Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Xomeyni (r.ə) adına hüseyniyədə gənc alimlərlə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین

Gənc alimlərlə keçirilən görüşlər,(1) doğrudan da, insanda sevinc və ümid hisləri yaradır. Əlbəttə ki, sizi üz-üzə, göz-gözə görməsəm belə, bu sevinc hissi məndə həmişə var, çünki bilirəm, sizin varlığınızdan, fəaliyyətinizdən, ölkədə istedadlı elm adamlarının yetişdirilməsi məqsədilə start verilmiş möhtəşəm hərəkatdan xəbərim var. Amma əlbəttə ki, sizinlə görüşmək bizi daha çox sevindirir. Bu gün bura gəldiyiniz üçün hamınıza çox təşəkkür edirəm və bugünkü görüşü bizə nəsib etdiyinə görə Allaha da şükürlər edirəm. Dediyim kimi, bu görüşlər insanda böyük ümid də yaradır. Ümid cəhətdən mən həmişə beləyəm; heç vaxt ümidsiz olmamışam, olmuram və inşallah, olmayacağam da, amma sizi yaxından görəndə, bu gün burada səslənən çıxışlarda olduğu kimi gözəl fikirlərinizi eşidəndə, təbii ki, adamın ümidi daha da çoxalır.

Mən burada bir neçə məqamı qeyd etmişəm ki, söhbətimdə onlara toxunum: birincisi, elm adamları mövzusudur, ikincisi, universitetlər mövzusudur və əgər vaxtımız qalsa, ölkədəki ümumi vəziyyətlə də bağlı söhbət edəcəyəm. Bəri başdan deyim ki, burada səsləndirilən bəzi fikirləri yüzdə yüz qəbul edir və təsdiqləyirəm. Əlbəttə, bəzi fikirlər ixtisaslaşmış sahələrlə bağlı idi, mənim onlar haqda məlumatım yoxdur, amma dostlarımızın – çıxış edən xanım və cənabların burada toxunduğu bəzi məqamlar çox düzgün və əsaslı idi. Onlardan bəziləri elə bizim özümüzə aiddir; inşallah, maraqlanarıq, məşğul olarıq; bəziləri də elə bugünkü görüşdə iştirak edən möhtərəm rəsmilərimizə – nazirlərə, ölkə başçısının elmi məsələlər üzrə müavininə ünvanlanır. Xüsusən də o gəncimizin sonda bildirdiyi şikayətlər çox önəmlidir; onlara ciddi yanaşmaq lazımdır. Həmin gənc dostumuz məsələni ümumiləşdirib hamıya aid etsə də, mən bunu etmək istəməzdim, amma reallıq budur ki, belə şeylər var və dəyərli rəsmilərimiz, inşallah, bu problemlərlə ciddi surətdə məşğul olmalıdırlar.

Elm adamlarına gəlincə; elm adamlarına bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, sevinc, qürur, ümid və sair aspektindən; bu əslində elə ölkədəki mənzərənin düzgün təsviri deməkdir; yəni insan ölkəyə nəzər salıb, dörd bir yanda, müxtəlif sahələrdə elmi fəaliyyətlə məşğul olan on minlərlə gənc və istedadlı elm adamını görəndə bu onun ölkədəki mənzərəni düzgün qiymətləndirməsi üçün imkan yaradır. Deməli, elm adamlarına olan yanaşmanın aspektlərindən biri budur ki, onların varlığını müşahidə etmək insana ölkədəki sevindirici reallıqları nümayiş etdirir.

Digər bir yanaşma aspekti isə ölkədəki problemlərin həlli üçün fəaliyyət proqramlarının hazırlanmasıdır; belə ki ölkədə fəal və düşünən beyinlər olmadığı zaman ölkədəki problemlərin həlli istiqamətində bir cür plan qurursan, minlərlə gənc, istedadlı, yüksək intellektli və heç şübhəsiz, aralarından bir qrupu idarəçilik qabiliyyətinə malik (axı yüksək intellekt heç də həmişə idarəçilik qabiliyyəti ilə müşayiət olunmur) gənc elm adamları olduğu zaman isə ölkə üçün bir başqa cür fəaliyyət proqramları qurmaq istəyirsən. Odur ki gənc alimlərə olan yanaşma bu baxımdan – onların ölkədəki problemlərin həlli istiqamətində aparılan planlamaya təsiri baxımından da ciddi əhəmiyyət daşıyır. Hətta misal üçün, neft iqtisadiyyatının müstəqil, elmi innovasiyalara əsaslanan müqavimət iqtisadiyyatına çevrilməsində də; əgər bizim fəal, dinamik və canıyanan elm adamlarımız olmasa, iqtisadiyyatımızdakı vəziyyəti dəyişmək üçün heç bir addım atmarıq. Hökumətin ixtiyarında işləməyə hazır olan, ölkəsinə can yandıran mütəxəssislər olduğu zamansa, təbii ki, qərar verən qurumlar ürəkli addım atır. Biri var ki, bizim, misal üçün, neft mühəndisliyi sahəsində nəzəri bilikləri olan mütəxəssislərimiz, kadr potensialımız yoxdur, onda deyərik, lap yaxşı, indiyə qədər neft quyularımızdan hansı formada istifadə etmişiksə, qoy bundan sonra da o cür istifadə edək. Biri də var ki, yox, biz mühəndislik, o cümlədən neft mühəndisliyi sferasında fövqəladə inkişafa nail olmuşuq və neftdən istifadə məsələsində yeni bir layihəyə imza ata bilərik. Ötən il neft əməliyyatları ilə bağlı o yeni layihə gündəmə gətirildiyi zaman mən dedim ki, gəlin məsələni öz gənclərimizlə, öz mütəxəssislərimizlə müzakirə edin, deyin ki, neft quyularından hasilatımız, misal üçün, 30 faizi təşkil edir, bunu, məsələn, 60 faizə çatdırmaq istəyirik. Deyin, qoy işləsinlər; 2 il, 3 il vaxt da verin; heç şübhəsiz, buna nail olacağıq da. Odur ki gənc və istedadlı alimlərin varlığı bizim nəzərdə tutduğumuz fəaliyyət proqramlarına təsir göstərir. Bu da ikinci aspekt.

Üçüncü yanaşma, üçüncü aspekt isə ölkənin elmi inkişafı məsələsidir. Bizim elmi cəhətdən inkişaf etməyə ehtiyacımız var; bu bizim mütləq ehtiyacımızdır. Əgər biz elmi cəhətdən inkişaf etməsək, sivilizasiyamıza düşmən olan mədəni və siyasi düşmənlərimizin təhdidləri daim davam edəcək. Bu düşmənçilik o zaman dayanacaq, yaxud azalacaq ki, biz elmi baxımdan inkişaf edək. Mən bu məsələni dəfələrlə vurğulamışam. 40 ilə yaxındır ki, mən bu məsələnin üzərində israr edirəm və bu hədisi-şərifi də dönə-dönə qeyd etmişəm ki,

اَلعِلمُ سُلطان

– elm gücdür, qüdrətdir. Elm adamlarına olan yanaşma bu baxımdan da əhəmiyyətlidir. Elm adamları ölkə elmini inkişaf etdirə, ölkəni risk və təhlükələrin azalacağı bir qüdrət və nüfuz məqamına çatdıra bilərlər. Bu da üçüncü aspekt.

Və dördüncü aspekt: elmin sərhədlərini aşmaq. Bu gün dünya miqyasında – ölkə miqyasında yox, dünya miqyasında – elm konkret sərhədlərlə məhdudlaşdırılıb. Bu sərhədləri qırıb aşmaqda, genişləndirməkdə bizim də payımız olmalıdır. Son yüzilliklərdə bu pay çox cüzi olub, amma biz onu artırmağa qadirik. Buxar mühərrikini, elektrik mühərrikini başqaları kəşf ediblər, yeni-yeni ixtiralara başqaları imza atıblar; bizim də payımız olmalıdır; biz ölkəmizin qarşısına çəkilmiş elmi sərhədləri açıb irəli getməliyik. Allahın bizə bəxş etdiyi bu təbiətin güc və imkanları həddən artıq çoxdur. Qoy alimlərimiz oturub düşünsünlər, təbiətimizin yeni-yeni güc və imkanlarını kəşf etsinlər. Dünya yaranandan bəri elektrik mövcud olub, amma bilməmişik, insanların bundan xəbəri olmayıb, istifadə etməyiblər. Sonradan üstün bir beyin, yüksək bir intellekt bu kəşfi edib və hazırda elektrik bütün bəşər sivilizasiyasının mehvərinə çevrilib. Təbiətdə bəşəriyyətin həyatına, tərəqqisinə və səadətinə təsir göstərə biləcək onlarla belə qüvvə mövcuddur. Siz də düşünün; qoy həmin o gizli qüvvələrdən, imkanlardan bəzilərini də bizim alimlərimiz kəşf etsinlər. Biz elmi kəşflərin, ixtiraların sərhədlərini genişləndirməliyik. Odur ki elm adamlarına bu aspektdən də yanaşmaq lazımdır. Baxın, mən də məhz bütün bu aspektləri nəzərə alaraq alimlərə yüksək dəyər verir, sonsuz ehtiramla yanaşıram. Alimlərimiz həm həyatımıza, həm hökumətin proqramlarına, həm ölkənin, həm də ümumilikdə bəşəriyyətin inkişafına təsir göstərə bilərlər.

Bəli, bir məqam da var ki, burada onu qeyd etmədən üstündən ötə bilmərəm: ölkəmizin ötən 200 ildə olan acınacaqlı vəziyyəti. Siz gənclərin – xüsusilə də müxtəlif sahələrdə elmi işlə məşğul olanların bu barədə məlumatı azdır. Çünki siz, təəssüflər olsun ki, bir qayda olaraq tarixi oxumursunuz. Biz dünya elminin karvanından 200 il geri qalmışıq; bu geriliyimizin səbəbi isə ölkəmizin elm adamlarına, istedadlı insanlarına göstərilən laqeyd münasibət olub. Bu gün ölkədə gördüyünüz bu istedadlar birdən-birə, öz-özünə yaranmayıb ki! Bu, tarix boyu olub; sübutu da Farabi, İbn Sina, Xarəzmi və təkcə bizdə yox, bütün dünyada məşhur olan yüzlərlə digər böyük İran alimləridir. Deməli, bu istedad həmişə olub; onda bəs elmin sürətlə inkişaf etdiyi bu son 200 ildə biz nəyə görə bu qədər geridə qalmalı, Qacar dövrünün sonlarında və Pəhləvi dövründə müasir elmlərin inkişafı baxımından ən geridə qalmış ölkələrdən biri kimi tanınmalı idik? Keçmişimizin bu səhifələri çox qəribə və acınacaqlıdır.

