Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Ərbəin zəvvarlarını öz evlərində qonaqlayan sadə İraq vətəndaşlarından bir qrupu ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی‌القاسم المصطفیٰ محمّد  و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین

Əziz qardaşlar, çox xoş gəlmisiniz. Bugünkü görüşümüz mənim üçün yaddaqalan və tarixi bir görüşdür. Burada söylənən fikirlər, oxunan şeir və mərsiyələr hər biri Kərbəla hadisəsinin və Hüseyn ibn Əlinin (ə) əzəmətindən xəbər verən bir nişanədir; xeyli bəhrələndik. Ümidvarıq, bu səfərinizdə siz əziz qardaşlarımız özünüzü öz evinizdəki kimi, öz qardaşlarınızın arasında imiş kimi hiss edəcəksiniz. Mən burada bir neçə cümlə ilə özüm üçün qeyd götürmüşəm, həmin məqamları sizin diqqətinizə çatdırmaq istəyirəm.

Əvvəla təşəkkür etmək istəyirəm; özümün və böyük İran xalqının adından həm Ərbəbin günlərində zəvvarları öz evlərində sonsuz böyüklük, rəhmət və sevgi ilə qonaqlayan sizlərə, həm bütövlükdə böyük İraq xalqına, həm zəvvarların rahat və təhlükəsiz ziyarətini təmin edən İraq dövlətinin rəsmilərinə, həm də ziyarət günlərində camaat arasında, iki xalq arasında qardaşlıq atmosferinin hökm sürməsində böyük rolu olan İraq alimlərinə, mərcə-təqlidlərə səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Həqiqətən də, təşəkkür etməyin yeri var. Sizin yol boyu Hüseyn (ə) zəvvarlarına göstərdiyiniz münasibət, onlara qarşı necə hörmətlə davranmağınız barədə bizə çox danışıblar; bunlar misilsiz faktlardır. Müasir dünyada belə bir şey yoxdur. Ərbəin yürüşü özü tarixdə misilsiz bir təzahür olduğu kimi, sizin bu xeyirxah və lütfkar davranışınız da, həqiqətən, misilsizdir. Siz öz hərəkətləriniz, öz davranışınızla müsəlman böyüklüyünü, ərəb böyüklüyünü nümayiş etdirirsiniz və bunlar hamısı Seyyidüş-şühədanın, Hüseyn ibn Əlinin eşqi naminədir. Siz İmam Hüseynə olan eşqinizdən onun zəvvarlarının ayağını yuyur, bərk yorğun olduqları vaxtlarda onlara yardım edir, istirahət etmələri üçün şərait yaradır və yemək verirsiniz. Bütün bunları o insanlar İmam Hüseyni (ə) ziyarətə gəldikləri üçün edirsiniz. Hüseyn ibn Əliyə olan bu eşq müstəsna bir təzahürdür. Heç vaxt heç bir yerdə belə bir şey olmayıb və yoxdur da. Ümidvarıq, Allah-taala bu eşqi sizin və bizim qəlblərimizdə günbəgün daha da artıracaq.

Əlbəttə, sizin bu işlər üçün özünüzdə mənəvi güc tapmağınız da Allah-taalanın sizə qarşı bir rəhmətidir. Sizin İmam Hüseynin (ə) qonaqlarını öz evinizdə qəbul etmək üçün özünüzdə güc və təpər tapmağınız çox dəyərlidir. Bu, Allahın nemətidir, rəhmətidir, bunun da qədrini bilmək lazımdır və mən əminəm ki, siz bunun qədrini bilirsiniz.

İkincisi növbədə isə mən Ərbəin yürüşünün özü barədə danışmaq istəyirəm. Bu, həqiqətən də, misilsiz bir hadisədir. Nəinki təkcə bizim dövrümüzdə, hətta tarixdə belə, hər il insanların bu cür böyük kütlə ilə bir araya gəlməsinə, belə bir genişmiqyaslı hərəkatın həyata keçirilməsinə, hər növbəti il də əvvəlki ildən daha böyük izdihamın yaşanmasına rast gəlinməyib; bunun tayı-bərabəri yoxdur. Hüseyn (ə) uğrunda həyata keçirilən bu hərəkatın Hüseynin tanıtdırılmasında rolu böyükdür. Bir qayda olaraq hər il Nəcəflə Kərbəla arasında təşkil olunan bu yürüş sayəsində Ərbəin beynəlxalq miqyasda diqqət çəkdi. Dünya xalqlarının nəzərləri bu hərəkata yönəldi. Bu möhtəşəm xalq hərəkatı sayəsində İmam Hüseyn (ə), Hüseyn maarifi beynəlxalq, qlobal miqyasda tanındı.

