Mərhəmətli və Bağışlayan Allahın adı ilə! (1)
الحمدللّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفیٰ محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّةاللّه فی الارضین
Əvvəla, hamınızın bayramı mübarək! İkincisi, gözümüz aydın olsun ki, ölkəmizdə bir bu qədər Əhli-Beyt (ə) məddahı, Həzrət Hüseynə (ə) şeir və mərsiyələr yazan qələm sahibləri var! 37-38 ilə yaxındır ki, ilin bu günü bu məclis təşkil olunur və Allaha şükürlər olsun ki, kəmiyyət və keyfiyyət günbəgün daha da artır; bu, dəyərli bir ehtiyatdır. Əziz gənclər, sözüm sizədir: bu bir ehtiyatdır, dəyərli bir insan potensialıdır. Bu potensial faydasız qalıb puç olsa, ona zülm edilmiş olar. Əgər Allah eləməmiş, bu potensial yanlış istiqamətdə sərf olunsa, ona daha da böyük zülm edilmiş olar. Bu potensial bizdə olmasaydı, bu qədər ağır məsuliyyət daşımazdıq, amma bu potensial var, bu sərmayə İslam İnqilabına, İslam dininə, Seyyidüş-şühədaya, Fatimeyi-Zəhraya aiddir. Bu potensialdan Hüseyn və Fatimənin hədəfləri naminə istifadə etmək lazımdır.
Az öncə oxunan şeirlərin əksəriyyəti yaxşı şeirlər idi, mən sözün həqiqi mənasında onlardan bəhrələndim, lakin bu gün əsas məsələ İslam İnqilabının təlimlərini xalqa və cəmiyyətə açıqlamaqdır. Bu iş isə sizin öhdənizə düşür. Mən dəfələrlə demişəm ki, bəzən sizin bir qəsidəniz, oxuduğunuz hər hansı bir qəzəl, bir məsnəvi, hətta bəzən bircə beyt auditoriyanıza minbərdə edilən bütöv bir moizə qədər təsir göstərə bilər. Bunu əldən buraxmayın. Poeziyamız məzmun cəhətdən özündə Quran və İslam təlimlərini əks etdirməli, sizlərin aranızda bu gün geniş yayılmış ifadə ilə desək, Hüseyn və Fatimə (ə) hədəflərinə xidmət etməlidir. İnqilabın hədəflərini aydın baxış, açıq fikir və dərin düşüncə ilə öz şeirlərinizdə əks etdirin və həmin şeirləri xoşagələn səs tonu ilə, bədii qiraət sənətinin incəliklərindən istifadə edərək müxtəlif məclislərdə auditoriyaya təqdim edin. Bu nəinki təkcə İran xalqının möhtəşəm hərəkatına, hətta bəlkə İslam dininin, İslam ümmətinin irəliləyişinə də çox dərin təsir göstərəcək.
Bəzən mən kifayət qədər istedadlı məddahların yazdığı şeirlərdə nə forma, nə də məzmunun maarifləndirməyə xidmət etmədiyini görürəm; bu, zülmdür. Sizin istedadınız var, bacarığınız var, bu gün İslam toplumunda yaşayırsınız, sizin üçün şərait yaradılır. Bu şərait həmişə olmayıb; tarixdə belə bir dövrün gəlib çatması, belə bir fürsətin yaranması qənimətdir, bu şansı əldən buraxmaq olmaz. Bu gün bizim İslam dinini təbliğ etmək imkanımız var; vaxt var idi, bunu yalnız kitab çap etməklə, minbərlərdə moizə və çıxışlar etməklə edə bilirdik. Bu gün isə o vaxtkılara əlavə olaraq, Əhli-beyt (ə) məddahlığı da var. Keçmişdə – şah diktaturası dövründə Əhli-beytə (ə) xidmət edən bir bu qədər gözəl şairlərimiz, qiraətçilərimiz yox idi. Bu gün isə Allaha şükürlər olsun ki, sayları çoxdur; kəmiyyət də, keyfiyyət də çox yaxşıdır. Bu keyfiyyəti günbəgün daha da artırın.
Bu gün düşmənlər bizim – inqilabçı İran xalqının həyatını diqqətlə gözdən keçirirlər ki, bəlkə hansısa bir boşluq tapıb oradan içimizə nüfuz edə bilələr. Düşmənin nüfuz edə biləcəyi o nahiyələri üzə çıxarıb, həmin səmtdən müdafiə olunun, səf çəkib düşmənin qarşısında durun. Vaxtı hədər verməyək; bu gün hamımızın öhdəsinə müəyyən vəzifələr düşür, hamımız məsuliyyət daşıyırıq. Əhli-Beyt (ə) məddahları da ölkənin məsuliyyət daşıyan kəsimlərindən biridir. İslam təlimlərini xalqa açıqlayın, təbliğ edin.
Əlbəttə ki, dini mədhiyyələrin dili minbərdə söylənən nitq və çıxışların dilindən fərqlənir. Mədhiyyədə şeir var, təxəyyül var, istedadını nümayiş etdirmək var, sənət fəaliyyəti var, bunun heç bir eybi də yoxdur, lakin ümumilikdə mahiyyət və istiqamət eynilə bizim yaxşı bir çıxışdan, yaxşı bir dini kitabdan, yaxşı bir filmdən gözlədiyimiz kimi olmalıdır; həmin istiqamət olmalıdır. İslamın düşmənləri yenicə ortaya çıxmayıblar. Həqiqətin, Allahın dininin düşmənləri bu dinin yer üzünə gəldiyi ilk vaxtlardan əl-ələ verərək haqqa qarşı cəbhələşiblər. O cəbhələşmə bu gün də var – şair demişkən:
رگرگ است این آب شیرین و آب شور
بر خلایق میرود تا نفخ صور
Şirin və şor sular öz axarı ilə yanaşı axacaq,
Sur çalınana qədər hər biri öz yaradılışında (şor və şirin) qalacaq. (2)
– bundan sonra da olacaq. Bu cəbhələşmə İbrahimin, Musanın, İsanın və sonuncu peyğəmbər Həzrət Muhəmmədin (s) də yer aldığı bir cəbhələşmədir. Bu gün siz bir vaxtlar Musanın, İbrahimin, İslam peyğəmbərinin, Əmmarın, Əmirəlmöminin Əlinin durduğu bir cərgədə yer alırsınız. Cərgəmizi tanımasaq, səhvə yol verəcəyik; düşmənin cərgəsini tanımasaq, səhvə yol verəcəyik. Siffeyn döyüşündə Cənab Əmmar gördü ki, döyüşçülərdən bir qrupu sanki narahat kimidir, çaşqın bir vəziyyətdədir, kimə qarşı və nə üçün döyüşdüklərini dərk etmirlər; öhdəsinə vəzifə düşdüyünü hiss etdi. Cənab Əmmar Əmirəlmöminin Əlinin (ə) danışan dili idi; gəlib həmin adamların qarşısında duraraq dedi: “Qarşıdakı cəbhənin, – Bəni-Üməyyə cəbhəsinin, – bayrağını görürsünüz? Bədr və Uhud döyüşlərində də bizim qarşımızda bu bayraq dururdu. Bu həmin o bayraqdır!”
Mən isə deyirəm ki, bu gün Asiya regionunda, Avropa və Amerikada, dünyanın istənilən yerində İslam İnqilabının qarşısında duran bayraqlar da həmin bayraqdandır; İbrahimin, Musanın, İsanın qarşısında qaldırılan bayraqlardandır. O bayraqlar məhv olub getdilər, İbrahim, Musa və İsa isə yaşayır. Onların yaşamasının səbəbi isə budur ki, Allah-taala Həzrət Musaya belə buyurub:
اِنَّنی مَعَکُما اَسمَعُ وَاَری
“(Allah) buyurdu: "Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!” (“Ta-ha” surəsi, 46-cı ayədən)
Qorxmayın, vahiməyə düşməyin, hesablamalarınızda səhvə yol verməyin, Allah sizinlədir. Allah-taala: “اِنَّنی مَعَکُما” – “Mən sizinləyəm”, – deyir. Fironun saysız-hesabsız ordusu qarşısında iki nəfər əliyalın adam ilk baxışda heç nədir, amma batində bütün güc onlara məxsusdur, çünki qüdrət sahibi Allahdır, Allah isə o iki nəfərə: “Mən sizinləyəm”, – deyir; “اِنَّنی مَعَکُما اَسمَعُ وَاَری” – görürəm, eşidirəm, nə baş verdiyindən xəbərim var. Bizdə də məsələ bundan ibarətdir; inanmayanlar geridə qoyduğumuz 40 ilə nəzər salsınlar. Bu 40 ildə bizim dünyanın maddi gücünün mərkəzi sayılan düşmənlərimiz bu inqilabın və bu hərəkatın qarşısında var qüvvələri ilə durdular, ona zərbə vurmağa çalışdılar, əllərindən gələni etdilər. Doğrudan da, bütün güclərini səfərbər edib əllərindən gələni etdilər. İndi aradan 40 il ötdüyü bir vaxtda onlar əvvəlkindən daha zəif, biz isə ilk gün olduğumuzdan daha güclüyük. Bu onu göstərir ki, “اِنَّنی مَعَکُما” – Allah-taala bizimlədir; “اَسمَعُ وَاَری” – eşidir və görür; lakin bir şərti var: gərək siz də Allahla olasınız;
اِن تَنصُرُوا اللهَ یَنصُرکُم وَ یُثَبِّت اَقدامَکُم
“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”. (“Muhəmməd” surəsi, 7-ci ayədən)
Bunu bizə dahi liderimiz İmam Xomeyni (r.ə) öyrədib; o vaxtlar biz də məsələnin mahiyyətini düzgün dərk edə, dərinliyinə vara bilmirdik, İmam isə dərk edirdi; “Allahla olun”, – deyirdi, özü də Allahla idi. Sizin Allahla olmağınız budur ki, az öncə qeyd etdiyim kimi, öhdənizə düşən vəzifəni yerinə yetirəsiniz. Siz Əhli-Beyt (ə) məddahısınız, dini məzmunlu şeir və mədhiyyələr yazırsınız, bunun özü bir iftixardır. İmam Hüseyni (ə), Həzrət Zəhranı (ə) mədh edərkən siz əslində özünüzü mədh edirsiniz, özünüzün kimliyini ortaya qoyursunuz. Şair demişkən:
مادح خورشید مدّاح خود است
که دو چشمم روشن و نامُرمَد است
–“Günəşi mədh edən şəxs özünü mədh edir, bir cüt aydın görən, sağlam gözü olduğunu çatdırır”.(3)
Özünüzü mədh edirsiniz; yəni düzgün görürəm, düzgün dərk edirəm deyirsiniz. Bu, böyük bir iftixardır; bu iftixardan, bu mövqedən ən gözəl şəkildə istifadə edərək xalqı İslam İnqilabının hədəflərinə istiqamətləndirin. İslam İnqilabı bu hədəflə, bu amalla ortaya çıxıb ki, insan üçün imanlı, sağlam, təhlükəsiz, sözün əsl mənasında axirətin əkin yeri olan bir dünya yaratsın; bu amallara aparan yolda xalqa bələdçilik edin. İslam İnqilabının hədəfi məhz belə bir dünya yaratmaqdır; bu möhtəşəm hərəkatda həm maddi rifah, həm beynəlxalq nüfuz, həm mənəvi yüksəliş – hər şey var. Biz bunları istəyirik. Hər birimizin öhdəsinə bir vəzifə düşür, sizin də hamınızın öz vəzifəniz var. İnşallah, o vəzifəni yerinə yetirin.
Mən xüsusilə vurğulamaq istəyirəm ki, hazırkı mərhələdə ailə məsələsinin üzərində ciddi durmaq lazımdır. Düşmənlər – İranın və ya İslam İnqilabının deyil, insanlığın düşmənləri – bəşəriyyət arasında ailə institutunu məhv etməyi qərara alıblar. Ailə ilahi bir ənənədir. Bəşəriyyətin düşmənləri, yəni beynəlxalq kapitalizm və sionizm hələ 100 il bundan öncədən qərara alıblar ki, yer üzündə ailə institutunu yox etsinlər. Müəyyən yerlərdə buna nail olublar da. İnsanların Allahdan uzaq olduğu bəzi yerlərdə öz məqsədilərinə çatıblar, bəzi yerlərdə, o cümlədən bizim müsəlman İranımızda isə uğur qazana bilməyiblər, lakin yenə də çalışıb-vuruşurlar. O ağır maddi xərclər tələb edən evliliklər, gec evlənmə halları, ailələrdə uşaqların azlığı, avropalıların çirkin və yanlış təbirincə desək, o “bəyaz evlilik”lər – hansı ki ailə həyatının ən üzüqara formasıdır – bütün bunlar onun üçündür ki, ailə məhv olsun. Şəhvətə rəvac verilməsi, həya və iffətin aradan getməsi də bu gün düşmənin planlarına daxildir. Siz də bütün bunlarla mübarizəni öz planlarınıza daxil edin. Bu ölkənin gəncliyinin saf mənəviyyatlı, gözəl əxlaqlı və namuslu olması üçün çalışın, buna nail olmağa əzm göstərin. Bu, İslam İnqilabı və İslam dövlətini qoruyub inkişaf etdirmək üçün görülə biləcək ən yaxşı işlərdən, ən effektiv metodlardan biridir.
Sizi gördüyümə çox sevindim. Hamınız Yaradanın lütfünə layiq olasınız, İmam Zamanın (ə.f) duaları, Həzrət Zəhranın (s.ə) diqqəti üzərinizdə olsun, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_________________
(1) Görüşün əvvəlində şair və məddahlardan bir neçəsi Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr etdikləri şeirlərini oxumuşlar
(2) “Məsnəviye-mənəvi”, Mövlana, 1-ci dəftər
(3) “Məsnəviye-mənəvi”, Mövlana, 5-ci dəftər