Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin hökumət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1) 

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar və bacılar, möhtərəm görüş iştirakçıları, müsəlman ölkələrinin çox hörmətli səfirləri, hamınızı mübarək Fitr bayramı münasibətilə təbrik edirəm. Həmçinin bu bayram münasibətilə bütün İran xalqını təbrik edirəm. Bu böyük xalq, həqiqətən də, ehtirama, qarşısında baş əyilməsinə, bu bayram münasibətilə təbrik olunmağa layiqdir. Xalqımız dolğun məzmunlu, saf niyyətli, mənəvi cəhətdən yüksək səviyyədə köklənmiş bir ramazan ayı keçirdi və bugünkü bayram günündə də, ilahi mükafatı, Allahın rəhmətini və lütfkar nəzərini qazanacaqdır, inşallah. Həmçinin müsəlman ümmətini də təbrik edirəm.

İsrarla qeyd etmək istəyirəm ki, “müsəlman ümməti” ifadəsi, bu ifadənin daşıdığı məna və məzmun müsəlman xalqlarının hər bir nümayəndəsinin, xüsusilə də müsəlman hökumət rəsmilərinin təfəkküründə özünə yer etməli, ön plana keçməlidir. Çünki İslam dininin və müsəlmanların düşmənləri həmişə “müsəlman ümməti” anlayışının yaddaşlardan silinməsinə çalışıblar. Düşmənlər istəyiblər ki, biz onlarla müsəlman ölkəsində 1.5, 2 milyarda yaxın nümayəndəsi olan və vahid bir məcmu hesab edilən nəhəng bir toplumun tərkib hissəsi olduğumuzu unudaq. Təəssüf ki, düşmənlər buna müəyyən dərəcədə nail olublar da. Bu gün regionumuza nəzər salsanız, görərsiniz ki, qarşıdurmalar İslamla küfr, möminlərlə təcavüzkar qüvvələr arasında olmaq əvəzinə, müsəlmanların öz arasındadır. Xalqı müsəlman olsa da, başında sözün əsl mənasında dinsizlərin durduğu bir müsəlman ölkəsi qəsbkar sionist rejimi ilə düşmənçilik etmək əvəzinə, onun yanında durur, onun xeyrinə işləyir, onun xeyrinə fikir bildirir, onun xeyrinə şüarlar səsləndirir, bu azmış kimi, hələ hansısa müsəlman ölkəsi ilə mübarizə də aparır. Təəssüf ki, düşmənlər buna nail olublar, müsəlman ölkələri, din qardaşları arasında qarşıdurma, qırğın-mərəkə yaradıblar. İslam dünyası buna əlac etməlidir.

Baxın, bu gün müsəlman ölkələrinin ortasında – yəni Fələstində qəsbkar bir düşmən fəal surətdə cinayətkarlıqla məşğuldur. Belə bir olaya qarşı bütün müsəlmanlar həssaslıq nümayiş etdirməli, bu düşmənin qarşısında səf çəkib durmalı, onu törətdiyi cinayətlərdən çəkindirməlidirlər. Lakin belə etmək əvəzinə, İslam dünyasında kimlərsə həmin düşmənlə əlbir olub, öz müsəlman qardaşları ilə müharibə etməyə, konflikt yaratmağa başlayır. Problem bax bundadır.

Fitr bayramı İslam ümmətinin bayramıdır və bu bayramda İslam ümmətinin birlik və bölünməzliyi barədə düşünmək lazımdır. Mən Quranın onlardan nə istədiyini unutmuş olan o ölkələrə, o dövlətlərə öyüd-nəsihət vermək istəyirəm. Az öncə Qurandan ayələr tilavət olundu:

وَ الَّذینَ مَعَه، اَشِدّاءُ عَلَی الکُفّارِ رُحَماءُ بَینَهُم

“Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. (“Fəth” surəsi, 29-cu ayədən)

Bunlarsa əksinə – möminlərə qarşı sərt, kafirlərə qarşı isə mərhəmətlidirlər. Bunlar müsəlmandırlarmı?! Bir vaxtlar İngiltərənin, hazırda isə Amerikanın siyasəti müsəlman ölkələrində hara ayaq basıbsa, bu cür fitnə-fəsad yaranıb. Həm müsəlman ölkələri arasında konflikt, kin-küdurət yaradırlar, həm də ayrı-ayrı ölkələrin öz daxilində. Görün Liviyada nələr baş verir! Bir müsəlman ölkəsində iki qrup adam nəyə görə bir-birinin qanını tökməlidir? Hər ikisi eyni ölkənin vətəndaşları, eyni torpağın övladları olduğu halda, mənafeləri toqquşur? Bunları kim təhrik edir? Yəmən kimi bir ölkənin məscidləri, bazarları, xəstəxanaları, məktəbləri, infrastrukturu nəyə görə bombardman edilməlidir? Nə üçün? Kimin vasitəsilə bombardman edilir? İslam iddiasında olan birinin vasitəsilə, müsəlman ölkəsi olan və xalqı müsəlman olan bir ölkənin vasitəsilə! Boş bəhanələrlə İslam dünyasının göbəyində İslamın düşmənlərinin dəyirmanına su tökürlər, onlara işləyirlər. Bizim problemimiz bax bundadır.

