Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İİR Ordusunun Hava və Havadan Müdafiə Qüvvələrinin yüksək rütbəli zabitləri və heyət üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1) 

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی‌القاسم المصطفیٰ محمّد و علی آله الطّیّبین الطّاهرین سیّما بقیّة الله فی الارضین

Əziz qardaşlar, İslam Respublikası Ordusunun olduqca həssas və əhəmiyyətli qoşun növlərindən olan Hava Qüvvələrinin ixlaslı hərbçiləri! Çox xoş gəlmisiniz. Möhtərəm komandana çıxışına görə təşəkkürümü bildirirəm. Həmçinin ilahi nəğmələri ifa edən qrupa, şeir deyən, bədii proqramı təqdim edən dostlarımıza da təşəkkür edirəm. Hər şey çox yaxşı idi.

Artıq illərdir ki, hər ilin bu günü biz unudulmaz və heyrətamiz bir hadisəni yada salmaq üçün görüşürük. Siz gənclər, əlhəmdulillah, elə bir atmosferdə böyümüsünüz ki, o vəziyyəti təsəvvürünüzə gətirmək sizin üçün o qədər də asan deyil. Pəhləvi dövründə Hava Qüvvələri hakimiyyətə, saraya və amerikalılara ən yaxın qüvvələrdən biri idi. Biz bu hadisədən ibrət götürməliyik; bu hadisədən öyrəniləsi, ibrət götürüləsi çox şeylər var.

Bizim bu hadisədə diqqət yetirməli olduğumuz birinci məsələ odur ki, şah rejimi heç gözləmədiyi bir yerdən zərbə aldı. Eynilə Allah-taalanın Quranda Bəni-Nəzir yəhudiləri haqqında buyurduğu kimi:

فَاَتیٰهُمُ اللهُ مِن حَیثُ لَم یَحتَسِبوا

“Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı”. (“Həşr” surəsi, 2-ci ayə)

Allah-taala onlara elə bir yerdən hücum etdi ki, o yerdən hücuma məruz qalacaqlarını heç gözləmirdilər. Komandanları hökumətdən o cür asılı olan, o dövrdə Amerikaya, ABŞ ordusunun rəsmilərinə və təlim mərkəzlərinə daim xüsusi və həddən ziyadə bağlılığı ilə seçilən Hava Qüvvələri gözlənilmədən ən həssas anda inqilabın xeyrinə işə qoşuldu. İlk addım olaraq 19 bəhməndə gəlib İmam Xomeyni ilə görüşərək ona beyət etdilər. Daha sonra ordunun digər bir qoşun növü tərəfindən hücuma məruz qaldıqları zaman mətanətlə müqavimət göstərdilər. Həmin günlər heyrətamiz hadisələr cərəyan edirdi. Mən bilmirəm, bu məsələlərin təfərrüatları Hava Qüvvələrinin özü üçün haradasa qeydə alınıb, ya yox? Əgər qeydə alınmayıbsa, bunu, doğrudan da, etmək lazımdır; Tehrandakı bazada baş verənlər, bunlara edilən hücum, camaatın onları müdafiə etməyi... Allah-taala şah diktaturasına gözləmədiyi yerdən zərbə endirdi. Bu, diqqət çəkən bir məsələdir. Bu, olayın bir tərəfi.

Bunun tam tərsi: möminlər elə bir yerdən gücləndilər ki, heç bunu gözləmirdilər də. İslamda, İslam mədəniyyətində, bizim dini ədəbiyyatımızda buna “رزق لایُحتَسَب” – hesaba alınmamış ruzi deyilir:

وَ مَن یَتَّقِ اللهَ یَجعَل لَه مَخرَجـًا * وَ یَرزُقهُ مِن حَیثُ لا یَحتَسِب

“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər”. (“Talaq” surəsi, 2-3-cü ayələr)

Mübarizənin başında duranlar heç təsəvvürlərinə belə gətirməzdilər ki, belə bir böyük nailiyyət əldə edə bilərlər, o dövr üçün ordunun ən həssas qoşun növündən olan bir qrup adam gəlib inqilaba qoşular və İmam Xomeyniyə beyət edər.

19 bəhmənin bizə öyrətdiyi dərslərdən biri budur. Demək istəyirəm ki, biz bunu bugünkü hesablamalarımızda da diqqətdə saxlamalıyıq. Bilməlisiniz ki, düşmən heç gözləmədiyi yerdən zərbə ala bilər, Allahın mömin bəndəsi, “sirati-müstəqim”in yolçusu olan sizə isə heç gözləmədiyiniz bir yerdən “رزق لایُحتَسَب” – hesablanmamış ruzi nəsib ola bilər. Mənim fikrimcə bu, çox önəmli bir məqamdır: diqqət yetirmək lazımdır ki, dünyada baş verən bütün hadisələr yalnız maddi və dünyəvi hesablamalara əsaslanmır. Belə hesablamalar da var, Allah-taala bəzən heç gözlənilmədən insan üçün kəsə yol açır, bu cür hadisələri meydana gətirir.

Digər bir önəmli məsələ isə ilahi vədə etimad etməkdir. Allah-taala Quranın bir neçə yerində açıq-aydın və birbaşa vəd edir ki, kim Onun və Onun dininin yolunda çalışıb-vuruşsa, o şəxsə yardım edəcək. Bu, Allahın verdiyi bir vəddir. Bir yerdə buyurur:

وَلَیَنصُرَنَّ اللهُ مَن یَنصُرُه

“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayə)

Ayədəki “وَلَیَنصُرَنَّ اللهُ” ifadəsində bir neçə təkid əlaməti var, yəni Allah-taala qəti təkidlə vurğulayır ki, Ona və Onun dininə yardım edənlərə hökmən yardım edəcək. Bu, bir vəddir, Allahın verdiyi bir vəd. Ona etimad etmək, inanmaq lazımdır. 19 bəhmən günü bütün bu hadisələr baş verdi, ordudan bir qrup adam gəlib inqilaba qoşuldu, lakin elə adamlar var idi ki, bütün bunları öz gözləri ilə müşahidə etdiklərinə baxmayaraq, hələ də bu işin bir nəticə verəcəyinə arxayın deyildilər, ümid etmirdilər. İmam Xomeyni isə Allahın vədindən arxayın idi. İmam Xomeyni və onun ideyalarının, yolunun, rəyinin ardıcılları olan insanlar bu vədin mütləq gerçəkləşəcəyini bilirdilər. Onlar bu hərəkatın sürət tempinin yavaşımasına imkan vermədilər. İnam və gələcəyə ümid olduğu zaman hərəkatın yavaşımasına imkan verilmir. Allahın öz vədinə əməl edəcəyinə arxayın olmaq insanın hesablamalarında mühüm rol oynayan bir məsələdir. Bu da Quran ayəsidir:

وَ مَن  ‌اَوفیٰ بِعَهدِه؛ مِنَ الله

“Allahdan daha çox əhdə vəfa edən kimdir?” (“Tövbə” surəsi, 111-ci ayə)

Heç kəs verdiyi vədə əməl etməkdə Allahdan daha vəfalı ola bilməz. Allah-taala vəd verib və bu vədə əməl edəcək.

Bunlar sırf şəxsi məsələlər deyil, hamıya aid olan ictimai məsələlərdir. Mömin bir toplum, mömin bir kollektiv, mömin bir hava qüvvələri özündə bu inam və arxayınlığı daşıdığı zaman ona qarşı yönəlmiş təhdidləri böyük əzmlə özü üçün fürsətə çevirir. Bayaq da məlumat verdilər ki, biz filan qədər hərbi, yaxud mülki təyyarəni təmir etmişik, əsaslı təmir etmişik, xeyli məbləğdə pulumuz cibimizdə qalıb. Hava qüvvələrimiz bu şeyləri nə vaxt bacardı? O vaxt ki, başqalarından gözünü çəkdi; yəni başqaları hədələdilər, “Biz verməyəcəyik, satmayacağıq, imkan verməyəcəyik”, – dedilər. Amerikanın silah şirkətlərinin anbarlarında günü bu gün də bizə aid olan hərbi mallar var; yəni bizim olduğu halda, hələ də orda qalıb, bizə verməyiblər. Nə ediblər, hara ediblər – daha orasını bilmirik. Maraqlısı budur ki, bir neçə il əvvəl hələ bizdən anbar xərci də istəyirdilər. Pulunu alıb özünü təhvil vermədikləri mallara görə üstəlik anbarda saxlama xərci də tələb edirdilər. Bunun mənası odur ki, İslam Respublikasının effektiv bir hava qüvvələri olmamalıdır. Amma nəticə nə oldu? Nəticə o oldu ki, nə vaxtsa hərbi və ya mülki təyyarənin hansısa detalını təmir edə bilməyən, təmir etmək haqqı olmayan hava qüvvələrimiz bu gün o təyyarələri bütövlükdə təmir edir. Yəni təhdidi fürsətə çevirib, təhlükədən özü üçün fayda əldə edib. Mömin bir toplum belədir.

Bütün ölkəyə də nəzər salsanız, görərsiniz ki, eynilə bu cürdür. Bizə qarşı inqilabın əvvəllərindən etibarən sanksiyalar tətbiq olunub, son illərdə isə bu sanksiyalar daha da şiddətlənib; yəni daha da kəskinləşib. Özləri də fəxr edirlər ki, İslam Respublikasına qarşı ən şiddətli sanksiyaları tətbiq edirlər. Bu sanksiyalar sözün əsl mənasında cinayətdir. Bunların elədikləri cinayətdir. Yəni dünya ictimaiyyəti tərəfindən qınanan önəmli bir təhdiddir. Çünki burada söhbət Amerikanın özünün sanksiya tətbiq etməyindən getmir. Söhbət başqalarının Amerika tərəfindən bizə qarşı sanksiyalar tətbiq etməyə məcbur edilməsindən gedir. Məsələn, ABŞ-ın müxtəlif dövlət strukturları müxtəlif şirkətlərlə, insanlarla, dövlətlərlə daim əlaqə saxlayıb onları İranla ticarət əlaqələri qurmaqdan çəkindirməyə çalışırlar; yəni hərtərəfli bir embarqo. İndi bunu edə bilirlər, ya bilmirlər – o, başqa söhbətdir, amma onların bu işi görməyi, doğrudan da, cinayətkar bir davranışdır.

Elə o sanksiyalar özləri bir fürsət ola bilər. İndiyə qədər də bizim üçün bir sıra fürsətlər yaradıb, indən sonra da böyük bir fürsət yarada bilər. Biz rəsmilər sayıq və tədbirli davransaq, bu sanksiyalar ölkənin iqtisadiyyatını neftdən asılılıqdan qurtara, iqtisadiyyatımızın neftdən qidalanmasına son qoya bilər. Ölkəmizin iqtisadi problemlərinin ən mühüm və başlıca səbəbi neftdən asılılıqdır. Neftin satışı sayəsində ölkənin gəlirlərini təmin edəcəyimizə arxayın olduğumuza görə daxildəki geniş imkan və potensiala bir o qədər də diqqət yetirməmişik. Ölkədəki problemlərin ən başlıca səbəbi budur. Biz bu işi həyata keçirə bilsək, düşmənin təhdidlərindən – yəni elə o sanksiyalardan özümüz üçün ən yaxşı fürsət əldə edə bilərik. 

Onu da deyim ki, onlar da bunu çox yaxşı bilirlər. Əlbəttə ki, ağıllı olanları; ağılsızları ilə, dərk edə bilməyənləri ilə işimiz yoxdur. Ağıllı olanları bu məqama diqqət yetirirlər. Mən bəzi hesabatlarında görmüşəm ki, İranın qeyri-neft iqtisadiyyatını inkişaf etdirməsinə imkan verməməyi tövsiyə edirlər. Özləri deyirlər ki, bir arxa yol düzəldin, sanksiyaları götürməyin, amma bir yol tapın, bir yol açın, elə edin, İran bütünlüklə təcrid olunmasın. Çünki əgər təcrid olunsa, qeyri-neft iqtisadiyyatını inkişaf etdirmək barədə düşünəcək. Onlar bunu anlayır və bu məsələ ilə məşğul olurlar. Biz rəsmilər diqqətli olmalıyıq. Ölkə rəsmiləri, xüsusilə də iqtisadiyyat sferasının rəsmiləri diqqətli olmalıdırlar. Deməli, 19 bəhmənin bizə öyrətdiyi mühüm dərslər bunlardır: Allahın vədinə etimad, “رزق لایُحتَسَب” – hesaba alınmamış ruzini gözləmək, Allahın yardımına yol açan ardıcıl iştirak və fəaliyyətə can atmaq.

Elə 19 bəhmən ərəfəsində və hələ ondan bir neçə il əvvəl Amerika bütün imkanlarını ortaya qoymuşdu. Yüksək rütbəli bir hərbçini – Hayzeri Tehrana göndərib hakimiyyətdən bəzi adamlarla əlaqə saxlamışdılar ki, bəlkə nə isə bir iş görə bilələr, bir qiyam təşkil edələr, inqilabın qarşısını alalar. Onlar bir çox işlər gördülər, amma bütün bunlara baxmayaraq, İran xalqı qələbə qazandı, onlarsa məğlub oldular. Bu, Allahın vədinə inanıb arxalanmağın sayəsində mümkün oldu. Əlbəttə, şübhə yoxdur ki, bu gün onların bizim əleyhimizə gördüyü işlər və istifadə etdiyi vasitələr daha da mürəkkəbləşib. Bu gün düşmənlər daha dolaşıq manevrlər edirlər, amma bizim də hərəkətlərimiz mürəkkəb xarakter alıb. Allahın köməyi ilə, bu gün ölkəmizdə siyasət, müdafiə, texnologiya və digər müxtəlif sferalarda hərtərəfli surətdə hesablanmış, dəqiq, məntiqli, mürəkkəb və inkişafa istiqamətlənmiş fəaliyyətlər həyata keçirilir. Əlhəmdulillah, bu mürəkkəb situasiya ölkənin strateji dərinliyini də təmin edə, düşməni geri oturda bilib.

Mənim demək istədiyim budur ki, siz – xüsusilə də gənclər İİR Ordusunun Hava Qüvvələrində  ümid dolu ürəklə, gələcəyə optimist baxışla xidmət edərək bu qoşun növünün güclənməsi üçün lazım olan işləri həyata keçirin. Hansı mövqeyi tutmağınızdan asılı olmayaraq, hər biriniz o mövqeyi əsas bilin, mərkəz bilin və öhdənizə düşən vəzifəni diqqətlə yerinə yetirərək işləri irəli aparın; istər bu, maddi-texniki təchizatla bağlı məsələlər olsun, istər uçuşla bağlı məsələlər, istər təşkilati struktur məsələləri, istərsə də qarşıda duran digər mühüm işlər. Bizim ölkənin hər sferada güclənməsinə ehtiyacımız var. Belə sferalardan biri də müdafiə sferasıdır. Biz heç kimi təhdid etmək niyyətində deyilik. Bizim hərbi güc və iqtidarın vacibliyi üzərində bu qədər israrla durmaqda məqsədimiz heç də hansısa ölkəni və ya xalqı hədələmək deyil. Bu tövsiyələrimiz kimisə təhdid etmək üçün yox, bizə qarşı yönələn təhdidlərin qarşısını almaq, ölkənin təhlükəsizliyini qorumaq üçündür. Siz zəif olsanız, düşmən sizi incidib əziyyət verməyə həvəslənəcək. Əksinə, siz güclü olsanız, düşmən yaxına gəlməyə cürət etməyəcək. Güclü olaq ki, müharibə olmasın. Güclü olaq ki, düşmənin təhdidləri bitsin. Siz də, Keşikçi Korpusun Aerokosmik Qüvvələri də, Müdafiə Sənayesi Nazirliyi də təchizat və insan resursları sahəsində, habelə sizin kimi bir qurumun öhdəsinə düşən bir sıra işlərin həyata keçirilməsində əlinizdən gələni əsirgəməyin ki,  Allahın köməyi ilə, inşallah, müstəqil, azad və alnıaçıq bir toplumun ehtiyac duyduğu səviyyəyə yetişə biləsiniz. Mən buna tam ümidvaram.

Biz inqilabın əvvəlindən indiyə qədər Hava Qüvvələri ilə həmişə sıx təmasda olmuşuq, sizin komandanlarınız, yüksək rütbəli rəsmilərinizlə işləmişik. Allaha şükürlər olsun ki, bu gün ölkəmizin Hava Qüvvələri xeyli inkişaf edib, iri addımlar atıb, böyük işlər həyata keçirib. Bu gün İslam Respublikası Ordusunda və ordumuzun Hava Qüvvələrində çox layiqli və bacarıqlı kadrlar var. Mən orada böyük işlər həyata keçirmiş gənclər görmüşəm. Əlhəmdulillah, Hava Qüvvələrimiz inkişaf və irəliləyiş üçün kifayət qədər çox güc, istedad və potensiala malikdir. İnşallah, bu potensialdan maksimum dərəcədə faydalanaraq günbəgün daha da güclənin. Mən də dua edəcəyəm ki, Allah-taala günbəgün sizin uğurlarınızı daha da artırsın.

Və bilin ki, İran xalqının düşməni məğlubiyyətə məhkumdur. Səbəbi də budur ki, İran xalqının düşməni yanlış yoldadır, batil yoldadır. Əgər ABŞ-ın keçmiş prezidentləri hansısa örtüklər altında müəyyən işlər görürdülərsə, hazırda əməllərinə don geydirmədən, açıq-aşkar şəkildə fəsad törədir, müharibələri qızışdırır, konflikt salır, başqalarının sərvətinə qarşı necə tamahkar olduqlarını göstərirlər. Onların yolu batil yoldur, Şeytanın yoludur. Allah-taala bu şeytani yol barədə Quranda belə buyurur:

اُولئکَ الَّذینَ لَعَنَهُمُ اللهُ وَمَن یَلعَنِ اللهُ فَلَن تَجِدَ لَه نَصیرًا

“Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən!” (“Nisa” surəsi, 52-ci ayə)

Allahın lənətləyərək dərgahından qovduğu bir kəs özünə heç bir kömək, köməkçi tapmayacaq. Doğrudan da, elə belədir. Sizinsə kömək edəniniz var. O, əziz və hikmət sahibi olan Allahdır. İnşallah, Allah-taala sizə yardım edib sizi öz məqsədinizə çatdıracaq.

Hamınıza uğurlar arzu edirəm. İnşallah, günbəgün daha da inkişaf edib irəli gedəsiniz.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) Bu görüş İİR Ordusunun Hava Qüvvələrinin “Homafəran” dəstəsinin İmam Xomeyniyə tarixi beyətinin ildönümündə baş tutmuşdur. Görüşün əvvəlində İİR Ordusu Hava Qüvvələrinin komandanı general Əziz Nəsirzadə məruzə etmişdir.