Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin sahibkarlarla görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağşlayan Allahın adı ilə! (1)

والحمد لله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا ابی القاسم المصطفی محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین

Çox xoş gəlmisiniz; bugünkü görüşümüz çox önəmli və ağır bir görüşdür. Dostlarımızdan bəziləri çıxış edə bilmədilər. Bu onların özləri kimi, məni də çox təəssüfləndirdi. Çıxış yolu yalnız budur ki, burada səsləndirmək üçün qeyd götürdüyünüz məsələləri yazılı surətdə bizə təqdim edəsiniz. Camaat arasından da bəzi qardaşlar əllərini qaldırır, söz demək istəyirdilər, amma tədbirin ixtiyarı çox hörmətli aparıcımızda (2)  olduğuna görə mən artıq onlar barədə heç bir fikir bildirə bilmədim və bilmirəm də.

Bu axşamkı görüşümüz ilk növbədə istehsalla məşğul olan sahibkarlara öz hörmətimizi ifadə etməyimiz üçündür. Bu görüş əsasən bu məqsədlə təşkil olunub. İslam Respublikası istehsalçılara, ölkədə sənayeyə, kənd təsərrüfatına, istehsalata, müxtəlif xidmətlərə rəvac verən şəxslərə əhəmiyyət verir, hörmətlə yanaşır və bugünkü görüşü təşkil etməklə də biz istədik ki, ölkə ictimaiyyətinin düşüncəsində bu fikir özünə yer etsin. Əlhəmdulillah, buna nail olduq da. Bu saatdan sonra mən çıxış edib nələrisə desəm də, deməsəm də, artıq bizim nəzərdə tutduğumuz hədəf reallaşıb. Mən dostlarımızın çıxışlarını da dinlədim. Onların səsləndirdiyi fikirlər çox mühüm və diqqətəlayiq idi. Əlbəttə, irəli sürülən təkliflərlə bağlı hər hansı bir qərar qəbul etmək üçün əvvəlcə hərtərəfli düşünüb-daşınmaq, mütəxəssislərlə məsləhətləşmək lazımdır. Lakin siz əminliklə bilməlisiniz ki, mən bu hərəkata bütün varlığımla inanıram. Mən inanıram ki, ölkədəki problemlərin əlacı, ölkənin düyünə düşmüş işlərinin açarı müxtəlif sferalarda daxili istehsalı genişləndirməkdir. Sevindirici haldır ki, bu axşamkı çıxışlarda səsləndirilən fikirlər çox önəmli və düzgün fikirlər idi; 10 nəfər çıxış etdi; bu o deməkdir ki, bizim ölkənin 10 mühüm sənaye sferasında deməyə sözümüz var. Mən də deyilən sözləri dinləməkdə artıq peşəkar olmuşam. Bura çox adamlar gəlir, çıxışlar edirlər, müxtəlif fikirlər səsləndirirlər, mən də oturub onları diqqətlə dinləyirəm. Az öncə səslənən fikirlər ölçülüb-biçilmiş, yaxşı, əhəmiyyətli fikirlər idi. Bugünkü görüşümüzdə rəsmilərdən də bir qrupu iştirak edir, lakin bu kifayət etmir. Kaş bu gün burada hökumətin müxtəlif sahələrini təmsil edən rəsmilərdən, həmçinin parlament nümayəndələrindən daha çoxu iştirak edəydilər, bu fikirləri eşidəydilər. Və ya ölkə iqtisadiyyatının, daxili istehsalın rövnəqləndirilməsi ilə bağlı başqa fikirdə olan, gözünü başqa yerlərə dikən şəxslər gəlib görəydilər ki, çıxış yolu budur, ölkəyə yalnız məsuliyyətli, təşəbbüskar istehsal subyektlərinin açdığı pəncərədən həyat, işıq və güc axa bilər. Bundan başqa yol yoxdur.

Bir şeyi qeyd edim: biz iqtisadi məsələlərə ona görə bu qədər əhəmiyyət veririk ki, İslam dövlətində iqtisadiyyatın rolu çox önəmlidir. Bəziləri elə düşünürlər ki, İslam dövlətində sərvətlərin istehsalına, xalqın ümumi rifahına, sərvət yaradan böyük müəssisələrin qurulmasına etinasız yanaşılıb. Bu, kökündən yanlış bir fikirdir. Belə bir şey yoxdur. İslam dövlətinin mühüm prinsiplərindən biri ölkəni və cəmiyyəti varlandırmaqdır. İslam dövləti milli sərvətə böyük önəm verir. Əlbəttə ki, İslam dövlətinin sərvətə yanaşması maddiyyatçı hökumətlərin və sistemlərin yanaşmasından fərqlənir; istər bu, dünyada liberalizm adı ilə tanınan kapitalizm olsun, istərsə də marksizm, sosializm quruluşu kimi adlarla tanınan materializm. İslam dövlətində milli sərvətin istehsalı da, bu sərvətin ədalətli bölgüsü də bir dəyərdir. Sosializmin iddia etdiyi və əlbəttə ki, heç vaxt reallaşmayan bərabərliyi İslam dini qəbul etmir. Sosializmdə nəzərdə tutulan mənada bərabərliyin, İslam dininə görə, heç bir mənası yoxdur. Cəmiyyətin sərvətdən ümumi şəkildə faydalanması isə başqa bir məsələdir; cəmiyyətin bütün üzvləri faydalana bilməlidir. Bərabərlik şüarı ilə çıxış edənlərdə isə əməldə o bərabərlik əsla olmayıb. Kommunist hökumətlər barədə mənim tam və dəqiq məlumatım var; istər keçmiş Sovet İttifaqı kimi əsas, ana kommunist dövlətləri olsun, istərsə də Latın Amerikası, Afrika və Asiyadakı bəzi təbəə kommunist dövlətləri. Belə bir ideyanın reallaşması ümumiyyətlə mümkün deyildi. İslam dini bunu demir. İslam dini milli sərvətin istehsalının, cəmiyyətin ümumi rifahının yüksəldilməsinin vacib olduğuna inanır. Əlbəttə, cəmiyyətdə bir qrup adamın rifahı bir qədər daha yüksəkdir, bir qrupunku daha aşağıdır. Bunun heç bir eybi yoxdur. Əsas odur ki, ümumi resurslar ədalətlə bölünsün. İslam dininin sərvətə yanaşması budur. Təbii ki, İslam dövlətində təbəqələşmə baş vermir, artıq kəskin təbəqələşmə müşahidə olunmur. Fərqlilik var, amma kəskin təbəqələşmə artıq yoxdur. 