Biz dünya əhalisinin təxminən yüzdə birini təşkil edirik – ölkəmizin əhalisi dünya əhalisinin təqribən yüzdə biri qədərdir; inqilabdan öncəki onilliklərdə də, demək olar, ki, bu cür olub; ola bilsin, bir qədər az, yaxud çox; yüzdə biri qədərik – elə isə dünyanın ümumi elmi fəaliyyətində də heç olmasa yüzdə bir faiz rolumuz olmalıdır. Pəhləvi dövrünün sonlarında – yəni 1357-ci ildə, mübarək İslam İnqilabının ortaya çıxması ilə sonuclanan o 200 illik mərhələnin axırlarında elmin inkişafı 0.1 faiz təşkil etmişdir; inqilab ili olan 1357-ci ildə elmi biliklərin inkişafının statistikası 0.1 faizdir; görün, biz nə qədər geri olmuşuq! Bunun səbəbi hakim qüvvələrin yetərsizliyi olub; başqa səbəbi yoxdur. Ölkəmizə yetərsiz, dünyapərəst, maddiyyatçı, asılı, səmərəsiz insanlar hökmranlıq edib; təkəbbürləri, ədaları yerə-göyə sığmayıb, yadların qarşısında isə ikiqat əyiliblər, öz xalqının mənafeyini düşünməyiblər. Ölkəmiz belə bir vəziyyətdə olub; o dövrün statistikası belə bir acınacaqlı vəziyyəti əks etdirir. Əlbəttə ki, Allahın lütfü sayəsində bu gün biz dünya elminin inkişafında öz payımıza düşəndən də artıq iştirak edirik; yəni təxminən öz payımıza düşəndən ikiqat artıq fəaliyyətimiz var. 1 faiz olmalıdır, hazırda isə təxminən 2 faizdir; 1.9 faiz elmi inkişafımız var ki, bu da müsbət bir haldır. Əlbəttə ki, bununla qane olmuruq, bundan da artıq olmalıdır, amma payımıza düşəni edirik. Bayaq cənab Dr. Qulami də, başqa çıxış edənlər də bəzi statistik rəqəmləri qeyd etdilər, vaxtımız olsa, mən də bəzi məqamlara toxunacağam. 1313-cü ilin bəhmən ayında – siz bu şeylərə diqqət yetirməlisiniz; gözəl, mömin, düşünən, zəkalı və intellektli gənclər olaraq, siz ölkəniz haqda bunları bilməlisiniz – ölkənin ilk universiteti olan Tehran Universiteti təsis olunub. 44 il sonra, yəni inqilabdan öncəki 1357-ci ildə ölkədə ümumilikdə ali məktəb tələbələrinin sayı 150 min nəfər olub. Əlbəttə ki, bir o qədər də məzun olub, amma ökədə 44 il ərzində universitet fəaliyyət göstərəndən sonra tələbələrin sayı cəmi 150 min nəfər ola?! Bu gün İslam İnqilabının qələbəsindən 40 il ötür, ölkəmizdə 4 milyondan çox tələbə var; bir neçə milyon nəfər də məzunumuz var. Yəni baxın: iki cür hökumətdir, iki cür dövlət quruluşudur; fərq özünü bu məqamlarda büruzə verir. Ölkəmizdə elmin, elm xadimlərinin qaranlıq və acı keçmişi belə olub; elm xadimləri yetişdirilməyib. Əmir Kəbir kimi bir adam ortaya çıxanda da o şəkildə atasına od vurublar. Pəhləvilərin dövründə vəziyyət bundan da betər olub, intəhası üzdə özlərini başqa cür göstəriblər; elmi, mədəni, əxlaqi, siyasi cəhətdən gerilik olub. Bu möhtəşəm elmi hərəkata görə İslam Respublikasına, İslam İnqilabına və dahi İmam Xomeyniyə (r.ə) təşəkkür etmək lazımdır. 

Yaxşı, mənim gənc alimlərlə bağlı bir neçə tapşırığım var; bir məsələ budur ki, elm adamları ilə ölkənin hakim dairələri arasında qarşılıqlı əməkdaşlıq olmalıdır; onlar ikitərəfli surətdə əməkdaşlıq etməlidirlər. Əlbəttə ki, bunu etmək istəyirlər, niyyətləri var, cənab Dr. Səttarinin çıxışında da bu mövzuya toxunuldu, lakin bu məsələyə daha ciddi yanaşmağımız lazımdır. Mən yenidən bu mövzuya qayıdıb, bu barədə daha ətraflı danışmaq istəyirəm. İkitərəfli əməkdaşlıq olmalıdır. 

Alimlər sarıdan bu ikitərəfli əməkdaşlıq özünü bu şəkildə göstərməlidir ki, onlar ölkənin inkişafı uğrunda bütün imkanlarını ortaya qoymalıdırlar. Əlbəttə ki, onlar bəzən bunu şəxsi səviyyədə edə bilərlər, bəzən isə dövlət qurumlarının köməyinə ehtiyac duyula bilər, lakin hər halda, elm adamlarının rolu öz ölkəsini irəli aparmaqdan, öz imkanlarını, potensialını və istedadını ölkəsinə xidmətə sərf etməkdən ibarətdir. Hökumətin və dövlət qurumlarının rolu isə xidmət etmək, əngəlləri ortadan qaldırmaq, elm adamlarının öz rolunu oynamaqdan geri qalmasına imkan verməməkdir. Belə ki əgər elm adamlarımız öz öhdələrinə düşən rolu oynaya bilməyib geri qasalar, ölkəmiz geri qalacaq. Elm adamları dinamik olmalı, özlərini inkişaf etdirməlidirlər, yoxsa sırf elm adamı olmaqla iş bitmir. Dinamik, inkişaf edən, fəal elm adamları ölkə üçün böyük bir sərvətdir. Bu, bir məqam.

