Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
یا مقلّب القلوب و الابصار یا مدبّر اللّیل و النّهار یا محوّل الحول و الاحوال حوّل حالنا الی احسن الحال
“Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan! Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal!”
Allaha şükürlər edirəm ki, bu il də möminlərin əmiri, müttəqilərin mövlası Həzrət Əlinin (ə) mübarək mövluduna təsadüf etmiş Novruz bayramı münasibətilə əziz İran xalqımı təbrik etmək mənə qismət oldu. Əziz həmvətənlər, bayramınız mübarək! Ümidvaram, hamınız bu yeni ili səadət və xoşbəxtlik içərisində, fiziki cəhətdən sağlam, könülləriniz şad, günbəgün artan maddi və mənəvi uğurlarla keçirəcəksiniz, inşallah. Mən bu bayram münasibətilə xüsusilə möhtərəm şəhid ailələrimizi, əlil və veteranlarımızı, onların ailə üzvlərini təbrik edir, dahi liderimiz İmam Xomeyninin (r.ə) və şəhidlərimizin pak ruhlarına sonsuz rəhmət diləyirəm.
Olaylarla zəngin bir ili arxada qoyduq. Geridə qoyduğumuz ildə İran xalqı sözün həqiqi mənasında özünü parlaq surətdə göstərdi. Düşmənlər İran xalqı üçün planlar cızmışdılar, planları var idi, lakin xalqın mətinliyi, gözüaçıqlığı, gənclərimizin əzmi onların planlarını puç etdi. Amerika və Avropanın sərt, özləri demişkən “görünməmiş” sanksiyaları qarşısında İran xalqı istər siyasi, istərsə də iqtisadi arenada möhkəm və qüdrətli bir şəkildə reaksiya verdi.
Siyasi arenada bu reaksiyanın göstəricisi möhtəşəm 22 bəhmən yürüşü və il boyu müxtəlif aylarda xalqın nümayiş etdirdiyi mövqe idi. Xalqın iqtisadi qarşıdurmada seçdiyi mövqenin göstəricisi isə elm və texnologiya sahəsində göstərilən təşəbbüslər, elmi innovasiyalara əsaslanan şirkətlərin sayının diqqətəlayiq dərəcədə artması, ölkə daxilində əsas infrastruktur məhsullarının istehsalının çoxalması, o cümlədən bir neçə gün əvvəl ölkənin cənubunda çoxsaylı qaz fazalarının açılışı, ondan öncə Bəndər-Abbasda böyük neft emalı zavodunun istifadəyə verilməsi, habelə bu qəbildən olan digər işlərdir. Odur ki xalqımız düşmənlərin ədavəti, xəbisliyi qarşısında öz qüdrətini, əzəmət və ehtişamını nümayiş etdirməyi bacarıb, xalqımızın, inqilabımızın, İslam Respublikamızın nüfuzu, əlhəmdulillah, artıb.
Ölkənin əsas problemi hələ də iqtisadiyyatla bağlıdır. Xüsusilə bu son aylarda əhalinin dolanışığında çətinliklər bir qədər də artıb. Onların bir qismi iqtisadi sferada yarıtmaz idarəçiliyin nəticəsidir. Bu boşluqlar hökmən doldurulmalıdır. Hökumət proqramları var, lazımi tədbirlər düşünülüb. İnşallah, cari ildə – bu gün bu anlardan etibarən başlayan 1398-ci ildə həmin tədbirlər faydasını göstərməli, xalq onların təsirini öz həyatında hiss etməlidir. Demək istədiyim odur ki, hazırda ölkənin təcili həllini gözləyən, ciddi və prioritet məsələsi iqtisadiyyatdır. İqtisadi sferada problemlərimiz çoxdur: milli valyutanın dəyərinin aşağı düşməsi mühüm bir problemdir, əhalinin alıcılıq qabiliyyətinin azalması, istehsalat müəssisələrinin tam gücü ilə işləməməsi, bəzi zavodların öz işini dayandırması da eynilə bu qəbildən olan problemlərdir. Bütün bunlar problemdir. Mənim mütəxəssislərin rəyini araşdıraraq gəldiyim nəticə budur ki, bütün bu problemlərin həllinin açarı milli istehsalı inkişaf etdirməkdən ibarətdir.
1397-ci ili “İran məhsuluna dəstək ili” elan etmişdik. Bu şüarın il ərzində mükəmməl surətdə gerçəkləşdirildiyini deyə bilməsəm də, deyə bilərəm ki, şüara geniş surətdə diqqət yetirildi, əksər hallarda xalq tərəfindən müsbət qarşılandı, əməl olundu və bunun, mütləq, təsiri olacaq. Bu il isə istehsal məsələsi ön plandadır və mən istərdim ki, istehsalın rövnəqləndirilməsi bütün fəaliyyətlərin mehvərində dursun. “İstehsal” deyərkən konkret olaraq nəyi nəzərdə tutduğumu, inşallah, ilin ilk günü edəcəyim çıxışda ətraflı açıqlayacağam. İstehsalat işə düşsə, bu, əhalinin məişət problemlərini də həll edə bilər, ölkənin xaricilərdən, düşmənlərdən ehtiyacsızlığını da təmin edər, işsizlik probleminə də son qoyar, hətta milli valyutanın dəyəri problemini də önəmli dərəcədə aradan qaldıra bilər. Odur ki mən bu ilin başlıca məsələsinin istehsal olduğunu düşünür və elə bu baxımdan da 1398-ci ili “İstehsalın rövnəqləndirilməsi ili” elan edirəm. Hər kəs ölkədə istehsalın rövnəqləndirilməsinə səy göstərməlidir. İnşallah, ilin əvvəlindən sonuna qədər ölkədə bu prinsip diqqətəlayiq dərəcədə reallaşdırılmalıdır. Belə olsa, ümidvaram ki, inşallah, iqtisadi problemlərin həlli də yoluna düşər.
Həzrət Mehdi Sahibəzzamana (Ruhlarımız ona fəda olsun!) salam və salavat deyir, o həzrətdən dualarını siz əziz xalqımdan əsirgəməməyini diləyir, Allah-taaladan İran xalqına və Novruzu bayram edən bütün xalqlara səadət və xoşbəxtlik arzulayıram.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.