Mən ilk növbədə sizə bunu demək istəyirəm ki, bütün digər sferalar kimi, istehsal və iqtisadiyyatın rövnəqləndirilməsinin, milli sərvətin və ölkədə əhalinin ümumi rifahının yüksəldilməsinin də öndə gedənlərə, avanqardlara, komandanlara, ön sıralarda duranlara ehtiyacı var. O avanqardlar və ön sırada duranlar sizsiniz. Siz istehsalçılar! Mən yalnız bu gün burada iştirak edən sahibkarları nəzərdə tutmuram. Bu yanaşma, bu hərəkat, bu gün burada çıxış edib öz gördüyü işlər haqqında danışan qardaşlarımız – bu sferanın, bu meydanın avanqardları, ön sırada duran mübarizləri onlardır. Özü də döyüş meydanı kimi, bu meydan da çox mühüm və təhlükəlidir. Bu da bir döyüş meydanıdır.

Bu gün dünyada müxtəlif formalarda iqtisadi müharibə gedir. Beynəlxalq iqtisadi proseslərdən xəbəri olan insanlar açıq-aydın bilirlər ki, ölkələr, dövlətlər – bütün dünya iqtisadiyyat üstündə bir-biri ilə müharibə aparır. Misal üçün, hazırkı Amerika administrasiyası dövründə bu savaş, bu qarşıdurma tam olaraq aşkara çıxıb. Çinlə bir cür, cənub yarımkürəsi ilə bir cür, Avropa ilə bir cür, başqaları ilə bir başqa cür; amma bu, digər ABŞ prezidentlərinin dövründə də müxtəlif formalarda olub. İntəhası bu müharibə bəzi məqamlarda vəhşi və kinli bir xarakter alır. Eynilə bizə qarşı apardıqları iqtisadi savaş kimi; bu sanksiyalar artıq kin və qəzəb dolu, cinayətkar bir mahiyyət kəsb edib. Əlbəttə, sanksiyalar inqilabın əvvəlindən olub, amma bu son 10 ildə təbii olaraq daha da şiddətlənib. Və bu sanksiyalar olacaq; heç kim ümid eləməsin ki, bu sanksiyalar 1 ilə, 2 ilə bitəcək. Bu, boş bir ümiddir, mən sizə deyim. Bu cəbhədə gedən proseslərdən məlumatı olan biri kimi sizə deyə bilərəm ki, mənim vəziyyətdən anladığım qədər, hazırda mövcud olan bu sanksiyalar olmalıdır və olacaq da. Ölkə iqtisadiyyatını bu çətin vəziyyətdən qurtarmaq üçün biz gözümüzü, ümidimizi buna dikməməliyik ki, bu sanksiyalar nə vaxt götürüləcək, filankəs və ya filan komanda nə vaxt olmayacaq, yaxud filan ölkə nə vaxt filan qərarı qəbul edəcək. Xeyr, bunların heç bir təsiri yoxdur, bu sanksiyalar var. Əlbəttə, bəziləri zirəklik edib sanksiyalardan yan keçirlər, çox da yaxşı edirlər, bunun heç bir eybi yoxdur, mən onlara yorulmayasınız deyirəm. Amma əsas məsələ sanksiyalardan zərər görməməsi üçün ölkə iqtisadiyyatına immunitet qazandırmaqdır. Əsas iş budur. Sanksiyalardan yan keçmək bir taktikadır, sanksiyalara qarşı ölkəyə immunitet qazandırmaq isə bir strategiyadır. Bu işi görmək lazımdır, elə etmək lazımdır ki, sanksiyalar bizim üçün heç bir risk yaratmasın. Hazırda belə deyil, hazırda bizim iqtisadiyyatımız neftdən asılıdır. Xoşbəxtlikdən, neft sanksiyalarının tətbiq olunması ilə hazırda bu asılılıq bir qədər azalıb, ticarət balansının tərkibində fərqlilik müşahidə olunub, amma prinsipcə bizim iqtisadiyyatımız neftdən asılıdır. Neft isə riskli bir şeydir; biz dövlət büdcəmiz üçün – təkcə abadlıq və quruculuq işlərinin büdcəsi üçün yox, hətta cari büdcəmiz üçün də – neft gəlirlərindən istifadə etmək istəyiriksə, həmin vəziyyət yaranacaq, risklə üz-üzə qalacağıq. Biz buna bir əlac etməliyik. 

Özü də mən bu sözü indi demirəm. Hələ 70-ci illərdə – əziz dostumuz və qardaşımız mərhum cənab Haşiminin (Allah ona rəhmət eləsin) dövründə mən onun özünə də, nazirlərinə də deyirdim ki, ölkənin neftdən asılılığını tədricən azaltmaq lazımdır. Gördüyünüz o Milli İnkişaf Fondu elə bu məqsədlə yaradılıb. Milli İnkişaf Fondu onun üçündür ki, hər il neftdən gələn gəlirlərdən müəyyən faizini biz istehlakçı qurumlardan alıb bir fonda qoyaq. Əlbəttə ki, o fond da dövlətin əlində olacaqdı, intəhası artıq cari xərclərə sərf olunmamalı idi. Qərara alınmışdı ki, daim pul qoyulmaqla bu fonddakı vəsaitin həcmi tədricən artsın və əgər qanunda nəzərdə tutulduğu kimi davam etdirilsəydi, bu il neft gəlirlərinin 35 faizi fonda getməli idi. Lakin bütün dövrlərdə hökumətlər – təkcə hazırkı hökumət yox – müxtəlif məsələlərlə bağlı gəlib fonddan pul ayrılması üçün israr edirlər. Özü də bu, qanuna müvafiq də deyil. Qanuna müvafiq olmadığına görə də mənə müraciət edirlər. Qanuni bir şey olsaydı, özləri götürərdilər. Qanuni olmadığına görə birtəhər işi düzəltmək üçün gəlib mənə müraciət edirlər, israr, yalvar-yaxar edirlər ki, filan problem var, icazə verin, Milli Fonddan filan qədər götürək. Təəssüf ki, Milli İnkişaf Fondu effektsiz olub, mahiyyəti azalıb. Mən də demişəm, əgər ölkə başçısı olan şəxs mənə vacib ehtiyac olduğunu, çətin vəziyyətdə qaldıqlarını yazırsa, mən onun xahişini qəbul edib fonndan pul ayrılmasına icazə verirəm. Əlbəttə, fond dövlətin öz əlindədir; sədrini də hökumət nümayəndələri özləri qoyurlar, idarəçiliyi də onların öz əlindədir, bizim əlimizdə deyil. İntəhası bu cür qeyri-qanuni vəsait ayrılmalarına icazə verməyin yükü mənim öhdəmə düşür, bunun icazəsini mən verməliyəm. Odur ki problem yalnız budur; biz yeni bir yol seçib, o yolla ciddiyyətlə irəliləməliyik. O yolsa daxili istehsaldır.

Dostlarımızdan biri bayaq burada qeyd etdi ki, bəzilərinin yanaşmasına görə, ən təhlükəsiz iş heç bir qərar qəbul etməməkdir. Əksinə, ən təhlükəli düşüncələrdən biri elə budur. Ən təhlükəlisi budur ki, insan: “Mən bir qərar qəbul etsəm, filan nəzarət qurumu elə deyəcək, filankəs filan əngəli yaradacaq, elə rahatı budur ki, heç bir qərar-filan qəbul etməyim”, – deyə düşünə. Bu çox təhlükəlidir. Xeyr, qərar qəbul etməlisiniz, addım atmalısınız, çətinliklərə uyğunlaşmalısınız. Maneələri aradan qaldırmalısınız. İndiyə qədər də bir çox əngəllər ortadan qaldırılıb; özünüz də görürsünüz. Bu axşam çıxış edən müəssisə rəhbərlərinin çoxu müxtəlif sahələrdə uğurlu işlər həyata keçiriblər. 10 il, 15 il əvvəl belə deyildi. İmkanlar tədricən yarandı. Mən də bu işin arxasındayam. Bunu bilin ki, mən də bu işi dəstəkləyirəm, kömək edəcəyəm. Ölkədə istehsalı inkişaf etdirmək lazımdır; işin əlacı budur. Odur ki bizim əsas strategiyamız iqtisadiyyatımıza sanksiyalara qarşı immunitet qazandırmaqdır. Bu, İslam İnqilabını risklərdən qorumaq və əslində onu daxili istehsal, daxili iradə və s. silahları ilə silahlandırmaq deməkdir.

Bizim daxili istehsalı hərəkətə gətirməyimizdən əldə ediləcək bərəkətli nəticələrdən biri də budur ki, ölkə iqtisadiyyatı şərtilikdən qurtulacaq. Ölkədə ən pis problemlərdən biri iqtisadiyyatı hansısa şərtlərdən asılı etməkdir. Təəssüf ki, son bir neçə ildə bizim iqtisadiyyatımız şərti olub: “Görək nə olur; görək 6 ay sonra nə olacaq; görək nüvə razılaşması necə olacaq” və sair deyə düşünmüşük. İndi də bəziləri yenidən iqtisadiyyatı hansısa şərtlərdən asılı etməyə çalışırlar; “Görək Fransa prezidenti hansı təşəbbüslə çıxış edəcək; filan təşəbbüs necə olacaq”. Bunları bir kənara qoymaq lazımdır. İş görmək istəyirlərsə, görsünlər. Qadağan olunmamış, qırmızı xətləri keçməyən istənilən işi həyata keçirsinlər, amma iqtisadiyyatı o işdən asılı etməsinlər, ictimaiyyətin fikrini o işlə məşğul etməsinlər. Qoy ictimaiyyətimiz bilsin ki, şair demişkən:

کهن جامه‌ی خویش پیراستن
(3) به از جامه‌ی عاریت خواستن

 – öz köhnə paltarını geyinmək, kimdənsə birovuz paltar istəməkdən yaxşıdır. 

Öz işimizi özümüz görməliyik. 

Özü də ölkə daxilində çox yüksək imkan və potensial var. Siz məndən də yaxşı bilirsiniz. Əlbəttə, mən də bu barədə məlumatsız deyiləm, amma siz özünüz müxtəlif sənaye və istehsal sahələrində fəaliyyət göstərdiyiniz üçün ölkənin potensialının nə qədər yüksək olduğunu yaxşı bilirsiniz. Az öncə çıxış edən cənablar və o xanım əslində öz çalışdıqları sahədə ölkənin mövcud potensialını açıqladılar. Bəzi giley-güzarlarını, narahatlıqlarını dilə gətirdilər, bunlar isə əslində o deməkdir ki, bu sahədə istifadə olunmamış potensial var, bu əngəllər bizim ondan istifadə etməyimizə mane olur, əngəlləri aradan qaldırmaq lazımdır ki, o potensialdan istifadə etməyimiz mümkün olsun. Deməli, baxın, bizim hamımızın bu axşam dediyi söz bu oldu ki, ölkədə sonsuz, bol potensial mövcuddur, onun bir qismindən istifadə olunub, əlhəmdulillah, səmərəsini də verib, çox hissəsindən isə hələ istifadə olunmayıb. O imkanlardan istifadə edə bilsək, iqtisadiyyatımız immunitet qazanar. İnşallah, bu sanksiyaların bərəkəti sayəsində istifadə edəcəyik də. Bu baxımdan – bayaq dostlardan biri də burada qeyd etdi; tamamilə doğru sözdür – bu sanksiyalar bizim üçün təhdid olmaq əvəzinə, fürsətə çevrilə bilər. 

Eyni zamanda buna da diqqət yetirək ki, biz İran xalqı, fəal iqtisadi subyektlər, ölkənin işləri üzərində düşünüb-daşınan şəxslər daxili imkanlara söykənib sanksiyaları neytrallaşdırmağa müvəffəq olsaq, sanksiyaları tətbiq edən o faktor da onlardan əl çəkəcək. Yəni o da sanksiyaların heç bir fayda vermədiyini başa düşəndən sonra onlardan əl götürəcək, çünki sanksiyalar onlara da ziyan verir. Hazırda Avropa da, başqaları da bu sanksiyalardan ziyan çəkir, lakin mürəkkəb və dolaşıq beynəlxalq iqtisadi münasibətlər onların hansısa addımları atmağına imkan vermir. Sanksiyaların heç bir təsiri olmadığını görəndə o da onlardan əl götürəcək. Əlbəttə, o, sanksiyaları bir kənara buraxsa da, biz öz daxili gücümüzə arxalanmaq siyasətini dəyişməməliyik. Bəziləri gözləyirlər ki, o tərəfdən yol açılsın, yenidən maşının ağzını o tərəfə çevirsinlər. Bu, səhvdir. Biz daxili potensiala arxalanmaq siyasətinin kənar-bucağını elə möhkəmlətməliyik ki, fərz edək, sanksiyalar götürülsə belə, bu siyasətə zərbə dəyməsin. Sanksiyalar götürülərsə, lap yaxşı, imkanlarımız daha da genişlənər; ixracat imkanlarından və sairdən istifadə edərik.

Ölkəmizin böyük üstünlüklərindən biri də əhali arasında gənclərin çoxluğudur. Bayaq o qardaşımız söylədi ki, öz müəssisəsində 4 min gənci işlə təmin edib. Onun o sözü mənə çox ləzzət elədi. İnsanın, doğrudan da, ürəyi açılır. Sosioloqlar bunu “demoqrafik pəncərə” adlandırırlar. Bu gün biz bu fürsətin birbaşa içindəyik. Mənə verilən məlumatlara görə, ekspertlər bu fürsətin hələ 20 il davam edəcəyini deyirlər. Hələ 20 il bizim belə bir şansımız olacaq. Əgər bu 20 ildə işimizi möhkəm tuta bilsək, udacağıq. Yox əgər süstlük edib o fürsəti əldən versək və 20 il sonra ölkə əhalinin ahıllaşması dönəminə girsə, artıq heç nə etmək mümkün olmayacaq.

Yaxşı, bəs bu 20 ildə bu fürsətdən necə istifadə etmək lazımdır? Burada iki əsas məqam var: birincisi, demoqrafik məsələdir. Əhalinin, gənc əhalinin azalmasına imkan verməməliyik, ölkədə doğumun səviyyəsini artırmalıyıq. İkincisi isə ölkə üçün dayanıqlı sərvət yaratmalıyıq. Bu iki işi həyata keçirmək lazımdır. Məhz buna görə mən daim israrla vurğulayıram ki, doğumun səviyyəsinin yüksəldilməsi, ailələrdə uşaq sayının çox olması vacibdir. Yəni əgər bu məsələyə diqqətsiz yanaşılsa – təəssüf ki, uzun müddət elə bu cür də olub, bu kimi məsələlərə diqqət yetirilməyib – bu etinasızlıq davam etsə, doğumun səviyyəsinin yüksəldilməsi barədə düşünməsək, ölkə üçün genişlənməsi vacib olan bu tendensiyanı cəmiyyətdə reallaşdıra bilməsək, 20 ildən sonra (bu vaxt isə bir göz qırpımında gəlib keçəcək, 20 il uzun bir zaman deyil) elə bir etapa daxil olacağıq ki, artıq işimiz çox-çox çətinləşəcək. Görüləsi vacib işlərdən biri də sərvət yaratmaqdır. 

Ölkənin üstünlükləri, imkanları çoxdur. Hamının öhdəsinə müəyyən vəzifələr düşür. Mən burada həm fəal iqtisadi subyektlər, həm ümumilikdə camaatımız, həm akademik ictimaiyyətimiz, həm ümumi qeyri-hökumət təşkilatları, həm KİV – bayaq cənablardan biri bu barədə də gileyini bildirdi – həm də dövlət qurumlarının öhdəsinə düşən vəzifələrlə bağlı bəzi qeydlər etmişəm. Onların hamısını ətraflı deməli olsam, sözsüz ki, vaxtımız çatmaz, məcburən qısaca danışacağam.

Fəal iqtisadi subyektlər, yəni sizlərlə bağlı bir kəlmə bunu deyəcəyəm ki, Konstitusiyanın 44-cü maddəsi sizə aiddir. O maddə, onun müəyyənləşdirdiyi hüdudlar – hansıları ki biz götürüb yenidən qanuni, rasional bir yanaşma əsasında camaatımız üçün açıqladıq – ümumiyyətlə sizi, sizin fəaliyyətinizi nəzərdə tutur. Əlbəttə, bu siyasətlər ictimaiyyətə açıqlandığı gün hamı onları dəstəklədi. Yəni mən həmin gün bir nəfər də olsun iqtisadçı ekspertin o siyasətlərə etiraz etdiyini xatırlamıram. Hamı bunun düzgün bir iş olduğunu təsdiqlədi və elə həqiqətən də, belədir, bu, doğru bir addım idi. Eynilə dövlət rəsmiləri də. Əlbəttə, problem bundadır ki, bu siyasətlər düzgün icra olunmayıb. Konstitusiyanın 44-cü maddəsi əldə bayraq edilməklə hansısa zavodun sui-istifadəçi bir adama satılması, o adamın da zavodu söküb yerində göydələn tikməsi özəl sektorun gücləndirilməsi deyil. Belə mənfi hallar da ölkədə atmosferi xeyli korladı. İqtisadi fəalların, dövlət şirkətlərini özəlləşdirən şəxslərin bəlkə bir faizi bu cür davrandı, qalan 99 faiz öz fəaliyyətini sağlam bir şəkildə qurdu. Amma o 1 faizin mənfi hərəkətlərinin deyilməsi, təkrarlanması ictimaiyyət arasında pessimist bir əhval-ruhiyyənin yaranmasına, hər kəsin: “Nəyə görə belə oldu?” – deyə ümidsizləşməsinə səbəb oldu. Mən sizə deyim ki, 44-cü maddə sizə aiddir. 44-cü maddə fəal iqtisadi subyektlər olaraq sizin üçün həm müəyyən hüquqlar, həm də müəyyən vəzifələr yaradır. Sizin öhdənizə məsuliyyət düşür. Gedin məsələnin mahiyyəti ilə yaxından maraqlanın.

Mən burada qeyd etmişəm: fəaliyyət planı və yol xəritəsi ilə istehsal zəncirləri təşkil edin, başdan-sona onların hər bir bəndini diqqətlə həyata keçirməyə çalışın; yəni elmi innovasiylardan, texnologiyadan, layihələndirmə və mühəndis işindən tutmuş, zəruri texnika və dəzgahların istehsalı, xammalın təmin olunması, məhsulun istehsalı, marketinqi, dağıtımına qədər – bunlar hamısı sizin öhdənizə düşən işlərdir. İnşallah, onları həyata keçirməlisiniz.

Əlbəttə, bunu da deyim ki, mənim kooperativlərə inamım böyükdür. Az öncə möhtərəm kooperativ direktorunun söylədiklərini mən tam şəkildə qəbul edir və təsdiqləyirəm. Kooperativlər bizim iqtisadiyyatımız üçün çox arzulanan bir təzahürdür. Onlar kiçik sərmayələri bir yerə toplayıb ayrı-ayrı fiziki şəxslərin imkanlarını genişləndirir, məşğulluğu xeyli artırır. Daha sonra bu kooperativləri şəbəkə halına gətirmək, bir şəbəkədə cəmləşdirmək mümkün olsa, nəhəng bir kompleks yarana bilər. Kooperativlərin xeyri çoxdur, onları genişləndirmək lazımdır. Möhtərəm nazir də buradadır; (4) kooperativ məsələsini hökmən ciddi surətdə diqqətdə saxlayın və bu sahə ilə bağlı az öncə qeyd olunan problemləri aradan qaldırın.

Ümumilikdə camaatımıza gəlincə, mən xalqımıza öz tövsiyələrimi dönə-dönə vermişəm. Mən həmişə deyirəm ki, qoy əziz camaatımız daxili məhsuldan hökmən istifadə etsin, imkanı olan şəxslər hökmən istehsala investisiya qoysunlar, o cümlədən elə kooperativlərdə, yaxud müəyyən yerlərdə maliyyə bazarlarında iştirak etsinlər.

Qoy camaat arasında nüfuz dairəsinə sahib olan insanlar cihad ruhiyyəsi ilə işləmək, kooperativlərdə birləşib əməkdaşlıq etmək mədəniyyətini genişləndirsinlər. Xoşbəxtlikdən, xalqımız buna hazırdır. Baxın, bir sel, yaxud zəlzələ baş verir, insanlar özləri heç kəsin müraciətini gözləmədən fəlakətdən zərər çəkənlərə köməyə tələsirlər. Bu təcrübə bizdə var, özü də təkcə bu günə aid deyil, inqilabdan əvvəl də belə olub. Mən özüm bir neçə dəfə analoji hadisələr zamanı əhalinin könüllü yardımının, yüksək ictimai əməkdaşlığın öz gözlərimlə şahidi olmuşam. Elə 3 gün bundan əvvəl Tehran küçələrinə möhkəm qar yağdığı zaman mən televiziyada gördüm ki, bir neçə nəfər, bir neçə müsəlman gəlib buz bağlamış yollara qum və duz tökürdü. Onlar nə şəhər meriyasının işçilərindən, nə də asayiş qüvvələrindən idi. Adi insanlar idi. Nə o küçə, nə o yolla irəliləyən maşınlar onların deyildi, amma avtomobillərin yolda ilişib qaldığını, buzun üzərində hərəkət edə bilmədiyini görüb gəlmişdilər, yola qum səpirdilər. Yəni bizim insanlarımız bu cürdür, yardım əlini uzatmağa həmişə hazırdırlar. Bu psixologiyadan cihad ruhlu əmək mədəniyyətinin genişləndirilməsi üçün istifadə etmək lazımdır. Qoy insanlarımız istehsalat işini uca tutsunlar, sahibkarlara, sağlam fəaliyyət göstərən istehsalçılara hörmətlə yanaşsınlar. Qoy camaatımız xoşagəlməz davranışları pisləsin, amma o neqativ halları hamıya – bütün sahibkarlara aid etməsin. Biz həmişə vurğulayırıq ki, haradasa müşahidə olunan hansısa yanlış hərəkəti, çirkin davranışı hamıya aid etmək lazım deyil. Meşə çaqqalsız olmaz deyiblər. Ləyaqətsiz adamlar istənilən ictimai kəsimin içərisində ola bilər və elə var da.

Kiçik istehsal müəssisələrinin işində bir şeyi də müşahidə etmək mümkündür: bəzən hansısa məhsulu istehsal edirlər, çox da yaxşı bir məhsul olur, amma üstünə Avropaya aid məhsul markası vururlar. Mən çox təəccüblənirəm. Rifah vəziyyəti aşağı olan bölgələrdən biri üçün bir məhsul sifariş verilmişdi, hazırlamışdılar, nümunə üçün birini mənə gətirmişdilər. Üstünün markasına baxdım ki, xaricidir. Dedim, bəs demədiniz ki, yerli məhsul olacaq, ölkədə istehsal olunacaq? Dedilər, bəli, yerli məhsuldur, dərzisi də filankəsdir, amma üstünə bu markanı vurub. Dedim, çıxarın bunu. Daxili məhsulun camaata xarici marka ilə təqdim olunması çox mənfi bir haldır.

Elm adamlarına da tövsiyələrimi dəfələrlə qeyd etmişəm: əvvəla, ölkənin əsas iqtisadi problemlərinin həlli ilə məşğul olmaq lazımdır. İqtisadiyyat sahəsində bizim bir sıra problemlərimiz var. Universitetlər onların üzərində işləyib həll yollarını tapa bilər.

İkincisi, istehsal müəssisələri ilə səmərəli əməkdaşlıq edə bilərlər. Onlar sənaye müəssisələrinə kömək edərlər, sənaye müəssisələri də onların işinin haqqını ödəməklə elmi araşdırmaların inkişafına dəstək vermiş olar. Bu çox lazımlı və bərəkətli bir işdir. Əlbəttə, artıq bir neçə ildir ki, buna start verilib; davam etdirmək lazımdır.

Bu günün tələblərinə uyğun səviyyədə, kreativ və təşəbbüskar kadrların yetişdirilməsi vacibdir. Həmçinin bank sistemi, büdcənin formalaşdırılması kimi məsələlər üzərində elmi işlərin aparılmasına ehtiyac var. Bunlar hamısı bizim problemlərimizdir. Bu gün büdcənin formalaşdırılması sahəsində bizim, doğrudan da, problemimiz var. Mən özüm də tapşırıq vermişəm, vurğulamışam, ilin əvvəlindən də 4 ay vaxt verdik ki, bu müddət ərzində büdcə sistemində islahatlar aparsınlar. Amma olmadı. Elmi cəhətdən problem var; bunu elmi tədqiqat mərkəzləri həll etməlidir. Bank sistemimizdə də eyni vəziyyət müşahidə olunur. Ramazan aylarında bizim universitetlərin tələbə və müəllimləri ilə görüşlərimiz olur. Gəlib burada saatlarla söhbət edir, çox yaxşı fikirlər səsləndirirlər. Təkcə müəllimlər yox, hətta tələbələr də. Magistratura, doktorantura tələbələri gəlib burada elə fikirlər söyləyirlər ki, insan onlardan, həqiqətən də, bəhrələnir. Baxırsan ki, mütəxəssisdirlər, problemi həll edə bilərlər. Qoy hökumət qurumları onlardan istifadə etsinlər, onlara müraciət etsinlər, onlar da öz layihə və təkliflərini irəli sürsünlər.

Mən ictimai qeyri-hökumət qurumlarına da təkidlə bunu tövsiyə etmək istəyirəm ki, iqtisadi işlərdə özəl sektorla qətiyyən rəqabət aparmasınlar. Biz bunu bütün ictimai qeyri-hökumət qurumlarına həmişə demişik və deyirik. Qoy onlar öz işlərini özəl sektorun lazımi qədər imkan və potensiala sahib olmadığı, yaxud meyil göstərmədiyi sahələrdə qursunlar. Bir müddət sonra özəl sektor həmin sahəyə maraq göstərərsə, qoy onlar daha uzaq və şəraiti daha çətin olan yerlərə transfer etsinlər, gedib ora investisiya yatırsınlar, iş qursunlar. Özəl sektorla rəqabət aparmaqdan ciddi surətdə çəkinsinlər.

