Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ramazan ayının 23-cü günü universitet müəllimləri və elmi tədqiqatçılarla görüşü zamanı etdiyi çıxış


الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1) 

Çox xoş gəlmisiniz. Həqiqətən də, dəyərli bir görüşdür; universitet müəllimlərindən, alimlərdən, müxtəlif sahələrin mütəxəssislərindən ibarət bu toplum – istər bəylər olsun, istər xanımlar olsun –ölkəmiz üçün böyük bir ilahi nemətdir və mən Allaha şükürlər edirəm ki, bu il də sizlərlə görüşməyi bizə nəsib etdi. Ali təhsil müəssisələrində çalışan müəllimlərin və elm adamlarının çiyinlərinə çox böyük bir yük düşür. Onların statusu, həqiqətən də, ölkədə çox az kəsimin status və mövqeyi ilə müqayisə oluna bilər. Tələbə və gənclərin yetişdirilməsində böyük əməyi olan universitet müəllimlərinin statusuna diqqət yetirsək, rahatlıqla görərik ki, doğrudan da, bu status misilsizdir. Demirəm, müstəsnadır, amma həqiqətən misilsizdir. Və elə bu həssas status və mövqe də buna səbəb olur, yəni bunu tələb edir ki, həm hörmətli professor və müəllimlərimiz özləri, həm də ali təhsillə əlaqəli hökumət qurumları bu sahədə daha da böyük diqqət və məsuliyyətlə hərəkət edərək qərarlar qəbul etsinlər.

Bir qədər əvvəl dinlədiyimiz çıxışlar çox yaxşı idi, müxtəlif mövzulara toxunuldu. Şəxsən mən bu çıxışlardan sözün əsl mənasında faydalandım. İnsan bəzi şeyləri bilə bilər, amma onları başqalarından eşitməyi mövzunun əhəmiyyətini ona göstərmək baxımından daha da təsirlidir. Sizin qeyd etdiyiniz məsələlərdən xeylisini isə mən ilk dəfə eşitdim, bu mənim üçün çox yaxşı oldu. Qardaşlar da yaxşı danışdılar, o iki möhtərəm bacımızın da çıxışları çox gözəl idi. Mən özüm üçün qeydlər götürdüm, idarəmiz, həmişə olduğu kimi, həmin mövzuları diqqətdə saxlayacaq. Bizim öhdəmizə düşən işləri, inşallah, özümüz görəcəyik, aidiyyətli qurumların səlahiyyəti daxilində olanları da onlara yönəldəcəklər. Mən isə bu gün iki mövzu ətrafında danışmaq istəyirəm: əvvəlcə universitetlərimiz barədə söhbət edəcəyəm, ardınca isə əgər vaxtımız qalsa, hazırda beynəlxalq aləmdə gedən proseslər barədə bir neçə cümlə qeyd edərəm. Amma əsasən birinci mövzuya ağırlıq vermək istərdim. 

Bəli, universitetlərimizin nail olduğu inkişaf sözün əsl mənasında diqqətəlayiqdir; bunu diqqətdən qaçırmaq olmaz. Mən bunu ona görə xüsusi vurğulayıram ki, hazırda nəinki təkcə İranda, bəlkə bütün dünyada ölkənin möhtəşəm elmi hərəkatını cılızlaşdırmaq, dəyərsiz, əhəmiyyətsizmiş kimi göstərmək tendensiyası müşahidə olunur. Hazırda dünyada bu məsələnin üzərində iş gedir; pul xərcləyirlər, planlar hazırlayırlar. Bunun bir nümunəsi Stenford Universitetinin İranla, 2040-cı ildə ölkənin vəziyyəti ilə bağlı olan, ölkəmizin elmi nailiyyətlərini, elm adamlarımızın həyata keçirdiyi mühüm işləri sual altına salan “İran 2040” (2) layihəsidir; yəqin ki, bu haqda məlumatınız var. Burada da müəyyən adamlar onların səsinə səs verir, onlara pas ötürürlər. Belə əməllər elə ölkə daxilində də var.

Mən altını cızaraq vurğulamaq istəyirəm ki, xəbasət və xəyanətdən yoğrulmuş bu tendensiya heç bir vəchlə doğru deyil. Universitetlərimiz sözün həqiqi mənasında böyük irəliləyişə nail olub, ölkədə böyük işlər həyata keçirilib. İndiki vəziyyəti inqilabdan əvvəlki ilə müqayisə etsək, görərik ki, yerdən göyə qədər fərq var. İnqilabdan əvvəl bizim universitetlərimiz universitet idi, amma çox zəif idi, dünyada gedən proseslərə, beynəlxalq elm aləminə heç bir təsiri yox idi, heç yerdə adları çəkilmirdi, başqalarından asılı idilər, elm və təhsil xidmətlərində əksər vaxtlarda xaricilərdən, qərblilərdən istifadə olunurdu. O dövrkü vəziyyətdən heç danışmağına dəyməz. Bu gün isə universitetlərimiz hətta 20, 25, 30 il bundan əvvəlki ilə də müqayisədə diqqətəlayiq irəliləyişə nail olublar, sözün əsl mənasında inkişaf ediblər. Beynəlxalq reytinq mərkəzlərinin də etiraf etdyi kimi, bizim universitetlərimizin diqqətəlayiq dərəcədə çox hissəsi dünyanın nüfuzlu universitetlərindən hesab olunur. Bu gün ölkəmizdə 14 milyon universitet məzunu var. Bu, çox yüksək bir rəqəmdir! Elə hazırda ölkə əhalisinin 5 faizi, bəlkə bundan da bir qədər çoxu universitet tələbəsidir, ali təhsil alır; yüksək bir göstəricidir.

Hazırda həm elmi məhsullarımız, həm də elm adamlarımızla bağlı bəzi ittihamlar irəli sürürlər; bilmirəm, sizin bu söhbətlərdən xəbəriniz var, ya yox; yəqin ki, bilirsinz. Məsələn, Səudiyyənin muzduru olan hansısa jurnalist götürüb bizim dünyanın ən ağıllı adamlarını belə qorxuya salan ən son müdafiə məhsullarımız haqqında bir yazı yazır və deyir ki, bunlar heç bir şey deyil, bunlar başqalarınındır, İran malı deyil, özlərinin deyil! O belə deyəndən sonra xarici jurnalistlər – amerikalılar, avropalılar da bizim bu xain həmvətənimizin səsinə səs verib, universitetlərimizin bugünkü nəhəng akademik ictimaiyyətini savadsızlıqda, elmin dərinliyinə baş vura bilməməkdə ittiham edirlər! Əgər bunlar elmin dərinliyinə baş vura bilmirlərsə, bu ölkədə uranın 20 faiz zənginləşdirilməsinə kim nail olub? Ölkədə nano-elmlərin ardıcıl inkişafını kim həyata keçirir? Az öncə qeyd olunan kök hüceyrələri sahəsindəki irəliləyiş kimin əməyinin nəticəsidir? Sadaladığım bütün bu nailiyyətlər diqqəti ciddi surətdə cəlb edir; əlbəttə ki, məlumatlı və dərrakəli insanların diqqətini. Odur ki, Allaha şükürlər olsun, universitetlərimiz çox böyük işlər görüb və hətta üzdə siyasi motivləri olmadan, lakin daxildə siyasi məqsədlər güdərək ölkəmizin elmi məsələləri barədə danışan insanlar belə, bəyanatlarında özləri də istəmədən İranın elmi nailiyyətlərini etiraf edirlər. Ölkəmizin diqqətəlayiq elmi inkişafı faktiki surətdə mövcud olan bir həqiqətdir və biz məhz bu həqiqətə əsaslanaraq düşünüb iş görməli, gələcək üçün planlarımızı qurmalıyıq.

Az öncə çıxış edən dostlarımızdan birinin qeyd etdiyi bir məqam mənim diqqətimi çəkdi: o bildirdi ki, bizim universitetlərimiz yeni yarandıqları dövrdən ölkəmizin müstəqilliyinə yox, asılılığına xidmət edəcək bir tərzdə qurulmuşdur. Bəli, ölkəmizdə universitetlərin təməli əvvəldən bu cür qoyulub – Təqizadənin o “İranlı başdan-ayağa qərbli olmalıdır” məntiqi ilə; ölkəmizdə universitetlər bu yanaşma əsasında ərsəyə gəlib. Hazırda isə elə həmin o universitetlər ölkəmizin elmi müstəqillik, müstəqil elmi inkişaf bayrağını zirvələrdə dalğalandırır; həmin o universitetlər. Bu, çox önəmli bir faktdır. Bu baxımdan universitetlərimiz, əlhəmdulillah, inkişaf edib.

Əlbəttə, onu da qeyd edim ki, universitetlərimizin bu cür dinamik inkişafı qəsdən yaradılan çətinliklər şəraitində gedib; yəni elmi inkişafımız, müxtəlif sahələrdə tələbələrin yetişdirilməsi qəsdən törədilən əngəllərlə müşayiət olunub. Belə ki bəzən elə universitetlərin içində elə insanlar – müəllimlər olub ki, tələbələri təhsilini burada davam etdirməməyə, ölkəni tərk edib getməyə təşviq ediblər. Yaxud da gedib xaricdə təhsil almış, biliklərini daha da möhkəmləndirmiş və gəlib ölkədə qalıb işləmək, xidmət etmək, faydalı olmaq istəyən məzunlar bəzən elə qayda-qanunlarla, elə adamlarla, elə rəhbər işçilərlə üzləşiblər ki, İrana geri döndüklərinə peşman olublar. Bu dediklərimi təsdiq edən faktların mən şəxsən şahidi olmuşam, bilirəm. Dünyanın hansısa inkişaf etmiş ölkəsində, nüfuzlu universitetdə təhsil almış istedadlı gənclər geri qayıdır, bəzən onlara elə münasibət göstərilir, yaxud elə qayda-qanunlarla üzləşirlər ki, doğrudan da, vətənə qayıtdıqlarına peşman olurlar. Bütün bu əngəllərə baxmayaraq, əlhəmdulillah, universitetlərimiz bu inkişafa nail olub.

Bunlar öz yerində, amma bizim öz universitetlərimizi haqlı olaraq tərifləməyimiz və onlara görə qürur hissi keçirməyimiz heç də o demək deyil ki, biz inkişafın bu səviyyəsi ilə qane oluruq və ya hazırda universitetlərimizdə heç bir nöqsan və çatışmazlıq yoxdur. Xeyr, biz təqdir edirik, tərifləyirik, universitetlərimizlə iftixar da duyuruq, lakin eyni zamanda bunda israrlıyıq ki, inkişafın bu səviyyəsi heç bir vəchlə İranı, İran xalqını, İran cəmiyyətini dünya səviyyəsində layiq olduğu elmi statusda təqdim etmir. Biz hələ geridəyik, mən bunu dəfələrlə demişəm. (3) Ölkəmiz tarixin çox xoşagəlməz bir mərhələsində ölkənin siyasətçiləri və hakim dairələrinin yanlış davranışları nəticəsində dünya elminin karvanından bir qədər geri düşüb. Biz bu geriliyin yerini doldururuq. Çatmalı olduğumuz nöqtəyə hələ çox var; mən bəzi qeydlər götürmüşəm, inşallah, söhbətimin davamında yadıma düşsə, deyəcəyəm; biz elm meydanında öz layiqli yerimizi tutmamışıq. “İslam İnqilabının ikinci addımı” proqramı ilə biz zirvəyə çatmalıyıq. Bayaq dostlarımızdan biri söylədi ki, elmi cəhətdən ölkəyə inkişaf yox, sıçrayış lazımdır; doğrudur, bizim sıçrayışa ehtiyacımız var və bu tamamilə mümkündür; yəni əlçatmaz bir arzu deyil. Əlbəttə ki, əziyyətlidir, zəhmətlidir, lakin şirindir, şirin bir əziyyətdir. Bu, universitetlərimizin inkişafı barədə.

Nöqsan və çatışmazlıqlara gəlincə isə, bəli, universitetlərimizdə müəyyən nöqsan və problemlər var; həm elmi baxımdan, həm mədəni baxımdan, həm idarəçilik metodları baxımından. Siz özünüz universitetlərin bir hissəsisiniz, bütün bunlardan xəbəriniz var, bir qədər əvvəl çıxış edən dostlar da bu mövzuda çox düzgün məqamlara toxundular. Onların səsləndirdiyi fikirlər problemlərdən hərtərəfli xəbərdar olduqlarını, vəziyyəti yaxından müşahidə etdiklərini göstərirdi.

Bu baxımdan vacib məqamlardan biri təhsilin keyfiyyəti məsələsidir. Bu sahədə hökmən irəliyə doğru addım atılmalıdır. Bu mənim bir qədər əvvəl səsləndirdiyim “Elmin keyfiyyəti baxımından yüksək səviyyədəyik” fikri ilə qətiyyən ziddiyyət təşkil etmir. Bu gün universitetlərimizdə elə diplom işləri var ki, onların dərin elmi araşdırmadan xəbər verdiyini demək mümkün deyil, yəni elmi dəyərləri yüksək deyil, lakin rəsmi və administrativ dəyərləri yüksəkdir. Yəni əlində belə bir diplomu olan adam rəsmi cəhətdən, iş tapmaq və sair baxımından üstünlüyə malikdir; hərçənd o sənədin elmi yükü olmasa belə.

Universitetlərin özlərinə, öz daxili məsələlərinə münasibətdə müəyyən vəzifələri olduğu kimi, cəmiyyətə münasibətdə də müəyyən vəzifələri var. Onların daxili vəzifəsi elmi inkişaf etdirməkdirsə, xarici vəzifəsi bütövlükdə cəmiyyətə təsir göstərməkdir. Universitetlər cəmiyyətdə gedən proseslərdən kənarda qala bilməz. Bu olduqca önəmli bir məqamdır və mən bu gün bunu möhtərəm müəllimlərimizin, qardaş və bacılarımın diqqətinə çatdırmaq istəyirəm: çalışın, universitetlər ictimai məsələlərlə yaxından maraqlansın. Əlbəttə, sözümün davamında da qeyd edəcəyəm kimi, müxtəlif hökumət strukturları universitetlərə kömək üçün müraciət etməli, onlara düzgün istiqamət vermələrini, iş görmələrini istəməlidirlər ki, universitetlər də öz köməyini göstərsin. Lakin bu, universitetlərlə hökumət qurumları arasında əlaqə məsələsidir, mən isə indi universitetlərin camaatla, cəmiyyətdə gedən proseslərlə əlaqəsindən danışıram. Məsələn, tutalım ki, biz sosial bəlalar mövzusunda bir iclas keçirdik. Artıq 2-3 ildir ki, müntəzəm olaraq vaxtaşırı bu cür iclaslar təşkil olunur, mən özüm də, ölkənin əsas rəsmiləri də orada iştirak edirik. Həmin iclaslarda narkomaniya, boşanmalar, şəhərətrafı gecəqondular və sair bu kimi sosial bəlalar müzakirə olunur, qərarlar qəbul edilir, yaxşı işlər də görülüb, nailiyyətlər əldə olunub. Bunlar bizim cəmiyyətimizin problemləridir. Bəs universitetlər bu məsələlərdə nə kimi rol oynayır? 

Universitetlər, xüsusilə də müəllimlər camaatın problemləri ilə yaxın təmasda olmalıdır. Bəs bunun yolu nədir? Universitet müəllimləri əhalinin problemləri ilə necə əlaqə yarada bilər? Bu elə bir mövzudur ki, kiminsə kənardan bunu müəyyən etməyinə və ya mənim bu barədə hansısa göstərişlər verməyimə heç bir lüzum yoxdur. Bu, universitetlərin öz işidir. Universitetlərin özündə müəllimlər, tələbə kollektivləri, elmi təşkilat və cəmiyyətlər oturub fikirləşsinlər, cəmiyyətlə, ictimai problemlərlə necə təmas qurmalı olduqlarını araşdırsınlar, yolunu tapsınlar. Belə olmasa və universitet müəllimləri cəmiyyətin problemlərindən uzaq dursalar, o zaman bizim universitetlərin ictimaiyyətin problemlərini həll etməsi ilə bağlı arzumuz əlçatmaz olaraq qalacaq. Müəllimlər bir kənara çəkilib cəmiyyətdə gedən proseslərə biganə qalmamalıdırlar; eynilə ziyalılarımızın başına gələn bəla kimi. Bizim ziyalı ictimaiyyətimiz formalaşdığı gündən, özləri demişkən, “fil sümüyü qülləsi”nə çəkilib oturdu, camaata qaynayıb-qarışmadı; bunu özləri də etiraf etdilər, özləri də dedilər. Bir neçə il bundan əvvəl mən universitetlərdən birində (4) tələbələr arasında bunu demişdim ki, o adamın (5) yazdığı o pyesdə – “Ay papaqlı, ay papaqsız!” – bir nəfər balkonda oturub çöldə baş verənləri seyr edir, amma qətiyyən addım atmır, heç bir tədbir görmür; əsərdə bu, ziyalı obrazıdır. Qərbmeyilli, Qərbdən qaynaqlanan ziyalıların mövqeyi və vəziyyəti bu cürdür – o pyesdə balkonda oturub, küçədə cərəyan edənləri sadəcə müşahidə edən, nəyisə düzəltmək üçün heç bir iş görməyən, heç bir şəkildə hərəkət etməyən, yalnız kənardan baxan həmin o adam kimidirlər. Görür, prosesləri dərk edə bilir, amma müdaxilə etmir, özü üçün problem və başağrısı yaratmaq istəmir, hərdən bir kəlmə söz deyir. Bunu inqilabda da görmüşük; İslam İnqilabında, bu möhtəşəm xalq hərəkatında camaat ön sıralarda idi, ziyalılar isə bəzən arxadan gəlirdilər, bəziləri isə ümumiyyətlə qatılmadılar, sona qədər də gəlmədilər. Elə etməliyik ki, universitet müəllimlərimizin, dəyərli akademik ictimaiyyətimizin müqəddəratı bu cür olmasın; yəni xalqdan uzaqlaşmasınlar, xalqa etinasız qalmasınlar, camaatın problemlərindən xəbərsiz olmasınlar.

Bəli, mən universitetlərlə bağlı bir neçə məqamı özüm üçün qeyd götürmüşəm, onların ətrafında danışmaq istəyirəm. Həmin məqamlardan biri budur ki, inkişafın əsas şərtlərindən biri ümiddir. Bu gün istər ölkə daxilində, istərsə də ölkədən xaricdə ümid, optimizm əvəzinə, məyusluq, pessimizm ruhu aşılamağa çalışan bir cərəyan var. Söhbətimin əvvəlində də qeyd etdim; xaricdə oturub İranda gedən prosesləri müzakirə edir, qərəzli təhlillər, bəzən yalan, yəni reallığa zidd xəbərlər əsasında hansısa nəticələrə gəlirlər. O cərəyanın aşıladığı fikirlər bundan ibarətdir ki, guya İranda elm inkişaf etmir və elmi hərəkata heç ümid də yoxdur; bu qəbildən olan pessimist yanaşmalar. Bəli, uğurları, təbii ki, görməzliyə vururlar, bu isə tələbələrə təsir edir. Pessimizm yaradan bu cərəyan tələbələrin psixologiyasına təsirsiz ötüşmür: ümidsizləşən tələbə iş görmür. Əgər istedadlı elm adamıdırsa – bir qismi bu qəbildəndir – bacarığı, imkanı varsa, dönüb arxasına da baxmadan xaricə çıxıb gedir. Əksəriyyətində isə bu imkan yoxdur, ona görə də ruhdan düşürlər, yalnız bir iş tapıb işləyə bilmək üçün, elmi mahiyyəti olmasa da, rəsmi dəyəri olan bir sənəd, bir parça diplom almağı düşünürlər; elmi inkişaf getmir. Pessimizm belədir; tələbələrə təsir edir. Müəllimlərə təsiri daha azdır, amma bəzən onlara da təsir göstərdiyi olur; yəni bu təbliğat əslində universitetlərin əsas yükünü çiyinlərində daşıyan müəllimləri universitetlərin elmi inkişafına qarı ümidsiz edir. Pessimist ruhun aşılanması çox böyük bir təhlükədir. Başqaları – xaricilər bunu qəsdən, hesablanmış bir şəkildə edir. Baxın, məqalə yazıblar və orada açıqlayıblar ki, İranın elmi inkişafı narahatlıq doğurur. Açıq-aşkar belə yazıblar: “İranın elmi inkişafı narahatlıq doğurur”. Narahatlığı kim yaradır? Məlumdur: istismarçı güclər, təcavüzkar və imperialist dövlətlər. Onların həyatı zəiflər üzərində ağalıq sayəsində davam edir. İran kimi həssas strateji mövqeyə malik olan bir ölkənin zəiflikdən qurtulduğunu, güc və iqtidara yetişdiyini görməyə gözləri yoxdur. Onları narahat edən budur. Onlar bizim inkişafımızı və uğurlarımızı çox rahatlıqla görməzliyə vururlar, ölkə daxilində də bəzi insanlar bu uğurları yaddan çıxarırlar. Bəzən bizə məlumatlar çatır ki, kim isə, yaxud hansısa universitet müəllimi, misal üçün, auditoriyada və ya tələbələrlə ünsiyyətdə olarkən pessimist fikirlər səsləndirib. Mən belə adamlara, həqiqətən də, təəccüb edirəm. Bunlar ölkəmizin qazandığı nailiyyətləri necə görməzliyə vururlar?! Bu nəhəng elmi inkişafı, xüsusilə də son 20 ildə – 80-ci illərin əvvəlindən bu yana son 17-18 ildə – ölkədə meydana gəlmiş, İranın dünya elmindəki payını bir xeyli yüksəltmiş, elmi imkanlarımızı hamının gözü önünə sərmiş elmi hərəkatı öz gözləri ilə görürlər, amma yenə də o pessimist yalanların təsirinə düşürlər! Çox təəccüblüdür! 

Mən “elmi inkişaf, elmi inkişaf” deyirəm, bu təkcə bizim iddiamız deyil – əlbəttə ki, müxtəlif illərdə (6) keçirdiyimiz bu cür görüşlərdə mən bunu dönə-dönə qeyd etmişəm – bu, dünyanın elmi mənzərəsini dəyərləndirən nüfuzlu statistik mərkəzlərin açıqlamalarıdır. Bir vaxt demişdilər ki, İranın elmi inkişaf tempi dünya üzrə orta göstəricidən 13 dəfə çoxdur. Bu, çox önəmli bir şeydir; elmi inkişafımızın sürəti dünya üzrə ortalama göstəricidən 13 dəfə artıqdır. Müəyyən sahələrdə ölkəmizin dünya üzrə ilk onluğa düşdüyünü – məsələn, 4-cü, 5-ci, 6-cı yerdə qərarlaşdığını görürük. Bəzi digər sahələrdə də ümumilikdə 16, 17-ci yerlər bizə aid olur. Bu, çox mühümdür. Bunu görmürlər, bu uğurları müşahidə etmirlər. Ona görə də mən deyirəm: universitetlərimizin böyük elmi nailiyyətlərinin göz önündə olması, hamının onları görə bilməsi üçün konkret tədbirlər görmək lazımdır. Müəllim və tələbələr üçün müxtəlif sahələrdə elmi ekskursiyalar təşkil olunsun, qoy gedib elmi nailiyyətlərimizi öz gözləri ilə görsünlər. Misal üçün, hansısa sənaye sahəsinin ərsəyə gətirdiyi məhsulların sərgisi keçirilsin, hamı gedib görsün, elmi nailiyyətlərlə tanış olsun, bu nailiyyətlərin nə vaxtdan bəri, hansı illərdə, hansı müddətdə əldə olunduğunu özü üçün müəyyənləşdirsin, bununla da insanlarda ümid yaransın. Mən ümid məsələsini təkidlə vurğulamaq istəyirəm. Əziz qardaşlar, əziz bacılar, çox hörmətli müəllimlər, mənim xahişim budur ki, daxil olduğunuz auditoriyalarda, tələbələrlə ünsiyyətdə olarkən bu məsələni hökmən diqqətdə saxlayın və elə edin ki, gənclərimiz optimist olsunlar, gələcəyə ümidlə baxsınlar. Düşmən ruh düşkünlüyü yaratmaq istəyir və təəssüflər olsun ki, ölkə daxilində də onun dəyirmanına su tökən bir cərəyan var – bu var, reallıqdır – siz bu xain və xəbis cərəyanın qarşısında durub ümid yaradın. Bu, birinci məqam. 

İkinci məqam: “xeyirli elm” haqqında çox danışmışıq. (7) Tələbə və müəllimlərlə müxtəlif görüşlərimizdə bu mövzuda söhbətlər etmişik. Demişik ki, “xeyirli elm” – ölkənin problemlərini həll edə biləcək elmdir. Ölkənin problemlərini həll edən elm xeyirli elmdir. Yəni ölkədə mövcud olan müxtəlif problemlərə elmi yanaşma olmalıdır. Bizim problemimiz təkcə sənaye deyil. Bəli, universitetlərlə sənaye müəssisələri arasında sıx elmi əlaqələrin qurulması çox vacib, xüsusi bir məqam idi və bundan bir xeyli əvvəl biz həmin məsələnin üzərində təkidlə durduq. Mən o vaxtkı ölkə başçısı ilə söhbət etdim və həmin ərəfədə Prezidentin Elmi Məsələlər üzrə Müavinliyi də əsasən bu əlaqənin təmin edilməsi məqsədilə yarandı. Bu, sənaye ilə bağlı bir məsələ idi, lakin söhbət təkcə sənayedən getmir. Bizim müxtəlif sahələrdə çatışmazlıqlarımız var. Məsələn, iqtisadiyyatımızda “xroniki xəstəliklər” mövcuddur; misal üçün, məhsuldarlığın aşağı olması. İqtisadi problemlərimizdən biri aşağı məhsuldarlıqdır. Bunun elmi həlli yolları var, bunun üzərində elmi iş aparmaq lazımdır; elmi həlli yolu var. Tutalım, enerji sərfiyyatındakı israfçılıq – belə ki bizdə enerji sərfiyyatının həcmi dünyada olduğundan bir neçə dəfə çoxdur – çox böyük və genişmiqyaslı bir zərərdir. Bunun həlli yolu var. Əlbəttə, bir neçə il əvvəl mən çıxışlarımdan birində (8) bunu qeyd etmişdim, amma sadəcə deməklə, nəsihət etməklə problem həll olunmur. Bunun üçün elmi həll yolları tapılıb müəyyən olunmalıdır. Bu yerdə və bu qəbildən olan problemlərin həllində universitetlərdən istifadə etmək lazımdır. 

Yaxud da götürək elə iqtisadiyyatımızın neftdən asılılığını, neft iqtisadiyyatı olmasını, iqtisadiyyatda dövlət sektorunun üstünlüyünü, vergi sistemindəki, büdcə planlamasındakı problemləri – bunlar hamısı problemdir. Və bütün bu problemlərin həllində dövlət strukturları ilə universitetlərin yaxın əməkdaşlığı vacib bir məsələdir. Misal üçün, sanksiyaları qırmaqla bağlı layihələr. Dünyada üzərinə sanksiyalar qoyulan birinci dövlət biz deyilik ki! Çox ölkələr olub. Sanksiyaların həlli yolu var; layihələr mövcuddur; sanksiyalarla mübarizənin elmi yolu var. O həll yolunu axtarmaq lazımdır; axtarıb tapmaq və rəsmilərə təqdim etmək lazımdır. Və ya sanksiyalardan arzuolunan formada istifadə. Sanksiyalar müəyyən əziyyətlər, problemlər doğursa da, bizi öz daxili imkan və potensialımıza müraciət etməyə vadar edir. Bu baxımdan sanksiyalar bizim xeyrimizə işləyir və faydalı hesab oluna bilər. Odur ki bunlar hamısı həyata keçirilməsi mümkün olan işlərdir. Və ya bizim cari ilin şüarı olaraq seçdiyimiz “istehsalın rövnəqləndirilməsi” məsələsi. Bunun da elmi yolu var. Bu yollar universitetlərdə araşdırılmalıdır. Bunun üçünsə möhkəm iradə lazımdır. 

Həqiqətən də, universitet müəllimlərini, elmi tədqiqatçıları, alim və professorları bu işlərə cəlb etməyin yolunu tapmaq lazımdır; yəni bunun mexanizmləri işlənib hazırlanmalıdır. Bu da universitetlərin özlərinin öhdəsinə düşən bir işdir. Misal üçün, sənaye ilə bağlı təkliflərdən biri budur ki, professorlara sənaye mərkəzlərindən birində araşdırma aparmaq imkanı yaradılsın, müvafiq sahənin elmi mütəxəssisləri gedib həmin müəssisədə sənaye ilə bağlı məsələlərlə, mövcud problemlərlə yaxından tanış olsunlar. Deyəsən, bir neçə həftə bundan əvvəl idi, (9) mən öz çıxışımda qeyd etdim ki, qoy müxtəlif strukturlar öz elmi ehtiyaclarının siyahısını tutsunlar. Sevindirici haldır ki, Sənaye Nazirliyi belə bir siyahı hazırlayaraq təqdim edib, Milli Televiziyada da yayımlandı. Çox yaxşı, baxın, Sənaye Nazirliyi deyir ki, mənim problemlərim bunlardır, çatışmazlıqlarım budur, bu şeylərə ehtiyacım var. Universitetlər bu məqamda işə qoşulmalıdır. Siz də öz təklifinizi edin; qoy Elmlər Nazirliyi düzgün idarəçilik prinsipləri əsasında bu məsələ ilə məşğul olsun, Sənaye Nazirliyinin bu kömək istəyi qarşısında universitetlərin nə edə biləcəyini müəyyənləşdirsin. Bu həm sənaye, həm də universitetlər üçün faydalıdır. Hər halda, ölkənin ehtiyacları, müxtəlif sahələrdə – istər sənayedə, istər iqtisadiyyatda, istər kənd təsərrüfatında, istərsə də cürbəcür administrativ sahələrdə mövcud olan nöqsan və çatışmazlıqlar məhz faydalı elm, universitetlərin araşdırmaları və hazırladıqları elmi məqalələr sayəsində aradan qaldırıla bilər. Bu bizim işimizə yardımçı ola bilər. Faydalı və praktik elm budur. Bunu əvvəl də demişik, indi də deyirik, dönə-dönə təkrarlayırıq, üzərində dururuq, lakin bununla yanaşı, dərin və uzunmüddətli tədqiqatlara da diqqət ayrılmalıdır. Elə əhəmiyyətli işlər var ki, bu gün üçün nağd faydası yoxdur, yaxın müddətdə bizə heç bir nailiyyət qazandırmayacaq, lakin ölkənin elmi inkişafı üçün yol açır; yəni alimlərin ambisiyalı olması üçün şərait yaratmaq, onlara bu imkanı vermək lazımdır. Elmi məsələlərdə alimlər dərin və fundamental tədqiqatlarla da məşğul olmalıdırlar. Odur ki bu məsələdə iki xətt var və mənim dediyim faydalı elm yalnız yüzdə-yüz praktik olan elm deyil. Bu, elmi inkişafın bir xəttidir, digər xətti isə mühüm və əsaslı işlərdir. 

Bu mövzuda danışarkən mən fundamental elmlər məsələləsinə də toxunmaq istəyirəm. Daha öncə də akademik ictimaiyyətin nümayəndələri ilə görüşlərimiz zamanı bir-iki dəfə bu məqama toxunmuşam. (10)  Fundamental elmlər çox önəmli bir mövzudur, lakin bu sahədə nağd, mütləq nailiyyətlərin perspektivi olmadığına görə tələbələr, ixtisas seçimi edənlər bu sahəyə az meyil edirlər. Elə etmək lazımdır ki, tələbələr arasında fundamental elm sahələrinə maraq artsın. Və fundamental elmlərin də dövlətin investisiyasına ehtiyacı var (təəssüflər olsun ki, hökumət kabinetləri də maliyyə sıxıntıları yaşadıqları zaman ilk növbədə elm, mədəniyyət və bu kimi digər sahələrin büdcəsini ixtisar edir; bunlarla heç bir problem, başağrısı olmur; birinci bunların büdcəsi kəsilir; gəlib mənə dedilər ki, bu il elm sahələrinin büdcəsini 50 faiz azaldıblar; indi bu o deməkdir ki, ölkənin elmi fəaliyyətinin də 50 faizi dayandırılmalıdır) dövlət kömək etməlidir. Mütəxəssislər, alimlər özləri də kömək etməlidir, Təhsil Nazirliyinin də bu məsələdə öhdəsinə müəyyən vəzifələr düşür. Təhsil Nazirliyi ixtisas seçimində abituriyentləri yönləndirməlidir; gəncləri fundamental elmlərə və digər bu kimi sahələrə istiqamətləndirmək lazımdır. Mənim özüm üçün qeyd götürdüyüm məsələlərdən biri də budur.

Biz fundamental elmlərə ardıcıl şəkildə investisiya yatırmalı və hər bir işdə irəli düşüb birinci olmağa çalışmalıyıq; yəni dünyanın kəşf olunmamış həqiqətlərinin görüşünə getməliyik. Dünyada bir çox həqiqətlər var ki, hələ kəşf olunmayıb; necə ki bu gün kəşf olunmuş həqiqətlərin çoxu 100 il bundan öncə hələ kəşf olunmamışdı; təbiətdə mövcud idi, amma kəşf olunmamışdı. Misal üçün, elektrik enerjisi yeni əmələ gəlməyib ki! Dünya yarandığı gündən bu olub, amma kimlərsə cəhd göstərib, ağıl işlədib, bu enerjini kəşf ediblər. Biz də varlıq aləminin kəşf olunmamış həqiqətlərini kəşf etməyi qarşıya məqsəd qoymalıyıq; bizim əsas işlərimizdən biri budur. Fundamental elmlərlə məşğul olmaq alimləri kəşf olunmamış həqiqətləri kəşf etməyə təşviq edir. Biz təkcə kəşf olunmuş həqiqətlər barədə düşünüb, başqalarının etdiklərini təkrarlamağa can atmamalıyıq.

Digər bir məsələ isə universitetlərin dəyərləndirilməsi, onlar arasında müəyyən təsnifat aparılmasıdır. Mən bunu daha öncə də demişəm. Bu iş ali təhsillə əlaqəli qurumların öhdəsinə düşür; yəni Elmlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Ali Mədəni İnqilab Şurasının və digər müxtəlif administrativ qurumların vəzifəsidir. Biz öz universitetlərimizin həm qiymətləndirilməsini həyata keçirməliyik (əlbəttə ki, beynəlxalq qurumların qiymətləndirmələri var, o öz yerində, ona iradımız yoxdur, amma o dəyərləndirmələrin çoxu bizim yerli imkan, şərait və ənənələrimiz nəzərə alınmadan həyata keçirilir; onlar imtiyaz və üstünlük kimi bəzən elə meyarları əsas götürürlər ki, ola bilsin, biz onları heç imtiyaz kimi qəbul etmirik); ölkə daxilində özümüz qiymətləndirmə aparmalı, reytinq siyahısı hazırlamalı, universitetlərin imtiyaz meyarlarını, üstün cəhətlərini müəyyən etməliyik. Əlbəttə ki, bu meyarlardan biri də mədəniyyət aspektidir; az sonra bu məsələyə toxunacağam. Qoy hər bir universitetin reytinq siyahısında yeri müəyyən olunsun; bu onlar arasında müsbət rəqabətin yaranmasına yol açacaq. Həm reytinq ardıcıllığını müəyyən edək, həm də qiymətləndirmə aparaq. Misal üçün, hansı universitetlərin fəaliyyəti yüksək səviyyədə olub, inkişafı yaxşı olubsa, elan edilsin və həmin universitetlər mükafatlandırılsın. Fikrimcə, ali təhsilin idarəçiliyində görüləsi vacib işlərdən biri də budur və bu, ali təhsildə keyfiyyətin yüksəlməsinə, rəqabət mühitinin yaranmasına da öz təsirini göstərəcək. 

Mənim burada özüm üçün qeyd götürdüyüm və bu gün vurğulamaq istədiyim məsələlərdən biri də budur ki, xoşbəxtlikdən universitetlərimizdə inqilabın tərəfdarı olan, dindar professor və müəllimlər çoxdur. Universitetlərimizdə müəllimlərin böyük əksəriyyəti İslam İnqilabına cani-dildən əqidəsi olan, inqilabi dəyərlərə bağlı, dindar, inqilabın nailiyyətlərinin bütün sferalarda davam edərək möhkəmlənməsini arzu edən insanlardır. Zənnimcə, belə inqilabçı müəllimlər universitetlərin daxilində cərəyan yaratmağa səy göstərməlidirlər. Düşünürəm ki, bu çox önəmlidir. Bəzi mədəni problemlər ucbatından universitetlərimizdə mövcud olan atmosfer İslam dövləti və İslam Respublikasının nəzərdə tutduğuna uyğun deyil. Çox tez-tez belə olur ki, dindar, inqilabçı ruhlu, gözəl düşüncəli gənclər universitetə qəbul olunur, lakin oranı bu dəyərlərin hamısından, yaxud əksər hissəsindən uzaqlaşaraq bitirir. Bu var, bu, universitetlərimizə keçmişdən miras qalmış bir şeydir. Qeyd etdiyim kimi, ölkəmizdə universitetlər əvvəl gündən dinə, müstəqil düşüncə və mədəniyyətə bağılılıq prinsipi əsasında qurulmayıb. Hətta demək olar ki, bunun əksinə olub. Universitetlərimizdə bu tendensiya hələ də var, qalmaqdadır. Siz – çox hörmətli dindar və inqilabçı müəllimlərimiz elə etməlisiniz ki, universitetlərdə dini-inqilabi düşüncəyə söykənən cərəyan rəvac tapsın.

Bunun üçün hökmən təhlükəsizlik, nizam-intizam və sair bu tipli imkanları işə qoşmağa ehtiyac yoxdur. Yox, bu, humanist, islami, mədəni bir işdir. Cərəyan yaratmaq lazımdır. Təbii ki, tələbələr gəncdirlər, sualları var; qoy inqilabçı müəllimlər onların suallarını cavablandırsınlar. Ötən həftə (11) tələbələrdən bir qrupu burada idi, bir neçəsi söhbət etdi, suallarını verdilər. Tələbələri maraqlandıran suallar onlardır, tələbələri bu qəbildən olan suallar düşündürür. O sualları cavablandırmaq lazımdır. Bunun üçün ən yaxşı yer isə universitet mühitidir, auditoriyalardır. Tələbələrin suallarına cavab verəcək ən yaxşı, ən layiqli şəxs siz – professor və müəllimlərsiniz. Gənclərin müxtəlif məsələlərlə bağlı fikrini aydınladın.

Universitetlərdə həm mürtəce cərəyanlarla, həm xarici təsirlərlə, həm də ideoloji sapınmalarla mübarizə aparılmalıdır. Bu gün universitetlərdə hətta solçu marksist cərəyan da danışmağa cürət edir. Əsas və önəmli təzahürləri varlıq aləminin həqiqət və reallıqlarının təzyiqləri altında iflasa uğramış marksizm aradan gedib (Sovet İttifaqını Amerika məhv etmədi, marksist düşüncənin əsaslarının haqsız olması məhv etdi; əlbəttə ki, amerikalılar da bundan öz mənafelərinə uyğun istifadə etdilər, qərblilər sovetlərin dağılmasından yararlandılar) lakin bu yanlış əsaslar məhv olub aradan getdiyinə baxmayaraq, hələ də bir qrup adam solçu marksist şüarları yenidən canlandırmaq istəyir. Əlbəttə, bir o qədər ciddi də deyillər. Zənnimcə, bu gün müxtəlif solçu, solçu marksist məsələlər ətrafında danışanların dediklərinə dərindən diqqət yetirəndə görürsən ki, elə Amerika solçularıdır. Bunlar eynən zahirən solçu şüarlarla çıxış edən, mahiyyətcə isə Amerika, Qərb ideologiyasının daşıyıcısı olan insanlar kimidirlər. Bəli, bu da bir məqam.

Mənim toxunmaq istədiyim digər bir məqam unversitetlərin mədəni mühiti ilə bağlıdır. Mədəni fəaliyyətlər genişləndirilməlidir, lakin buna lazımi qədər önəm verilmir. Bəzi universitetlərdə isə ümumiyyətlə mədəni iş aparılmır. Nöqsanlardan biri də budur. Əziz qardaşlar, əziz bacılar! Universitetlərin məqsədi təkcə gəncləri məlumatlandırmaq deyil. Məqsəd gəncləri formalaşdırmaqdır; elm vasitəsilə ali bir insan kimi formalaşdırmaq. Odur ki gənclərin formalaşması üçün universitetlərdə elmlə yanaşı onlara aşılanmalı olan amillər sırasına əxlaq, tərbiyə, həyat tərzi də daxildir. Bu, vacib bir məsələdir. Universitetləri mədəni cəhətdən lazımi səviyyədə zənginləşdirmək lazımdır. Əlbəttə, bəzi universitelərdə bu müəyyən qədər var, bəzilərində yoxdur, bəzilərində isə bunun əksi müşahidə olunur! Gənclər imanlı, inqilabi ruhlu, ismətli, ölkəsinə bağlı, xalqına xidmət etməyə hazır şəkildə yetişdirilməlidir. Yoxsa məsuliyyət hissi olmayan, ölkəsinin müqəddəratı ilə qətiyyən maraqlanmayan bir gənc universiteti yüksək elmi biliklərlə bitirsə belə, ölkəyə nə xeyri olacaq?! Bu da bir məqam. Əlbəttə, universitetlərlə bağlı qeyd olunası daha bir neçə məqam da var, lakin artıq vaxtımız qalmadığına görə onlara toxunmuram. Elmi-tətbiqi Universitet barədə, Pedaqoji Universitet barədə danışmaq istəyirdim. Fənlərarası tədqiqatlar barədə deyiləsi fikirlərim var idi; bayaq qardaşlardan biri dedi ki, bu elmlərdən istifadə olunması, müxtəlif elmlərin bir-biri ilə bu şəkildə əməkdaşlıq etməsi faydalı ola bilər. Tamamilə doğrudur. Bu gün məhz buna əsasən dünyada fənlərarası tədqiqatlar genişlənməkdədir, müxtəlif elm sahələrinin alimləri bir araya gəlib böyük işlər həyata keçirirlər. Siyasət və beynəlxalq siyasi proseslər barədə isə sadəcə bir cümlə demək istəyirəm; bu mövzuda uzun-uzadı danışmayacağam. Hazırda aktual olan, xaricilərin dilindən düşməyən, qəzetlərin hər gün yazdığı, geniş təbliğatı aparılan “danışıqlar” məsələsinə toxunmaq istəyirəm. Onlar: “İran danışıqlar masasına geri dönməlidir” – deməklə mütləq surətdə danışıqları yox, sırf Amerika ilə danışıqları nəzərdə tuturlar. Yoxsa ki biz başqa ölkələrlə – Avropa ölkələri ilə, digər ölkələrlə – danışıqlarımızı aparırıq, heç bir problemimiz yoxdur. Doğrudur, avropalılar və digərləri ilə də danışıqlar aparanda o müzakirələrin mövzusu bizim üçün vacib əhəmiyyət kəsb edir və bu baxımdan problem yarana bilər. Hər mövzuda danışığa getmirik. İnqilab üçün şərəf məsələsi olan mövzular ətrafında – qoy belə deyim ki, daha aydın olsun – müzakirələr etmirik. Müdafiə gücümüzlə bağlı heç kəslə danışıq aparmırıq. Ona görə ki danışıqlara getmək sövdələşmək deməkdir; yəni fərz edək ki, deyirlər: “Siz güzəştə gedin, sizi qüdrətli edən, sizə müdafiə gücü qazandıran filan hərbi imkanınızdan əl çəkin”. Bu ki müzakirə olunası bir məsələ deyil! Bu cür məsələlərdə danışıqlar iki kəlmə ilə yekunlaşır: onlar deyirlər ki, biz bunu istəyirik, biz də deyirik ki, xeyr, biz qəbul etmirik. Beləliklə, danışıqlar bundan irəli getmir, sövdəmiz alınmır. Eynən o elçilik məsəlində olduğu kimi; biri deyir, sizin evlilik məsələniz necə oldu? Deyir, hər şey tamamlanıb, ikicə kəlmə sözü həll etmək qalıb; o iki kəlmə söz də budur ki, biz deyirik, sizin qızınızı istəyirik, onlar deyirlər, qələt edirsiniz! (12) Əsas məsələlər barədə danışarkən 2 kəlmə ilə məsələ tamam olur. Yəni bunlar müzakirə olunası məsələlər deyil – sözvdələşmə mənasında müzakirə; çünki müzakirə sövdələşmək deməkdir, oturub eləcə söhbət etmək deyil ki! Deməli, daim “İran danışıqlar masasına gəlməlidir” deyənlər – istər amerikalılar, istərsə də başqaları – “danışıqlar” deyəndə sırf Amerika ilə danışıqları nəzərdə tuturlar. Amerika ilə danışıqlar məsələsinə gəlincə isə dönə-dönə (13) demişik ki, biz Amerika ilə danışıqlar aparmayacağıq. Səbəbi nədir? Səbəbini də mən müxtəlif çıxışlarımda dəfələrlə qeyd etmişəm: əvvəla ona görə ki Amerika ilə danışıqlar aparmağın bizim üçün heç bir faydası yoxdur, ikincisi isə bu danışıqlar bizim üçün ziyanlıdır. Yəni faydasız və zərərli bir şeydir. Bunları açıqlamışıq.

Mən burada bir şeyi də qeyd etmək istəyirəm. Amerikalılar hansısa dövlətlə, ölkə ilə bağlı nəyisə qarşılarına məqsəd qoyub, zor və təzyiqlər gücünə həmin məqsədə çatmağı qərara alanda təzyiq burada onlar üçün bir strategiya rolunu oynayır, lakin bu strategiya ilə yanaşı, işlətdikləri bir taktika da olur. O taktika isə danışıqlardan ibarətdir. Qarşı tərəfi yormaq üçün təzyiq göstərirlər. Yorulduğunu, qəbul edə biləcəyini hiss edəndə isə deyirlər, lap yaxşı, gəlin danışıqlar aparaq. Bu danışıqlar əvvəlki təzyiqlərin davamıdır və onların “məhsulunu yığmaq”, nəticəsini nağdlaşdırmaq, möhkəmləndirmək məqsədi daşıyır. Danışıqlar bunun üçündür. Təzyiq edirlər, qarşı tərəf yorulanda, artıq həqiqətən də çarə qalmadığını hiss edəndə isə danışıqlara çağırırlar. Masa arxasında oturub, təzyiqlə zəmin hazırladıqları tələblərini nağdlaşdırır, təsbit edirlər. Amerika ilə danışıqlar bu deməkdir. Onların strategiyası danışıqlar aparmaq deyil, təzyiq göstərməkdir, danışıqlar isə təzyiqlərin davamıdır.

Bu məkrli plana qarşı mübarizə aparmağın yalnız bir yolu var və o da bundan ibarətdir ki, əgər qarşı tərəfin də ixtiyarında hansısa təzyiq vasitəsi varsa, ondan istifadə etməlidir. Yolu ancaq budur. O öz təzyiq vasitəsindən istifadə etsə, Amerikanı durdura bilər – ya təzyiqlərini azaldar, ya da onlara son qoyar; qarşı tərəf də öz təzyiq vasitələrindən istifadə etməlidir. Yox əgər “danışıqlar” yalanına aldanıb öz-özünə: “Bu məni danışıqlara çağırırsa, əlimdəki təzyiq vasitələrindən istifadə etməyimə nə ehtiyac var? Danışıqlara getsəm, daha yaxşı olar” – desə, uduzacağı mütləqdir.

Yeganə yol budur. Amerikanın təzyiqləri qarşısında bizim öz təzyiq vasitələrimiz var. Bu vasitələr isə heç də onların dediyi, təbliğ etmək istədikləri kimi, hərbi texnika və sair deyil. Əlbəttə, əgər lazım olsa, onlardan da varımızdır, amma mən o vasitələri nəzərdə tutmuram. Yox, bizim başqa təzyiq vasitəmiz var; Ali Milli Təhlükəsizlik Şurasının bu yaxınlarda atdığı, yerli və xarici mediada haqqında açıqlama verilmiş o addım təzyiq vasitələrindən biridir. Elan ediblər ki, madam siz belə hərəkət edirsiniz, avropalılar da öz vəzifələrini yerinə yetirmirlər, biz də bu sahədə götürdüyümüz öhdəlikləri yerinə yetirməyəcəyik; yəni biz də özümüzü öhdəlikdən kənarlaşdırırıq. Düzgün bir addım idi, tamamilə haqlı bir iş idi. Bir yolu budur. Siz öz təzyiq vasitənizdən istifadə etməyəndə o arxayınlaşır, qətiyyən tələsmir, özü üçün heç bir zərəri olmayacağını bildiyinə görə işi uzatdıqca-uzadır. Siz öz ixtiyarınızda olan təzyiq vasitəsini işə salanda isə o narahat olub tədbir görmək barədə fikirləşməyə başlayır.

Bizim nüvə sahəsində elmi və texnoloji imkanlarımız yüksəkdir. Və qətiyyən nüvə silahı əldə etmək niyyətində də deyilik. Amerikaya, yaxud sanksiyalara görə yox, öz prinsiplərimizə görə. Bizim ideoloji prinsiplərimiz atom bombası və kimyəvi silah kimi kütləvi qırğın silahlarına sahib olmağımıza icazə vermir; bunlar şəriətdə haram hesab olunur. Bəziləri bizə dedilər ki, siz deyin, qoy istehsal etsinlər, amma istifadə etməsinlər. Xeyr, bu da doğru olmayan bir işdir. Ona görə ki o boyda xərc çəkib istehsal edəndən sonra bu şeydən istifadə etməyəcəyiksə və düşmən də bizim ondan heç bir vəchlə istifadə etməyəcəyimizi biləcəksə, bu elə nüvə silahımızın olmamağı kimi bir şeydir, heç bir fərqi yoxdur. İstifadə etmək niyyətimiz olmadığı halda, nüvə silahı istehsal etmək məntiqli, ağlauyğun bir addım deyil. Odur ki biz ideoloji prinsiplərimiz nöqteyi-nəzərindən bu məsələyə qarşıyıq. Bizim fiqhi, dini, şəri prinsipimiz budur. Silah əldə etmək niyyətində deyilik, amma uranı zənginləşdirməyə ehtiyacımız var. Bu gün bu ehtiyac faktiki olaraq hiss olunmaya bilər, amma 10 il sonra mütləq hiss olunacaq. Bu gün biz özümüzü hazırlayıb ölkənin bu sahədə imkanlarını yüksəltməsək, 10 il sonra sıfırdan başlamalı olacağıq. Bizim məntiqimiz budur. Odur ki biz bu imkanlardan istifadə edə, onları gücləndirə bilərik. Bizim təzyiq vasitələrimiz sırasına bunlar daxildir, bunlar qarşı tərəfi durdura bilər. Danışıqlara getmək məsələsi bu cürdür; heç də doğru bir təklif deyil.

Sevindirici haldır ki, ölkəmizin bütün rəsmiləri – icraiyyə rəsmiləri, diplomatlar, hökumətdə təmsil olunan siyasətçilər də Amerika ilə danışıqlara getməyin əsla tövsiyə olunmaması fikri ətrafında həmrəydirlər. Özü də söhbət təkcə hazırkı ABŞ administrasiyasından getmir; bundan əvvəlki Obama administrasiyasının davranışları da indikindən əsaslı surətdə fərqlənmirdi. Zahirən fərqli olsa da, mahiyyətcə eyni idi. Ona görə də bu gün hamı bu fikirdədir. Bir şeyi diqqətdə saxlasınlar ki, biz Amerikanın bu sahədə işlətdiyi hiylələrə heç vaxt aldanmayacağıq. Hələlik Ali Milli Təhlükəsizlik Şurasının qərarı budur, bundan sonra da nə lazımsa, etsinlər; yəni hələlik budur, amma həmişə bu həddə dayanıb qalmağın mənası yoxdur; lazım gəlsə, tələb olunsa, sonrakı mərhələlərdə başqa təzyiq vasitələrindən də istifadə etmək olar.

Qüds günü məsələsi də bu il hər il olduğundan daha önəmlidir. Əlbəttə ki, Fələstin məsələsi başlıca əhəmiyyət daşıyan bir problemdir, özü də bu təkcə müsəlman ölkələri və dövlətlərinə aid deyil. Fələstin məsələsi bütün insanlığın problemidir. Bu sırf İslam dini ilə bağlı bir məsələ deyil, hər bir vicdanlı insanın vicdanı onu Fələstin xalqının başına gətirilənlərə reaksiya verməyə məcbur edir. Əlbəttə ki, müsəlmanlar üçün bu iş daha da böyük əhəmiyyət və prioritet kəsb edir, onlar üçün məsələnin vicdani aspektindən başqa, şəri, dini aspekti də mövcuddur, lakin ümumilikdə bu məsələ humanitar bir məsələdir. Odur ki xalqın iştirakı ilə özündə Fələstinə dəstək ideyasını əks etdirən Qüds günü yürüşləri həmişə önəmlidir, bu il isə bu yürüşlər Amerikanın irəli sürdüyü “Əsrin sazişi” təşəbbüsü və onun regiondakı bəzi əlaltılarının bu planı regionda qəbul etdirmək üçün törətdiyi xəyanətkar əməllər nəticəsində daha da vacib əhəmiyyət kəsb edir. Əlbəttə ki, onların bu planı həyata keçməyəcək, Amerika və onun əlaltıları bu məsələdə də hökmən məğlubiyyətə uğrayacaqlar. Fərq təkcə bundadır ki, indi Fələstin məsələsinə birdəfəlik son qoymaq, onu qlobal problemlər sırasından biryolluq silmək istədiklərini açıq-aşkar deyirlər. Əlbəttə ki, bunu bacarmayacaqlar, arzuları ürəklərində qalacaq.

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, dediklərimizin, niyyət etdiklərimizin, gördüyümüz işlərin hamısının Sənin üçün və Sənin yolunda olmasını bizə nəsib et. Pərvərdigara! Universitetlərimizi İslam dininə layiq səviyyəyə günbəgün daha da yaxınlaşdır. Müəllimlərimizi, rəhbər işçilərimizi, tələbələrimizi – universitetlərimizin bütün ictimaiyyətini öz lütf və mərhəmətinə layiq gör!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

__________________________

 (1) Görüşün əvvəlində iştirakçılardan bir neçəsi çıxış etmişlər 
 (2) Elan olunduğuna görə, bu layihənin məqsədi uzunmüddətli və ardıcıl inkişafla bağlı iqtisadi-texnoloji mövzularda araşdırmalar   aparmaq və onların dünya üzrə ehtimal olunan nəticələrini dəyərləndirməkdir. 
 (3) O cümlədən Ali Məqamlı Rəhbərin ölkə universitetlərinin tələbələrindən və tələbə təşkilatlarının nümayəndələrindən bir qrupu   ilə olan görüşü (17.03.1396)
 (4) Tehran Universitetinin tələbələri ilə görüş (22.02.1377) 
 (5) Qulamhüseyn Saidi 
 (6) Tələbələr, istedadlı elm adamları və innovativ şirkətlərin rəhbərləri ilə görüş (28.07.1395) 
 (7) Ölkə universitetlərinin müəllimləri ilə görüş (02.06.1390) 
 (8) Müqəddəs İmam Rza (ə) ziyarətgahında zəvvarlar və yaxınlıqda yaşayan əhali ilə görüş (01.01.1390)
 (9) Hökumət rəsmiləri ilə görüş (24.02.1398)
 (10) Universitet müəllimləri və elmi tədqiqatçılarla görüş (20.03.1398)
 (11) Tələbələr və tələbə təşkilatlarının nümayəndələri ilə görüş (01.03.1398) 
 (12) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülürlər 
 (13) Hökumət rəsmiləri ilə görüş (24.02.1398)