Ali Məqamlı Rəhbərin Fitr bayramı namazında söylədiyi xütbələr
Birinci xütbə:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
الحمدلله ربّ العالمین الحمدلله الّذی خلق السّماوات و الارض و جعل الظّلمات و النّور ثمّ الّذین کفروا بربّهم یعدلون و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین و السّلام علی ائمّة المسلمین و هداة المستضعفین و هداة المؤمنین. اوصیکم عباد الله بتقوی الله
Mübarək Fitr bayramı münasibətilə, əziz namazqılanlar, sizi, eləcə də bütün İran xalqını və müsəlman ümmətini təbrik edirəm. Bu günün əzəmətini çatdırmaq üçün təkcə bunu demək kifayətdir ki, bu namazın qunutunda dönə-dönə Allahı zikr edərək Onu bu günə and verib deyirik:
بِحَقِّ هٰذَا الیَوم
– Bu günün haqqı xatirinə! Bu and bizə bu günün əzəmətini xatırladır.
Həmçinin 15 xordad olaylarında Tehranda, Qumda, Vəramində, Pişvada və ölkənin digər bölgələrində şəhid düşmüş əziz həmvətənlərimizə də Allahdan rəhmət diləməyi lazım bilirəm. Ümidvaram, Allah-taala bu şəhidlərin pak ruhlarının bərəkəti sayəsində İran xalqını bu iftixarlı yolda sabitqədəm edəcək, inşallah.
Mübarək ramazan ayının son cümə günü böyük təpər nümayiş etdirib ölkənin dörd bir yanında keçirilən ümumxalq yürüşündə iştirak etdiyi üçün İran xalqına səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Ola bilsin ki, çoxları xalqımızın bu güclü və qətiyyətli iştirakının qlobal siyasətə, İran xalqının düşmənlərinin siyasi iradəsinə və yanaşmasına nə dərəcədə təsir göstərdiyinin, onların hesablamalarını büsbütün alt-üst etdiyinin fərqində deyil, amma bu, böyük bir hərəkat idi.
Mübarək ramazan ayı Allahın rəhmət və bərəkət ayıdır idi, qəlblərdən tozu-pası təmizləmə ayıdır, imanın təzahür etdiyi bir müstəvidir. Ayın əvvəlindən sonuna qədər gənclərimiz, yeniyetmələrimiz Allahın əmrini yerinə yetirmək xatirinə isti günlərin orucluğuna dözdülər. Bu il yeniyetmələrimizdən çoxunun orta məktəblərdə imtahanı da var idi, amma buna baxmayaraq, oruclarını buraxmadılar, isti günlərdə çətinliyə qatlaşaraq həm oruc tutdular, həm də imtahanlarına hazırlaşdılar. Bunlar çox dəyərlidir; bunlar bizim gənclərimiz, yetişən nəsillərimiz arasında dini imanın nə dərəcədə gücləndiyini göstərir.
Deyə bilərəm ki, xalqımız da bu ayın mənəvi sınağından çox yaxşı çıxdı. Camaatımız məscidlərdə, hüseyniyələrdə, imamzadələrdə, ölkənin digər dini məkanlarında çox böyük həvəs və səmimiyyətlə, güclü mənəvi duyğulara köklənərək iştirak edirdi. Aldığımız məlumatlara görə, həmin günlərdə paytaxt Tehranda istər natiqlərin maarifləndirici söhbətlərini dinləmək, istər dua oxumaq, istərsə də sübh vaxtı Allah-taala ilə minacat edib göz yaşı axıtmaq üçün dini məkanlara gələn böyük insan izdihamı müşahidə olunub. Bu, həqiqətən də, bu ölkə üçün böyük ilahi nemətdir, gənc və yeniyetmələrimizin pak qəlblərindən qopan və inşallah, gələcəyimizə bərəkət verəcək bir mənəvi ehtiyatdır.
Bu ayın bərəkətli təzahürlərindən biri də günbəgün artmaqda olan Quran məclisləridir. Demək olar, ölkənin hər yerində Qurandan hər gün bir cüzün oxunduğu məclislər təşkil olunurdu. Bunu dəyərlənirmək lazımdır, çox faydalı bir işdir. Bu ayda xalqımızın nümayəndələrinin Allah yolunda iradəsi möhkəmlənir, insanlarımız ilahi təqvaya yaxınlaşır. Xüsusilə də qədr gecələrində; qədr gecələrində toplaşan böyük insan kütlələri həqiqətən ibrətvericidir. Müxtəlif sosial təbəqələrə mənsub olan, geyiminə, danışığına, davranışına görə bir-birindən fərqlənən cürbəcür insanlar hamısı bir yerdə, bir tavanın altında toplaşır, ürəklər bir olur, gözlərdən yaşlar süzülür. Bu şeylərin qədrini bilmək lazımdır. Ramazan ayı ilahi rəhmət ayıdır; bu bizim ölkəmiz, xalqımız üçün bir ehtiyatdır və ümidvaram, Allah-taala bu ehtiyatı gələn ramazana qədər qoruyub, gələn il bir daha rəhmət qapılarını üzünüzə aça bilməyiniz üçün sizə yardım edəcək, mənəvi dəstək olacaq, inşallah.
بِسمِ اللهِ الرَّحمنِ الرَّحیمِ * قُل هُوَ اللهُ اَحَدٌ * اَّللهُ الصَّمَدُ * لَم یَلِد وَ لَم یولَد * وَ لَم یَکـُن لَهُ کُفُوًا اَحَدٌ
Bismillahir-rəhmanir-rəhim!
(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)
O nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (“İxlas” surəsi)
İkinci xütbə:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین و اُسمّی الائمّة الاطهار علیّ بن ابیطالب علیهالسّلام امیرالمؤمنین و الحسن و الحسین سیّدی شباب اهل الجنّة و علیّ بن الحسین سیّد العابدین و محمّد بن علیّ باقر علم النّبیّین و جعفر بن محمّد الصّادق و موسی بن جعفر الکاظم و علیّ بن موسی الرّضا و محمّد بن علیّ الجواد و علیّ بن محمّد الهادیّ و الحسن بن علیّ الزّکیّ العسکریّ و الخلف القائم الحجّة صلوات الله علیهم اجمعین و استغفر الله لی و لکم
Birinci xütbədə Allaha ibadət, Uca Yaradana diqqətlə bağlı məsələlərə toxunduq; bu xütbədə isə gəlin, Allahın bəndələri, Yaradana ibadət edənlərlə bağlı məsələlərdən danışaq. Hər il olduğu kimi, bu ilin ramazan ayında da ölkəmizdə gözəçarpan cəhətlərdən biri də insanlar arasındakı yardımlaşma, ictimai münasibətlərdə, əlhəmdulillah, günbəgün artan xoş münasibət və səmimiyyət idi. Bildiyiniz kimi, sadə iftar süfrələrinin açılması tövsiyə olunmuşdu; əlhəmdulillah, xalqımız bizim bu tövsiyəmizi çox müsbət qarşılayaraq həyata keçirdi. Məscidlərdə, hüseyniyələrdə, prospektlərdə, hətta küçələrdə, bəzən böyük şəhər meydanlarında iftar süfrələri quruldu, oructutanlar yaxınlaşıb iftar açdılar. Cürbəcür insanlar, hətta maddi durumu o qədər də yaxşı olmayan şəxslər də həmin iftar süfrələrinin açılmasında iştirak edə bildilər. Daha sonra iftar süfrələri üçün pul toplanması ilə əlaqədar çağırış edildi, camaatımız bu təşəbbüsü də çox yüksək səviyyədə qarşıladı, milyonlarla tümən toplanaraq iftar süfrələrinə xərcləndi. Bunlar böyük işlərdir və Allaha şükürlər olsun ki, İslamın mübarək ənənələri kimi xalqımız arasında günbəgün daha da genişlənməkdədir.
Camaatımızın sel fəlakətindən ziyan çəkmiş həmvətənlərimizə etdiyi yardımlar da çox diqqətəlayiq idi. Və mən elə bu məqamdaca həm ölkənin dörd bir yanında yaşayan insanlarımıza, həm də özəlliklə möhtərəm rəsmilərimizə demək istəyirəm ki, seldən ziyan çəkmiş vətəndaşlarımızın məsələsini əsla yaddan çıxarmasınlar. O insanların qayğı və problemləri çox önəmlidir; həmin problemlərlə tam ciddiyyətlə məşğul olub onları həll etmək lazımdır. Xüsusilə də Xuzistan kimi, havanın getdikcə istiləşməkdə olduğu bölgələrdə; bəzi bölgələrdə bu fəsildə və gələn aylarda hava dözülməz dərəcədə isti olur, buna görə də o qardaş və bacılarımız haqda düşünmək lazımdır. Həm xalqımız, həm də rəsmilərimiz üçün vacib və təxirəsalınmaz məsələlərdən biri də bu sel olayıdır.
Beynəlxalq problemlərə gəlincə, bu günlərdə Fələstin məsələsi İslam dünyasının birinci dərəcəli problemləri sırasındadır. Bəzi müsəlman ölkələrinin Fələstinə xəyanət etməsi Fələstin məsələsinə qarşı açıq-aşkar surətdə xaincəsinə addımların atılmasına səbəb olub. Bəhreyndə keçirilməsi nəzərdə tutulan o sammit amerikalıların planıdır, lakin Bəhreyn rəsmiləri öz iradəsizlikləri, cürbəcür yetərsiz davranışları, özlərinin çox pis, xalqın iradəsinə və İslama zidd ruhiyyələri ilə bu iş üçün zəmin yaradıb, bu sammiti keçirməyi öhdələrinə götürdülər. Sözügedən sammitin əsas hədəfi isə Amerikanın Fələstinlə bağlı hazırladığı və “Əsrin sazişi” adı verdikləri yanlış, xəyanətkar və xəbis planı reallaşdırmaqdır. Əlbəttə ki, bu olmayacaq və inşallah, Allahın köməyi ilə, “Əsrin sazişi” heç bir zaman həyata keçməyəcək. Və biz bu plana qarşı çıxmış ərəb və müsəlman ölkələrinə, həmçinin Fələstinin müqavimət dəstələrinə öz təşəkkürümüzü bildiririk. Bu, İslam dünyasına qarşı böyük bir xəyanətdir. Ümidvarıq, Bəhreyn və Səudiyyənin hakim dairələri necə bir bataqlığa ayaq basdıqlarını və bu addımın onların gələcəyi üçün nə qədər ziyanlı olduğunu anlayacaqlar.
Pərvərdigara! Muhəmməd (s) və Ale-Muhəmməd (ə) xatirinə, İslam dünyasına öz xeyir və mənafeyini dərk etdir, müsəlman xalqları, müsəlman ümmətini və müsəlman ölkələrinin başında duranları islah və inkişaf yoluna istiqamətləndir.
بِسمِ اللهِ الرَّحمنِ الرَّحیمِ * اِنّا اَعطَیناکَ الکَوثَرَ * فَصَلِّ لِرَبِّکَ وَ انحَر * اِنَّ شانِئَکَ هُوَ الاَبتَرُ
Bismillahir-rəhmanir-rəhim!
(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!
Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
(Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!). (“Kövsər” surəsi)
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.