Diqqət yetirilməli olan digər bir məqam da var: bu gün dünyada müəyyən olunub ki, ölkələrin inkişafına insan resursları qədər heç bir şey təsir göstərmir; bu artıq dəqiq məlumdur. Bir ölkənin yaxşı və diqqətəlayiq insan resursları varsa, o ölkə irəli gedir, inkişaf edir, yoxsa, yox. Demək, insan resursları hər bir ölkə, o cümlədən bizim ölkəmiz üçün böyük bir sərvət, dəyərli bir xəzinədir. Bu sərvət, bu xəzinə mövcud olduğu təqdirdə də, istənilən başqa sərvət kimi, qarət və yağmalanma təhlükəsi altındadır, düşmən daim onu ölkənin əlindən qoparıb almaq məqsədi güdür. Əlbəttə ki, bu təkcə bizə aid deyil – hərçənd əziz ölkəmizə qarşı daha kəskin formada özünü göstərsə belə – imperializm sistemi bu sərvəti bütün dünya xalqlarının əllərindən almaq niyyətindədir. Bunu nə məqsədlə etmək istəyir? Özü istifadə etmək üçün? Xeyr, məsələ təkcə bununla bitmir. Əlbəttə ki, əgər özü istifadə edə bilsə, edəcək, amma digər əsas hədəfi inhisar yaratmaqdır. İmperializm sisteminin məqsədi monopoliya qurmaqdır: elmi monopoliya, texnoloji monopoliya, sərvət və güc yaradan bütün aktivlərin monopoliyasını; hədəfi budur. Elə buna görə də, gördüyünüz kimi, gəlib bir ölkədə alimləri terror edirlər; bizim nüvə alimlərimizi terrorla aradan götürdülər. Bu sərvətin bu ölkədə olmasını istəmirlər. Dediyim kimi, təkcə bizə də aid deyil; İraqda – Səddam gedəndən sonra amerikalılar bütün məsələləri birbaşa öz öhdələrinə götürdükləri 3-4 il müddətində onlarla iraqlı alim terror edildi. Amerikalılar bilirdilər k, Səddam olmaya-olmaya bu alimlər olsa, ölkəni hərəkətə gətirəcək, irəli aparacaqlar. Elə ona görə də araşdırıb, bir-bir o alimləri terror etdilər. Başqa yerlərdə də eynilə; monopoliya qurmaq istəyirlər; diqqətli olun! Deməli, elm adamları risk qrupundadır. Mən sizi qorxutmaq istəmirəm, sadəcə buna diqqətinizi çəkmək istəyirəm ki, imperializm sistemi hansısa ölkədə istedadlı elm adamlarının olmasının əleyhinədir; çünki məhz elm adamları hər bir ölkə üçün inkişaf mənbəyi, ən böyük sərvət hesab olunur. Hansı yolla mümkün olsa, o elm adamlarını həmin ölkənin əlindən almağa çalışırlar: ya fiziki cəhətdən aradan götürməklə, ya mədəni və ideoloji cəhətdən məhv etməklə, ya başlarını ölkə ilə əlaqəsi olmayan, şəxsi işlərə qatıb elmi işdən uzaqlaşdırmaqla və sair və ilaxır... Buna diqqət yetirməlisiniz.

“İmperializm” sistemi deyəndə nə başa düşülür? Bizim siyasi və beynəlxalq leksikonumuza artıq illərdir daxil olmuş, çox güclü və tutarlı bir ifadə olan “imperializm sistemi” ifadəsi ilə nəzərdə tutduğumuz sistemin başında elə qüvvələr durur ki, onların əlində güc vasitələri var, amma bu gücü kontrol etmək üçün vasitələr yoxdur. Güc vasitələri bunlardır: siyasət, media, silah, pul, həyasızlıq – bunlar hamısı güc vasitələridir, gücü kontrol etməyin vasitələri isə din, əxlaq və şərəfdən ibarətdir; bunlar da ki, onlarda yoxdur! Ona görə də ağıllarına gələni edirlər. “İmperializm sistemi” dünyanın “müstəmləkəçilər”ə və “müstəmləkə altında yaşayanlar”a bölünməsi deməkdir; başçıları da bayaq dediklərimdir. İmperializm sistemindən ehtiyatlı olun.

Sözümün davamı olaraq demək istəyirəm ki, ölkədə elmin inkişafına düşmən olan qüvvələrin elm adamlarını tovlayıb aldatmasının qarşısını almağın yolu elmi ictimaiyyət arasında milli kimliyi, milli ideologiyanı gücləndirməkdir. Ölkənin elmi ictimaiyyətində milli kimlik hissi gücləndirilməlidir. Elm adamlarımız iranlı və müsəlman olduqlarını hiss etməli, bundan qürur duymalıdırlar; bu hiss onlarda güclənməlidir; onlar çox şərafətli və dəyərli bir tarixin davamçısı olduqlarını bilməlidirlər. Bir vaxtlar bizim elmimiz bütün dünyada nüfuza malik olub, fəlsəfəmiz bütün dünyada ən üstün fəlsəfə olub; alimlərimiz, hüququmuz, fiqhimiz də eynilə. Biz o tarixin davamçılarıyıq. Əlbəttə, arada bir qırılma, durğunluq olub – dediyim kimi, minimum 200 il durğunluq yaşamışıq – amma İslam İnqilabının qələbəsindən sonra o möhtəşəm tarixi hərəkat yenidən davam edib və biz bütün çətinliklərə, qəsdən yaradılan bütün əngəllərə baxmayaraq, irəliləmişik. Biz bununla fəxr etməliyik; milli kimlik və ideologiya çox önəmlidir.

