بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین و السّلام علی شهدائنا الابرار المکرّمین
Şəhidlərin pak ruhlarına Allahın, Onun saleh bəndələrinin və mələklərinin salamı olsun; tarixin bütün şəhidlərinə; İslam şəhidlərinə, İslam İnqilabı və müdafiə uğrunda – inqilabın, İslamın, müqəddəs Əhli-Beyt (ə) ziyarətgahlarının və bu günə qədər ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanlara. Möhtərəm şəhid ailələri, atalar, analar, şəhidlərin həyat yoldaşları, övladları, çox xoş gəlmisiniz! Allahın saleh bəndələri şəhid ailələrinin, ataların, anaların, şəhidlərin həyat yoldaşlarının, övladlarının, bacı və qardaşlarının qədrini yaxşı bilir. Ona görə ki, Allah-taala özü sizə salam və salavat göndərmişdir:
اُولئکَ عَلَیهِم صَلَواتٌ مِن رَبِّهِم وَ رَحمَـة
“Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir”. (“Bəqərə” surəsi, 157-ci ayə)
Allahın bir kəsə salam və salavat göndərməyi o şəxsin Haqq dərgahında çox yüksək və önəmli bir məqama sahib olması deməkdir. Səbəbi isə odur ki, siz səbir etmisiniz, dünyada əksər insanlar üçün böyük bir kədər sayılan övlad itkisi müsibətini bir bayrama, mübarək bir hadisəyə çevirmisinz. Allah-taalanın sizin gənc övladınızı öz yanında
اَحیاءٌ عِندَ رَبِّهِم یُرزَقون
“Onlara Rəbbi yanında ruzi (Cənnət ruzisi) əta olunur”. (“Ali-İmran” surəsi,169-cu ayə)
– yaşadıb nemətlərdən bəhrələndirməsindən təsəlli tapmısınız. Şəhid ailələrinin bu səbri bu cür yüksək dəyərə malikdir.
Şəhidlərin mesajı, həqiqətən də, müjdəvericidir; biz bu mesajı eşidə bilmək üçün qulağımızı, eşitməmizi islah etməliyik. Bəziləri şəhidlərin mesajını eşitmir, amma bu, Qurani-Kərimin ayəsində də öz əksini tapıb:
وَ یَستَبشِرونَ بِالَّذینَ لَم یَلحَقوا بِهِم مِن خَلفِهِم اَلّا خَوفٌ عَلَیهِم وَ لا هُم یَحزَنون
“... arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (“Ali-İmran” surəsi, 170-ci ayə)
Şəhidlərin mesajı qorxu və kədəri inkar edir. Əlbəttə ki, qorxu və kədər bilməməyin ən mükəmməl nümunəsi elə şəhidlər özləridir. Hər kəsin öz canının hayında olduğu o qorxu və kədər dolu meydanda Allah yolunda şəhid olanların – yəni sizin gənc balalarınızın hamısının mesajı özləri və həmçinin başqaları üçün müjdədir; istər Müqədəs Müdafiədə, istər sərhədlərimizin qorunması, istər təhlükəsizliyin təmin olunması, istərsə də Əhli-Beyt (ə) ziyarətgahlarının toxunulmazlığı uğrunda şəhid olanlar olsun. Məhz elə buna görə də İmam Xomeyni (r.ə) buyururdu ki, “Şəhadəti bilən xalq əsarət bilməz!” Siz Allah yolunda fəda olmağa böyük bir uğur kimi baxaraq şəhid olmaq üçün qorxu bilmədən təhlükənin üzərinə getdiyiniz zaman dünyada heç bir qüvvə sizin qarşınızı ala bilməz. Qüdrət və qələbə o xalqa, o topluma aiddir ki, onlar bu yolda qarşılarına hansısa təhlükə çıxacağı, ziyanla üzləşəcəkləri, şəhid olaraq dünyadan gedəcəkləri təqdirdə uduzmuş yox, udmuş olacaqlarına inanırlar. Bu ruhiyyənin, bu əqidənin daşıyıcısı olan bir xalq üçün məğlubiyyət yoxdur! O xalq daim irəli gedəcək; necə ki İran xalqı da bu günə qəər özünün olduqca təhlükəli və zəhmətli yolunda daim irəli gedib. Zarafat deyil, dünyanın zalım, xəbis və korrupsioner güclərinin hamısı əl-ələ verərək İran xalqının qarşısında dura, amma bu 40 ildə heç bir qələt də edə bilməyələr, o körpə fidan bugünkü pak, möhkəm, yerindən tərpədilməsi mümkün olmayan köklü-köməcli ağaca çevrilə! Buna nəyin sayəsində nail olunub? Ölkənin taleyinə bu qürur və iftixarı yazan xalqımızın, yəni bax elə sizin gənc övladlarınızın şəhadətə bəslədiyi etiqad olub; göz yaşı töküb Allah yolunda şəhid olmağı arzulayan, ata-anasına yalvarıb: “Siz cəbhəyə getməyimə razı olmadığınız üçün mən əməliyyata getsəm də, şəhid olmadım. Siz razılaşın ki, mən şəhid ola bilim”, – deyən cavanların etiqadı. Mən müqəddəs ziyarətgahların müdafiəsi uğrunda şəhid olmuş hərbçilərdən birinin bioqrafiyasında oxumuşdum ki, həyat yoldaşına belə deyirmiş: “Sən mənim şəhid olmağıma razı deyildin, sən imkan vermirsən ki, mən şəhid olam”. Həyat yoldaşına yalvarıb-yaxarır ki, razılaş, qoy mən də şəhid olum. Maddi dünya bu sözlərin mənasını anlamır, dərk etmir. Bizim mömin və inqilabçı gənclərimizə keşməkeşli hadisələrin qarşısında dağ kimi möhkəm dayanmaq gücü verən məhz bu ruhiyyə və etiqaddır. Bəli, dəfələrlə demişik ki, bəzi inqilabçılar yarıyoldan qayıdıblar; inqilabın itkiləri olub, bəzi adamların qəlbi dünyaya daha çox bağlı olub. İslamın yer üzünə gəldiyi ilk illərdə də belə olub; o zaman da başlanğıcda inqilabçı kimi çıxış edən bəzi insanlar ömürlərinin ortasında və axırında dünyanı seçiblər. Düzdür, bu var, amma bu itkilərlə yanaşı, bizim dəfələrlə artıq qazancımız da olub; inqilabın qazancı. Elə inqilabın möcüzəsi də budur. Aradan 40 il keçəndən sonra görürsən ki, nə İmam Xomeynini, nə inqilabı, nə də Müqəddəs Müdafiəni görmüş, o illərin tarixi qəhrəmanlıqlarının yaxından şahidi olmamış mömin və müsəlman bir gənc bu gün eynən inqilabın ilk illərinin gənclərində – Himmətdə, Xərrazidə və bu sıradan olan digər şanlı şəhidlərdə olan güclü inqilabi ruhiyyə ilə döyüş meydanına yollanır, şövqlə, öhdəsinə düşən məsuliyyəti hiss edərək, şücaətlə düşmənin qarşısında durur. Bax buna görə mən həmişə deyirəm ki, bugünün mömin gəncləri inqilabın əvvəlindəki gənclərdən stimul baxımından irəli olmasalar belə, heç geri də qalmırlar. Bunlar inqilabın qazancıdır. İnqilabın və İslam Respublikasının möcüzəsi də elə budur ki, hər cür zəhmətə qatlaşmağa hazır olan o güclü, polad kimi əyilməz ruhiyyəni bu gün sizin verdiyiniz şəhidlərin timsalında təkrar-təkar yaratmağı bacarır. Onlar bizim üçün iftixar mənbəyidir, bu inqilabın və bu ölkənin daşıyıcı sütunlarıdır. Bu ölkəni qoruyub saxlayan məhz sizin gəncləriniz olub; sizin gəncləriniz! Dünyanın imperialist güclərinin, cinayətkar Amerikanın şah diktaturası dövründə olduğu kimi bu ölkədə ağalıq etməsinə əngəl olan məhz bu torpağa tökülən pak qanlar olub. Onlar imkan verməyiblər, sizin gənc övladlarınız buna imkan verməyiblər. Bu şəhadətlər, bu şücaətlər, ata-anaların, həyat yoldaşlarının bu səbri olmasaydı, bilmək olmaz, ölkənin vəziyyəti necə olardı, ölkəmiz bu genişmiqyaslı imperializm cəbhəsinin qarşısında dura bilərdi, ya yox. Dura bildik, çünki bu ölkənin sizin balalarınız kimi gəncləri var idi; və elə gənclər yenə də var; xalq da onların qədrini bilir.
Görün o pak nəşlərin – elə hazırda verdiyimiz şəhidlərin; sərhədlərimizi, müqəddəs ziyarətgahları, ölkədə asayiş və təhlükəsizliyi qoruyarkən şəhid olan insanların – dəfnində xalq hansı səviyyədə iştirak edir! Dünən Kohgəluyə və Boyerəhməddə böyük xalq kütləsinin şəhid bir əskərin pak nəşini son mənzilə necə yola saldığını gördünüzmü?! Belədir, bu xalq şəhidlərinin qədrini bilir. Qərbin maddi dünyası üçün ürəyi axan 3-4 nəfər düşüncəsiz adam mənasız təhlillər edir. Qoy etsinlər, amma reallıq onların dediyi kimi deyil. İslam Respublikası mənəviyyatı ilə, ideologiyası ilə, fədakar, imanlı insanları ilə, imanlı ata-anaları, həyat yoldaşları, gəncləri ilə güclüdür. Bu günə qədər bu ölkəni qoruyub saxlayan ailəsindən, sevdiyi həyat yoldaşından, şirindilli körpəsindən vaz keçərək gedib Allah yolunda mübarizə aparan, canını təhlükəyə atan gənclər olub; inqilabın gücü bu cür insanların, bu cür imanların varlığına bağlıdır. Düşmənsə bunu dərk etmir.
Və sizə deyim ki, müsəlman İranının ən öndə gedən düşmənləri çirkab içindədir; əxlaqsızlıq, siyasi korrupsiya çirkabı; boğaza qədər bu çirkaba batıblar. Amerikanın dövlət adamlarına baxın; görün necə pulpərəst, haqsız, insanların, xalqların canına və malına qarşı necə etinasızdırlar! Yəmən bunun bariz nümunələrindən biridir. Yəməndə cinayəti törədən Səudiyyə hökumətidir, amma amerikalılar da bu cinayətə ortaqdır. Özləri də bunu dilə gətirib deyirlər. Xəstəxanaları vururlar, bazarları vururlar, insanların sıx toplaşdığı məkanları vururlar. Hərbi əməliyyatdan söhbət getmir, xalqlara düşməndirlər! Bunlar cinayətkardırlar, çirkaba qərq olublar! Amerikanın siması budur. İran xalqı Amerikanı və onun timsalında imperializmi düzgün tanımaq istəyirsə, bu günə baxsın, onların o prezidentinin (1) və hazırkı ABŞ rəsmilərinin əməllərinə baxsın. Özü də təkcə bunlar deyil, hamısı belədir. Sadəcə, bunlar o çirkin və nifrətəlayiq simalarını açıq-aşkar göstərdilər, yoxsa hamısı eynidir. İran İslam Respublikası bunların qarşısında durub. Müsəlman İranı bunların haqsızlığına, ədalətsizliyinə, əxlaqsızlığına və siyasi korrupsiyasına qarşıdır. Əlbəttə ki, özünün suverenliyi, mübarizliyi ilə İran İslam Respublikası dünyanın hegemonlarının düşmənçiliyini qazanır. Onlar ağalıq etmək, hamını öz hakimiyyətinə tabe etmək arzusundadırlar. Onlar istəyirlər ki, İran inqilabdan əvvəlki, hər işində ixtiyar sahibi olduqları İran olsun; eynilə bəzi digər zəif ölkələrin hazırda olduğu kimi. Özünüz də görürsünüz, hansısa ölkəyə, guya ki, dostluq əli uzadırlar, amma əvəzində sərvətini talayıb aparır, sonra da: “Bunlar bizim südverən inəyimizdir” – deyib istehza edirlər. Onlar istəyirlər ki, bizim əziz, böyük, iftixarlı İranımız və şücaətli İran xalqı da eynən həmin ölkələr kimi əllərinin altında olsun. Lakin bu günə qədər bu hədəflərinə çatmayıblar, bundan sonra da əsla çatmayacaqlar!
Dahi liderimiz İmam Xomeyni (r.ə) Amerikanı “Böyük Şeytan” adlandırıb. Şeytan nədir? Şeytan elə bir varlıq, elə bir ünsürdür ki, dünyanın bütün dindar və təkallahlı insanları ona qarşı durmalıdırlar. İmam Amerikaya bu adı verməklə əslində yer üzündəki bütün dindar, təkallahlılıq inancında olan insanları, bütün vicdanlı xalqları Amerikaya qarşı səfərbər etmişdir. Bu hədəf indiyə qədər önəmli dərəcədə uğur qazanıb və inşallah, bundan sonra daha da çox uğur qazanaraq reallaşacaq. Düşmən də İran xalqını öz yolundan sapdırmaq üçün çalışır. Əlbəttə ki, Amerikanın İran xalqı ilə bağlı cızdığı planlar puça çıxıb. Artıq xalqımızın əleyhinə işlədib ona zərbə vura biləcəkləri bir planları qalmayıb, əllərindən gələni ediblər; gələcək planları da nəticəsiz olacaq. Son vaxtlar atdıqları addımlar (son bir neçə ildə gördükləri işləri nəzərdə tuturam; əsas ağırlıq verdikləri də hərtərəfli iqtisadi sanksiyalardır) gördükləri bütün bu məkrli işlər, İranla mübarizə aparmaq üçün xüsusi adamlar ayırmaları, İranın cürbəcür düşmənlərinə, münafiqlərə və sairə dəstək vermələri – bunlar hamısı o məqsədə xidmət edir ki, bəlkə, sanksiyaların, təhlükəsizliyə qarşı yönəlmiş addımların sayəsində İslam Respublikasında, bizim əziz müsəlman İranımızda ikitirəlik, konflikt, vətəndaş müharibəsi və problemlər yarada bilələr. Hədəfləri budur, bu yolda əllərindən gələni ediblər.
