Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Qlobal İmperializmə Qarşı Mübarizə günü münasibətilə şagird və tələbələrlə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar, əziz bacılar, əziz gənclər, mənim əziz balalarım! Çox xoş gəlmisiniz! Allah-taala hamınızın yolunu uğurlu etsin, pak və nurlu qəlblərinizi öz lütf və hidayəti ilə daim haqq yolunda, “sirati-müstəqim”də saxlasın, inşallah. (1) 

Bu il Ərbəin günləri 13 aban ərəfəsinə təsadüf edir. Ərbəin barədə bir cümlə deyim; əvvəla, özündə mənəvi güc tapıb bu il də eşq, həvəs və ixlasla bu səfərə gedən, bu yolu qət edən insanları təbrik edirəm; böyük bir mənəvi uğurdur; xoş halınıza! İnşallah ki, bu feyz bu yolun aşiqi olan, bu yola can atan hər kəsə nəsib olar. İkincisi isə İraq xalqına, İraq əhalisinə, İraq dövlətinə, İraq rəsmilərinə və siyasətçilərinə də yardımlarına, bu hərəkatı özlərinin əhalisi və digər ölkələrdən (xüsusilə də bizim ölkəmizdən; səhv etmirəmsə, 2 milyondan artıq insan gedib) gələn insanlar üçün asanlaşdırdıqlarına görə səmimi təşəkkürümü bildirirəm; həqiqətən də, çox çalışdılar. Qonaqpərvərlik göstərən, evinin qapılarını zəvvarlara açan, onları sevgi ilə qəbul edən hər kəsə – əziz iraqlı qardaşlarımın hamısına təşəkkür edirəm. Böyük bir iş gördülər. 

Ərbəin vəsfəgəlməz, olduqca misilsiz bir fenomendir. Bu fövqəladə hərəkat əzəmətli və heyrətamiz bir təlimdir və bu günlərdə dəfələrlə qeyd olunduğu kimi, dünyada analoqu yoxdur. Bu hərəkatı, onun necə baş tutduğunu qərblilər də dərk edə bilmirlər. Elə buna görə də, özünüzün də gördüyünüz kimi, təbliğat maşınları ilk bir neçə ildə susdu; halbuki bunlar dünyada baş verən ən xırda hərəkatı belə, əks etdirirlər; bir neçə il ümumiyyətlə bu möhtəşəm xalq hərəkatının adını tutmadılar, qətiyyən qeyd etmədilər, heç bir görüntü yayımlamadılar. Yalnız bu il bu mövzuya bir qədər toxundular ki, o da düşmən niyyətli, yanlış təhlillərlə müşayiət olundu və bu yola etiqadı olan möminlər tərəfindən ağılsız, mənasız təhlillər kimi qarşılandı. Misal üçün, o ingilis radiokanalı və bu qəbildən olan digər media orqanları düşmənçi təhlillər yayımladılar. Bu onu göstərir ki, ətrafa feyz saçan bu bulağın qaynayıb daşması onları çox bərk çaş-baş salıb, onu analiz edə bilmirlər. Gah dedilər ki, bunda hökumətin əli var! 10 milyon, 15 milyon insanı – kişili, qadınlı, qocalı, uşaqlı – yollara salmağa, bir şəhərdən o birinə ən azı 80 kilometr yolu piyada çəkib aparmağa hansı dövlət qadirdir? Bunu hansı dövlət edə bilər? Tutalım, lap absurd ehtimalla, İran İslam Respublikası və İraq hökuməti bunu edə biliblərsə də, bunun özü dövlət səviyyəsində yaradılmış bir möcüzədir. Lap yaxşı, bacarırsınızsa, siz də edin! Yolunu bilirsinizsə, siz də belə bir işə başlayın. Xeyr! Eşqdən, imandan, aliməqam şəhidlərin qanının coşğusundan başqa heç bir amil belə bir hərəkatı ərsəyə gətirməyə qadir deyil! Böyük bir iş görülüb; günbəgün də daha yaxşı, daha güclü, daha püxtələşmiş, daha oturuşmuş bir vəziyyət alır, hər il əvvəlki ildən daha yüksək səviyyədə keçir. İnşallah, bundan sonra da davam edəcək. Qərblilər isə kənardan bu hərəkatı seyr etməyə məcburdurlar, onu heç cür təhlil edə, dərk edə bilməyəcək, üstəlik onun zərbəsini də alacaqlar. 

Bugünkü görüşümüz isə sabahkı tarixlə – yəni 13 abanla əlaqədardır. Bildiyiniz kimi, 13 aban günü 3 hadisə baş verib və üçü də Amerika ilə bu və ya digər şəkildə əlaqəlidir. Birinci hadisə İmam Xomeyninin kapitulyasiya – yəni Amerika attaşelərinin İranda toxunulmazlıq statusu alması ilə əlaqədar olaraq ölkədən sürgün edilməsi idi. 1343-cü ildə İmam o odlu-alovlu nitqini söylədi və ardından sürgün olundu. Amerika ilə əlaqəli birinci hadisə budur. 

İkinci hadisə 1357-ci ildə şagirdlərin universitetin önündə – burada, paytaxt Tehranda qətlə yetirilməsidir; bu da birbaşa Amerika əsgərlərinin əli ilə olmasa da, ABŞ-ın əlaltısı olan rejimin – tağut Pəhləvi rejiminin əli ilə törədilmiş bir hadisə idi. Deməli, bu hadisə də bu və ya digər şəkildə Amerika ilə əlaqəlidir; yəni amerikalılar və onların əlaltıları öz şeytani məqsədlərinə nail olmaq üçün bu cür cinayətlərə də hazırdırlar. Gördüyünüz kimi, hazırda dünyada da bu tip hadisələr baş verməkdədir; Yəmən və Bəhreyndə, habelə dünyanın bir çox digər regionlarında baş verən məsələlər bu həqiqətin göstəricisidir. Burada da bu işi görüblər, şagirdləri, yeniyetmələri gülləbaran edərək qanına qəltan ediblər. Bu da ikinci hadisə. 

Üçüncü hadisə səfirlik olayıdır – casus yuvası olan ABŞ səfirliyində baş vermiş olay; bu, İranın Amerikaya qarşılıq olaraq vurduğu sillə idi; yəni inqilab İran xalqına bu gücü verdi ki, hərəkətlərinin, hücumlarının qarşısında Amerikaya belə bir sillə vurub onu alçaltsın.

Bu 3 hadisəyə birgə nəzər saldıqda İranla Amerika arasında bir qarşıdurmanın mövcud olduğunu görürük; bu qarşıdurma bu günə qədər də davam edir. Müsəlman İranı ilə Amerika arasında 40 ildir ki, bu qarşıdurma gedir və bu 40 ildə düşmən tərəfdən cürbəcür manevrlər baş verib. Əlbəttə ki, siz o hadisələrin çoxunun şahidi olmamısınız, o vaxt siz heç dünyaya gəlməmişdiniz, amma bu barədə eşitmisiniz və ya oxumusunuz. Mən yalnız adlarını qeyd edəcəyəm; misal üçün, hərbi hücum; bu müddətdə Amerika tərəfindən bizə qarşı müxtəlif formalarda hərbi hücumlar edilib, hamısından pisi isə Səddam Hüseyni İranla müharibəyə təhrik etmələri idi. Onu təhrik etdilər, söz verdilər, kömək vəd etdilər; kömək etdilər də; ölkəmizi 8 il müharibənin əzab-əziyyəti ilə üz-üzə qoydular; məsələn, bu, bir nümunə. Əlbəttə, cavablarını da aldılar, məğlub olub geri oturdular. Və ya misal üçün, sərnişin təyyarəsinə edilən hücum, Tibsə edilən hücum, ölkəmizin neft platformalarına edilən hücum; bütün bunlar Amerikanın bizim əleyhimizə gördüyü işlər idi.

Bu 40 illik qarşıdurmada həmişə iqtisadi savaş da olub; təkcə bu günə aid deyil. Hazırkı Amerika administrasiyası öz xalqını və ya əslində, elə özünü aldadıb demək istəyir ki, guya yeni bir iş görür. Amma yox, bu, yeni bir iş deyil, 40 ildir ki, bizə qarşı müxtəlif formalarda iqtisadi sanksiyalar tətbiq edirlər. İndi bir gün neft olur, bir gün hansısa sazişlər olur, bir gün ticarət olur, bir gün investisiya olur; cürbəcür, növbənöv sanksiyalar tətbiq ediblər. Bu da iqtisadi savaş və iqtisadi qarşıdurma. Media savaşı da olub. İnqilabın əvvəlindən bu günə qədər Amerika bizə qarşı media-təbliğat savaşı aparıb; yəni yalan məlumatlar yayıblar, ictimai fikri azdırmağa, fitnə-fəsad törətməyə, ayrı-ayrı şəxsləri təhrik etməyə cəhd göstəriblər. Bu da təkcə indiki dövrə aid deyil. Əlbəttə ki, hazırda yeni metodlar, internet, virtual məkan və sair bu kimi yeni vasitələr də gəlib, amma bütün bunlar olmadığı dövrdə də televiziya, radio və peyk vasitəsilə daim bu işlərlə məşğul idilər. Yəni bizimlə Amerika arasında bu qarşıdurma 40 ildir ki, var.

Burada bəzən bəzi insanların gözündən qaçan mühüm bir həqiqət var; o qədər açıq-aydındır ki, gizli qalır. Həmin parlaq həqiqət bundan ibarətdir ki, bu 40 illik qarşıdurmada həmişə məğlub tərəf Amerika, qalib tərəf isə İran İslam Respublikası olub; bu, çox önəmli bi həqiqətdir. Amerikanın məğlub olduğunun sübutu nədir? Sübutu budur ki, hücuma o başlayıb, fitnəkarlığı o edib, sanksiyaları o qoyub, hərbi hücumu edən, əslində, o olub, amma öz məqsədlərinə çatmayıb. Amerikanın məğlubiyyətinin sübutu budur. Bütün bunları etməkdə Amerikanın məqsədi isə tağut dövründə bu ölkədə malik olduğu hökmranlığı yenidən əldə etməkdir. O hökmranlığa, o ağalığa İslam İnqilabı ilə son qoyulub, əlləri bu ölkədən kəsilib. Zorla başlatdığı o müharibənin, o sanksiyaların, siyasi, iqtisadi və sair bu kimi təzyiqlərin hədəfi əvvəlki ağalığını geri qaytarmaq olub, amma bunu bacarmayıb. 40 ildir gücənir, amma heç nə edə bilməyib. Baxın: bu gün verdiyi qərarlarda və atdığı addımlarda Amerikanın zərrə qədər də olsun rolu olmayan ölkə İran İslam Respublikasıdır. Bu, Amerikanın məğlubiyyətidir! Bundan da açıq məğlubiyyət olmaz ki! İslam Respublikasını hərbi əməliyyatlara təhik etməkdə məqsədi onu Səddamla müharibədə məğlub edib nüfuzdan salmaq və “İslam Respublikası hökuməti, İslam Respublikası quruluşu İranın müharibədə məğlub olmasına səbəb oldu” demək idi; amma əksinə oldu. Son 200 ildə İran hansı ölkə ilə döyüşübsə, məğlub olub, o 8 illik savaş isə ilk və yeganə savaşdır ki, İran bu savaşda məğlub olmayıb, qarşı tərəfi məğlub edib, ölkəmizin torpağının bir qarışı da yadların əlinə keçməyib; bu, birinci belə müharibədir. Amerikalıların istədiyinin tam əksi oldu.

Sanksiyalarda məqsədləri ölkəni iflic edib geri salmaqdır. Sanksiyaları onun üçün tətbiq ediblər ki, bəlkə, iqtisadiyyatımızı, ölkəmizi iflic edib geri sala bilələr. Amma nəticəsi nə olub? Nəticə bu olub ki, ölkəmiz özünütəminetməyə doğru sürətlə irəliləməyə başlayıb. Biz adət etmişdik; İran xalqı uzun illər boyu hər şeyi xaricdən idxal etməyə adət etmişdi. Sanksiyaların “bərəkəti” sayəsində isə bu gün biz artıq hər bir şeyin istehsalına əvvəlcə özümüz cəhd göstərməyə adət etmişik. Bir qədər sonra mən bu mövzuya bir daha qayıdacağam. Bu gün gözəl ideyalara malik gəncləri özündə birləşdirən yüzlərlə komanda – istər universitet tələbələri olsun, istər orta məktəb şagirdləri olsun – ölkədə mühüm işlərlə məşğuldur. Dediyim kimi, bir azdan onların gördüyü bəzi işlərə toxunacağam. Bunlar hamısı sanksiyaların təsiri ilə olub. Bizə qarşı sanksiyalar tətbiq olunduğuna görə biz hər bir ehtiyacımızı özümüz aradan qaldırmaq barədə fikirləşdik. Deməli, sanksiyalar da bizim xeyrimizə oldu, yəni Amerika bu siyasətində də məğlubiyyətə uğradı. Baxın, bunlar Amerika tərəfinin ardıcıl məğlubiyyətləridir.

Əziz gənclər! Bu ölkənin gələcəyi sizin əlinizdə olduğuna görə istərdim, bu məqamlara diqqət yetirəsiniz. İndi gəlin Amerika – İran qarşıdurması mövzusunu hələlik bir kənara qoyub, Amerikanın vəziyyətinə ümumi bir nəzər salaq. Bu zaman görürük ki, Amerikanın beynəlxalq aləmdəki güc və iqtidarı, ehtişamı tənəzzül etməkdə, yox olub getməkdədir; illər keçdikcə azalır. Bugünkü Amerika 40 il bundan əvvəl İslam İnqilabı qələbə çaldığı zaman olan Amerikadan qat-qat zəifdir. Amerikanın qüdrəti tənəzzül etmək üzrədir. Bu, mühüm bir məqamdır.

Dünyanın mötəbər siyasətçi və politoloqları bu fikirdədirlər ki, Amerikanın ideoloji gücü artıq tükənib, yox olub gedir. İdeoloji güc nədir? İdeoloji güc odur ki, hər hansı bir dövlət öz istəyini, öz rəyini, öz əqidəsini ətrafındakılara qəbul etdirməyi, irəli sürdüyü fikirlərlə onları qane etməyi bacarır. Hazırda Amerikanın bu güc və qabiliyyəti tamamilə zəifləyərək sıradan çıxmaqdadır; müxtəlif sferalarda. Obama administrasiyası dövründə də belə idi, hazırkı ABŞ prezidentinin isə açıq-aşkar əleyhinə çıxırlar. Onun müxtəlif sferalarda verdiyi qərarların əksəriyyəti dünyada etirazla qarşılanır. Özü də etiraz edən təkcə xalqlar deyil – belə ki müxtəlif ölkələrin əhalisi arasında sorğu aparılsa, insanlar mənfi rəy bildirəcəklər – hətta Amerika ilə formal münasibətləri olan dövlətlər belə, ona müxalifdir. Çin müxalifdir, Avropa müxalifdir, Rusiya müxalifdir, Hindistan müxalifdir, Afrika müxalifdir, Latın Amerikası müxalifdir. Amerikanın ideoloji gücü süqut etməkdə, itib getməkdədir. Bunu mən demirəm, bu gün bu fikri dünyanın nüfuzlu sosioloqları da səsləndirir. Özü də süqut edən təkcə Amerikanın özünün mənəvi-ideoloji gücü deyil; bunlar Qərb sivilizasiyasının əsasını təşkil edən liberal-demokratiyanı da nüfuzdan salıblar, salmaqdadırlar. Bir neçə il əvvəl dünyanın tanınmış sosioloqlarından biri demişdi ki, Amerikanın hazırkı vəziyyəti bəşəriyyətin tarixi təkamülünün son nöqtəsidir və insanlıq artıq bundan irəli gedə bilməz. Həmin adam bu gün sözünü geri götürüb, “Yox, belə deyil”, – deyir, başqa şeylər arzulayır. İndi ola bilsin ki, açıq-aşkar deməyib, mən yanılıram, amma başqa cür danışır, o vaxt dediklərinin tam əksini deyir. Bəli, Amerikanın vəziyyəti budur.

Əlbəttə ki, liberal-demokratiya – mən bunu əvvəllər də dəfələrlə qeyd etmişəm – onu öz hökumətinin, ictimai quruluşunun əsası olaraq seçmiş Qərb xalqlarının özlərini də bədbəxt edib. Bu gün Qərbdə rəvac tapmış liberal-demokratiya onların özünü çıxılmaz vəziyyətə salıb. Sosial problemlər, ictimai ədalətin olmamağı, ailə institutunun məhv olması, genişmiqyaslı, kütləvi əxlaqsızlıq, ifrat fərdiyyətçilik və sair. Onlar özləri çarəsiz vəziyyətə qalıblar. Hazırda hakimiyyətdə olan o cənabın – Amerikanın o əcaib-qəraib prezidentinin də ki, bunların heç biri vecinə də deyil; o bu davranışları ilə, əslində, Amerikanın da, liberal-demokratiyanın da olan-qalan nüfuzunu məhv etdi. Amerikanın ideoloji gücü barədə bu qədər.

Mən deyərdim ki, Amerikanın maddi gücü də kəskin zərbə alıb. Maddi güc dedikdə hərbi və iqtisadi güc başa düşülür; maddi güc bunlardır. Düzdür, hərbi texnikaları var, amma Amerikanın hərbi kadr potensialı kəskin ruh düşkünlüyü yaşayır, çaşqın, başını itirmiş bir vəziyyətdə, tərəddüd içərisindədir. Ona görə ki onlar iştirak etdikləri ölkələrin çoxunda öz məqsədlərini yürütmək üçün “Black water” və digər bu kimi cinayətkar hərbi təşkilatlardan istifadə edirlər; yəni Amerika əsgəri Amerikanın o hədəflərini həyata keçirməyə qadir deyil. Onların insan potensialı bu vəziyyətdədir.

İqtisadiyyatları da eynilə; bu gün Amerikanın 15 trilyon dollar borcu var; fantastik bir rəqəmdir; 15 trilyon dollar dövlət borcu! Elə bu cari ildə Amerikanın büdcə kəsiri 800 milyard dollara yaxındır; yəni bunlar, əslində, iqtisadiyyatın geriliyinin göstəriciləridir. Düzdür, zahiri parıltılarla, şüarlarla, cürbəcür sözlərlə, gözdən pərdə asmaqla bu şeyləri ört-basdır edirlər, amma bunlar Amerikanın reallıqlarıdır. Amerikanın maddi gücü budur. Odur ki Amerika süquta doğru getməkdədir; qoy bunu hamı bilsin. Amerikaya arxalanıb bu regionda Fələstin problemini tamamilə unutmağa hazır olanlar da bilsinlər ki, Amerika süquta doğru getməkdədir. Var olan, yaşayan isə region xalqlarıdır, bu regionda mövcud olan həqiqətlərdir. Amerika nəinki burda, hətta öz regionunda belə, süqut etməkdədir!

Amerikanın məğlubiyyətinin təzahürlərindən biri budur ki, o, xalqımızın istiqlaliyyət ruhuna və bizim gənclərimizə təsir göstərə bilməyib. Baxın, bu gün ölkəmizin dörd bir yanında bizim əziz gənc və yeniyetmələrimizin qəlbi istiqlal eşqi, müstəqillik həvəsi ilə döyünür. Bəziləri heç dini ideologiyaya bir o qədər bağlı da deyillər, amma onlarda da yadların ağalığına qarşı müqavimət hissi güclüdür. Bu onu göstərir ki, Amerika bir bu qədər təbliğatına, göstərdiyi bütün bu səylərə, dünyada qurduğu bu media-informasiya imperatorluğuna rəğmən, bizim ölkəmizdəki gənc nəslə təsir göstərə bilməyib; onların müqavimət ruhiyyəsini, istiqlal eşqini zəiflədib yox etməyi bacarmayıb. Mən ciddiyyətlə deyirəm – çünki bunu açıq-aşkar müşahidə edirəm – ki, bu gün bizim gənclərimiz müqavimət ruhu baxımından inqilabın ilk nəslinin gənclərindən üstün olmasalar belə, heç onlardan geri də qalmırlar. Bu gün bunu tam dəqiqliklə müşahidə etmək olur. Özü də bu təkcə bizim gənclərimizə də aid deyil; bizdə olan məlumata görə, bu ruhiyyə tədricən digər ölkələrin gəncləri arasında da geniş yayılır; xüsusilə də bizə qonşu olan ölkələrdə. Bizə yaxın və qonşu olan ölkələrdəki mömin və dəyərli gənclərin çıxışlarını, mesajlarını eşidəndə, davranışlarını, atdıqları addımları görəndə hiss edirsən ki, onlarda istiqlal ruhu güclüdür. Əlbəttə, düşmən – amerikalılar bu şeylərin bir qismini bizdən bilir, bunların İran gənclərinin hərəkatından qaynaqlandığını deyir. Hətta bizi hədələyirlər də; bizi hədələyirlər ki, “nəyə görə filan ölkənin gəncləri bizim qüvvələrimizə hücum edib?” Bu, həqiqətən, əcaib bir sözdür! Bizə ultimatum verirlər ki, “sizin qonşuluğunuzdakı filan ölkənin gəncləri bizim qüvvələrimizə və ya tərəfdarımız olan şəxslərə hücum etsələr, sizi günahkar biləcəyik!” Siz qələt edib bizi günahkar biləcəksiniz! İraq xalqı sizə nifrət edir, İraq gəncləri sizə nifrət edir, Suriya gəncləri sizə nifrət edir, Livan gəncləri sizə nifrət edir, bu tərəfdə – şərqdə Əfqanıstan gəncləri siz amerikalılara nifrət edir, Pakistan gəncləri siz amerikalılara nifrət edir, bunun bizimlə nə əlaqəsi var? Sizə nifrət edirlər, ola bilsin, sizə qarşı hansısa addımı da atacaqlar. Bəli, bu bir reallıqdır, amerikalılar bunu nəyə görə dərk etmirlər? Xalqların onlara nifrət etdiyini nəyə görə anlamır, dərk etmirlər? Bu ölkələrə pislik etmisiniz, çirkin əməllər törətmisiniz, ağalıq etmək istəmisiniz, bu camaatı alçaltmısınız, ona görə də sizə nifrət edirlər! İraq xalqının sizə nifrət etməyə haqqı var, Suriya xalqının sizə nifrət etməyə haqqı var; başqa ölkələr də eynilə. Amerika süqut etməkdədir; qoy hamı bunu bilsin! Amerika ilə sazişçiliyə meyilli olanlar mənasız və əsassız planlar qururlar; Amerika tənəzzül etməkdədir. Özü də Amerikanı tənəzzülə aparan amillər bu günə, yaxud dünənə aid deyil ki, kimsə gəlib bu vəziyyətə əlac edə. Bu amillərin tarixi kökləri var. Amerikanın bugünkü vəziyyətinə yol açmış amillərin keçmişi uzundur. Həmin amillər tarix boyunca elə bir vəziyyət yaradıb ki, nəticəsi bu gün gördüyümüz kimidir və bu asanlıqla çarəsi tapılan da deyil. Bu, Allahın müəyyən etdiyi bir qaydadır, bunlar süquta, tənəzzül edib dünya güclərinin səhnəsindən yox olub getməyə məhkumdurlar. 

Amerikaya tam əks nöqtədə isə İran İslam Respublikası durur. Əlbəttə, mən mübaliğəli danışmaq, özümüzü şişirtmək istəmirəm. Biz sıfırdan başlamışıq və mən heç də iddia etmirəm ki, başqalarının 100-150 ilə, bəlkə bundan da artıq vaxta getdiyi yolu biz 40 ilə gedə bilmişik. Lakin mənim iddiam budur ki, biz bu 40 ildə ardıcıl olaraq irəli getmişik, inkişaf etmişik, daim daha da güclənmişik. İslam Respublikasının 40 illik fəaliyyəti bunu açıq-aydın sübut edir. Biz ölkəmizdə siyasət və sənaye sferalarında ciddi bir müstəqillik hərəkatının həyata keçirildiyini görürük. Bayaq mən “yüzlərlə gənc kollektiv” ifadəsini işlətdim; bu bir reallıqdır. Mən onların bəzilərini yaxından, bəzilərini isə qiyabi olaraq tanıyıram; ciddi, fəal, istedadlı, təşəbbüskar gənclərdir, müxtəlif sferalarda əzmlə işləyir, səy göstərirlər; nəzəri sferada, praktikada, elm sahəsində, texnologiya sahəsində. Müdir, rəis, yaxud nazir olmaq barədə düşünmürlər; işləyirlər;bu gün belədir. Bu, hazırda bizim ölkəmizdə mövcud olan bərəkətli bir təzahürdür və bu davam edəcək.

Əziz gənclər, mən sizə bir neçə tapşırıq vermək istəyirəm. Bunlar ölkənin gələcəyi üçün lazım olan şeylərdir. Birinci tapşırığım: Amerika ilə olan düşmənçiliyimizi yaddan çıxarmayın. Düşmənin yalançı və rüsvayedici gülüşünə aldanmayın. Hərdən deyirlər ki, “Bizim İran xalqı ilə heç bir problemimiz yoxdur, bizim problemimiz İslam Respublikası ilədir”. Yalan deyirlər! Bu xalqa arxalanmasa, İslam Respublikası heç kimdir! Məhz xalqa düşməndirlər; 40 il boyunca öz işitrakını, gücünü, iradəsini əldən verməmiş bu xalqla düşmənçilik edirlər. Sanksiyalar xalqa qarşıdır. Amerikanın düşmənçiliyini yaddan çıxarmayın. Amerika inqilabdan əvvəl də İran xalqı ilə düşmənçilik edirdi, intəhası o vaxt işlərin başında öz adamları dururdu; istədiyini edirdi; ürəyi istəyən kimi hərəkət edirdi, uğursuz və asılı Pəhləvi diktaturası da ona sözsüz boyun əyirdi. İslam Respublikası isə qarşılarında möhkəm durduğuna görə onunla açıq-aşkar düşmənçilik edirlər; özü də bu düşmənçiliyi müxtəlif aspektlərdən yürüdürlər. O yalanlarına fikir verməyin.

Yaxşı, bəs bu düşmənçilik nə vaxta qədər davam edəcək? Belə bir sual yarana bilər: Amerika ilə olan bu düşmənçilik nə vaxta qədər sürəcək? Cavabı budur: Amerika öz hegemonluğunu bir kənara qoyana qədər. Hegemonluğunu bir kənara qoysa, başqa ölkələr kimi, onunla da əməkdaşlıq etmək, əlaqələr qurmaq olar. Əlbəttə, belə bir şeyin olması çox uzaq ehtimaldır. Hegemonluq, başqalarının üzərində ağalıq etmək imperializmin zatındadır; bayaq əziz qardaşlarımızdan biri də burada qeyd etdi. Bəli, madam ki belədir, düşmənçilik də var və olacaq. Bunu bir kənara qoysa, düşmənçilik, soyuqluq, kin-küdurət və sair də tamamilə aradan götürüləcək; amma bu olası bir şey deyil.

İkinci tövsiyəm: qolugüclü düşmənin qarşısında müqavimət ideologiyasını təbliğ edərək yayın. Bəziləri elə bilməsinlər ki, düşmənin bombası, raketi, media-təbliğat orqanları və sairi olduğuna görə biz geri çəkilməliyik; xeyr, müqavimət ideologiyası düzgün və əsaslı bir ideologiyadır; nəzəri baxımdan da, praktik baxımdan da. Bu ideologiya hər iki aspektdən – həm nəzəri, həm də praktik aspektdən təbliğ olunmalıdır. Nəzəri aspekt odur ki, mövzunu insanlara açıqlamalı, izah etməlisiniz. Siz gənclər müqavimət nəzəriyyəsini çox yaxşı təbliğ edə bilərsiniz; həm öz aranızda, həm olduğunuz mühitdə, həm də hətta başqa ölkələrlə, onların gəncləri ilə əlaqələr qurarkən. Müqavimət ieologiyasını – başqa xalqların üzərində ağalıq, hegemonluq niyyətində olan imperializmin hədəfə aldığı bu ideologiyanı insanlara açıqlayın, qoy hamı bilsin ki, imperializmin hədəfi budur.

Əməli cəhətə gəldikdə isə biz müqaviməti gənclərin haqqı hesab edirik. İraq, Suriya, Livan gəncləri, Şimali Afrika regionunun gəncləri, Cənubi Asiya ölkələrinin və ətraf bölgələrin gəncləri Amerikaya qarşı duran, müqavimət göstərən bir kütlədir; haqlarıdır, biz bunu onların haqqı hesab edirik. Bu tendensiyaları gücləndirmək müqavimət ideologiyasını gücləndirmək deməkdir. 

Üçüncü məqam: siz gənclər ölkənin inkişafı məsələsinə qarşı özünüzdə məsuliyyət hiss etməlisiniz. “İnkişaf proqramı” konkret dövlət proqramıdır, hərtərəfli düşünülmüş, ölçülüb-biçilmiş bir proqramdır. Gördüyünüz kimi, qarşıdakı 50 ildə ölkəmizin müxtəlif cəhətlərdən inkişafı üçün ülgü rolunu oynaya biləcək “İnkişafın İran-İslam modeli” də müəyyən olunub, ictimaiyyət üçün açıqlanıb, hazırlanıb, daha da geniş işlənib təkmilləşdirilməsi üçün mütəxəssislərə təqdim olunub. Mən istərdim ki, siz də özünüzü bu geniş və çoxaspektli planın fəal icraçılarından biləsiniz və özünüzü buna hazırlayasınız. Bu hazırlıq isə bir gün dərs oxumaqla olur, bir gün araşdırma aparmaqla olur, bir gün qurub-yaratmaqla olur, bir gün işləmək, təşəbbüs göstərməklə olur, bir gün düzgün siyasi mövqe seçməklə olur, bir gün siyasət meydanında iştirak etməklə olur. Həyatınızın hər günündə, hər mərhələsində bunlardan biri tələb olunacaq. Bütün hallarda ölkənin inkişafı qarşısında özünüzdə məsuliyyət hiss etməyi, payınıza düşən rolu layiqincə ifa etməyi öz mühüm vəzifəniz bilin. 

Ölkənin iqtisadi problemləri və gələcəyi ilə bağlı görməli olduğumuz mühüm işlərdən biri də ölkəmizin iqtisadiyyatının neftdən olan asılılığına son qoymaqdır. Bunu ölkənin bütün yüksək səviyyəli iqtisadçı ekspertləri indi yox, bəlkə illərlə dönə-dönə deyiblər, təkrarlayıblar; və bu bir reallıqdır. Biz də rəsmilərə həmişə demişik ki, mümkün olduğu qədər iqtisadiyyatımızı xam neftin satışından uzaqlaşdırmağa çalışsınlar. Xam nefti satmaqla biz əslində sərvətimizi, ehtiyatımızı – özü də yenilənməsi mümkün olmayan, tükənən bir ehtiyatımızı yerin altında çıxarıb satır, əvəzinə pul alıb onu ölkənin idarə olunmasına xərcləyirik. Bu, yanlışdır! Bu sərmayəni elə işlətmək, elə istifadə etmək lazımdır ki, əlavə dəyər qazansın. Biz neftdən optimal şəkildə istifadə etməliyik. İqtisadiyyatımızın mühüm problemlərindən biri neftdən asılılıqdır. Qoy bizim mömin gənclərimiz, düşünən, işləməyə hazır olan insanlarımız oturub fikirləşsinlər, ölkəni bu asılılıqdan qurtarmağın yollarını tapsınlar. Əlbəttə, bu işin siyasətləri işlənib hazırlanıb, layihə halına gətirilib; bizim ümumi siyasətlər çərçivəsində təşkil etdiyimiz və ictimaiyyətə də haqqında məlumat verdiyimiz o Milli İnkişaf Fondu da elə neftdən asılılıqdan qurtara bilməyimiz üçündür.

Onu da qeyd edim ki, biz tərəqqi modelini Qərbdən götürmürük. Əvvəla, biz bu hərəkatı qərblilər kimi “inkişaf hərəkatı” yox, tərəqqi, irəliləyiş hərəkatı adlandırırıq. Biz ölkənin tərəqqi modelini qərblilərdən götürmürük. Qərblilər özləri bu model və bu metod ucbatından özlərini bədbəxt ediblər, başlarına saysız-hesabsız problemlər açıblar. Zahirdə parıltıları var, amma içləri, mahiyyətləri çürükdür, pozulub məhv olmaq üzrədir; biz öz inkişafımız üçün onları örnək götürmürük. Əlbəttə ki, müasir elmi biliklərdən və texnologiyalardan maksimum dərəcədə istifadə edir, tərəqqini həm xalqın səadət və xoşbəxtliyi, həm başıucalığı, həm ölkənin təhlükəsizliyi üçün əsas amil hesab edir və ölkənin inkişafı üçün çalışırıq. Elə buna görə də bizim əziz gənclərimiz bütün bu sferalarda özlərində vəzifə və məsuliyyət hiss etməlidirlər.

Ölkənin əsas sizin yüksək əzminizə ehtiyacı var. Siz gənclər əzm, təpər nümayiş etdirməli, əzmkar olmalı, çalışmalı, işləməli, qorxunu, tənbəlliyi bir kənara qoymalı, təşəbbüskarlığı işinizin, fəaliyyətinizn sərlövhəsinə çevirməli, novatorluğu öz böyük vəzifəniz bilməlisiniz; əlbəttə ki, milli qeyrətlə, milli təəssübkeşliklə. Bunlar ölkəmiz, gənclərimiz üçün lazımlı olan şeylərdir; bütün sferalarda; gənclərimiz fəal, dinamik və yüksək ruhlu bir məcmu olmalıdır.

Bunlar mənim gənclərimizə olan tövsiyələrim idi, lakin bu tövsiyələr rəsmilərimizə də aiddir. Rəsmilər də mənim bu sözlərimə ciddi yanaşsınlar, gənclərə ciddi yanaşsınlar, bu günün stimullu, motivasiyalı gənc nəslinə sözün həqiqi mənasında dəstək olsunlar, kömək etsinlər. Mənim müşahidələrimə görə, bəzi hallarda bir qrup gənc əl-ələ verib çox yaxşı, təqdirəlayiq, problemlərin çözümünə yol aça biləcək bir iş görür, amma aidiyyətli rəsmi qurumlar onlara kömək etmir! Bizim işimizin nöqsanlı cəhətlərindən biri də budur. Rəsmilər gənclərə, onların gördüyü işlərə ciddi yanaşsınlar, onlara qayğı və diqqət göstərsinlər.

Son olaraqsa bunları demək istəyirəm: əziz gənclər, qeyd etdiyim kimi, bilin ki, bu ölkənin, İran İslam dövlətinin gələcəyi keçmişindən qat-qat yaxşı və parlaq olacaq. Bilin, əgər bu xalq bu gün sizdə var olan və nümayiş etdirdiyiniz bu ruhiyyə ilə irəli getsə, şübhəsiz, yaxın gələcəkdə beynəlxalq arenada elə bir zirvəyə yetişəcək ki, həmişə üstünlüyü özündə saxlamağı, öz məqsədlərini yürütməyi bacaracaq. Bu, mütləq, danılmaz bir şeydir, buna əsla şübhə ola bilməz və siz əziz gənclər, inşallah ki, o günü görəcək, İslamın və İslam İnqilabının bərəkəti ilə ərsəyə gələcək o möhtəşəm tərəqqi və irəliləyişin öz gözlərinizlə şahidi olacaqsınız.

Allaha dua edirik ki, bu yolu bizim üzümüzə açmış, ölkədə belə rahat, asayiş dolu atmosferin yaranması üçün canından keçmiş şəhidlərimizin pak ruhlarını məhşərə İslamın ilk şəhidlərinin və Kərbəla şəhidlərinin ruhları ilə birgə gətirsin; İmam Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!), dahi liderimiz İmam Xomeyninin və əziz şəhidlərimizin pak ruhlarını bizim hamımızdan razı salsın, inşallah; bizi öz vəzifələrimizdən xəbərdar etsin və onları yerinə yetirməkdə hamımıza mənəvi dəstək olsun, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________

 (1) Görüşün əvvəlində şagird və tələbə kollektivlərinin nümayəndələri qismində Məhəmmədsabir Bağxani və Murtəza Əzizi çıxış etmişlər.