Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İİR Ordusunun baş komandanı və Quru Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین سیّما بقیّةاللّه فی الارضین

Əziz qardaşlar, zəhmətkeş və sözün əsl mənasında vicdanla xidmət edən komandirlər! Çox xoş gəlmisiniz. Sizin hamınızı, İİR Ordusunun möhtərəm komandanını, ordunun müxtəlif qoşun növlərinin komandanlarını, bütün yüksək rütbəli zabitlərini və şəxsi heyətinin hər bir üzvünü Ordu Günü münasibətilə, həmçinin ordumuzun müxtəlif sferalarda bizə qürur hissi yaşadan parlaq nailiyyətləri ilə əlaqədar təbrik etmək istəyirəm. Əlbəttə ki, bu təbrik təkcə sizə yox, həmçinin sizin ailə üzvlərinizə də aiddir. Çünki sizinlə bərabər onlar da zəhmət çəkirlər; xüsusilə də həyat yoldaşlarınız. Əgər onlar sizin öz öhdənizə götürdüyünüz bu çətin işdə sizin yanınızda, sizə dəstək olmasaydılar, siz bu uğurları qazana bilməzdiniz. Ən azından müəyyən sahələrdə işiniz axsayardı. Özəlliklə də rütbə və məsuliyyət artdıqca ailələrin zəhməti də artır. Xanımlarınıza, ailə üzvlərinizə mənim salamımı çatdırın, onları mənim adımdan həm Ordu Günü, həm “Nimeye-şəban”, həm şəban ayına təsadüf edən bayramlar, həm də Novruz bayramı münasibətilə təbrik edin.

General Heydəri çox gözəl çıxış etdi, Quranda keçən o ifadələrin mahiyyətini çox düzgün açıqladı; həm “اَشِدّاءُ عَلَی الکُفّار”, həm də “رُحَماّْءُ بَینَهُم” ifadəsinin. Bunlar ordunun bugünkü reallıqları barədə yürüdülən çox gözəl fikirlər idi. Şübhəsiz ki, silahlı qüvvələr milli iqtidarın başlıca amil və təzahürlərindən biridir. Əlbəttə ki, bu heç də bütün ölkələrdə belə deyil, əksər ölkələrdə silahlı qüvvələr xalqın yox, hakim rejimlərin, diktaturaların başlıca güc faktorudur. Nə vaxtsa xalqın başını əzmək lazım gəlsə, bunu da edirlər. Hətta bar-bar bağırıb azadlıq və demokratiya iddiası edən ölkələrdə belə. Hazırda şənbə günləri Parisdə baş tutan etiraz aksiyalarına baxın! Bizim ölkəmizdə isə İslam dininin, bu dinin təlimlərinin bərəkəti sayəsində – çünki bunları da bizə İslam dini öyrədib –

الجُنودُ بِاِذنِ اللهِ حُصونُ‌ الرَّعیَّة

– Allahın izni ilə, ordu xalqın qalasıdır. (1) Siz xalqın, hər bir vətəndaşımızın qalasısınız. Özü də bu təkcə müharibə dövrünə aid deyil. Müharibə zamanı siz özünüzü təhlükəyə atıb, hücumçu düşmənin qarşısında sinənizi sipər edirsiniz, onu əzib geri oturtmaq üçün bilik və təcrübənizə əsaslanaraq cürbəcür taktikalar işlədirsiniz. Müharibə dövründə belə olur. O zaman siz, həqiqətən də, xalqı qoruyan möhkəm qala, keçilməz sədd rolunu oynayırsınız.

Sülh şəraitində də eynilə belədir; təbii fəlakətlərdən əlavə (az sonra bu barədə də danışacağam), hansısa təbii fəlakət baş verməsə belə, silahlı qüvvələr öz baza, yaxud qərargahlarında xalqın asayiş və təhlükəsizliyinin keşiyində dururlar. Xalq ölkədə güclü və effektiv quru, hava, dəniz və müdafiə qüvvələrinin var olduğunu bildiyi zaman özünü rahat və təhlükəsiz hiss edir. İran xalqının düşmənləri bunu da istəmirlər. Özünüz görürsünüz, zaman-zaman istər Ordu, istər Keşikçi Korpus, istərsə də onlar arasındakı münasibətlər barədə bəzi sözlər danışmaqla silahlı qüvvələrimizin daxili təşkilati strukturunda problemlər varmış kimi təsəvvür yaratmaq və bununla camaatımızı narahat etmək istəyirlər; məqsədləri budur. Deməli, sülh şəraitində də silahlı qüvvələrin varlığı və hazırlığı – istər hərbi bazalarında olsun, istər administrativ binalarında olsun, istərsə də digər dislokasiya mərkəzlərində – xalqa arxayınlıq və təhkükəsizlik hissi bəxş edir. Təbii fəlakətlərə gəlincə; özünüzün də şahidi olduğunuz kimi, Kirmanşahda baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı Ordu və digər silahlı qüvvələr həyat əhəmiyyətli rol oynadı. Yəni həqiqətən də, əgər zəlzələdən ziyan çəkmiş o əsas bölgələrdə bunlar olmasaydılar və xalqın yardımına tələsməsəydilər, bizim tələfatımız – cürbəcür dağıntılardan əlavə – sözsüz ki, qat-qat çox olardı. Bu, Kirmanşahda baş verən zəlzələ. Bu sonuncu sel hadisəsində də – əlbəttə, mən silahlı qüvvələrin həmin bölgəyə yollanması haqda göstəriş verdim, amma mən bilirəm, məlumatım var ki, mənim göstərişimdən əvvəl də silahlı qüvvələrin – Ordu, Keşikçi Korpus və digərlərinin – böyük bir qismi artıq meydanda idi. Gülüstanda Böhran Komitəsindən əvvəl ordunun hərbçiləri işə girişmişdilər, Böhran Komitəsi ora çatmamış ordu artıq orada hazır idi. “حُصُونُ‌ الرَّعِیَّة” – xalqın qalası bunlardır. Özü də bu təkcə müxtəlif texnika və qurğularla göstərilən kömək deyildi. Onlar canları, fiziki bədənləri, fiziki qüvvələri ilə xalqa xidmət edirdilər. Ordunun polkovniki əyilir ki, qoca bir kişi ayağını onun kürəyinə qöyub yük maşınına minsin! Baxın, bunlar qalıcı olan, tarixin yaddaşında itib-batmayan faktlardır. İran xalqı bu faktların şahidi olub. Bu faktlar onu göstərir ki, silahlı qüvvələr, həqiqətən də, xalqın qalasıdır. Bu o deməkdir ki, İİR Ordusunda xidmət edən hərbçilər: “Ordu xalqa fədadır!” – dedikləri zaman bu sözlərində sadiqdirlər, işləyirlər. Bunlar bizim var olan dəyərlərimizdir. 

Digər bir önəmli məqam isə budur ki, İslam Respublikasının bərəkəti sayəsində bu gün ordumuz sırf texnika, təcrübə, bilik və texnologiyadan ibarət deyil. Ordunun müəyyən sferalarında islami dəyərlər də sərgilənir. Ordunun bir çox sferaları islami dəyərləri nümayiş etdirir: istər hərbi akademiyalarında, istər hərbi bazalarında, istər administrativ mərkəzlərində dinin zahiri şərtlərinə, şəri əməllərə, xalqa xidmətə böyük diqqət yetirilir. Bütün bunlar orduda özünü göstərir. Mən hamını nəzərdə tutmuram, hamı eyni cür deyil. Əsas odur ki, örnəklərimiz olsun, onları üzə çıxarıb göstərə bilək. Abbas Babayini, Səyyad Şirazini və digər bu kimi simaları xalqa, İslam ümmətinə göstərib: “Baxın, bunlar bu cür olublar”, – demək olar. Onların o məsuliyyəti, o fədakarlığı, o təvazökarlığı, ad-sandan, şan-şöhrətdən qaçmaları!.. Bir vaxtlar Hava Qüvvələrinə komandan seçmək istəyirdik, 3 namizədimiz var idi: Şəhid Səttari, Şəhid Babayi və adını xatırlamadığım başqa bir adam; özümün prezident olduğum vaxtlardan danışıram. Mən seçimi özlərinə buraxdım, dedim ki, mən qarışmıram; məncə, özlərini çağırdım – indi dəqiq yadımda deyil, çünki üstündən çox illər keçib – dedim, oturun aranızdan birini seçin. Oturub seçdilər. Əlbəttə, o vaxtlar belə qəbul olunmuşdu ki, Hava Qüvvələrinin komandanı pilot olmalı idi. Şəhid Səttari heç pilot da deyildi, texniki qüvvələrdən idi, amma onu seçdilər; arqumentlərini də bir-bir dedilər. Misal üçün, Şəhid Babayi və ya adını xatırlamadığım o üçüncü şəxs eyhamla da olsa çatdıra bilərdilər ki, Hava Qüvvələrinin komandanı olmaq istəyirlər və o zaman çox asanlıqla o vəzifəni tutmuş olardılar. Çünki Şəhid Babayi pilot idi, o zaman isə Hava Qüvvələrində pilotların komandan olmaq şansı ən yüksək idi, bunun üçün onlara daha geniş imkan yaradılırdı. Amma heç eyhamla da belə bir niyyətləri olduğunu bildirmədilər. Bu şeylər çox önəmlidir. Yalnız zahiri görən gözlər, dərin düşüncədən uzaq olan dillər belə şeyləri nə görür, nə də deyir. Amma bunlar var, mövcuddur. Mən orduda çox olmuşam, orada xidmət edən hərbçilərlə çox oturub-durmuşam, bu şeyləri onlarda sınamışam, bilirəm ki, orduda bunlar var, bu ordu çox dəyərlidir. Məktəb yaradan ordu bu deməkdir, bunu siz komandirlər daha da gücləndirməlisiniz. 

Bu gün İİR Ordusu dindar və inqilabçı insanların əlindədir. Yəni bu gün orduda yüksək vəzifə tutan insanlar əksəriyyət etibarilə inqilabdan sonra ordunun sıralarına gəlmiş inqilabçı gənclərdir. Əlbəttə, çox az bir hissəsi – az sayda adam inqilabdan əvvəl də orduda olub, amma böyük əksəriyyəti inqilabdan sonranın yetirmələridir. Bu gün bu böyük təşkilatın, bu dəyərli qurumun sükanı sizin əlinizdədir. Ordunu bu istiqamətdə bacardığınız qədər gücləndirin. Bu gün bizim ordumuz həm həmişəkindən daha dindar, həm də daha effektivdir; yəni insafla demək lazımdır ki, buna heç bir şübhə ola bilməz. İran xalqını alçaldıb, ona xəyanət edənləri göylərə qaldırmağa adət etmiş adamlar daim deyirlər ki, modern ordunu Rzaxan formalaşdırıb. Yaxşı, həmin o modern ordu xaricilərin hücumları qarşısında nə qədər müqavimət göstərə bildi? O modern ordudan neçə nəfər bu mübarizədə möhkəm durub canını fəda etdi? Sadalasınlar, bilək. Cəmi bircə sutka müqavimət göstərə bildilər. İİR Ordusu isə nizamlı bir müharibədə 8 il ard-arda müqavimət göstərə bildi, duruş gətirdi, fəaliyyət göstərdi. Biz özümüz şahidi olmuşuq, nələr etdiklərini, hərəkətlərini, qatlaşdıqları çətinlikləri öz gözlərimizlə görmüşük. Bu, həqiqətən də, belədir. Bu ordunun elmi bilikləri daha geniş, təcrübəsi daha çox, ruhiyyəsi qat-qat daha yüksək, müxtəlif imkanları daha yaxşı, dindarlığı, ibadəti, əmanətdarlığı da daha çoxdur. Bu, İslam Respublikasının bərəkətidir. Ordunu bu cür inkişaf etdirən və əlhəmdulillah, xalqımızın qürur yerinə çevirən məhz İslam Respublikası olub.

Bu gün ölkəmizin ordusu və silahlı qüvvələri yalnız milli mənafe ilə məşğul deyil. Milli mənfeyi təmin edirlər, amma bu gün silahlı qüvvələrimizin bərəkəti digər ölkələrə də yetişir. Özünüz fikirləşin, əgər bizim silahlı qüvvələrimiz – Ordu və Keşikçi Korpusumuz İŞİD-lə mübarizəyə qoşulmasaydı, regionumuzda vəziyyət necə olardı? Əlbəttə, ölkələr də öz işini gördü, amma İslam Respublikasının silahlı qüvvələrinin rolunu kim inkar edə bilər? Onlar işə qarışmasaydılar, görün, bu gün bizə qonşu olan ölkələrdə – qonşularımızda – xalqlar nə vəziyyətdə olardı, hökumətlər kimlərin əlində olardı! Yəni İslam Respublikasının silahlı qüvələri öz bərəkətini paylaşdırır, Allahın onlara bəxş etdiyi nemətləri başqaları ilə bölüşürlər, hamıya xeyirləri dəyir. Ümidvarıq, bu belə də davam edəcək və sizdən bütün dünya xeyir görəcək, inşallah.

Zənnimcə, ordumuzda həmişə var olmuş, bu gün də müşahidə olunan və inşallah, bundan sonra daha da güclənəcək mühüm cəhətlərdən biri də, az öncə general Heydərinin də qeyd etdiyi kimi, silahlı qüvvələrin birliyidir. Yəni sizinlə Keşikçi Korpus daim əl-ələ verməli, vəhdətdə olmalısınız. Amerikanın Keşikçi Korpusa qarşı yol verdiyi o çirkin hərəkətdən sonra ordudakı qardaşlarımızın atdığı o addım çox gözəl idi, korpusun hərbçilərinə qardaş kimi əllərini uzatdılar. Bu, çox gözəl və düzgün bir addım idi. Bunlar düşməni çox əsəbiləşdirir. Sizin hansısa işiniz düşməni əsəbiləşdirirsə, deməli, o iş gözəl bir işdir. Düşmənin xeyrinə olan istənilən iş isə pisdir. Nə iş olursa-olsun; istər o işi görən mənim kimi başına əmmamə qoyan biri olsun, istər sizin kimi hərbi geyim geysin – fərqi yoxdur. Düşməni cəsarətə gətirmək, ruhlandırmaq lazım deyil. Bu gün dünyada ən başlıca müharibə metodlarından biri psixoloji müharibədir (əlbəttə ki, həmişə bu cür olub, amma hazırda daha da genişlənib), qarşı tərəfin ruhiyyəsini zəiflətməkdir. Adamın öz ölkəsində trilyonlarla dollar borcu, problem və qayğıları var, sel gəlir, qasırğa gəlir (bir neçə il əvvəl baş vermiş, nəticələrini illərlə aradan qaldıra bilmədikləri Karolina qasırğası kimi) amma gəlib İran xalqı, İslam Respublikası və ölkəmizin rəsmiləri haqqında utanmadan ağzına gələni danışır, özünə yaraşanı İrana aid edir. Düşmən bu cürdür. Düşmən qarşı tərəfin ruhiyyəsini zəiflətməyə çalışır. Reallığın necə olduğunu bilir: öz problemlərini, bədbəxtliklərini də bilir, İran xalqının möhtəşəm və sürətli irəliləyişini də görür. Sel fəlakəti ilə bağlı o bir neçə ostanda görülmüş işlər həqiqətən fövqəladədir; onları sözlə təsvir etmək, doğrudan da, qeyri-mümkündür. Ordu bir cür, Keşikçi Korpus bir cür, bəsicilər bir cür, sadə vətəndaşlarımız bir cür, ruhanilər, din tələbələri bir cür. Bir neçə min tələbə – teoloji mərkəzlərin və universitetlərin tələbələri – yola düşüb yalın əllə camaatın köməyinə tələsdilər. Çoxlarının heç imkanı da yoxdur; camaat özü bu işə pul xərcləyirdi. Bütün bunlar heyrətamiz məsələlərdir, dünyada belə şeylərə ya heç rast gəlinmir, ya da çox nadir hallarda rast gəlinir. Bunlar İran xalqının əzəmətli hərəkatının göstəricisidir. Düşmən bunları görür və bu şeylərin bizdə olmağını istəmədiyinə görə də xalqımızın ruhiyyəsini zəiflətmək üçün oturub bizim haqqımızda pis-pis danışır. Ona görə siz də bu tərəfdən çalışmalısınız ki, düşmənin ruhiyyəsini gücləndirəcək, özümüzünkülərisə ruhdan salacaq işlər görməyəsiniz. Heç kəs belə hərəkətlərə yol verməməlidir. Aparılan təbliğatlarda, səsləndirilən fikirlərdə, çıxışlarda, görülən işlərdə bu prinsipə riayət olunmalıdır. Əlhəmdulillah, ordumuz yaxşı bir ordudur. Ümidvaram, günbəgün işlərinizin keyfiyyətini daha da yüksəldəcək, daha da ixtisaslaşacaq, daha böyük təcrübə qazanacaq, fəalliyyətinizi daha da optimallaşdıracaq, özünüzdən yüksək rütbəli zabitlərə daha dəqiq və real məruzələr təqdim edəcəksiniz. Bütün qurumlar diqqət yetirməlidirlər ki, yuxarıda oturan rəsmilərə dəqiq və real hesabatlar ötürsünlər. Hesabatlar verilən qərarlara təsir göstərir və düzgün qərar qəbul etmələri üçün rəsmilərin masasında real və dəqiq hesabatlar olmalıdır. Hamınıza təşəkkür edirəm. İnşallah, uğurlarınız bol olsun.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun

__________________

(1) Nəhcül-bəlağə, 53-cü məktub