Hökumət qurumlarına gəlincə isə mənim onlara ən əsas tövsiyələrim bunlardır: əvvəla, mən hökumət qurumlarına təkidlə tövsiyə edirəm ki, biznes mühitinin yaxşılaşdırılması məsəsələsi ilə ciddi surətdə məşğul olsunlar. Az öncə çıxış edən dostlarımızın qeyd etdiyi bütün nöqsanlar biznes mühitinin arzuolunan vəziyyətdə olmamağından irəli gəlir. Süni çətinliklər yaradan qayda-qanunlar var, bəzən yanlış işlər görülür; qəsdən yox, səhvən; ola bilsin ki, haradasa da elə qəsdən, qərəzli şəkildə. Dövlət strukturları ölkədə münasib istehsal atmosferi yaratmalıdırlar. Yəni idxala, xarici məhsula arxalanma tendensiyası qarşısında daxili istehsalın inkişaf etdirilməsi hərəkatının, yerli məhsula dəstək tendensiyasının xeyrinə işləyəcək bir biznes atmosferi yaradılmalıdır. Təəssüf ki, bizim cəmiyyətimizdə bizə şah diktaturası dövründən miras qalmış çox mənfi, ziyanlı bir tendensiya mövcuddur. O dövrdə iqtisadiyyat, bütün biznes fəaliyyətləri əsasən idxalın üzərində qurulmuşdu. Bu hələ də aradan qaldırılmayıb. İslam İnqilabı yanlış prinsiplərdən xeylisini əvəzləyib, amma təəssüflər olsun ki, bunu lazımınca əvəzləyə bilməyib. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Ölkənin ümumi iqtisadi və maliyyə atmosferini, bank, gömrük, büdcə, sosial təminat və digər bu kimi sahələri və onlarla bağlı qanunvericiliyi istehsalın xeyrinə istiqamətləndirmək lazımdır. İdxal, brokerlik, cürbəcür maliyyə spekulyasiyaları və sair sıxışdırılmalıdır. Ən vacib məsələ budur.

İşini sağlam əsaslar üzərində quran, etibarlı istehsalçılarla iftixar hissi ilə əməkdaşlıq etmək lazımdır. Xoşbəxtlikdən, bizim fəal iqtisadi subyektlərimizdən böyük bir qismi sağlam, etibarlı, nəcib insanlardır, həqiqətən də iş görürlər, bəziləri də gördükləri işi Allaha xatir görürlər. Əlbəttə ki, özəl sektorun məqsədi şəxsi mənfəət əldə etməkdir, bunun heç bir eybi də yoxdur, amma bəzi insanlar bununla yanaşı, gördükləri işdə Allahın razılığını qazanmağı da niyyət edirlər. Bizim Məşhəddən olan bir sahibkar tanışımız var idi, varlı bir insan idi. O deyirdi ki, mən bu pulu banka qoyub, başımı ağrıtmadan, heç bir vergi ödəmədən, problemsiz, yoxlamasız-filansız böyük gəlir əldə edə bilərdim, amma ürəyim gəlmədi, gətirib bu sahəyə qoydum. Quşçuluqla məşğul idi. Başağrısı çox olan bir istehsal sahəsində fəaliyyət göstərir, amma bunu sırf Allahın razılığını qazanmaq xatirinə edir. Deyirdi, mən gördüm ki, bu, inqilab üçün lazımdır. Baxın, gəlir də əldə edir, Allah-taala da savabını yazır. Bir məsələ budur.

İstehsalçılar üçün əngəl və çətinliklər yaradan qanunlar ləğv edilməli, yaxud asanlaşdırıcı alternativləri ilə əvəz olunmalıdır. Bu, parlamentə aid olan bir məsələdir. Bəzi qanunlarda bunu ediblər, yəni onları istehsalın xeyrinə olan qanunlarla əvəzləyiblər, amma icra olunmayıb. Çox yaxşı qanunlar müəyyən olunub, amma həyata keçirilməyib. Həmin qanunlar icra olunmalıdır. Bizim əsas problemlərimiz bank, gömrük və sair bu kimi sahələrlə bağlıdır. Həmin problemləri aradan qaldırmaq lazımdır, bu işlə isə parlament və hökumət ciddi surətdə məşğul olmalıdır.

İstehsalçılar da bəzi yanlış davranışlara yol verir, amma o yanlışlar hamısı eyni səviyyədə deyil. Hər səhvə görə nəzarət qurumları gəlib bir istehsal müəssisəsinin üstünə tökülüşüb onun üçün problemlər yaratmamalıdır. Bu mənim həmin qurumlara olan tövsiyəmdir. Əlbəttə, bəziləri xəyanət edirlər, o başqa, amma bəzi xəta və yanlışlar var ki, xəbərdarlıq etməklə, şans verməklə aradan qaldırılmalıdır. Sevindirici haldır ki, bir müddət əvvəl – deyəsən, bir həftə bundan qabaq idi – Ali Məhkəmənin möhtərəm sədri mənə məhkəmə qərarı əsasında bağlanmaq üzrə olan bəzi istehsal müəssisələrinin – kifayət qədər də yüksək bir rəqəm idi – bağlanmasına imkan vermədiklərini xəbər verdi. Çox müsbət bir haldır. Nəzarət strukturları bu məqama diqqət yetirməlidir.

Mənim hökumətə veriləsi vacib tövsiyələrimdən biri də maliyyə siyasətlərində sabitlik prinsipini qorumağın vacibliyidir. Sabit siyasət yürütmək lazımdır. Bir neçə aydan bir, yaxud ildə bir dəfə dəyişən siyasətlər ölkədə istehsala ağır zərbələr vurur.

Digər bir məqamı da qeyd etmək yerinə düşər; bu da xaricilərlə ticarət mübadilələri zamanı qazandığımız bir təcrübədir: təcrübə göstərib ki, xarici şirkətlər əsas və önəmli texnologiyaları bizə ötürmək istəmirlər. Bayaq dostumuz qeyd etdi ki, biz filan ölkələrə texnologiyalarımızı ixrac etmişik. Mən deyərdim, bərəkallah böyüklüyünüzə ki, texnologiyanı ixrac edirsiniz! Başqaları bizə məhsul ixrac edirlər, amma texnologiyanı vermirlər. Mən demirəm ki, siz də o cür edin; yox, elə vaxt olur ki, sizin də hansısa texnologiyanı ixrac etməyiniz lazım olur, çox da yaxşıdır, ölkəyə nüfuz qazandıran bir haldır, amma başqaları bunu etmirlər. Xüsusilə də əsas sahələrdə; neft emalı, avtomobil istehsalı, neft-kimya sənayesi və sairdə. Ölkə daxilindəki sənaye müəssisələri ölkənin və dövlət qurumlarının ehtiyacına, həqiqətən də, son qoymalıdırlar. Ötən illərdə – bir, ya iki il bundan qabaq – Neft Nazirliyi bir layihə irəli sürdü ki, xarici şirkətlər gəlib neft quyularında hansısa texnologiya ilə neft çıxarsın və sair. Bəli, bu sahədə bizim geriliyimiz var, amma mən deyərdim ki, məgər heç kimin köməyi olmadan ölkədə kök hüceyrələrini istehsal etməyə müvəffəq olmuş və ya uranın zənginləşdirilməsini 3, 3.5 faizdən 20 faizə qədər çatdıra bilmiş o beyinlər, o dəqiq düşüncələr neft quyularında daha artıq və daha optimal hasilatı təmin etmək üçün dövlətə kömək edə bilməyəcəklər? Halbuki biz bu nailiyyətlərə imza atanda kök hüceyrələrinin istehsalı dünyada çox nadir və mürəkkəb bir texnologiya hesab olunurdu, nüvə tədqiqatları sahəsində də heç bir beynəlxalq qurum, bu sənayeyə sahib olan heç bir ölkə bizə kömək əlini uzatmaq istəməmişdi. Əlbəttə ki, bizim istedadlı elm adamlarımız öz ölkəsinə bu köməyi edə biləcək. Əsas işlərdən biri budur. Əsas texnologiyalarla bağlı fəaliyyət proqramları hazırlamaq və bu tarixi fürsətdən istifadə etmək lazımdır. 