Bu gün Fələstin məsələsi İslam dünyasının bir nömrəli problemləri sırasında, hətta bəlkə də, bir nömrəli problemidir. Bəhreyndəsə Amerikanın göstərişi ilə Fələstin məsələsi əleyhinə, bu məsələni yox etmək üçün iclas təşkil olunur! Bəhreynin hakim dairələri bilsinlər ki, öz ayaqlarının altını qazırlar! Səudiyyəlilərin verdiyi sözə aldanmasınlar. Onlar özləri də, Səudiyyə hökuməti də öz ayağının altını qazıyırlar, etdikləri özlərinin ziyanına tamamlanacaq:

فَسَیُنفِقونَها ثُمَّ تَکونُ عَلَیهِم حَسرَة

“Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər”. (“Ənfal” surəsi, 36-cı ayədən)

Pul xərcləyirlər, zəhmət çəkirlər, amma onların istədiyinin əksinə olaraq, hər şey özlərinin əleyhinə sonlanacaq. Quran bunu qəti şəkildə bəyan edir. Bunların da axırı bu cür olacaq, amma bunu dərk etmirlər; təəssüf ki, dərk etmirlər. Geri qayıtsalar, qayıdışın yolu açıqdır; tövbə etsələr, tövbə yolu açıqdır:

اِلَّا الَّذینَ تابوا وَ اَصلَحوا

“... tövbə edib islah olunanlardan başqa...” (“Bəqərə” surəsi, 160-cı ayə)

İslah olunsalar, törətdikləri fəsadları islah etsələr... Bu gün İslam dünyasının buna ehtiyacı var. İslam dünyasının problemləri müsəlmanların bir-biri ilə dil tapıb yola getməsi sayəsində həllini tapacaq. Bunun üçün çalışmaq lazımdır, İslam dünyasının ziyalılarının, din alimlərinin öhdəsinə ciddi vəzifələr düşür.

İslam Respublikası olaraq biz Fələstin məsələsini dəstəkləməyimizin bizə baha başa gələcəyini qəbul etmişik. Fələstini dəstəklədiyimizi bəyan etmişik, imperializm dünyası bizə qarşı çıxaraq zərbələr vurub, amma biz sarsılmadan möhkəm durmuşuq, bundan sonra da möhkəm dayanacağıq. Biz dəqiq bilirik ki, son qələbə Fələstin xalqının olacaq!

Biz “yəhudiləri dənizə tökəcəyik” deyən bəzi köhnə ərəb liderləri kimi yəhudiləri dənizə tökmək zehniyyətinin daşıyıcısı deyilik. Biz deyirik: Fələstin xalqının hərtərəfli – siyasi, hərbi, əxlaqi və mədəni mübarizəsi davam etdirilməlidir ki, Fələstini işğal edənlər Fələstin xalqının iradəsinə tabe olsunlar. Fələstinli müsəlmanlar, xristianlar, yəhudilər, ölkədən xaricdə sürgün həyatı yaşayan insanlar da daxil olmaqla bütün Fələstin xalqı arasında referendum keçirilsin. Qoy ölkədə hansı quruluşun hakim olacağını onlar müəyyənləşdirsinlər və hamı da bu iradəyə tabe olsun. Mübarizə o vaxta qədər davam etdirilməlidir və davam etdiriləcək də! Allahın lütfü, köməyi və mənəvi dəstəyi sayəsində, Fələstin xalqı dünyanın bütün sağlam düşüncəli xalqları tərəfindən qəbul edilib alqışlanan bu sülhməramlı, insani mübarizəsində qələbə qazanacaq və Fələstin ölkəsi Fələstin xalqına geri dönəcək! Allahın köməyi ilə, siz gənclər o günün şahidi olacaqsınız, inşallah!

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizi bu yolla, bu məqsədlə tanış etmiş dahi liderimiz İmam Xomeyninin pak ruhunu Məhşərə öz övliyalarınla birgə gətir. İslamın nüfuzu uğrunda şəhid olanları Məhşərə Peyğəmbərlə (s) birgə gətir.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________

(1) Görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdir.