و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین
Çox xoş gəlmisiniz! Çox faydalandıq, o gözəl tilavətlərdən, çıxışlardan xeyli bəhrələndik. Allaha həmd olsun ki, xalqımız, gənclərimiz, Quran oxuyanlarımız ilbəil, günbəgün daha da inkişaf edib irəli gedirlər, buna isə biz daim şükür etməliyik; əlhəmdulillah, çox yaxşı idi. (1) Və Allaha şükürlər edirik ki, bir daha bu məclisdə iştirak etməyimiz, burada toplaşan insanları ziyarət etməyimiz üçün bizə ömür verdi, bu görüşü bizə bir daha nəsib etdi. Uca Yaradan hamınızı Məhşərə Quranla gətirsin, inşallah.
Quran misilsiz bir sənət əsəridir; yəni Quranın əzəmət və əhəmiyyətinin daha bir aspekti də onun sənət baxımından, bədii cəhətdən gözəlliyidir. Elə qəlbləri maqnit kimi İslam dininə çəkən də ilk növbədə Quranın o bədii cəhəti olub. Ərəblər həm kəlmələrin melodikliyini yaxşı duyurdular, həm də ədəbi dillə tanış idilər – o dövrün ərəb mühiti bu cür idi – və qəflətən ortaya elə bir fenomen çıxdı ki, o vaxta qədər onlar ona bənzərini eşitməmişdilər. Nə şeir, nə də nəsr olan Quran qeyri-adi bir ədəbi təzahürdür. Eynən Əmirəlmöminin Əlinin (ə) buyurduğu kimi:
(2)ظاهِرُهُ اَنیقٌ وَ باطِنُهُ عَمیق
– zahiri füsunkar, batini dərindir. “اَنیقٌ” – insanı mat-məəttəl qoyacaq dərəcədə füsunkar, heyrətamiz gözəllik mənasındadır. Quran o dərəcədə gözəldir. Əlbəttə ki, biz farsdillilər, yəni qeyri-ərəbdillilər və elə ərəbdillillərin də çoxu bu gözəlliyi dərk edə bilmirik, lakin Quranla daha çox ünsiyyətdə olduqca bunu dərk etmək olur. İnsan Quranla daha sıx ünsiyyətdə olduqca, daha çox tilavət etdikcə, Quranı daha çox dinlədikcə başa düşür ki, mənəvi aspektindən əlavə, bu kitabın dili, bu cümlələr nə qədər gözəl, nə qədər bəlağətlidir.
Deməli, bu heyrətamiz dərəcədə gözəl sənət əsərini elə yüksək sənətkarlıqla da icra etmək lazımdır. Biri var biz öz evimizdə özümüz üçün Quran oxuyuruq, o zaman necə oxusaq da, eybi yoxdur; istər avazla oxuyaq, istər avazsız oxuyaq. Hərçənd orada da avazla oxumaq tövsiyə olunur. Hədislərdə var ki, evlərinizdən Quran səsi gəlsin; amma bu ümumilikdə cəmiyyətdə bir Quran atmosferinin yaranması, evlərdən Quran sədaları gəlməsi üçündür. Adi halda isə insan təklikdə, özü üçün Quran oxuduğu zaman fərqi yoxdur, yavaşdan oxuya, hündürdən oxuya, aramla oxuya, avazla oxuya. Amma qarşınızda bir auditoriya varsa, məsələn, hansısa məclisdə Quran oxuyursunuzsa, bu o deməkdir ki, dinləyənlərə təsir göstərmək istəyirsiniz. O yerdə sənətkarlıq ortaya gəlməlidir; məhz o yerdə sənətkarlıq öz rolunu oynamalıdır. Auditoriyaya sənətlə təsir göstərmək olar. O tilavətləri dinləməyimizin, yüksək qiymətləndirib qareləri təşviq etməyimizin mənası budur; yəni siz bu misilsiz sənət əsərini yüksək sənətkalıqla icra edir, ustalıqla oxuyursunuz. Nəticədə isə tilavətin təsiri qat-qat artır. Əlbəttə, bu şərtlə ki, tilavətin o sənətkarlıq cəhəti də düzgün, diqqətlə icra oluna. Məsələn, mən qare dostlarımıza dönə-dönə tapşırıram ki, Quranı ayələrin mənasını dinləyiciyə başa salacaq bir tərzdə tilavət edin. Elə oxuyun ki, mənaları çatdırasınız. Bunu bədii qiraətdə də müşahidə etmək olur; qiraətçi gəlib durur, gözəl səslə şeir oxuyur. O həmin şeiri iki cür oxuya bilər: ifadə və intonasiyaya diqqət yetirmədən, sözləri yeknəsəq tonla ard-arda düzüb deyə də