Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ölkə ictimaiyyətinin müxtəlif təbəqələri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفیٰ محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین سیّما بقیّة الله فی الارضین

Əziz qardaşlar, əziz bacılar, çox xoş gəlmisiniz. Məclisimizi, hüseyniyəmizi öz mənəviyyatınız, ixlasınızla rayihələndirdiniz, nurlandırdınız. Xüsusilə də ucqar bölgələrdən, uzaq şəhərlərdən təşrif gətirmiş əzizlərim. Əziz gənclərimizə də ifa etdikləri dini nəğmələr üçün təşəkkürümü bildirirəm; çox gözəl, məharətlə oxudular. Eynilə möhtərəm qaremiz də çox gözəl tilavət etdi.

Əziz qardaşlar, əziz bacılar! Fəcr dekadası ölkəmiz üçün misilsiz və əvəzsiz bir dövr hesab olunur. Fəcr dekadası milli iqtidarın, milli əzmin təcəssümüdür. Bu nəyə görə belədir? Ona görə ki, məhz Fəcr dekadasında İran xalqı öz iştirakı, qırılmaz əzmi sayəsində minilliklər boyu bu ölkədə hakimiyyətdə olmuş çürük və yararsız bir hökumət quruluşunu devirə bilmişdir. Min illərlə bu ölkə elə formada idarə olunub ki, xalqın ölkədə heç bir rolu olmayıb. Burada monarxiyalar, yadelli işğalçılar hakim olub. Hətta İslamın gəldiyi dövrdə – belə ki İslam rəhmətdir, mərhəmətin təzahürüdür – xəlifələr tərəfindən İrana göndərilmiş hakimlər də xalqla çox sərt, adi istibdadçılar, şahlar kimi rəftar ediblər. Xalqın ölkənin idarəçiliyində heç bir rolu olmayıb. Ölkəmiz min illərlə bu şəraitdə yaşayıb. Bu son Pəhləvi rejimi və ondan bir qədər əvvəl Qacarların hakimiyyəti dövründə isə vəziyyət daha betər olub. Yəni xalqın nəinki təkcə rolu olmayıb, üstəlik bütün haqları tapdalanıb, ölkənin sərvəti talanıb, yadellilərin cibinə axıb. Hakimiyyət başdan-ayağa korrupsiyalaşmış olub. İslam İnqilabının qələbəsindən əvvəl ölkədə vəziyyət bu cür olub. 

İran xalqı dahi lider İmam Xomeyninin rəhbərliyi ilə (İmam Xomeyninin rolu ölkəmizin uzunəsrlik tarixində gəlib-keçmiş heç bir liderlə müqayisə oluna bilməz və mənim fikrimcə, hətta dünyada da əvəzsizdir), onun arxasında duraraq qəti qərar verdi, öz iradəsini ortaya qoydu, güllələrdən qorxmadı, zahirən güclü görünən Pəhləvi rejimindən qorxmadı, meydanlara çıxdı, o rejimi devirdi, yerində xalqın hakimiyyətini bərqərar etdi və ölkəmiz xalqın hakimiyyəti əsasında idarə olunan bir ölkə oldu. Ölkənin xalqın hakimiyyəti əsasında idarə olunması nə deməkdir? Yəni ilk növbədə hökumət quruluşunun xalqın seçimi ilə müəyyən olunması. Konstitusiyanı tənzimləyəcək şəxslərin, yəni Konstitusiya Ekspertləri Məclisinin üzvlərinin xalq tərəfindən seçilməsi. Konstitusiya xalqın seçdiyi şəxslər tərəfindən tənzimləndikdən sonra isə o konstitusiyanın özü də yenidən ümumxalq referendumuna təqdim olunur. Qanunverici hakimiyyət, icraedici hakimiyyət, müxtəlif şuralar, Ali Rəhbərlik Məqamının özü də xalq tərəfindən seçilir. Ali Rəhbəri seçən şəriət ekspertlərini də xalq özü seçir. Yəni hər şey xalqın seçiminə bağlıdır. Ölkənin bu şəkildə idarə olunması xalq hakimiyyəti deməkdir. Deməli, Fəcr dekadası bizim üçün elə bir zaman kəsiyidir ki, ilin heç bir başqa mərhələsi ilə müqayisə oluna bilməz. Fəcr dekadası milli əzmin təcəssümüdür.

Əlbəttə, İslam dövləti xalqa söykənən bir dövlətdir, lakin onun spesifik cəhətləri yalnız bununla bitmir. Bizim dövlətimiz imana, dinə, İslam dininə uyğun xalq hakimiyyətinə əsaslanır. Məhz İslama əsaslandığına görə də Şəhid Süleymaniləri yetişdirir; məhz İslama əsaslandığına görə də Müqəddəs Müdafiə savaşı dövründə olduğu kimi, ailələri öz gənc övladlarını, ciyərparələrini Allah yolunda cihada göndərməyə, sonra da bununla fəxr etməyə təşviq edir. Dünyanın başqa harasında belə bir şey var ki, bir ana özünün 3, 4 yetkin övladını əldən verə və bununla qürur duya, heç kimdən də gileylənməyə? Heç bir yerdə belə bir şey yoxdur! Başqa ölkələrdə baş verənlər barədə oxumuşuq, eşitmişik. Onların da müharibələri olub, ölənləri olub, amma burada baş verənlər başqa haradasa olanlarla əsla müqayisə oluna bilməz. Bütün bunlar imanın nəticəsidir. 

Baxın, 7-8 ay bundan qabaq – ilin əvvəllərində Amerikanın beyin mərkəzlərində oturub sizin Hacı Qasim Süleymaniniz barədə ətraflı söhbət ediblər, araşdırma aparıblar. Hesabatını da çox sonralar məhdud bir şəkildə yayımlayıblar, bizə də gəlib çatıb. O hesabatda Hası Qasimin müəyyən xüsusiyyətləri qeyd olunur, deyilir ki, bu adam Amerikanın hədəflərinin qarşısında böyük bir əngəldir. Sadalanan o xüsusiyyətlər arasında (qeyd edirlər ki, şücaətlidir, riskə gedəndir, elədir, belədir) bu da vurğulanır ki, Hacı Qasim dini məsuliyyətini dərk edən biridir, imanlıdır. Yəni onun öz dini məsuliyyətini dərk etməyi də əsas cəhətləri sırasında qeyd olunur. Həmişə belə olur. İmanlı şəxslər bu imanı saleh əməllə birləşdirib cihad etdikləri zaman ortaya bu cür şəxsiyyətlər çıxır, böyük güclər, hətta düşmənləri belə onları təqdir edir! 

Bu gün isə mən iki mövzu ətrafında danışmaq istəyirəm. Birincisi, xalqın iştirakı ilə bağlıdır. Belə ki qarşıda bizi iki sınaq gözləyir: 22 bəhmən yürüşü və seçkilər. Toxunmaq istədiyim ikinci mövzu isə Fələstin məsələsidir, bu barədə bir neçə cümlə deyəcəyəm. Əlbəttə ki, bizim mövqeyimiz məlumdur, amma bu mövzunu təkrarən bir daha vurğulamaq istərdim.

22 bəhmən yürüşünə gəlincə, xalqımız, bu məsələdə, doğrudan da, böyük əzmkarlıq nümayiş etdirib. Zarafat deyil, 40 il boyunca qış günlərində, soyuq havada, qarda-buzda ölkənin müxtəlif şəhərlərində – yəni ölkənin dörd bir yanında – İslam İnqilabının ildönümündə camaat küçələrə çıxaraq öz iştirakını, möhtəşəm izdihamını düşmənlərə görk edib. Başqa ölkələrin milli bayramlarının ildönümünün necə qeyd olunduğuna baxsaq, görərik ki, 3-4 nəfər gedib tribunada durur, bir qrup adam da onların qarşısından təntənəli marşla keçir. Xalqın iştirakı olmur; özü də belə möhtəşəm bir şəkildə, 40 il ard-arda, üstəlik düşmənin etdiyi bu qədər təxribatlara rəğmən; hər il ortaya bir söz atırlar ki, bəlkə yürüşləri zəiflədələr. Mən İran xalqına təşəkkür etmək üçün özümü, həqiqətən də, aciz bilirəm, amma həqiqətən də, layiqli olar ki, əziz İran xalqına buna görə bütün varlığınla təşəkkür edəsən. Əlbəttə, bu il 22 bəhmənin ildönümü əziz şəhidimizin qırxı ilə üst-üstə düşür, həmin günlər Şəhid Süleymaninin qırxı olacaq və camaatımz daha da böyük stimulla o günlərə hazırlaşır. İnşallah, düşmənlərimiz özləri xalqın küçə və meydanlarda möhtəşəm iştirakını görəcəklər. Bu barədə mən çox danışmaq istəmirəm, inşallah, xalqımız elə o iştirakı ilə düşmənin siyasətlərinə əzici bir zərbə vuracaq.

Seçkilərə gəlincə; əziz qardaşlar! Seçkilər xalqımız və ölkəmiz üçün böyük bir fürsət, düşmənlərimiz üçünsə böyük bir təhlükədir. Seçkilərə barmaqarası baxmaq olmaz. Bəziləri seçki barədə ürəkləri istəyəni danışır, camaatı seçkidən soyudurlar. Bunun üstündən asanlıqla keçmək olmaz. Seçkilər ölkəmiz üçün çox böyük bir fürsətdir: əvvəla, əgər seçkilər yüksək seçici fəallığı şəraitində keçsə və camaatımız hamılıqla seçki məntəqələrinə gəlsə, bu, ölkənin təhlükəsizliyinin qarantıdır, ölkənin təhlükəsizliyini zəmanət altına alır. Nəyə görə? Ona görə ki ölkəmizi və xalqımızı təhdid edən düşmənlər bizim hərbi imkanlarımızdan çox, xalq dayağımızdan qorxurlar. Düzdür, raketlərimizdən də qorxurlar, amma dövlətimizin xalq dayağından qorxuları daha çoxdur. Seçkilərdə seçicilərin yüksək fəallığı xalqın hakimiyyətə dayaq olmasının göstəricisidir, elə buna görə də təhlükəsizliyi təmin edir.

İkinci növbədə isə fəallıqla keçən seçkilər İran xalqının əzm və iqtidarının göstəricisidir. Bəli, ölkədə müəyyən problemlər var; onlar özləri də bunu bilirlər. Özümüzdə olan bəzi nöqsanlara əlavə olaraq onların bu sanksiyaları da camaatımız üçün çətinliklər yaradıb, insanlar arasında narazılıq, giley-güzar var. Buna baxmayaraq, söhbət seçkidən, dövlətin nüfuzundan, ölkənin təhlükəsizliyindən getdiyi üçün xalqımız dərhal meydana atılır. Bu, milli əzmin, milli iqtidarın, xalqın uzaqgörənliyinin göstəricisidir. Bu da digər bir məqam.

Seçkilər həm də bizim bir sıra beynəlxalq problemlərimizi həll edə bilər. Beynəlxalq prosesləri izləyənlərin ölkələr haqqında yürütdüyü mühakimələr və onlara qarşı seçdiyi davranış şəkli belə şeylərdən çox asılıdır. Baxırlar ki, bu ölkənin parlamenti – əgər varsa – prezidentləri hansı formada seçilir? Kim tərəfindən seçilir? Hansı həcmdə olan ictimai dayaq əsasında seçilir? Bütün bunların təsiri var.

