Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Rza (ə) hərəminin zəvvarları və ətrafda yaşayan əhali ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə! (1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین المکرّمین سیّما بقیّةالله فی الارضین. اللهم صلّ علی ولیّک علیّ بن موسی‌ الرّضا عدد ما فی علمک صلاة دائمة بدوام ملکک و سلطانک، اللّهم سلّم علی ولیّک علیّ بن موسی‌ الرّضا عدد ما فی علمک سلاماً دائماً بدوام مجدک و عظمتک و کبریائ

Ədalətin öndəri, tarix boyunca möminlərin əmiri Həzrət Əli İbn Əbitalibin (ə), həqiqətən də, novruz – yəni yeni gün olan mübarək mövludu münasibətilə hamını təbrik edirəm. Həmçinin yeni ilin təhvil olması – Novruz bayramı münasibətilə də hamını təbrik edirəm. İran xalqı öz gözəl zövqü ilə bu günü yeni ilin başlanğıcı olaraq müəyyən etmişdir. İranlıların hicri-şəmsi ili baharın ilk günü – Novruz bayramı ilə başlayır. Həmçinin bu günlərdə itikafda olan, nurani qəlbli insanlarımızı da təbrik edir, itikafınız mübarək olsun deyirəm. Ümidvaram, Allah-taalanın itikaf edən insanların pak nəfslərinə göstərdiyi rəhmət, lütf və diqqət bütün İran xalqına, hər kəsə, xüsusilə bizim gənclərimizə də şamil olacaq. Allah-taalaya şükürlər edirəm ki, bir daha yeni ilin başlaması münasibətilə Həzrət Rzanın (ə) mübarək məqbərəsinin işığında siz əzizlərim – İmam Rza (ə) hərəminin zəvvarları və yaxınlıqda yaşayan insanlarla görüşməyi mənə nəsib etdi.

Əziz qardaşlar və bacılar, mən bu gün sizə çatdırmaq istədiyim məsələləri 4 mövzuya bölmüşəm, ümidvaram, onların hər birinin ətrafında qısaca da olsa söhbət edə biləcəyəm. Həmin mövzulardan biri cari illə – yəni 1398-ci illə bağlıdır; ikinci mövzu Qərb məsələsi, ölkəmizin Qərb dövlətləri ilə olan münasibətləridir; üçüncü mövzu iqtisadiyyatla və bir qədər sonra qeyd edəcəyim kimi, yeni ilin şüarı olan “İqtisadiyyatın rövnəqlənməsi” məsələsi ilə bağlıdır; və son olaraq mən üzümü ölkəmizin dəyərli gənclərinə tutaraq ölkədə gedən hazırkı proseslər, ölkəmizin gələcəyi və İslam İnqilabı ilə bağlı məsələlər ətrafında danışmaq istəyirəm.

Cari illə bağlı mövzumuza gəlincə, bu gün media və mətbuata nəzər saldığımız zaman bəzi ekspertlərin 1398-ci ili təhdidlər ili kimi qiymətləndirdiyinin şahidi oluruq. Mən bunu qətiyyən qəbul etmirəm; mən inanıram ki, Allahın köməyi ilə, 1398-ci il fürsətlər ili olacaq; imkanlar və açılışlar ili olacaq. Əlbəttə ki, bunun əksini düşənərək daim təhdidləri insanların gözünə soxmağa çalışanlar bilərəkdən, yaxud özləri də bilmədən bu xalqın lovğa düşmənlərinin təsiri altındadırlar. Bu xalqın düşmənləri reallıqda baş verənlərdən əlavə, psixoloji müharibə də aparır, rəy bildirir, özlərini öyürlər. Onların bu davranışını olduğu kimi qiymətləndirmək lazımdır. Düşmənlər 1397-ci il barədə danışarkən də bu şəkildə lovğalanaraq kimlərisə qorxutmağa çalışırdılar. Belə axmaqlardan biri (bir müddət əvvəl mən adlarını çəkərək onları sizə bir-bir tanıtmışdım (2)) 1397-ci ilin ortaları, yaxud əvvəllərində demişdi ki, biz – yəni Amerika – nüvə anlaşmasından çıxsaq, İranın küçələrində iğtişaşlar baş qaldıracaq, artıq camaat heç çörək də ala bilməyəcək. Həmin səfeh insanlardan bir başqası isə belə bir fikir səsləndirmişdi ki, 2019-cu ildə “amerikan cənablar” Milad bayramını Tehranda qeyd edəcəklər. (3) Bunların hamısını onlar deyiblər. İndi mən bilmirəm, iki variantdan biri ola bilər: ya bunların ölkəmiz və regionumuzda gedən proseslərlə bağlı təhlilləri, həqiqətən də, bu qədər yanlışdır ki, ciddi bir şəkildə bu cür sözlər danışırlar, yəni bütün bunları axmaqlıqlarından deyirlər, ya da yox, məsələnin mahiyyəti başqadır, onlar sadəcə olaraq psixoloji müharibə aparırlar, bu sözləri bizə psixoloji təsir göstərmək üçün qəsdən, xəbisliklərindən dünya mediasında yayırlar. Bax bunu mən dəqiq bilmirəm; ola bilsin, hər ikisidir: həm axmaqdırlar, həm də xəbis.

1398-ci il barədə isə az öncə dedik ki, bu il fürsətlər ilidir. Mən bu barədə bir qədər izah vermək istəyirəm: hazırda ölkəmizin əsas problemi iqtisadi problemdir, aztəminatlı əhalinin üzləşdiyi maddi sıxıntılardır. Bu problemin bir hissəsi Qərb güclərinin, yəni Amerika və Avropanın ölkəmizə tətbiq etdiyi sanksiyalarla əlaqələdir. Bir hissəsi isə bizim öz içimizdəki zəif cəhətlərlə, idarəetmədə yol verdiyimiz nöqsanlarla bağlıdır. Bütün bunlara baxmayaraq, həm sanksiyaları fürsətə çevirmək olar – bu barədə bir qədər sonra danışacağam – həm də özümüzdəki nöqsan və çatışmazlıqları müşahidə etməyimiz bizə gələcək üçün, sonrakı illərdə ölkənin idarə olunması üçün dəyərli təcrübələr qazandıra bilər. Bunların hər ikisi bizim üçün fürsət ola bilər.

Sanksiyalar fürsət ola bilər; nəyə görə? Çünki təcrübə göstərir ki, təbii resursları, misal üçün nefti olan ölkələr bu resurslardan əldə etdikləri gəlir azaldığı zaman iqtisadi islahatlar aparmaq barədə düşünməyə başlayır, onlarda iqtisadi islahatlar həyata keçirmək, asılılıqdan qurtulmaq üçün stimul yaranır və onlar lazımi addımları atmağa başlayırlar. Bu o zaman baş verir ki, həmin resursdan əldə etdikləri gəlirin azaldığını müşahidə edirlər. Lakin daha sonra yenidən həmin resurs əvvəlki vəziyyətinə geri döndükdə və maliyyə vəsaitlərinin artmağa başladığını gördükdə islahatların davam etdirilməsinə səhlənkar yanaşır, bu barədə tamamilə unudurlar. Deməli, təbii resurslardan əldə olunan gəlirin azalması nəticəsində yaranan təzyiqin nəinki təkcə bizə, bizə bənzər bütün ölkələrə belə bir gözəl təsiri var. Bu təzyiq onlar üçün həmin resursdan, bir xammaldan olan asılılıqdan, neft iqtisadiyyatından qurtulmaq şansı yaradır. Bizim iqtisadiyyatımızın da ən böyük problemi neft iqtisadiyyatı olması, neftdən asılı olmasıdır. Həqiqətən də, belədir; hazırda həm dövlət qurumlarında, həm də elmi tədqiqat mərkəzlərində ölkəni neftdən kənar gəlirlərlə idarə edə bilmək imkanlarının nəzərdən keçirilməsi məqsədilə genişmiqyaslı araşdırmalara start verilib. Bu, çox önəmli və gözəl bir faktdır. Neftdən bolluca gəlir əldə olunduğu zaman, təbii ki, nə dövlət rəsmiləri, nə də başqaları bu barədə düşünür. Analoji vəziyyəti biz ölkənin müdafiə imkanları sferasında əyani şəkildə müşahidə etmişik. Müqəddəs Müdafiə illərində məcburən cəlb olunduğumuz müharibədə Şərq və Qərbin maddi gücləri, yəni həm kapitalist, həm də sosialist və kommunist güclər Səddamı ən yaxşı döyüş texnikası ilə təmin edirdilər. Bizim isə əlimiz-qolumuz bağlı idi. Hər kəsin bildiyi kimi, bizə hətta tikanlı məftili də satmırdılar. Əlbəttə, çətin idi, lakin məhz o çətinlik səbəb oldu ki, bizim gənclərimiz, istedadlı, intellektual, təşəbbüskar insanlarımız düşünməyə, xarici silahlardan asılılığımıza çözüm axtarmağa başlasınlar, vəziyyəti dəyişsinlər. Bu gün Allaha şükürlər olsun ki, müdafiə imkanları baxımından ölkəmizin vəziyyəti, demək olar, bu regionun bütün ölkələrindən daha yaxşı və daha yüksək səviyyədədir. Elə düşmənlərimiz də bu nöqtəyə basırlar, bu nöqtədən bizə təzyiq göstərmək üçün istər-istəməz bizim müdafiə gücümüzü etiraf etməli olurlar. Əlbəttə ki, buna nail ola bilməyəcəklər, biz onlara göz dağı olaraq, öz müdafiə imkanlarımızı gücləndirməkdə davam edəcəyik. Əgər o vaxt – Müqəddəs Müdafiədə onlar bizə silah, tank, raket və digər lazımi döyüş texnikasını satsaydılar, biz onları özümüz istehsal etmək barədə düşünməyəcəkdik. Əlimizdə olsaydı, asılılığımız davam edəcəkdi, başqalarına olan ehtiyacımız aradan götürülməyəcəkdi. Regionumuzdakı əksər ölkələr kimi; özünüz bilirsiniz. Həmin ölkələr sanki silah anbarıdır, lakin silahları başqalarına aiddir, başqalarının iradəsindən asılıdır. Özlərinin həmin silahlardan doğru-düzgün istifadə etməyə nə gücü, nə də nəzəri və praktik imkanı çatır. Biz də onlar kimi olacaqdıq. Allaha şükür, bu gün biz o vəziyyətdə deyilik. Deməli, ehtiyac bizdə stimul yaradır, bizi hərəkətə gətirir. Neftdən gələn gəlirdən əlimiz tam üzüləndə – yəni gəlirimizi bütünlüklə neftdən əldə edə bilməyəndə – təbii ki, alternativ yollar axtarmağa başlayırıq; bu işə artıq başlanıb və Allahın köməyi ilə, nəticəsini də verəcək. İran xalqı onun xeyrini sonralar görəcək.

Mən deyərdim ki, biz sanksiyalardan giley-güzar etməməliyik; bu sanksiyaları bizə qarşı tətbiq edən Amerika və Avropadan da böyük gözləntilərimiz olmamalıdır; səbəbini bir azdan Avropa barədə danışarkən deyəcəyəm; bunlardan heç nə gözləmək olmaz. Biz oturub sanksiyalara qarşı mübarizə planlarını nəzərdən keçirməli və onları reallaşdırmağa ciddi surətdə səy göstərməliyik. Bizim vəzifəmiz budur; həm dövlət orqanlarının, həm qanunverici hakimiyyətə bağlı tədqiqat qurumlarının, həm də gənclərimizin, ölkənin düşünən beyinlərinin vəzifəsi ölkədəki problemlər barədə məlumatlı olmaq və oturub sanksiyalara qarşı mübarizənin yollarını axtarıb tapmaqdır. Düşmənin zülmkar və xəbis sanksiyalarına qarşı mübarizə aparmaq, onları neytrallaşdırmaq üçün yollar çoxdur. Əlbəttə, mənə məlumat veriblər ki, yüksək çinli dövlət rəsmiləri sanksiyalara qarşı mübarizənin əsas strategiyalarını işləyib hazırlayırlar. Bu işin icrası ilə daha ciddi, daha təcili, daha əməli surətdə məşğul olmaq, məsələləri təxirə salmamaq lazımdır.

Bu gün düşmənin bizə qarşı iqtisadi savaş açdığını hamı qəbul edir; bunu hər kəs bilir. Əlbəttə, düşmənin bizimlə müharibə apardığını biz həmişə deyirdik, təkrarlayırdıq, amma bəziləri inanmırdılar; bu gün artıq hamı buna inanıb; bütün rəsmilərimiz anlayıb və qəbul edib ki, düşmən bizimlə müharibə aparır. Müharibə təkcə top-tüfənglə olmur ki; iqtisadi müharibə, təhlükəsizlik müharibəsi, informasiya müharibəsi, siyasi müharibə – bunlar da müharibədir. Bəzən bunlar hətta od-alovlu müharibələrdən də təhlükəli olur. Düşmən bizə savaş açıb və bu müharibə özünü iqtisadi məsələlərdə büruzə verir; bu gün bunu hamı qəbul edir. Əlbəttə ki, biz bu müharibədə düşməni məğlub etməliyik və Allahın köməyi ilə, məğlub edəcəyik də; bəli, biz düşməni məğlub edəcəyik, amma bu kifayət deyil. Mənim ölkənin müxtəlif sferalarında – istər hökumətdə, istər ali təhsil ocaqlarında, istərsə də müxtəlif ictimai təşkilatlarda fəaliyyət göstərən insanlara sözüm və onlardan istədiyim başqa bir şeydir; mən deyirəm ki, biz düşməni məğlub etməkdən əlavə, onun üzərində çəkindirici təsir də yaratmalıyıq; mənim dediyim budur. Bəzən düşməni məğlub edirsən, amma düşmən fürsət gözləyir və sonradan daha bir zərbə endirir; bunun xeyri yoxdur; biz özümüzü elə bir mövqeyə çatdırmalıyıq ki, o mövqeyimiz düşməni bizə zərbə endirməkdən çəkindirsin; yəni düşmən hiss etməlidir ki, iqtisadi boşluqlardan, iqtisadi məsələlərlə bağlı zəif cəhətlərimizdən istifadə edərək əziz ölkəmizə zərbə endirə, xalqımıza təzyiq göstərə bilməyəcək. Biz bu mövqeyə yetişməliyik; çəkindirici bir statusumuz olmalıdır. Müdafiə sahəsində olduğu kimi – yenə də hərbi məsələlərdən misal çəkim – burada da bu mümkündür. Xoşbəxtlikdən müdafiə sahəsində biz belə bir mövqeyə çatmışıq. Vaxt var idi, biz otururduq, düşmənin təyyarəsi gəlib başımızın üstündən şəhərlərimizi bombardman edirdi, bizim heç bu səviyyədə də müdafiə texnikamız yox idi; və ya raket göndərəndə ona qarşı mübarizə üçün heç nəyimiz yox idi. Lakin sonradan hər cür imkanlar əldə etdikdən sonra düşmənlərimiz – ən azından regiondakılar; regionda olanlar, yaxud burada qüvvələrini yerləşdirənlər – bilirlər ki, İslam Respublikası hədəfi dəqiq vuran raketləri ilə bu regionda istənilən düşmənlə qarşı-qarşıya gələrək onu əzmək iqtidarındadır; bunu dərk ediblər. Çəkindirici status budur; bu o deməkdir ki, bəzən ağıllarından İrana hərbi hücum etmək keçən düşmənlər dayanıb düşünməli, atmaq istədikləri addımı ölçüb-biçməlidirlər. Anlamalıdırlar ki, xeyr, belə deyil, İslam Respublikası onların qarşısına möhkəm yumruq və güclü biləklə çıxacaq; bu isə onları çəkindirəcək. Biz iqtisadi məsələlərdə də bu mövqeyə yetişməliyik. Odur ki bu, düşmənin sanksiyaları sayəsində bizim əlimizə keçən gözəl bir fürsətdir. Bu gün biz bu sahədə iş görə bilərik. Bu, birinci mövzumuz. 

Bayaq dedim ki, gözümüzü Qərbə dikməməliyik. Mən ikinci mövzumuza keçid edib Qərb dövlətləri, Qərb gücləri ilə qarşıdurmamız haqda danışmaq istəyirəm. Bu barədə deyiləsi sözlər çoxdur. Mən deyərdim ki, biz özümüzdə iqtisadi cəhətdən o çəkindiricilik gücünü yaratmaq üçün qərblilərin kömək və dəstəyindən tamamilə gözümüzü çəkməli, oturub onları gözləməməliyik. Çünki qərbllilər artıq göstəriblər ki, onlardan kömək gözləmək olmaz. Məkrli bir plan gözləmək olar, xəyanət gözləmək olar, arxadan kürəyə xəncər saplamaqlarını gözləmək olar, amma kömək, sadiqlik və dəstək gözləmək olmaz. Haradasa qərblilərin hansısa ölkəyə, hansısa dövlətə kömək etdiyini görsəniz, bilin ki, əslində öz mənafeləri üçün çalışırlar. Bəli, qərblilər tağut şah rejiminə kömək edirdilər, amma bu əslində şah rejiminə kömək deyildi, özlərinin silah satışına verilən dəstək idi, ölkə nefti üzərində qeyd-şərtsiz ağalıqlarına verilən dəstək idi, ölkədə 60 min nəfərdən ibarət hərbi attaşe korpusunun varlığına verilən dəstək idi. İslam İnqilabı qələbə çaldığı gün ölkədə – əsasən də paytaxt Tehranda – 60 minə yaxın amerikalı kadr var idi, müsəlmanların beytülmalından yeyib özləri üçün işləyirdilər. Haradasa kömək etsələr belə, əslində özlərinə kömək edirlər, özləri üçün gün ağlamağa çalışırlar, onlardan kömək gözləmək olmaz. Özü də bu təkcə bizə aid deyil, qərblilərin yalnız İslam Respublikasına, yaxud İrana qarşı bu cür davrandığını demək olmaz. Xeyr, qərblilər gücləri çatan bütün ölkələrlə bu cür rəftar edirlər. Baxın, müstəmləkəçilik – zəif ölkələrin istismarı – 3 əsr boyunca milyonlarla insana dözülməz əzab-əziyyətlər yaşadıb. Avropalılar – o vaxt hələ Amerika yox idi – Asiyada, Afrikada, Latın Amerikasında ölkələri istismar edir, zəli kimi qanlarını sorur, təbii resurslarını talayır, onların elmi, praktik, texnoloji inkişafına əngəl olur, qəsdən geridə saxlayırdılar. Müstəmləkəçilik bir təzahür kimi təkcə bizə aid deyildi; avropalıların gücü çatan bütün ölkələr bu vəziyyətdə idi. İranda Qacarlar hakimiyyətinin ortalarından etibarən avropalılar bizə zərbə vurdular. İran-Rusiya müharibələrində ingilislər İrana xəyanət etdilər, vasitəçi qismində ortaya düşdülər, amma bizə arxadan zərbə vurdular. Tənbəki inhisarı məsələsində, Əmir Kəbirin başına gətirilən hadisələrdə; məhz ingilislərin, Avropa ölkələrinin Tehrandakı səfirliklərinin təzyiqi nəticəsində əbləh Qacar şah Əmir kəbirin qanını tökməyə, İranı dəyişmək iqtidarında olan belə bir şəxsiyyəti aradan götürməyə məcbur olmuşdu. Avropalıların diktator Rzaxanı hakimiyyətə gətirməsi, Avropa və Amerika dövlətlərinin Müsəddiq hökumətinin devrilməsində oynadıqları rol, onların ölkəmizin müxtəlif iqtisadi, siyasi və təhlükəsizlik məsələlərində davranışları, Məcburi Savaş illərində seçdikləri mövqe, daha sonra isə bizə qarşı sanksiyalar tətbiq etmələri – bunları yaddan çıxarmamalıyıq. Qərblilər bizimlə həmişə bu cür rəftar ediblər; onlara qətiyyən ümid bağlaya bilmərik. Elə bu son olayda – nüvə anlaşması məsələsində avropalıların vəzifəsi nə idi? Yedditərəfli formatda bir müqavilə imzalanmışdı – 6 ölkə onlar, bu tərəfdən də İran; 7 ölkə – tərəflərdən biri olan Amerika müqavilədən çıxdı. Digər tərəflər nə etməli idi? Avropalılar Amerikanın qarşısında durub: “Biz öz öhdəliklərimizi yerinə yetirəcəyik”, – deməli idilər. Onlar sanksiyaları tamamilə aradan qaldırmaq barədə öhdəlik götürmüşdülər. Öz sözlərinin üstündə möhkəm durmalı idilər, amma müxtəlif bəhanələr gətirməklə Amerikaya qarşı çıxmadılar. Amerikaya qarşı çıxmaları bir yana qalsın, üstəlik daim bizə: “Nüvə anlaşmasından çıxmayasınız ha!” – deyib xəbərdarlıq etdikləri halda, indi özləri faktiki olaraq bu anlaşmanı tərk ediblər; yəni hətta İrana qarşı yeni sanksiyalar da yaradıblar. Avropalıların davranışı budur; bunlardan nəsə gözləmək olar? O maliyyə kanalı da – son vaxtlar hansısa maliyyə kanalı yaratdıqları barədə tez-tez danışılır – daha çox zarafata oxşayır. Əlbəttə ki, xoşagəlməz bir zarafatdır. Bunun heç bir mənası yoxdur; öhdələrinə götürmüş olduqları vəzifələrlə bu gün irəli sürdükləri bu təklif arasında yerdən göyə qədər fərq var. Bu son beynəlxalq məsələmizdə də avropalılar yenə də bizə arxadan zərbə vuraraq xəyanət etdilər. Bunlardan əsla heç nə gözləmək olmaz. 

Baxın, mən sizə ümumi bir fikir deyim; bu, hərtərəfli araşdırmalar, özümüzün və başqalarının təcrübəsi əsasında gəlinən bir nəticədir; mən deyirəm ki, Qərbdə, Avropa və Amerika da daxil olmaqla Qərb dövlətlərində siyasət və hakimiyyət zalımdır, hegemondur, məntiqsizdir və haqsız tələblər irəli sürməyi xoşlayır. Heç bir məntiq bunların ağlına batmır; məntiqə, doğrudan da, yaddırlar. Qərb siyasətçiləri batində, həqiqətən də, vəhşidirlər. Təəccüblənməyin; bəli, kostyum geyirlər, qalstuk taxırlar, odekolon vururlar, diplomat çantalar götürürlər, amma vəhşidirlər; əməli olaraq vəhşiliklər törədirlər. Özünüz baxın, bu yaxınlarda Yeni Zelandiyada baş vermiş o hadisədə – müsəlmanların qırğınında – bir nəfər iki məscidə girərək insanları gülləbaran edib, 50-dən çox insanı qətlə yetirib, şəhid edib. Yaxşı, bu, terrorçu deyil? Buna baxmayaraq, nə Avropa siyasətçiləri, nə də Avropa mətbuatı bu hadisəyə terror adı vermək istəmir; “silahlı insident” deyirlər! Bu, silahlı insidentdir? Onda bəs terror nədir? Onları maraqlandıran bir yerdə, hətta bir nəfərə qarşı belə olsa, hansısa hərəkətə yol verilsə, birləşib terrorizmi, insan haqlarını və sairi əldə bayraq edirlər, burada isə məsələ bu qədər aydın olduğu halda, bu hərəkəti terrorizm adlandırmırlar! Bunlar belədir.

Mən bu regionda və elə bilirəm, bütün dünyada Səudiyyə dövləti qədər pis bir hökumət tanımıram. Səudiyyə dövləti həm istibdadçıdır, həm diktatordur, həm zalımdır, həm asılıdır, həm də korrupsionerdir. Belə bir ölkə üçün nüvə imkanlarını təmin edirlər. Onlar üçün atom elektrik stansiyası, raket istehsalı mərkəsi tikdiklərini elan ediblər! Bu şeylərin orda olmasında heç bir problem görmürlər, çünki o ölkə özlərindən asılıdır, tiksələr də, özlərinin nəzarəti altında olacaq. İndi düzdür, elan edirlər, tiksələr belə, şəxsən mən bundan narahat deyiləm, çünki yaxın vaxtlarda bunların İslam mücahidlərinin əlinə keçəcəyini bilirəm. 

Odur ki şər əməllər, şeytanlıq Qərb dövlətlərinin təbiətindədir, Amerika və ya Avropa olmağının fərqi yoxdur. Əlbəttə ki, Amerika daha şərdir, müxtəlif amillərlə bağlı olaraq onun şərliyi daha böyükdür, özü də bu təkcə hazırda ABŞ dövlətinin başında duran o adamla da əlaqəli deyil, siyasətləri budur. Aldığım məlumata görə, Amerika Konqresi son olaylarla bağlı 96-97-ci illərdə İslam Respublikası əleyhinə 226 layihə qəbul edib, yaxud səsverməyə təqdim edib; maraqlı bir statistikadır. İslam Respublikasına qarşı 226 xəbis layihə! Bu, şərlik deyil, bəs nədir?! Əlbəttə,bu yerdə mən öz parlamentimizə də bir gileyimi bildirmək istəyirəm: bizim İslami Şura Məclisi Amerika əleyhinə neçə layihə təqdim edib və ya təsdiqləyib? Qərb dövlətləri budur, bunlardan heç nə gözləmək olmaz. Əlbəttə, təəssüflər olsun ki, ölkə daxilində bəziləri Qərbi bəzəyib-düzəyir, Qərbin pisliklərinə müxtəlif bəhanələrlə haqq qazandırır, retuşlamağa çalışır, ictimaiyyətin Fransa, İngiltərə və sair kimi zahirən xeyirxah görünən o ölkələrin batində necə şər və şeytan xislətli olduğunu anlamasına imkan vermirlər. Onların arasında media və mətbuat orqanları da var; şah diktaturası dövründəki Təqizadə kimi. O vaxt Təqizadə adlı birisi belə bir şey demişdi ki, İran təpədən dırnağa qədər qərbləşməlidir; yəni İranda həyat tərzi qərbdəki kimi olmalıdır. Bu gün də yeni ortaya çıxan Təqizadələr bu kimi fikirlər səsləndirirlər. Əlbəttə, bu cür açıq-aşkar demirlər, amma dediklərinin məzmunu eynidir. Bu gün Qərb təfəkkürünü, Qərbin həyat tərzini, Qərbə xas tendensiyaları, Qərb terminlərini durmadan ölkə daxilində bizim düşüncəmizə, leksikonumuza, ali və orta məktəblərimizə yeritməyə çalışanlar o təzə Təqizadələrdir. UNESCO-nun “2030”sənədinin arxasında duranlar günümüzün Təqizadələridir. Belə ki bu sənəd islami həyat tərzinin Qərb həyat tərzinə çevrilməsi deməkdir. Əlbəttə ki, Allahın köməyi ilə, bu gün bizim mömin gənclərimiz və inqilabçı xalqımız bu Təqizadələrin sözünün keçməsinə ikan verməyəcək. 

