatıb, nə də kordur, İranda nələr baş verdiyini bilir. Bunlar öz təsirini göstərir; bir azdan danışacağıq.

Vaxtında, anında hərəkətə keçmək elə bir təsirə malikdir ki, Allah-taala bu təsirə xüsusi lütf və inayət göstərir. Yəni bir işi lazım olan vaxt gördüyünüz zaman o işin bərəkəti daha da artır. Misal üçün, götürək elə 1356-cı ilin 29 bəhmənini; mən düşünürəm ki, əgər Təbriz əhalisi 29 bəhmən günü 19 dey günü qətlə yetirilmiş insanların qırxını qeyd etməsəydi, böyük ehtimalla, 19 dey unudulub gedər, o dövrün cürbəcür təbliğatlarının dalğaları arasında qərq olaraq tarixin qaranlıqlarına gömülərdi. Allah-taala bərəkət verdi; camaat ayağa qalxıb müqavimət göstərdi, şücaət nümayiş etdirdi, 19 dey şəhidlərinin qırxını keçirdi; vaxtında, düzgün, yerində, anında atılan bir addım olduğuna görə Allah-taala da buna bərəkət verdi. O bərəkət nədən ibarət idi? Ondan ibarət idi ki, bu addımın arxasınca İran xalqının ümummilli hərəkatı start götürdü. Təbrizdən sonra bir neçə şəhərdə – təkcə bir şəhərdə deyildi – Təbriz şəhidlərinin qırxı qeyd olundu; yəni başqa şəhərlər də nə etmək lazım olduğunu Təbrizdən öyrəndilər, yolu təbrizlilər açdılar. Allah-taala bərəkəti bu şəkildə verir. Və İran xalqının ümummilli hərəkatı ölkəmizdə tarix boyu misli görünməmiş bir hadisə ilə sonuclandı: şah diktaturasının kökü kəsildi və İslam dövləti hakimiyyətə gəldi. Allahın bərəkəti budur.

Mənim Azərbaycana və Təbrizə ümidim çox böyükdür, gənclərə ümidim çox böyükdür. Siz çoxunuz gəncsiniz, o günlər yadınızda deyil, o günləri, İmam Xomeynini, Müqəddəs Müdafiə dövrünü görməmisiniz, amma mənəvi potensialınız Müqəddəs Müdafiə cəbhələrində cihad etmiş əziz gənclərimizin mənəvi potensialından çox olmasa belə, heç az da deyil; mən belə düşünürəm. Bu gün Azərbaycan gəncləri İslam İnqilabını müdafiə meydanlarında mərd-mərdanə durublar, sinələrini sipər ediblər – yumşaq müharibədə, ideoloji məsələlərdə, cürbəcür fikirlər qarşısında, düşmən təbliğatı ilə üz-üzə – nə vaxtsa bir hadisə baş versə və başqa bir formada meydanda iştirak etmək lazım gəlsə, mən görürəm ki, bu gənclər yenə də meydanda hazır olacaqlar. İqtisadi məsələlərdə, siyasi məsələlərdə, elmi məsələlərdə – ölkədəki cürbəcür məsələlərdə Azərbaycan, həqiqətən də, rol oynamağa hazırdır və inşallah, Allahın köməyi ilə, bu həlledici rolunu  ifa edəcək.

Bu gün mən seçkilər barədə bir qədər danışmaq istəyirəm. Üzümü bu gün burada olan sizlərə və bu söhbətimizi sonradan digər ruporlar vasitəsilə eşidəcək kəslərə tuturam. Seçkilər çox önəmli bir məsələdir. Sizə deyim ki, seçkilər ümumxalq cihadıdır. Seçkilər ölkənin güc mənbəyidir. Seçkilər İslam dövlətinə nüfuz qazandırır. İslam dövlətini xalqdan uzaqlaşdırmağa çalışan Amerika təbliğatını görürsünüzmü? Çox da işləyirlər, daim məşğuldurlar, özləri demişkən beyin mərkəzləri yaradırlar – sosial və siyasi araşdırmalar aparan komandalarını “beyin mərkəzi” adlandırırlar – oturub düşünür, planlar işləyib hazırlayırlar. Müxtəlif sahələrdə onlarla, yüzlərlə mütəxəssisə İranı və İran ictimaiyyətinin rəyini araşdırmaq tapşırılıb, oturub işləyirlər. Fəaliyyətlərinin hədəfi də İran gənclərini İslam dövlətindən uzaqlaşdırmaqdır. Buna baxmayaraq, heç bir nəticə əldə edə bilmirlər. Özünüz görürsünüz, 22 bəhməndə nələr baş verir, əziz şəhidimiz Şəhid Süleymaniyə xalq öz ehtiramını necə möhtəşəm bir formada ifadə edir! Seçkilərdə də bu baş verməlidir. Yəni baxın: düşmənlər israrla xalqı dövlətdən uzaqlaşdırmağa səy göstərdiklərinə baxmayaraq, camaat seçkiləri necə ruh yüksəkliyi ilə qarşılayır. Bu ruh yüksəkliyi İslam dövlətinin başının ucalığıdır.

Hazırda dost-düşmənin gözü bura zillənib; buna da diqqət edin. Düşmənlər bilmək istəyirlər ki, bu qədər səy və təbliğatlarından, ölkədə müşahidə olunan iqtisadi problemlərdən, qərblilərin, avropalıların nüvə razılaşması məsələsində bizə qarşı yol verdikləri dönüklükdən, Amerikanın göstərdiyi təzyiqlərdən – özləri demişkən, maksimal təzyiqlərdən sonra nəticədə bütün bunların xalqa təsiri necə olacaq. Düşmən bunu görmək istəyir, prosesləri müşahidə edir. Dünyanın müxtəlif yerlərindəki dostlarımız da narahatlıqla baxırlar ki, görsünlər, nə olacaq. Əlbəttə, dostlarımıza hansısa müraciətlər ünvanlayanda mən həmişə deyirəm ki, qətiyyən nigaran qalmasınlar, İran xalqı üçün narahat olmasınlar. İran xalqı nə etdiyini, nə etməli olduğunu yaxşı bilir və öz işini görür.

Seçkilər amerikalıların zehnində, sionistlərin qəlbində ölkəmizin əleyhinə bəslənən bəd niyyətlərin əksəriyyətini neytrallaşdırır. Bu seçkilər İranın düşmənlərinin hiylə və məkrinə qarşı dəfetmə fəndidir. Az öncə haqqında danışdığım “vaxtında addım atma”nın bir nümunəsidir. Bayaq dedik ki, Allah-taala vaxtında atılan addımlara bərəkət verir; 1356-cı il 29 bəhməndə atılan addıma bərəkət verdiyi kimi. Burada da xalqımızın seçki məntəqələrinə gedib səsvermədə iştirak etməsi, Allahın köməyi ilə, bərəkət mənbəyi olacaq. İşimizi layiqincə görsək, ola bilsin ki, bunun ölkədə ciddi dəyişikliyə səbəb olacaq qədər təsiri olsun. Bəlkə də, bununla ölkədə ciddi dəyişikliklərə yol açılacaq.

Biz dəfələrlə demişik ki, İran güclənməlidir. Ölkəmiz güclənsə, düşmən məyus olacaq, onun məkrli planları beşiyindəcə boğulub nəticəsiz qalacaq. Güclü olmağın nəticəsi budur. Güclənmənin göstəricilərindən biri güclü parlamenti olmaqdır. Elə bir parlament ki, düşmənin məkrli planları qarşısında lazımi qanunlar qəbul edib hökumətləri arzuolunan istiqamətə  yönəltməklə ölkəyə toxunulmazlıq qazandıra bilsin. Güclü bir parlament belə olmalıdır. Seçki məntəqələrinə nə qədər çox seçici gəlsə, parlament bir o qədər güclü olar. Əlbəttə, bu, bir şərtidir, ikinci şərtini də deyəcəyəm. Parlamentin güclü olmasının bir şərti budur ki, deputatlara daha çox insan, daha çox seçici səs versin. Seçicilərin mütləq əksəriyyətinin səsverməsi nəticəsində formalaşmış bir parlament güclü və mötəbər bir parlament olacaq. Seçkilərin bu təsiri təkcə həmin çağırışın fəaliyyətdə olduğu 4 ilə aid deyil. Bu təsir uzunmüddətli ola bilər. Çünki sizin mandat verdiyiniz o deputatlar elə qərarlar qəbul edə, elə qanunlar tənzimləyə bilərlər ki, onların təsiri ölkədə uzun illər sürər. Odur ki istər güclü və yaxşı olsun, istərsə də zəif və passiv – bir parlamentin ölkədə təsiri uzunmüddətlidir. Allah eləməmiş, zəif, düşmən qarşısında cəsarətsiz bir parlament olsa, bunun da ölkə üçün mənfi təsiri uzunmüddətli olacaq.

Mənim fikrimcə, bütün cəhətləri nəzərə alaraq demək olar ki, bu gün seçkidə iştirak edib səs vermək şəri bir hökmdür; sırf milli və inqilabi bir vəzifə deyil, həm də şəri bir vəzifədir. Eyni zamanda bu həm bir milli bayram, həm də bir sivil hüquqdur. Xalqın ölkənin müqəddəratının təyin olunmasında iştirak etməyə haqqı var. Səsvermədə iştirak xalqın hər bir nümayəndəsinin öz hüququnu əldə etməsi deməkdir. Odur ki həm şəri, həm milli, həm də sivil hüququn əldə olunması nöqteyi-nəzərindən seçkilər xüsusi önəm kəsb edir. Bu, məsələnin bir tərəfi.

Məsələnin digər bir tərəfi isə necə seçim etməkdir: necə seçək, kimi seçək? Bu, çox əhəmiyyətlidir. Əlbəttə, mən əvvəlki söhbətlərimdə bir neçə cümlə ilə bu mövzuya toxunmuşam, həmin fikirlərimi indi də vurğulamaq istəyirəm: seçəcəyiniz namizədlər imanlı, cəsarətli, işgüzar, öhdələrinə düşən vəzifəyə qarşı məsuliyyətli, yüksək motivasiyalı, xalqa və inqilaba sadiq olmalıdırlar. Mənim əzizlərim! Bir vaxtlar bizim parlamentimizdə – bax elə bu İslami Şura Məclisində təmsil olunmuş elə deputatlar var ki, bu gün onlar Amerikanın nökəridir, İranın, İslam Respublikasının düşmənlərinin əlaltısıdır. Amma nə vaxtsa burda millət vəkili idilər! Bu şeylərə çox diqqət etmək lazımdır! İslam dininə, xalqa, inqilaba, ölkəyə sədaqətli olmalı, düşmənin qarşısında möhkəm durmağı bacarmalıdırlar. Düşmənin qarşısında özlərini zəif hiss etməməli və zəiflik nümayiş etdirməməlidirlər. Dünya malında gözləri olmamalıdır, var-dövlətə həris olmamalıdırlar, gözləri tox olmalıdır. Bəzi insanlar var-dövlət, üstün imkanlar əldə etmək üçün seçkiyə qatılmış ola bilərlər. Belələri bu xalqın nümayəndəsi olmağa layiq deyillər. Yəni deputat olmaqla hansısa sahələrin idarəçiliyinə təsir gücü əldə edəcəklərini düşünən, maliyyə məsələlərinə tamahlanaraq bu yola çıxan insanlar var! Belə olmamalıdır.

Parlamentin tərkibində gənc deputatlar və daha yaşlı, təcrübəli insanlar uyğun bir nisbətlə təmsil olunmalıdır. Bu, lazımlı bir məsələdir. Mən həmişə gənc kadrları işə cəlb etməyin vacibliyini vurğulayıram, amma bu o demək deyil ki, təcrübəli, bilikli, işə bələd olan kadrlara göz yummaq lazımdır. Gənclər əslində cəmiyyətin əsas fəal, avanqard, inkişaf etdirici qüvvəsidir, ona görə də onların varlığı, iştirakı zəruridir; həm hökumət strukturlarında, həm qanunverici orqanda, həm də digər müxtəlif sferalarda. Bizim daim vurğuladığımız kadrların gəncləşdirilməsi siyasəti ölkənin mütləq zərurətidir, amma bu heç də o demək deyil ki, təcrübəli və səriştəli kadrlar işdən uzaqlaşdırılmalıdır. Xeyr, bu ikisinin tondemi daha arzuolunandır.

Hansısa namizədin keçmişində düşmənə meyilliliyin, düşmən qarşısında güzəşt mövqeyinin müşahidə olunması da mənfi bir məqam kimi qiymətləndirilməli, belə insanlar kənarlaşdırılmalıdır. Keçmişdə düşmən qarşısında passiv mövqe tutmuş, düşmənə qarşı durmaq gücündə olmayan, özünəinamsız şəxslər, həqiqətən də, bu xalqı parlamentdə təmsil etmək üçün yaramırlar. Bu xalqda özünəinam var, bu xalq öz gücünə inanır. Ölkəmizə nəzər salan hər kəs bunu hiss edə bilər.

Bir məsələyə diqqət edin ki, hazırda dünyada alim və mütəfəkkirlərin, siyasətçilərin, yazarların çoxu İran xalqı barədə məhz bu düşüncədədir; indi mən bilmirəm, əziz xalqımızın sıravi nümayəndələri bu haqda nə dərəcədə məlumatlıdırlar. Onlar deyirlər ki, İran xalqı böyük və rəşadətli bir xalqdır, güclü bir xalqdır, qorxudulacaq, təzyiq göstərməklə nəyəsə vadar edilə biləcək bir xalq deyil. Bunu hamı – İran xalqı barədə fikir bildirən hər kəs deyir. Bəli, əlbəttə ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin bir əməkdaşı bu sözü deməyəcək; bu, məlumdur. Bizə düşmən olan hansısa dövlətdən asılı olan birisi bunu dilə gətirməyəcək. Azad insanlarsa deyirlər. Xarici nəşrlərdə və mətbuatda belə fikirlər çoxdur. Bizə də xəbər gəlib çatır.

Seçkilərin əhəmiyyəti barədə söz açmışkən; dedik ki, parlament seçkiləri çox önəmlidir, amma Şəriət Ekspertləri Məclisinə seçkilər də çox mühümdür. Parlament seçkiləri ilə eyni gündə bir neçə şəhərdə ŞEM-ə də seçkilər keçiriləcək. Bu seçkilər də diqqətdən yayınmamalıdır. Xalqın seçdiyi şəriət ekspertlərinin öhdəsinə çox mühüm vəzifələr düşür.

Odur ki seçki məsələsində iki mühüm prinsip var: bunlardan birincisi seçkilərin özü, xalqın seçkidə hamılıqla iştirakıdır. Qeyd etdik ki, İslam dinini, İslam İnqilabını, İslam dövlətini, İranı sevən hər kəs seçkidə iştirak etməlidir. Lakin öz seçimini cürbəcür təbliğatların təsiri altında etməməlidir; bu xüsusiyyətlərin daşıyıcısı olan hər kəs yaxşı bir seçim etməlidir. Mənə bir məlumat çatmışdı ki (və böyük ehtimalla, doğru və dəqiq bir məlumat idi) regionda bizə dost olmayan o ölkələrdən biri – ad çəkmək istəmirəm – Qərbin ingilis medialarından birinə pul verib ki, özünün farsdilli proqramında camaatı inqilabçı insanlardan uzaqlaşdıracaq təbliğat aparsın. Xalqı azdırıb başqa bir istiqamətə yönəltmək üçün pul tökür, neftdən gələn dollarları xərcləyirlər. Bu da ikinci prinsip. Birinci prinsip seçkilərin özü, seçkidə fəal iştirakdır, ikinci prinsip isə necə seçim etmək, kimləri seçməkdir. Seçkilər barədə mənim deyəcəklərim bunlar idi. Bir neçə gün sonra ölkədə baş tutacaq seçkilər ilahi nemət və ilahi imtahandır. Seçkilər iştirak, əməli iş meydanıdır və ümidvaram, ölkəmizin bütün əhalisi, dəyərli azərbaycanlılar və təbrizlilər bu imtahandan başıuca çıxacaq, inşallah. 

Amerikalıların son vaxtlar eşitdiyimiz ağzıboşuna danışıqları barədə də bir-iki cümlə deyək. Belə ki son vaxtlar o bir nömrəli səfehlər yenə sıra ilə bir-birinin ardınca İran, İran xalqı, İslam Respublikası, ölkəmizdə keçirilən seçkilər barədə danışır, fikir bildirirlər. Bu danışıqların bir qismi seçkilərə təsir göstərmək məqsədi daşıyır, seçkiyə əllərindən gəldiyi kimi təsir göstərmək, xalqı seçkilərdən, seçki məntəqələrinə getməkdən soyutmaq istəyirlər. Bir qismi isə peşmançılıqdan irəli gəlir; amerikalıların Bağdad aeroportunda törətdiyi o cinayətdən, əzizimiz Qasim Süleymaninin şəhadətindən sonra onlar peşman olublar. Yəni ABŞ prezidenti özü və ətrafındakılar sözün həqiqi mənasında uğursuzluqla üzləşiblər, peşman olublar, hərtərəfli ölçüb-biçmədən iş gördüklərini anlayıblar. Bir yandan həm dünyadan, həm də Amerikanın öz daxilindən bunlara təzyiqlər gəldi ki, bu nə qələtdir etmisiniz, bir yandan da əks nəticə verdi. Amerikalılar regionda böyük təsirə malik olan əziz şəhidimizi aradan götürmək istəyirdilər ki, burda ağalıq edə bilsinlər, amma vəziyyət əksinə çevrildi. Bağdadda İraq camaatının o möhtəşəm yürüşü, Suriyadakı xalq hərəkatı, Hələb və sairlə bağlı məsələlər, habelə regionda gedən bəzi digər proseslər amerikalıların bu cinayəti etməklə qarşıya qoymuş olduğu hədəflərə tam əksdir. Amerikalılar uğursuzluqla üzləşiblər. Son vaxtlar danışdıqları o boş-boş sözlərin bir qismi bu uğursuzluğun yerini necəsə doldurmaq istəmələrindən irəli gəlir. Bu, məsələnin onlarla bağlı olan tərəfi.

Əlbəttə, Şəhid Süleymaninin şəhadəti bizə acı bir itki yaşatdı; o, çox yaxşı, çox əziz, çox faydalı bir insan idi, tərifəlayiq xüsusiyyətləri çox idi, bütün bunlar öz yerində, biz belə bir insanı itirdik, amma bu hadisəyə nəzər saldığımız zaman görürük ki, bütün digər ilahi hadisələr kimi, bu hadisədə də Allahın lütfü qəhrini üstələyib.

Şəhid Süleymaninin özünə gəlincə; Quranda Allah-taala müsəlmanların dilindən belə buyurur:

بِنا اِلّا اِحدَی ‌الحُسنَیَین‌

“... iki ən yaxşı işdən biri bizdə var...” (“Tövbə” surəsi, 52-ci ayə)

“حُسنیٰ” – ən yaxşı olan deməkdir. “Ən yaxşı olan iki şeydən biri bizdə var” – deyilir. İnsanda olan və ən yaxşı hesab olunan o iki şey nədir? Biri qələbədir, digəri isə şəhadət. Şəhid Süleymani bunların hər ikisinə çatdı: həm qalib oldu (neçə ildir ki, regionda meydanın qalibi Şəhid Süleymani, məğlub tərəfi isə Amerika və onun əlaltılarıdır; bütün regionda bu cürdür), həm də şəhadətə yetişdi. Yəni Allah-taala bu əziz şəhidimizə insan üçün ən yaxşı olan iki şeyin ikisini də verdi.

İran xalqı da öz növbəsində öz əzəmətini, birliyini, bölünməzliyini, təşəbbüs və iştirakını nümayiş etdirdi. Tehran, Təbriz, Məşhəd, Əhvaz, Kirman və Qumda gedən proseslər çox böyük təzahürlər idi. Belə hadisələrə az-az rast gəlinir ki, müxtəlif şəhərlərdə on milyonlarla insan bir şəhidi son mənzilə yola sala. Bu, İran xalqının əzəmətini, qədrbilənliyini, gözüaçıqlığını nümayiş etdirdi. Bu da məsələnin bizimlə bağlı olan bu biri tərəfi: yəni bu hadisələrin ilahi bərəkət olması.

Bu hadisədə bir çox xalqlar İran xalqının yanında oldular; xalqlar bizimlə həmdərd olduqlarını ifadə etdilər. Xarici ölkələrdən birində  (mən müəyyən səbəbdən ad çəkmək istəmirəm, amma adını desəm, hamı təsdiqləyər ki, bu, doğru bir statistikadır) Şəhid Süleymaninin xatirəsinə minə yaxın məclis təşkil olunub. Min məclis! Ölkələr bizə bu cür həmdərd oldular! Bəzi Avropa ölkələri, hətta uzaq regionlar, Afrika ölkələri! Biz indiyə qədər zaman-zaman bunları eşitmişik, indi də eşidirik. Müxtəlif yerlərdən gələn məlumatlar göstərir ki, bu şəhadət xalqları bizimlə həmdərd olmağa vadar edib, onların ürəklərini bizə yaxınlaşdırıb. Bu, çox böyük bir nemətdir; bu, İslam İnqilabı və İslam dövlətinin strateji dərinliyidir. Demək, bu olaydan biz uduşla çıxmışıq. Zahirən çox acı  bir hadisədir – əziz şəhidimizi bizdən alıb; bu, çox ağrıdıcıdır – amma Allah-taalanın onun batininə yerləşdirdiyi mənalara baxanda görürsən ki, başdan-başa qələbədir.

İmam Xomeyninin böyük oğlu,  fəzilətli ruhanilərdən olan Hacı Mustafa Nəcəfdə vəfat etdiyi zaman – belə ki onun qəsdən zəhərləndiyi ilə bağlı müəyyən şübhələr var idi – İmam özünün ilk çıxışında qeyd etdi ki, Mustafanın ölümü  Allahın gizli lütflərindəndir. (2) O zaman heç kəs İmamın bununla nə demək istədiyini anlamamışdı. Necə ola bilər ki, insan ilk övladını, savadlı və istedadlı bir ruhani olan oğlunu itirə (çünki mərhum Hacı Mustafa çox fəzilətli, gələcək üçün böyük ümidlər verən bir ruhani idi və əgər yaşasaydı, bu gün, heç şübhəsiz, mərcə-təqlid olardı) və sonra da deyə ki, bu, gizli lütflərdən idi? Lakin sonradan İran xalqının Hacı Mustafaya o cür yas tutması, o əzadarlıqların sarayda  doğurduğu reaksiya, ardınca Qum və Təbrizdə baş verənlər, silsilə şəklində gedən bütün o proseslər ortaya çıxdığı zaman xalq anladı ki, o gizli lütf nədən ibarət imiş. Yəni acı və kədərli bir hadisədən başlanğıc götürən ilahi lütf İslam Respublkasının qurulması, şah diktaturasının süqutu ilə sonlandı. Burda da eynilə o cürdür; burda da çox acı bir hadisə baş verib, amma bu hadisədə haqq cəbhəsi qələbə qazanıb, xəbis düşmənsə zərər çəkib. Düşmən elə bilirdi ki, öz xeyrinə nəsə bir iş görür, amma əslində ziyan çəkdi.

Mən vurğulamaq istəyirəm ki, Amerika təkcə bu hadisədə ziyana düşməyib. Amerika İran xalqı ilə apardığı 40 illik qarşıdurmada daim zərbə alaraq məğlub olub. Amerikanın İran xalqına məğlubiyyətinin sübutu isə budur ki, amerikalılar İran xalqına qarşı işlədə bildikləri bütün silahları işlədiblər – siyasi silah, hərbi silah, təhlükəsizlik silahı, iqtisadi silah, mədəni silah, KİV, təbliğat – və əllərindən gələn hər şeyi ediblər. Nə məqsədlə? Bu 40 ildə – ilk gündən bu günə qədər – İslam Respublikasını süquta uğratmaq məqsədi güdüblər. İslam Respublikası isə bu 40 ildə süqut etməmək bir yana dursun, üstəlik min dəfə güclənib. Düşmənin məğlubiyyəti bu deməkdir! 40 ildir ki, İran xalqı Amerikanı daim məğlubiyyətə uğradır; biz daha da güclənmişik, Amerika isə zəifləyib.

Əziz qardaşlar, əziz bacılar, əziz gənclər! Mən təkid edirəm ki, siz bir məqama diqqət yetirəsiniz: bu gün Amerika bəzək-düzəklə özünü ayaqda dururmuş kimi göstərir. Əslində isə belə deyil. Bu gün Amerika dünyada xarici borcu ən çox olan dövlətlərdən biridir: müxtəlif ölkələrə 22 trilyon dollar borcu var. Bu gün Amerika cəmiyyətində təbəqələşmə həmişəkindən daha kəskindir. Bu dediklərim mənim öz fikirlərim deyil, ABŞ-ın müasir siyasi simalarından biri və hazırkı ABŞ administrasiyasının nümayəndəsi olan (yəni konqresin üzvü və deyəsən, senatordur) bir nəfərin sözləridir. Adını da bilirəm, amma ad çəkmək istəmirəm. O deyir ki, son 3 ildə hakimiyyətdə olan Tramp administrasiyasının dövründə ölkədə ən varlı 5 insanın sərvəti 100 milyard dollardan çox artıb. Bu 5 nəfərdən 3-ü Amerika əhalisinin yarısı qədər sərvətə sahibdir! Sosial təbəqələşməyə bir baxın! Yəni 3 nəfər adamın 160 milyon əhali qədər sərvəti var. Bu, bir tərəfdən, digər tərəfdənsə fəhlələrin 80 faizinin maaşı yaşayış minimumunu ödəmir, yəni yoxsuldurlar. Gəliri çıxarından az olan insan yoxsuldur da! Amerikada fəhlələrin 80 faizi bu vəziyyətdədir. Bu, dəhşətli bir sosial təbəqələşmə mənzərəsidir! Həmin şəxs deyir ki (bunlar öz statistikalarıdır; yəni bunları deyən adam hansısa bir jurnalist deyil, üzdə olan bir siyasətçidir, konkret simadır) həkimə marciət edən hər 5 amerikalından yalnız biri ona təyin olunmuş dava-dərmanı ala bilir. Qalan 4 nəfər dərman almağa pul tapmır. Son 50 ildə Amerikada zəngin qaradərililərlə ağdərililər arasında fərq 3 dəfə artıb. Hazırkı ABŞ prezidenti ölkədə iqtisadi vəziyyəti yaxşılaşdırdığını iddia edir; belə deyib. Bəli, iqtisadi vəziyyət yaxşılaşıb, amma Amerika xalqı üçün yox, milyarderlər üçün. Amerikada sosial vəziyyət bu cürdür. 

Amerikanın keçmiş prezidentlərindən biri söyləyir ki, Amerika hədsiz siyasi korrupsiyanın hökm sürdüyü bir oliqarxiyadır; yəni xalqın rolu və iştirakı olmadan, kiçik bir qrup varlı adamlar tərəfindən idarə olunur. Amerikada yoxsulluq səviyyəsi yüksək, küçədə yatan insanların sayı həddən artıq çoxdur. Əlbəttə, bütün bunların statistikasını da gətiriblər, indi mən burda o rəqəmləri qeyd etmək istəmirəm. Hələ o statistikanın dəqiqliyinə o qədər də arxayın olmaq olmur, amma fakt ortadadır: hər axşam ac yatan 10 milyonlarla yoxsul insan var. Çoxlu sayda insan gecələri küçədə yatmağa məcbur olur. Hava bir az soyuqlaşan kimi xəbərlərdə eşidirsiniz ki, Amerikada bu qədər adam ölüb. Yaxşı, bu insanlar niyə ölürlər? Tutalım, mənfi beş dərəcə soyuqda adam ölməz ki! Amma küçədə yatdıqlarına, səfil olduqlarına görə ölürlər. Yayda da isti çoxalan kimi – 40, 42 dərəcə olanda – bir qrup adam ölür; çünki küçələrdə qalırlar, səfildirlər. Hələ cinayətlərin, cürbəcür əxlaqsızlıqların statistikası bir kənara dursun. O ölkədə sosial baxımdan elə əcaib-qəraib təzahürlər genişlənib ki, dərindən düşünəndə onların o ölkəni termit kimi içindən yeyib məhv etdiyini anlayırsan. Amerika başqalarını aldatmaq və dünyada bəzilərini qorxutmaq üçün çölünü bəzəyir, özünü əzəmətli və möhtəşəm imiş kimi göstərir. Zahirən bər-bəzəkli, gözəl və möhtəşəmdir, amma mən burada özüm üçün qeyd etdiyim bir fikri dilə gətirib demək istəyirəm ki, məşhur Titanik gəmisinin gözəllik və möhtəşəmliyi onun sularda qərq olmasına əngəl ola bilmədiyi kimi, Amerikanın da gözəllik və ehtişamı onun batmasına əngəl ola bilməyəcək və Amerika batıb gedəcək. 

Biz zülm, günah və imperializmə qarşıyıq, Amerika isə bütün bunların bariz təzahürüdür. Özü də bu təkcə Amerikaya aid deyil. Əlbəttə, bu gün zülm, günah və imperializmin pik nöqtəsi Amerikadır; hansı ki o da sionistlərin – İsrailin yox, sionistlərə məxsus nəhəng şirkətlərin – əlində fırlanır. İstənilən başqa dövlət bu davranışlara yol versə, biz onun əleyhinə çıxacağıq. Biz etnik mənada heç bir xalqa qarşı deyilik; heç bir millətə, heç bir irqə; biz zülmə, imperializmə, ilahi və bəşəri dəyərlərin tapdanmasına qarşıyıq. Bu gün Amerika bunların təcəssümüdür; zülmün, imperializmin təcəssümüdür, elə buna görə dünyada da nifrət qazanıb. Öz maddi gücünü ona-buna görk edir. Hazırda ölkəmizin ətrafında müxtəlif ölkələrdə onlarla hərbi bazası var, amma o bazalar heç bir işə yaramır. Nə öz işinə yarayır, nə də öz əli ilə pulunu verib ümidini o bazalara bağlayan o yazıqların işinə; onların da işinə yaramır; günlərin bir günü nə isə bir problem çıxsa, işlərinə yaramayacaq. O ölkə – və onun timsalında imperializm – mənəvi, psixoloji, ideoloji cəhətdən dağılmaqdadır.

Bizim üçün önəmli olan budur ki, həm özümüzü Allahın doğru yolunda, “sirati-müstəqim”də qoruyub saxlayaq, həm də hərəkatımızın sürət tempinin azalmasına imkan verməyək; mühüm olan budur. İslam dövlətinin, İslam cəmiyyətinin ali ilahi hədəflərə doğru irəliləyişi yavaşımamalıdır. Hazırda da irəliləyiş var; o demək deyil ki, çatışmazlıqlar, yarıtmaz fəaliyyətlər, pis idarəetmə halları yoxdur; xeyr, bunlar da var. Olmasaydı, irəliləyişimiz daha yaxşı, daha sürətli olardı, daha da öndə olardıq, problemləri daha da asanlıqla çözərdik. Amma bu zəif cəhətlərin mövcudluğuna rəğmən, hərəkat, irəliləyiş də var. Mənim üçün ümidverici olan isə siz gənclərin varlığıdır. Gənclər özlərini hazırlasınlar: elmi cəhətdən, praktik cəhətdən, təcrübi baxımdan, iman baxımından özlərini hazır vəziyyətə gətirsinlər. Sabah bu ölkə sizin əlinizdə olacaq. Siz onu zirvələrə çatdırmağı bacarmalısınız və inşallah, bu işi görəcəksiniz də! Ümidvaram, Həzrət Mehdi Sahibəzzamanın (ə.f) duaları sizə dəstək olacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________

(1) Grüşün əvvəlində Vəli-fəqihin Azərbaycan ostanı üzrə nümayəndəsi, Təbrizin imam-cüməsi Höccətül-İslam Seyid Məhəmməd Ale-Haşim çıxış etmişdir
(2) Səhifeyi-İmam, c.3, səh.234