Bu gün bizim Hüseyn ibn Əlini dünyaya tanıtmağa ehtiyacımız var. Zülm, fəsad, günah və alçaqlığa düçar olmuş dünyanın Hüseynin azadlıq və hürriyyət ideyalarına ehtiyacı var. Bu gün dünya xalqları, dünya gəncləri, qərəzsiz xalqlar belə bir həqiqətə can atır. İmam Hüseynin (ə) dünyaya tanıtdırılması İslam dininin, Quranın dünyaya tanıtdırılması deməkdir. Bu gün İslamın və İslam təlimlərinin əleyhinə yüzlərlə vasitə ilə təbliğat aparılır. Hüseyni tanıtma hərəkatı küfr və imperializm cəbhəsinin bu düşmənçi davranışlarının qarşısında vahid bir orqanizm kimi çıxış edərək sinəsini sipər edə, İslamın, Quranın həqiqətlərini dünyaya çatdıra bilər. Hüseyn ibn Əlinin məntiqi haqqı müdafiə məntiqidir, zülmə, azğınlığa, imperializmə qarşı durmaq məntiqidir. İmam Hüseynin məntiqi budur. Bu gün dünyanın bu məntiqə ehtiyacı var; bu gün dünya küfr, imperializm və fəsadın hökmranlığına, zülmün hökumətinə şahidlik edir. İmam Hüseynin (ə) verdiyi mesajlar dünyanın qurtuluş mesajlarıdır. Möhtəşəm Ərbəin hərəkatı bu mesajları dünyaya yayır. Allahın lütf və köməyi ilə, bu hərəkat günbəgün daha da güclənməlidir.

Ərbəin bütün dünyaya yayılıb və daha da yayılacaq. Hüseyn ibn Əlinin qanı 1400 il sonra yenidən coşur, günbəgün daha da təzələnir, canlanır. Əba Əbdillahın və Zeynəbi-Kübranın (s.ə) dodaqlarından qərib diyarda, tənhalıq içində qopan Aşura mesajı bu gün bütün dünyanı bürüyüb, bürüməkdədir. Hüseyn (ə) bütün bəşəriyyətindir. Biz şiələr Hüseyn (ə) ardıcılı olduğumuz üçün fəxr edirik, amma İmam Hüseyn (ə) təkcə bizə aid deyil. İslam məzhəbləri – şiələr də, sünnilər də İmam Hüseynin (ə) bayrağı altındadırlar. Bu möhtəşəm yürüşdə hətta İslam dininə etiqad etməyən insanlar da iştirak edirlər və bu, inşallah, silsilə şəklində davam edəcək. Bu, Allahın göstərdiyi böyük bir möcüzədir. İslamın düşmənlərinin min bir vasitə ilə – pul gücünə, siyasətlə, silahla müsəlman ümmətinin əleyhinə iş apardığı bir dövrdə birdən-birə Allah-taala Ərbəin yürüşü kimi bir hadisəni bu cür möhtəşəm, əzəmətli bir şəkildə ortaya çıxardı. Bu, Allahın ən böyük möcüzəsidir, bu, Allahın müsəlman ümmətinin qələbəsini dəstəkləmə istəyinin nişanəsidir, bu onu göstərir ki, Allah-taala İslam ümmətinin qələbə qazanmasını istəyir.  

Əziz qardaşlar, mənim sizin diqqətinizə çatdırmaq istədiyim üçüncü məqam isə budur ki, sizli-bizli hamımız əlimizdən gəldiyi qədər bu mərasimin mənəvi cəhətdən daha tutumlu olması üçün çalışmalıyıq. Bu mərasimin məna və məzmununu günbəgün daha da artırmalıyıq. Yeni ideyalar irəli sürməyi bacaran insanlar, mədəniyyət xadimləri, bu sahədə çalışan vəzifəli şəxslər bu möhtəşəm hərəkat üçün proqram işləyib hazırlasınlar. Bu gün hər bir müsəlmanın hədəfi yeni İslam sivilizasiyası yaratmaq olmalıdır; bu gün biz bunu istəyirik. Müsəlman xalqları böyük potensiala malikdirlər. Bu potensialdan istifadə olunsa, müsəlman ümməti hörmət və nüfuzun zirvəsinə yüksələr. Biz məhz bu barədə düşünməliyik. Böyük İslam sivilizasiyası yaratmaq bizim son hədəfimizdir. 

Həmd olsun Allaha, bu gün müsəlman xalqları oyanıblar. İraq xalqı böyük, nüfuzlu, mədəni, əzmkar və iradəli bir xalqdır. Son bir neçə ildə baş verən proseslər zamanı İraq gəncləri məkrli qlobal siyasətlərin qarşısında öz xalqını və ölkəsini qorumaq iqtidarında olduqlarını nümayiş etdirdilər. Bu, çox dəyərlidir. İraq gəncləri ölkə daxilində vətəndaş müharibəsinə səbəb ola biləcək ən böyük məkrli planı aradan qaldırıb yox etməyi bacardılar. İŞİD və təkfirçilik heç də kiçik bir plan deyildi. Köklü bir ərəb və müsəlman ölkəsi olan İraqı vətəndaş müharibəsi meydanına çevirmək, şiə və sünniləri bir-birinin canına salmaq üçün pullar xərclənmiş, planlar cızılmışdı. İraq gəncləri İraqın böyük mərcə-təqlidlərinin fətvası ilə bu məkrli planın qarşısında sinələrini sipər edərək onu neytrallaşdırmağı bacardılar. Bu, balaca bir iş deyildi. Böyük İraq xalqı öz ölkəsini nüfuzun zirvəsinə yetirə bilər. Bu potensiallar üzə çıxarılmalı, reallaşdırılmalıdır. Müsəlman ölkələrinin – İraqın, İranın, Qərbi Asiya və Şimali Afrika regionlarının digər ölkələrinin potensialı bir yerə cəmlənsə, bir araya gətirilsə, bu əllər bir-birindən möhkəm-möhkəm yapışsa, İslam ümməti ilahi izzət və nüfuzun nə demək olduğunu göstərər, böyük İslam sivilizasiyasını dünya ictimaiyyətinə nümayiş etdirər. Bizim hədəfimiz bu olmalıdır və Ərbəin yürüşü bu hədəfin reallaşdırılması üçün effektiv bir vasitə ola bilər. 

Ərbəin yürüşündə onlarla ölkədən insanlar iştirak edir, İraq xalqının qonağı olurlar. Bu yürüşün fonunda müsəlmanlar arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinə, artmasına çalışmalıyıq. İraqlılar və qeyri-iraqlılar, sünni və şiələr, ərəb, fars, kürd və türklər arasında möhkəm bağların mövcud olması onların səadət və xoşbəxtliyinə yol açacaq. Bu bağlar Allahın mərhəmət nişanələridir. Düşmən konflikt yaratmağa çalışır, amma bunu bacarmayıb, Allahın köməyi ilə, bundan sonra da bacarmayacaq. Biz – İran və İraq xalqları bir-birinə sıx bağlı olan iki xalqıq. Biz canımız, qanımız və ruhumuzla bir-birinə bağlıyıq. Bu bağlılığı yaradansa Allaha iman və Əhli-Beytə (ə) sevgidir, Hüseyn ibn Əliyə (ə) olan sevgimizdir. İnşallah, bu günbəgün daha da artacaq. Düşmənlər əlbir olub cürbəcür məkrli planlar cızırlar, amma bütün səyləri nəticəsiz qalacaq. İslam İnqilabının başladığı gündən bu günə qədər 40 ildir ki, Amerika və onun əlaltıları, muzdurları İslam Respublikasının əleyhinə plan cızır, işləyir, pul xərcləyir, təhdid edir, sanksiyalar qoyurlar. Lakin onlara göz dağı olaraq, bu 40 ildə İslam Respublikası körpə bir fidandan, Quranda da deyildiyi kimi:

(1) اَصلُها ثابِتٌ وَ فَرعُها فِی السَّماء

–  kökü yerdə möhkəm olub, qol-budağı göyə ucalan köklü-köməcli bir ağaca çevrilib. İnşallah, sizin Amerika və İsrailin, düşmənlərin, imperialistlərin əleyhinə səsləndirdiyiniz bu şüar (2) yaxın gələcəkdə gerçəkləşəcək. İnşallah, siz uğur qazanacaqsınız.

Mən bir daha sizə öz təşəkkürümü bildirirəm və demək istəyirəm ki, İran xalqı öz əziz iraqlı qardaşlarına, xüsusən də Ərbəin zəvvarlarını öz evində qonaqlayan sizlərə bütün varlığı ilə minnətdardır. Biz səmimi-qəlbdən sizə təşəkkür edirik və Mütənəbbinin aşağıdakı misralarını xatırlatmaq istəyirik:

(3) اذا انت اکرمت الکریم مَلَکْته

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_________________

(1) İbrahim surəsi, 24-cü ayə
(2) İştirakçılar ərəb dilində «Amerikaya ölüm!”, “İsrailə ölüm” şüarları səsləndirirlər. 
(3) Nəcib və böyük insanlara hörmət göstərsən, onlara sahib olarsan (həmişəlik sənə dost və arxa olarlar).