Bundan əlavə, prezident və parlament seçkiləri ölkənin mühüm qərarları işləyib hazırlayan və qəbul edən strukturlarına yeni fikirlərin, yeni metodların gətirilməsi üçün gözəl bir fürsətdir. Əgər düzgün və layiqli insanları tapıb seçə bilsək – inşallah, bir qədər sonra bu barədə danışacağam – yeni fikirlər gəlir, bu isə öz təsirini göstərir, ölkə üçün əhəmiyyətli qərarların qəbulu prosesinə yeni ideyalar daxil olur. Yeni seçilən simalar ölkədəki problemlərin həlli üçün yeni yollar təklif edə, çarə düşünə, peşəkar fikirlər irəli sürə bilərlər. İqtisadiyyat məsələsi çox önəmlidir – mən bunu həmişə vurğulayıram – mədəniyyət məsələsi çox vacibdir, elmi inkişaf, bu cəhətdən güclənməyimiz çox mühümdür, amma bütün bunların əsasında seçkilər durur. Bizim seçkilərimiz şəffaf surətdə və ümumxalq iştirakı şəraitində keçsə, mənim fikrimcə, bu problemlərin hamısı tədricən öz həllini tapacaq. Bu, seçkilərin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Odur ki seçkilər ölkənin ən başlıca məsələsidir. Seçiciləri həvəsdən salıb ümidsizləşdirən cürbəcür çıxışlarla, şərhlərlə bu başlıca məsələni diqqətdən yayındırmaq olmaz. Təəssüf ki, bu gün belə çıxışlar edənlər var. Əlbəttə ki, düşmən fəaliyyətdədir, özü də bu, yeni bir məsələ deyil. Düşmənlər elə ilk illərdən ölkəmizdə keçirilən seçkiləri həmişə sual altına salıblar. Gah deyirdilər ki, seçkilərdə pozuntular olub, gah deyirdilər, idarə olunub. Xaricilər belə bəyanatlarla dəfələrlə çıxış ediblər. Heç təsiri də olmayıb, onların bu sözləri xalqa heç bir təsir göstərməyib. Xalqımız bir neçə milyonluq nəhəng izdihamı “bir neçə min nəfər”, küçəyə çıxıb şər əməllər törədən 200 nəfər adamı isə “İran xalqı” adlandıran hansısa xain radio kanalına inanmır; bu, məlumdur. Lakin bu həm də onunla şərtlənir ki, daxildə kimlərsə onların ağzına söz verməsin. Mənim vurğulamaq istədiyim budur. Danışanlar, ixtiyarında tribuna olanlar, hansısa ictimai mövqeyə sahib olan, sözü eşidilən insanlar – istər mediada olsun, istər internetdə olsun – diqqətli olsunlar, elə danışmasınlar ki, düşmən onların fikirlərindən sui-istifadə edib milçəkdən fil düzəldə və camaatı seçkidən soyuda. Siz seçkinin nəticələrinin əvvəlcədən müəyyən olunduğunu deyəndə camaat seçkidə iştirakdan soyuyur. Siz deyəndə ki, bu ölkədə demokratiya yoxdur, bu, seçkilər yox, təyinatdır, əlbəttə, camaat seçkidən soyuyacaq. Halbuki bütün bunlar yalandır, belə bir şey yoxdur. 

İranda keçirilən seçkilər dünyanın ən şəffaf, ən sağlam seçkiləridir. Əlbəttə ki, bəzi dünya ölkələrində yaxşı seçkilər olur, amma o seçkilər heç də bizdəkindən yaxşı, sağlam deyil. Bəzi ölkələrdə ümumiyyətlə seçklərin saxtalaşdırılması geniş yayılıb. Bəzi ölkələrin isə qanunları elə bir vəziyyətdədir ki, onlarda ümumiyyətlə tam və həqiqi mənada demokratiya yoxdur. O cümlədən Amerikanın özündə. Demokratiyanın mərkəzi hesab olunan Amerikanın özündə (hələ təbliğat aparıb pul gücünə xalqın fikrini dəyişmələrini nəzərə almasaq; o öz yerində, hələ onu demirəm) qanunları elədir ki, daha çox səs toplayan namizəd bir kənarda qalır, ondan az səs toplamış biri prezident seçilir; qanunları bu cürdür. (1) 2-3 il bundan əvvəl hakimiyyətə gəlmiş hazırkı ABŞ prezidentinin rəqibi bundan bir neçə milyon səslə öndə idi, amma qanunlarına əsasən bu adam prezident oldu. Yaxşı, bu, demokratiyadır? Əksəriyyətin səsi budur? Burda isə elə deyil. Burda hər şey dəqiqdir. 50 faizdən – o yerlərdə ki, meyar 50 faiz təşkil edir – 0.1 faiz qədər çox səs toplayan namizəd prezident olur. Bu illər ərzində biz həmişə belə etmişik. Müxtəlif dövrlərdə müxtəlif şəxslər parlament seçkilərinin nəticələri ilə bağlı mənə məktublar ünvanlayıblar, saxtalaşdırmaya yol verildiyini deyiblər, iradlarını bildiriblər. Biz də komissiya yaratmışıq, diqqətlə araşdırıblar, görüblər ki, xeyr, məlumatı verən adam yanılıb, hansısa məqamlarla bağlı tam məlumata malik olmayıb.

Bizim ölkəmizdə keçirilən seçkilər sağlam seçkilərdir. Mən bir vaxtlar özü seçki nəticəsində hansısa vəzifəyə gəlmiş, amma sonradan seçkiləri sual altına salan şəxslərə təəccüblənirəm. Necə olur ki, seçki sizin xeyrinizə olanda düzgün və şəffaf olur, sizin xeyrinizə olmayanda isə bərbad?

وَ اِن یَکُن لَهُمُ الحَقُّ یَأتوا اِلَیهِ مُذعِنین

“Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər”. (“Nur” surəsi, 49-cu ayə)

Quran belələri haqda deyir ki, onlar məhkəmədə haqlı hesab olunduqda çıxarılan hökmü qəbul edirlər, haqsız olduqları deyiləndə isə rədd edirlər. Daha sonra buyurur:

اَ فی قُلوبِهِم مَرَض؟

“Onların qəlblərində mərəzmi (şəkk, nifaq mərəzimi) var?”(“Nur” surəsi, 50-ci ayə)

Deməli, bizim düşməndən şikayətimiz yoxdur. Düşmən düşmənçiliyini edir, ona yaraşanı da elə budur. Biz nə gözləyiriksə, dostlardan gözləyirik; ölkə daxilindəki dostlardan; istər bu, qəzetdə məqalələrlə çıxış edən, yaxud virtual məkanla əlaqədə olan yazarlar olsun, istər parlament nümayəndələri, istərsə də mühüm vəzifə postları tutan dövlət adamları. Hamı diqqətli olmalıdır. Belə olmasın ki, dildə camaata: “Seçkiyə gedin”,  – deyək, amma elə tərzdə danışaq ki, insanların seçkiyə marağı sönsün. Bu, düzgün bir davranış deyil, yanlışdır.

Bu məsələdə ən yanlış davranışlardan biri isə Keşikçi Şuraya hücumlar etməkdir. Keşikçi Şura etimada layiq bir orqandır. Konstitusiyada bu şuranın statusu müəyyən olunub, funksiyası dəqiqləşdirilib. Keşikçi Şurada parlament tərəfindən seçilən 6 nəfər ədalətli fəqih və 6 nəfər hüquq eksperti təmsil olunur. Keşikçi Şuranı kimisə qərəzli surətdə rədd və ya qəbul etməkdə asanlıqla necə ittiham etmək olar? Bu, iftira atmaqdır, iftira atmaq isə böyük günahlardandır, buna görə tövbə etmək lazımdır. Tövbə etsinlər.

Seçkilər çox əhəmiyyətlidir; bir neçə həftə əvvəl mən cümə namazında (2) da İran xalqına söylədim ki, bizim amansız və yırtıcı qlobal düşmənlərimizlə yaşadığımız problemlərin əlacı birdir: güclənməliyik, güclü olmalıyıq. Güclü olmağımızın vacib şərtlərindən biri isə güclü parlamentimizin olmasıdır. Qanunların tənzimləndiyi İslami Şura Məclisi güclü olmalıdır. Bəs parlament nə zaman güclü olur? Seçicilərin yüksək fəallığı əsasında formalaşdığı zaman. Yalnız o zaman bu parlament güclü olacaq, dayağı olacaq.

Əhalinin giley-güzarının seçkilərlə əlaqəsi yoxdur. Camaat məişət  məsələlərindən narazıdır. Bu narazılığın bir hissəsi bizim qanunlarımızla, bir hissəsi isə bəzi icraiyyə rəsmilərimizin fəaliyyəti ilə bağlıdır. Haqlıdırlar da, əhalinin giley-güzarı əksər vaxtlar yerində olur, amma bunun seçkilərlə heç bir əlaqəsi yoxdur. Xalq kimdənsə gileylənir, amma dövlətin, ölkənin və bütün İran xalqının olan parlamentin qədrini bilir və inşallah, onun formalaşmasında fəal iştirak edəcək.

Mən deyərdim ki, İranı sevən hər kəs səs verməlidir. Mən bunu əvvəllər də demişəm, indi də təkrar edirəm. Ola bilsin, kiminsə məndən xoşu gəlmir, eyib etməz, qoy gəlməsin, amma İranı, ölkəsini sevir, ya yox? Sevirsə, səs verməlidir. Ölkənin təhlükəsizliyini, problemlərinin həll olunmasını, elmi inkişafın düzgün istiqamətdə getməsini istəyən hər kəs seçkidə iştirak etməlidir. Seçkidə hamı iştirak etməlidir. Əlbəttə, mən əminəm ki, mömin, inqilabı dəstəkləyən, inqilabın müqəddəratına laqeyd yanaşmayan insanlar seçkidə daha böyük stimulla iştirak edirlər, amma dini-inqilabi stimula malik olmayan şəxslər də, hər halda, öz ölkələrini sevirlər. Onlar da seçkidə iştirak etməlidirlər. Seçkilərin özü barədə bu qədər.

Necə seçim etməyə gəlincə; kimi seçək? Əlbəttə ki, mən heç kimin adını çəkməyəcəyəm. Mənim belə bir adətim yoxdur, heç vaxt heç bir seçkidə mən hətta işarə ilə də olsa, əhalini kimisə seçməyə istiqamətləndirməmişəm, lakin düşünürəm ki, seçiləcək şəxslərdə aşağıdakı cəhətlər olmalıdır: əvvəla, mömin olmalıdırlar. İmanlı  insanları seçin. Məhz iman insanı əyri yollardan, sapınmalardan çəkindirir. İman imkan vermir ki, vəsvəsələr insana təsir göstərsin. Bəziləri əvvəldə çox yaxşı adamlar olurlar, amma müəyyən dairələrə daxil olandan sonra vəsvəsələr onları o tərəf-bu tərəfə çəkir. Güclü imanı olan insan üçün bunun qorxusu yoxdur. Deməli, seçəcəyiniz namizədlər imanlı olmalıdırlar.

Bundan başqa, inqilabın tərəfdarı olmalıdırlar. Həqiqətən, sözün əsl mənasında inqilaba qəlbən inanmalı və onu sözün həqiqi mənasında qəbul etməlidirlər. Belələrini seçin. Bundan başqa, şücaətli olmalıdırlar. Hansısa xarici dövlətin əleyhinə danışmaqdan belə qorxan bir namizəd bu izzətdə, bu şüacətdə olan İran xalqını parlamentdə təmsil etməyə layiq deyil. Əlbəttə, parlamentin hazırkı deputatları çox yaxşı bir iş görüblər. Bu yaxınlarda – Hacı Qasim Süleymaninin şəhadətindən sonra Amerika əleyhinə çox yaxşı bir qərar qəbul ediblər. (3) Cəsarətlə iş görmək lazımdır, çünki qorxu-hürkü ilə heç bir işi irəli aparmaq olmaz. Şücaətlə və əlbəttə ki, hərtərəfli düşünərək, tədbirlə iş gömək lazımdır.

Seçiləcək namizədlərdə cihad ruhiyyəsi olmalıdır. Gecə-gündüz bilmədən effektiv surətdə çalışmalıdırlar. Sözün həqiqi mənasında ədalətin tərəfində olmalıdırlar. Ölkəmizin ədalətə ehtiyacı var, bəşəriyyətin ədalətə ehtiyacı var. İntəhası bu gün dünyada ədalətə önəm verilmir. İslam Respublikası ədalətin bayrağını qaldırıb. Bu bayrağın yerə enməsinə imkan verməyək. Sözün həqiqi mənasında ədalətin bərqərar olması üçün çalışaq; həm iqtisadi ədalətin, həm hüquqi ədalətin, həm də siyasi ədalətin. Bütün sferalarda ədalət təmin olunmalıdır.

Bacardığımız qədər bu xüsusiyyətlərin daşıyıcısı olan namizədləri tanıyıb müəyyən edərək onlara səs verək. Bunu edə bilmiriksə, gözüaçıq və etibarlı insanların köməyindən yararlanaq. Heç kəs deməsin ki, “lap yaxşı, seçiləcək namizəddə bu xüsusiyyətlər olmalıdırsa, mən heç birini tanımadığıma, necə bir insan olduqlarını bilmədiyimə görə, yaxşısı budur, səsvermədə iştirak etməyim”. Xeyr, seçkidə hökmən iştirak edin, amma etimada layiq, gözüaçıq, inana biləcəyiniz insanlara müraciət edin, onlardan soruşun. Onların məsləhətini qəbul edin ki, inşallah, bütün xalqımız saf niyyətlə, Allaha arxalanaraq seçkidə iştirak etmiş olsun.

Fələstin məsələsinə gəlincə; yəqin ki, eşitmisiniz. Bütün dünya eşidib ki, hegemon və quldur amerikalılar bu yaxınlarda bir layihə irəli sürüblər. Adını da “Əsrin sazişi” qoyublar. Bu cür gurultulu ad seçməklə də könüllərini xoş edirlər ki, bəlkə tutdu, bəlkə alındı. Mənim fikrimcə, onların həyata keçirmək niyyətində olduqları bu iş, əvvəla, axmaq bir işdir, ikncisi, nə qədər xəbis olduqlarını göstərir, üçüncüsü isə, elə başından bəri onların öz ziyanınadır. (4) Mən bunun nəyə görə axmaq bir iş olduğunu izah etməmiş siz təkbir dediniz. Bu o deməkdir ki, səbəbini siz də hamınız çox yaxşı bilirsiniz. Buna baxmayaraq, mən yenə də təkrarən bunu demək istəyirəm. Axmaq bir işdir. Nəyə görə? Çünki bu layihə əsla heç bir nəticə verməyəcək. Bu layihə Trampdan qabaq ölüb gedəcək. Odur ki əsla reallaşmayacaq bir iş üçün gəlib oturub iclas keçirmək, pul xərcləmək, onu-bunu dəvət etmək, dünyaya səs-küy salıb özünü mühüm bir iş görürmüş kimi göstərmək axmaqlıqdır.

İkincisi, bu məsələ Amerikanın xəbisliyinin və cığallığının göstəricisidir. İndi, sionistlər öz yerində, onların məsələsi məlumdur, amma amerikalılar bu işi görməklə nə qədər xəbis və cığal olduqlarını göstərdilər. Nəyə görə? Ona görə ki, onlar gəlib bir tərəf-müqabillə – hansı ki o tərəf-müqabil də sionistlərdir – saziş imzalayıblar, o sazişin obyekti isə heç onların olmayan bir şeydir. Fələstinlilərin olan bir şey barədə saziş əldə ediblər, biri verib, o biri alıb! Bu, xəbislik deyilmi?! Bu, cığallıq deyilmi?! Fələstin fələstinlilərindir. Siz kimsiniz ki, gəlib Fələstinlə bağlı qərarlar qəbul edəsiniz, “Beytül-müqəddəs belə olsun”, “filan yer elə olsun”, “Fələstin administrasiyası filan yerdə olsun” deyəsiniz? Sizə nə? Siz kimsiniz? Fələstin fələstinlilərindir, Fələstinlə bağlı qərarları yalnız fələstinlilər verə bilərlər; indi bu barədə də deyəcəyəm. Fələstin probleminin yeganə həlli yolu bizim bir neçə il əvvəl təklif etdiyimizdir. O təklifi mən bu gün də təkrarlayacağam. Odur ki Amerikanın gəlib başqalarının mülkiyyəti, başqalarının ərazisi, ölkəsi və yurd-yuvası barədə qərar verməyi bu işi görənlərin xəbisliyinin, cığallığının, bəd xislətinin göstəricisidir. 

Dedik ki, bu iş elə başlanğıcından onların özlərinin ziyanınadır. Nəyə görə? Ona görə ki imperializm sisteminin bütün səyləri Fələstin adını, Fələstinin xatirəsini yaddaşlardan silməyə yönəlmişdi, onların gördüyü bu iş isə əksinə –  Fələstin məsələsinin yenidən canlanmasına, gündəmə gəlməsinə səbəb oldu. Bu gün bütün dünya Fələstin xalqının zülmə məruz qalmasından, haqlı tərəf olmasından danışır və Amerikanı qınayır. İndi o 3-4 nəfər xain ərəb başçısının gedib onlarla əl sıxmağına baxmayın. Onlar dəyərsizdirlər, ləyaqətsizdirlər, onların heç öz xalqlarının arasında da nüfuzu yoxdur. Odur ki bu iş onların öz ziyanına tamamlanıb; hazırda Fələstin məsələsi daha da aktuallaşıb, Fələstinin müqavimət qüvvələri barədə dünyada daha çox danışılır, Fələstinin adı daha çox dillərə düşüb, zülmə məruz qaldığı aydın olub. Deməli, bu layihənin vəziyyəti budur. İndi onlar bu layihəni reallaşdırmağa çalışacaqlar. İşlərini irəli aparmaqda isə həmişə silaha və pula arxalanırlar; bəzilərini rüşvətlə, bəzilərini isə pulla ələ alacaqlar. Birini şirnikləndirəcəklər, o birinə hədə-qorxu gələcəklər. Metodları budur.

Bəs Fələstin probleminin əlacı nədir? Əlacı möhkəm durub şücaətlə müqavimət göstərməkdir. Fələstin xalqı, Fələstinin müqavimət qüvvələri və onları birləşdirən təşkilatlar özlərinin fədakar cihadı ilə sionist düşməni və Amerikanı sıxışdırmalıdırlar. Problemin həlli yolu yalnız budur və bütün İslam dünyası onlara kömək etməlidir. Bütün müsəlman xalqlar fələstinlilərə arxa durub onları dəstəkləməlidirlər. Əlacı budur. Əlbəttə, mən inanıram ki, silahlı Fələstin təşkilatları mətin durub müqavimət göstərməyə davam edəcəklər. Yolu müqavimətdir.

Xoşbəxtlikdən, bu gün Qərbi Asiya regionunda bu müqavimət təkcə Fələstində yox, daha geniş bir çevrədə müşahidə olunur və inşallah, günbəgün daha da artacaq. Və İslam Respublikası olaraq biz Fələstindəki mübariz dəstələrə dayaq olmağı öz vəzifəmiz hesab edirik, onları əlimizdən gəldiyi kimi, əlimizdən gəldiyi qədər və bütün varlığımızla dəstəkləyəcəyik. Bu, İslam Respublikasının və İran xalqının istəyidir. İnşallah, onlar güclənəcək və öz düşmənlərini zəiflədəcəklər.

Fələstin probleminin əsas və fundamental həlli yolunu isə biz bir neçə il bundan əvvəl irəli sürmüşük, bizim bu təklifimiz mötəbər beynəlxalq qurumlarda da qeydiyyata alınıb. Fələstin əsilli bütün insanların (hansısa başqa ölkədən olub sonradan gəlib Fələstində məskunlaşanların yox), dini mənsubiyyətindən asılı olmayaraq bütün fələstinlilərin  (istər müsəlmanlar olsun, istər xristianlar, istərsə də yəhudilər; belə ki fələstinlilərin bir qismi müsəlman, bir qismi yəhudi, bir qismi isə xristiandır) referendum yolu ilə rəyi soruşulsun, onların istədiyi hökumət modeli iş başına gəlsin və o hökumət təkcə, özləri demişkən, işğal olunmuş məhdud bir ərazini yox, bütün Fələstini idarə etsin. Onlar Fələstinin bir hissəsini “işğal olunmuş ərazi” adlandırırlar. Ümumxalq referendumu ilə bütün Fəlstində vahid hökumət hakimiyyətə gəlməli və Fələstinin problemləri ilə bağlı qərarlar qəbul etməlidir. Netanyahu və onun kimiləri ilə də bağlı özləri qərar qəbul etməlidirlər. İxtiyar onların əlindədir. Fələstində sülhün bərqərar olması və Fələstin probleminin həlli üçün yeganə yol budur.

İnşallah, bu məsələdə irəliləyişə nail olunacaq  və ümidvaram, siz gənclər o günü görəcəksiniz. İnşallah, görəcəksiniz və Allahın köməyi ilə, onlar üçün bu qədər önəmli bir məsələ olan Beytül-müqəddəsdə namaz qılacaqsınız. Ümidvaram, Allah-taala Allah yolunda cihadı, Allah yolunda cihad edənləri üstümüzdən, ölkəmizdən, xalqımızdan əskik etməyəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

__________________

(1) ABŞ-ın hazırkı prezidenti Donald Trampın rəqibindən daha az səs toplamasına baxmayaraq, elektoratın səslərinə əsasən prezident seçilməsinə işarə olunur  
(2) Tehranda qılınan cümə namazı (27.10.1398)
(3) İran parlamentinin “Keşikçi Korpusun ABŞ tərəfindən terrorçu qurum kimi tanınmasına cavab tədbirləri haqqında qanun”a dəyişiklik edilməsi barədə 1398-ci ilin dey ayında hökumətin razılığı ilə, “Ağır intiqam” prinsipini rəhbər tutaraq qəbul etdiyi 3-cü dərəcəli təcili qərar nəzərdə tutulur   
(4) İştirakçılar təkbir deyir