Bir şeyi də deyim, diqqət yetirin; çünki bəziləri mənim sözümü səhv başa düşürlər. Mənim bu danışdıqlarım əsla o demək deyil ki, Qərb ölkələri ilə əlaqəni kəsmək lazımdır; əlaqə qurmaqda heç bir problem yoxdur. Bu illər ərzində mən müxtəlif hökumətlərin dövründə həmişə onları müxtəlif ölkələrlə əlaqə yaratmağa təşviq etmişəm; qonşularımızla, müsəlman ölkələri ilə, müxtəlif hərəkatlarla; eynilə Avropa ölkələri ilə də. Bu gün də mən bu fikirdəyəm. Əlaqə saxlamaqda problem yoxdur, kiminsə ardınca getməkdə, inanmaqda problem var. Mən deyirəm ki, inanmayın. Bizim problemlərimizin çoxu, ən azından əksəriyyəti Qərbə etimad etməkdən qaynaqlanır. Müxtəlif müzakirələrdə, anlaşmalarda, siyasi qərarlarda Qərbə etimad olunub. Əlaqələr qurmağın eybi yoxdur, əlaqə qurun, amma hansı tərəfdə olduğunuzu bilin. Onların təbəssümü, hiyləsi, yalan-yalan sözləri ilə yolunuzu azıb yanlış yönə getməyin; mənim dediyim budur; əlaqə saxlamaqda heç bir problem yoxdur. Əlbəttə, xoşbəxtlikdən, bu gün bizim dövlət rəsmilərimiz özləri də bu qənaətə gəliblər ki, qərblilərlə doğru-düzgün bir yola çıxmaq mümkün deyil; artıq bunu hiss ediblər; yəqin ki, bu yeni dərk və qənaətin təsiri ilə, inşallah, gələcəkdə davranış və yanaşmaları da dəyişəcək. 

Əlbəttə, Qərb barədə bir qədər danışdıqdan sonra bu yerdə mən aşağıdakıları da vurğulamaq istərdim: baxın, Qərblə bağlı iki ziddiyyətli yanaşma mövcuddur və onların hər ikisi yanlışdır. Onlardan biri yersiz təəssübkeşliyə əsaslanan, Qərbin müsbət cəhətlərini görməzliyə vuran mürtəce yanaşmadır. Qərblilər elm sahəsində çox yaxşı irəliləyiblər, əzm göstəriblər, inkişaf ediblər, ardıcıl surətdə iş görüblər; eynilə texnologiyada, bəzi əxlaqi xüsusiyyətlərdə də; mən bunu öz çıxışlarımda və sairdə dönə-dönə qeyd etmişəm; bunları inkar etmək lazım deyil. Biz yaxşı olan hər bir şeyi dünyanın istənilən yerindən əxz etməliyik. Mən dəfələrlə demişəm ki, biz kiməsə şagirdlik etməyimizə heç nə demirik; bizdən çox bilən hər kəsin qarşısında şagirdlik etməyə hazırıq, buna heç bir sözümüz yoxdur. İntəhası çalışmalıyıq ki, həmişə şagird olaraq qalmayaq. Odur ki Qərbə qarşı yersiz surətdə mürtəce və təəssübkeş mövqe tutmaq, “Qərbdən gələn nə olursa-olsun, yanlışdır”, – demək doğru deyil; biz bunu demirik və heç qəbul da etmirik.

Bunun əksi qərbpərəstlikdir; qərbpərəstlik böyük bir təhlükədir. Hələ qərbpərəst Pəhləvi hökumətinin at oynadan vaxtlarında – 1342-ci ildə o dövrün dini məsələlərdən köklü surətdə xəbərdar olan ziyalısı, mərhum Cəlal Ale-Əhməd qərbpərəstlik məsələsini qaldırmışdı. O özü bir ruhaninin, din aliminin oğlu idi, dinlə sıx təmasda idi; bizimlə də münasibəti var idi, İmam Xomeyni (r.ə) sürgündə olduğu vaxt daim ona öz sevgi və ehtiramını ifadə edirdi. Bu gün qərbpərəstlik məsələsi önəmli bir məsələdir; bu məsələni unutmaq olmaz. Odur ki bir tərəfdən təəssübkeş və mürtəce yanaşma, digər tərəfdənsə qərbpərəstlik meyli – bunlar hər ikisi yanlışdır. Qeyd etdiyim kimi, Qərbə etimad etmək olmaz. Əlaqə saxlamaq lazımdır, amma onlara arxalanmaq olmaz. Onların elmindən, müsbət cəhətlərindən istifadə etməliyik, lakin onlara qətiyyən inanmamalıyıq. Mənim dediyim budur. Bu da ikinci mövzu.

Gəlin elə Qərb mövzusundan da birbaşa 3-cü mövzumuza – yəni iqtisadiyyat məsələsinə keçid edək. Yaxşı, bəs Qərbə etimad etməyəcəyiksə, ölkə iqtisadiyyatındakı problemlərlə nə edək? İqtisadiyyat məsələsi mühüm bir məsələdir. Mənim dediyim budur ki, ölkənin iqtisadiyyatını rövnəqləndirmək üçün həm ağıl, həm də cihad əzmi ilə bir iş görmək lazımdır. Tənbəlliklə, süstlüklə, stimul və motivasiya olmadan ölkənin iqtisadi problemləri həllini tapmayacaq. Cihad əzmi ilə işləmək, ölkənin iqtisadi məsələlərini cihad ruhu ilə idarə etmək, cihad iradəli qərarlar qəbul etmək lazımdır; cihad işi həyata keçirilməlidir. Cihad işi o deməkdir ki, o işdə həm səy, həm yorulmazlıq, həm də ixlas var; yəni insan özü üçün, öz kisəsini doldurmaq üçün yox, xalq üçün, Allah naminə işlədiyini anlayır. Həm bu olmalıdır, həm də ağıl və tədbirlilik; yəni oturub elmi meyarlar əsasında, dəqiq elmi metodlarla düzgün yolları tapmalıdırlar. Bu işi görən adamlar həm savadlı və işbacaran olmalı, həm də ixtiyarlarında müxtəlif imkanlar olmalıdır; oturub işləməlidirlər. O zaman ölkə iqtisadiyyatı, mütləq, çiçəklənəcək.

Mən iqtisadçı deyiləm, amma ekspertlərin fikirlərini oxuyuram, araşdırıram, maraqlanıram, onların rəyini çox diqqətlə nəzərdən keçirirəm. Ekspertlərimiz bu fikirdədir ki, iqtisadiyyatın çiçəklənməsi üçün ölkəmizin potensialı kifayət qədər çoxdur və bu potensial hazır və tam bir vəziyyətdədir. Bizim çatışmazlığımız yoxdur. Kadr potensialımız, təbii resurslarımız, coğrafi imkanlarımız kifayət qədər yaxşıdır. Mən “İkinci addım” bəyannaməsində də bu resurslardan bir qismini açıqlamışam, onların var olduğunu qeyd etmişəm. Odur ki ölkənin potensialı da, pulu da var. O likvidlik də (ölkədə likvidliyin yüksək olması ilə bağlı durmadan gileylənir, “Likvidlik artıb”, – deyə şikayətlənirlər; əlbəttə ki, haqlıdırlar da; likvidliyə diqqət yetirilməsə, ziyan vuracaq) əgər düzgün idarə olunsa və investisiya yatırımına çevrilsə, ölkəni rövnəqləndirəcək, iqtisadiyyatımızı inkişaf etdirəcək. Bir sözlə, ölkənin bütün lazımi imkanları var.

Əlbəttə, bəzi dövlət qurumları çox yaxşı tədbirlər həyata keçirib. Bəziləri dövlət tərəfindən heç bir irəliləyiş olmadığını düşünürlər, amma bu belə deyil. Bəzi dövlət qurumlarının fəaliyyəti çox yaxşı olub. Müxtəlif sahələrdə – kənd təsərrüfatı, su, torpaq, regionların inkişaf etdirilməsi, infrastruktur tədbirləri və sair bu kimi sferalarda çox yaxşı işlər görülüb. Əlbəttə ki, bunun əksinə olaraq, bəzi sferalarda da ətalət və səhlənkarlıq müşahidə olunur. Bəzən işlərin ləngidildiyini görürük. Səhv etmirəmsə, 1393 və ya 1394-cü ildə yüksək vəzifəli dövlət rəsmilərindən biri mənə məktub yazaraq bildirmişdi ki, biz ölkənin bank məsələlərini yoluna qoymaq, bank sahəsində islahatlar aparmaq üçün bir layihə hazırlayırıq – belə ki ölkə iqtisadiyyatındakı problemlərdən biri də banklarla bağlıdır – bir-iki aya onu parlamentə təqdim edəcəyik. Aldığım məlumata görə, o vaxtdan artıq 4 il keçir, hələ o layihə parlamentə təqdim olunmayıb! Bax belə şeylər işi axsatmaq deməkdir. Yaxşı işləyən qurumlar təşviq edilməli, işlərini ləngidən qurumlara isə xəbərdarlıq edilməlidir. Mən də yeri gəldikcə xəbərdarlıq edirəm. Mən belə şeyləri ictimaiyyət qarşısında yalnız o zaman dilə gətirib deyirəm ki, qapalı iclaslarda o cənabların özlərinə dönə-dönə xəbərdarlıq etmişəm. Bunlar ictimaiyyəti düşündürən məsələlərə çevrilməlidir, cəmiyyət bu şeyləri rəsmilərdən tələb etməlidir. 

İstehsala dəstək olmaq lazımdır. “İstehsalın rövnəqləndirilməsi” dedik. Bu il istehsalın rövnəqləndiyi bir il olmalıdır. Ötən ili “İran məhsuluna dəstək ili” elan etmişdik, çox yaxşı işlər həyata keçirildi. Camaatımız bu şüarı yüksək səviyyədə qarşıladı, bəzi istehsalçılar ona, həqiqətən də, çox fəal cavab verdilər. Bizdə məlumat var ki, insanlar özləri – əhalinin əksəriyyəti – alış-veriş mərkəzlərində satıcılardan yerli mal, İran məhsulu tələb edib; xarici analoqunu göstəriblər, qəbul etməyiblər. Yəni bu iş irəli gedib; lakin tamamilə reallaşıb deyə bilərəkmi? Xeyr, bunu deyə bilmərik, hesabatlar bunun əksini deyir. Odur ki ötən ilin “İran məhsuluna dəstək” şüarı yenə də öz qüvvəsində qalır, lakin bu il əsl və başlıca məsələ istehsalın rövnəqlənməsidir. İstehsal olsa, bu, müxtəlif sferalarda dəyişikliyə yol açacaq. İstehsal rövnəqlənsə, bu, məşğulluğa da, inflyasiyanın azaldılmasına da, hətta büdcənin balanslaşdırılmasına və milli valyutanın dəyərinin yüksəlməsinə də öz təsirini göstərəcək. Baxın, bunlar hamısı iqtisadiyyatımızın mühüm problemləridir. İqtisadçı ekspertlər də təsdiqləyirlər ki, əgər ölkədə istehsal rövnəqlənsə, bunun sadaladığım bütün bu problemlərin həllinə birbaşa təsiri olacaq. Məhz bunu fəaliyyət proqramlarına salmaq və həyata keçirmək lazımdır; bu məsələ həm hökumətin, həm parlamentin, həm də istehsalın inkişafına öz töhfəsini vermək iqtidarında olan sadə vətəndaşların diqqət mərkəzində olmalıdır. Bizim elə vətəndaşlarımız olub ki, imkanları olub, pulları olub, o vəsaiti banka qoyaraq heç bir başağrısı çəkmədən gəlirini illərlə yemək şansına malik olublar, amma bunu etməyiblər, pulu aparıb istehsala qoyublar, ölkənin inkişafına dəstək olmaq istəyiblər. Belə insanların Allah yanında əcri var; bu şəkildə davranan insanların əcrini Allah-taala özü verəcək. İstehsalçılara, investorlara, fəal iqtisadi subyektlərə dəstək olmaq lazımdır; sağlam iqtisadi subyektlərə, ölkə üçün sərvət yaradan müəssisə sahiblərinə kömək etmək, ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün hökmən çalışmaq lazımdır; zəruri qanunlarla, lazımi metod və strategiyalarla. 

Bu işin digər bir şərti isə budur ki, sui-istifadə hallarına qarşı diqqətli olmaq lazımdır. Bəzi insanlar sui-istifadə ediblər; bunu hələ də edənlər var; sui-istifadəçilər var; özü də bunu cürbəcür yollarla edirlər. İran insanının təşəbbüskarlığı, təşəbbüskar beyni yaxşı işlər üçün işə yaradığı kimi, bəzən şeytanlıq istiqamətində də çalışa bilir. Alınan məlumatlara baxanda çox qəribə sui-istifadə metodlarına rast gəlmək olur. Rəsmilər bu məsələdə diqqətli olmalıdırlar; həm icraedici hakimiyyət, həm məhkəmə hakimiyyəti; nəzarət qurumları son dərəcə diqqətli olmalıdır. Mən bunu möhtərəm prezidentə də söyləmişəm. Olkə başçısı ictimaiyyət qarşısında çıxış edərkən müəyyən bölgələrdə yerləşən zavodları satmaq istədiklərini bildirmişdi. Mən ona dedim ki, diqqətli olun. Gəlib sizdən zavodu alırlar, amma niyyətləri işi, istehsalı davam etdirmək olmur; zavodu alırlar, dəzgahları satırlar, yerində də göydələn tikib, fəhlələri çöldə qoyurlar. Belə insanlara, bu kimi sui-istifadə hallarına qarşı diqqətli və ehtiyatlı olmaq lazımdır. Kimsə gedib hökumətin bankların inkişaf etdirilməsi məqsədilə verdiyi lisenziyadan istifadə edərək bank təsis edir (yeri gəlmişkən, ölkədəki yanlış tədbirlərdən biri də ard-arda bankların yaradılmasına icazə verilməsidir) camaatın pulunu yığır, kağız üzərində şirkətlər yaradır, camaatın pulunu bank borcu, bank krediti adı ilə öz şirkətlərinə verir, öz cibini doldurur. Bu cür işlər görənlər var, bu şeylərdən ehtiyatlı olmaq lazımdır, belə hallara qarşı diqqətsizlik etmək olmaz. Bunların qarşısı alınsa, əvəzində sağlam sahibkarlara dəstək verilsə və istehsal rövnəqlənsə, ekspertlərin bildirdiyinə görə, işsizlik problemi də, inflyasiya problemi də, yoxsulluq problemi də, bank sistemindəki problemlər də, milli valyutanın dəyəri problemi də, hətta büdcə kəsiri məsələsi də öz həllini tapacaq. Bütün bu problemləri istehsalı rövnəqləndirmək yolu ilə həll etmək mümkündür. Odur ki bu, çox önəmli bir məsələdir.

İstehsal deyərkən də biz təkcə sənaye istehsalını nəzərdə tutmuruq; sənaye istehsalı, kənd təsərrüfatı, maldarlıq, böyük, orta və kiçik həcmli istehsalat müəssisələri, hətta fərdi sənətkarlıq, “ev sənayesi”, kənd evlərində bir neçə baş iribuynuzlu mal-qara ilə aparılan şəxsi təsərrüfatlar; bunun özü belə, cəmiyyətdə ümumi rifahın yüksəlməsinə nə qədər kömək edəcək. Bütün bunları oturub proqram halına salmaq lazımdır; əlbəttə ki, burada elmi innovasiyalara əsaslanan istehsalın payı daha böyükdür və belə müəssisələrə daha ciddi diqqət ayrılmalıdır.

Lüzumsuz idxalın qarşısı alınmalıdır. Bizim təklif etdiyimiz və başqalarının – dostlarımızın, rəsmilərin və sairin daim haqqında danışdığı, izah verdiyi, şüarlar səsləndirdiyi müqavimət iqtisadiyyatının mühüm bəndlərindən biri də elə bu daxili istehsal məsələsidir. Daxili istehsalı rövnəqləndirməyin vacib şərti isə lüzumsuz idxalı kontrolda saxlamaqdır. Mənə görülən işlər, qarşıya qoyulan proqramlar və həyata keçirilən tədbirlər barədə hesabatlar verirlər; lap yaxşı, mən əminəm ki, o hesabatlar reallığı əks etdirir, yəni iş görüblər; amma əməli surətdə reallaşmayıb, sübutu isə odur ki, ölkəyə hələ də xarici mallar axın edir, bazarlar kənardan idxal edilmiş məhsullarla doludur. Bu, daxili istehsalı kölgədə qoyur. Ölkə daxilində istehsal olunan bir məhsulu gedib xaricdən idxal edirlər. Bu, daxili istehsalın məğlubiyyətinə səbəb olur. Bunlar mühüm məsələlərdir, rəsmilər bunların qarşısını almalıdır. Yalnız o zaman müqavimət iqtisadiyyatı sözün əsl mənasında gerçəkləşə bilər.

Mən bir cümlə ilə demək istəyirəm ki, qoy bu il dövlət qurumları diqqəti daxili istehsalı rövnəqləndirmək üzərində cəmləsinlər, əgər hansısa qanunlara ehtiyac varsa, parlamentə müraciət etsinlər, qoy parlament hərəkətə keçsin; məhkəmə hakimiyyətinin və digər nəzarət strukturlarının iştirakına ehtiyac varsa, qoy onlara müraciət etsinlər – hakimiyyətin 3 qolunun rəsmiləri xüsusi iclas keçirir, hamısı bir araya gəlir – qoy lazımi tədirləri görsünlər, əməkdaşlıq etsinlər. Necə olursa-olsun, ölkədə istehsalı rövnəqləndirmək lazımdır. Bu da üçüncü mövzumuz.

Və son olaraq mən gənclərimizə, yəni ümumilikdə xalqımıza, özəlliklə isə gənclərimizə xitab etmək istəyirəm. Əvvəla, onu qeyd etməliyəm ki, ictimaiyyətin müxtəlif təbəqələrinin – alimlərin, gənclərin, ruhanilərin, teoloji mərkəzlərdə və universitetlərimizdə təhsil alan tələbələrin və sairin inqilabın 40-cı ildönümü münasibətilə yayımlanan o bəyannaməni – “İkinci addım” bəyannaməsini canla-başla qarşılayaraq alqışlaması mənim üçün çox xoş və məmnunedici oldu. Bu onu göstərir ki, açıqlamaya, maarifləndirməyə ehtiyac var və ümumilikdə ölkəmizdə, xüsusilə də gənclər arasında hazırlıq səviyyəsi yüksəkdir. Ölkə rəsmiləri bu hazırlıqdan maksimum dərəcədə istifadə etməlidirlər. Dediyim odur ki, gənclər çiyinlərini irili-xırdalı ağır məsuliyyət yüklərinin altına verməlidirlər; ölkədəki problemlərin əlacı budur. İnqilabın ikinci addımında biz ölkənin hərəkatını gənclərin üzərinə qoymalıyıq; necə ki birinci addımda – inqilabın əvvəllərində də yolu İmam Xomeyni göstərsə də, hərəkət edən gənclər idi, inkişafın mühərrikini məhz onlar işə salırdı. Bu gün siz ölkənin suverenliyini və nüfuzunu təmin etməyə çalışırsınız; bu gün siz bunun bahasını ödəyirsiniz; bu gün İran xalqı və bizim gəncliyimiz tam – hərtərəfli müstəqilliyə, milli qürura və müsəlman toplumuna çatmağının bahasını ödəyir. Gələcək nəsillər sizin bu nailiyyətinizdən bəhrələnəcəklər. Bir vaxtlar gənclər şah diktaturasına qarşı mübarizənin bahasını qəbul edərək ödədilər, həbsxanalara düşdülər, döyüldülər və əlhəmdulillah, inqilab qələbə çaldı, şah diktaturası devrildi; yaxud Məcburi Savaş illərində ailələr ölkəni müdafiə etməyin bahasını ödədilər, nəticədə bu gün siz asayiş və təhlükəsizlik içərisində yaşayırsınız; bu gün də siz düşmənə qarşı durmağın bahasını ödəməlisiniz ki, inşallah, gələcək nəsillər sizin nailiyyətinizdən yararlansın. 

Dediyim odur ki, inqilabın ikinci addımında görülməli olan işlərdən danışarkən birinci yerdə öz nailiyyətlərini, əlində olan imkanları bilmək və onlara ciddi yanaşmaq gəlir. Biz sahib olduqlarımızdan xəbərdar olmalı və onlara ciddi yanaşmalıyıq. Öz üstün cəhətlərimizi, imkan və potensialımızı, ölkəmizin üstünlüklərini, imkanlarını – bütün bunları bilməli, bunlar haqda ciddi düşünməli, bunları işə salaraq istifadə etməliyik; ölkəmiz çox geniş potensiala malikdir. İkinci növbədə isə bəlalarımızı, nöqsanlarımızı, düşmənin nüfuz edə biləcəyi boşluqları bilməli və onlara qarşı ciddi surətdə mübarizə aparmalıyıq. Bu gün inqilabın ikinci addımı bundan ibarətdir: imkanlardan və üstünlüklərdən xəbərdar olaraq onlardan istifadə etmək, eyni zamanda nöqsanlardan, boşluqlardan, problemlərdən və çatışmazlıqlardan da xəbərdar olaraq onların həlli üçün əlindən gələn bütün səyləri ortaya qoymaq. Bir şeyə diqqət yetirin: Qərb və Amerika artıq bu nəticəyə gəlib ki, İran xalqı nəyisə istədisə, hökmən əldə edəcək. Bu nəticəyə gəliblər ki, İran xalqının milli iradəsi ilə mübarizə aparmaq mümkün deyil. İran xalqı bir şeyi istədisə, qarşısında əngəllər yaratmağın, işinə pəl vurmağın heç bir xeyri yoxdur. Bəs nə etsinlər? Belə qənaətə gəliblər ki, İran xalqının iradəsini zəiflətmək, istəməyinə əngəl olmaq lazımdır; bu fikirdədirlər. Bu gün bizim gənclərimizin dini və siyasi ideologiyasında boşluq yaratmaq, bununla da onların hərəkət etmək, ayağa qalxıb iş görmək əzmini yox etmək üçün dünyada milyardlarla pul xərclənir. İradəni yox etmək istəyirlər, istəyirlər ki, siz qətiyyətli qərarlar verməyəsiniz. İran xalqında inkişaf etmək, mübarizə aparmaq, əsl müsəlman toplumu və İslam sivilizasiyası yaratmaq iradəsinin formalaşmasına imkan verməməyə çalışırlar; bilirlər ki, bu iradə formalaşsa, hökmən reallaşacaq. Əlbəttə, əvvəllər – illər öncə də bunu ediblər; şah diktaturası dövründə ölkə gəncliyinin beyninə belə bir fikir yeridirdilər ki, inkişaf etmək istəyirsinizsə, gərək dini bir kənara qoyasınız. Deyirdilər ki, din, dindarlıq, dinə iman elm, inkişaf və sairlə uyğun gəlmir. Qoy indi kor gözlərini açıb görsünlər ki, bu gün siyahılarda bizə dünyanın bir nömrəli ölkələri ilə ön sıralarda yer qazandıran və ən müasir standartlara cavab verən irimiqyaslı sənayemiz “Kumeyl” duası oxuyan, gecə namazı qılan gənclərimiz sayəsində inkişaf edir; itikafa girən, “Nüdbə” duası oxuyan, dindar gənclərimiz sayəsində. Bu gün biz dünyanın ən müasir sənaye sahələrində – nano, nüvə, raket istehsalı, biotexnologiyalar və digər bu kimi inkişaf etmiş sənayelərdə yüksək göstəricilərə sahibik, ön sıralardayıq. Bu işləri həyata keçirənlərin əsas qismi bizim yaxından tanıdığımız dindar gənclərdir. Gənclər elm, düşüncə, dini dərketmə, siyasət və əmək meydanında səylərini ikiqat artırmalıdırlar; gənclər ikinci dərəcəli, kənar məsələlərə diqqət ayırmamalıdırlar; ixtilaf yaradan məsələlərlə məşğul olmamalıdırlar; birliyi, mərkəzləşmiş fəaliyyəti, iman və cihad ruhlu işləri dəstəkləməli və davam etdirməlidirlər. Az öncə qeyd etdiyim sahələrdə düşmənlə aramızda olan sərhədləri qabartmalıdırlar; özümüzünkülərlə, öz daxili qüvvələrimizlə isə xırda bir fikir ayrılığına görə aralarında sərhəd yaratmamalıdırlar. İmam Xomeyninin də buyurduğu kimi, düşmənlərə, Amerikaya var qüvvələri ilə bağırmalıdırlar. Hökumət, parlament, məhkəmə hakimiyyəti və digərləri də bu inkişaf yolunda gənclərə bacardıqları qədər dəstək olmalıdır. Və sizə deyim ki – dəfələrlə də qeyd etdiyim kimi – Allahın köməyi ilə, bu ölkənin gələcəyi bu günündən qat-qat yaxşı olacaq; Allahın köməyi ilə, inşallah!

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, danışdıqlarımızın və gördüyümüz işlərin Sənin üçün və Sənin yolunda olmasını bizə nəsib et və bunları bizim hamımızdan qəbul et. Bizi İslamın gerçək əsgərlərindən, haqq yolunun gerçək mücahidlərindən et. Bizim salamımızı Həzrət Mehdi Sahibəzzamana (Ruhlarımız ona fəda olsun!) çatdır. Bizi o həzrətin duasına layiq et. Şəhidlərimizin və İmam Xomeyninin pak ruhlarını məhşərə övliyalarınla birgə gətir. 

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun. 
_______________________

(1) Görüşün əvvəlində müqəddəs İmam Rza (ə) ziyarətgahının hamisi Höccətül-İslam vəl-muslimin Seyid İbrahim Rəisi çıxış etmişdir
(2) Ali Məqamlı Rəhbərin Qum əhalisi ilə görüşü zamanı etdiyi çıxış (19.10.1397)
(3) ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə Müşaviri Con Bolton