Gördüyünüz kimi, neft emalı və avtomobil istehsalı ilə məşğul olan şirkətlər ölkəni hamıdan tez tərk etdilər. Bu bəzilərini kədərləndirdi. Amma buna kədərlənmək yox, sevinmək lazımdır. Lap yaxşı, onlar getdilər, bizim üçün detal istehsalı sahəsində imkanlar açıldı. Bayaq dostlardan biri də burada qeyd etdi. Neft sənayesində, avtomobil istehsalında, maşınqayırmada, digər sənaye sahələrində cürbəcür detallara böyük həcmdə ehtiyac var. Bundan istifadə edə bilərik. Əlbəttə ki, hökumət nümayəndələri bu işdə effektiv rol oynaya bilərlər. Müxtəlif sahələr – neft emalı, avtomobillərin və məişət əşyalarının istehsalı, nəqliyyat və maşınqayırma üçün detalların istehsalını bir mərkəzdən idarə etsinlər, bunların qarşılıqlı mübadiləsini həyata keçirsinlər, səmərəli əməkdaşlıq etsinlər, yeni nailiyyətlərin nümayiş olunması üçün daimi sərgi təşkil olunsun. Mən bundan qabaq da demişəm; (5) bir neçə ay bundan əvvəl də mən qeyd etmişdim ki, istehsalda problemlərlə üzləşən müxtəlif istiqamətli sənaye müəssisələrinin ehtiyaclarının statistikası aparılsın, elmi innovasiyalara əsaslanan şirkətlərə və ya universitetlərə təqdim olunsun, qoy onlar bu sahədə həyata keçirdikləri işləri nümayiş etdirsinlər. Belə bir səri oldu, sevindirici haldır ki, artıq addım atılıb, amma bu, kifayət deyil. Müxtəlif sənaye sahələri üçün istehsal olunan detalların daimi sərgisi təşkil olunmalıdır. 

Digər bir vacib məsələ isə budur ki, hərbi strukturların ixtiyarında olan yüksək mühəndislik və texnologiya imkanları qeyri-hərbi strukturlara ötürülməlidir. Xoşbəxtlikdən, bizim hərbi mühəndislik sferasında gördüyümüz işlər çox yüksək səviyyədədir. Hazırda bu sahədə həyata keçirilən işlər çox önəmlidir. Təkcə indi də deyil, artıq 10-12 ildir ki, ölkəmizdə hərbi sənaye sahəsində mühüm işlər görülür. İndiyə qədər mən çıxışlarımda bir-iki dəfə bunu qeyd etmişəm, yenə də yada salmaq istəyirəm: bir neçə il əvvəl mən israilli bir generalın İran haqqında fikirlərini oxumuşdum. İsrail qəzetlərindən birində gedən bir məqalə idi, mənim üçün tərcümə edib gətirmişdilər. O vaxt bizim uşaqlar bir raketi sınaqdan keçirmişdilər. Həmin general deyirdi ki, mənim İrandan, iranlılardan xoşum gəlmir, amma onların gördüyü bu işin qarşısında baş əyirəm: İran kimi sərt blokada şəraitində yaşayan bir ölkə belə bir işi görə bilib! Əlbəttə ki, həmin raketin sınağından sonra ölkəmizdə bir sıra daha yaxşı, daha önəmli, daha diqqətəlayiq işlər görülüb. Bu gün ölkəmizdə 2000 kilometr uzaqlıqda olan hədəfləri maksimum 1, 2, 5 metr yayınma ilə vura bilən uzaqmənzilli ballistik raketlərin istehsal edilməsi çox böyük, önəmli bir faktdır. Bu mühəndislik və texnologiya imkanlarından avtomobil istehsalı, neft emalı, aerokosmik sənaye və digər müxtəlif istiqamətli mülki sahələrdə də istifadə oluna bilər. Bunu etmək mümkündür. Əlbəttə, sevindirici haldır ki, hərbi strukturlar özləri də universitetlərlə sıx əlaqədədir, onlardan maksimum dərəcədə istifadə edirlər. Bunu da biləsiniz. 

Daha bir mühüm məsələ isə ixracatın dəstəklənməsi, fəal iqtisadi subyektlərin xarici bazarlarda iştirakıdır. Bayaq dostlarımız bunu da qeyd etdilər, tamamilə doğrudur. Biz diplomatik imkanlarımızdan istifadə edə bilərik. Elə öz ətrafımızda, qonşuluğumuzda 300-400 milyon insan var. Bəziləri ilə də əlaqələrimiz çox yaxşı, normal səviyyədədir. Onlarla yaxşı ticarət əlaqələri qura bilərik. Qoy ölkənin diplomatik rəsmiləri İran markalarını xaricdə təqdim etsinlər. Tutalım, hansısa beynəlxalq tədbirdə iştirak etdikləri zaman İran brendi olan bir kostyumu geyinsinlər – məsələn, simnanlı bir dərzi tikib, çox da qəşəng tikib – belə etsələr, ölkəmizin markaları dünyada tanınar. İran markalarını təbliğ etmək lazımdır. İrana məxsus ideya və anlayışları da təbliğ etsinlər. Bəziləri bunun əksini edir. Ötən illərdə mənim ölkə rəsmilərindən gileyləndiyim məqamlardan biri də bu idi ki, gedib xaricdə avropalıların arasında çıxış edirlər, avropalılara aid olan bir fikri səsləndirirlər. Tutalım, hansısa Avropa mütəfəkkiri 100 il bundan qabaq bir söz deyib, bizə indi gəlib çatıb, bu gedib indi həmin fikri avropalılara təqdim edir. Onlar üçün bunun nə dəyəri olacaq?! Bizim özümüzün yeni fikirlərimiz, yeni ideyalarımız, deyilməmiş sözlərimiz var, onları deyək. Bu, eynilə İran brendlərinə də aiddir. Bu sahədə də diplomatik imkanlardan istifadə olunmalıdır. Bəzi məhsullarda barter üsulundan istifadə etmək lazımdır.

Konstitusiyanın 44-cü maddəsinin siyasətləri barədə danışdıq, bir daha vurğulamaq istəyirəm ki, bu siyasətlər özəl sektorun dövlət sektorunu əvəzləməsini nəzərdə tutmur. Özəl sektorun öz yeri var, dövlət sektorunun da öz yeri. Bunlar bir-birinə kömək etməlidir, bir-biri üçün çətinlik yaratmamalıdır. Demişik ki, dövlət sektoru özəl sektor üçün çətinlik yaratmasın. Yəni özəl sektorun investisiyası ilə görülə biləcək işə dövlət sektoru əl qoymasın. Əgər həmin işlə məşğul olursa da, kənara çəkilib özəl sektor üçün şərait yaratsın. Qoy ikisi bir-birini tamamlasın. Amma bu o demək deyil ki, dövlət sektoru iqtisadi fəaliyyətlərdən tamamilə çəkiləcək. Xeyr, elə işlər var ki, dövlət sektorundan, yaxud ictimai qeyri-hökumət təşkilatlarından başqa heç kəs onları həyata keçirə bilməz. Qeyd etdiyimiz kimi, həmin işlərlə onlar məşğul olmalıdırlar.

Özəl sektor, kooperativlər mütləq genişləndirilməlidir. Neft və qaz sahəsində özəl sektor və kooperativlər hərtərəfli iştirak edə bilər. Yaxınlarda bu barədə – yəni neft emalı sənayesi ilə bağlı bir qanun da qəbul olunub. O qanun icra olunmalıdır. Bəzi qanunlar parlament tərəfindən qəbul olunur, amma icra olunmur. Yəni lazımi prosedur qaydaları hazırlanmır, qəbul olunan qanun elə o yerdə də qalır. Bu işi təcili surətdə görmək lazımdır. Bu məsələni diqqətdə saxlayıb lazımi tədbirləri görməlidirlər ki, bu iş həyata keçirilsin.

Neft və qaz istehsalı potensialının artırılması, strateji neft və qaz ehtiyatlarının yaradılması – bunlar görülməsi vacib olan işlərdir və müqavimət iqtisadiyyatının siyasətlərində də qeyd olunub.

Kütləvi informasiya vasitələrinə gəlincə, mənim onlara tövsiyəm budur ki, qazanılmış uğur və nailiyyətləri əks etdirsinlər. Bəzi media orqanları canıyananlıq edərək nöqsan və çatışmazlıqları əks etdirir. Lap yaxşı, eybi yoxdur, qoy nöqsanları da göstərsinlər ki, rəsmilər – əgər televiziyaya baxırlarsa – hansı məqamlarda çatışmazlıq olduğunu görsünlər. Amma bununla yanaşı, uğurları da göstərsinlər. Sizin bayaq dediklərinizi: neft, suda yaşayan canlılar, kimya və sair sahələrdə görülən işləri əks etdirsinlər, camaata çatdırsınlar, qoy gənclər vəziyyəti dərk etsinlər. Bundan əlavə, camaatı ölkədə mövcud olan yüsək imkan və potensial barədə də məlumatlandırsınlar ki, qoy istedadlı, hazırlıqlı insanlar həmin imkanlardan istifadə etmək barədə düşünüb işləsinlər. Əlbəttə, sahibkarların məntiqli iradlarını da çatdırsınlar ki, hökumət adamları o iradlara diqqət yetirsinlər. Bu axşam çıxış edən qardaşlarımızın media ilə də bağlı bir fikri mənim diqqətimi cəlb etdi. Onlar qeyd etdilər ki, xaricilər çoxlu pulla gəlib öz məhsullarını İran İslam Respublikasının Dövlət Teleradiosunda reklam edirlər; bir malın reklamına 30 milyon dollar verirlər. Həmin məhsul yaxşı müştəri yığanda da reklam qiymətləri yuxarı qalxır. Qiymət qalxandan sonra artıq yerli istehsalçılar da öz mallarını Dövlət Teleradiosunda reklam etmək üçün o qədər yüksək məbləğ ödəməli olurlar, amma o pulu ödəyə bilmirlər. Mənim tövsiyəm budur: mən demirəm ki, o 30 milyonu almayın. Onu alın, hələ bacarırsınızsa, ondan da çox alın, (6)  amma xaricilərlə yerli istehsalçılar arasında fərq qoyun, fərqli tariflər müəyyənləşdirin. Xaricilər üçün bir tarif müəyyən edin, yerli sahibkarlar üçün başqa bir tarif. Yəni elə eləməyin ki, yerli istehsalçılar öz markalarını ölkə daxilində reklam edə bilməsinlər.

Mənim sözüm bitdi. Hamı – dostlarımız da, düşmənlərimiz də bilsin ki, biz müharibə meydanında düşməni geri oturtmuşuq, siyasət meydanında düşməni geri oturtmuşuq, təhlükəsizlik sferasında düşməni geri oturtmuşuq – son günlər baş verənlər təhlükəsizlik məsələləri idi, heç də xalq etirazları deyildi; təhlükəsizliyimizə yönəldilmiş məqsədli planlar idi, dəf olundu – müxtəli sferalarda düşməni geri oturtmuşuq. Allahın köməyi ilə, iqtisadi müharibədə də düşməni qəti şəkildə geri oturdacağıq.

Ümidvaram, Allah-taala sizə bol uğurlar nəsib edəcək. Ölkədə istehsalın inkişafı, bu sahədə görülən işlər barədə mənə verilən məlumatlara əsaslanaraq deyə bilərəm ki, inşallah, mən iqtisadiyyatımızın gələcəyini işıqlı görürəm. Belə ki, qeyd etdiyimiz kimi, iqtisadi problemlərin açarı istehsaldır, istehsalın rövnəqləndirilməsidir. İnşallah, bu yol günbəgün daha da aydınlanacaq, dostlarımız daha da böyük uğurlar qazanacaq. Əlhəmdulillah, mən vəziyyəti, üfüqlərimizi işıqlı görürəm. Yəni gözümün önündə olanlara, təcrübəmə və mənə verilən məlumatlara əsasən, üfüqlərimizin tam aydın olacağını düşünürəm.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

______________________

(1) Görüşün əvvəlində sahibkarlardan 10 nəfəri çıxış etmişlər 
(2) Cənab Mehdi Xosrovi
(3) Sədi Şirazi
(4) Kooperasiya, Əmək və Sosial Rifah Naziri cənab Məhəmməd Şəriətmədari də görüşdə iştirak edir
(5) Hökumət rəsmiləri ilə görüş (24.02.1398)
(6) Görüş iştirakçıları gülürlər