Elm adamları olaraq sizin çiyinlərinizə ağır bir yük düşür. Sizin elmi istedadınız sizin üzərinizə bir məsuliyyət qoyur; əlbəttə, bütün məsuliyyətlər kimi, bu məsuliyyət də dünya və axirətdə şərəf, iftixar və nüfuz mənbəyidir. İnşallah ki, siz həm bu dünyada, həm də axirətdə başıuca olacaqsınız. Bilin ki, düşmənin planlarından biri də ideologiyanı, kimliyi məhv etməkdir; düşmənin can atdığı işlərdən biri də budur; düşmənin bu hücumlarına mühüm bir məqam kimi diqqət yetirin. Növbəti bir məqam: elm adamı olmağın göstəricisi, əlbəttə ki, insanın konkret ixtisas sahəsində gördüyü işlərdir. Çox da dəyərlidir, ölkənin və bəşər cəmiyyətinin idarəçiliyi üçün lazım olan müxtəlif ixtisaslar hamısı əhəmiyyətlidir; heç şübhəsiz, bu, çox yüksək bir dəyərdir. Lakin ölkəmizin elmi ictimaiyyəti bununla kifayətlənməməlidir. Alimlərimiz daha yüksək hədəflərə də diqqət yönəltməlidir; daha yüksək hədəflər də var: elm adamı öz ixtisasının atmosferinə o dərəcədə qərq olmamalıdır ki, ətrafında, cəmiyyətdə baş verənlərdən, camaatdan xəbəri olmaya. Bu olmamalıdır. Elm adamı insanların yaşamı ilə bağlı məsələləri unutmamalıdır; mənsub olduğu xalqın əsas və mühüm məsələlərini, müstəqilliyi, ədaləti, tərəqqini, sosial bəlalarla bağlı önəmli məsələləri yaddan çıxarmamalıdır. Elm adamı yalnız ixtisası olan elm sahəsi ilə məşğul olmamalıdır. Siz öz elmi fəaliyyətinizi ədalət bayrağı altında həyata keçirsəniz, dəyəri ikiqat artıq olar; milli istiqlal və milli kimlik bayrağı altında işləsəniz, işiniz daha da dəyərli olar. Hazırda biz məcburi surətdə iqtisadi, siyasi və təhlükəsizlik xarakterli bir savaşa cəlb olunmuşuq. Siz bu savaşa qarşı etinasız qala bilməzsiniz; bunu edə bilməzsiniz. İnsanlar Əmirəlmöminin (ə) Əlinin ətrafına toplaşıb, ondan hökmən xilafəti qəbul etməyini istədikləri zaman o həzrət belə buyurmuşdu:

(2) لَو لا حُضورُ الحاضِرِ وَ قیامُ الحُجَّةِ بِوُجودِ النّاصِرِ وَ ما اَخَذَ اللهُ عَلَی العُلَماءِ اَلَّا یُقارُّوا عَلی کِظَّةِ ظالِمٍ وَ لا سَغَبِ مَظلوم‌ 

 – bu məsuliyyət olmasaydı, qəbul etməzdim; amma bu məsuliyyət var. Bu məsuliyyət nədən ibarətdir?

اَلّا یُقارُّوا عَلی کِظَّةِ ظالِم

“کِظَّة” kəlməsi ərəb dilində acgözlüklə, yerindən tərpənə bilməyəcək qədər çox yeməyə deyilir; əlbəttə ki, burada qida qəbulu nəzərdə tutulmur; büdcədən olan o qanunsuz mənimsəmələr, astronomik maaşlar və sair nəzərdə tutulur; bunlar olmamalıdır.

وَ لا سَغَبِ مَظلوم

“سَغَب” – aclıq mənasındadır. Əmirəl-möminin (ə) buyurur ki, əgər bir tərəfdən acgöz, tamahkar, tutduğu vəzifədən sui-istifadə edən hakimlər, o biri tərəfdən də yoxsul və binəsib camaat qarşısında daşıdığım məsuliyyət sarıdan nigarançılığım olmasaydı, xilafəti qəbul etməzdim. Daha sonra isə buyurur:

وَ ما اَخَذَ اللهُ عَلَی العُلَماء

yəni siz alimlərin vəzifəsi təkcə dərs demək, elm öyrənmək və tədqiqat aparmaq
deyil. Sizin öhdənizə düşən vəzifələrdən biri də:

اَلَّا یُقارُّوا عَلی کِظَّةِ ظالِمٍ وَ لا سَغَبِ مَظلوم

 – başda oturanların tamahkarlığı və camaatın hüquqlarının pozulması qarşısında susmamaqdır. Diqqət yetirdinizmi? Bu da bir məqam.

Bir məsələ də var: düşmənin ölkədəki vəziyyətlə bağlı yanlış təsəvvür yaratması. Bu gün bizim əleyhimizə çox kəskin bir şəkildə media təbliğatı aparılır; bu eynilə bir vaxtlar təhrik olunduğumuz məcburi savaşa bənzəyir. O müharibədə ilk vaxtlar bizim heç RPG-miz yox idi; RPG! Qarşımızda isə böyük zirehli birləşmələr səf çəkib durmuşdular. O zaman mən Əhvazda idim, düşmənin zirehli qoşunlarının, zirehli birləşmələrinin bir-birinin ardınca necə gəldiyini öz gözlərimlə görmüşdüm. Onların hamısı ilə döyüşmək üçün tank əleyhinə silah və texnika lazım idi; tank əleyhinə ümumi istifadədə olan, istənilən ordunun daim əlinin altında olan silah növü isə RPG-dir. Bizim RPG-miz yox idi! Ordumuzun taktiki silahı da yox idi; əlimizdə hətta bu da yox idi. Düşməninsə növbənöv silah və texnikası var idi. Bu gün də eyni vəziyyətdir. Bu gün düşmən qarşısında bizim media və təbliğat imkanlarımız eynən o vaxtkına bənzəyir. Əlbəttə, o vaxt biz düşmənə qalib gəldik, bu gün də gələcəyik; heç şübhəsiz, qalib gələcəyik, amma real vəziyyət budur. Əlindəki o geniş imkanlarla düşmənin həyata keçirmək istədiyi ən önəmli iş ölkəmizdəki vəziyyət barədə yanlış təsəvvür yaratmaqdır; düşmən bu yanlış mənzərə ilə nəinki təkcə dünya ictimaiyyətini, hətta ölkənin öz ictimaiyyətini də çaşdırmağa çalışır. Hətta ölkənin öz içində də ictimai fikri yanlış istiqamətə yönəltmək istəyir. Yəni bu ölkədə, bu atmosferdə yaşayan, bu abu-hava ilə nəfəs alan bizi – məni və sizləri çaşdırmaq, mövcud reallıqdan fərqli düşünməyə sövq etmək üçün danışırlar. Bəli, hazırda bu müharibə var; əgər bu müharibədə rol oynaya bilməsək, elm adamları öz rollarını ifa edə bilməsələr, bu o deməkdir ki, öhdələrinə düşən vəzifəni yerinə yetirməyiblər. Odur ki qeyd etdiyim bu sonuncu məqam, habelə sizin öz elmi fəaliyyətinizi ədalət, inhisarın dağıdılması, zülmə qarşı mübarizə bayrağı altında həyata keçirməyiniz, ətrafınızdakı insanların yaşayışı ilə bağlı müxtəlif məsələlərə diqqət yetirməyiniz də zəruri işlərdəndir. Elm xadimləri barədə bu qədər. 

Əlbəttə, Elm Xadimləri Fondu da başqa bir söhbətin mövzusudur. Mən o fonda öz təşəkkürümü bildirməliyəm. Gecə-gündüz işləməliyik. Bayaq cənab Səttari burada “Vəl-fəcr 8” əməliyyatını misal çəkib dedi ki, həmin əməliyyatda bir neçə gün ərzində dövlətimiz, hərbçilərimiz düşmənin ən son modelli 80 hərbi təyyarəsini vuraraq yerə endirməyə müvəffəq olub. Bütün bu işləri həyata keçirən isə onun öz atası olub; mərhum briqada komandiri Şəhid Səttari. O insanlar yuxu yatmırdılar; şəxsən mən bunu bilirəm, hər şey gözlərim önündə baş verib. Elə olurdu ki, 48 saat keçirdi, onlar yatıb dincəlməyə macal tapmırdılar. O “HAG”- ı iki hissəyə bölmüşdülər ki, düşmən izləyib, havadan müdafiə sistemimizi vura bilməsin. “HAG”-ı burda işə salırdılar, raketi atırdı, dərhal yığışdırıb bir neçə kilometr o yana aparırdılar ki, düşmən qarşılıq verə bilməsin; yəni belə bir ağır işi həyata keçirirdilər. Onlar gecə-gündüz çalışdıqları üçün biz, az öncə cənab Səttarinin qeyd etdiyi kimi – və elə o cür də var – düşmənin 80-90 ədəd ən son modelli hərbi təyyarəsini endirə bildik. İndi də o cür işləmək lazımdır; bu gün də cənab Surna Səttari – o şəhidin oğlu – habelə onun dostları və həmkarları gecə-gündüz bilməməlidirlər. Gecə-gündüz bilmədən işləməlisiniz; işləyib istedadlı adamları üzə çıxarmalı, işə cəlb etməli, istiqamətləndirməli, təşkilatlandırmalı, sözlərini eşitməli, dərdlərinə çarə etməlisiniz ki, o gənc taekvandoçu oğlan kimi gəlib burda gileylənməsinlər, şikayət etməsinlər; yəni inşallah, gecə-gündüz bilmədən işləməlisiniz.

Digər bir mühüm məqam: elm adamlarının istiqamətləndirilməsi ilə məşğul olan qurumların, əsasən də Elm Xadimləri Fondunun rəsmiləri diqqət yetirməlidirlər ki, gördükləri iş adət halını almış, gündəlik işə çevrilməsin. Adam bir işi əvvəlcə həvəslə, maraqla başlayır, sonradan – bir müddət keçəndən sonra o iş onun üçün adiləşir, adi, gündəlik bir işə çevrilir. Belə bir hal yaranmamalıdır. Daim yeni işlər və təşəbbüslər olmalıdır; metodları, üslubları, işləri, lazım gəlsə, elə qurumu da yeniləmək lazımdır. Elm Xadimləri Fondu az öncə qeyd etdiyim milli kimlik məsələsi ilə də bağlı, mütləq, proqramlar həyata keçirməli, Ali Rəhbərliyin universitetlərdəki nümayəndəliklərindən də istifadə edərək bu işdə kömək almalıdır.

Elmi innovasiyalar əsasında çalışan şirkətlərə də əhəmiyyət vermək lazımdır. Eşitdiyimə görə, bu şirkətlər üçün müəyyənləşdirilmiş kriterilər aşağı düşüb. Halbuki mən daha əvvəl tapşırmışdım ki, buna imkan verməsinlər. Əlbəttə, bu sadəcə bir məlumatdır; hökmən araşdırın, bu məsələ ilə məşğul olun, elmi əsaslı şirkətlərin kriterilərinin aşağı enməsinə imkan verməyin. Rəqəmlərlə kifayətlənib məmnun olmayın; sözsüz ki, 3 min əvəzinə, 30 min elmi əsaslı şirkətimiz olsa, daha yaxşıdır, amma bir şərtlə: həqiqətən də, elmi innovasiyalar əsasında çalışan, zəruri kriterilərə cavab verən şirkətlər olsun.

Və elm xadimləri ilə bağlı sonuncu məqam: çalışın, ölkənin idarə olunmasında elm adamlarından istifadə edəsiniz. Administrasiyanın orta bəndlərində belə gənclərə ehtiyac var. İndi siz, misal üçün, deyə bilərsiniz ki, o gənclərin yüksək səviyyəli idarəetmə postlarında iş təcrübəsi yoxdur. Olsun, orta səviyyəli idarəçilik işlərinin ki öhdəsindən gələ bilərlər; onlardan istifadə edin; xüsusilə də dindar olanlarından, dini, islami məsələlərə maraq göstərənlərindən. Əlhəmdulillah, sayları da az deyil, kifayət qədər çoxdur; demək olar, əksəriyyəti elə bu cürdür. 

Universitetlər barədə də bir neçə cümlə deyim; artıq vaxtımız da daralır. Son 40 ildə universitetlərimiz ölkəmizə xidmət edib. Bəziləri universitetlərimizə irad tutur ki, işləri-gücləri yalnız ISI – Elmi Məlumatlar İnstitutu üçün məqalələr və sair yazmaqdır. Bəli, bu iradı mən də bildirirəm; mən də dəfələrlə demişəm ki, sizdən məqalə istəyənlərin və ya 1 faiz artığını tələb edənlərin nə istədiyinə baxmayın. Baxın görün, öz ölkəniz nə istəyir! Mən bunu dönə-dönə demişəm, indi də vurğulayıram, amma bunu da demək və düşünmək olmaz ki, indiyə qədər universitetlərimiz ölkədəki problemlərə xidmət etməyiblər. Niyə ki?! Ölkədə bir bu qədər quruculuq işi həyata keçirilib. Bunları edən kim olub? Universitetlərin yetirmələri, əksəriyyət etibarilə gənclər! Mən burada qeyd etmişəm: bəndlər, elektrik stansiyaları, körpülər, yollar – bunlar hamısı ölkədə müşahidə olunan müsbət təzahürlərdir. Bu işləri kim həyata keçirib? Müharibənin əvvəllərində mən döyüşçülərə baş çəkmək üçün cəbhə bölgəsinə getmişdim. Orada cihad edən uşaqlar gəlib mənə söylədilər ki, biz bunker düzəltmək istəyirik. Soruşdum, bacararsınız? Dedilər, bəli. Dedim, onda gedin düzəldin. Biz də bu işdə sizə nə kömək lazım olsa, edəcəyik. Və biz bunkerlərin qurulması sahəsində regionun aparıcı dövətlərindən birinə çevrildik! Fikir verirsiniz? Tələbə gənclər idi. Halbuki inqilaba qədər biz buğdamızı Amerikadan alırdıq, bunkerlərimizi də bizim üçün Sovet İttifaqı tikirdi. İnqilabdan əvvəl biz hökuməti həmişə buna görə qınayırdıq; amerikan buğdası, sovet bunkeri. Bizim bunu etməyə əsla gücümüz yox idi, amma o uşaqlar ürəklənib getdilər və bu işi həyata keçirdilər. Bu qədər iş görülüb, müasir standartlara cavab verən bu qədər yollar salınıb, son dərəcə gözəl və möhkəm körpülər tikilib; Tehranda bir cür, bölgələrdə bir cür, bəzi prospektlərdə bir cür! Bütün bunları kim edib? Universitetlərimizin məzunu olan uşaqlar. 

Müdafiə sənayesi; bizim müdafiə sənayemiz diqqətəlayiq səviyyədədir. Sevindirici haldır ki, ölkəmizdə universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığı çox yaxşı səviyyədə təmin edən sahələrdən biri də müdafiə sənayesidir; yəni onlar universitetlərlə əməkdaşlıq edir. Təəssüflər olsun ki, digər dövlət strukturlarının fəaliyyətində bu daha az müşahidə olunur. Müdafiə sənayesi isə bu əməkdaşlığı uğurla həyata keçirir; müxtəlif hərbi sənaye sahələri, raketlərin, pilotsuz uçuş aparatlarının istehsalı və sair bu kimi sahələr. Mühüm və çoxşaxəli bir sahə olan nüvə sənayesi; bundan bir neçə il əvvəl – hələ nüvə enerjisi bizim danılmaz hüququmuz olduğu dövrlərdə burada – bu hüseyniyədə geniş bir sərgi keçirmişdilər. Əksəriyyəti gənclər idi! Mən, bəlkə, 2-3 saat o sərgini gəzib stendlərə baxdım; hamısı cavan uşaqlar idi! Sizin yaşıdlarınız. O şeylərin hamısını universitetlərin uşaqları, tələbələr, məzunlar düzəltmişdilər; radar texnologiyası, aerokosmos sənayesi, bioelmlər, biotexnologiya, onlarla yeni rekombinant dərman preparatı, bioloji məhsullar, son dərəcə vacib əhəmiyyətli bir elm sahəsi olan kök hüceyrələri ilə bağlı əldə edilmiş nailiyyətlər. Kök hüceyrələri sahəsində rəhmətlik Şəhid Kaziminin övladları dünya miqyasında çox yüksək kəşflərə imza atıblar, həmin elmi kəşflərini texnologiyaya çeviriblər, o texnologiyadan da müalicə məqsədilə istifadə edirlər. Bu gün bu sahədə görülən işlər ölkədə mühüm əhəmiyyət kəsb edir; kifayət qədər böyük işlər həyata keçirilib, alimlərimiz də dünyanın ən tanınmış alimləri sırasındadır. Bu və bu qəbildən olan nailiyyətlər hamısı universitetlərin xidmətidir. Odur ki universitetləri ölkəyə xidmət etməməkdə günahlandırmaq olmaz. İnsafla demək lazımdır ki, universitetlərimiz bu günə qədər ölkəyə mühüm xidmətlər göstərib. Əlbəttə ki, işlərində nöqsanlar çoxdur; az öncə çıxış edən qardaş və bacılarımız da söhbət əsnasında onlardan bəzilərini qeyd etdilər. 

Mənim sizə tövsiyəm budur ki, bütün sferalarda elmi tədqiqatlar aparmağa çalışın; tədqiqatlara önəm verin. Sənaye müəssisələri ilə əlaqələr qurmağa ciddi yanaşın; universitetlərlə sənayenin – kənd təsərrüfatı da daxil olmaqla bütün sənaye sahələrinin – əlaqədə olması çox önəmli bir mövzudur. Universitetlər üçün də böyük bir uğurdur, sənaye müəssisələri üçün də. Elə etmək lazımdır ki, müxtəlif elm sahələrində dissertasiya yazan tələbələr elə mövzu götürən kimi özəl, yaxud dövlət sektorundan hansısa bir müəssisəyə təhkim olunsunlar. Biz bu səviyyəyə çatmalıyıq; bu gün dünyanın bir çox ölkələrində məhz bu cürdür. Tələbələrin müdafiəsində həmin dissertasiyanın mövzusu ilə əlaqəli olan müəssisənin sahibi gəlib oturur, elə oradaca öz elmi işini müdafiə edən tələbəni, necə deyərlər, ovlayır, elə oradaca müqavilə imzalayır və gələcəkdə ondan istifadə edir. Sənaye müəssisələri universitetlərdən və əksinə – universitetlər sənaye müəssisələrindən kifayət qədər yararlana bilər. Lakin indiyə qədər bu əməkdaşlıq hələ bizim dediyimiz və istədiyimiz səviyyədə olmayıb.

Aradan 9 il keçəndən sonra “Kompleks elmi plan”ı yeniləmək lazımdır. Əlbəttə, bu sənəd çox yaxşı hazırlanıb, lakin hazırda üstündən 9 il keçib. Həmin sənədə bir daha nəzər salmaq, yeniləmək, bəzi məsələlər var ki, onları ora əlavə etmək lazımdır. Və əlbəttə ki, bu sənədə hamı ciddi əhəmiyyət verməlidir.

Sıçrayışlı inkişaf yolu tutmuş ölkələrlə – yəni Asiya ölkələri ilə elmi əlaqələrin qurulması. Nəzərimizi əsasən Şərqə yönəltməliyik. Gözümüzü Qərbə, Avropaya və sairə dikmək bizə durğunluqdan, başağrısından, minnətdən, alçalmaqdan başqa heç bir şey gətirməyəcək. Şərqə tərəf baxmalıyıq. Bizə kömək edə biləcək, bərabər statusla üz-üzə gəlib bizim də onlara kömək edə biləcəyimiz ölkələr var. Onlarla elmi nailiyyətlərin mübadiləsini edə bilərik.

Ehtiyac və prioritetlərin müəyyənləşdirilməsində hökumətlə əməkdaşlıq; yəni universitetlər dövlətlə bu formada əməkdaşlıq etməli və dövlətin ehtiyacı olan işləri həyata keçirməlidir. Bu yaxınlarda bir qrup universitet müəlliminin iqtisadi problemlərin həlli ilə bağlı atdığı o addım məni, həqiqətən də, çox sevindirdi. Çox yaxşı bir iş idi. Düzdür, mən hökumətin o tövsiyələrə nə dərəcədə əməl edib-etmədiyini bilmirəm – o başqa söhbətdir – amma ölkənin professorlarının, iqtisadçılarının özlərində bu cür məsuliyyət hiss etməsi çox yaxşı bir şeydir. Müxtəlif kollektivlər, xüsusilə də bəsici universitet müəllimləri bizə çoxsaylı məktublar yazır; əlbəttə, biz də onları hökumətə göndəririk ki, müvafiq tədbirlər görsünlər. Hökumət nümayəndələrinin özlərinə, möhtərəm ölkə başçısına da istər kollektivlər, istərsə də ayrı-ayrı insanlar tərəfindən ölkədə mövcud olan banklar, likvidlik, valyuta və sair bu kimi problemlərlə bağlı bu cür məktublar çox ünvanlanır. Gözəl ideyaları olan gənc mütəxəssislərimizdən bir neçəsi fərdi surətdə bizə müraciət edərək bütün bu problemlərin həlli yolları ilə bağlı öz tövsiyələrini təqdim ediblər. Əlbəttə, mən də baş idarədə göstəriş vermişəm ki, onlar hamısı araşdırılsın, icmal halına gətirilsin və istifadə edə bilmələri üçün ölkənin icraedici rəsmilərinə göndərilsin. Bütün bunlar çox yaxşıdır, universitetlərlə hökumət arasında əlaqənin təmin olunması mövzusunun gündəmə gətirilməsi mühüm məsələlərdən biridir. Bununla da söhbətimin bu hissəsini tamamlamaq istəyirəm. 

Məncə, vaxtımız da qurtarır; elə bilirəm, artıq azandır. Mən ölkədəki məsələlərlə bağlı toxunmaq istədiyim məqamları burada özüm üçün qeyd etmişdim. Onları bir cümlə ilə xülasələndirmək istəsəm, deməliyəm ki, düşmən ölkəmiz haqqında yanlış və çirkin bir təsəvvür yaratmaq istəyir. Onun yaratdığı mənzərə reallığın tam əksinədir. Əslində müxtəlif aspektlərdən baxdığımız zaman ölkəmizdə ürəkaçan və gözəl bir mənzərə olduğunu müşahidə edirik; müxtəlif aspektlərdən; indi ola bilsin ki, 3-5 gün valyutanın dəyəri qalxıb-enir, əhali dolanışıq problemləri ilə üzləşir; bunlar var, bunları bilirik, amma düşmənin qələmə vermək, məcburən boynumuza qoymaq istədiyi o mənzərə – elə onun özünə göz dağı olaraq – yoxdur, bəlkə onun tam əksi var. Azan verildi və təbii ki, biz də söhbətimizi yekunlaşdırırıq. (3) Azandan sonra da nahardır! (4) Azandan sonra namaz və nahardır. Əgər istəsəniz, biz də ölməyib sağ qalsaq, sizlərlə bir daha görüşə bilsək, ola bilsin, ölkədəki problemlərlə bağlı yenə də söhbət edərik. Allah hamınıza qüvvət versin, Allah sizi qorusun. Bu gün siz hamınız gözəl, yamyaşıl fidanlarsınız. Arzu edirəm ki, inşallah, barlı-bəhərli, pak ağaclara çevrilib, ölkəniz üçün faydalı olasınız.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________

 (1) Görüşün əvvəlində Prezidentin Elm və Texnologiya Məsələləri üzrə Müavini Dr. Surna Səttari, habelə Elmlər, Elmi Tədqiqatlar və Texnologiyalar Naziri Dr. Mənsur Qulami məruzə etmiş, ölkənin gənc və istedadlı alimlərindən 11 nəfəri çıxış edərək elm, tədqiqat, idarəçilik, texnologiya və sair bu kimi müxtəlif mövzularla bağlı onları narahat edən məsələləri, rəy və görüşlərini dilə gətirmişlər. 
 (2) Nəhcül-bəlağə, 3-cü xütbə 
 (3) Görüş iştirakçılarından biri: “Azandan sonra davam edək”, – deyir. 
 (4) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülürlər.