Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin həcc ziyarətindən öncə ölkə üzrə həcc təşkilatçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1) 

بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Xalqımıza lütf göstərib mənəvi dəstək olduğuna görə Allah-taalaya bütün varlığımızla şükürlər edirik. Belə ki ötən illərdə olduğu kimi, bu il də əziz İran xalqımız öz içindən bir qrup adamı həcc fərizəsini yerinə yetirmək üçün vəhy diyarına göndərərək İslam ümmətinin bu möhtəşəm toplantısına qatılacaq.

Siz – həcc ziyarətinin təşkilatçıları, az öncə çıxış edən cənabların da qeyd etdiyi kimi, Rəhman Allahın verdiyi ziyafətin xidmətçiləri gördüyünüz işin qədrini bilməlisiniz; sizin işiniz çox əhəmiyyətlidir, çünki həcc müstəsna bir fərizədir. Həcc ziyarətində başqa heç bir vacib əməldə olmayan bir sıra islami dəyərlər öz əksini tapır. Fərz buyurulmuş başqa heç bir ayində İslam dininin bir bu qədər təqdirəlayiq, vurğulanası xüsusiyyətləri yoxdur. Əslində, həcc ziyarəti üstün müsəlman toplumunun kiçik bir nümunəsi, bizim qarşıya məqsəd qoyduğumuz İslam sivilizasiyanın bir modelidir. İslam sivilizasiyası bəşəriyyətə belə bir toplum bəxş etməlidir. Yeni İslam sivilizasiyasında maddiyyatla paralel olan mənəviyyat, maddi həyatın inkişafı ilə yanaşı, mənəvi-əxlaqi, ruhi yüksəliş, itaətkarlıq, Yaradana dua və yalvarış var. Həcc belə bir sivilizasiyanın göstəricisidir.

Özünüzün də açıq-aydın müşahidə etdiyiniz kimi, həcc ziyarətində həm bəndəlik və itaətkarlığın nümayişi var – həcc əməlləri başdan-sona bəndəlikdir, təslimkarlıqdır, dua və yalvarışdır – həm də eyni zamanda bu yüzdə-yüz mənəvi əməllərlə yanaşı, həccin bir sosial aspekti də var ki, bu da vəhdətdən, qardaşlıqdan, harmoniyadan ibarətdir. Varlı-kasıb, müxtəlif irqlərin və millətlərin nümayəndələri birlikdə, eyni məqsəd və stimulla eyni ibadəti yerinə yetirirlər. Başqa harda belə bir şey görmək olar? Nə İslam dinində, nə də haqqında bildiyimiz digər dinlərin heç birində belə bir şey yoxdur. Eyni zamanda həcc  ziyarətinin özündə bir hərəkətverici amil də var. İbadətdir, lakin bu ibadətdə bir hərəkətlilik olduğunu görürsən; təvaf var, səy var, get-gəl var, lakin eyni zamanda birlikdəlik, bir arada olma da müşahidə olunur. Ərəfatda, Məşərül-həramda, yaxud Mina günlərində insanların heyrətamiz bir şəkildə toplanaraq bir arada olması İslamın sosial həyatının bir təzahürüdür. Həcc ziyarətində bütün bunlar var. Həcc ziyarəti əxlaqın nümayişidir:

فَلا رَفَثَ وَ لا فُسوقَ وَ لا جِدالَ فِی الحَجّ

“...həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz”. (“Bəqərə” surəsi, 197-ci ayə)

Ora qardaşlıq yeridir, əxlaq yeridir, güzəşt etmək yeridir, dava-dalaş etmək, höcətləşmək yeri deyil. Gördüyünüz kimi, həcc ziyarətində bu heyrətamiz dərəcədə konstruktiv və ibrətamiz elementlərin hamısı toplanıb. Həcc ziyarəti dinimizin bax belə bir vacib əməlidir.

Çox yanlış olan və bəzi diqqətiz insanların zaman-zaman dilə gətirdiyi fikirlərdən biri də budur ki, “həcci siyasiləşdirmək lazım deyil”. “Siyasiləşdirmək lazım deyil” nə deməkdir? Bizim həcdə siyasi cəhətdən təbliğ etməli oluğuqlarımız eynilə İslamın təlimləridir. Vəhdət yaratmaq siyasi xarakterli bir işdir, eyni zamanda bu, İslamın da əmridir, ibadətdir;

وَاعتَصِموا بِحَبلِ اللهِ جَمیعًا وَلا تَفَرَّقوا

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (“Ali-İmran” surəsi, 103-cü ayədən)

Həcc ziyarəti əsnasında biz məzlum Fələstin xalqına, yaxud İslam dünyasının Yəmən xalqı və digər bu kimi məzlum xalqlarına öz dəstəyimizi ifadə ediriksə, bu, siyasi xarakterli bir işdir, lakin İslam təlimləri ilə üst-üstə düşən bir siyasətdir. Məzlumu müdafiə etmək dinimizə görə vacib bir əməldir. Biz bu vacib əməli yerinə yetiririk. Və ya müşriklərə etiraz; biz bu məsələnin üzərində durur, bu mərasimləri israrla təşkil ediriksə –  inşallah, hər il daha da yükək səviyyədə keçirmək lazımdır –  bunu ona görə edirik ki, bu, İslamın vacib bildiyi bir əməldir.

أَنَّ اللَّهَ بَریءٌ مِنَ المُشرِکینَ وَ رَسولُه

“Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur”. (“Tövbə” surəsi, 3-cü ayədən)

Möminlər də müşriklərdən uzaqdır.

إِنَّا بُرَآؤُا مِنکُم وَ مِمَّا تَعبُدُونَ مِن دُونِ اللَّهِ کَفَرنا بِکُم وَ بَدا بَینَنا وَ بَینَکُمُ الْعَداوَةُ وَ الْبَغضاءُ أَبَداً حَتَّی تُؤمِنُوا بِاللَّهِ وَحدَهُ

“...bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” (“Mumtəhinə” surəsi, 4-cü ayədən)

Bütün bunlar dində var. Bəli, siyasətdir, həcc əməlində siyasi iş var, amma bu siyasi iş eynilə dinin insan üçün şəri vəzifə bildiyi bir şeydir, ibadətdir. Baxın, bunlar çox önəmli məqamlardır. Bəli, kimlərinsə bu qəbildən olan siyasi hərəkatları qadağan etməsi də siyasi bir addımdır, intəhası o, qeyri-dini siyasətdir, dinə zidd olan siyasətdir. Onların: “Həcdə Amerikaya gözün üstə qaşın var deməyə haqqınız yoxdur”, – deməsi də siyasi bir addımdır, intəhası şeytani bir siyasətdir, qeyri-islami mahiyyət daşıyan bir siyasi addımdır. Sizin orada istənilən müşrikə, İslama zidd olan istənilən qüvvəyə öz etirazınızı bildirməyiniz isə siyasi addımdır, lakin dinlə yüzdə-yüz üst-üstə düşən bir siyasətdir. Bu, dini siyasətdir. Bunlar həcc məsələsində bizim bilməli olduğumuz məqamlardır.

Həcc ziyarətində son dərəcə önəmli olan məsələlərdən biri də elə mehribanlıq və qardaşlıq məsələsidir. Bizə doğru yolu göstərən imamlarımızdan (ə) nəql edilən rəvayətlərdə dönə-dönə vurğulanır ki, Məscidül-həram, yaxud Məscidül-nəbidə şiə olmayanlarla birlikdə namaz qılın, onların namazına qoşulun, onlara iqtida edin. Bunlar bizim rəvayətlərimizdə var, imamlarımız (ə) bizi buna təşviq etmişlər. Ülfət budur, müsəlman qardaşlar arasında mehribanlıq yaratmaq budur. Eşitdiyimə görə, bəziləri avtobusların durduğu yerdə, otellərdə və digər məkanlarda camaat namazı qılmağa çalışırlar. Bu, düzgün bir metod, doğru bir siyasət deyil. Qoy camaata qarışsınlar, Məscidül-həramdakı digər müsəlmanlara, Məscidül-nəbidə namaz qılan insanların sıralarına qoşulsunlar. Müsəlmanlardan ibarət böyük kütlələrlə İslam ümmətinin formalaşdırılması həcc ziyarətinin özündə ehtiva etdiyi nüanslardan biridir.

İranlı zəvvarların diqqət yetirməli olduğu mühüm məsələlərdən biri də budur ki, İrandan həcc ziyarətinə gedən şəxs İran İslam Respublikasına, İran xalqına, iranlı kimliyinə hörmət və nüfuz qazandırmaq barədə unutmamalıdır;

(2) کونوا لَنا زَینا

– “Bizim bəzəyimiz olun”. İranlı hacının rəftar və davranışları İran xalqının yüksək ictimai keyfiyyətlərini nümayiş etdirməlidir; o istər öz yol yoldaşları ilə gündəlik münasibətdə vüqar, mətanət, ağıl və müdrikliklə davranmalı, istərsə də digər millətlərin, məzhəb və firqələrin nümayəndələrinə sevgi, məntiq və hörmətlə yanaşmalıdır. Bu, həqiqətən də, çox önəmlidir. Yenə də bizim imamlarımızdan (ə) nəql edilən hədislərdə şiələrə təkidlə tövsiyə olunur ki, başqa müsəlmanlarla ünsiyyətdə olduqları, danışdıqları zaman şiələrə hörmət və nüfuz qazandıracaq bir şəkildə davransınlar, onlarla bu şəkildə keçinməyə çalışsınlar.

Həcc ziyarətinin təşkil olunduğu o bölgələrdə – Məkkə, Mədinə və sairdə işlərə cavabdeh olan şəxslərin, yəni Səudiyyə dövlətinin də öhdəsinə ağır vəsifə və məsuliyyət düşür. Bu vəzifələr sırasına hacıların təhlükəsizliyinin, hörmət və ləyaqətinin qorunması da daxildir. Hacıların ləyaqətinin qorunması çox önəmlidir, onlar ilahi ziyafətin iştirakçılarıdır, Allah-taalanın qonaqlarıdır, bu insanların ehtiramı qorunmalıdır. Onların ləyaqətinə xələl gətirən, həcc zəvvarı üçün təhqir sayıla biləcək davranışlar hökmən aradan qaldırılmalıdır. Əlbəttə ki, polis rejimi yaratmaq lazım deyil; hacıların təhlükəsizliyini təmin etsinlər, amma polis rejimi yaratmasınlar. Həcdə rahat, yaxşı, sakit bir atmosfer olmalıdır. Məkkə, Mədinə və digər bölgələrdə olduqları müddətdə – aşağı-yuxarı bir ay ərzində – hacıların bir-birinə qarşı davranışı uyğun bir tərzdə olmalıdır.

Duaya, namaza, Allah qarşısında itaətkarlığa, Yaradana təvəssülə çox diqqət yetirin; Məscidül-həram və Məscidül-nəbidə olmaq adi bir insan üçün asanlıqla başa gəlməyən, həqiqətən də, çox dəyərli bir fürsətdir. Bu gün sizin üçün, eləcə də ölkəmizdən həcc ziyarətinə yola düşən o möhtərəm zəvvarlar üçün bu fürsət yaranıb, bu uğura nail olublar, bu yerə qədər gəlib çıxıblar. Məscideyndə (3) dua edib namaz qılmaq, Məscidül-həramı təvaf etmək, Allah dərgahına yalvarışlarla üz tutmaq – bütün bunları əldən buraxmamaq lazımdır. Düşüb bazarları gəzmək, orda-burda alış-veriş etmək İbrahim (ə) həccinin qədrini bilən, mömin bir zəvvara yaraşmaz.

Xülasə, həcc müstəsna və üstün bir fərizədir. Həclə bağlı ayə və rəvayətlər hamısı bunu göstərir ki, bu fərizənin onu yerinə yetirməyə müvəffəq olmuş insanlara fərdi və ictimai miqyasda müxtəlif öyrədici təsirləri olmalıdır. Sözün əsl mənasında bu əmrə itaət edib, bu böyük fərizəni laiqincə yerinə yetirmək istəyiriksə, bu məqamlara diqqət yetirməli və onlara riayət etməliyik.

Qeyd etdiyim kimi, Məscideyndə camaat namazlarına qatılmaq və dua etmək kimi, müşriklərə etiraz mərasimlərinin keçirilməsi də önəmli və lazımlı işlərdəndir.  Bir qayda olaraq, iranlı hacılar “Nüdbə” və “Kumeyl” dualarının oxunuşunu çox gözəl təşkil edirlər; çox yaxşı bir tədbirdir; inşallah, çalışın, bu il də keçirilsin. Çünki bu, ən gözəl məkanlarda birgə surətdə Allaha diqqət yönəltmək, dua və yalvarış etməkdir. Allahdan istəyin ki, İslam ümmətinin, müsəlman toplumlarının problem və çətinliklərini aradan qaldırsın, İslam dünyasının başından düşmənlərin şərini azaltsın.

Bu gün İslam dininin məhz az öncə qeyd etdiyim təlim və həqiqətləri İslam düşmənlərinin kəskin ədavəti ilə üzləşir. O imperialistlərin, Amerikanın düşmənçiliyi məhz İslamın o həqiqətlərinə yönəlib. Gördüyünüz kimi, müsəlman toplumlarına, İslamın üstünlük təşkil etdiyi regionlara müxtəlif mədəni, iqtisadi, siyasi və təhlükəsizlik sferalarında vəhşicəsinə hücumlar edirlər. Müsəlmanlar İslamın bu həqiqətlərini kənara qoyub, onlara oxşamağa, onlar kimi yaşamağa başlasalar, bu düşmənçiliklər ortadan qalxar. İslamın bu həqiqətlərinə düşməndirlər, çünki bu həqiqətlər onların zülmkar xislətinə ziddir. Siz itaətkarlıq və yalvarışla namaz qıldığınız zaman deyirsiniz:

اِیّاکَ نَعبُدُ وَ اِیّاکَ نَستَعین

“Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (“Həmd” surəsi, 5-ci ayə)

Yaradanın qarşısında itaətkarlıq nümayiş etdirib, Ona tamamilə təslim olduğunuzu ifadə edirsiniz, bu isə o deməkdir ki, Allahdan başqasının, maddi güclərin qarşısında itaətkar deyilsiniz, onlara təslim olmaq niyyətiniz yoxdur. Onların düşmənçiliyinin səbəbi, İslam ümmətininsə qələbə, inkişaf, xeyir və qurtuluşunun yolu budur. Məhz İslamın əsaslarına, İslam şəriətinə bağlılıq müsəlmanlara qurtuluş bəxş edə bilər.

Elə bizim öz ölkəmizdə, cəmiyyətimizdə bu, açıq-aydın hiss olunur ki, biz İslamın əsaslarına, dinimizin müəyyənləşdirdiyi hüdudlara harada və nə qədər çox bağlılıq nümayiş etdirmişiksə, Allah-taala bizə bir o qədər çox yardım edib, problemlərin öhdəsindən gələ bilmişik. Harda diqqətsizliyə yol verib qəflətə varmışıqsa, öz diqqətsizliyimizin zərbəsini almışıq. Və mən bu ölkənin, hətta İslam ümmətinin gələcəyi ilə bağlı bunu hiss və müşahidə edirəm ki, İslam dünyasının, İran xalqının və müsəlman ümmətinin vəhşi, yırtıcı xislətli və zalım düşmənləri sonda İslamın qarşısında diz çökməyə məcbur olacaqlar. Allahın köməyi ilə, gələcəkdə İslam dini və müsəlmanlar hörmət və nüfuza, müsəlman toplumları tərəqqi və inkişafa nail olacaq. Bu gələcək mütləqdir, intəhası çalışmaq lazımdır. Çalışıb-vuruşmadan, fədakarlıq etmədən, əl-ələ verib işləmədən heç bir məqsədə nail olmaq, heç bir şey əldə etmək mümkün deyil.

Ümidvarıq, Allah-taala hamımıza, bütün İran xalqına, dünyanın bütün müsəlmanlarına bu yolda əlimizdən gələni edərək Yaradanın nəsib etdiyi uğura nail olmaq üçün mənəvi dəstək olacaq, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

 ______________________

(1) Görüşün əvvəlində Vəli-fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi Seyid Əbdülfəttah Nəvvab, eləcə də Həcc və       Ziyarətlər Komitəsinin sədri cənab Əlirza Rəşidiyan məruzə ilə çıxış etmişlər
(2) Əmali Səduq, səh. 400
(3) Məscidül-həram və Məscidül-nəbi nəzərdə tutulur