Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin hökumət rəsmiləri və “İslami vəhdət” Konfransında iştirak edən qonaqlarla görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین

Əziz İslam peyğəmbərinin (s) və Həzrət İmam Sadiqin (ə) əzəmətli mövludlarının ildönümü  münasibətilə hamınızı təbrik edirəm. Bu günün əzəməti İslam peyğəmbərinin (s) dünyaya gəlişinin əzəməti qədərdir. Bu günün, eləcə də bu qəbildən olan digər günlərin qədrini bilmək lazımdır. Böyük İslam Peyğəmbəri Allah-taalanın yaratdığı insanların içərisində ən üstün olanıdır. İslam peyğəmbəri (s) tarix boyu gəlib-keçmiş bütün peyğəmbər və övliyalardan, bütün yaradılmışlardan daha üstün, daha yüksəkdə və daha əzəmətlidir. Şair deyir:

فاق النّبیّین فی خَلق و فی خُلُق
و لم یدانوه فی علم و لا کرم
و کلّهم من رسول الله ملتمس
غرفاً من البحر او رشفاً من الدّیم

 – bizim Peyğəmbərimiz həm hüsni-camalına, həm də əxlaqına görə bütün peyğəmbərlərdən üstündür. Onlar hətta elm və kərəmdə də ona çata bilməzlər. Bütün peyğəmbərlər o Həzrətin (s) sonsuz elm dəryasından, rəhmət yağışından bir damla içməyi diləyirlər.(1) 

Peyğəmbərin müqəddəs vücudu sözün əsl mənasında varlıq aləminin zirvəsi, imkan aləminin ən üstün nöqtəsidir. Quran özünü “nur” olaraq təqdim edir. Quranda onun özü barədə işlənən ifadələrdən biri də “nur” kəlməsidir:

قَد جٰاءَکُم مِنَ اللهِ نورٌ وَکِتٰبٌ مُبین

“Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi”. (“Maidə” surəsi, 15-ci ayə)

Quran nurdur. Nəql ounur ki, Həzrət Peyğəmbərin (s) xanımı Xədiceyi-Kübradan Peyğəmbər barədə soruşublar, cavabında buyurub:

(2) کان خُلقه القرآن

–  yəni o, təcəssüm etmiş Qurandır. Deməli, Peyğəmbər də nurdur. Nur insanı işıqlığa, aydınlığa çıxarır, ona həyat verir. Peyğəmbər də bəşər cəmiyyətinin aydınlığa çıxması və həyatı üçün bir vasitəçidir. Bu elə şeylərdir ki, bəşəriyyət onlara tədricən çatacaq. Sözün həqiqi mənasında Peyğəmbərin müqəddəs varlığı nurdur. O ərəb şairinin də dediyi kimi:

ولد الهدیٰ فالکائنات ضیاء

 – doğru yola hidayət edən şəxs doğuldu, kainata nur çiləndi.

Doğrudan da, belədir.

(3) و فم الزّمان تبسّم و ثناء

– zəmanənin dodağına təbəssüm və şükür qondu.

Allah eləsin ki, İslam dünyası bu cür olsun: Peyğəmbərin mövludu günündə İslam dünyasının dodaqlarında təbəssüm olsun, çöhrəsində qəm-kədər olmasın. Arzumuz budur.

Mən burada iki-üç məsələni qeyd etmişəm, onları demək istəyirəm. Onlardan biri Vəhdət həftəsi ilə bağlıdır. İran İslam Respublikasında biz bu həftəni, yəni rəbiül-əvvəl ayının 12-dən 17-nə qədər olan günləri “Vəhdət həftəsi” adlandırmışıq. Bu sırf hansısa həftəni əlamətdar bir tarix kimi adlandırmaq deyil. Həmçinin bir siyasi, taktiki addım da deyil. Bu, ürəkdən gələn iman və etiqaddır. İslam Respublikası sözün həqiqi mənasında inanır ki, İslam ümməti bir olmalı, vəhdət ideyası ətrafında birləşməlidir. Bunun tarixi keçmişi də var; yəni bu təkcə bizə, İslam Respublikasının dövrünə aid bir şey deyil. Bizim gənclik dövrümüzdə bütün şiə dünyasının böyük mərcə-təqlidi olan mərhum Ayətullah Burucerdi müsəlman vəhdətinin, İslam məzhəblərinin bir-birinə yaxınlaşdırılmasının ciddi tərəfdarı idi. İslam dünyasının və əhli-sünnənin böyük alimləri ilə söhbətləri olurdu. Bu bir etiqaddır; ürəkdən gələn, dərin bir etiqad. Bəziləri elə güman edir, yaxud məsələni belə qələmə verirlər ki, bu bir siyasi taktikadır. Xeyr, belə deyil, bu, ürəkdən gələn inamdır. Biz buna inanırıq və inanırıq ki, Allah-taala bunu bizdən istəyib. 

Əlbəttə ki, vəhdətin də mərtəbələri var. İslam dünyasının vəhdətinin müxtəlif mərtəbələri var. Ən aşağı mərtəbəsi budur ki, müsəlman toplumları, müsəlman ölkələri, müsəlman dövlətləri, İslam dininə etiqad edən etnos və məzhəblər bir-birinin əleyhinə iş görməsinlər, bir-biri ilə konfliktə girib bir-birinə zərbə vurmasınlar. Birinci addım budur. Əlbəttə, bundan da yuxarı səviyyəsi var, o da budur ki, müsəlmanlar bir-birinə zərbə vurmamaqdan əlavə, müştərək düşmənə qarşı əl-ələ verib həqiqi mənada və kafi sayılacaq qədər birlik də nümayiş etdirsinlər, bir-birini müdafiə etsinlər. Bu da daha yüksək mərtəbəyə atılan bir addımdır. Bundan da yuxarısı odur ki, müsəlman ölkələri, müsəlman xalqları arasında səmərəli əməkdaşlıq olsun. Müsəlman ölkələri elmi inkişaf, resurslar, təhlükəsizlik və siyasi güc baxımından eyni səviyyədə olmadıqlarına görə bir-birinə kömək edə, imkanlarını səmərəli surətdə birləşdirə bilərlər, bu və ya digər sahədə daha yüksək səviyyədə olanlar aşağı olanlara əl tuta bilərlər. Bu da vəhdətin bir mərhələsidir. Bundan da yüksək səviyyə isə budur ki, bütün İslam dünyası yeni İslam sivilizasiyasına yetişmək üçün bir ola. İslam Respublikasının son hədəfi budur: İslam sivilizasiyasına yetişmək. İntəhası müasir dövrə uyğun, yeni İslam sivilizasiyasına. Müsəlman birliyinin mərtəbələri bunlardır. 

İndi baxın, bu mərtəbələrin ən aşağısı nə idi? Bu  idi ki, müsəlman ölkələri bir-biri ilə konfliktə girməsinlər və müştərək düşmənə qarşı bir-birinin yanında olsunlar. Əgər biz bu gün buna riayət etsəydik, İslam dünyasında bir bu qədər müsibətlər olmazdı. Bu gün İslam dünyasının ən böyük müsibəti Fələstin məsələsidir, belə ki bütöv bir xalqı öz vətənindən, yurd yuvasından çıxarıblar, kimlərisə gətirib orada məskunlaşdırıblar, gəlmələr oranın ağası olub, ev yiyələri isə müxtəlif təzyiqlərə məruz qalır. Qəzzanın vəziyyətini, sionistlərin törətdiyi cinayətləri, bu tərəfdən Fələstinin, İordan çayının qərb sahillərindəki bölgənin vəziyyətini özünüz görürsünüz. Əgər İslam dünyası elə ilk mərhələlərdə möhkəm birləşməyi vacib bilsəydi, bu olaylar baş verməzdi, düşmən bu işi görməyə cürət etməzdi. Görün İslam dünyasında necə hadisələr, necə qanlı konfliktlər baş verib! Yəməndə, qərb bölgəsində, Şimali Afrikada cürbəcür olaylar baş verdi. Hamısı ona görədir ki, biz öz aramızda dinimizin bizdən istədiyi vəhdətin ən aşağı həddinə belə diqqət yetirməmişik. Bu çox ağır bir məsuliyyətdir. Mən bunu ziyalılara, aydın təfəkkürlü insanlara xitabən deyirəm. Əlhəmdulillah, İslam dünyasında dərin təfəkkür sahibi olan görkəmli şəxsiyyətlər çoxdur. Onlar bu məsələni ciddi surətdə diqqətdə saxlamalıdırlar. Gənclər, müsəlman xalqlar vəhdətə, bir olmağa maraq göstərirlər, amma ortada bəzi təfriqəçi əllər var ki, onlara qarşı mübarizə aparmaq lazımdır. Bu gün İslam dünyasında Şimali Afrikadan tutmuş Şərqi Asiyaya, Myanmara qədər müsəlmanlar təzyiq altındadırlar. İslam dünyasının şərqində və qərbində müsəlmanlar təzyiqlərə məruz qalır.

Fələstinlə bağlı bunu deyim: Fələstin məsələsində bizim mövqeyimiz prinsipial bir mövqedir; qəti və prinsipial. Hələ İslam İnqilabı qələbə çalmamışdan qabaq, inqilabi hərəkatın əvvəllərində dahi liderimiz İmam Xomeyni sionistlərin regiona nüfuz etməsinin, müdaxiləsinin, törədə biləcəyi zülmlərin böyük təhlükə yaratdığını açıqlamışdı. Elə inqilabın əvvəlindən də biz bu mvöqeyi tutduq. İslam Respublikasının ilk işi paytaxt Tehranda keçmiş rejimin dövründən qalmış sionist mərkəzini onların əlindən alıb fələstinlilərə vermək oldu. Sionistlər oradan çıxarıldı. Bu, real və eyni zamanda simvolik bir addım idi və bu günə qədər də biz öz mövqeyimizdə qalmışıq. Biz Fələstini dəstəklədik, fələstinlilərə yardım etdik, yenə də yardım edirik və bu məsələdə heç bir şəkildə kimi və ya nəyisə nəzərə almaq, kiməsə üzgörənlik etmək niyyətimiz yoxdur. Bütün İslam dünyası Fələstinə kömək etməlidir.

Mərhum İmam Xomeyninin və İslam Respublikasının digər rəsmilərinin bəyanatlarında dəfələrlə İsrail dövlətinin məhvinin vacib olduğu vurğulanıb. Düşmənlər bunu mənfi mənalandırırlar. İsrail dövlətinin məhvi yəhudi xalqının məhvi demək deyil – bizim onlarla heç bir işimiz yoxdur – biz o hökumətin, o qondarma rejimin məhv olmasını diləyirik. “Məhv olsun İsrail!” deyərkən biz bunu nəzərdə tuturuq ki, qoy o torpağın həqiqi sahibi olan fələstinlilər – istər müsəlmanlar olsun, istər xristianlar, istərsə də yəhudilər – öz dövlətlərinin əsl sahibini özləri seçsinlər. Yadları, Netanyahu kimi alçaq və əyyaşları – hansılar ki, həqiqətən də, alçaqdırlar – öz aralarından rədd eləsinlər, qovsunlar, ölkəni özləri idarə etsinlər. İsrailin məhvi bu deməkdir və bu, olacaq. Bəziləri bunu reallıqdan uzaq hesab edir, 70 ildən sonra Fələstinin öz müstəqilliyinə qovuşmasının necə mümkün ola biləcəyini deyirlər. Balkan ölkələri və bəzi digər ölkələr də 60-70 il yadların hakimiyyəti altında olduqdan sonra müstəqillik qazanıb, öz xalqlarına geri qaytarılıb. Reallıqdan uzaq-filan deyil;

وَ ما ذٰلِکَ عَلَی اللهِ بِعَزیز

“Bu, Allah üçün heç də çətin deyil!” (“İbrahim” surəsi, 20-ci ayə)

Bu, baş verəcək! Biz Fələstin xalqının tərəfindəyik, Fələstinin müstəqilliyinin tərəfdarıyıq, Fələstinin qurtuluşunu arzu edirik. Biz antisemitist deyilik. Bizim öz ölkəmizdə də yəhudilər var və onlar tam təhlükəsiz şəraitdə yaşayırlar. Bu, bir məqam.

Növbəti məqam isə budur ki, biz bir olmaq istəyir, vəhdətə can atırıqsa, bilməliyik ki, bu ideyanın, bu arzunun qatı düşmənləri də var. Hazırkı dövrdə, təbii ki, o düşmənlərin başında ABŞ və qondarma İsrail rejimi gəlir. Bunlar müsəlman birliyinin düşmənləridir. Amerika təkcə İslam Respublikasına düşmən deyil. Bəziləri elə bilirlər ki, dava ancaq Amerika ilə İslam Respublikasının arasındadır. Doğrudur, İslam Respublikası fəal olduğuna görə düşmənçilik daha çox ona qarşı yönəlir, amma onlar bütün İslam dünyasına, müsəlman ölkələrinə düşməndirlər. Fələstinə düşməndirlər, Qərbi Asiya xalqlarına düşməndirlər, Şimali Afrika xalqlarına düşməndirlər – bütün müsəlmanlara düşməndirlər. Bu düşmənçiliyin səbəbi də İslamın mahiyyətindədir. Ona görə ki İslam dini zülmə, imperializmə, müstəmləkəçiliyə qarşıdır. Müstəmləkə sistemi (hazırda bu sistemin başında Amerika durur; bir vaxtlar İngiltərə, yaxud başqaları idi, amma hazırda Amerikadır) İslamın məntiqinə, İslamın mahiyyətinə, İslamın mənasına qarşıdır. Əlbəttə, İslam Respublikasının daha çox əleyhinədirlər, amma Səudiyyənin də əleyhinədirlər. Bəziləri elə güman edirlər ki, amerikalılar İslam Respublikasına düşmən, Səudiyyə hökumətinə isə dostdurlar.  Xeyr, onlara da düşməndirlər. Amerikanın açıq-aşkar: “Səudiyyəlilərin puldan başqa heç nəyi yoxdur”, – deməyi düşmənçilik deyilmi?! Bu nə deməkdir? O deməkdir ki, pulları var, gərək gedib o pulu talayaq! Bir ölkəyə, bir xalqa qarşı bundan da böyük düşmənçilik ola bilərmi?! Yaxşı, dərk etsinlər də! Qarşılarındakı bu düşmənçiliyi dərk etməlidir. Dərk etməlidir ki, bu düşmənçiliyin qarşısında şərəfli bir insanın vəzifəsi nədir, müsəlman şərəfi, müsəlman qeyrəti, ərəb qeyrəti belə bir təhqirin qarşısında hansı davranışı tələb edir? Öhdələrinə düşən vəzifəni dərk etsinlər; amma dərk etmirlər. Bunlar hamıya düşməndirlər.

Amerikanın regionumuzda iştirakı şər və fəsaddan başqa heç bir şeylə nəticələnməyib. Bu regiona ayaq basdıqları gündən özləri ilə şər və fəsad gətiriblər. Hara addım atırlarsa, ya asayiş və təhlükəsizlik pozulur, ya vətəndaş müharibəsi düşür, ya da İŞİD kimi əməllər ortaya çıxır. Biz Amerikanın əsl simasının üzə çıxmasını istəyirik. Qoy müsəlman xalqları görsünlər ki, Amerikanın əsl siması necədir, Amerika kimdir, üzdə özlərini demokratiya, insan haqlarının tərəfdarı kimi göstərmələrinin və sair bu cür yalan, nifaq mənbəyi olan iddialarının arxasında nələr durur. Xalqlar bunu dərk etməlidir.