bilər, ifadəliliyə, intonasiyaya, pauzalara diqqət yetirərək oxuya da bilər. Bu iki qiraət eynidirmi? Əlbəttə ki, eyni deyil. İkincidə cümlələrin, ifadələrin üzərinə lazımi qaydada vurğu edilir. Misal üçün, qarelər arasında bunu Şeyx Əbdülfəttah Şəşayi edir, Mustafa İsmayıl edir; onlar bu prinsipə riayət edirlər; yəni köhnə Misir qareləri arasında da hamı bu cür oxumur, hər kəs bunu bacarmır və ya diqqət yetirmir, amma bəziləri nə etdiklərini anlayırlar. Quran oxuduqları zaman lazım olan yerdə vurğu edirlər, ayələri elə çatdırırlar ki, dinləyici sanki Allahın onunla danışdığını hiss edir, ürəyi cəzb olunur. Bizim tilavətlərimizdə də bu olmalıdır, məclislərdə Quran oxuduğumuz zaman bu məqama önəm verməliyik; xüsusilə də sizlər; görürəm ki, əlhəmdulillah, hamınızın gözəl səsi var, bu işi müxtəlif cəhətlərdən kifayət qədər yaxşı bilirsiniz.
Əlbəttə ki, Əmirəlmöminin Əlinin (ə) qeyd etdiyi o ikinci cəhət – batinin dərinliyi də həmin bu sənətkarlıqla, ustalıqla bağlıdır, bununla əlaqədar olur, yəni oxuma tərzi o dərinliyə varmaqda bizə xeyli dərəcədə bələdçilik edə bilər. Amma Quranın batininə diqqət yetirmək lazımdır. “Quranın batini” deyərkən mən yalnız zikr əhlinin, məsum imamların (ə) xəbərdar olduğu o batini qatı nəzərdə tutmuram. O bizim işimiz deyil, onu gedib rəvayətlərdən, imamların (ə) buyurduqlarından öyrənib dərk etməliyik. Mən bu ifadə ilə yenə də Quranın zahirini nəzərdə tuturam. Misal üçün, Quran buyurur:
وَ العاقِبَةُ لِلمُتَّقین
“Aqibət müttəqilərindir!" (“Əraf” surəsi, 128-ci ayədən)
Yaxşı, bəs bu aqibət, işin axırı nə deməkdir? “ İşin axırı müttəqilərindir”; bu dünyada da işlərin axırı müttəqilərindir, axirətdə də sonda onlar uğurlu çıxacaqlar, mübarizələrdə də – əgər qələbə qazanmaq niyyətində olsalar – qalibiyyət onların olacaq. Döyüş meydanında düşmənə qalib gəlmək istəyirsinizsə, gərək müttəqi olasınız. Baxın! Diqqət yetirsəniz, görərsiniz ki, aqibət müttəqilərindir; bunun bir qədər dərinliyinə varaq, diqqət edək, üstündən ötəri keçməyək. Və ya məsələn:
وَ لَنَبلُوَنَّکُم بِشَیءٍ مِنَ الخَوفِ وَالجوعِ وَ نَقصٍ مِنَ الاَموالِ وَ الاَنفُسِ وَ الثَّمَرتِ وَ بَشِّرِ الصُّبِرین
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!” (“Bəqərə” surəsi, 155-ci ayə)
Bu qorxu nədir, aclıq nədir? İnsan gərək bu kəlmələr, bu məfhumlar haqda bir az dərindən düşünə. Bu elə Quranın mənası haqda düşünmək deməkdir. Quran ayələrində dönə-dönə vurğulanan “تدبّر” – dərindən düşünmək, fikirləşmək elə budur.
“بَاطِنُهُ عَمیق” – batini dərindir. Bu dərinliyə hər kəs öz bacardığı qədər, öz məlumatına, mütaliəsinə, şüur və dərkinə uyğun səviyyədə vara bilər. Bu dərinliyə hamı eyni dərəcədə gedə bilmir. Amma necə olursa-olsun, biz də bir az əl-qol ata bilərik də; gəlin cəhd göstərək, bir az əl-qol ataq, diqqət yetirib Qurandan nəsə başa düşək. Bəzən deyirlər ki, Qurandan həyat dərsi öyrənmək lazımdır. Bu o demək deyil ki, məsələn, sürücülük və yol hərəkəti qaydalarını da Quranda axtarmalıyıq. Yox, Quran bizim təfəkkürümüzə ali təlimlərlə zinət verir. İnsanın təfəkkür səviyyəsi ali təlimlərlə yüksəldiyi zaman isə dünyanın bütün sirlərini dərk edə bilir, hikməti öyrənir. Şair deyir:
آن که در او جوهر دانایی است
(3) بر همه کاریش توانایی است
Elm və hikmət cövhəri kimdə varsa,
O insanın hər bir işi uğurlu olar.