Bunlar cari 1397-ci ilin əvvəlində (ya bundan bir az qabaq; cari miladi ilinin əvvəlində) elan etmişdilər ki, İranı qızmar bir yay gözləyir. Demək istəyirdilər ki, yayda İranla məşğul olacağıq, İranda reallaşdıracağımız planlar var; yəni konfliktlər olacaq, dava-dalaş olacaq, onu-bunu meydanlara çəkib çıxaracağıq, ayrı-ayrı qrupları bir-biri ilə vuruşduracağıq və sair. Hədəfləri bu idi. Amma onlara göz dağı olaraq, builki yayımız ən gözəl yaylardan biri oldu. Sonra da dedilər ki, İslam Respublikası 40 illiyini görməyəcək; yəni həmin məkrli planı builin payızında və qışında yerinə yetirmək arzusunda idilər. İran xalqı tam səbatla onların qarşısındadır; Allahın köməyi ilə, bəhmən ayının 22-də bu xalq İslam İnqilabının 40-cı ildönümünü əvvəlki illərdən də çox-çox böyük bir ehtişamla qeyd edəcək.
Xalqımız sayıqdır. Rəsmilərimiz də daim işləyir, çalışırlar; əlbəttə ki, bundan da artıq səy göstərməlidirlər. Mən də öz növbəmdə əziz xalqımıza demək istəyirəm ki, bu sayıqlığınızı qoruyun. Bunların “1397-ci ildə elə edəcəyik, belə edəcəyik” demələri, İran İslam Respublikası ilə bağlı hansısa planları olduğunu bildirmələri – yəni əslində, planları puça çıxıb – yalan ola bilər. Ola bilsin ki, hay-küyü 1397-ci ildə salıb, planlarını 1398-ə çəkələr; misal üçün deyirəm. Hamı diqqətli olmalıdır; bunu bütün xalqımıza müraciətlə deyirəm. Amerika xəbis, hiyləgər bir düşməndir, sionistlərlə və regionumuzun mürtəce hökumətləri ilə əlbirdir, onlar da hamısı müsəlman İranına və İran xalqına düşmən kəsilib. Biz ayıq-sayıq olmalıyıq. Əlbəttə ki, biz onlardan güclüyük. İran İslam Respublikası əleyhinə bu qədər güclü stimula malik olduqlarına baxmayaraq, bu günə qədər onlar heç bir qələt edə bilməyiblər, bundan sonra da edə bilməyəcəklər; buna əsla şübhə yoxdur. Düşmən zəifdir;
اِنَّ کَیدَ الشَّیطـانِ کانَ ضَعیفا
“Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!” (“Nisa surəsi, 76-cı ayədən)
– Quran ayəsidir, amma biz də qəflətə dalmamalı, yuxuya getməməliyik.
Mənim ölkəmizin gənclərinə, ictimaiyyətimizin müxtəlif təbəqələrinə, ölkədəki bütün siyasi cərəyanlara tövsiyəm budur ki, düşmənin dəyirmanına su tökməkdən, düşmən üçün meydan açmaqdan ehtiyatlı olsunlar; sayıq olsunlar. Biz qəflətə dalsaq, yuxuya getsək, həmin o zəif düşmən öz zəhərini yeridəcək; hamımız sayıq olmalıyıq; necə ki, əlhəmdulillah, bu gün bütün xalqımız sayıqdır və bu illər ərzində də həmişə sayıq olub. Bu sayıqlığımızı qoruyub saxlamalıyıq. Mənim gənclərimizə tövsiyəm budur; harada olmalarından asılı olmayaraq, hamısı ölkə üçün nə isə bir iş görməyə çalışsınlar; hər kəs öz olduğu yerdə ölkəmizin, iqtisadiyyatımızın, daxili istehsalımızın güclənməsi üçün əlindən gələni etsin; bildiyiniz kimi, bu ilin şüarı da daxili istehsalla bağlıdır. İstehsalçılar, istehlakçılar, qərar qəbul edənlər, qanunları tənzimləyənlər, icraçılar, hökumət, parlament, məhkəmələrimiz – hər biri öz öhdəsinə düşən vəzifələri tam sayıqlıqla yerinə yetirsin. Mənim xalqımıza tövsiyəm budur.
Ölkəmizin rəsmilərinə də bunu tövsiyə etmək istəyirəm ki, səylərini ikiqat artırsınlar. Ehtiyatlı olsunlar, düşmənin söz oyununa, gözdən pərdə asmağına aldanmasınlar. Diqqətli olsunlar ki, qapıdan qovduqları xəbis düşmən qayıdıb yenidən pəncərədən girməsin. Düşmən neştərini sancıb zəhərini buraxa bilmək üçün növbənöv hiyləgər metoddan istifadə edir. Rəsmilər etiyatlı olmalıdırlar. Mənim iqtisadi məsələlər, xalqın iqtisadi çətinliklərinin həlli ilə bağlı ilk növbədə zəruri hesab etdiyim iş daxili istehsalın gücləndirilməsidir. Mən bu barədə rəsmilərə də öz tapşırıqlarımı vermişəm. Milli istehsala diqqət və qayğı göstərmək lazımdır. Bu istiqamətdə ciddi və müsbət addımlar atılsa, inşallah, camaatımızın iqtisadi problemləri azalacaq. İslam dünyasında bəzi qüvvələr düşmənlə dost olub. Ale-Səudun hərəkətləri, onların əli ilə Yəməndə bu ölkənin işğalı məqsədilə məzlum Yəmən xalqına qarşı törədilən o cinayətlər Səudiyyə hökumətinin öz ziyanına tamamlanacaq; bunu dərk etsinlər; bütün bunlar özlərinin ziyanına olacaq. 4 ilə yaxındır, təxminən 4 ildir ki, bunlar Yəməndə cinayətlər törədir. Bunlar elə bilirdilər ki, bir neçə gün, yaxud maksimum bir neçə həftə ərzində Yəməni işğal edib işlərin idarəçiliyini tamamilə ələ keçirə biləcəklər, amma 4 ildir, buna müvəffəq olmayıblar. İrəli getdikcə də süqutları daha ağır, üzləşəcəkləri zərbə daha ağrılı olacaq. Necə ola bilər ki, müsəlman bir xalqa, müsəlman ölkəsinə başçılıq edən bir hökumət İslamın düşmənlərinə, Amerikaya əlaltılıq edə, Amerikanın “südverən inəyi” ola? Nəyə görə belə olmalıdır? Hərəmeyni-Şərifeynin – Məkkə və Mədinənin xidmətçisi
اَشِدّاءُ عَلَی الکُفّار
– kafirlərə qarşı sərt olmalıdır,
اشدّاء علی المؤمنین
– möminlərə qarşı sərt yox. Bunlar “اشدّاء علی المؤمنین” – möminlərə qarşı sərt və aqressivdirlər, “اشدّاء علی الیمن” – Yəmənə qarşı aqressivdirlər, “اشدّاء علی البحرین” – Bəhreynə qarşı aqressivdirlər; mömin insanlara təzyiq göstərirlər. Bu, Allahın qəzəbinə səbəb olan alçaq bir siyasətdir.
İran xalqı gözüaçıqlıq və uzaqgörənliklə bütün bu prosesləri nəzərə almalı, öz möhkəm mövqeyini qoruyub saxlamalı və bilməlidir ki, dünya və regionun bu təlatümlü dəryasında – bu gün bu tufan Avropaya da çatıb; Fransaya baxın; Avropa ölkələri də bu tufana yaxalanıb – dünyanı, xüsusilə də regionumuzu bürümüş bu tufanda İslamın bərəkəti sayəsində Əhli-Beytə (ə) və İslama sevginin rahat və təhlükəsiz gəmisindədir. Bu uzaqgörənliyinizi qoruyun, bu yanaşmanı qoruyun, bu yola, inşallah ki, qüdrətlə davam edin. Qələbə İran xalqının olacaq!
Allahın salamı, rəhməti və salavatı şəhidlərin və şəhid ailələrinin üzərindən heç vaxt əskik olmasın! Mən bir daha şəhidlərin atalarına, analarına, həyat yoldaşlarına, bacı və qardaşlarına öz səmimi sevgi və ehtiramımı bildirirəm.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_________________
(1) ABŞ prezidenti Donald Tramp