Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Məbəs günü hökumət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1) 

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین 

Hörmətli görüş iştirakçıları, dəyərli xarici qonaqlar, əziz İran xalqı və bütövlükdə böyük müsəlman ümməti! Mübarək Məbəs bayramı münasibətilə hamınızı təbrik edirəm! Hərçənd son günlər xalqımız sel fəlakəti ilə əlaqədar olaraq, problem və sıxıntılarla üzləşib, əhalinin bir qismi kədər və müsibət içərisindədir. İnsan tələfatı var, insanlara maddi ziyan dəyib; ümidvarıq, inşallah, hörmətli dövlət rəsmilərimiz Allahın köməyi, eləcə də xalqın dəstəyi ilə – əlhəmdulillah, indiyə qədər bu dəstək həmişə müşahidə olunub – bu fəlakətin ağır yükünü camaatın çiyinlərindən qaldıra biləcəklər, bu əziz günün bərəkəti sayəsində, inşallah, Uca Yaradan lütf göstərib xalqımızın qəlbini şad edəcək. 

Əlhəmdulillah, camaatımız bu fəlakətin nəticələrinin ortadan qaldırılmasında çox yüksək səviyyədə iştirak etdi. Bu, birinci dəfə də deyil; bütün təbii hadisələrdə, təbii bəlalarda – bu hadisələr zahirən bizə bəla kimi görünür, amma ola bilsin, batinində bir ilahi nemət, Allahın bir bəxşişi yatır – İran xalqı həmişə, həqiqətən də, canla-başla meydana girib. Biz bunun dəfələrlə şahidi olmuşuq. Camaatımız arasındakı bu bağlılıq ruhu, həmvətənlərinə xidmət üçün səfərbər olmaq halı müstəsna bir şeydir. Bu fakt rəsmiləri də təşviq edir, onların da işinə yardımçı olur. Budəfəki sel fəlakətində də o cür oldu; həm ölkənin müxtəlif bölgələrindən insanlar işə qoşularaq kömək etdilər, həm də rəsmilər söz birliyi ilə, mərkəzləşmiş formada, bir olub bu olayda tələb olunan ilkin işləri həyata keçirməyi bacardılar. Əlbəttə ki, hələ görüləsi işlər çoxdur. Biz bunu rəsmilərin diqqətinə çatdırmışıq, özləri də çox gözəl bilirlər ki, əsas işlər hələ bundan sonraya qalıb. O dağıntılar, viran qalmış evlər, tarlalar, ortaya çıxmış digər xəsarətlər – bunlar hamısı, inşallah, aradan qaldırılmalı, yenidən əvvəlki vəziyyətinə gətirilməlidir və gətiriləcək də. Qoy əziz xalqımız da rəsmilərlə əməkdaşlığını davam etdirsin; bu, çox lazımlı bir işdir. Xalqın iştirakı, camaatın köməyi və əməkdaşlığı, həqiqətən də, bir çox düyünləri açmağa, problemləri həll etməyə qadirdir.

Məbəs məsələsinə gəlincə isə, burada diqqətəlayiq bir məqam var, o da bundan ibarətdir ki, bəşəriyyətin hidayəti üçün peyğəmbərlərin göndərilməsi Quranda dönə-dönə “besət” – meyilləndirmək, həvəsləndirmək, təşviq etmək, təhrik etmək ifadəsi ilə qeyd olunur. Peyğəmbərlərin göndərilməsi haqda danışılarkən “besət” kəlməsi işlədilir:

لَقَد مَنَّ اللهُ عَلَی المُؤمِنینَ اِذ بَعَثَ فیهِم رَسولًا

“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi”. (“Ali-İmran” surəsi, 164-cü ayə)

هُوَالَّذی بَعَثَ فِی الاُمِّیّینَ رَسولًا

“(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur”. (“Cümə” surəsi, 2-ci ayə)

وَ لَقَد بَعَثنا فی کُلِّ اُمَّةٍ رَسولًا

 “Biz hər ümmətə peyğəmbər göndərmişdik”. (“Nəhl” surəsi, 36-cı ayə)

Bu, çox önəmli bir məqamdır. Peyğəmbərlərin göndərilməsi bir təşviq etmədir, təhrik etmədir, adi bir öyrədici davranış deyil. Cəmiyyətdə bir peyğəmbərin ortaya çıxması təkcə bu demək deyil ki, o, insanlara nələrisə öyrətməyə gəlib. Bəli, Quran deyir:

یُعَلِّمُهُمُ الکِتابَ وَ الحِکمَة

“Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin...” (“Bəqərə” surəsi, 129-cu ayə) 

یُزَکّیهِم

“... onları (günahlardan) təmizləsin...” (“Bəqərə” surəsi, 129-cu ayə)

Bunlar var, amma bütün bunlar bir besətin, böyük bir hərəkatın kontekstində həyata keçirilir. “Besət” – təşviq etmək, meyilləndirmək, hərəkətə gətirmək deməkdir. Bəs bu təhrikin, bu meyilləndirmənin yönü, istiqaməti harayadır? O istiqamət Quranın özündə də dönə-dönə qeyd olunub:

وَ لَقَد بَعَثنا فی کُلِّ اُمَّةٍ رَسولًا اَنِ اعبُدُوا اللهَ وَ اجتَنِبُوا الطّاغوت

“Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin!” – deyə peyğəmbər göndərmişdik”. (“Nəhl” surəsi, 36-cı ayə)

Əvvəla, Allaha ibadət etmək, yəni həyatı ilahi səmtə yönəltmək, ilahi məqsədlərə xidmət etmək, Allahın bəyəndiyi işləri görmək. İkincisi isə tağutdan çəkinmək. Tağut kimdir? Bütün zalımlar, müasir dövrdə Amerika və bəzi digər ölkələrin prezidentləri kimi xəbis padşahlar – tağut bax bunlardır. Tağutlardan çəkinmək o demək deyil ki, əməllərinə bulaşmamaq üçün yalnız onlardan uzaq durasan. Bu o deməkdir ki, tövhid, Allaha ibadət xəttinin əks tərəfində daha bir xətt var. Tağutu rədd etmək Allaha iman gətirməklə yanaşı gəlməlidir və imanın tələblərindən biridir. Peyğəmbərlərin besətinin səbəbi budur.

Peyğəmbərlərin besəti üstün bir cəmiyyət yaratmaq üçündür; bir qədər əvvəl qeyd olunduğu kimi, bir sivilizasiya yaratmaq üçündür. Bu sivilizasiyada hər şey var: elm də var, əxlaq da var, həyat tərzi də var, müharibə də var. Müharibə də var; özünüzün də gördüyünüz kimi, Quranda müharibə ilə bağlı nə qədər ayələr var. Biz deyə bilmərik ki, İslam dini savaşları ortadan qaldırmaq üçün gəlib; xeyr, amma önəmli olan, savaşın kimə qarşı, nə üçün və nəyin naminə olduğudur. Mühüm olan budur. Yer üzünün tağutları öz nəfsi istəkləri naminə, güc və hakimiyyət qazanmaq, fəsadı yaymaq üçün müharibə edirlər. Uzun illərdir ki, sionistlər döyüşürlər, amma öz çirkin məqsədləri naminə döyüşürlər. Onlara qarşı cəbhədə möminlər də vuruşurlar, Fələstin mücahidləri, hizbullahçı mücahidlər döyüşürlər, bizim əziz xalqımız da 8 il davam etmiş Müqəddəs Müdafiədə onlara qarşı savaşdı, amma bu, qınağa layiq bir savaş deyil, əksinə, təqdirəlayiqdir, Allah yolunda cihaddır.

اَلَّذینَ ءامَنوا یُقاتِلونَ فی سَبیلِ الله

“İman gətirənlər Allah yolunda vuruşurlar”. (“Nisa” surəsi, 74-cü ayə)

Möminlərin vuruşmağı əhəmiyyətli bir məsələdir, amma ilahi hədəflər uğrunda.

وَالَّذینَ کَفَروا یُقاتِلونَ فی سَبیلِ الطّاغوتِ فَقاتِلوا اَولِیاءَ الشَّیطان

“Kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostları ilə (kafirlərlə) vuruşun! (“Nisa” surəsi, 76-cı ayə)

Baxın, Quranda keçən təbirlərə diqqət yetirməklə bir çox mətləblərin dərkinə yol tapa bilərik.

Nəyə görə “besət”, peyğəmbərlərin “göndərilməsi”, peyğəmbər “göndərildi” deyirlər? Toplumda hansısa filosof da ortaya çıxa bilər; tutalım, Əflatun və ya Sokrat. Bu insanlar da bəşəriyyətə yeni nələrsə öyrədiblər, amma onlar haqqında danışarkən “besət” – göndərilmək sözündən istifadə olunmur. Peyğəmbərlər onlar kimi deyillər; peyğəmbərlərdə besət – göndərilmə var. Əziz və əzəmətli İslam peyğəmbərinin besəti isə besətlərin ən üstünü, ən mükəmməli, ən davamlısıdır; yəni bu besət bu gün də var, Peyğəmbəri-Əkrəm (s) bu gün də besət etməkdədir. Bu gün siz Quranı oxuyub ondan dərs götürürsünüzsə, özünüzdə güc və stimul tapıb hansısa işə başlayırsınızsa, bu, Peyğəmbərin (s) besətinin davam etməsi deməkdir. İran xalqının dahi İmam Xomeyni (r.ə) kimi əzəmətli bir şəxsiyyətin arxasında durması, çətinliklərə sinə gərib əngəllərdən keçərək irəli getməsi, regionun ən strateji nöqtəsində – yəni İranda minillərlə davam etmiş, çürük və xəbis bir tağut rejimini devirərək İslam dövlətinin əsasını qoyması elə peyğəmbərin besətinin davam etməsi deməkdir. İslam İnqilabı peyğəmbərin besətinin davamı idi, İslam Respublikası besətin davamı idi. Bizim dediyimiz budur. İslam İnqilabına və İslam Respublikasına düşmən olanlar İslamın yer üzünə gəldiyi ilk dövrlərdə bu dinin göndərilməsinə, tövhid hərəkatına düşmən olanlardır. Biz bunu deyirik.

Bəziləri deyirlər ki, düşmən axtarmayın; xeyr, biz düşmən axtarmırıq. Biz eynilə Peyğəmbərin (s), Allahın, tövhidin sözünü deyirik və bunu deməyimiz özü bizə bir qrup düşmən yaradır. Düşmən tövhid hərəkatı yaratdığımıza görə bizə düşmən olur. Onun bu düşmənçiliyi yalnız o zaman aradan qalxar ki, siz bu hərəkatdan əl çəkib, onun istədiyi vəziyyətə – yəni tağuta baş əyməyinizə, tağutun arxasınca getməyinizə və sairə qayıdasınız. Amerika bizdən bunu gözləyir, onun Səudiyyə kimi nökərləri – Amerikanın regiondakı o təbəələri – bizdən bunu gözləyirlər. Amerikalılar nə deyirlərsə, bunlar da onu təkrarlayırlar. Əslində onlar

یُقاتِلونَ فی سَبیلِ الطّاغوت

 – tağut yolunda vuruşanlardır.(2) Tağut üçün mübarizə aparanlar, tağuta işləyənlərdir.

Allahın təqdirinə əsasən, bu cəbhələşmədə, haqla batilin, tövhidlə tağutun bu qarşıdurmasında – bu qarşıdurma qaçılmaz olaraq mövcuddur – qalib olan tərəf haqq cəbhəsi olacaq. Yəni siz İran xalqı bu günə qədər olan hərəkatınızı bundan sonra da davam etdirsəniz, heç şübhəsiz, düşmənlərinizə qələbə çalacaqsınız; Amerikaya qalib gələcəksiniz:

وَ نُریدُ اَن نَمُنَّ عَلَی الَّذینَ استُضعِفوا فِی الاَرضِ وَ نَجعَلَهُم اَئِمَّةً وَ نَجعَلَهُمُ الوارِثین

“Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və varislər edək. (“Qəsəs” surəsi, 5-ci ayə)

هُوَ الَّذیِ اَرسَلَ رَسولَهُ بِالهُدی وَ دینِ الحَقِّ لِیُـظهِرَهُ عَلَی الدّینِ کُلِّه

“Onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (“Tövbə” surəsi, 33-cü ayə)

Allah-taalanın təqdiri belədir, amma mən və siz bu nəticəni dəyişə bilərik. Necə? Məsuliyyətsizlik etməklə, dəstək olmamaqla, həyata keçirdiyimiz hərəkata sadiq olmamaqla, can-başla iş görməməklə, Allah yolunda cihad əzmi ilə çalışıb-vuruşmamaqla. Bəli, biz bütün bu hallara yol versək, haqq cəbhəsi adlandırdığımız o cəbhə qələbə qazanmayacaq. Amma İran xalqı bu cür olmadığını nümayiş etdirib; vaxt keçdikcə bu daha da aydın olur. İndiki gənclərimiz gəncliyinin müəyyən dövrünü bu mübarizəyə həsr etmiş bizlərdən daha stimullu, daha məlumatlı, daha hazırlıqlıdırlar. Məhz elə buna görə də mən həmişə gənclərə müraciət edirəm, onlara üz tutaraq danışıram. Bizim bugünkü gənclərimiz hazırlıqlıdırlar, müxtəlif cəbhələrdə iştiraka hazırdırlar. Əlbəttə, İran xalqının bu mübarizə və mücahidəsi təkcə əlinə tüfəng götürüb vuruşmaq demək deyil. Yox, biz heç kəslə müharibə etmək niyyətində deyilik. Bir qayda olaraq, bizə hücum olunmayana qədər biz heç kimə hücum etmirik. Buna baxmayaraq, digər cəbhələrdə, məsələn, elm cəbhəsində uğur qazanırıq, əxlaq cəbhəsində, inşallah, uğur qazanmaqdayıq, həyat tərzi baxımından inkişaf edirik. Bu gün bizim gənclərimiz çox yaxşı stimula sahibdirlər; addım-addım irəli getməkdəyik.

İqtisadi problemlərə gəlincə, bu sahədə hamı, xüsusilə də gənclər fəal olmalıdır. Mədəni məsələlər, şüurlu siyasi hərəkatlar cəbhəsində də eynilə hamı, özəlliklə gənclər fəallıq göstərməlidir. Gənclər hazırlıqlıdırlar, fəal ola bilərlər, Allahın köməyi ilə, olacaqlar da! Və bu ölkənin sabahı mömin və stimullu gənclərindir. O gənclər ki, qətiyyətli iradə, gənclik qüvvəsi, aydın düşüncə və ardıcıl təşəbbüskarlıqla, inşallah, bu ölkəni inkişafın zirvəsinə yüksəldəcəklər. Bizim istək və gözləntimiz budur. Biz öz zehnimizdə besətlə, Məbəs bayramı ilə bağlı məhz belə düşüncə və təəssüratlar yaratmalıyıq ki, bu bayram bizim üçün təkcə xoş bir xatirə, əlamətdar bir hadisəni xatırlama, Peyğəmbərə (s) ehtiram ifadə etmə formasında keçməsin, sözdə qalan bir şey olmasın, ondan həqiqətən nəsə öyrənə bilək.

Əlhəmdulillah, İran xalqı İmam Xomeyninin (r.ə) hərəkatının bərəkəti sayəsində bu yolu tapıb bu yolla irəlilədi. Gördüyünüz bütün bu şeylər də – İran xalqının təqdirəlayiq cəhətləri, imza atdığı böyük uğurlar bu yolu tutub getməyinin nəticəsidir. İnqilabın qələbəsindən əvvəl belə şeylərdən əsər-əlamət yox idi, müxtəlif sferalarda – mədəniyyətdə, siyasətdə, iqtisadiyyatda, sosial həyatda və sairdə bu cür geniş ümummilli hərəkat müşahidə olunmurdu. Bu şeylər inqilabın bərəkəti ilə ortaya çıxıb və ümidvarıq ki, inşallah, günbəgün daha da artacaq. Və Allah-taalaya Peyğəmbəri-Əkrəmin (s) haqqı xatirinə and veririk ki, dahi liderimiz İmam Xomeyninin və bizim əziz şəhidlərimizin ruhlarını – bizə bu yolu göstərən, bu yolda bizə bələdçilik edən əslində onlar olub – Qiyamət günü Məhşərə Peyğəmbərlə (s) birlikdə gətirsin.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

(1) Görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdir
(2)  “Nisa” surəsi, 46-cı ayə