Siz Quran təlimlərinin bunlardan ibarət olduğunu dərk edəndə, bu təlimlər cəmiyyətin, ölkəmizin ictimaiyyətinin, yaxud ən azından Quran ictimaiyyətimizin təfəkküründə oturuşub özünə yer etdiyi zaman bəşəri elmin cürbəcür qapıları da insanların üzünə açılacaq.
Mənim fikrimcə, Quran kurslarının, Quran məclislərinin sayını artırmaq bizim öhdəmizə düşən mühüm işlərdən biridir. Əlbəttə ki, Qurana diqqət baxımından hazırkı dövr keçmişlə əsla müqayisə oluna bilməz. O vaxt bunun yüzdə biri deyil, heç mində biri də yox idi. O vaxt biz bu sahədə fəaliyyət göstərirdik, görürdük, bugünkünün heç mində biri də yox idi. Amma bəzi yaxşı ənənələr var idi ki, bu gün onlar televiziya və radioda Quran, tilavət kanallarının fəaliyyəti nəticəsində arxa plana keçib. Doğrudur, hazırda o kanalların olması çox yaxşıdır, lakin o ənənələr də geri gətirilməlidir.
Həmin ənənələrdən biri evlərdə Quran kurslarının təşkil olunması idi, digər biri məscid və hüseyniyələrdə Quran oxunması idi. Çalışın məscidləri Quranın dayağı edəsiniz. Quran məclislərini iki cür təşkil etmək olar: birincisi, insanlar bir yerə toplaşıb növbə ilə Quran oxuyur və orada iştirak edən ustad hər kəsin səhvini düzəldir, lazımi məqamları qeyd edir. İkincisi isə hamı bir yerdə toplaşır, bir nəfər çıxıb minbərdə yarım saat, bir saat Quran oxuyur – minbərdə moizə edənlər kimi; minbərin ayağında oturub moizələrə qulaq asdığınız kimi – siz də Quranı açıb o oxuduqca ayələri izləyirsiniz. Əlbəttə, son vaxtlar bu iş yavaş-yavaş adət halını alır. Mən televiziyada görmüşəm ki, ramazan aylarında Qumda, Məşhəddə, başqa şəhərlərin əksəriyyətində insanlar məsciddə toplaşır, Qurandan bir cüz oxunur, hamı qulaq asır. Bu, Qumdan başladı, başqaları da öyrəndilər. Mənə həqiqətən ləzzət edir, çox yaxşı ənənədir. Bunu təkcə ramazan ayında yox, il boyu müxtəlif məscidlərdə təkrarlamaq lazımdır. Ölkənin müxtəlif məscidləri Quranın dayağı olmalıdır. Misal üçün, elan edələr, cümə axşamı, cümə, yaxud şənbə günü – hər axşam olmasa da, həftədə bir axşam – bir nəfər quranoxuyan gələ, siz də gedib orada oturasınız, Quranı açıb qarşınıza qoyasınız, o oxusun, siz ayələrə baxasınız; və tərcüməsinə də nəzər salasınız; yaxşı tərcümələrə. Bizim dövrümüzdə, mən Məşhəddə təfsir məclisləri təşkil etdiyim zaman – bundan onilliklər öncə – bir-iki Quran tərcüməsi var idi, onlar da nöqsanlı idi. Allaha şükür, bu gün çoxlu sayda yaxşı tərcümələr camaat üçün əlçatandır. Onları götürüb baxsınlar. Bu, birincisi.
İkinci bir iş təfsir məclislərinin təşkil olunmasıdır. Təfsir də həddən ziyadə önəmlidir. Bu işi bilənlər, bacaranlar, əsasən möhtərəm ruhanilərimiz, Quranla ünsiyyətdə olan insanlar mütaliə etsinlər, düşünsünlər, təfsirlə bağlı mövzuları açıqlasınlar, cəmiyyəti maarifləndirsinlər. Axı Quranda buyurulur ki:
اِنَّ هذَا القُرءانَ یَهدی لِلَّتی هِیَ اَقوَم
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir”. (“İsra” surəsi, 9-cu ayə)
Bu Quran sizə “اقوَم” – yəni daha möhkəm, daha güclü, daha əsaslı olanı göstərir, sizi bu istiqamətə yönəldir. Bu möhkəmlik, bu güc və sarsılmazlıq nəyə aiddir? Sizin bu dünyadakı həyatınıza, hörmət və nüfuz qazanmağınıza, hökumət qurmağınıza, həqiqi həyatınız olan axirət həyatına –
لَهِیَ الحَیَوان
“Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır”. (“Ənkəbut” surəsi, 64-cü ayə)
Quran təlimləri cəmiyyətdə geniş vüsət aldıqda bu cür olur. Əlbəttə, Allaha həmd olsun, bu gün biz çox inkişaf etmişik, amma yenə də azdır. Keçmişlə müqayisədə kifayət qədər çox olduğuna baxmayaraq, lazımi səviyyədən hələ də aşağıdır. Bundan da artıq olmalıdır. Elə olmalıdır ki, cəmiyyətimiz, kişi və qadınlarımız, gənclərimiz Quran təlimləri ilə sıx ünsiyyətdə olsun. Quran maarifi şüurlarda özünə möhkəm yer etsin. Bu olandan sonra insanlarda arqument gətirmə bacarığı da yaranır, müdafiə gücü də yaranır, imanlar kamilləşir, hərəkətlər istənilən nəticəni verir.
Quran məclisləri ilə bağlı bir məqamı da qeyd edim: indi, əlbəttə ki, siz “Allah, Allah” deyib, Quran oxuyan şəxsi alqışlayır, həvəsləndirirsiniz. Bəziləri bir qədər də irəli gedib bir cür hay-küy salırlar; ərəblərə qulaq asıb onlardan öyrəniblər; ərəblərin də təbiətindədir, yoxsa Quranın tələb etdiyi bir şey deyil. Bizdə də bəziləri onları eynilə təqlid etməyə çalışırlar. Belə şeylər etmək lazım deyil. Oxuyanı həvəsləndirmək yaxşıdır, bunun heç bir eybi yoxdur, intəhası bura gələn o xarici qarelərdən bəzilərində (əsasən ərəblərdə; insafla demək lazımdır ki, aralarında çox yaxşı olanları da var, hamısı eyni cür deyil) görürəm ki, elə bil, dinləyənlər onların oxuduğu hər ayədən, yarım ayədən sonra yüksək səslə təşviq etməyə borcludurlar. Nəyə lazımdır? Bunun böyük bir eybi burasındadır ki, həmin adam sizin onun tilavətini düzgün başa düşmədiyinizi başa düşür; (4) pis oxuduğu zaman siz “Allah, Allah” deyəndə o başa düşür ki, sizin heç nədən başınız çıxmır. Çalışın, yaxşı oxuduğu vaxt onu alqışlayıb təşviq edəsiniz. Əlbəttə ki, öz uşaqlarımızı nə qədər alqışlayıb təşviq etsəniz, eybi yoxdur. (5) Mən onların əleyhinə deyiləm, amma kənardan hansısa qare gəlib burda Quran oxuyanda belə olmamalıdır ki, dinləyənlər necə oxumağından asılı olmayaraq, özlərini durmadan onu təşviq etməyə borclu hesab etsinlər. Xüsusilə də bəzən elə oxuyanın ahəngi ilə “Allah, Allah” deyirlər; belə şeylərə lüzum yoxdur; amma bəli, canlı, isti atmosferdə keçən bir Quran məclisi çox yaxşı bir şeydir, belə məclislər cəmiyyətdə geniş yayılmalıdır. Xülasə, mənim demək istədiyim budur ki, qarelər auditoriya qarşısında Quran oxuduqları zaman ayələrin mənasındakı vacib məqamlara diqqət yetirib, onların üzərində xüsusilə duraraq dinləyənlərin Quran məfhumlarını daha yaxşı və daha asan dərk edə bilməsinə çalışsınlar.
Mənim əzizlərim! Bizim Qurana ehtiyacımız var. Bu Quran bizim bugünkü ehtiyacımızdır. Təkcə biz İran xalqının, yaxud müsəlman dünyasının deyil, bəlkə bütün bəşəriyyətin bu gün Qurana, doğrudan da, ehtiyacı var. İmperializmə qarşı mübarizə aparan Qurandır, zülmə qarşı açıq-aşkar və qətiyyətlə çıxan Qurandır, küfrə, günah və azğınlığın tüğyan etməsinə, tağuta qarşı qüdrətlə mübarizə aparan Qurandır:
اَلَّذینَ ءامَنوا یُقاتِلونَ فی سَبیلِ اللهِ وَالَّذینَ کَفَروا یُقاتِلونَ فی سَبیلِ الطّاغوتِ فَقاتِلوِّا اَولِیاّْءَ الشَّیطن
“İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun!” (“Nisa” surəsi, 76-cı ayə)
Quranın bu bəyan tərzi nə qədər güclüdür?! Bunlar bəşəriyyətin bu gün düçar olduğu problem və sıxıntılardır. Bu gün hansısa ölkənin prezidenti, yaxud kralı simasında insanlığa, xalqlara, sülhə, asayişə, hökumətlərin və ölkələrin sabitliyinə qarşı bəd əməllər törədənlər Quranın sərt bir şəkildə tənbeh etdikləridir. İnsanlar bunu dərk etməlidirlər. Quran bizə deyir:
وَلا تَرکَنوا اِلَی الَّذینَ ظَلَموا فَتَمَسَّکُمُ النّار
“Zülm edənlərə meyil etməyin”. (“Hud” surəsi, 113-cü ayə)
– Zalımlara inanmayın! Bu gün dünya xalqlarının problemi budur. İnanırlar, başlarına oyun gəlir. Gördünüz: o bəzi ərəb ölkələrində yaxşı bir hərəkat start götürmüşdü, yaxşı bir mübarizəyə başlanmışdı, gözəl bir oyanış meydana gəlmişdi, amma üstünə torpaq tökülən bir alov şöləsi kimi yatdı. Nəyə görə? Çünki “لا تَرکَنوا اِلَی الَّذینَ ظَلَموا” – “Zülm edənlərə meyil etməyin” ayəsinə əməl olunmadı. Amerikaya, sionist rejiminə meyil etdilər. Nə etməli olduqlarını dərk etmədilər, ona görə də bu vəziyyət alındı.
Allah-taala bir xalqa hansısa köməyi edir, lakin həmin xalq o köməyin qədrini bilmirsə, bu münasibətinin zərbəsini alır. İlahi yardımın qədrini bilmək lazımdır. Allaha şükürlər olsun ki, bizim xalqımız Allahın ona etdiyi köməyin əvvəl gündən qədrini bilib. Xalqımızın bu möhtəşəm hərəkatı, inqilabın davam etməsi, xalqın bu ardıcıl müqaviməti, günbəgün artan hörmət və nüfuzu, ölkəmizin heyrətamiz inkişafı – bütün bunlar onun sayəsindədir ki, bu xalq dahi liderimiz İmam Xomeyninin (r.ə) varlığının bərəkəti ilə Quranın bu bir neçə ayəsinə əməl edib. Bu cümlələri bizə o öyrədib. Onun özünün qəlbi Allaha imanla dolu idi, Yaradana iman və Quran maarifi ilə dolub-daşırdı. O bizə nə etməli olduğumuzu öyrətdi, biz də onun dediyi kimi hərəkət etdik. Və əlhəmdulillah, xalqımız da möhkəm durdu. Bu gün də yol həmin yoldur; bu gün də bu ölkənin şeytanlara, tağutlara, kafirlərə qarşı çıxıb mübarizə aparmaqdan başqa yolu yoxdur. İnşallah, Allah-taala da bu xalqa dəstək və yardımçı olacaq.
Pərvərdigara, bizi Quran əhli et! Bizi Quranla yaşat, Quranla öldür, Məhşər meydanına da Quranla gətir! Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, dahi liderimiz İmam Xomeynini Məhşərə öz övliyalarınla birgə gətir! Dəyərli şəhidlərimizi Məhşərə Kərbəla şəhidləri ilə birgə gətir! Pərvərdigara! Gənclərimizi doğru yola hidayət et. Hamımızın aqibətini xeyirlə sonlandır. Çətinlik və sıxıntılarımızı aradan qaldır.
“Fatihə” oxuyub salavat çəkənlərdən Allah öz mərhəmətini əsirgəməsin!
______________
(1) Görüşün əvvəlində qarelər Quran tilavət etmiş, ilahi nəğmələr oxuyan qruplar çıxışlar etmişlər
(2) Nəhcül-bəlağə, 18-ci xütbə
(3) Nizami Gəncəvi, “Məxzənül-əsrar”
(4) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülürlər
(5) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülürlər