بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین. اللهمّ صلّ علی فاطمة و ابیها و بعلها و بنیها و السّرّ المستودع فیها
Əziz qardaşlar, əziz bacılar, təsir gücünə malik, həlledici bir ictimaiyyət olan Əhli-Beyt (ə) məddahları! (1) Çox xoş gəlmisiniz! Siz özünüz də cəmiyyətə təsir göstərməyə qadirsiniz, eyni zamanda müəyyən situasiyalarda sizin hərəkətləriniz, danışığınız, göstərdiyiniz sənət də həlledici rola malik ola bilər. Bu gün də sizdən çox bəhrələndik, mən möhtərəm qaremizə, bu gün çıxış edən bütün məddahlara, şairlərə, eyni zamanda proqramın aparıcısına, həqiqətən də, öz təşəkkürümü bildirirəm. Çox gözəl bir məclis oldu, maksimum dərəcədə faydalandıq.
Əhli-Beyt (ə) məddahlarının öhdəsinə çox böyük bir iş düşür ki, o iş də cəmiyyətin sevinc və kədərini idarə etməkdən ibarətdir. Əslində, siz insanların mənəvi sevincini, habelə qəlbinin dərinliyindən gələn kədərini idarə edir, istiqamətləndirirsiniz. Belə məclislərin, bu cür şadlıq və göz yaşlarının olmadığı cəmiyyətlərdə insanlar bu boşluğu hiss edir və məndə olan məlumata görə, onu hansısa şəkildə doldurmaq istəyirlər, amma alınmır. Bu sizin işinizdir. Özü də bu ənənə bu gün, yaxud dünən yaranmayıb, imamların (ə) dövründən qalıb. Tarixdən oxuyub görmüsünüz ki, insanlar Dibeli, yaxud onun kimi digər böyük şairləri bu işə necə təşviq ediblər, şeirlərinə necə böyük maraq göstəriblər, onları bu işi davam etdirməyə məcbur ediblər. Bu gün siz həmin şairlərin işini davam etdirirsiniz. Bu gün dostlarımızın burada nümayiş etdirdiyi sənət nümunələri o şairlərin işinin davamıdır.
Şəhidlər, məsum imamlar üçün yas saxlamaq ənənəsi Kərbəla hadisəsindən sonra geniş yayılıb və bu günümüzə qədər gəlib çatıb. Bəzilərinin düşündüyünün əksinə olaraq, şəhidlərin yas məclisində tökülən göz yaşları zəifliyin yox, iradənin, əzmin göstəricisidir, iş görməyə hazır olan bir insanın ali hislərinin izharıdır. Bir vaxtlar bəzi ziyalılar arasında belə bir tendensiya yaranmışdı, əza məclislərində göz yaşı axıdıb ağlamağı zəiflik əlaməti kimi dəyərləndirirdilər. Günümüzdə də şəhidlərə qurulan yas məclisləri əzm və iradənin təzahürüdür. Bu gün də şəhidlərin dəfni, yas məclisləri, adlarının dilə gətirilməsi kədər və göz yaşları ilə müşayiət olunur, amma bunlar insanlara vüqar, güc və şücaət hissi yaşatmaq üçün bir vasitədir. Elə sonuncu əziz şəhidimizin son mənzilə yola salınması zamanı görün ölkənin dörd bir yanında nələr yaşandı! Təkcə bizim ölkəmizdə yox, ondan kənarda da insanlar o əziz şəhidlərə – Şəhid Süleymani, Şəhid Əbu Mehdi Mohəndes və başqalarına öz ehtiramını necə möhtəşəm bir şəkildə ifadə etdilər! Əza məclislərinin istiqamətlənməsi və istiqamətləndirilməsi deyərkən mən bunu nəzərdə tuturam. Yəni siz insanların kədərini və matəm məclislərini imamların (ə) nəzərdə tutduğu və cəmiyyətin ehtiyac duyduğu səmtə yönəldərək o istiqamətdə inkişaf etdirə bilərsiniz.
Bu gün ölkəmizin mühüm ehtiyaclarından biri də budur ki, gənclərimiz yumşaq müharibənin silah növləri ilə – yəni mənəvi-psixoloji və ideoloji silahlarla təchiz olunsunlar. Mən ölkənin güclənməsi barədə dəfələrlə danışmışam. Ölkənin gücləndirilməsinin önəmli və həlledici müstəvilərindən biri də gənclərimizi Əhli-Beytin, Həzrət Fatimeyi-Zəhranın təlimlərində öz əksini tapan düzgün təfəkkür və ideologiya silahı ilə təchiz etməkdir. Bir qədər sonra mən buna kiçik bir misal da çəkəcəyəm.
Ümidlərimizi bağladığımız gənc nəsil – belə ki bu ölkənin gələcəyi siz gənclərin əlindədir, ümid gənclərədir – polad kimi möhkəm iradə və əzmlə, uzaqgörəniklə nə etmək, hansı məqama yetişmək istədiyini və qarşısında duran bu yolu necə qət etmək niyyətində olduğunu bilməlidir. Bunun üçün Əhli-Beyt (ə) maarifinə ehtiyac var. Əhli-Beytin təlimləri cəmiyyətin, İslam dövlətinin, İslamın və müsəlmanların qoruyucu silahıdır. Odur ki bizim Əhli-Beyt (ə) maarifini dirçəltməyə ehtiyacımız var.
Ölkəmizin Əhli-Beyt (ə) məddahları ictimaiyyətini təşkil edən və cəmiyyətimizdə önəmli rollardan birinə malik olan əziz qardaşlarım! Mən sizə demək istəyirəm ki, bu çox mühüm bir vəzifə və məsuliyyətdir. Əgər cəmiyyəti istiqamətləndirmək vəzifəsini az öncə qeyd edilən formada yerinə yetirməsək, Allah-taalanın qarşısında məsuliyyət daşıyacağıq. Yəni öhdəmizə hansısa vəzifə düşürsə, biz o vəzifəni yerinə yetirməliyik. Yerinə yetirmədiyimiz zaman Allah-taala bizə qəzəblənir. Qurandan bir nümunəyə baxaq: Həzrət Yunis – Allahın böyük peyğəmbəri öz qövmündən küsür. Bizə görə, məntiqsiz bir iş görmür. İllərlə onları doğru yola dəvət edir, onlarsa küfr və zəlalətlərinə israrla davam edirlər. Daha bu adam nə etsin? Küsüb onları tərk edir, öz qövmündən uzaqlaşır. Amma Allahın məntiqinə görə, küsməməli idi:
وَذَا النّونِ اِذ ذَهَبَ مُغاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَ عَلَیه
“Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi”. (“Ənbiya” surəsi, 87-ci ayə)
فَنادیٰ فِی الظُّلُمٰتِ اَن لا اِلٰهَ اِلّا اَنت
“Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): "(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur...”, – deyib dua etmişdi”. (“Ənbiya” surəsi, 87-ci ayədən)
Allah-taala onun başına o qeyri-adi hadisəni gətirir. Və əgər Həzrət Yunis bu zikri etməsəydi, Allah-taalaya olan bağlılığını bu dua ilə ifadə etməsəydi,
لَلَبِثَ فی بَطنِه اِلیٰ یَومِ یُبعَثون
“Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı”. (“Saffat” surəsi 144-cü ayə)
Baxın! Həzrət Yunis peyğəmbər olduğuna görə cəzası da başqalarından daha ağırdır. Öhdəmizə hansısa vəzifə və məsuliyyət düşdüyü zaman onu yerinə yetirmiriksə, Allah-taala buna görə bizim haqqımızda ölçü götürür;
فَظَنَّ اَن لَن نَقدِرَ عَلَیه
“... onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi...” (“Ənbiya” surəsi, 87-ci ayədən)
– o elə bildi ki, onunla sərt davranmayacağıq. Xeyr, sərt davranacağıq; Allah-taala sərt davranır. Şairsinizsə, məddahsınızsa, natiqsinizsə, moizə söyləyirsinizsə, elminiz, mərifətiniz, mənəvi məqamınız nə qədər yüksəkdirsə, ilahi ədalətin dərgahında, Haqqın hüzurunda sizdən daha çox və daha ali şeylər gözləyirlər. Bunu həmişə yadda saxlamalıyıq. Yəni Allahdan da yardım diləməliyik.
Rövzə məclislərində, dini icmaların təşkil etdiyi məclislərdə və sairdə Əhli-Beyt (ə) maarifinin insanlara ötürülməsinə nail ola bilsək, bu, ölkəmiz üçün bitib-tükənməyən bir ehtiyat olar. Gördüyünüz kimi, bu gün də sizin ölkəniz, sizin cəmiyyətiniz cürbəcür təzyiqlərə heyrətamiz bir şəkildə duruş gətirir. İran xalqının dözümlülüyü beynəlxalq ictimaiyyəti heyrətə gətirir, onlar buna təəccüblənirlər. Xalqımız haqda nələr dediklərini, nələr yazdıqlarını görürük, eşidirik. Başqa xalqlar vəhşi Amerika divinin xalqımıza göstərdiyi təzyiqlərin heç 1/4-nə, 1/5-nə də tab gətirə bilməzlər. İran xalqı isə möhkəm durub dözür. Üstəlik bu da onun 22 bəhməni və ondan bir qədər əvvəl, şəhid olmuş müqəddəs komandanını son mənzilə yola salması! Hamı məəttəl qalıb ki, bu necə dözümlü bir xalqdır?! Bu dözüm, bu mətanət məhz Əhli-beyt maarifinin, o məclislərin, Hüseyn ibn Əlinin adının və xatirəsinin, Fatimeyi-Zəhranın adının bərəkətli nəticəsidir.
Bu məclislərdə, Allahın köməyi ilə, hökmən diqqətdə saxlanmalı olan məsələlərdən biri də islami həyat tərzi məsələsidir. Mən xahiş edirəm, əziz qardaşlarımız öz araşdırmalarında imamların (ə) həyat tərzi, islami həyat tərzi məsələsi üzərində işləsinlər. Qoy bizim imanlı və istedadlı şairlərimiz – bu gün onların əsərlərindən nümunələri burada eşitdik – bu mövzunun poetik həllini gözəl bir formada həyata keçirib həmin şeirləri məclislərdə oxusunlar ki, bir mədəniyyət yaransın. Əgər biz düşmənin hücum dalğaları qarşısında həyat tərzimizi düzgün bir şəkildə öz dinimizə uyğunlaşdırmaq istəyiriksə, yolu budur. Yəni mədəniyyət yaratmaq lazımdır. Baxın, duada deyirsiniz:
اللَهُمَّ اجعَل مَحیایَ مَحیا مُحَمَّدٍ وَ آلِ مُحَمَّد وَ مَماتی مَماتَ مُحَمَّدٍ وَ آلِ مُحَمَّد
“مَحیا” nə deməkdir? Yəni mənim yaşayışımı onların yaşayışına bənzət; yəni həyat tərzi. Biz bunu istəyirik. Bizdən bunu istəməyimizi, bunu deməyimizi, bunu həyata keçirməyimizi istəyiblər. Həyat tərzi məsələsini diqqətdə saxlamaq lazımdır.
Təəssüf ki, düşmən bəzi asılı müsəlman dövlətlərinin başçılarının, o cümlədən İslam İnqilabından öncə uzun illər bizim ölkəmizdə hakimiyyətdə olmuş şahların zəiflik və xəyanətkarlığından istifadə edərək öz həyat tərzini genişləndirə bilmişdir. Bu gün biz cəmiyyətimizdə laqeydlik, israfçılıq, ölkəmizdə cürbəcür problemlər görürüksə, bu, İslam əxlaqından və islami həyat tərzindən uzaq düşməyimizin nəticəsidir. Cəmiyyətimizə islami həyat tərzinin hakim olmasını istəyiriksə, buna uyğun mədəniyyət yaratmaq lazımdır. Mədəniyyət isə bu kimi vasitələrlə yaradılır və siz camaat arasında mədəniyyət yaratmağa, mədəni tendensiyaları sözün əsl mənasında İslam dininə doğru yönəltməyə qadir olan ən yaxşı simalarsız.
Bizə gəlib çatmış dualarda – imamlarımızdan gəlmiş o təsirli dualarda – yalvarış var, ilahi dərgaha diqqət yönəltmə var, ülvi mənəvi hallar var, Allah-taala ilə ünsiyyət, saflıq, göz yaşı var – bunlar hamısı öz yerində. Amma bütün bunlardan əlavə, o dualar bizim üçün həm də öyrədici funksiya daşıyır. Yəni insanın beynində müəyyən bir fikir oyadır, ona yeni bir düşüncə bəxş edir. Misal üçün, duada oxuyursunuz:
اَللهمّ اَغنِنی عَن هِبَةِ الوَهّابینَ بِهِبَتِکَ وَ اکفِنی وَحشَةَ القاطِعینَ بِصِلَتِک
Bu nə deməkdir? Yəni bütün dünya sizinlə əlaqəsini kəssə belə, əgər Allahla aranızda bir bağ varsa, heç bir qorxunuz yoxdur.
حَتّی لا اَرغَبَ اِلی اَحَدٍ مَعَ بَذلِکَ وَ لا اَستَوحِشَ مِن اَحَدٍ مَعَ فَضلِک
Bu bir dərsdir, bu bizə yeni bir ideya verir, gələcəyimizlə bağlı bir təhlil təqdim edir, başa salır ki, gələcək yaşamımızı bu şəkildə planlaşdırmalıyıq, Allaha bağlı olmalıyıq, Yaradanla əlaqəmizi möhkəmlətməliyik, başqalarının bizimlə əlaqələrini kəsməyindən, bizimlə düşmənçilik etməyindən qorxmamalıyıq. Bu hadisələr İslamın yer üzünə gəldiyi ilk dövrlərdə də baş verib, gördüyünüz kimi, hazırda da baş verməkdədir. İnqilabın qələbə çaldığı gün kimsə desəydi ki, bu müsəlman toplumu, bu inqilab elmi, texnoloji, siyasi reytinqi, regiondakı nüfuzu və sair cəhətlərdən bu yerlərə gəlib çata bilər, kimsə buna əsla inanmazdı. Amma oldu. Ona görə oldu ki, siz Allaha arxalanıb işlədiniz. Əlbəttə, aydın məsələdir ki, Allaha arxalanmaq əlini əlinin üstünə qoyub işsiz-gücsüz oturmaq mənasında deyil.
Yaxşı, keçək Həzrət Zəhra (ə) barədə söhbətimizə; Həzrət Zəhranın mənəvi məqamları bizim və bizim kimi adi insanların dərkindən çox-çox yüksəkdir. Bəli, Allah adamları, xüsusi bəndələr məna aləmindən müəyyən şeyləri dərk edə bilirlər, biz isə o aləmə yad olduğumuz üçün o müqəddəs məqamları,
وَ السِّرِّ المُستَودَعِ فیها
– onların vücudunda gizlədilmiş sirləri anlamırıq, doğrudan da, dərk edə bilmirik. Gündəlik həyatdakı adi davranışlarını isə görür, müşahidə edir, onlardan bəhrələnir və nələrsə öyrənirik. Mədəniyyət baxımından o böyük qadından öyrənə biləcəyimiz məsələlər sırasında hicab, haqqı sübut etmək naminə batilə qarşı çıxmaq, imamların rəhbərliyini müdafiə etmək kimi məsələlər geniş yayılıb, dönə-dönə vurğulanır və bu gün cəmiyyətimizdə müşahidə olunur. Lakin bu böyük qadının nümunəvi davranışlarının, Həzrət Fatiməyə xas maarifin digər bir qismi başqalarına, ətrafdakı insanlara yardımla bağlıdır. Bu gün mən məhz bu ictimai birlik, sosial yardımlaşma barədə bir neçə cümlə demək istəyirəm. Övladı ondan soruşur ki, ana, nəyə görə sən Allaha dua və yalvarış edərkən yalnız başqaları üçün dua edirsən? Həzrət Fatimə övladına belə cavab verir:
یا بُنَیَّ الجّارَ ثُمَّ الدّار
– Oğlum, əvvəl qonşu, sonra özümüz. Bu bir dərsdir, bu bir yoldur, bu, Həzrət Fatimənin bizə öyrətdiyi ictimai məsuliyyətdir. Və ya miskin, yetim və əsirlərlə bağlı hadisə; Allah-taala “Həl-əta” surəsində bu hadisəni o cür əzəmətlə xatırlayır, surənin 17-18 ayəsi bu hadisəyə həsr olunub; bu qədər önəmli bir hadisədir.
وَ یُطعِمونَ الطَّعامَ عَلیٰ حُبِّه! مِسکینًا وَ یَتیمًا وَاَسیرًا * اِنَّما نُطعِمُکُم لِوَجهِ الله
“Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik”. (“İnsan” surəsi, 8-9-cu ayələr)
Bu, simvolik bir hadisədir. Bəli, orada o böyük insanlar özlərinin və digər ailə üzvlərinin aclığına səbirlə yanaşıb yetim, miskin və əsir olanlara yardım edirlər, bu, həqiqətən də, baş verib, amma bu, simvolik bir hadisədir. Həzrət Zəhra o məqamda deyə bilərdi ki, Peyğəmbərin məscidinə gedin. Axı orada islami hökumət var idi (indi də bəziləri bizə irad tutub deyirlər ki, dilənçiləri niyə əzizləyirsiniz? Amma İslam hökumətidir, belə də olmalıdır). Xeyr, hökumətin öhdəsinə düşən vəzifələr cəmiyyətin öhdəsinə düşən vəzifələri ortadan qaldırmır. Sözün əsl mənasında bir-birinə yardım etmək cəmiyyətdə yaşayan bütün insanların vəzifəsidir; həm maliyyə cəhətdən, həm fikir cəhətdən, həm hörmət və nüfuz baxımından. Toplumda növbənöv yardım şəkilləri formalaşmalıdır. Bu, Fatimənin bizə öyrətdiyi bir dərsdir, Fatiməyə xas bir mərifətdir.
Bu gün cəmiyyətimizdə mövcud olan problemlərin bir qismi də gənclərlə bağlıdır: gənclərin məşğulluq məsələsi, evlənmək məsələsi. Çoxlu sayda gənc oğlan və qızlarımız var, amma evlənmək çətin, bəzən qeyri-mümkün olan bir işə çevrilib. Kömək etmək lazımdır; bu sahədə müəyyən işlər görülməli, mədəniyyət formalaşdırılmalıdır. Hansısa mərhələdə ailələrdə uşaq sayının azaldılması istiqamətində aparılmış hərtərəfli təbliğat hazırkı vəziyyətə gətirib çıxarıb. Artıq ekspertlər 20-30 il sonra ölkənin, əhalinin ahıllaşacağı barədə xəbərdarlq edirlər. Ahıl bir cəmiyyət o zirvələrə yetişə bilməz. Bizim bu günə qədər qazandığımız bütün nailiyyətlər gənclərin iştirakı sayəsində mümkün olub. Mən bunu əvvəllər də demişəm: sözsüz ki, yaşlıların da cəmiyyətdə özünəməxsus rolu var, amma hərəkətverici qüvvə gənclərdir. Bu toplum gənc və bacarıqlı insanlardan məhrum olsa, düşmən onun üzərində ağalıq edəcək. Bu istiqamətdə konkret mədəniyyət formalaşdırmaq lazımdır, bunu etmək isə sizin əlinizdədir. İnsanları ailə qurmağa təşviq etmək üçün mədəniyyət yaratmaq tələb olunur, evliliklərin asanlaşdırılması üçün mədəniyyət formalaşdırmaq lazımdır. Bu isə sizin işinizdir, bu mədəniyyəti siz yarada bilərsiniz. Əhli-Beyt məddahları ictimaiyyəti bu sahədə bir çox işlər görə bilər.
Əhli-Beytə xas təlimlərdən biri də zülm və haqsızlığa qarşı müqavimət göstərib təslim olmamaqdır. Bu gün səsləndirilən şüarlardan çoxu bu mövzuda idi və tamamilə doğru, əsaslı şüarlar idi. Bu gün İran xalqını güzəştə getməli olduğuna inandırmaq istəyənlər çoxdur. Dünya KİV-i, düşmən mediası, institutlar, beyin mərkəzləri oturub layihə hazırlayıblar ki, İran xalqını Amerika qarşısında güzəştə getməyə, bundan başqa çarə olmadığına inandırmaq lazımdır. Allaha şükürlər olsun ki, xalqımız möhkəm durub, amma ona durmadan, ardıcıl şəkildə mənəvi güc vermək lazımdır. Xalqın mənəvi gücünü daim ayaqda saxlamaq lazımdır. Əhli-beyt təlimlərindən biri də budur. Elə “Səhifeyi-Səccadiyyə” duasında oxuyuruq:
(2) وَ لا تَجعَل لِفاجِرٍ وَ لا کافِرٍ عَلَیَّ ... یَدَا
– yəni məni kafirə, fasiqə borclu etmə, məni belələrinə möhtac etmə, gözüm onların əlinə dikilməsin, elələrinin qarşısında özümü zəif hiss etməyim. Bu bir təlimdir. Allahdan düşmən qarşısında bu vəziyyətə düçar olmamağı istəmək elə o deməkdir ki, düşmən qarşısında bu vəziyyətə düşmək olmaz, yaramaz.
Allaha şükürlər olsun ki, ölkəmizdə qəhrəmanlıq ruhiyyəsi hələ də var, güclüdür. Xalqın qəhrəmancasına, coşğulu iştirakına ehtiyac duyulan bütün olaylarda xalqımız sözün həqiqi mənasında coşğu və qəhrəmanlıqla meydanlara atılıb. Bu coşğu, bu mənəviyyat, bu emosiyanallıq özəlliklə gənclərdə daha da dərinləşdirilməli, mükəmməl bir mədəniyyət olaraq şüurları doyurmalıdır. Buna yalnız mədəniyyət yaratmaqla nail olmaq mümkündür, bu iş isə siz Əhli-Beyt məddahlarının öhdəsinə düşür. Mən öz toplumumuza nəzər saldığım zaman görürəm ki, həqiqətən də, ölkəmizdə mömin, inqilabçı, cəsarətli Əhli-Beyt məddahları var, işləyir, öz təsirini göstərirlər. Çalışmaq lazımdır ki, bütün məddahlarımız bu cür olsun. Məclislərdə bir qayda olaraq iştirak edən gənclər oxunan şeirlərin, təqdim olunan proqramların mahiyyətində duran mənəviyyat, mərifət və bəsirətdən sözün həqiqi mənasında bəhrələnib oranı əlidolu tərk etsinlər.
Allaha şükürlər olsun ki, ölkəmizdə İslam hökuməti, İslam cəmiyyəti və İslam Respublikası geniş tərkibli kadr potensialına malikdir. Hərbi sahədə yaxşı komandanlarımız var, elm sahəsində gənc və stimullu elm adamlarımız çalışır, mədəniyyət sahəsində çox yaxşı, təpərli və qeyrətli sənətkarlarımız var. Eyni zamanda bütün meydanlarda işləməyə, çalışmağa hazır olan camaatımız, İslamın, İslam hökumətinin və İslam dövlətinin ehtiyac duya biləcəyi istənilən yerdə hər an qolunu çırmayıb işə keçməyə hazır olan kişi və qadınlarımız var və onlar lazım olan meydanlarda iştirak edirlər də. İslam Respublikasının bu zəngin insan kapitalı Allahın lütfüdür və mən belə hiss edirəm, yəni əslində görür, müşahidə edirəm ki, İran xalqı, heç şübhəsiz, geniş düşmən cəbhəsi üzərində qəti və son qələbəni qazanacaq.
Sonda üzümü bir daha məddah qardaşlarımıza – və əgər bu sahədə çalışan xanımlar varsa, onlara – tutaraq vurğulamaq istəyirəm ki, az öncə qeyd etdiyim məsələni daim yadda saxlayın: siz mədəniyyət yaradan bir ictimaiyyətsiniz, siz mədəniyyət yaratmalısınız. Siz elə etməlisiniz ki, düzgün bir fikir, lazımlı bir mövzu xalqın təfəkküründə, insanlarımızın qəlbində aydın bir şəkildə öz əksini tapsın və qalıcı olsun. Bu, ən böyük ibadət və ən böyük sədəqədir. İnşallah, Allah-taala özü də bu işdə sizin köməyiniz olacaq.
Pərvərdigara! Səni and veririk Fatimeyi-Zəhranın haqqına! Bizi Fatiməni sevib onun yolunu tutanlar kimi yaşat və bu halda dünyadan apar. Pərvərdigara! Səni and veririk Məhəmməd və Ali-Məhəmmədin haqqına! Bizi Məhşər meydanına da Fatiməni sevib ona oxşamağa çalışan kəslər olaraq gətir! Pərvərdigara! İran xalqını bütün meydanlarda qalib və başıuca et! Bizim əziz şəhidlərimizi Məhşər meydanına Peyğəmbərlə (s) birgə gətir. Dediklərimizin və eşitdiklərimizin Sənin üçün və Sənin yolunda olmasını bizə nəsib et! Bizi öz lütf və mərhəmətinə layiq gör!
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
___________________
(1) Görüşün əvvəlində şair və Əhli-beyt məddahlarından bir neçəsi öz şeirlərini oxumuşlar
(2) “Səhifeyi-Səccadiyyə”, 21-ci dua