Bizim fikrimizcə – və biz İslam Respublikası olaraq bunu çox yaxşı dərk edirik ki – Amerikanın bu regionda əsas silahı qərar qəbul edən strateji mərkəzlərə nüfuz etmək, ikitirəlik yaratmaq, milli əzmi sarsıtmaq, ayrı-ayrı xalqların  daxilində, xalqlarla dövlətlər arasında etimadsızlıq yaratmaq, həlledici qərarlar qəbul edən fiqurların hesablamalarına təsir göstərmək, onlarda belə bir fikir formalaşdırmaqdır ki, guya bütün problemlərin yeganə həlli yolu Amerikanın qoltuğuna sığınmaq, Amerikaya təslim olmaq, onun dediyi ilə oturub-durmaq, hər sözünü qeyd-şərtsiz qəbul etməkdir.  Müsəlman ölkələri və xalqlarının qərar verən beyinlərinə bu düşüncəni aşılamaq istəyirlər. Onların silahı budur, bu isə çox ağır, hərbi silahlardan qat-qat təhlükəli bir silahdır. Bunların əməllərinə nəzər salanda, həqiqətən də, Quranda haqqında danışılan o nifaqı müşahidə etmək olur:

کَیفَ وَ اِن یَظهَروا عَلَیکُم لا یَرقُبوا فیکُم اِلًّا وَ لاذِمَّةً یُرضونَکُم بِاَفواهِهِم وَتَأبی قُلوبُهُم

“(Bəli, onların əhdinə) necə (etimad bəslənə bilər)? Belə ki əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki ürəkləri imtina edir”. (“Tövbə” surəsi, 8-ci ayə)

Onlar belədirlər. Allah-taala öz müqəddəs kitabında onları bu cür xarakterizə edir.

Mənim vurğulamaq istədiyim növbəti məqam isə budur ki, bu düşmənçiliyin yalnız bir çarəsi var:

فَاستَقِم کـَما اُمِرتَ

 –  müqavimət göstərmək. Allah-taala problem və çətinliklərlə üzləşən Peyğəmbərinə belə buyurur:

فَاستَقِم کـَما اُمِرتَ وَ مَن تابَ مَعَک

“Odur ki sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar)”. (“Hud” surəsi, 112-ci ayədən)

Möhkəm durub müqavimət göstərmək lazımdır. Əlbəttə, müqavimət göstərməyin çətinlikləri də var, asan bir iş deyil, amma təslim olmağın çətinlikləri daha çoxdur. Fərqi də budur ki, müqavimət yolunda qarşılaşdığınız çətinliklərə görə Allah-taala sizə əcr və mükafat verəcək:

ذٰلِکَ بِاَنَّهُم لا یُصیبُ‌هُم ظَمَاٌ وَ لا نَصَبٌ وَلا مَخمَصَةٌ فی سَبیلِ ‌اللهِ‌ وَلایَطَئونَ مَوطِئًا یَغیظُ الکُفّارَ وَ لا یَنالونَ مِن عَدُوٍّ نَیلًا اِلّا کُتِبَ لَهُم بِه عَمَلٌ صٰلِح

“Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, onlar kafirlərin qəzəbinə səbəb olan elə bir yerə ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun!” (“Tövbə” surəsi, 120-ci ayə)

Qatlaşdığınız hər bir çətinlik bir saleh əməldir. Halbuki düşmənə təslim olduğunuz zaman qatlaşacağınız çətinliklərin Allah yanında heç bir mükafatı da olmayacaq, üstəlik zülmə boyun əyməyin cəzası olacaq. Quran belə göstəriş verir: nə zülm edin, nə də zülmə boyun əyin.

Və saleh əməl barədə son olaraq qeyd etmək istədiyim məqam: Quran buyurur:

کُتِبَ  لَهُم بِه عَمَلٌ صٰلِح

“(Allah yolunda möminlərə elə bir çətinlik, müsibət və bəla üz verməz ki) bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun!”  (“Tövbə” surəsi, 120-ci ayədən) 

Demək istəyirəm ki, müasir dünyada ölkələrin və xalqların siyasi, mədəni və iqtisadi müstəqilliyi, inkişafı, İslam ümmətinin birlik, həmrəylik və iqtidarı, İslam aləmində elmin vüsət alması, müsəlman gənclərin inkişaf etdirilməsi istiqamətində atılan hər bir addım, deyilən hər bir söz saleh əməldir, Allah yanında mükafatı olan savab və gözəl işdir. Bu gün siz elm sahəsində fəaliyyət göstərirsinizsə, araşdırmalarla məşğulsunuzsa, nüvə enerjisi ilə bağlı elmi tədqiqatlar həyata keçirirsinizsə, bunun özü saleh əməldir. Xalqların nüvə enerjisinə ehtiyacı var. Gələcəkdə bütün xalqların nüvə enerjisindən dinc məqsədlərlə istifadə etməyə ehtiyacı olacaq. Qərbin inhisarçı gücləri bu texnologiyanı öz əllərində saxlayıb, xalqlara bu elmi biliklərdən onların şərəfinə, müstəqilliyinə qarşılıq olaraq  damcı-damcı vermək niyyətindədirlər. Məhz buna görə də İslam Respublikasında nüvə fəaliyyətlərinin həyata keçirilməsinə qarşıdırlar. Yoxsa onlar özləri də çox yaxşı bilirlər ki, dini əqidəmizə, ideoloji prinsiplərimizə əsasən, bizim nüvə silahı əldə etmək niyyətimiz yoxdur, bunun əleyhinəyik. Onlar istəyirlər ki, bu elmi biliklər, bu sənaye, bu imkan özlərindən başqa heç kimdə olmasın. Bizə də, başqalarına da bu münasibəti bəsləyirlər. “Gəlin bizdən alın, özünüz uranın zənginləşdirilməsi ilə məşğul olmayın”, – deyirlər. Bu güc və imkanın əldə olunması yolunda atılan hər bir addım saleh əməldir. İqtisadiyyat sahəsində həyata keçirilən istənilən önəmli iş saleh əməldir. Camaata, zəif və yoxsul təbəqəyə yardım etmək məqsədilə görülən hər bir iş saleh əməldir. Həqiqətlərin təbliği, illüziyaların dağıdılması yolunda atılan hər bir addım saleh əməldir. 

Əlhəmdulillah, Vəhdət həftəsi çərçivəsində bu gün burada İslam dünyasının bir çox din alimləri və ziyalıları iştirak edir. Aranızda din alimləri də var, digər ziyalılar da var. Gör bu gün saleh əməllər etmək üçün sizin qarşınızda necə geniş bir meydan açılıb! Siz nə qədər saleh əməllər edə bilərsiniz! Yazın, kitablarınızla, məqalələrinizlə çıxış edin, haqqı müdafiə edin, sinənizi sipər edin, düşməndənsə qorxmayın. Quran buyurur: 

اَّلَّذینَ یُبَلِّغونَ رِسالٰتِ اللهِ وَ یَخشَونَه وَ لا یَخشَونَ اَحَدًا اِلَّا اللهَ وَ کَفیٰ بِاللهِ حَسیبًا

“O peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir”. (“Əhzab” surəsi, 39-cu ayədən)

Haqq-hesabı da Allaha aiddir, Alla-taala özü haqq-hesab edib saleh əməllərinizin əcrini verəcək. Mən sizə deyirəm ki, Allahın köməyi və lütfü sayəsində, İslam dünyası yaxın gələcəkdə bir gün bütün bu arzuların tamamilə reallaşdığının şahidi olacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) Şərəfəddin Busiri, “Qəsideyi-borde” 
(2) “Şərhi-Nəhcül-bəlağə”, İbn Əbilhədid, c.6, səh. 340
(3) Əhməd Şövqi, şeirlər divanı (“Əş-şövqiyat”)