Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Qum əhalisi ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین المعصومین المطهّرین سیّما بقیّةالله فی الارضین و لعنةالله علی اعدائهم اجمعین

Əziz qardaşlar, əziz bacılar, vüqarlı Qum camaatı, Qum Teoloji Mərkəzinin möhtərəm din alimləri, çox xoş gəlmisiniz! Bütün bu illər ərzində sizin varlığınız, sizinlə keçirdiyimiz bu görüşlər, sizin adınızla bağlı olan bu gün, həqiqətən də, ictimaiyyətimizə ümid, ruh yüksəkliyi, hərəkətə keçmək üçün stimul bəxş etmiş, xalqımız üçün ibrət olmuşdur. 19 dey günü təkcə Qum camaatının qürur yeri deyil; hərçənd belə də desək, qətiyyən yanılmamış olarıq; bu möhtəşəm hərəkata start verdiklərinə, tarixdə heç bir zaman yaddaşlardan silinməyəcək belə bir böyük dönüş nöqtəsi yaratdıqlarına görə Qum camaatını, Qum gənclərini öyüb tərifləmək, həqiqətən də, yerinə düşər. Buna əsla şübhə ola bilməz. Qum coşğun bir çaya bənzəyən inqilabi hərəkatın mənbəyi, təlatümlərlə dolu inqilab dəryasının başlanğıcı oldu, bu isə balaca bir iş deyildi. Qum inqilab şəhəridir, inqilabın mərkəzidir, inqilabın anasıdır! 

Əlbəttə, bu yerdə kiçik bir haşiyəyə çıxaraq bunu da qeyd edim ki, Qumun inqilabi atmosferini dəyişməkdə, dini-inqilabi ruhiyyəsini zəiflətməkdə maraqlı olan qüvvələr də var; buna nail olmağa çalışırlar. Düşmənin məkrli planlarından qəflətdə qalmaq olmaz; heç bir sferada və heç bir aspektdən; iqtisadiyyat sahəsində etdiyi hiyləgərliklər göz qabağındadır, amma mədəniyyət sahəsində qurduğu məkrli planlara qarşı da sayıq olmaq lazımdır. Daim çalışırlar, məqsədləri var, agentlərini göndərirlər; buna diqqət yetirmək lazımdır. Qumun ağsaqqalları və gəncləri xain əllərin Qumu inqilabın mərkəzi, ocağı olmaqdan uzaqlaşdırmasına, Qumda bu cəhətləri arxa plana keçirmələrinə imkan verməməlidirlər. Hər halda, Qum bütün dünyanı dəyişmiş, dünyanı silkələmiş bu hərəkatın əsas mənbəyi, Qum Teoloji Mərkəzi isə onun mənəvi dayağıdır. Bu hərəkat bu gün də davam edir. Biz hələ yolun başlanğıcındayıq.

19 dey günü Qum əhalisini öymək, mədh və vəsf etmək üçün münasib bir gün, əlverişli bir fürsətdir, amma təkcə bu deyil; 19 dey bu günümüz üçün də bizə nələrsə öyrədə bilər. Mən bu hərəkatın mahiyyətində önə çıxan, diqqətəlayiq hesab etdiyim bəzi cəhətləri qısaca qeyd etmək istəyirəm. Gənclər diqqət yetirsinlər; bu həqiqətlərə özəlliklə də bizim gənclərimiz diqqət yetirməlidirlər, çünki bundan sonra işlər siz gənclərin öhdəsinə düşür, gələcək də sizindir. 

1356-cı ilin 10 dey günü Amerika prezidenti Tehrana gələrək fəsahətli bir nitq söylədi və Məhəmmədrzanı tərifləyib dağ başına qoydu. Həmin nitqində o, İranı “sabitlik adası” adlandırmışdı. Bu nə demək idi? Bu o demək idi ki, Amerika ondan asılı olan İran ölkəsi və buranın nökər xislətli rəsmiləri sarıdan tam xatircəmdir. “Bura sabitlik adasıdır” – bu sözlər dey ayının 10-u deyilmişdi, üstündən heç 10 gün keçməmiş Qum hadisələri baş verdi, 19 dey günü Qum əhalisi qiyama qalxdı, hərəkata başladı, o zalım, asılı və çürük rejimin əleyhinə öz canı, fiziki bədəni ilə mübarizə aparmaq üçün meydanlara çıxdı. Amerika və Qərbin “hesablama maşını” bax budur; buna diqqət yetirin. Qərblilər, amerikalılar özləri öz analiz qabiliyyətləri, proqnoz vermə, hesablama bacarıqları ilə öyünürlər, burda da bir para qərbmeyilli, amerikameyilli adamlar “amerikalılar belə dedilər, Amerikanın filan elm adamı, filan araşdırma mərkəzi bunu dedi, dünyanı belə tanıdılar, gələcəyi belə təsvir etdilər” deyə onların proqnoz vermə, prosesləri öncədən hesablama gücünü şişirdirlər. Amerikanın hesablama gücü budur: “bura sabitlik adasıdır” deyir, aradan heç 10 gün keçməmiş buranın necə bir “sabitlik adası” olduğu məlum olur; Qum qiyamı, ardınca Təbriz qiyamı baş verir, ardınca əzəmətli bir hərəkat start götürür, hər şeyin altını üstünə çevirən bir tufan kimi İslam İnqilabı qələbə çalır, tağut xislətli, xaricdən asılı Pəhləvi diktaturasına son qoyulur. (1) Onların hesablama qabiliyyəti, hesablama gücü elə bu günün özündə də eyni səviyyədədir; elə bu yaxınlarda Amerika rəsmilərindən biri (2) bir ovuc bandit və terrorçunu başına yığaraq deyib ki, 2019-cu ilin Milad bayramını Tehranda keçirməyə ümid edir; və ya arzu edir. 2019-cu ilin Milad bayramı bir neçə gün bundan əvvəl idi; bax onların hesablama qabiliyyəti budur, bunlar belə adamlardır. Bunların hesablamaları bu cür ümidlərlə yaşamalarına səbəb olur; eynilə bir həftəyə Tehrana gəlməyi arzulayan Səddam Hüseyn kimi; eynilə digər bir muzdurları olan və Kirmanşahdan yola çıxıb 3 günə özlərini birbaş Tehrana çatdıracaqlarına ümid edən “münafiqlər” kimi; bunlar hamısı hesablamalardır! Düşmənin hesablama qabiliyyəti budur! Amerika rəsmilərindən bəziləri özlərini dəliliyə qoyublar; əlbəttə ki, mən onların dəli olduğunu qəbul etmirəm, amma həqiqətən də, bir nömrəli səfehdirlər.

Qum əhalisinin qiyamı özündə iki hesablama sisteminin, iki dünyagörüşünün, iki analitik meyarın qarşı-qarşıya duruşunu əks etdirirdi: biri poblemlərin məngənəsində çabalayan yalançı Qərb liberal-demokratiyasının dünyagörüşü, o biri isə tövhidə, təkallahlılığa əsaslanan İslam dininin dünyagörüşü. Qum qiyamı iki proqnozlaşdırma, iki hesablama sisteminin qarşı-qarşıya durmasını nümayiş etdirirdi: biri Amerikanın hesablama sistemi idi ki, İranı o cür görürdü; elə inqilabın qələbəsinin ilk aylarında da həmin hesablama meyarlarları ilə Amerika Senatı İrana qarşı sanksiyalar tətbiq etdi, fikirləri də bu idi ki, uzağı 5-6 aya İslam İnqilabı məhv olub aradan gedəcək; onların hesablamaları bu cürdür; o biri də İslam dövlətinin hesablama sistemi; İmam Xomeyni: “Marksizmin qırılıb ovxalanan sümüklərinin səsini eşidirəm” – demişdi, (3) 1-2 il sonra bütün dünya o sümüklərin necə sınıb dağıldığını eşitdi. Bax məsələ budur. Qərb belə bir fenomenlə üz-üzə qalıb; İslam İnqilabı fenomeni ilə. Bir yanda bir yığın göz aldadan maddi vasitə – hərbi texnika, siyasi nüfuz imkanları, pul və sair, o biri tərəfdə isə yenicə ortaya çıxmış, konkret dünyagörüşünə və mədəniyyətə əsaslanan bir güc; stimullu, dinamik, gələcəyə baxan, nə etmək istədiyini, nə etməli olduğunu, hansı nöqtəyə çatmaq istədiyini bilən bir güc. Bu ikisi üz-üzə durublar.

Qərb və Amerika imperializm sisteminin yenicə yaranmış və getdikcə inkişaf etməkdə olan bu fenomenə qarşı düşmənçilik etməsi təbii bir şeydir. Bəziləri buna heç də təəccüblənməsin. Məncə, bəziləri özlərini bilməzliyə vurub – hələ bəlkə də, başqa cürdür – deyirlər ki, “siz filan sözü nə üçün dediniz ki, Amerika da sizinlə düşmən ola?!” Elə bilirlər ki, Amerikanın düşmənçiliyi İmam Xomeyninin hansısa sözünə, yaxud Amerika haqda mənfi rəy bildirmiş hansısa dövlət rəsmimizin dediklərinə görədir. Amma məsələ belə deyil; məsələ başqa cürdür; məsələnin mahiyyəti bundan daha dərindir. 40 ildir ki, bu gənc dövlət irəli addımlayır, günbəgün daha da inkişaf edir, qol-budaq atıb böyüyür, güclənir. Bu onların gözləri önündə baş verir, bunu görürlər. Yeni yaranmış bu çalışıb-vuruşan, stimullu mənəvi gücün, dünyaya məlum olmayan bu heyrətamiz mənəvi fenomenin təzahürü ilə imperializmin zahiri gücü çat verdi. Və bu 40 ildə bu çat getdikcə dərinləşir. Bu gün dünyanın ən zəngin ölkələri ən çox borcu və problemi olan ölkələrdir. Bunlar zarafat deyil. Gənclərimiz bu məqamlara ciddi diqqət yetirməlidirlər. Burada söhbət hansısa rəsmilərin sözlə qarşıdurmasından getmir; söhbət mahiyyətlərin, kimliklərin, hərəkatların, idealların, gələcəklərin qarşıdurmasından gedir.

Əlbəttə ki, onlar zərbə alıblar; birinci növbədə ona görə ki, yağlı tikə olan İran əllərindən çıxıb. İran hansısa uzaq Afrika, yaxud Latın Amerikası ölkəsi deyil ki; İran dünyada strateji mövqeyi baxımından ən həssas yerdədir. Olduqca mühüm bir mərkəzdir; Qərbi Asiyada, bu regionda İran qədər əhəmiyyətli ikinci bir coğrafi nöqtə yoxdur. İran qədər maddi sərvətə və müxtəlif imkanlara sahib olan ölkələr çox azdır. Bunu özləri də etiraf edirlər. Elə bir neçə gün bundan əvvəl Qərb təşkilatlarından biri mənim haqqımda mənfi fikir söyləmək üçün bir şey demişdi, etiraf etmişdi ki, İran dünyanın 5-ci zəngin ölkəsidir. Düz deyirlər, belədir. Bizim imkanlarımız fövqəladə dərəcədə böyükdür. Bu yağlı tikəni əldən buraxıblar, ilk növbədə buna hirslənmişdilər, hirsləri hələ də soyumayıb.

Əsas məsələ isə iki hərəkatın qarşıdurmasıdır; haqq və batilin qarşıdurması:

جاءَ الْحَقُّ وَ ما یُبْدِئُ الْباطِلُ وَ ما یُعید

“De: “Haqq (İslam dini) gəldi. Batil (küfr, şirk) bir də nə gözə görünər (nə ortaya bir şey çıxarar), nə də geri qayıdar!” (“Səba” surəsi, 49-cu ayədən)

Bayaq hörmətli qaremiz də bu ayəni oxudu. Haqq ortaya gələndə batil, təbii olaraq, sarsılır. Bunlar imperialistdirlər, istismarçıdırlar və əlbəttə ki, xalqların qanı ilə nəfəs alıb qidalanırlar. İndi təsəvvür edin ki, dünyada bir güc, bir dövlət peyda olub bu zülmkar təzahürün əleyhinə çıxır, onlara qarşı mübarizə aparır, hegemonluqlarına boyun əymir, bacardığı qədər səsini xalqlara çatdırır və bu günə qədər də uğur qazanıb. Biz bu günə qədər – bu 40 ildə uğur qazanmışıq. Baxın görün xalqlar arasında hansı ölkədə “Amerikaya ölüm!” sədaları ucalır? İndiyə qədər belə bir şey olmayıb. İran xalqının möhtəşəm hərəkatı bunları qorxudur, zalım və hegemon dövlətləri qorxuya salır, xalqların qanını soran nəhəng beynəlxalq kompaniyaları qorxuya salır; yolun sonuna gəlib çatdıqlarını görürlər. Bəli, mədəniyyətlərdə olan mənəvi uçurumlar özünü tez bir zamanda göstərmir. Doğrudur, Qərb dünyası müəyyən irəliləyişə nail olub, sənayesini inkişaf etdirib, elmdə öndədir, sərvət əldə edib, dünyanı tutub, səs-küy salıb, amma əsas və ən önəmli boşluq – mənəvi boşluq onun içində termit kimi öz işini görür. İntəhası bu özünü tez göstərmir; bəzən bunun üçün yüzilliklər tələb olunur; bu boşluq indi-indi özünü göstərməyə başlayır. Qərb dünyasına nəzər salın: Amerika bir cür, Avropa bir cür, onlara tabe olan ölkələr bir cür. Və belə bir vəziyyətdə olan dünyada İslam dini, İslama əsaslanan xalq hakimiyyəti, islami hərəkat, İslam sivilizasiyası müasir imkanlardan, dünyada mövcud olan vasitələrdən istifadə edərək günbəgün inkişaf etməkdədir. Bu onlarda qorxu və dəhşət hisləri yaradır. Təbii ki, düşmənçilik edəcəklər.

Burada iki vacib məqam var: birincisi, elə bu düşmənçiliyin səbəbi məsələsi. Səhlənkarlıq etmək, səthi düşünmək lazım deyil; düşmənçiliyin səbəbi bu möhtəşəm hərəkatın mahiyyəti və həqiqətidir; düşmənçiliyin səbəbi məhz budur. Düşmənçiliyin səbəbi İran xalqının şücaət və fədakarlığı, sədaqətidir; düşmənçiliyin səbəbi bunlardır. Düşmənçiliyin səbəbi İslam Respublikasının inqilabın əsas prinsip və dayaqlarına sadiq qalması, bu sədaqətini bu günə qədər necə lazımsa qoruyub saxlamasıdır; düşmənçiliyin səbəbi bunlardır. Düşmənçiliyin səbəbi odur ki, İslam Respublikası yeni bir sivilizasiyanın rövnəqlənməkdə olduğunu və Allahın köməyi ilə, öz nəticəsini verdiyi təqdirdə zülmkar, imperialist və istismarçı Qərb dövlətlərinin büsatına son qoyulacağını nümayiş etdirir; düşmənçiliyin səbəbi bunlardır.

Xalqların İranla düşmənçiliyi yoxdur; heç Qərb xalqlarının da bizimlə heç bir düşmənçiliyi yoxdur. Düzdür, ola bilsin ki, müəyyən təbliğat aparırlar, ayrı-ayrı ölkələrdə islamafobiya, iranafobiya, şiəfobiya yayırlar, lakin həqiqət harada xalqa açıqlanırsa, o yerdə xalqlar nəinki İslam Respublikasına qarşı düşmənçilik hiss etmir, əksinə, hətta belə bir hərəkatı alqışlayır, sevir və dəstəkləyirlər də. Düşmən olanlar zalım dövlət başçıları, yer üzündə fironluq edənlərdir. Firon Həzrət Musaya qarşı düşmənçilik etdiyi kimi; halbuki onun haqlı olduğunu bilirdi; Quran ayələrindən açıq-aydın görünür ki, Firon Musanın haqlı olduğunu bilmiş, lakin bunu bilə-bilə yenə də onunla düşmənçilik etmişdir. Allah-taala Musaya belə buyurur:

لا تَخافا إِنَّنی مَعَکُما أَسمَعُ وَ أَریٰ

“(Allah) buyurdu: "Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!” (“Taha” surəsi, 46-cı ayə)

– mən sizinləyəm, gedin hərəkatınıza başlayın və davam etdirin. Bəli, Firon hakimiyyət taxtında oturub, güclüdür, qorxuludur, amma siz gedin öz işinizi görün;

إِنَّنی مَعَکُما أَسمَعُ وَ أَریٰ

– mən də sizinləyəm, hər şeyi eşidir və görürəm. Bu gün bu xitab eynilə İran xalqına ünvanlanır. Odur ki düşmənçiliyin səbəbi budur.

İkinci önəmli məqam budur ki, bu düşmənçiliyin nəticəsi necə olacaq? Nəticəsi belə olacaq ki, Allah kiminlədirsə, o da qalib olacaq, çünki güc-qüdrət Allahın müqəddəs zatına məxsusdur. Biz Allahla olsaq, Allahın yolunda olsaq, qələbəmiz mütləqdir, 100 faizdir, buna heç bir şübhə ola bilməz. Harada səhlənkarlıq etmişiksə, qələbə qazana bilməmişik. Uğursuzluğumuz səhlənkarlığımızdan olub, düzgün davranmamağımızdan olub. Düzgün davransaq, lazımınca hərəkət etsək – rəsmilərimiz də, xalqımız da – və hərəkatımız doğru bir hərəkat olsa, o yerdə Allah-taala, heç şübhəsiz, yardımçımız olacaq.

وَ لَیَنصُرَنَّ اللهُ مَن یَنصُرُه

“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayə)

Bunda heç bir şübhə və tərəddüd ola bilməz.

Bəli, inqilabın qələbəsindən 40 il ötüb. 40 il o qədər də çox deyil. Bir sivilizasiyanın həyatı üçün 40 il insan ömrünün həddi-büluğ, düşüncə baxımından yetkinləşmə dövrünə uyğundur. Sivilizasiyalar üçün 40 yaş qocalıq yox, çiçəklənmə dövrüdür və inşallah, bu çiçəklənmə olacaq. Bunun üçün zəruri olan münbit zəmini ölkəmizdə müşahidə etmək olur. Allaha şükürlər olsun ki, bu gün ölkəmizdə insanların dini inancı kifayət qədər yaxşı səviyyədədir, xalqımızda möhkəm əzm, ictimai-siyasi proseslərdə iştiraka hazırlıq var, imanlı, əzmkar gənclərimiz heç də az deyil, çoxdur – mən şəxsən tanıyıram; əlbəttə ki, hamısını yox, amma bilirəm ki, ölkənin dörd bir yanında minlərlə gəncimiz dərin intellektual işlər həyata keçirir – gənc alimlər, əzmli gənclər qurub-yaratmaqla, istehsalla məşğuldur, təşəbbüs göstərir, novatorluq edirlər. Bu insanlar gələcəyi qururlar; qəlblərində iman yaxşı və güclü, təvəkkül hissi yüksək, Allaha etimad çox, gələcəyə ümid parlaqdır, gözüaçıqdırlar. Xalqın arasında bunlar var və az da deyillər – mən “minlərlə” deyərkən tanıdığım, münasibətdə olduğum insanları nəzərdə tuturdum, amma bundan da on dəfə çoxdurlar – gənclərimiz hazırlıqlıdır. Bütün bunların əsasında isə Allahın lütf və feyzi durur. Əgər Allah-taala bu işin irəli getməsini istəməsəydi, bu zəmini, bu müqəddimələri hazırlamazdı. Bir vaxtlar dahi liderimiz İmam Xomeyni hansısa işin asanlıqla başa gəlməyindən – təəssüf ki, detallar yadımda deyil – belə nəticəyə gəlmişdi ki, Allah-taala bu işin həyata keçməyini istəyir:

اِذا اَرادَ اللهُ شَیئاً هَیَّاَ اَسبابَه

İşin başlaması üçün münasib imkan və şərait asanlıqla yaranırsa, aydındır ki, Allah-taala o işin həyata keçməsini istəyir. İşin başlanğıcı inqilabın ortaya çıxması, İslam Respublikasının qurulması, İslam dövlətinin yaradılmasıdır. Bunlar hazırkı zəmanəyə, yaşadığımız əsrə uyğun İslam sivilizasiyasının yaranması üçün müqəddimə rolunu oynayırdı. Allah-taala başlanğıc olaraq bu imkan və şəraiti yaratdı ki, biz o sivilizasiyaya çataq; inşallah, çatacağıq da.

Bu gün mənim iki müraciətim var; onlardan biri rəsmilərə, hökumət nümayəndələrinə və sairə, ikincisi isə əziz xalqımıza aiddir. Rəsmilərə demək istəyirəm ki, əvvəla, tutduğunuz mövqeyin qədrini bilin. Sizin hansısa vəzifə postu tutmağınız Allahın böyük bir nemətidir. Vəzifədə olub, bu cür ideallar uğrunda, belə bir xalq, belə bir ölkə üçün işləmək Uca Yaradanın insana bəxş etdiyi böyük bir nemətdir. Rəsmilər bunun qədrini bilməli və buna görə Allaha şükür etməlidirlər. İkincisi isə, bu böyük nemətin tələblərinə əməl etməlidirlər. Özlərinə qarşı diqqətli və tələbkar olmalıdırlar ki, yanlış davranışlara, dəbdəbəli həyata, israfçılığa, zalım rejimlərin hökumət nümayəndələri arasında geniş yayılmış hərəkətlərə meyillənməsinlər. Bu, hökumət adamlarımızın öhdəsinə düşən bir vəzifədir. Bizim yolumuz İslam yoludur; hökumətimiz İslam hökumətidir. Biz Əmirəlmöminin Əli (ə) kimi hərəkət edə bilmərik, amma onun yolunu özümüz üçün rəhbər tutub, o cür davranmağın mümkün olduğunu, o yolla getməli olduğumuzu daim diqqətdə saxlaya bilərik. Cəsarət və rasionallıq – bu da rəsmilərimizin üzərinə düşən digər vəzifələrdir. Rəsmilərimiz cəsarətli olmalı, onun-bunun top-tüfəngindən, hərbə-zorbasından qorxub geri çəkilməməli, Amerika və Avropa rəsmilərinin, habelə digərlərinin o ədəbsiz danışıqları qarşısında doğru olanı deməli, necə lazımsa davranmalı, çəkinməməlidirlər. Özünüz görürsünüz, necə əsassız, əlaqəsiz sözlər danışırlar. Bəzən, həqiqətən də, özlərini təlxək yerinə qoyurlar. Amerika rəsmisi – misal üçün, hay-küy salıb bizi dünyada bədnam etmək istəyəndə – qalxıb deyir ki, İran insan haqlarını Səudiyyə Ərəbistanından öyrənsin! Beləsinə nə deyəsən?! Beləsinə “təlxək”dən başqa nə demək, nə ad vermək olar?! Bu və buna bənzər adamların nə hədə-qorxusuna, nə vədlərinə, nə verdikləri sözə, nə də atdıqları imzaya etibar etmək olar. Onlara əhəmiyyət vermədən doğru yolda cəsarətlə irəliləmək lazımdır. Eynilə rasionallıq da; emosional davranmaq olmaz, bir ölkəni hislərlə idarə etmək mümkün deyil. Emosionallıq lazımdır, amma rasionallığa dəstək olaraq. Yolumuzu ağılla seçərək stimul və emosionallıqla irəli getməliyik. Rəsmilərimizin diqqət yetirməli olduğu digər bir vəzifə isə ölkənin daxili imkan və potensialının dəyərini bilmək və onları üzə çıxarmaqdır. Nə qədər ki biz bu imkan və potensialdan xəbərsizik, onun böyük bir qismi durğun vəziyyətdə qalır; təəssüflər olsun ki, bizdə bu da olub; öz imkan və potensialımızın xeyli hissəsindən, o cümlədən bu gözəl gənclərimizdən bixəbər olmuşuq. Böyük bir məcmu olan dövlətin bəzi sferalarında bəzi rəsmilərin işində elə çətin, düyünlü məqamlar var ki, bu gənclər onları həll etmək iqtidarındadır. Onlar bu problemli məsələləri həm gənclik dövrünə xas parlaq ideyaları, həm də əməli işləri ilə yoluna qoya bilərlər. Gənclərin qədrini bilsinlər, onlara müraciət etsinlər, onların fikirlərindən istifadə etsinlər. Gənclərin fikirlərindən bəhrələndiyimiz əksər sahələrdə uğur qazanmışıq. Cavanların, onların zirvələrə can atmaq həvəsinin qədrini bilsinlər. Gənclər yüksək hədəflərə, zirvələrə can atır, bunun heç bir eybi yoxdur. Bir xalqı irəli aparan, ətalətə uğramasına imkan verməyən də məhz gənclərdəki bu zirvələrə can atma şövqü olur. Qərblilərin hay-küyündən də əsla ürəyinizə qorxunu yaxın buraxmayın. 

Rəsmilər xalqın məişət rifahı məsələsinə də xüsusi diqqət və qayğı ilə yanaşmalıdırlar. Bu gün düşmən diqqətini əsasən bunun üzərində cəmlədiyi üçün ən vacib və prioritet məsələ budur; aztəminatlı təbəqənin məişət rifahının yaxşılaşdırılması. Aztəminatlı ailələrin üzləşiyi məişət poblemlərinin həlli ölkə rəsmilərinin, xüsusilə də hökumət nümayəndələrinin qarşısında duran ən başlıca işlərdəndir; ən əsas iş budur. Ola bilsin ki, resurslarımız məhduddur, amma ölkə daxilində bəzi şəxslərin, bəzi cərəyanların bu resursları necə insafsızcasına, zülmkarcasına yeyib-dağıtdığını da görməmək mümkün deyil. Maliyyə məsələlərində, ticarətdə və sairdə mövcud olan o dəllallıq halları, monopoliyalar ölkənin inkişafına əngəl olur. Biz daim daxili istehsalı rövnəqləndirmək lazım olduğunu vurğulayırıq, amma idxalla məşğul olan hansısa dəllallar mənafelərinə uyğun olmadığına görə gedib müxtəlif yollarla özləri üçün sərfəli olanı edirlər və görürsən ki, işlər arzulanan nəticəni vermir. Xalqın məişət rifahını yaxşılaşdırmaq təkcə elə bu deyil ki, pul paylayaq; zərərli və təhlükəli olan bu kimi məsələlərə diqqət yetirib onların qarşısını almaq mühüm işlərdən biridir. Mən bu məsələni işgüzar iclaslarımızda ölkə rəsmiləri üçün bəzən detalları ilə qeyd etmişəm, vurğulamışam, yenə də vurğulayıram. Mənim rəsmilərə demək istədiklərim bunlardır.

Xalqımıza gəlincə isə, əvvəla, dəyərli xalqımız rəsmilərə kömək etməlidir; hamı kömək etməlidir. Daxili istesahsalın rövnəqləndirilməsindən, milli məhsula dəstək olmaqdan danışırıqsa, burada işin önəmli bir qismi məhz camaatın üzərinə düşür. Burada daxili məhsulu istehsal və istehlak edən, satan, alan hər kəsin təsiri ola bilər. İstehsalın keyfiyyəti, məhsulların distribyusiyası – bunlar önəmli məsələlərdir. Biz cari ili “İran məhsulunun istehsalı ili” elan etmişik, əsas diqqəti İran məhsuluna çəkməyə çalışmışıq; hazırda ilimiz sona çatır; gəlin görək, bu sahədə nə qədər iş görülüb? Əlbəttə, müəyyən işlər həyata keçirilib, amma nə qədər irəli gedə bilmişik? Biz bu sahədə irəli getməliyik. Xalqımız bu məsələdə dövlətimizə kömək edə, xeyir işlərdə hökumətlə əməkdaşlıq edə bilər.

Xalqın ölkəyə xidmət naminə görə biləcəyi işlərdən biri də inqilabi meydanlarda iştirak etməkdir; misal üçün, düşmənin şayiə yaymaq planına qarşı mübarizədə. Bu gün düşmənin aktiv surətdə həyata keçirməyə çalışdığı məkrli planlardan biri də xalqı təşvişə salmaq, üz-üzə qoymaq, ayrı-ayrı şəxsləri bir-birinin əleyhinə ittihamlar səsləndirməyə sövq etmək, camaatı bir-birinin canına salmaqdır. Əlbəttə ki, Allahın köməyi ilə, belə bir şey baş verməyəcək, amma onların məqsədi budur. Xalqımız sayıq, diqqətli olmalıdır. Utanmadan camaatımızı inqilaba, dövlətə qarşı çıxmağa çağırırlar; o xalqı ki, dövlətimiz məhz ona arxalanır. Əgər bu xalq dövlətin arxa-dayağı olmasaydı, İslam İnqilabı və İslam Respublikası bu qədər diqqətəlayiq bir səviyyədə irəli getməzdi. O qədər utanmazdırlar ki, belə bir xalqı öz dövlətinə qarşı çıxmağa vadar edir, yəni təşviq və təhrik edirlər. Qoy xalqımız bu təbliğata müqavimət göstərsin, onun əleyhinə davransın. Bu gün gənclər virtual məkanda fəallıq göstərirlər; düşmənin ağzından vurmaq üçün internetdən gözəl bir vasitə kimi istifadə etmək olar. 

Sanksiyalara gəlincə; bəli, sanksiyalar hər bir xalqa, hər bir ölkəyə təzyiq göstərir, çətinliklər yaradır. İran xalqına qarşı tətbiq edilən sanksiyaların isə, amerikalıların özlərinin də məmnunluqla bildirdiyi kimi, “tarixdə misli-bərabəri olmayıb!” Bəli, tarixdə bu cür sanksiyalar olmayıb və inşallah, Amerikanın bu məsələdə üzləşəcəyi məğlubiyyətin də tarixdə misli-bərabəri olmayacaq! Xalqımız, dövlətimiz, rəsmilərimiz – hamısı bu sanksiyaların yüzdə-yüz ölkənin xeyrinə nəticə verməsində rol oynaya bilər. Necə ki müharibə dövründə də bizə qarşı sanksiyalar qoyulmuşdu, bizə heç fərdi silah da satmırdılar; mən bir dəfə də qeyd etmişdim ki, (4) bizə heç tikanlı məftilin də satılmağına icazə vermirdilər; amma elə həmin məhrumiyyətlər daxili imkanların işə düşməsinə və müdafiə sənayemizin inkişafına səbəb oldu. Bu gün ölkəmizin müdafiə sənayesi elə bir səviyyəyə gəlib çatıb ki, Allaha şükür, regionda birinci yerdəyik, hamıdan öndəyik. Və bu, sanksiyaların bərəkəti sayəsində olub. Yoxsa əgər ilk gündən lazım olan hər şeyi gedib satın alsaydıq, pulumuzu alıb o şeyləri bizə versəydilər, özümüz onları istehsal etmək fikrinə düşməz və bu səviyyəyə gəlib çata bilməzdik. Hər işdə belədir; gənclərimiz ölkənin ehtiyac duyduğu istənilən vəsaiti düzəltmək iqtidarında olduqlarını mənə söylərirlər; və bunu sübut da edirlər, sırf iddia deyil; istər hansısa detal olsun, istərsə də qeyri şeylər. “Hər şey düzəldə bilərik”, – deyirlər. Düz də deyirlər; olub ki, sınamışıq, görmüşük, elə dedikləri kimi də var. Bizim belə bir insan potensialımız var. Elə etməliyik ki, bu sanksiyalar iqtisadiyyatımızın çiçəklənməsi, sahibkarlıq və məşğulluğun pik nöqtəsinə çatmağımız üçün bir vasitə olsun. Başqalarının məhsullarına olan ehtiyacımıza son qoyub, onları öz məhsulumuza ehtiyaclı bir vəziyyətə gətirməliyik. Bunu etmək mümkündür.

Allahın köməyi ilə, biz bu sanksiyaları və iqtisadi çətinlikləri geridə qoyacağıq; əlbəttə ki, sanksiyalar müəyyən problemlər yaradır, problemlər var, hazırda da mövcuddur, amma bu problemlər işin başlanğıcına aiddir. Əgər xalqımız və dövlətimiz müqavimət göstərsə, sayıq olsa, əzmkarlıq nümayiş etdirərək çalışıb-vuruşsa, heç şübhəsiz, biz bu mərhələni qələbə ilə başa vuracağıq. Necə ki məcburən qoşulduğumuz savaşda da qələbə qazandıq, Səddam məğlub olub Cəhənnəmin dibinə getdi, İslam Respublikası isə çiçəkləndi. Qalan düşmənlərimiz – Amerika, Avropa və Qərbdə bizim əleyhimizə iş aparanlar da Cəhənnəmin dibinə gedəcək, İslam Respublikası isə, inşallah, həmişə var olacaq!

Bu yolu bizə açan dahi liderimiz İmam Xomeyniyə (r.ə) Allah rəhmət etsin! İmamın nəsihətlərini, vəsiyyətlərini unutmayın; onun və bu yolda canından keçmiş əziz şəhidlərimizin pak ruhlarına Allah rəhmət etsin. Bu günə qədər bu yolda çalışıb-vuruşan hər kəsin, eləcə də siz əziz qumlularımızın üzərindən Allahın lütf və mərhəməti əskik olmasın, inşallah. Mənim salamımı digər həmyerlilərinizə də çatdırın.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) Ali Məqamlı Rəhbər zaldan səslənən “Amerikaya ölüm!” şüarının ardınca bu sözləri deyir: “Bəli, düzdür, Amerikanı ölüm gözləyir”. 
(2) Con Bolton
(3) Səhifeyi-İmam, c.21, səh.222
(4) Ali Məqamlı Rəhbərin Müqəddəs Müdafiə savaşına həsr olunmuş anım tədbirindəki çıxışı (07.04.1397)