Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
Qəzvinin hörmətli imam-cüməsinə, eləcə də ostandan olan dəyərli zabitimizə çıxışlarına görə təşəkkürümü bildirirəm. Cənab Abidininin səsləndirdiyi fikirlər Qurani-Kərimin ayələrinə toxunurdu; bu çox yaxşıdır ki, siz başdan-sona bütün tədbirinizi, hətta rövzələri də Quranla əlaqələndirirsiniz. Bu çox yaxşı bir şeydir, bu metoddan uzaqlaşmayın. Əlbəttə, Quranın o şərif ayəsində:
اَلَّذینَ استَجابوا لِله وَالرَّسولِ مِن بَعدِ ما اَصابَهُمُ القَرح
“Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!” (“Ali-İmran” surəsi, 172-ci ayə)
ayəsində şəhidlərdən yox, müharibə veteranlarından – yəni Uhud döyüşündən sonra yaralanmış insanlardan bəhs edilir.
اَلَّذینَ قالَ لَهُمُ النّاسُ اِنَّ النّاسَ قَد جَمَعوا لکُم فَاخشَوهُم فَزادَهُم ایمانا وَقالوا حَسبُنَا اللهُ وَنِعمَ الوَکیلُ* فَانقَلَبوا بِنِعمَةٍ مِنَ اللهِ وَ فَضلٍ لَم یَمسَسهُم سوء
“O kəslər ki, xalq onlara: "Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" – deyə cavab verdilər. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir”. (“Ali-İmran” surəsi, 173-174-cü ayələr)
Söhbət o adamlardan gedir ki, Həzrət Peyğəmbər: “Yaralananlar da döyüşə gəlsinlər!” – deyə buyurduğu zaman yaralı olduqlarına baxmayaraq, qalxıb döyüşə getmiş, düşmənin layiqli cavabını verərək geri qayıtmışlar. Hər halda, çıxışınıza görə sizə də, cənab ostandara da çox təşəkkür edirik.
Qeyd etdiyiniz kimi, Qəzvin ostanı həm özünün coğrafi mövqeyi, həm tarixi keçmişi, həm mədəniyyəti, həm də İslam İnqilabı və Müqəddəs Müdafiə dövrləri ilə bağlı böyük sınaqdan üzüağ çıxması ilə qürur duymaqda haqlıdır. Bu, sözsüz, belədir; Qəzvinin böyük şəxsiyyətləri də hamısı, qeyd etdiyiniz kimi, həqiqətən qürur mənbəyidir; istər Bərağani qardaşları – Şəhid Salis və cənab Salehinin babası mərhum Molla Saleh, habelə digər bu kimi keçmiş din alimləri, istərsə də şəhid olmuş parlaq simalar – şəhid Babani, Şəhid Ləşgəri, Şəhid Rəcayi, mərhum ata və oğul Əbuturabilər; Allah onlara Behişti nəsib etsin!
Şəhidlər ölkənin mənəvi həyatının rövnəqlənməsinə təkan verir. Mənəvi həyat dedikdə ruhiyyə, öz kimliyini dərk və hiss etmək, qarşıya hədəflər qoymaq, ideallara doğru irəliləmək, bu yolda durmamaq, dayanmamaq, ətalətə uğramamaq başa düşülür. Bu, şəhidlərin işidir. Bunu da bizə Qurani-Kərim öyrədir. Şəhidlər hələ sağ ikən öz ölkəsini fiziki bədənləri ilə, şəhid olduqdan sonra isə ruhları və canları ilə qoruyurlar:
وَیَستَبشِرونَ بِالَّذینَ لَم یَلحَقوا بِهِم مِن خَلفِهِم اَلّا خَوفٌ عَلَیهِم وَ لا هُم یَحزَنون
“Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (“Ali-İmran” surəsi, 170-ci ayə)
Baxın, bu müjdə şəhidlər bu dünyanı tərk etdikdən sonraya aiddir. Nə qədər ki bu dünyadadırlar, bədənləri, maddi hərəkatları İslama və İslam cəmiyyətinə xidmət edir, dünyadan köçəndən sonra isə mənəviyyatları; şəhidlər dünyadan gedən kimi səsləri ucalır. Dünyadan gedəndən sonra şəhidlərin nitqi açılır, onlar camaatla danışırlar:
بِالَّذینَ لَم یَلحَقوا بِهِم
– bizlərə səslənirlər. Gərək bizim də qulağımız ağır eşitməyə ki, bu səsi eşidə bilək. Sizin gördüyünüz bu iş, şəhid ailələrinin gördüyü işlər, müxtəlif şəhərlərdə – Qəzvində, Bircənddə (2) və digər yerlərdə keçirilən anım tədbirləri bu səsi bizim ağır eşidən qulaqlarımıza çatdırmaq üçündür. Önəmli olan odur ki, biz bu səsi eşidək. Allah-taala bu səsə də təsir gücü verib; doğrudan da, təsiri var; hansısa şəhid haqda nə isə danışılanda, dəqiq, əsaslı bir fikir söylənəndə qəlblərə təsir göstərir, qəlbləri dəyişir. Elə günümüzdə müqəddəs ziyarətgahları qorumağa gedib şəhid olmuş gənclərin, o cümlədən sizin qəzvinli şəhidinizin səsi, mesajı, atdıqları addım, etdikləri hərəkət, xatirələri, onlar haqda deyilən sözlər – bunlar hamısı insanlarda bir oyanış, ayıqlıq, sayıqlıq yaratmağa qadirdir. Lakin bizim qulağımız ağır eşitdiyi üçün bu mesajları doğru-dürüst eşidə bilmirik. Bu mesajları bizə eşitdirsələr, daha bu Qərbə-Şərqə, düşmənə, dinsizliyə, küfrə və sairə meyillənmələr aramızdan çəkilib gedər. Özümüzdə müşahidə etdiyiniz zəif cəhətlərin hamısının səbəbi bu mesajı eşitməməyimizdir. Bu mesajı eşitsək, ruhiyyələr güclənəcək, addımlarımız ciddi və qətiyyətli olacaq. Hər halda, sizin gördüyünüz bu iş – şəhidlərin anılması olduqca dəyərlidir. Qeyd etdiyimiz kimi, Müqəddəs Müdafiənin başa çatmasından 30 il ötür, amma aradan 300 il də ötsə, bizim əziz şəhidlərimiz heç vaxt unudulmayacaq. Onların xatirəsi günbəgün daha da canlanır; Allaha şükürlər olsun ki, cəmiyyətimizdə şəhidlik və şəhidlər mövzusu günbəgün daha da aktuallaşır. Bəziləri şəhidləri unutdurmağa, onların gördüyü işin əzəmətinə kölgə salmağa, fikir ayrılığı yaratmğa çalışırdılar, amma bacarmadılar; əksinə oldu. Və Allaha şükürlər olsun ki, bu gün şəhidlər bizim üçün nümunədir, örnəkdir. İnşallah, Allah-taala şəhidlərimizi Məhşərə Peyğəmbərlə (s) birgə gətirsin, onların xatirəsini yad etməyi özünə vəzifə bilərək bu meydana girən siz əzizlərimizə əcr versin, mənəvi dəstək olsun ki, bu işi ən yüksək səviyyədə həyata keçirə biləsiniz.
Və bundan əvvəl Bircənd şəhidləri ilə də bağlı qeyd etdiyimiz kimi, bu şəhidlərin xatirəsindən bacardığınız qədər bəhrələnin, onlar haqda bacardığınız qədər yazın, müsahibələr götürün, tapdığınız məlumatları qeydə alın, sənət nümunələri yaradın. Onlar haqda danışarkən nələrisə şişirtməyə, mübaliğəyə yol verməyə də heç bir lüzum yoxdur. Bəzən kimlərinsə faktları şişirtdiyini görürəm; lazım deyil. Onların gördüyü işin özü o qədər böyük, o qədər əzəmətlidir ki, nəyisə bəzəyib-düzəməyə, mübaliğəyə əsla ehtiyac yoxdur. Onların atdığı addım çox önəmlidir. Kim öz canından keçər? Biz adi insanlar mənafeyimizə uyğun olan xırda bir şey üçün bəzən hətta günah etməyə də hazır oluruq, bunlar isə Allah yolunda insan üçün ən əziz olan bir şeydən – ömürlərindən, canlarından keçiblər; gənc yaşında, insanın arzularının, həvəslərinin güclü olduğu bir dövrdə bütün arzularını, fiziki rahatlıq və təhlükəsizliklərini tapdalayaraq Allahın yolunda irəli gediblər və canlarını fəda ediblər. Onların bu hərəkəti özü o qədər əzəmətli, o qədər möhtəşəmdir ki, şişirtməyə, mübaliğəyə əsla ehtiyac yoxdur. İnşallah, bu işi eyni diqqət və möhkəmliklə davam etdirin. Allah xeyrinizi versin və yardımçınız olsun.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
________________
(1) Birgə görüşlər şərçivəsində keçirilən bu görüşün əvvəlində Qəzvinin imam-cüməsi Höccətül-İslam vəl-muslimin Əbdülkərim Abidini çıxış etmişdir
(2) Görüşdə Cənubi Xoracan ostanının şəhidlərini anım konfransının idarə heyətinin üzvləri də iştirak etmişlər